Blog

  • Yaşar QARAYEV.”MÜSTƏQİLLİK DÖVRÜNÜN MİLLİ ÖNDƏRİ”

    tənqidçi, ədəbiyyatşünas

    Yalnız etibarlı və sabit dövlətin sənətə, elmə, ədəbiyyata, müqəddəs mənəvi və əxlaqi dəyərə ehtiyacı var. Millətin monolit milli dövlətdən, əbədi-əzəli saflığı və halallığı həmişə müqəddəs, həmişə zədəsiz saxlanan milli mentalitetdən uca sərvəti yoxdur. Belə sərvət istehsalı ilə isə sənət və dövlət həmişə bir yerdə, həmişə yanaşı məşğul olur və torpağın da, yaddaşın da sərhədləri yalnız belə bir sərvətin olduğu yerdə – vahid, bölünməz, əbədi mənəvi məkanda parçalanmır. İstisnasız, bütün digər sahələrdə və hallarda da uğur və qələbələr hamısı yenə də məhz bu bünövrənin – güclü, müstəqil, suveren dövlətin və dövlətçilik şüurunun mövcudluğu, möhkəmliyi zəminində mümkün olur.
    Məhz milli dəyərlər nəticə etibarı ilə milli dövlətin (və dövlətçiliyin!) mənəvi-əxlaqi baxımdan təminatı, ideya qarantı rolunu oynamaq üçün lazım olur. Neçə yüz il, neçə min il tarixi olan ən qədim ölkələrdə sabitliyin əsas səbəbi elə o olub ki, burada milli-mənəvi dəyərlər həmişə dövlətin və dövlət də öz növbəsində milli-mənəvi dəyərlərin keşiyində ayıq-sayıq dayanıb. Mentalitet tərbiyəsinə, milli “mən” yaddaşına və şüuruna biganə qalmamaq cəmiyyətdə əbədi, sabit müstəqilliyin, suverenliyin taleyinə və gələcəyinə də biganə qalmamağın şərti və zəmini olub…
    Yeni yüzilin və yeni minilliyin astanasında Azərbaycanda məhz belə miqyasda sabitlik və əmin-amanlıq üçün xalqın müdriklik göstərib vaxtında seçdiyi prezidentin – Heydər Əlirza oğlu Əliyev adlı tarixi şəxsiyyətin müstəsna milli xidmətləri vardır.
    Əlbəttə, doxsanıncı illərdən əvvəllər də Heydər Əliyev ozamankı İttifaq miqyasında tanınmış rəhbər-ideoloq və ictimai xadim idi; Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini idi. Azərbaycanın dövlətçilik təcrübəsini bütün sovet məkanında yaymaq üçün Y.V.Andropov şəxsən H.Ə.Əliyevi Moskvaya, Kremlə dəvət etmişdi. Bu akt özü milli mentalitetin (idarəçilikdə türk etnik geninin) beynəlmiləl dövlətçilik və imperiya lideri səviyyəsində etirafı və təsdiqi idi. Lakin həmin möhtəşəm, miqyaslı on ili yox, böhranlı, ağır və çətin, lokal son beş ili bir rəhbər kimi H.Əliyev öz tərcümeyi-halının və öndərlik fəaliyyətinin zirvə məqamı hesab edir. Tbilisidə, öz tərcümeyi-hal dostu və yaxın həmkarı, Gürcüstan Prezidenti E.A.Şevardnadzenin 70 illiyinə həsr olunan təntənəli yığıncaqda yubilyarın şərəfinə söylədiyi təbrik nitqində o, özü bunu açıq-aşkar etiraf edir: “Eduard Şevardnadzenin tərcümeyi-halının ən mühüm hissəsi, mən bunu özümə də aid edirəm, ona görə belə deyirəm, Eduard Şevardnadzenin həyat və fəaliyyətinin ən parlaq hissəsi, ən mühüm hissəsi Gürcüstanın son dərəcə çətin şəraitində öz xalqını bu şəraitdən çıxarmağı öz üzərinə götürdüyü dövrdür”.
    Öz səmimi və hərarətli nitqində H.Ə.Əliyev nə üçün məhz son illəri E.A.Şevardnadzenin çoxmiqyaslı bir zaman və məkan kəsiyində keçən böyük tərcümeyi-halının zirvə qatı hesab etməsinin səbəbini də açır və bu açımı da bütün pafosu, həm hərfi, həm də mahiyyəti ilə birlikdə H.Əliyevin özünün bioqrafiyasına aid edib, eynilə təkrar etmək olar.
    Ümumiyyətlə, Tbilisidə (vaxtilə Mirzə Şəfinin, Mirzə Fətəlinin və Mirzə Cəlilin tale, zaman və xalq haqda düşündüyü bu məhrəm, doğma, sehrli coğrafi məkanda) natiqin Şevardnadzeyə xitabla söylədiyi sözlərdə bu dəfə Heydər Əliyevin də “mən”i barədə öz monoloqunu görməmək, onun öz “daxili nitqi”ni, etiraf səsini, ucadan düşüncələrini eşitməmək qeyri-mümkündür: “Mən hesab edirəm ki, Gürcüstana qayıtdıqdan sonra Eduard Şevardnadzenin etdikləri, Gürcüstanı bu ağır vəziyyətdən çıxarmağı öz üzərinə götürməsi əsl qəhrəmanlıqdır. O, burada hərc-mərclik vəziyyəti və vətəndaş müharibəsi vəziyyəti yaratmış qüvvələrin hamısını zərərsizləşdirmək və Gürcüstanı və gürcü xalqını bu ağır şəraitdən tədricən çıxarmaq üçün öz xalqının milli qəhrəmanı kimi (kursiv bizimdir – Y.Q.) döyüşə girdi, mübarizəyə başladı… Bu tarixi missiyanı öz üzərinə götürmək asan deyildi. Bu missiyanı həyata keçirmək də asan deyildi… Edurad Şevardnadze bu tarixi vəzifənin öhdəsindən çox gözəl gəlmişdir”.
    Mətndəki “əsl qəhrəmanlıq” və “öz xalqının milli qəhrəmanı” sözləri bu sözlərin müəllifinin özünün son beş ildə Azərbaycanın tarixində və taleyində gördüyü “HEYDƏR ƏLİYEV İŞİ”nin məzmun və mahiyyətini çox dəqiq ifadə edir. Çünki Heydər Əliyev də əlindən nə gəlirsə, onu axıra qədər ona görə icra edib, ona görə həyata keçirdib ki, “xalqlarımız, ölkələrimiz keçmişdə bizim başımıza gələnlərə bir daha məruz qalmasınlar, əldə etdiyimiz müstəqillik əbədi, dönməz olsun” və E.Şevardnadze kimi, o da nə vaxt, nə iş görübsə, “bunlar belə şəraitdə görülə biləcək maksimum işlərdir” (yenə həmin çıxışın mətnindən).
    Əslində, son beş il Azərbaycanda Gürcüstanda olduğundan daha mürəkkəb, çətin, taleyüklü illər olmuşdur və həmin illərin çətinliyindən, sınağından vətəni və xalqı çıxarmaq da Gürcüstanda olduğundan daha böyük vətəndaşlıq əzmi, enerji və müdriklik (“milli qəhrəmanlıq işi”) tələb etmişdir. Üstəlik, bu beş ildən görünən indiki on ilin və ondan əvvəlki yetmiş ilin də çətin, dramatik, miqyaslı konteksti bu beş ili və həmin beş ilə gətirib çıxaran tarixi qanunauyğunluğu bir bütövdə, vahid tarixi məkanda dərk etməyə kömək göstərir.
    Keçid dövrünün “milli lider” problemi həll olunana qədər Azərbaycanda sosial-siyasi xaos davam etdi. Xalq əvvəl öz dövlətçiliyini, yalnız sonra ərazisini itirdi. Qeyri-peşəkar hakimiyyət strukturları, əməldə, işdə təşkilati (inzibati) utopiya və siyasi romantizm, bir-birini əməldə, işdə əvəz edən və ənənədə davam etdirən populist, fərari, marionet öndərlərin əxlaq və strategiyası yalnız üç il davam gətirə bildi. Sona qədər parçalanma perspektivi yalnız prezident Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə aradan qalxdı, milli dövlətçilik xilas edildi və beləliklə, ərazinin də bərpa olunması üçün ilkin şərait, obyektiv-tarixi imkan yarandı və bu istiqamətdə miqyaslı, strateji diplomatiya başladı.
    Heydər Əliyev üçün rəyasət heç vaxt fövqəlməqsəd olmayıb; o heç vaxt hakimiyyətə tankda gəlməyib və hakimiyyətdən təyyarədə qaçmayıb, arxaik, populist iqtidar davası və belə davaların çevriliş, qəsd, piket, terror, bazar, küçə, vağzal… kimi üsulları əvvəldən bu bioqrafiyaya yaddır. Müasir demokratik dəyərlər, parlament yolu, siyasi intellekt və unikal iradə, ümumiyyətlə, mübarizədə ibtidai, kustar, primitiv “cəbbəxana”ya ehtiyacı aradan qaldırıb. Elə bütün bu keyfiyyətlərə görə də məhz Heydər Əliyev millətin coşub-daşan enerjisinə dəqiq məcra, uğurlu axar təmin edə bildi. Onun arxasınca getmədi, onu öz arxasınca apardı. Ümummilli öndər, vahid lider statusunun bundan qabarıq dəlilini, əyani atributunu nişan vermək, təsəvvürə gətirmək çətindir.
    Taleyin ən çətin anında, tarixi intixab və sınaq məqamında dotələb, cəngavər, müdrik öndəri əməldə, işdə hamı etiraf və təsdiq etdi: opponent də, həmfikir və həmkar da! Təsəvvür edin: indiki müxalifət könüllü şəkildə hakimiyyətdən əl çəkdi, əvvəl spiker kürsüsünü, sonra prezident masasını tərk etdi ki, vakansiyanı yeni lider tutsun. Bu – Heydər Əliyev şəxsiyyətinə və intellektinə inamın, etibar və ehtiramın ifadəsi idi. O nəyə nail olubsa, belə sivil açarda və üslubda nail olub, Orta əsrlər, Asiya və rus yolu, üsulu, piket, çevriliş, qəsd… yalnız ona qarşı müqabil, müxalif tərəfin bioqrafiyasında olub və belə arsenala qarşı da o heç vaxt güzəşt göstərməyib. Ömründə tək bir dəfə diz çöküb: bir prezident kimi əyilib milli bayrağı öpəndə…
    Lakin Heydər Əliyevə bir ideoloq və ictimai xadim kimi ömrün, güzəranın həm şirinini, həm də acısını dadmaq nəsib olub, həm xoşbəxt, həm də tragik şəxsiyyətin həyatını və taleyini yaşamaq qismət olub.
    Ümumiyyətlə, bu tərcümeyi-hal çox ziqzaqlıdır: o, imperiya lideri də olub, fərdi təqaüdçü də; istiqlal lideri də olub, DTK generalı da. Ən böyük təqdirin də hədəfi olub, ən kəskin tənqidin də; ləyaqətinə şər atmaq üçün də, şəninə mədhiyyə demək üçün də mikrofonda növbəyə düzülənlər həmişə tapılıb. Amma bu dəyişən mərhələlərin də hamısında təkcə bir şey dəyişməyib: eyni bir daxili, fitri ideala xidmət əzmi, milli Azərbaycan ideyası! Ən böyük, əbədi sabitliyi o, məhz milliliyə, müstəqilliyə, suverenliyə sədaqətdə göstərib.
    Bunun səbəbi bir də odur ki, həm ən adi, həm də ən ali (müqəddəs!) bir həqiqəti Heydər Əliyev xalq üçün, millət üçün tarixi məsuliyyəti çiyninə aldığı ilk gündən dərk etmiş və istisnasız, həmişə, hər yerdə uca tutmuşdur. Dövlət, cəmiyyət miqyasında sabit, qlobal ictimai əxlaq, təfəkkür və ideologiya yalnız onda sabitləşir və etibarlı olur ki, milli-mənəvi dəyərlərə güvənir. Yerüstü sərvətə (mənəvi dəyərlərə!) güvənməyəndə isə hətta yeraltı sərvətlər də istiqlala yox, istiqlalla da alverə, ehtikarlıq vasitəsinə çevrilir. Bunsuz həm suverenliyin, həm də torpağın ərazisi gec-tez itkiyə məruz qalır, həm coğrafi, həm də milli-mənəvi məkan öz bütövlüyünü (və bütövlüyün sabitliyini!) itirir.
    Məhz bu mənada Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində ən böyük öndərlərin vəsiyyət və ənənəsinə sadiq qalır.
    Bu bir də ona görə mümkün olur ki, Heydər Əliyevin ifasında və icrasında həmişə siyasət də sənət, siyasətçi də sənətkar səviyyəsinə qalxa bilir. Daha doğrusu, məhz “siyasət əməldə, hərəkətdə fəlsəfəyə çevriləndə” (yalnız bu zaman!) siyasətçi də sənətkara çevrilir, filosof təcəssümü, mütəfəkkir obrazı, alim statusu ala bilir. Bütün bunlar “Heydər Əliyev” fenomenindən həm də bir sənət və sənətkarlıq hadisəsi kimi danışmağa bizə əsas verir. Belə bir söhbətin təkcə siyasi ideya əsası yox, həm də konkret ədəbi predmeti var: son iki ildə Heydər Əliyevin beş fundamental kitabı çapdan çıxıb və elmi ictimaiyyətə çatdırılıb.
    Həmin kitabların ən yüksək səviyyədə ixtisaslı, professional auditoriyaya təntənəli təqdimi mərasimindəki çıxışında Azərbaycan Yazarlar Birliyinin Sədri Anar bu qalın cildlərin meydana çıxması faktını həm də “ədəbiyyat, publisistika, nəsr hadisəsi” hesab etdiyini açıqladı. (Heydər Əliyev. Müstəqilliyimiz əbədidir, I-IV kitablar. Bakı, 1997-1998: “Qayıdış”. Bakı, 1997). Odur ki, Heydər Əliyevin də son beş ildə Azərbaycanda sənət, ədəbiyyat və mədəniyyət quruculuğu sahəsində fəaliyyətinin şərhinə elə bu kitablardan başlamaq məqsədəuyğun olardı.
    Doğrudan da, bu beş kitabın hər səhifəsində elm, sənət və ədəbiyyat siyasətlə, ədəbi üslub və fikir dövlət təfəkkürü ilə həmişə bir yerdə, bir bütövdədir. Müəllif Mustafa bəy Topçubaşovdan danışanda mütəxəssis həkimdən, Yusif Məmmədəliyevdən danışanda peşəkar kimyaçıdan, Hüseyn Caviddən danışanda filoloqdan və sənətşünasdan daha miqyaslı və ixtisaslı qiymətlər verir. Çünki böyük fərdlər, çeşidcə müxtəlif, lakin miqyasca eyni olan, istedadda və intellektdə bir-birinə yaxın fərdlər bərabər səviyyədən bir-birini daha yaxşı (yaxından!) görür və bir-birinə daha dəqiq təhlillər verirlər.
    Elitar peşəkarlığın bütün sahələrdə, ən çox isə tibbdə və siyasətdə müstəsna rolu və mənası var: həkimin səhvi fərdin, siyasi rəhbərin, öndərin səhvi vətənin, millətin taleyi (səhhəti və sağlamlığı) bahasına başa gəlir. Kitablardan hər birində bu həqiqətin canlı gerçəkliyini çox aydın şəkildə göstərən nümunələr var; Azərbaycanın taleyinə və torpağına münasibətdə həm Bakıda, həm də Moskvada yol verilən əyintilərə düz üç il Naxçıvanda təshihlər verilib. Bu təshihlər vaxtında nəzərə alınsa idi, faciə və fəlakətlər indikindən nə qədər az ola bilərdi…
    Beş fundamental kitabda, hər şeydən əvvəl, məhz elitar peşəkarlığın və qeyri-adi, unikal təhtəlşüurun intuisiyanın stixiyası cismləşir və sənədləşir. Müstəqillikdə dönməzliyin nəzəri təlimi, elmi-strateji əsası, intizam və icra kodeksi və bütün bunların canlı təfərrüatı, həyat təcrübəsi, gündəlik dərsləri verilir. Müstəqillikdən və onun təminatından bu haqda danışmağa mənəvi haqqı və hüququ olan bir adam danışır. Bu haqqın arxasında – Azərbaycanda və keçmiş sovet məkanında yarım əsrə yaxın rəhbərliyin sınaqdan çıxan tarixi təcrübəsi durur. Heydər Əliyev şəxsiyyətinin qlobal miqyası və epoxal vüsəti vəhdətdə ifadə və təsdiq edilir. Hətta o qədər ki, beş kitabda əhatə olunan dörd ildən əvvəlki dörd-beş onilliyin də, ondan sonrakı üç ilin də alt qatı və arxa planı görünür, yaxınlaşan üçüncü eranın astanasında həm ən qədim türk və islam dəyərlərini, həm də Avropa mentalitetinin ən modern siyasi dəyərlərini içinə alan miqyaslı fon, məcra və məkan müəyyənləşir.
    Öz şifahi nitq üslubu, improvizasiya təbiiliyi ilə də müəllifin dil-ifadə tərzi ənənəvi rəsmi ədadan (konselyariya və protokopsiya) əsaslı şəkildə fərqlənir, fikrin dinamizmi, sözün enerjisi, kəlmənin bədii zərbə gücü – bunlar hamısı tribunadan gəlir, auditoriya ilə birbaşa ünsiyyətdən gəlir. Uçuşqabağı verilən müsahibələr, səfərbərlik anında xalqa xitablar, əcnəbi opponentlə təkbətək dialoqlar, dünya liderləri ilə müsahibələr məqamında mikrofona deyilmiş improvizasiyalar… Onlarda fitriliyin təbiiliyi, sözdə, tələffüzdə, ahəngdə və ritmdə etnik ilkinliyin, ozan-əcdad stixiyasının duruluğu və diriliyi var.
    “Daha susa bilmirəm”, “Son damla qanıma qədər xalqımla birəm”, “Mən öz taleyimi xalqa tapşırmışam”, “Ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə sərf edəcəyəm” – bu andlar və bəyanatlar romantik-tarixi dramda bədii fəlsəfi monoloqdan fraqmentlərə bənzəyir. Lakin onlardan hər birinin arxasında real, canlı prototip – müasir, bugünkü qəhrəman dayanır!
    Heydər Əliyevin milli öndərlik tərcümeyi-halında “müstəqillik mərhələsi” onun Naxçıvana tarixi qayıdışı ilə başlayır. Təsadüfi deyil ki, bu dövrlə bağlı sosioloji və publisist çıxışların toplandığı kitab da “Qayıdış” adlanır.
    Adətən, əsaslı intibah həmişə qayıdış aktından sonrakı hadisə kimi baş verir (orta əsrlərdə yenidən tərəqqinin və mədəniyyətin qədim (ellinist) yunan məcrasına və axarına (təməlinə) qayıdan Avropa intibahının modelində olduğu kimi). Naxçıvanda başlayan “qayıdış” Bakıda davam etdi və Azərbaycanda sosial-mədəni tərəqqi tarixində doxsanıncı illər təzədən yetmişinci illərin təbii, məntiqi davamına çevrildi. Ənənədə tarixi estafet, dövlətçilikdə irsilik probleminin həlli aradakı “böhran” və “parçalanma” mərhələsindən çıxa bilməyin yeganə mümkün və məqbul yol kimi özünü doğrultdu. Yetmişinci və doxsanıncı illər bir-birinin davamına, Heydər Əliyev isə hər iki on ilin müştərək, ortaq liderinə çevrildi. Genetik kökə, milli “mən”ə, tarixi yaddaşa, dünya ilə inteqrasiyaya daha miqyaslı şəkildə qayıtdı.
    Bütün bunların da məntiqi yekunu və nəticəsi o olacaq ki, Qarabağ Azərbaycana və Şuşa Qarabağa qayıdacaqdır. İnanırıq ki, “Qayıdış” dastanının, “Qayıdış” epopeyasının bu yeni cildlərini (“Qarabağ” və “Şuşa” cildlərini!) də millət və xalq, öz əməli ilə həyatda və öz qələmi ilə kağızda yenə eyni öndər və müəlliflə – Heydər Əliyevlə birlikdə yazacaqdır…
    Bir prezident kimi bu cildlər Heydər Əliyevin ilk kitablarıdır. Və bu ilk kitablar dövlətçilik sahəsində bizim minilliyin əvvəlinin (1069) ilk böyük kitabını mənim yadıma salır: “Xoşbəxtlik haqqında elm” kitabını – “Qutadqu bilik”i. Türk dövlətçiliyi haqda informasiya dünyaya ilk dəfə bu kitabdan yayılıb. “Müstəqillik haqqında elm” kitabı! – qarşımızdakı bu beş cildin birlikdə adına da belə bir açıqlama və təfsir vermək olar.
    Sonralar türk dövlət ərləri və öndərləri tarixi işlə və əməllə həyatın özündə yazmağa daha çox üstünlük verir, nəinki onu qələmlə kağızda yazmağa. Məhz bu ənənələr də prezident Heydər Əliyevin simasında yenidən birləşib vəhdət təşkil edir: o, tarixi həm əməllə həyatda, həm də… qələmlə kitabda yaradır.
    Mən bu sözləri deyirəm və dərhal da onlara təshih vermək istəyirəm: tarixi də, tarix kitabını da yaradarkən filosof, mütəfəkkir və yazıçı Heydər Əliyev qələmə və kağıza ehtiyac hiss eləmir. Unikal hadisədir ki, bu kitablar, əslində, əlyazması olmayan kitablardır.
    Bioenerji ürəkdə, beyində cərəyan edir, informasiya sinədən, bədahətən tərəfi-müqabilə ötürülür və bu prosesdə yazı, hərf, əlifba iştirak etmir. Vəhydən yaranan, əlyazması olmayan kitablar əvvəllər də olub. Dörd səma kitabı var, onların heç birinin müəllif əlyazması yoxdur. Əflatundan ta Hegelə qədər böyük fikir ərlərinin də kitabları onların bədahətən auditoriyaya dediyi improvizasiyadan əmələ gəlib. Şərqdə ərənlər, şamanlar, ozanlar… yazmağa yox, söyləməyə üstünlük veriblər.
    “Avesta”nın da, “Qorqud”un da avtoqrafları – əlyazmaları yoxdur. Əvəzində “gen yazmaları” var, damarda, qanda yazılan “qan yazmaları” var, hafizədə, huşda, ruhda qorunan “yaddaş yazmaları” var. Və mən burada sehrli və ibrətli bir tipologiya görürəm.
    Standartdan fərqlənən və tipologiyaya çağıran növbəti, üçüncü assosiasiyanı da hörmətli oxucularla bölüşmək istəyirəm. Üzərində “sinif”, “inqilab”, “dövlət”, “proletar” yazılmış kitablar var. Siniflə, proletarla, inqilabla birlikdə də ölürlər. Amma üzərində “İntibah”, “Ana vətən”, “Azadlıq”, “Millət”, “Xalq” yazılmış kitablar da var. Üstündə “QAYIDIŞ”, “MÜSTƏQİLLİK”, “ƏBƏDİYYƏT” sözləri yazılmış kitabları da mən onların sırasına daxil etmək istəyirəm. Onlar ötəri tarix, lokal dünyagörüşü yaratmır, şüur və yaddaş yaradır. Yaddaşın milli-etnik kodları, genləri onlarda yaşayır. Vətənçilik, türklük məfkurəsi və onlara sahiblik şüuru belə kitablarla tərbiyə edilir.
    Hər kitabda bir baş mübtəda və bir fövqəlideya olur. Bu beş kitabda da, əslində, iki suala cavab verilir: HEYDƏR ƏLİYEV KİMDİR?” və “ƏLİYEVLİK NƏDİR”? Özü də “ƏLİYEV KİMDİR”? – sualına bu kitabda Əliyev özü cavab verir!..
    (“Əliyevlik nədir” sualına isə onun “Əliyevçilik nədir” redaksiyasında, bir vaxt imperiya mətbuatı cavab vermək istəmişdi. Həmin cavaba tarixi təkzibi zaman özü, haqq özü, ədalət özü verdi).
    “Əliyevlik nədir” sualına cavab bu kitabların bütün səhifələrindədir. Bu cavabda iki məqamı da ayrıca vurğulamaq olar: “Əliyevliyin” ən böyük qələbəsi bir onun xalqla, bir də zamanla münasibətlərində oldu. Xalq-fərd-öndər münasibətlərini biz artıq qeyd etdik. Zamanla münasibətə gəldikdə isə, demək lazımdır ki, sintez işini o, burada da gördü. Hasarı, səddi tarixi-milli arxetiplə ən çağdaş dünya, Avropa dövlətçilik mentaliteti arasından götürdü, onları da vahid axara yönəltdi.
    Beş kitab Heydər Əliyevin bir prezident kimi ilk böyük kitabıdır. Lakin mən onu həm də bizim yüzilin və bizim minilliyin sonunun son böyük dövlətçilik kitabı hesab edirəm. Bizim milli dövlət təfəkkürü sahəsində minilliyin sonunun son kitabı həmin min ilin əvvəlinin ilk böyük dövlət kitabını mənim yadıma salır…
    Nəhayət, Heydər Əliyev – Zaman, Heydər Əliyev – Tarix münasibətlərində bir məqam da diqqəti cəlb edir: Heydər Əliyevin ideya rəqibləri həmişə və hər yerdə olub, amma ən böyük qələbəni o, Zamanla əlbəyaxada qazanıb. 75 il – zamandan fəth olunan – nəhəng zirvə deməkdir. Və bu zirvədə hər şey – birinci növbədə yaddaş toxunulmaz, suveren və bütöv qalıb: bu 75 ildə zaman bu yaddaşdan bir sm. də olsa, ərazi işğal edə bilməyib!..
    Heydər Əliyev olmaq, ümumiyyətlə, çətin şeydir. 75 il fasiləsiz, hər ay, hər gün sərasər Heydər Əliyev olub qalmaq isə xüsusilə çətindir. Cildlərdən hər biri bir daha göstərir ki, Heydər Əliyev bu sabitliyə müstəsna ardıcıllıqla nail olur. İndi qırmızı xətlə təqvimə həkk olunan tarixlər – “Milli dirçəliş günü” (17 noyabr, 1988). “Dövlət müstəqilliyi günü” (18 oktyabr, 1991) “Qurtuluş günü” (15 iyun, 1993) hamısı çətin, real gerçəklik kimi, xalqı məhz müstəqilliyə gətirib çıxaran qanunauyğunluq kimi baş verdi. Və bu mərhələlərdən hər birində Heydər Əliyevin milli vətəndaşlıq və sosial ideya mövqeyi eyni cür oldu: “Bu gün mənim xalqımın ağır günüdür. Ağır, çətin günlərdə xalqımla olmalıyam”.
    Azərbaycanda Mir Cəfər Bağırovdan sonra milli rəhbərin siyasi müstəqilliyi az qala sıfıra bərabər idi (keçid dövründə isə (1988-1993) bu qeyri-müstəqillik həm “yuxarılardan” (Moskva, Kreml), həm də “aşağıdakılardan” ikiqat asılılıq şəklini almışdı). Bu ölçünü sıfırdan sonsuza gətirib çıxaran H.Əliyev oldu. Hətta sovet dövründə də Heydər Əlirza oğlu öz müstəqillik (milli mənafeyə sədaqət) fəaliyyətini dondurmadı. Onun türk ağlı Siyasi Büronun vahid rus-slavyan düşüncəsində aydınca seçildi və o bu ali rəhbər strukturda da türk-islam lideri kimi təkcə sovet məkanında yox, bütöv dünyada türklüyün mənafeyini cəsarətlə müdafiə etdi. Azərbaycanın milli mənafeyi naminə Baş katibin (Y.İ.Brejnevin) özünü düz üç dəfə Bakıya gətirdi…
    Adətən, “Əsrin müqaviləsi”ndən dövrün ən böyük hadisəsi kimi danışırlar. Məncə, bu beş kitabdakı “dövlətçilik traktatı” neft müqaviləsindən daha mühüm hadisədir. Neft izdivacları və diplomatik nikahlar, Asiya və Qərb kəmərləri – hamısı milli dövlətçilik konsepsiyasının icrası məqsədinə xidmət edir.
    Əvvəlcə milli diplomatik fikrin enerjisi axmasa, neft də borulardan axmaz! Bakının ən böyük sərvəti heç vaxt neft olmayıb, neft intellekti olub. Yeraltı sərvətlər olmayıb, yerüstü sərvətləri olub. Faciə o vaxt olar ki, neft kəməri olsun, amma neft intellekti olmasın. Neft elmi də neftin özü kimi, eyni borularla Xəzərdən Qara dənizə və buradan da Aralıq dənizinə tökülsün. “Neft renessansı” onda olur ki, bütün xətlər və borular – mədəniyyət və elm kəmərləri də – hamısı Bakıdan keçsin.
    Qlobal landşaftdan baxanda belə bir qanunauyğunluq dərhal görünür ki, bütün itkilər, torpaq və yaddaş, elm və mədəniyyət, demokratiya və hüquq itkiləri də, hamısı dövlətçilikdə itkilərdən başlayır. Qədim Manna və Atropatena, yaxın Cümhuriyyət və sovet dövrü dövlətləri də əvvəl dövlətçilik, yalnız sonra ərazi itkilərinə məruz qalmışlar. Dövlətsiz xalq – valideynsiz yetim kimi bir şeydir. Min illər boyu ermənilər qürbətdə, qərib kimi yaşamışlar. Müstəqil milli qurum – Ermənistan dövləti yaradıldıqdan sonra isə bütün Qafqaza meydan oxumağa başlamışlar.
    Millət üçün dövlətdən və peşəkar dövlət öndərindən qiymətli heç nə yoxdur. Odur ki, məhz dövlətçilik, dövlət dili və mədəniyyəti konsepsiyası Heydər Əliyevin bədii-estetik və humanitar-fəlsəfi görüşlərində aparıcı, prioritet mövqeyi təşkil edir. Dövlətdən, milli dövlət mənafeyindən uca heç nə yoxdur. Odur ki, “kim müxalifətdə durursa-dursun, ancaq vətəninə, xalqına, mənəviyyatına müxalifətdə durmasın”.
    Yaxud: “XX əsr sona çatır. Bu əsrdə xalqımız bir çox mərhələlərdən, sınaqlardan, imtahanlardan keçib və nəhayət, öz milli azadlığına, dövlət müstəqilliyinə nail olubdur. Bütün bu mərhələlərdə Azərbaycan xalqını yaşadan, irəliyə aparan, xalqımıza güc, ruh verən Azərbaycan xalqının görkəmli şəxsiyyətləri, böyük alimləri və dahi insanları olmuşlar”.
    Xalqın və millətin əbədiliyini təmin edən, onun dövlət quruculuğunun memarı olan görkəmli şəxsiyyətlər və “dahi insanlar” tərkibinə sənət və dövlət öndərləri həmişə eyni vaxtda, yanaşı daxil olmuşlar.
    Belə bir konsepsiya, həqiqətən, tarixi qanunauyğunluğu ifadə edir və Şərqin, Azərbaycanın tarixinin yüz və min illərilə təsdiq və təsbit olunur.
    (“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabında. Bakı, Elm, 1998, səh.125-177)

  • “Heydər Əliyev. Həyatının 100 anı” kitabının təqdimatı keçirilib

    Mayın 5-də Azərbaycanda Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyevin irsinin təbliği” beynəlxalq layihəsi çərçivəsində nəşr olunmuş “Heydər Əliyev. Həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Təqdimat mərasimində çıxış edən Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü, “Heydər Əliyev. Həyatının 100 anı” kitabının Redaksiya Heyətinin sədri, müəllif Emil Nəsirli qeyd edib ki, Heydər Əliyev mənalı bir ömür yaşayıb. Onun istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olub. Azərbaycanın müstəqil və qüdrətli bir ölkəyə çevrilməsinin bünövrəsini məhz Heydər Əliyev qoyub. O, daim Vətənini, onun gələcəyini düşünürdü. Onu da qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun xalqımıza qazandırdığı tarixi qələbə də Ulu Öndərin ideyalarının təntənəsi, onun arzularının həyata keçməsi deməkdir. Ölkəmizin Qələbə qazanmasında, işğal altında olan torpaqlarımızın azad olunmasında vaxtilə Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı C.Naxçıvanski adına Hərbi Məktəbin yetirmələrinin xüsusi rolu olub.

    Emil Nəsirli vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Yaxın 20 illik tariximiz bir daha sübut edir ki, Prezident İlham Əliyev atasının başladığı işləri çox böyük uğurla davam etdirərək ona da başucalığı gətirib. Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. 2020-ci ildə torpaqlarımız işğaldan azad edildi. Biz qalib xalq olaraq Ulu Öndərin 100 illik yubileyini qeyd edirik. Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında olan xidmətləri haqqında nə qədər danışsaq azdır. Məhz onun hakimiyyəti illərində Azərbaycan dövləti öz sosial-iqtisadi inkişafını əldə edib.

    Bildirilib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ümummilli Liderə həsr olunmuş bu kitabda Ulu Öndərin həyatımızın bütün sahələrini əhatə edən zəngin elmi-nəzəri irsinin araşdırılmasına geniş yer ayrılıb və bu məsələlər ardıcıllıqla təhlil olunub. Respublikamızda və dünyada görkəmli ictimai-siyasi, dövlət və elm xadimlərinin Heydər Əliyevə və onun zəngin irsinə həsr etdikləri fundamental nəşrlərin və elmi əsərlərin gənc nəsillərə çatdırılması məsələləri də burada ümumiləşdirilib.

    Tədbirdə təqdimatı keçirilən kitabın videoslaydı təqdim olunub.

    Sonra Əməkdar incəsənət xadimi, dosent Fəxriyyə Xələfova, Bakı Dövlət Universitetinin kafedra müdiri professor Sevinc Haciyeva Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər. Onlar qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixində rolundan, demokratik, hüquqi dövlət quruculuğundan, ölkəmizin qüdrətlənməsində, xalqımızın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən danışıblar.

    Tədbirdə Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suver, TASS xəbər agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman, Avrasiya Təşəbbüsləri Beynəlxalq Fondunun Direktoru Əsgər Aytmatov, Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti professor Məhbubə Vəliyeva və digər şəxslər dünyaşöhrətli siyasətçinin tarixdəki rolu, eləcə də Vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri barədə danışıblar.

    Çıxışçılar əsasən Ümummilli Lider Heydər Əliyevin Həmkarlar İttifaqlarının inkişafında rolundan, müəyyənləşdirdiyi daxili və xarici siyasətindən, əsasını qoyduğu siyasi kursun mahiyyətindən, təhsil və idman sahəsinə olan xüsusi diqqətindən, gənclərə qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin əldə etdiyi nailiyyətlərdən, bütün sferalarda uğurlu göstəricilərindən, habelə Şərqi Zəngəzurun və Qarabağın Ermənistan işğalından azad edilməsindən, bu gün həmin ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən bəhs ediblər.

    Mənbə: https://azertag.az/

  • “Mən dəyərəm min cavana” tamaşası 85-ci dəfə oynanılacaq

    Mayın 7-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov və yazıçı-dramaturq Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” ikihissəli musiqili komediyası 85-ci dəfə oynanılacaq.

    Bu barədə AZƏRTAC-a teatrdan məlumat verilib.

    Yaranma tarixçəsi qəribə olan bu tamaşa illər öncə görkəmli teatr və kino aktyoru, Xalq artisti Hacıbaba Bağırovun sağlığında onun 75 illik yubileyi münasibətilə hazırlanırdı. Lakin tamaşanın premyerasından 1 il öncə – 2006-cı ildə aktyorun 74 yaşında qəfil dünyasını dəyişməsi bütün planları dəyişir və 2007-ci ildə “Mən dəyərəm min cavana” onu sevənlərə təskinlik olaraq nümayiş olunur.

    Gözlənilməz və maraqlı situasiyalarla zəngin səhnə əsərinin ilk təqdimatından 16 il keçməsinə baxmayaraq, yenə də öz aktuallığını itirməyib və çox böyük maraqla baxılır.

    Quruluşçu rejissoru Yusif Əkbərov olan tamaşada rolları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Nadir Xasiyev, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, aktyorlar Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov, Eleonora Mustafayeva, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Eleonora Abbasova, Murad Əliyev, Əli Kərimov ifa edəcəklər.

    Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.

    Mənbə: https://azertag.az/

  • “ANIMAFILM School” kinematoqrafçılar üçün mentorluq və maliyyələşdirmə imkanı təklif edir

    “ANIMAFILM School” sentyabbrın 6-10-da Bakıda kinematoqrafçılar və animasiya müəllifləri üçün “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı təşkil edəcək.

    AZƏRTAC xəbər verir ki, layihəni İsveçrənin Azərbaycandakı İnkişaf və Əməkdaşlıq Agentliyi maliyyələşdirir.

    Peşəkar treninqi üç animasiya mütəxəssisi aparacaq: İsveçrəli rejissor Isabelle Favez, fransalı prodüser Olivier Catherin və azərbaycanlı rejissor Nəzrin Ağamalıyeva.

    Mütəxəssislər iştirakçılara qısametrajlı animasiya filmləri layihələrini necə işləyib hazırlamağı, təqdim etməyi (pitching) və istehsal etməyi öyrədəcəklər.

    Vörkşop Bakıda – Azərbaycan Kinematoqrafçılar İttifaqının “Kino məktəbi”ində keçiriləcək. Layihə iştirakçıları, həmçinin, “Gender Hub Azerbaijan”ın təşkil edəcəyi qadın haqları və inklüzivliyə yönəlmiş müvafiq təlimlərdən keçəcəklər.

    Vörkşopun nəticəsi olaraq müəlliflər öz layihələrini 6-cı “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalında ictimaiyyətə təqdim (pitç) edəcəklər.

    Ən yaxşı layihələr festivalın bağlanış mərasimində pul mükafatı ilə təltif olunacaq. Mükafat fondu festivalın bilet satışından əldə etdiyi gəlirdən formalaşacaq.

    Vörkşop və maliyyələşdirmə proqramı gənc kinematoqrafçılara (həm qadınlara, həm də kişilərə) öz karyeralarına başlamaq üçün unikal imkan yaradacaq və onlara öz animasiya filmlərini işləyib hazırlamağa və maliyyələşdirməyə kömək edəcək.

    Animasiya vasitəsilə qadın haqları barədə məlumatlandırma və maarifləndirmə ilə layihə həm də Azərbaycanda qadın haqlarının inkişafına töhfə vermək məqsədi daşıyır.

    “Animasiya filmləri vasitəsilə qadın haqları” layihəsinin tərəfdaşları Azərbaycan Animasiya Assosiasiyası, “PERİ FİLM” şirkəti, İsveçrənin Azərbaycandakı İnkişaf və Əməkdaşlıq Agentliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və “Gender Hub Azerbaijan”dır.

    Vörkşopda iştirak üçün fiziki şəxslər və ya studiyalar layihələrlə müraciət edə bilərlər. Layihələr “google anket” forması vasitəsilə iyulun 1-dək təqdim edilməlidir. Bütün sənədlər ingilis dilində təqdim olunmalıdır. Yalnız qısametrajlı filmlər üçün layihələr qəbul olunur. Layihələrin mövzuları qadın haqları ilə bağlı olmalıdır. Vörkşop ingilis dilində keçiriləcək. Vörkşop üçün 6 nəfərədək iştirakçı seçiləcək. Hər müəllif və studiya yalnız bir layihə təqdim edə bilər. Seçilmiş layihələr iyulun 15-də Azərbaycan Animasiya Assosiasiyasının saytında elan olunacaq.

    Mənbə: https://azertag.az/

  • Muzey Mərkəzində rəssamların “Şuşa” adlı qrup sərgisi açılacaq

    Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və Muzey Mərkəzinin dəstəyi İlə mayın 19-da Muzey Mərkəzinin sərgi salonunda mədəniyyətimizin beşiyi Şuşa şəhərinə həsr olunmuş “Şuşa” adlı rəssamların qrup sərgisi təşkil olunacaq.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgi qədim Qarabağın, Şuşa şəhərinin illər öncəki və bugünkü vəziyyətini geniş tamaşaçı kütləsinə təqdim etmək, doğma yurdun gözəlliklərinə korifey və müasir rəssamların gözü ilə nəzər yetirmək imkanı yaratmaq məqsədilə açılacaq.

    Sərginin ekspozisiyasında 30-a yaxın rəssam və heykəltaraşın müxtəlif üslub və texnikalarda işlənmiş 40-a yaxın rəngkarlıq, heykəltaraşlıq nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər də nümayiş olunacaq.

    Dillərdə dastan Şuşanın təbiəti, qədim memarlıq abidələri, dahi şəxsiyyətləri nəinki musiqi və ədəbiyyatımızda, eləcə də təsviri sənətin müxtəlif sahələrində rəssamların diqqət mərkəzində olub və daim vəsf edilib. Uzun illər bu sənətkarlar işğal altında qalan şəhəri tərənnüm etməkdən əsla vaz keçməyiblər və nəticədə Azərbaycan incəsənətinə çoxsaylı sənət inciləri bəxş ediblər.

    Mənbə: https://azertag.az/

  • Azərbaycanda Turizm Reyestri istifadəyə verilib

    Mayın 5-də Azərbaycanda Turizm İnformasiya Sistemi (Turizm Reyestri) istifadəyə verilib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi reyestrin ictimai təqdimatını keçirib.

    Turizm İnformasiya Sistemi turizm sahəsi üzrə ölkənin vahid dövlət informasiya sistemi olmaqla “dövlət-biznes” və “biznes-biznes” platformasıdır. Sistem daxilində Turizm Reyestri və xüsusi keyfiyyət proqramı aparılır, məlumat anbarı yaradılır və elektron xidmətlərin göstərilməsi nəzərdə tutulur.

    Turizm Reyestri turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, həmin məlumatların monitorinqi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılır.

    Sistemin əsas məqsədi turizm sektorunun rəqabət qabiliyyətlilik səviyyəsinin artırılması, dəqiq və etibarlı məlumatların ötürülməsi, ölkə ərazisində təqdim edilən turizm xidmətlərinin keyfiyyətinin təşviqi, biznes subyektlərinin brendinq prosesinin və korporativ inkişafının dəstəklənməsidir.

    Mənbə: https://azertag.az/

  • Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək

    Mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, 3 gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.

    Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edəcəklər.

    Mayın 12-də isə “Şuşa- Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılışı olacaq.

    Mənbə: https://azertag.az/

  • Milli Kitabxana növbəti virtual sərgini istifadəçilərin ixtiyarına verib

    Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən hər il 5 may bütün dünyada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramları mövcuddur. Həmin proqramlarda əlilliyin qarşısının alınması, reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb

    AZƏRTAC xəbər verir ki, bu gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “5 May – Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdür” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.

    Mənbə: https://azertag.az/

  • Ölkəmizdə 5 may – “Xalçaçı Günü”dür

    Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi var. Ölkəmizdə yüz illərdir xalça toxunsa da, xalçaçıların heç vaxt öz peşə bayramlarını qeyd etdiyi gün olmayıb. Artıq beş ildir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün – mayın 5-i “Xalçaçı günü” kimi qeyd olunur.

    AZƏRTAC xəbər verir ki, xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə – milli dəyərlərimizin hamisi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində qeyd edirlər. Belə bir tarixi günün təsis edilməsi Ümummilli Liderimizin bizə bəxş etdiyi müstəqilliyimizin bəhrəsidir. Əgər müstəqil Azərbaycan olmasa idi, nə milli sənət növümüz olan xalçaçılıq belə geniş yayılardı, nə də Xalçaçı Günü qeyd olunardı.

    Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev xalçaçılığın inkişafına da böyük diqqət və qayğı göstərir. Ölkə rəhbərinin müvafiq sərəncamları ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, “Xalçaçı Günü” peşə bayramının təsis edilməsi, respublikamızın şəhər və rayonlarında xalça istehsalı emalatxanalarının tikilib istifadəyə verilməsi bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının parlaq təzahürüdür.

    Azərbaycanda xalçaçılıq sənətinin ölkə iqtisadiyyatındakı rolunu yüksək dəyərləndirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə 2016-2020-ci illərdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 20-dən çox filialı yaradılaraq fəaliyyətə başlayıb.

    Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verir. Xalçaçıların problemlərinin aradan qaldırılmasında, onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin beynəlxalq miqyasda təbliğində Mehriban xanımın xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsin nümunələri siyahısına daxil edilib.

    Bu, bir reallıqdır ki, dünyanın heç bir ölkəsində xalçaçılığa belə diqqət göstərilmir. Azərbaycanda xalçaçılığın inkişafı böyük bir tarixi dövrə hesablanıb. Bu dövrdə isə bizim yaxşı xalça mütəxəssislərimiz yetişəcək, insanlar xalçaçılığın sirlərinə yiyələnəcək, beləliklə, xalçaçılıq yaşadılacaq. Onunla birlikdə Azərbaycanın tarixi, mədəniyyəti də yaşadılaraq gələcək nəsillərə ötürüləcək.

    Mənbə: https://azertag.az/

  • İstiqlal şairi Əhməd Cavad

    O, Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xəti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış onun azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğurulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən görkəmli şair Əhməd Cavadın müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir.

    AZƏRTAC xəbər verir ki, bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, görkəmli şair, öz ölməz misraları ilə bütövlükdə türk dünyasının ünlü sənətkarına çevrilmiş Əhməd Cavadın anadan olmasından 131 il ötür.

    Qeyd edək ki, 2022-ci ildə Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.

    Ə.Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndinin Mehrəli tirəsində ruhani ailəsində dünyaya gəlmişdir. Atası Məmmədəli axund olub. Azərbaycanın görkəmli tarixi simalarından biri kimi tanıdığımız Cavadxan axund Məmmədəlinin atası ilə yaxın idi və ailədə həmişə onun haqqında xoş söhbətlər gedərdi; mərdliyi, igidliyi, xalq yolunda qəhrəmanlıqla həlak olması dönə-dönə xatırlanırdı. Elə bu hörmət və ehtiramın əlaməti kimi axund Məmmədəli oğlunun adını Cavad qoymuşdu. Cavad beş yaşına çatmamış atası dünyasını dəyişdi. O, anası Yaxşı xanımın ümidinə qaldı. İlk təhsilini molla məktəbində almış, üç il orada oxumuşdur. Sonrakı təhsilini Gəncədə Müsəlman Ruhani Seminariyasında almış (1906-1912-ci illər) və oranı müvəffəqiyyətlə bitirmişdir. 1913-cü ildə Zaqafqaziya şeyxülislamı Pişnamazzadənin imzası ilə ona müəllimlik şəhadətnaməsi verilib. Həmin ildə Şəmkir, Gədəbəy, Zaqatala və Gəncədə fasilələrlə dərs demişdir. Birinci Cahan müharibəsi başlayanda müharibəyə getmiş, dörd il cəbhədə müxbir, xeyriyyə cəmiyyətinin üzvü, katibi, bəzən də sədr müavini kimi fəaliyyət göstərmişdir. O, Şimali Qafqazda, Dağıstanda, Batumda, Qarsda, Ərdəhanda, Gürcüstan və Türkiyədə olmuşdur. Ən çox türk xalqları yaşayan bölgələrə gedərək onlara maddi və mənəvi yardım göstərmişdir.

    Müharibədən sonra müəllim işləməklə yanaşı, həm yaradıcılıqla məşğul olmuş, həm Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasında yaxından iştirak etmiş, həm də onun fəal üzvlərindən olmuşdur.

    Əhməd Cavad 1920-ci ildə Quba qəzasının Xuluq kəndində müəllim təyin olunur. 1922-ci ilin yayına kimi burada türk və rus dillərindən dərs deyir.

    O, 1922-ci ildə ali məktəbə daxil olmaq məqsədi ilə Bakıya gəlir. Azərbaycan Ali Pedaqoji İnstitutuna daxil olub, 1926-cı ildə oranı bitirib. Nərimanov adına Texnikumda, Pambıqçılıq İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışır.

    Göründüyü kimi Ə.Cavad həyatının 29 ilini müəllimlik kimi müqəddəs peşəyə bağlamışdır. İbtidai sinif müəllimliyindən ali məktəbin kafedra müdirliyinə qədər mürəkkəb bir inkişaf yolu keçmişdir. Azərbaycan Demokratik Respublikası dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin müəllifi olmuşdur. O, rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi, səkkiz-on dildə sərbəst oxumaq, danışmaq və yazmağı bacarırdı. Gəncə mədrəsəsində H.Cavid kimi filosof-şairdən, Abdulla Sur kimi tənqidçi-ədəbiyyatşünasdan dərs alan Cavad öz təxəllüsünü türkiyəli şair Əhməd Cavadın adından götürmüşdür. Beləliklə, eyni tarixi dövrdə türk dünyasında iki Əhməd Cavad yazıb-yaradırdı.

    Əhməd Cavad Azərbaycan Xeyriyyə Cəmiyyətinin məsul katibi və ən fəal üzvlərindən biri idi. Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Seyfəlidə məktəb və uşaq bağçaları açılması Könüllünün tikilməsi Ə.Cavadın adı ilə bağlıdır. Təsadüfi deyil ki, M.Müşfiq Könüllü kəndinə şeir qoşmuş, oranı “Cavadkənd” kimi təsvir etmişdir.

    1920-ci ilin aprel hadisələrindən sonra Ə.Cavadın hüquqları daim pozulmuş, orijinal yaradıcılığının inkişafına imkan verilməmişdir. 1923-cü ildə Müsavat Partiyasının liderlərindən Mirzəbala Məmmədzadənin Türkiyəyə qaçırılmasında Cavadı günahlandırıb həbs edirlər. Xuluq kəndində işləyərkən dostluq etdiyi müəllim yoldaşı H.Musayev M.C.Bağırovun yanına gəlir və şairin azad olunmasını xahiş edir. Bağırov onu eşidir.

    Ə.Cavad ikinci dəfə haqqında danışacağımız “Göygöl” şeirinə görə həbs edilir. Bu şeiri oxuyan o zamankı rəhbərlərdən S.Ağamalıoğlu demişdi: “Kim deyər ki, Azərbaycanın Puşkini yoxdur? Cavad Azərbaycan ədəbiyyatının Puşkinidir. “Göygöl” doğrudan doğruya Azərbaycan ədəbiyyatının incisidir”. Lakin şairin bədxahlarından üç nəfər bildirir ki, şeir antisovet ruhludur. Dərhal Ə.Cavadın həbs olunması əmri verilir.

    Beş-altı ay çəkən sorğu-sualdan sonra “Göygöl”ə heç bir siyasi rəng verə bilmirlər və şairi həbsdən buraxırlar.

    Ə.Cavad 1920-1937-ci illərdə dəfələrlə həbs edilmiş, təqiblərə məruz qalmışdır.

    Nəhayət 1937-ci il martın 21-də şairi Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən azad edirlər. Həmin il iyun ayının 4-də onu H.Cavid, M.Müşfiq və V.Xuluflu ilə eyni vaxtda həbsə alırlar. Oktyabrın 12-dən 13-nə keçən gecə 15 dəqiqəlik məhkəmənin qərarı ilə ona güllələnmə kəsilir.

    Bəzi mənbələrdə şairin ölümü ilə bağlı fərqli versiyalar mövcuddur. Məsələn, Məhəmməd Əmin Rəsulzadə “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində Ə.Cavadın da H.Cavid kimi Sibirdə öldüyünü ehtimal etmişdi. Mühacir tədqiqatçı Hüseyn Baykara da Sibir versiyasını əsas götürmüşdü.

    Mətbuat səhifələrində Əhməd Cavada qarşı mənhus iftira kampaniyası gedərək genişlənir. 1937-ci ilin 3 iyununda Əhməd Cavadı Yazıçılar İttifaqının üzvlüyündən çıxarırlar. Beş gün sonra isə həbs edirlər. Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan çox qüdrətli bir insana “xalq düşməni” damğası vurulur. Şairin evində aparılan axtarış zamanı mənzilindən əmlakını, hətta həyat yoldaşı Şükriyyə xanımın daş-qaşını, bəzək əşyalarını da müsadirə edirlər.

    Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnir. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra “vətən xaininin arvadı” kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır.

    Tarix insan səhvlərini düzəldir. 1958-ci ildə Əhməd Cavadın “Şeirlər”, 1961-ci ildə “Sən ağlama, mən ağlaram” kitabları çap olunur. Şairliklə yanaşı, həm də istedadlı tərcüməçi olan Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər – 1961-ci ildə Fransua Rablenin “Qarqantua və Pantaqruel”, 1962-ci ildə Vilyam Şekspirin “Otello”, “Romeo və Cülyetta”, 1978-ci ildə Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərləri işıq üzü görür.

    Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Dövlət Himnimizin müəllifi Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan olunan müəlliflərin siyahısına daxil edilib.

    Mənbə: https://azertag.az/

  • İlk qadın kinorejissorumuz -Qəmər Salamzadə

    Bu gün Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadənin doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 115-ci ildönümü tamam olan Qəmər Salamzadənin əsas yaradıcılıq fəaliyyəti Azərbaycan kinostudiyasından başlayıb.

    Mehdi Hüseynin “Səhər” romanının motivləri əsasında çəkilən filmdə, nəhayət ki, azərbaycanlı qadın Q.Salamzadə milli kinomuza öz töhfəsini verə bilib.

    Qəmər Əliqulu qızı Salamzadə 1908-ci il mayın 5-də Culfada dünyaya göz açmışdı. Ailəsi 1912-ci ildə maarifçi mədəni mühiti ilə dövrün aydınlarını özünə cəlb edən Tiflis şəhərinə köçmüşdü; lakin burada “Otaylı”, “Cüvəllağı”, “Cüvəllağı bəy”, “Sarsaqqulu bəy”, “Qəmküsar” imzaları ilə kəskin tənqidi məqalələr, felyeton və satirik şeirlər yazan atasının aydın dostları nə qədər çox idisə, fanatik, dindar, köhnəliyin tərəfdarı olan qaraguruhun içindəki düşmənləri də bir o qədər çox idi. – Atası Əliqulu Qəmküsarı 38 yaşında, 1919-cu ilin baharında Tiflisdə menşeviklər qətlə yetirmişdi. Cavan ailə başçısının itkisindən sonra Qəməri əmisi Rzaqulu Nəcəfov tərbiyə edərək böyütmüşdü.

    Dövrünün qabaqcıl aydınlarından olan əmisinin himayəsində böyüməsi Qəmər xanımın təhsilində və dünyagörüşünün formalaşmasında önəmli rol oynamışdır. O, atasının sağlığında Naxçıvanda qız məktəbində təhsilə başlamış, daha sonra, Tiflisdə rus məktəbində oxumuşdu; lakin Əliqulu Qəmküsarın vəfatından sonra ailə yenidən Naxçıvana qayıtdığından Qəmər xanım da qız məktəbində təhsilinə davam etmişdi.

    Naxçıvanda qız məktəbində təhsil aldığı vaxtdan ictimai fəallığı ilə fərqlənən Qəmər məktəbin tamaşaya hazırladığı “Arşın mal alan” musiqili komediyasında dəfələrlə Telli rolunu oynamışdı. Naxçıvan teatrının rejissoru olan Kazım Ziyanın dəvəti ilə tamaşalarda və geniş söhbətlərdə davamlı olaraq iştirak etmişdi. Naxçıvan və Tiflis ədəbi-mədəni mühitinin yetirməsi olan gənc Qəmər xanım özünə kinorejissorluq sənəti seçəndə bir çox Azərbaycan qadını hələ də mövhumat və fanatizmin, köhnə həyat qanunlarının pəncəsində əziyyət çəkirdi.

    O, Moskvada Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Qəmər xanım Moskvada XX yüzilin əvvəllərində dünyada ünlü olan bir çox rejissorla görüşüb, Kulişоv və Eyzenşteyn kimi sənətkarlardan kino sənətinin sirlərini öyrənib. Təhsilini bitirdikdən sоnra Bakıya qayıdan Qəmər Salamzadə 1931-32-ci illərdə burada rejissor Rza Təhmasib, rəssamlar Salam Salamzadə və Rüstəm Mustafayevlə eyni vaxtda aspiranturada охuyub. Elə həmin illərdə o, “Qızıl kol” bədii filmində (1930) rejissor köməkçisi, “Əlsiz adamlar” filmində (1932) rejissor assistenti, “Rəqs edən bağalar”da (1935) ikinci rejissor, “Dəcəl dəstə”də (1937) quruluşçu rejissor (A.Popovla birgə) kimi kino sənətinə öz töhfələrini verib. Qəmər Salamzadənin “Azərbaycanfilm” kinostudiyasındakı əsas fəaliyyəti isə Mehdi Hüseynin bu quruma rəhbərlik etdiyi dövrdən başlayıb. Nəhayət ki, Qəmər xanımın rejissorluq məharətini göstərmək imkanı yaranıb. 1944-cü ildə həkim Hüsniyyə Diyarova haqqında “Şəfa nəğməsi” sənədli filminin ssenari müəllifi və rejissoru kimi isə o, sənətə ilk müstəqil rejissor işini bəxş edə bilib.

    Xalq rəssamı Salam Salamzadə ilə xoşbəxt bir ailə həyatı quran, birgə mənalı ömür yaşayan Qəmər Salamzadə eyni zamanda, dövrün ziddiyyətləri ilə mübarizədə keçən bir ömür yaşayıb.

    Qəmər Salamzadənin rejissor zəhmətinin bəhrəsi olan onlarla film bu gün də kino salnaməmizin dəyərli inciləri sayılır.

    Sənətkar 1994-cü ildə 86 yaşında bu dünya ilə vidalaşaraq əbədiyyətə qovuşub. Bu gün fəxrlə demək olar ki, bütün müsəlman Şərq aləmində ilk qadın kinorejissor olan Qəmər Salamzadənin adı Azərbaycan kino tarixinə qızıl hərflərlə yazılıb.

    Mənbə: https://azertag.az/

  • Bu gün tanınmış şair Ağa Laçınlının doğum günüdür

    Bu gün tanınmış şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi Ağa Laçınlının (Əliyev) doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 83-cü ildönümü tamam olan Ağa Laçınlı bənzərsiz yaradıcılığı ilə daim seçilib-fərqlənib.

    Ağa Laçınlı 1940-cı il mayın 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1963-1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun Poeziya fakültəsində təhsil alıb. 1966-1969-cu illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin Şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışıb, 1969-1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub.

    Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayon qəzetində çap olunan “Çoban” şeiri ilə başlayıb. 1966-cı ildə “Ümid” adlı ilk kitabı işıq üzü görüb. Sonralar “Sakitlik”, “Sirli-soraqlı dağlar”, “Aşırımlar qarşısında”, “Vaxt yetişəndə”, “Sevgimizlə sevindirək”, “Meşə nəğməsi”, “Gecə yuxusu”, “Alın yazımız” və s. kitabları çapdan çıxıb.

    Ağa Laçınlı 1970-ci ildən Bakı Dövlət Universitetində çalışıb, “Dünya ədəbiyyatı” kafedrasının dosenti olub. 1980-ci ildə “Azərbaycan bayatılarının bədii xüsusiyyətləri” adlı namizədlik dissertasiyasını müdafiə edib. “Homer dastanlarında türkçülük” adlı doktorluq dissertasiyasını yekunlaşdırıb. Antik Yunan ədəbiyyatı üzrə mütəxəssis olan Ağa Laçınlı qədim şumer, antik yunan, qədim Roma, Çin, hind, eləcə də polyak, rus, Vyetnam, slovak, yapon, Koreya, Argentina və başqa ölkə və xalqların klassik poeziyasından seçmələri dilimizə çevirib.

    Türkiyə, Rusiya, Latviya, Litva, Estoniya, Gürcüstan və başqa ölkələrdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, elminə dair mühazirələr oxuyub.

    Əsərləri Rusiya, Fransa, Türkiyədə, ABŞ, Çin, Hindistan, Polşa, Ukrayna, Belarus, Gürcüstan, Bolqarıstan, İraq və s. ölkələrdə çap edilib.

    Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının “Ağa Laçınlı saflığı” yazısında oxuyuruq: “Onunla bağlı xatirələrimin ən parlaq səhifələrindən biri başqa bir görkəmli şairimiz olan Hüseyn Kürdoğluyla birlikdə üçümüzün Laçın, Qubadlı və Zəngilanı gəzdiyimiz günlərlə bağlıdır. Gənclik, ürəyimizin çağlar çağıydı, dünyanın dərdi-qəmi də xoşbəxtlik kimi görünürdü, hər şeydə sevinc, ümid, təskinlik tapmağı bacarırdıq… Laçın bulaqlarının üstündə sazlı-sözlü məclislər uc-uca calanmışdı. Həkəridə çimdik, Zəngilanın çinar meşələrində balıq tutduq, kəndlərdə camaatla görüşlər keçirdik. Həmin günlərdə mən Hüseyni də, Ağanı da, bir növ, yenidən kəşf etdim; onların həm sözlərinə, həm özlərinə sayğım artdı. Sonralar elə bir görüşümüz olmurdu ki, həmin səfərimizin bir-birindən maraqlı epizodları xatırlanmasın. O üç rayonu gəzərkən mən Hüseyn Kürdoğlunun da, Ağa Laçınlının da poetik istedadları, gözəl şeirləriylə yanaşı, həm də yüksək insani keyfiyyətlərinə heyran qaldım.

    Ağa Laçınlı klassik şeirimizin və folklorumuzun, aşıq poeziyasının böyük ənənələri ilə çağdaş insanın yaşantılarını vəhdətdə görüb, vəhdətdə əks etdirirdi.

    El deyimləriylə dolu olan canlı, şirəli, zəngin, poetik dildə yazırdı. Öz yolunu və ruhunu davam etdirən gözəl övladlarının timsalında Ağanın bu gün də yaşaması isə bütün dostlarının həm sevinc, həm də təsəlli yeridir…”

    İstedadlı şair Ağa Laçınlının hər misrasından doğma ocağa, dədə-baba yurduna məhəbbət və sevgi özünü göstərir. Ağa Laçınlı hər misrası yurd sevgisi ilə yoğurulub. Şair, – “Elə gedəndə, obaya qovuşanda oradan ayrıla bilmirəm”, – deyir. Doğma ocaqlar şairi ahənrüba kimi özünə çəkir. Oxuduqca hiss edirsən ki, bu misralar şairin qəlbindən bulaq kimi süzülüb vərəqlərin üstünə tökülür. Əgər bu sözlər qəlbdən süzülməsəydi, yəqin ki, misralar bizi bu qədər sehirləməzdi.

    Ağa Laçınlı 2007-ci il noyabrın 25-də Bakı şəhərində vəfat edib.

    Mənbə: https://azertag.az/

  • “ULDUZ” JURNALININ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞ XÜSUSİ NÖMRƏSİ İŞIQ ÜZÜ GÖRDÜ

    Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm.

    Heydər ƏLİYEV

    “Ulduz” jurnalının aprel sayı işıq üzü görüb. “Ulduz” jurnalı, “Ədəbiyyat qəzeti” və “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-nin ortaq layihəsi çərçivəsində dərc olunmuş dərginin özəl sayı Ümummil lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Dərgidə ilk olaraq yer alan Xalq yazıçısı Anarın ” Qalib gəldi, qalib getdi” sərlövhəli məqaləsi müəllifin Ulu öndərlə bağlı düşüncələrini, xatirələrini və unudulmaz ədəbi görüşləri ehtiva edən mülahizələrini əhatə edir. Xalq yazıçısı Elçinin “Dünya axirət əkini”, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının “Ədəbiyyata həyatdan gələn qəhrəman”, eləcə də professor Mahirə Nağıqızının “Ulu öndər Heydər Əliyev və natiqlik sənəti” yazılarında Heydər Əliyev şəxsiyyətinin ali məqamlarına nəzər yetirilir. Ədəbiyyatşünas Yaşar Qarayevin “Müstəqillik dövrünün milli öndəri”, akademiklər İsa Həbibbəylinin “Heydər Əliyevin böyük ədəbiyyat siyasəti”, Nizami Cəfərovun “Azərbaycanda milli dövlətçilik təfəkkürünün formalaşmasında Heydər Əliyev fenomeni”, Xalq yazıçısı Kamal Abdullanın “Ümummilli lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisi kimi”, şair-publisist, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin “Heydər Əliyev və müasir ədəbiyyat”, filologiya üzrə elmlər doktoru Pərvanə Bəkirqızının “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, professor Qəzənfər Paşayevin “Heydər Əliyev və Milli mənəvi dəyərlərimiz” məqalələrində Umummilli lider Heydər Əliyevin ədəbiyyatımızın, incəsənətimizin tərəqqisinə bəxş etdiyi əvəzsiz töhfələrdən söz açılır, milli – mənəvi dəyərlərimizin qorunması yolunda yorulmaz fəaliyyətinə nəzər salınır. “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın “Heydər Əliyev barədə yazılmış ilk poetik mətn” məqaləsi Cənubi Azərbaycanın böyük şairi Bulud Qaraçorlu Səhəndin “Elimin dayağı, yurdumun fəxri” şeiri ətrafında qeyd və mülahizələri özündə ehtiva edir. YAP-ın idarə heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimovanın “Ədəbi yaddaşımızın Heydər Əliyev məqamı” müsahibəsinin əsasını Xalq şairi Nəriman Həsənzadənin Heydər Əliyevlə bağlı xatirə və düşüncələri təşkil edirsə, “Heydər Əliyevin gücü, yaxud özünəqayıdışın Cavid intibahı” yazısında, adından da göründüyü kimi, Hüseyn Cavid ədəbi irsinə, eləcə də ədibin ailəsinə Heydər Əliyevin diqqət və qayğısından söhbət açılır. “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-nin baş direktoru Tural Axundovun “Ulu öndərin xeyir-duası” yazısı Heydər Əliyevin nəşriyyat və poliqrafiya sahəsinin inkişafı yolunda göstərdiyi fəaliyyətə işıq tutur. Filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun “Heydər Əliyev və Səməd Vurğun ocağı” məqaləsi Heydər Əliyevin Xalq şairi Səməd Vurğunun ailəsinə göstərdiyi dərin ehtiramın tarixçəsidir. Dərgidə son olaraq yazıçı Xeyrəddin Qocanın “Heydər Əliyevlə görüşlər, söhbətlər” xatirə yazısı təqdim edilib. Qeyd edək ki, dərginin sözügedən sayında Ulu öndərin kəlamları və ona həsr edilmiş şeirlərlə yanaşı, dahi şəxsiyyət haqqında ölkə xaricində çap edilmiş kitablardan seçmə fikirlər də yer alıb.

  • NAXÇIVANDA VÜQAR ƏHMƏDİN 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB

    Naxçıvan Dövlət Universitetində keçirilən “Poeziya günləri” çərçivəsində professor, AMEA-nın Nizami  Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Turanın xalq şairi Vüqar Əhmədlə görüş keçirilib. Görüş Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər sırasında baş tutub.

    Görüşdə çıxış edən NDU-nun rektoru Elbrus İsayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev İli” elan edilib və bu istiqamətdə universitetimizdə silsilə tədbirlər keçirilir. Rektor qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyev respublikamızda elm və təhsilin inikişafına böyük qayğı ilə yanaşaraq, onun inkişafına töhfələr verib. Elbrus İsayev vurğulayıb ki, Ümumilli Lider 1967, 1992-ci ildə iki dəfə və 1999-cu illərdə universitetdə olub və ali təhsilin inkişafı istiqamətində əvəzsiz xidmətlər göstərib. Rektor qonağı salamlayaraq, onun elmi, bədii yaradıcılığının əhəmiyyətindən, dünya miqyasında xalqımızı layiqincə tanıtmasından da söz açıb.

    Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan poeziya günləri çərçivəsində universitetdə görkəmli söz və qələm sahibləri ilə keçirilən görüşlərin əhəmiyyətindən söz açıb. Azərbaycan ədəbiyyatında Vüqar Əhməd yaradıcılığının rolu və əhəmiyyəti haqqında danışan Arif Ağalarov qeyd edib ki, Vüqar Əhməd elmi, şeiri, musiqini bir arada birləşdirməyi bacaran görkəmli şəxsiyyətdir. Çox xoşdur ki, dəyərli şairimiz, ədəbiyyatşünas Vüqar Əhməd bizim müasirimizdir və bizimlə canlı ünsiyyətdədir.

    Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, yazıçı-şair, dramaturq, publisist Asim Yadigar Azərbaycan ədəbiyyatında öz dəsti-xətti ilə seçilən şairlərdən olan Vüqar Əhmədin Azərbaycan ədəbiyyatındakı rolundan, ictimai-ədəbi fəaliyyətindən, elmi yaradıcılığından və şeirlərinə bəstələnən musiqilərdən bəhs edib. Qeyd edilib ki, çağdaş Azərbaycanın elmi-ədəbi mühitinə öz tükənməz potensialı ilə məxsusi rəng qatan Vüqar Əhməd həm də bir şəxsiyyət olaraq gənc nəslə milli-mənəvi dəyərlərin aşılanması prosesində fəallığı ilə seçilir.

    Tədbirdə tələbələr şair, ədəbiyyatşünas Vüqar Əhmədin şeirlərindən səsləndirib, konservatoriyanın müəllim və tələbələri əsərlərinə yazılan bəstələri ifa ediblər.

    Şair Vüqar Əhməd görüş iştirakçılarına özünün zəngin yaradıcılığından, elm sahəsində əldə etdiyi nailiyyətlərindən danışıb. Nəğməkar şair, professor Vüqar Əhməd Naxçıvan Dövlət Universitetində olmaqdan məmnunluğunu dilə gətirib. 60 illik yubileyi ərəfəsində keçirilən görüşü ömrünün ən xoşbəxt saatları kimi qələmə verib.

    Sonda universitetin rektoru Elbrus İsayev Vüqar Əhmədə 60 illik yubileyi ilə bağlı keçirilən görüşdən xatirə plaketi və universitetin rəssamı, əməkdar mədəniyyət işçisi Elman Cəfərlinin çəkdiyi portreti təqdim edib.

  • Yazıçı Məmməd Orucun”Naməlum Fikrət Qoca” adlı kitabının təqdimat mərasimi keçirildi

    Mayın 4 də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı Məmməd Orucun xalq şairi Fikrət Qoca haqqında yazdığı “Naməlum Fikrət Qoca” adlı kitabının təqdimat mərasimi keçirildi. Tədbirin aparıcısı Seyran Səxavət dəyərli qələm ustası haqqında yazılan kitabın işığına yığışanları salamladı və sözü AYB -nin sədri, xalq yazıçısı Anara verdi. Anar mərhum şairlə dostluğundan, onun nəcib xüsusiyyətlərindən söz açaraq xatirəsini ehtiramla yad etdi və kitab üçün Məmməd Oruca təşəkkürünü bildirdi. Daha sonra Vaqif Əlixanlı, Qəşəm Nəcəfzadə, Elçin Hüseynbəyli, Maarif Soltan, Təranə Vahid və digər qələm adamları Fikrət Qoca və kitabın müəllifi haqqında ürək sözlərini bölüşdülər, illərin yaddaşından süzülüb gələn xatirələri çözələndi. Şairi yaxından tanıyanlar onun çoxuna məlum olmayan balıq tutmaq kimi məşğuliyyət və hobbisi barədə maraqlı xatirələri dilə gətirdilər. Qeyd edək ki, “Naməlum Fikrət Qoca” Xalq şairi Fikrət Qocanın geniş oxucu kütləsinə bəlli olmayan bir sıra xüsusiyyətləri haqqında yığcam xatirələr toplusudur. Tədbirin sonunda Məmməd Orucun qızı Aysel xanım, Fikrət Qocanın qardaşı oğlu Babək Qoca ailələri adından tədbirə yığışanlara minnətdarlıqlarını bildirdilər. Məmməd Oruc deyilən xoş sözlər, yada salınan xatirələrə görə hamıya təşəkkür etdi və sonda xatirə şəkilləri çəkildi. Kəmalə Müslümqızı

  • Gənclər arasında I Ümumrespublika Hekayə Müsabiqəsi

    📖 Gənclər arasında I Ümumrespublika Hekayə Müsabiqəsi🔴 Müsabiqədə məktəblilər, tələbələr və gənc yazarlar iştirak edə bilər🔴 İlk 20 yerin qalibi mükafatlandırılacaq🔴 Hekayələrin həcmi 2-4 səhifə ola bilər🔴 Müsabiqəyə göndərilmiş əsərlər “Mücrü” proza jurnalının xüsusi sayında kitab şəklində çap ediləcək🔴 Hekayələr üçün mövzu məhdudiyyəti yoxdur🔴 Əsərlər Azərbaycan və Rus dillərində göndərilə bilər✏ Əsərlər hekayemusabiqesi@mucrunesriyyati.az e-mail ünvanına Microsoft Word (.docx) formatında ad, soyad və əlaqə nömrələri qeyd edilməklə göndərilməlidir📜 Müsabiqədə iştirak ödənişlidir (8 AZN)Qaynar xətt: 📱+994555028932 #hekayəmüsabiqəsi #mücrünəşriyyatı #mücrüprozadərgisi #gəncyazarlar #1cihekayəmüsabiqəsi #hekayəyarışması

  • Arzu Hüseyn Fərqanə Mehdinin xatirə gecəsi və xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi şeir müsabiqəsinin qalibi olub

    Tanınmış şair, “Ulduz” jurnalınının poeziya şöbəsinə rəhbərlik etmiş Fərqanə Mehdinin xatirə gecəsi və xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi şeir müsabiqəsinin qalibi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Arzu Hüseyn olub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • Gənc yazar Nemət Tahir “Fəxrin Fərman” ilə təltif olunub

    Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar tərəfindən Tanınmış şair, Ulduz jurnalınının poeziya şöbəsinə rəhbərlik etmiş Fərqanə Mehdinin xatirə gecəsi və xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi şeir müsabiqəsində fəal iştirakına görə  Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri, gənc yazar Nemət Tahir “Fəxrin Fərman” ilə təltif olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • Azərbaycan Yazıçılar Birliyində “Əbədi ömrün yüz ili” kitabının təqdimatı olub – FOTOLAR

    Mayın 3-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda, Ulu Öndər Heydər Əliyevin yüz illiyinə həsr olunmuş “Əbədi ömrün yüz ili” kitabının təqdimatı olub.

    Kitab AYB-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görüb.

    Əvvəlcə nəşrin layihə rəhbəri, tərtibçi və “Ön söz” müəllifi AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli kitab haqqında məlumat verib. Bildirib ki, “Əbədi ömrün yüz ili” bədii-publisistik məqalələr toplusu baxımından çox dəyərli nəşrdir: “Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırladığımız bu kitab haqqında fikir söyləmək çox çətindir. Çünki bu kitaba Azərbaycan Yaziçılar Birliyinin üzvü olan dəyərli söz və bilim adamlarının bədii-publisistik məqalələri, esse və xatirələri daxildir. Yazı müəlliflərinin böyük əksəriyyəti Ulu Öndəri şəxsən tanıdıqlarından onların düşüncələri, xatirələri, bu böyük şəxsiyyət haqqında mülahizə və müşahidələri maraqlı və zəngindir. Ona görə də mən yalnız nəşrə bələdçilik etməyi öz üzərimə götürdüm, düşünürəm ki, gözəl bir kitab ərsəyə gətirə bildik. Kitabın ərsəyə gətirilməsinin əsas təşəbbüskarlarından biri də Anar müəllimdir. Ona görə də həm Anar müəllimə, həm Mədəniyyət Nazirliyinə, həm də bütün zəhməti keçənlərə təşəkkür edirəm. Müəlliflərə xüsusən minnətdarlığımı bildirirəm ki, mövzuya xüsusi həssaslıqla yanaşdılar, çox dəqiqəliklə işləyib bu gözəl kitabı hazırladıq. İlkin olaraq kitab 1000 nüsxə tirajla nəşr olunsa da, bunu artırmağı düşünürük. Bir çox bölgələrdə də bu kitabının təqdimatının keçirilməsi nəzərdə tutulur”.

    Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək Ulu Öndər Heydər Əliyevi yaxından tanımaq və onun ölkəmiz qarşısındakı misilsiz xidmətlərini daha dərindən anlamaq baxımından kitabın çapını yüksək qiymətləndirib: “Heydər Əliyev incəsənət adamları ilə çox ünsiyyətdə olurdu, o yazıçılara da xüsusi həssaslıqla yanaşırdı. Kitab çox maraqlıdır. Heydər Əliyevlə ünsiyyətdə olan adamların xatirələri xüsusən diqqət çəkir. Ölkədə ədəbi nəslin həyatında, inkişafında Ulu Öndər Heydər Əliyevin rolu danılmazdır. Kitabın yaradılmasında töhfələrini əsirgəməyən, əməyi keçən müəllifləri təbrik edirəm. Mədəniyyət Nazirliyinə xüsusi minnətdarlığımı bildirirəm. Düşünürəm ki, bu, bizim “Heydər Əliyev İli”nə kiçik töhfəmizdir”.

    AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib: “Bu çox gözəl təşəbbüsdür və düşünürəm ki, bu kitabın bu cür incəlik və həssaslıqla ərsəyə gətirilməsi Ulu Öndərin əziz xatirəsinə olan dərin ehtiramın göstəricisidir. Ümummilli Lider Heydər Əliyevlə bağlı digər təqdimatlar da gözlənilir”.

    Xalq yazıçısı Elçin Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə böyük ehtiramını bildirərək, kitabın əhəmiyyətindən danışıb: “Ulu Öndər Heydər Əliyevin incəsənət, ədəbiyyat adamlarına olan qayğısı danılmazdır. Yaradıcılığı həmin dövrlərə düşən sənət adamlarından elə biri yox idi ki, Heydər Əliyev onun sənəti ilə maraqlanmasın və şəxsən onunla ünsiyyətdə olmasın. Onun şəxsiyyətinin miqyası çox böyükdür. O, bir tərəfdən Mstislav Rostropoviç ilə dostluq edirdi, eyni zamanda aşıq sənətinin inkişafına xidmət edənləri də unutmurdu. Bu da onun daxili aləminin zənginliyinin göstəricisi idi. O, incəsənətin bütün sahələrini duyurdu və qiymətləndirməyi bacarırdı. Ulu Öndər deyirdi ki, gənclik dövründə Naxçıvanda elə tamaşa olmurdu ki, o tamaşaya gedib baxmasın. Heydər Əliyev daxilən sənət eşqi olan zəngin şəxsiyyət idi. O, hətta müxtəlif pyeslərdə, əsərlərdə olan bir çox monoloqları əzbər bilirdi. 10 il mənim onu müşahidə etmək imkanım olub və Ümummilli Lider özü böyük məktəb idi”.

    Xalq şairi Nəriman Həsənzadə bu kitabın hazırlanmasının gözəl bir hadisə olduğunu dilə gətirərək, bu təşəbbüsün kitab həvəskarları, oxucular üçün böyük hədiyyə olduğunu vurğulayıb.

    Tədbirdə Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Milli Məclisin deputatı Jalə Əliyeva, Xalq yazıçısı Elmira Axundova və digər natiqlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı dövləti qarşısındakı böyük xidmətlərindən danışıb və yeni çap olunan kitab haqqında fikirlərini bölüşüblər.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • “Kitabi–Dədə Qorqud” eposu: Heydər Əliyevdən – İlham Əliyevə” – Yeni nəşr

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən – İlham Əliyevə” kitabı “Elm” nəşriyyatında çapdan çıxıb.

    Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, kitabda, ilk növbədə, XX əsrin ortalarında “Kitabi–Dədə Qorqud” eposuna Azərbaycan sovet rəhbərliyinin tətbiq etdiyi qadağaların səbəbləri və nəticələri göstərilib. Azərbaycan K(b) P-nın 1951-ci il mayın 24-də keçirilmiş XVIII Qurultayında “Dədə Qorqud” eposunun “Azərbaycan xalqına zidd və zərərli” əsər kimi damğalanması, ədəbi abidənin nasirləri və tədqiqatçılarının cəzalandırılması sənədlər və materiallar əsasında tədqiq edilərək şərh olunub. Bu zəmində akademik İsa Həbibbəyli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Kitabi–Dədə Qorqud” eposunun dünyada təbliğ edilməsində və xalqımıza yenidən çatdırılmasındakı böyük rolu haqqında təhlillər və müqayisələr aparmaqla dahi şəxsiyyətin xidmətlərinin elmi mahiyyətini açıqlayıb.

    Kitabda dövlət səviyyəsində və beynəlxalq miqyasda elmi-mədəni tədbirlərin keçirildiyi və epos haqqında mühüm problemlərə həsr edilmiş çoxsaylı monoqrafik tədqiqatların və məqalələrin nəşr olunub ictimaiyyətə çatdırılması nəzərə alınmaqla Heydər Əliyev epoxası Azərbaycan qorqudşünaslığının intibah dövrü kimi səciyyələndirilib. Müəllifin Heydər Əliyev irsindən seçib oxuculara çatdırdığı aşağıdakı sözlər Qorqudşünaslıq elmi üçün epiqraf ola bilər: “Kitabi–Dədə Qorqud” dastanı bütün türk dünyasına məxsusdur, onun Vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir”.

    İsa Həbibbəylinin “Kitabi–Dədə Qorqud” eposu: Heydər Əliyevdən – İlham Əliyevə” kitabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mühüm tarixi əhəmiyyətə malik olan sərəncamları əsasında dövlət səviyyəsində keçirilmiş tədbirlərin əhəmiyyəti elmi-ədəbi cəhətdən dəyərləndirilib. Müəllif, eyni zamanda, Prezident İlham Əliyevin “Kitabi–Dədə Qorqud” haqqındakı qiymətli fikirlərini də sistemli şəkildə elmi-ədəbi mühitin diqqətinə çatdırıb. Beləliklə, “Kitabi–Dədə Qorqud” dastanlarının tədqiqi və təbliği ilə bağlı olan İlham Əliyev dövrü yeni inkişaf mərhələsi adlandırılıb.

    Nəşrdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin bu möhtəşəm ədəbi abidə haqqında imzaladıqları fərmanlar və sərəncamlar, habelə ölkə rəhbərlərinin müxtəlif vaxtlardakı nitqləri və çıxışlarının mətnləri oxuculara təqdim olunur. Kitabdakı rəsmi sənədlər və dövri mətbuat materialları filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı tərəfindən toplanılıb və tərtib edilib.

    “Kitabi–Dədə Qorqud” eposu: Heydər Əliyevdən – İlham Əliyevə” kitabının məsul redaktoru, filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır. Kitab tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • “Azərbaycan ədəbiyyatında vətən və dövlətçilik məfkurəsinin intibahı Heydər Əliyevdən – İlham Əliyevə” kitabı çap olunub

    AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatında vətən və dövlətçilik məfkurəsinin intibahı Heydər Əliyevdən – İlham Əliyevə” monoqrafiyası “Elm” nəşriyyatında çapdan çıxıb. Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyinə ithaf olunan nəşr institutun Elmi şurasının qərarı ilə işıq üzü görüb.

    İnstitutdan bildirilib ki, kitabda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bədii ədəbiyyatda parlaq obrazının yaradılması, müstəqil dövlətçilik ideallarının tərənnümü məsələlərindən bəhs olunur. Monoqrafiyanın ideya müəllifi və elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Kitabda ilk yazı akademik İsa Həbibbəylinin “Böyük ədəbiyyat siyasəti və möhtəşəm bədii obraz” tədqiqatıdır. Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, məsul redaktoru filologiya elmləri doktoru Elnarə Akimovadır.

    Kitabda Tehran Əlişanoğlunun “Heydər Əliyevin tarixi obrazı və ədəbiyyat”, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənovanın “Beynəlmiləl məfkurədən milli ideyaya doğru: müasir nəsrdə Heydər Əliyev obrazı (bədii-sənədli nəsr və publisistika)”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Uşaq ədəbiyyatında və dramaturgiyada Heydər Əliyevin bədii obrazı”, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərlinin “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət”, filologiya elmləri doktoru Elnarə Akimovanın “Vətən və dövlət məfkurəsinin intibahı: Heydər Əliyevdən – İlham Əliyevə” məqalələri yer alıb.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • “Həsən Seyidbəyli həyatı və nəsr yaradıcılığı” kitabı işıq üzü görüb

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 30 sentyabr 2020-ci il tarixli 4 saylı qərarı ilə “Həsən Seyidbəyli həyatı və nəsr yaradıcılığı” kitabı çap edilib. Kitabın müəllifi Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, dosent Baba Babayevdir. Kitab “Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Prezidentin Sərəncamına əsasən çap olunub.

    “Sənətkarın elmi pasportu – 40” seriyası ilə nəşr olunan monoqrafiyanın elmi məsləhətçisi və “Azərbaycan kinosunun əfsanəsi – Publisist bədii nəsrin yaradıcısı” başlıqlı ön sözün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Kitabın redaktoru filologiya elmləri doktoru Əlizadə Əsgərli, rəyçisi filologiya elmləri doktoru, professor Təyyar Salamoğludur.

    Monoqrafiyada görkəmli yazıçı, kinodramaturq, ssenarist, kinorejissor, publisist Həsən Seyidbəylinin çoxcəhətli yaradıcılığı araşdırılır. Kitab “Elm və təhsil” nəşriyyatında çap edilib.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Mir Cəfər Pişəvərinin “Gizli imzalı məqalələr” kitabı çapdan çıxıb

    AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor Rəhim Əliyevin ideya müəllifliyi və tərtibçiliyi ilə Mir Cəfər Pişəvərinin “Gizli imzalı məqalələr (1945-1946)” kitabı çapdan çıxıb.

    İnstitutdan bildirilib ki, Rəhim Əliyev kitaba “M.C.Pişəvəri “Azərbaycan” qəzetində və ya gizli “Novruz” imzası haqqında” adlı geniş “Ön söz” yazıb. Kitabın redaktoru həmin şöbənin böyük elmi işçisi Elmira Bağırovadır. Məqalələri ərəb əlifbasından Hökümə Allahverdiyeva, farscadan İbrahim Quliyev, Yədulla Kənani, Arif İbrahimov, Hökümə Allahverdiyeva və Həsən Səfəri çeviriblər.

    Yeni kitabdakı əsas məqalələr M.C.Pişəvərinin açıq imzası ilə ilk dəfə çap olunur və 1945-ci ilin sentyabr-dekabr aylarında yazılıb. M.C.Pişəvərinin “Azərbaycan” qəzetində müxtəlif imzalarla çoxlu məqalələri çıxıb. “Gizli imzalı məqalələr” kitabında ilk dəfə olaraq ancaq “Novruz” gizli imzası ilə səksən il əvvəl dərc edilmiş ana dilində və farsca məqalələrin tərcümələri yer alıb. Yeni nəşrdə, həmçinin M.C.Pişəvərinin Şeyx Məhəmməd Xiyabani haqqında böyük və naməlum araşdırması da verilib.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Mərdan Camalovun “Nizami Gəncəvinin yaradıcılığında əxlaq və tərbiyə məsələləri” adlı ilk kitabı işıq üzü görüb

    “Günəş-MMC” tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin məzunu, ADNSU-nun nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinin müəllimi Mərdan Camalovun “Nizami Gəncəvinin yaradıcılığında  əxlaq və tərbiyə məsələləri” adlı ilk kitabı işıq üzü görüb.  Kitabın elmi redaktoru Azərbaycan Respublikasının Əməkdar müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Faiq Şahbazlı,  ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru Tahir Aslanov (Şirvanlı), rəyçilər  filologiya üzrə elmlər doktoru, professor Kamil Bəşirov, filologiya üzrə fəlsəfə doktoru Şakir Cəfərov, fiologiya üzrə fəlsəfə doktoru Tariyel Abbasovdur.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • Əkbər Qoşalının Astanada qazaxcaya çevrilmiş şeirlər kitabının təqdimatı olub

    Azərbaycanlı tanınmış şair-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Məsləhət Şurasının başqanı Əkbər Qoşalı Qazaxıstanda “Qaraqanda Yazı – 2023” Poeziya festivalında və Astanada keçirilən VI Avrasiya Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, Astanada keçirilən nüfuzlu Kitab Sərgi-Yarmarkasında Əkbər Qoşalının qazaxcaya çevrilmiş, “Foliant” Nəşriyyatında nəfis tərtibatla çap olunmuş şeirlər toplusu – “Turanın bir qom yovşanı” kitabının geniş təqdimatı olub.

    Qazaxıstan Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət xadimi Devletkerey Kapulının aparıcısı olduğu təqdimatda Qazaxıstanın informasiya və sosial işlər naziri Darxan Kıdırali, Azərbaycanın Qazaxıstandakı səfirliyinin müşaviri Rövşən Kazımov, “Foliant” Nəşriyyatının baş direktoru Nurlan İsabekov, tanınmış şair-tərcüməçi Tanagöz Tolkınqızı, Saxa-yakutiyalı şair-tərcüməçi Arılı Duydax və qazax şair-yazıçıları çıxış ediblər.

    Ə.Qoşalıya Qazaxıstanın İnformasiya və Sosial İşlər Nazirliyinin, Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin fəxri fərmanı təqdim olunub. İstedadlı qazax məktəblisi Abdulxadi Sərsenbek azərbaycanlı yazarın ağ-qara rənglə işlədiyi portretini ona bağışlayıb.

    Ə.Qoşalı Astanada çıxan kitabını qazax oxucuları üçün imzalayıb.

    Səfər müddətində azərbaycanlı yazar Qazaxıstanda bir sıra maraqlı görüşlər keçirib, maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıb. Qazaxıstanın çoxtirajlı “Egemen Qazaqstan” qəzetinin redaksiyasında, habelə Qazaxıstan Yazıçılar Birliyinin Astana filialı – Astana Yazarlar Evində Ə.Qoşalı ilə görüş təşkil olunub, yeni nəsil qazax aydınları, şair-yazıçıları ilə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

    Görüşlərdə Azərbaycan Prezidentinin Qazaxıstana rəsmi səfəri, ölkələrimiz arasında günü-gündən genişlənən mədəni əlaqələr xüsusi minnətdarlıqla vurğulanıb.

    30-a yaxın qazax yazıçısına Qazaxıstan-Azərbaycan ədəbi əlaqələrinin inkişafına verdikləri töhfələrə görə DGTYB adından fəxri fərman təqdim olunub.

    Mənbə: https://azertag.az/

  • Kitabxanada Mir Möhsün Nəvvabın 190 illiyi münasibətilə virtual sərgi hazırlanıb

    XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, Qarabağ ədəbi mühitinin inkişafında özünəməxsus rolu olmuş ensiklopedist alim Mir Möhsün Nəvvabdır. Bu il görkəmli alimin anadan olmasının 190 ili tamam olur.

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Mir Möhsün Nəvvabın 190 illik yubileyi münasibətilə virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Nəvvabın həyat və yaradıcılığı, zəngin ədəbi irsi haqqında məlumat verilir. Burada görkəmli alim həm öz dövrünün müasirləri ilə bir vəhdət formasında qələm sahibliyi edən, incə ruhlu şair, həm zərif zövqə, əsrarəngiz rəng çalarına malik rəssam, həm də nəqqaşlıq, xəttatlıq, astronomiya, musiqişünaslıq kimi sahələrə dəyərli töhfələr vermiş mütərəqqi ziyalı kimi təqdim edilir.

    Materialda Nəvvabın müəllifi olduğu və onun haqqında qələmə alınan “Erməni-müsəlman davası”, “Qarabağ mədəni-ədəbi mühiti”, “Gözəllik və bilik aşiqi Nəvvab”, “Təzkireyi-Nəvvab”, “Musiqi haqqında risarələr”, “Nəsihətnamə” kimi 20-ə yaxın kitabın və müxtəlif dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri təqdim edilir.

    Mir Möhsün Nəvvabın 190 illik yubileyi münasibətilə hazırlanan virtual sərgi kitabxananın rəsmi saytında və sosial şəbəkə hesablarında yerləşdirilib.

    Mənbə: https://azertag.az/

  • Vüsalə VƏTƏNXAN MEHRİ.Məqalə

    Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, mədəniyyəti, irsi təfəkkürü, ürfü-ənənəsi, milli mənəvi dəyərləri ilə digər xalqlardan daim seçilmişdir. Əlbəttə, hər bir xalqın özünəxas mədəniyyəti və tarixi vardır. Azərbaycan xalqının da tarixi mədəniyyəti və dəyərləri aşkarda olduğu kimi batində də öz əksini tapır.
    Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığında ən qədim rolu olan strateji mövqeyə malik tarixi kitabları və ən qədim ünsürlərin toplanıldığı xəzinədir ki, günümüzə qədər gəlib çıxmışdır.
    Bizim təbiətimizin gözəlliyi, iqlimi, təbii sərvətlərimizin zənginliyi qədər şüur zənginliyimiz də vardır ki, həmin təhtəlşüurumuz vasitəsilə müxtəlif sənət növlərini, eləcə də ruh və cismin tənasübündəki MƏANı (mənanı) kəşf edə və bilavasitə ruhumuzdakı mənaya enə bilərik.
    Bunun üçün heç bir əqidə hökmünü daşımayan, sadəcə və sadəcə tarixi məfkurəmizdəki təqiyyə anlayışını, alleqrotik kitablar və terminlərdən ibarət elmi araşdırmaq və oxumaqdır. Hər nə qədər səthi inkişafa meylli olsaq da, biz bilməliyik ki batinimizdən doğan inkişaf daha da uğurlu və yüksəkdir. Görə bildiklərimiz qədər görə bilmədiklərimiz bir çox şeylər də var ki, biz onları görməkçün gördüklərimizin daxilinə (MƏANa doğru) enməliyik. Bu yöndə eqzoterik, ezoterik mənaları ayırd edən təfəkkürə malik bir çox batini xüsusiyyətlər görə bilərik. Zamanın, məkanların və əşyaların da batini həqiqəti var. İnsanın da – üzünün gözəlliyi zahiri gözəllik, ağılının gözəlliyi isə batini gözəllikdir.

    Bizim vətənpərvər ustadlarımızdan olan hacı Süleyman Qaraqoyunlu, (1830-cu il, Göyçay.) zahiri və batini elmlərdə bir çox uğur qazanmışdır. Süleyman kimi bir çox ustadların yarıda qoyub getdiyi elmi mənəvi dəyərləri günümüzdə də inkişaf etdirən, gənclərə öz tövsiyyələrini verən “İxvan-üs-səfa” dərnəyi ilə tanış olaq.

    “İxvan-üs-səfa” dərnəyinin əsas funksiyası və tələbi Azərbaycan xalqının dini-fəlsəfi məfkurəsini, o cümlədən Azərbaycan qeyri-maddi mədəni irsini incələmək və milli müqəddəsat əsaslarına söykənən türk milli mədəniyyətinin, tarixinin, mənəvi dəyərlərinin təbliği üzərində işləmək.
    Azərbaycan qeyri-maddi mədəni irsinin qorunması və bu irsin ayrı-ayrı sahələri – folklor, bədii qiraət, intelektual yaradıcılıq və digər əsas sahələr üzrə fəaliyyətinin bilavasitə təşkili.
    Batini-irfani yaradıcılığın və Azərbaycanın qeyri-maddi mədəni irsinin hüquqi təminatının inkişaf etdirilməsi, o cümlədən beynəlxalq normativ bazanın inkişaf və tətbiqini icra etməkdir.

    Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçmişdir. Belə ki, bu inkişaf yolu vəhdət təşkil edərək Azərbaycan incəsənətini, mədəniyyətini, milli mənəvi dəyərlərini ortaya qoyaraq geniş bir zəmində varlığını təmsil etməyə çalışmışdır.

    “İxvan-üs-Səfa” dərnəyi eləcə də ən qədim dövrlərdən zəmanəmizədək davam edən batini sənət növünün inkişafı üzərində tədbirlər, seminarlar təşkil edərək, milli mənəvi dəyərlərimizi davam etdirir, qoruyub saxlayır və gələcək nəsillərə ötürməkdədir.

  • Ulu Öndərin 100 illiyinə həsr edilmiş kitab – “Vətən oğulsuz olmasın”

    “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Vətən oğulsuz olmasın” adlı kitab nəşr olunub.

    Kitabın redaktoru və “Ön söz” müəllifi “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlıdır.

    Bu barədə AZƏRTAC-a müəllif özü məlumat verib.

    “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabda Ümummilli Liderin Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazi ilə görüşü zamanı çıxışları, Mirvarid Dilbazinin ona həsr etdiyi şeirlər toplanıb.

    Müəllif yeni nəşri sədri olduğu birliyin Ulu Öndərin 100 illiyinə və “Heydər Əliyev İli”nə töhfəsi kimi dəyərləndirib. “Ön söz”də Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi, həm də Moskvada fəaliyyət göstərdiyi dövrdə ədəbiyyatımızın inkişafında rolu, xidmətləri, qayğısı, söz və sənət adamlarına diqqəti önə çəkilib.

    Mirvarid Dilbazi Ümummilli Liderin həmişə diqqətində olub, onun poeziyasındakı hiss və duyğuların saflığını görüşlərdə xüsusi vurğulayıb. Təsadüfi deyil ki, ağbirçək Xalq şairi ona səmimi və ərkyana “oğlum” deyə müraciət edirdi.

    Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan Yazıçılar Birliyinin bütün qurultaylarında iştirakı və proqram əhəmiyyətli nitqləri ədəbiyyata qayğının mükəmməl sübutu kimi kitabda qeyd olunub.

    Kitabda toplanan Mirvarid Dilbazinin Heydər Əliyev şəxsiyyətinə həsr etdiyi şeirlər Azərbaycan ədəbiyyatı tarixində qiymətli söz inciləri kimi yadda qalacaq.

    Mənbə: https://azertag.az/

  • Bakıda “Moskva Günləri” keçiriləcək

    Mayın 3-dən 5-dək Bakıda “Moskva Günləri” keçiriləcək. Proqrama sərgilər, konsertlər, yaradıcılıq görüşləri və başqa mədəni tədbirlər daxildir.

    Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən məlumat veriblər.

    “Moskva Günləri” çərçivəsində Azərbaycan Dillər Universitetində “Müasir pyes məktəbi” teatrının rəhbəri, teatr və kino rejissoru, aktyor Dmitri Astraxan ilə yaradıcılıq görüşü olacaq.

    Heydər Əliyev Mərkəzində Rusiya Coğrafiya Cəmiyyətinin “Bakı ilk səyyahların obyektivində” adlı sərgi, həmçinin “Xor Turetskoqo” art-qrupu və “SOPRANO”nun konserti keçiriləcək.

    Beynəlxalq Muğam Mərkəzində sovet və Rusiya şahmatçısı Anatoli Karpovun iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şahmat turniri təşkil ediləcək.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində gənclərin Moskva Həmvətənlər Evinin rəhbəri Dmitri Kojayevlə görüşü olacaq.

    Mədəni tədbirlər çərçivəsində S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Müasir pyes məktəbi” teatrının “Ay işığında” tamaşası nümayiş etdiriləcək.

    Tədbirin üçüncü günündə “Moskva-Bakı: iki paytaxt arasında dialoq” konfransı, rusiyalı yazıçı Yuri Polyakov və Rusiya Federasiyasının Xalq artisti Yelena Sanayeva ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

    Mənbə: https://azertag.az/

  • Tbilisidə Xalq yazıçısı İsa Hüseynovun və gürcü şairi David Şemokmedelinin kitablarının təqdimat mərasimi keçirilib

    Dövlət Tərcümə Mərkəzinin Gürcüstan Yazıçılar Birliyi ilə əməkdaşlığı çərçivəsində Tbilisidə işıq üzü görmüş Xalq yazıçısı İsa Hüseynovun “Ömür karvanı” və tanınmış gürcü şairi David Şemokmedelinin Bakıda nəşr olunmuş “Astananın iki üzü” kitablarının təqdimat mərasimi keçirilib.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbiri Gürcüstan Elmlər Akademiyasının Rustaveli komitəsinin sədri, akademik Avtandil Arabuli giriş sözü ilə açaraq hər iki kitabın nəşrini Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrində tarixi hadisə, böyük töhfə kimi dəyərləndirib. Ardınca tədbirdə iştirak edən şair və yazıçılar, gürcü ictimaiyyətinin tanınmış nümayəndələri kitablarla bağlı fikirlərini bölüşüblər:

    Gürcüstan Yazıçılar Birliyinin sədri, şair Makvala Qonaşvili çıxış edərək deyib: “Təqdimatına toplaşdığımız görkəmli Azərbaycan nasiri İsa Muğannanın gürcü dilində nəşr edilən irihəcmli kitabı Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Gürcüstan Yazıçılar Birliyinin müştərək layihəsi kimi ərsəyə gəlib. Son zamanlar ədəbi əlaqələrimizin inkişafında Mərkəzin və xüsusən qurumun sədri Afaq Məsudun böyük rolu var. Kitabın redaktoru kimi deyərdim ki, tərcümə mətninin dili məni çox qane etdi, oxucuda elə təsəvvür yaranır ki, əsərlər sanki gürcü dilində yazılıb. Maraqlı süjet xətti və psixoloji iztirablarla müşayiət olunan bu əsərlərdə insanlıq və mərdlik anlayışları qırmızı xətt kimi keçir”.

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud söyləyib: “Əvvəlcə gürcü həmkarlarımıza belə nəfis nəşrə görə öz minnətdarlığımı bildirirəm. İsa Muğannanın gürcü dilində işıq üzü görən bu kitabında xüsusi bir sevgi hiss olunur. Ümumiyyətlə, bu ölkəyə hər səfərimdə özümə və xalqıma qarşı böyük rəğbət hiss eləmişəm. Münasibətlərin günü-gündən virtual müstəviyə keçdiyi bu dünyada insani ruhu, gözəlliyi qoruyub saxlamaq missiyası biz yazıçıların üzərinə düşür. İsa Muğanna 50-ci illərdə ədəbiyyata gəldi və o dövrdə sosialist realizmini deyil, insani dəyərləri ön plana çəkdi, heç vaxt ideologiyanın əsiri olmadı, öz yolunu, öz yazıçı azadlığını heç nəyə dəyişmədi. Bu kitabı neçə ildir hazırlayırdıq, nəşri bu ilə təsadüf etdi. Artıq David Şemokmedelinin şeirləri Azərbaycan, eləcə də İsa Hüseynovun əsərləri gürcü ədəbiyyatı aləminə daxil olub. Düşünürəm ki, qarşıda bizi hələ çox ədəbi mübadilələr, faydalı əməkdaşlıq gözləyir”.

    Gürcüstan Yazıçılar Birliyinin sədr müavini, şair Bağater Arabuli Gürcüstan və Azərbaycan arasında ədəbi əlaqələrindən bəhs edib: “Ədəbi əlaqələrimizin kökü çox qədimlərə gedir. Xalqlarımız arasında Mirzə Fətəli Axundzadədən başlanan ədəbi-mədəni mübadilələr daim artan xətt üzrə olub. Amma qeyd etməliyik ki, bu əlaqələr Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin dövründə daha da genişlənib. Bu kitabların qədim binada görkəmli Azərbaycan və gürcü söz ustalarının iştirakı ilə keçirilən təqdimatı da dediklərimin təzahürüdür”.

    Gürcüstan Rustaveli Cəmiyyətinin prezidenti, şair David Şemokmedeli qeyd edib: “Ədəbi nəsil kimi xoşbəxtik ki, bu cür yüksək səviyyəli ədəbi əlaqələrin canlı şahidləriyik. Bu heç də bütün qonşu millətlərə nəsib olan xoşbəxtlik deyil. Mən Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rəhbəri Afaq xanım Məsuda öz minnətdarlığımı bildirirəm. Bir də ona görə minnətdaram ki, Mərkəz mənim “Astananın iki üzü” adlı şeirlər kitabımı da Azərbaycan dilində nəşr etdirdi və çoxsaylı Azərbaycan oxucusuna çatdırdı. Düşünürəm ki, bizim çox xalqlara örnək ola biləcək ədəbi əlaqələrimiz əbədidir”.

    Azərbaycan xalqına, onun keçdiyi tarixi yola çox böyük hörmət göstərdiyini vurğulayan dramaturq Quram Batiaşvili bildirib: “Qürur hissi ilə deyə bilərik ki, əsrlər boyu biz mehriban qonşuluq şəraitində yaşamışıq, aramızda heç vaxt münaqişə və ya qarşıdurma olmayıb. Həmişə bir-birimizi anlamışıq və bu cür ədəbi-mədəni mübadilələrlə ruhumuzu zənginləşdirmişik”.

    “Merani” nəşriyyatının direktoru Manana Qorqiladze söyləyib: “Bizim tərcümə ədəbiyyatımızı İsa Muğannanın belə bir maraqlı kitabı ilə zənginləşdirdiyinə görə Azərbaycan Dövlət Tərcümə Mərkəzinə təşəkkürümü bildirirəm. Əminəm ki, gələcəkdə də Azərbaycan dilindən gürcü dilinə, gürcü dilindən Azərbaycan dilinə tərcümə ediləcək bir çox maraqlı kitabların təqdimatlarının şahidi olacağıq”.

    Sonra yazıçı Vano Çxikvadze, şair Badri Kutateladze, Gürcüstan Rustaveli cəmiyyətinin təhsil komitəsinin sədri, professor Qiorqi Qoqolaşvili, “Sivil Gürcüstan Yolu” İctimai Hərəkatının sədri, siyasi xadim Temur Şaşiaşvili, rəssam və nasir Revaz Adamia, siyasətçi, deputat Zviad Kvaçantiradze, şair-publisist Tamar Qabodze Azərbaycan-Gürcüstan ədəbi əlaqələri, təqdim olunan kitablar haqqında fikirlərini bölüşüblər.

    Tədbirin bədii hissəsində Gürcüstanın Əməkdar artisti Paliko Nozadzenin ifasında David Şemokmedelinin tədbirdə təqdim olunan “Astananın iki üzü” kitabındakı hekayə və şeirlər əsasında hazırlanmış monotamaşa təqdim olunub.

    Mənbə: https://azertag.az/

  • “Rakurs”un növbəti nömrəsində…

    Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb.

    AKİ-dən AZƏRTAC-a verilən məlumata görə, 2023-cü ilin yanvar, fevral, mart aylarında görülən işlərin hesabatının yer aldığı rüblük informasiya bülleteninin bu nömrəsində, eyni zamanda, ölkəmizdə kino sahəsində görülən işlərdən də bəhs olunub.

    Azərbaycanda gedən kino prosesinin xronikasını izləmək məqsədilə nəşr edilən, əlamətdar kino hadisələrini xatırlatmaq üçün nəzərdə tutulan bülletenin budəfəki nömrəsində görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Fəxri xiyabanda məzarüstü abidəsinin açılışı, Beynəlxalq Muğam Mərkəzində keçirilən anım mərasimləri yer alıb. Bundan başqa, çəkiliş meydançalarına, festival və müsabiqələrə, yubilyar filmlərə, yubileyi olan sənətkarlar haqqında olan məqalələrə və dünyasını dəyişmiş sənətkarların nekroloquna yer verilib.

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə (ADMİU) əməkdaşlıq çərçivəsində operator, Əməkdar incəsənət xadimi Rafiq Quliyevin uzun illərin təcrübəsindən bəhrələnərək kinoya dair yazdığı “Vizual informasiya daşıyıcıları və işığahəssas materiallar” dərsliyinin işıq üzü görməsi, eyni vaxtda ittifaqın maliyyə dəstəyilə AKİ İdarə Heyətinin üzvü, sənətşünas Nadir Bədəlovun “Kino gözlə söz arasında” kitabının nəşr olunması haqqında məlumat da bülletendə öz əksini tapıb.

    İnformasiya bülletenində həmçinin Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino məktəbinin ikinci buraxılış məzunlarına diplomların təqdim edilməsi, gənc kinematoqrafçıların mükafatlandırılması, filmlərin nümayişləri, dünyasını dəyişmiş kinematoqrafçıların yubiley məqalələri, yaradıcılıq gecələri, tədbirlər də işıqlandırılıb.

    Vətən müharibəsinə həsr olunmuş filmin çəkilişinin də yer aldığı bülletendə, eyni zamanda bu ilin oktyabr ayında Şuşa şəhərində keçiriləcək “Qorqud Ata Türk Dünyası” film festivalı, II “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı və Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalına sənəd qəbulunun elan olunması və s. məqamlar da qeyd olunub.

    Xatırladaq ki, kino tədqiqatçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ideyası və təşəbbüsü ilə çap edilir. Əsas məqsəd, bu təşəbbüsün ittifaqın gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşıması ilə yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarətdir.

    Mənbə: https://azertag.az/

  • Xətai Sənət Mərkəzində növbəti sərgi – “Türküstan nağılı”

    Mayın 3-də Xətai Sənət Mərkəzində rəssam Afaq Həbi və tələbələrinin əsərlərindən ibarət sərgi açılacaq.

    Bu barədə AZƏRTAC-a sənət mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.

    “Türküstan nağılı” adlı sərgi bir neçə gün ziyarətçilər üçün açıq qalacaq.

    Sərgidə 30-dan çox sənət əsərinin nümayişi nəzərdə tutulur.

    Mənbə: https://azertag.az/

  • Vüsalə VƏTƏNXAN MEHRİ.Yeni şeirlər (II hissə)

    ***
    (Şəhid Şəhriyar Əsgərovun xatirəsinə)

    Bu gün göyərçinin qanadlarında,
    Yüksələn ruhuma baxır vətənim.
    Üç rəngli bayrağın ayparasında,
    Şəhidlik rəmzini taxır vətənim.

    Anam nalə çəkib diz çökən anda,
    Tutun qollarından, qaldırın onu.
    Mənsiz bükülməyə izn verməyin,
    Şəhriyar oğlutək qoruyun onu.

    Vətənə qanımı halal etmişəm,
    Bu haq belə asan verilməz ələ.
    Qalmasın düşməndə bu pak torpağım,
    Yoxsa yaralarım ağrayar hələ.

    Allaha əmanət qoyub sizləri,
    Əbədi cənnətə yol alıram mən.
    Azadlıq uğrunda savaşan varsa,
    “Şəhidlər ruhutək” yaşayar vətən.

    ***
    (Şəhid İlqar Bürcəliyevin xatirəsinə)
    Bu gün doğum günün imiş,
    Ey qəhrəman şəhid, İlqar.
    Gəncliyinə vəda etdi,
    Torpağa döndü arzular.
    Vətən qucaq açdı sənə,
    Sən vətənə qucaq açdın.
    Şəhidliyin zirvəsindən,
    Torpağa nurunu saçdın.
    Gözlərində işıldayan,
    Günəş sönən deyil, oğul.
    Bizi daim yaşadacaq,
    Həyat eşqindi bil, oğul.
    Səmalara ucaltmısan,
    Sən bu vətən bayrağını.
    Qanın ilə tarix yazıb,
    Öpdün vətən torpağını.

  • Vüsalə VƏTƏNXAN MEHRİ.Yeni şeirlər (I hissə)

    ***
    XOCALIM

    Susun, sakit durun!
    Dünyanın dərinliyindən bir səs gəlir, körpə səsi,
    Boğur insanlığı, qopur göylərdəki ah-naləsi.
    Duyun, ölmüş vicdanların qətl etdiyi məzlum kəsi,
    Vermiş həyat bətnindəki doğulmamış son nəfəsi.

    Susun, sakit durun!
    Günəştək qalxsa da erkən, bu erkən yatma dünyası,
    Mənafe uğruna neyçün tükənməz qanlı dəryası?
    Ürəklər ürpədən fəryadı duymaq gec, nə faydası?
    Bəşər dönmüş müqəvvaya? Nədəndir yoxdur ehsası?

    Susun, sakit durun!
    Bədənlər sağ ikən yandı, Xocalım yandığı gündən,
    Nə eybi gördülər əfsus, fəqətdir güldülər gendən,
    Susun! Əlbət bu səssizlik çıxardar sizləri dindən!
    Həqiqət olduğu yerdə susan varsa, odur düşmən.

    Susun, yox, susmayın bir də!
    Dönüb dəryatək axdıqca bilin ki, qan tutar aləm,
    Duyunca körpə fəryadın İlahi dillənər hər dəm,
    Daha susma, daha susma, insan oğlu deyil əbsəm,
    Mən insanlıq mayasından zühur etmiş həmin sidqəm!

    ***
    ƏSGƏR QARDAŞIMA

    Qardaş, əsgərliyin mübarək olsun!
    Bu vətən torpağı sənə əmanət.
    Biz, ana-bacını qorumaq üçün,
    Düşmənlə üz-üzə gələrsən əlbət!
    Qardaş, əsgərliyin mübarək olsun!
    Qolumu göndərim, yenə güc olum,
    Dizimi göndərim taqətin üçün,
    Özümü göndərim, sənə güc olum.
    Qardaş, əsgərliyin mübarək olsun!
    Darıxma, özümtək yaxınam sənə.
    Bu il yuxusuzsan, bilirəm necə,
    Çünki öz gözümtək yaxınam sənə.
    Qardaş, əsgərliyin mübarək olsun!
    Təki sağ-salamat qayıt evinə!
    Sənin bir Allahın, bir də vətənin,
    Bir də ana-bacın sənə pərvanə.
    Qardaş, əsgərliyin mübarək olsun!
    Səninlə fəxr edir yerlə göy inan!
    Bu yolda müqəddəs xidmətin üçün,
    Baş əyir vətəni sevənlər hər an.
    Qardaş, əsgərliyin mübarək olsun!
    Qoru sən özünü, anana xatir.
    Gözü həsrət çəkən bacına xatir,
    Anatək ürəyi yanana xatir!
    Qardaş, əsgərliyin mübarək olsun!
    Allah pənahında saxlasın səni.
    Yolunu gözlərik, sağ-salamat gəl,
    Anan doya-doya qoxlasın səni!

  • “Ulu öndərlə muzeydə keçirdiyimiz 2 saatlıq görüş ömürlük yaddaşıma yazıldı” – Lütviyyə Əsgərzadə ilə müsahibə – FOTOLAR

    – Lütviyyə xanım, Ümummilli lider Heydər Əliyevin 100 illiyini yaşadığımız bir zamanda onunla bağlı xatirələri olan ziyalılarla söhbət etməyi düşünürük. Belə şəxslərdən biri sizsiniz. Bilirik ki, Naxçıvanda Heydər Əliyev muzeyində çalışdığınız illəri ömrünüzün ən əziz və şərəfli dövrü hesab edirsiniz.

    – Söhbətimizə dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin Moskvadan Bakıya, Bakıdan isə Naxçıvana gəldiyi həm çətin və məşəqqətli, həm də xoş günlərdən başlamaq istəyirəm. Həmin kəşməkəşli günlərdə 1990-cı il iyulun 22-də, ümummilli lider Heydər Əliyevin Moskvadan doğulub-böyüdüyü Naxçıvana, ağır vəziyyətdə olan vətəninə qayıdışı xalqın qurtuluşu oldu. Hamı ulu öndəri görmək üçün Naxçıvan şəhərinin mərkəzinə, “Tribuna” deyilən baş meydana axın etdi. Bu görüşdəki 30 min insanın içərisində anamla bərabər bütün ailəmiz də vardı. “Unudulmuş tənha ada”ya bənzədilən Naxçıvan artıq tək deyildi. Xalqın qəhrəman oğlu burada idi. Moskvadan vətənə qayıdan Heydər Əliyevin gəlişi ağır blokada şəraitində olan Naxçıvana yeni ruh gətirdi, insanlarda stimul yaratdı. Naxçıvanlılar bu böyük şəxsiyyətin ətrafında sıx birləşdi. Ulu öndərin bu illərdə döyüşlərin getdiyi Sədərəkdə dəfələrlə olması xalqla birliyi, insanların inam hissini gücləndirdi.

    Ulu öndər Naxçıvanda təkcə Muxtar Respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu. Bütün naxçıvanlılar həmin illər Naxçıvanda dövlət müstəqilliyimizin bərpası istiqamətində taleyüklü qərarların; “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası”nın adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması, onun “Naxçıvan Muxtar Respublikası”, eyni zamanda Naxçıvan MR Ali Sovetini Ali Məclis adlandırılması (17 noyabr 1990), “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunun qəbul edilməsi (5 fevral 1991) və bu qanunla üçrəngli bayrağımızın yenidən respublikanın Dövlət bayrağı elan edilməsini, “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsinin işlənib hazırlanması və qərarın məhz Heydər Əliyevin siyasi nüfuzu nəticəsində qəbul olunmasını, “Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında” qərarın (16 dekabr 1991) və s. hansı çətin şəraitdə və necə qəbul olunduğuna şahidlik etdi. Ümummilli liderin ilk gündən atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən qurtardı.

    Tarixi günlərin şahidi kimi deyə bilərik ki, xalqımızı bəlalardan qoruyan, işıqlı gələcəyini təmin edən ümummilli lider Heydər Əliyev, böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan, bütün həyatını Vətəninə, xalqına xidmətə həsr edən, ölkəmizin, eyni zamanda doğulduğu Naxçıvanın inkişafı və yüksəlişi üçün var qüvvəsi ilə xidmət edən fenomen şəxsiyyətdir.

    – Bəs sizin Heydər Əliyev muzeyinə gəlişiniz necə reallaşdı?

    – Əbu Turxan yazır ki, “Bəzən sən yolu seçirsən, bəzən də yol səni.” Taleyimə yazılan yol məni Naxçıvanda yenicə yaradılmış Heydər Əliyev muzeyinə gətirdi. Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi, birbaşa şahidi olduğumuz dövrdə, bir az əvvəl sadaladığım, dövlət əhəmiyyətli, eyni zamanda taleyüklü qərar və sərəncamların, sənəd və materialların, imzaladığı məktubların, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətlərinin, ümummilli lider Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, foto şəkillər, müxtəlif illərdə təqdim olunan dövlət təltiflərinin surətlərinin, ulu öndərin 80, 85 və 90 illik yubileyləri şərəfinə buraxılmış marka və medallar, xatirə əşyalarının yer aldığı, həmçinin 1990-cı il noyabrın 17-də Naxçıvanda qəbul edilən dövlət bayrağının saxlandığı muzeydə çalışmaq xoşbəxtliyi nəsib oldu.

    – Nə zaman yaradıldı Heydər Əliyev muzeyi?

    – Muzey Ümummilli lider Heydər Əliyevin hələ sağlığında ölkəmizdə yaradılmış ilk muzeydir. Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən muzey 1999-cu il mayın 10-dan, yəni Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günündən fəaliyyətə başlamışdı. Qeyd edim ki, ümummilli liderin həyatı, ictimai-siyasi, dövlətçilik fəaliyyətini əks etdirən muzeyin yaradılması və fəaliyyəti Muxtar respublikamızın həyatında, onun gələcək quruculuq və inkişafında çox mühüm yol göstəricisidir. Naxçıvanda yaradılan Heydər Əliyev Muzeyi Naxçıvanın ən ağır blokada vəziyyətində olduğu illərdə naxçıvanlılarla birlik nümayiş etdirən və xilaskarlıq missiyasını yerinə yetirən Böyük Azərbaycanlıya, dahi şəxsiyyətə xalq tərəfindən minnətdarlıq duyğusunun ifadəsidir.

    Muzeydə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar, film və qəzet materiallarından ibarət kitabxana yaradılmışdır. İlk öncə muzeydə ekskursovood kimi faaliyyətə başladığımdan (19 may 1999-cu il) bütün materiallarla yaxından tanış idim. Muzeyə gələn qonaqlara burada nümayiş etdirilən fotolar, stendlərdə qorunan qərarlar haqqında məlumat vermək mənim üçün həm məsuliyyət, həm də şərəf idi. Az sonra, 1 aprel 2000-ci il tarixindən Heydər Əliyev muzeyində direktor kimi fəaliyyətimə davam etdim. Muzeyə gələn qonaqların sayı-hesabı yox idi. Respublikaya gələn qonaqlar; səfirlər, millət vəkilləri, nazirlər, xarici qonaqlar, jurnalistlər və b. böyük bir maraqla muzeyi ziyarət edir, yüksək fikir bildirirdilər.

    – Heydər Əliyevin özü muzeyə nə zaman gəldi, hansı duyğular içində ora təşrif buyurdu?

    – Muzeyin ən yaddaqalan, unudulmaz günü Naxçıvan MR 75-illik yubileyi münasibəti ilə keçirilən bayram şənliklərində iştirak etmək üçün Naxçıvana gələn Ümummilli lider Heydər Əliyevin 1999-cu il oktyabrın 13-də muzeyə gəlməsi, ekspozisiya ilə tanış olması idi. Sevincimizin həddi-hüdudu yox idi. Böyük həyəcan içərisində idik. Səhər iş vaxtından da əvvəl işə gəlmişdik. Heydər Əliyevi çoxlu sayda dövlət işçiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri müşaiyət etsə də, Ümummilli lider öz muzeyinə bir neçə şəxslə daxil oldu. Biz tapşırıq verildiyi kimi, stendlərin yanında durmuşduq. Heydər Əliyev muzeyə daxil olan kimi, dedi: “Siz niyə orada dayanmısınız? Buraya gəlin.” Böyük bir sevinclə ona yaxınlaşdıq. Bizimlə görüşdü. Sonra Ümummilli lider muzeyi ziyarətə başladı. Ulu öndər özü muzeydəki şəkil və qərarlar haqqında böyük bir şövqlə məlumat verməyə başladı. Muzeyin girişindəki ailə fotosunun qarşısında dayandı: “Bu atam Əlirza Əliyev, bu isə anam İzzət xanımdır. Hər kəsi bir-bir adı ilə təqdim edən ulu öndər birdən dedi: “Bu da bizim yaxın qonşumuz olub, Xurşud xanımdır.” Ümummilli lider verdiyi məlumatlarla yanaşı, bizə tövsiyələr verirdi. O günü əbədiləşdirən çoxlu şəkillər çəkildi. Heydər Əliyev böyük şəxsiyyət olmaqla yanaşı, həm də çox səmimi insan idi. O gün həyatımızın ən yaddaqalan, unudulmaz günü oldu, deyə bilərəm. Doğrudur, sonralar da qatıldığım qurultaylarda (YAP II qurultayı-20-22 noyabr 2001-ci il və 2003-cü ildə keçirilən Azərbaycan Qadınlarının II qurultayı), müşavirələrdə, sessiyalarda bu böyük şəxsiyyəti görmək, çıxışlarını, tövsiyələrini dinləmək şərəfinə nail oldum. Lakin Ulu Öndərlə muzeydə keçirdiyimiz 2 saatlıq görüş ömürlük yaddaşıma yazıldı.

    Həmin günün axşamı Naxçıvan incəsənət ustalarının iştiraki ilə keçirilən böyük bayram konsertində iştirak etdik. Dahi insanın çıxışını dinlədik. Bu görüşün, Ümummilli liderin müzeyi ziyarət etdiyi günün təəssüratı ilə mən Heydər Əliyevə 3 şeir həsr etdim. Bir haşiyə çıxmaq istəyirəm. O zaman həm Azərbaycanın televiziya kanalları, həm də Naxçıvan televiziyası tez-tez verilişlərini birbaşa muzeydə çəkirdi. Bir gün muzeyə bir nəfər gəldi. Dedi ki, “Lütviyyə xanım, mən sizi “Şərq qapısı” qəzetinə verdiyiniz; “Siz mənə ismətli qadınlar verin, mən sizə gələcəyi bəxş edim” başlıqlı müsahibənizdən tanıyıram”. Məlum oldu ki, bu şəxs MR Ali Məclisinin deputatı, “Qeyrət” nəşriyyatının direktoru, eyni zamanda NDPU-nin müəllimi mərhum Vaqif Məmmədovdur. Sonradan bu adam mənim “Dünya başdan-başa nağılmış demə” adlı ilk kitabıma ön söz də yazdı. Söhbət zamanı məlum oldu ki, Vaqif müəllimin muzeyə gəlməkdə məqsədi “Çinar ömrü” adlı verilişin çəkilişi ilə əlaqədardır. Müsahibəmdən mənim də yaradıcılıqla məşğul olduğumdan xəbərdar olan Vaqif müəllim Heydər Əliyev muzeyində çəkiləcək “Çinar ömrü” adlı verilişə məni də dəvət etdi. Həmin verilişdə mənim Heydər Əliyevə yazdığım şeirlərə də toxunuldu. Qeyd etdim ki, o şeirləri yazmaq üçün məqamı yaşamaq lazım imiş. Ümummilli lideri yaxından görmək, o böyük şəxsiyyətin tövsiyələrini dinləmək, ondakı böyük səmimiyyətə heyran olmaqdan keçirmiş şeirin yaranma prosesi. Yazdığım 3 şeirin birinə Naxçıvan MR Əməkdar İncəsənət xadimi Şəmsəddin Qasımov musiqi bəstələdi. Mahnı Ümummilli liderin 80 illik yubileyində xor tərəfindən ifa olundu. Elə həmin ildə keçirilən “Heydər Əliyev siyasəti, Heydər Əliyev müdrikliyi” müsabiqəsinin qaliblərindən biri odum. Ulu öndərin 80 illik yubileyinə həsr olunan müsabiqədə isə “Ən yaxşı analitik yazılar üçün” ayrılan mükafata layiq görüldüm.

    – Heydər Əliyevin Naxçıvana sonrakı səfərlərində də görüşünüz baş tutmuşdumu?

    – Bəli. Məsələn, Heydər Əliyevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialında kursantlarla görüşündə, Şəhidlər Xiyabanını ziyarətində, Bəhruz Kəngərlinin ev muzeyinin açılışında mən də iştirak edirdim. Tədbir iştirakçısı kimi Ümummilli lideri yenidən yaxından görmək şərəfinə nail olurdum. Belə tədbirlərdən biri də18 iyun 2002-ci il Naxçıvan MR Ali Məclisində Muxtar Respublikanin Dövlət hakimiyyəti orqanlarinin nümayəndələri ilə keçirilən müşavirə oldu. Müşavirədə Ulu Öndər geniş nitq söyləyərək Naxçıvana gəldiyi ağır günləri xatırladı, ona göstərilən sevgi və qayğıdan vəfadarlıqla söz açdı. Həmçinin özünün Naxçıvanda həyata keçirdiyi mühüm işlərə işıq saldı. Bir məsələni qeyd edim ki, bu müdrik insan Azərbaycanda ikinci hakimiyyəti dövründə Naxçıvan Muxtar Respublikasında görülən genişmiqyaslı işləri daim dəstəkləmişdir. Burada aparılan kompleks quruculuq işləri ilə yaxından tanış olmaq, bir sıra sosial, ictimai obyektlərin açılışında iştirak etmək üçün 4 dəfə Naxçıvan Muxtar Respublikasına səfər etmişdir ki, bu səfərlərin üçünün yaxından şahidiyəm. Mən onun tərcümeyi-halının ləyaqətli səhifələrini muzeydə meydanda olan tarixi, əyani sənədlərdən öyrənmişəm daha çox. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarət olan, zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılan muzeydə çalışmaq, hər gün dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiya zalında gəzmək, ekskursiya keçmək, gələn qonaqları qarşılamaq, ulu öndərin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, Muxtar Respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü əks olunan zəngin materialları vərəqləmək xoşbəxtliyi hər adama qismət olmur.

    – Bu günün prizmasından baxanda Heydər Əliyevin idealları hansı mənəvi-siyasi əhəmiyyət daşıyır?

    – Bu suala ən dəqiq cavabı ölkə başçısı verib. Çıxışlarının birində vurğulayıb ki, 1990-cı illərin ağır, çətin, bəzi hallarda ümidsiz hesab edilən reallıqları ilə müasir Azərbaycan dövlətinin dünyadakı bugünkü yerinin müqayisəsi ulu öndərin Azərbaycan dövləti qarşısında xidmətlərinin miqyasını və xalqımızın təhtəlşüurunda özünə dərin iz buraxmış dahi obrazını daha aydın görməyə imkan yaradır. Zaman su kimi axıb gedir. Bu axıb gedən zamanın içərisində insan, insanın ömrü də zamana qarışaraq sanki yoxa çıxır. Xilaskarlar isə gəlir, zamana hökm edir, tarix yazır və tarixə yazılır.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Ulu öndər öz müəllimlərinin xatirəsini həmişə uca tuturdu

    Azərbaycanın dövlətçilik tarixinə adını qızıl hərflərlə yazan dünya şöhrətli siyasətçi, Ümummilli lider Heydər Əliyev dövlət quruculuğu prosesində, xüsusən də gənc nəslin yetişdirilməsində müəllimləri özünün “əsl silahdaşları” kimi dəyərləndirirdi. Ulu öndər Azərbaycan Müəllimlərinin XI qurultayındakı (1998) nitqində demişdir: “Doğrudur, siz məni də müəllim hesab edirsiniz. Burada müəyyən əsas var. Siz mənim təhsilimə əsaslanaraq bunu deyirsiniz… Mən 1939-cu ildə Naxçıvanda Pedaqoji Texnikumu bitirmişəm. Naxçıvan Pedaqoji Texnikumu məhz həmin dövrdə müəllim çatışmazlığına, ibtidai siniflərə, hətta orta məktəblərin 7-8-ci siniflərinə qədər dərs demək üçün müəllim olmadığına görə müəllim kadrları hazırlayırdı. Mən isə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Pedaqoji Texnikuma daxil oldum. Məqsədim də o idi ki, müəllim olmaq, müəllim işləmək və ailəmə kömək etmək istəyirdim… Pedaqoji Texnikumun sonuncu kursunda bizə pedaqoji təcrübə dərsi verirdilər. Biz həftədə 2-3 dəfə gedib məktəblərin 2-ci, 3-cü, 4-cü siniflərində dərs deyirdik. Ona görə də mənim o vaxtdan dərs vermək təcrübəm olubdur…”.

    Heydər Əliyevin dərsləri dövlət qurmaq, dövləti qoruyub saxlamaq, siyasi uzaqgörənliklə hərbi-siyasi çevrilişlərin qarşısını almaq, müstəqilliyi qorumaq, dövlət və vətəndaş birliyi yaratmaq, dövlət idarəçiliyi idi. Onun nəzəri görüşlərində təhsil, məktəb və müəllim, xüsusilə orta məktəb müəllimləri haqqında söylədiyi dəyərli fikirlər bütün zamanlar üçün aktuallıq kəsb edir: “İnsan təhsilinin əsasını orta məktəbdə alır… Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, cəmiyyətimizin şüurlu üzvü olacaqdır”.  Həqiqətən də, fundamental təhsilin əsası, özülü orta təhsil məktəblərində qoyulur. Bu səbəbdən orta məktəblərdə dərs deyən müəllimlər hər zaman hörmət və etiramla xatırlanır.

    Yazımızda Ümummilli liderin hər zaman hörmət və məhəbbətlə yad etdiyi orta məktəb müəllimlərindən biri, dahi şair-dramaturq Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd Rasizadədən (1878-1939) bəhs etmək istəyirik. Naxçıvanda orta məktəbdə oxuduğu illəri, müəllimlərini həmişə hörmət və ehtiramla xatırlayan Heydər Əliyev 2 sentyabr 1996-cı ildə Bakının Nərimanov rayonunda yeni orta ümumtəhsil məktəbinin açılış mərasimindəki nitqində demişdir: “Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək. Müəllimlərimin hamısı yadımdadır. Hansı binada, hansı sinif otağında dərs keçməyimizi, hansı parta arxasında oturduğumu da yaxşı xatırlayıram. Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumağım mənim üçün çətin olmayıb. Əksinə, burada olduğu kimi, tələbələr arasında da seçilmişəm… İndiyə qədər həyatımda keçdiyim yol mənim biliyim, elmim – hamısı məhz orta məktəbdə aldığım təhsillə bağlıdır, müəllimlərin mənə verdiyi biliklərlə bağlıdır, müəllimlərin mənə və o illərdə oxuyan mənim kimi gənclərə göstərdikləri qayğıkeşliklə bağlıdır, eyni zamanda mənim kimi bizim də, xüsusən mənim müəllimə böyük hörmətimlə, ehtiramımla bağlıdır. Mən indi də – on illər keçib üstündən – müəllimlərimi heç vaxt unutmamışam və ömrümün son dəqiqəsinə qədər unutmayacağam. Mənim üçün müəllim adı həmişə ən ülvi, ən şərəfli bir məfhum olubdur. Mən bu gün müəllim qarşısında baş əyirəm, müəllimə hörmət və ehtiramımı bildirir, Azərbaycan müəllimlərinə bundan sonra da öz işlərində uğurlar arzulayır, cansağlığı və səadət diləyirəm”.

    12 oktyabr 1999-cu ildə Naxçıvan MR-in təşkil olunmasının 75 illiyinə həsr edilmiş təntənəli yubiley iclasındakı nitqində Nахçıvаnda dərs aldığı müəllimlə­rini xatırlayan Heydər Əliyev deyirdi: “О dövrdə aldığım təhsil gələcək həyatımın bütün mərhələlərin­də mənə yardım edibdir… Nахçıvаn məktəbində müəl­limlə­rimin mənə verdiyi dərslər, о cümlədən bаşqаlаrı ilə bərabər аnа dili, ədəbiyyat dərsləri mənim bugünkü dilimin əsasını təşkil edir. Оnа görə mən öz müəllimlərimi həmişə хаtırlаyırаm…”.

    Ümumiyyətlə, müəllimlər hər bir insanın həyatında silinməz izlər buraxır. Heydər Əliyevin etiramla xatırladığı “yadda qalan”, “əziz adamlar”dan, dəyərli müəllimlərindən biri də orta məktəbdə ona dərs deyən, 1906-cı ildən ömrünü müqəddəs müəllimlik peşəsinə həsr edən maarifpərvər Şeyx Məhəmməd Rasizadədir.

    Naxçıvan mühitinin mötəbər şəxsiyyətlərindən olan “Çətin şəraitdə ədəbiyyatın, mədəniyyətin, savadın yüksəlişinə xidmət edən Şeyx Məhəmməd Rasizadənin Naxçıvanda maarifin və pedaqoji kadrların ilk dəstəsinin hazırlanmasında xidmətləri əvəzsizdir. Bütün tələbələrinə ürəkdən bağlanan, onlara elmin yollarında məşəl olan, insanları maarifə, mədəniyyətə, elmə, təhsilə səsləyən, elmli, “ciddi”, “ötkəm”, ciddi olduğu qədər də tələbələrinə qarşı diqqətli olan bu mötəbər insan dərs dediyi insanların, başda Ümummilli lider Heydər Əliyev olmaqla, akademiklər Yusuf Məmmədəliyev, Məmmədcəfər Cəfərov, Həsən Əliyev və Abbas Zamanov, Lətif Hüseynzadənin yaddaşında əbədilik qazanıb. Şeyxin “uşaq ikən dördüncü-beşinci siniflərdə müəllimi olan tələbələrindən dünya şöhrətli siyasi lider Heydər Əliyev müəllimliyin və müəllimin cəmiyyətdəki yerini yüksək dəyərləndirmişdir. Vaxtilə dərs dediyi dünya şöhrətli siyasətçinin uzun illər sonra müəllimi Şeyx Məhəmməd Rasizadə haqqında dediyi sözlər Şeyxin “həqiqi müəllimliyi” və cəmiyyət üçün necə dəyərli olduğunun təsdiqi kimi çox əhəmiyyətlidir: “O, mən uşaq ikən dördüncü-beşinci siniflərdə müəllimim olub. Xatirimdədir, çox ciddi müəllim idi. Bizi yaman sıxışdırardı. Amma dili də çox yaxşı öyrədirdi”.

    Şeyx Məhəmmədin pedaqoji fəaliyyəti XX əsrin mürəkkəb və ziddiyyətli dövrünü əhatə edir. 1920-ci illərin bütün cəmiyyəti ağuşuna aldığı ziddiyyətli və mürəkkəb inkişaf prosesləri, təhsil ocağına da təsirsiz qalmamış, inqilabdan sonrakı illərdə bütün sahələrdə olduğu kimi, təhsil və maarif sistemində də  keçmişlə əlaqəni kəsmək, təhsili “yenidən və bolşevikcəsinə” qurmaq məqsədilə ciddi iş aparılmağa başlamış, “keçmişlə qarşılıqlı əlaqəni pozmaq, ona hakimlik etmək, onu müasir şəraitə süni şəkildə “uyğunlaşdırmaqla” məşğul olmaq kimi yol verilməz hallar baş qaldırmışdı. Tədris planı və proqramlarının tez-tez dəyişilməsi və məcburi olmaması tədrisin keyfiyyətini xeyli aşağı salmışdı. Çətin şəraitdə, dərslik və tədris vəsaitlərinin yox dərəcəsində olduğu bir zamanda fəaliyyətə başlayan, Şeyx Məhəmmədin də dərs dediyi Naxçıvan Pedaqoji Texnikumu təlim-tərbiyə işlərində də bir sıra çətinliklərlə üzləşmişdi. Bu zaman “texnikumun ədəbiyyat müəllimləri etirazlarını bildirmişlər. M.Rasizadə və Qəzənfər Hacılının “Türkcə dərslərin gedişi” adlı yazısından məlum olur ki, dördüncü sinifdə oxuyan uşaqlar bütün təhsil müddəti ərzində üç proqram əsasında dərs keçməli olmuşlar. Məktəbin dil-ədəbiyyat müəllimləri M.Rasizadə və Q.Hacılı bu məsələdə də o dövrün görkəmli pedaqoqlarının mövqeyini müdafiə etmiş, fikir bildirmişdi: “Həmin proqramın naqis tərəfi ondadır ki, ancaq osmanlı şivəsində vücuda gələn türk ədəbiyyatı ilə Azərbaycan türkcəsində olan ədəbi parçalar” saxlanmışdır. Adı keçən məqalədə müəllimlərin ədəbiyyat fənninin tədrisinin yaxşılaşdırılması haqqında təklifləri də yer almışdı. Dil dərslərinin keçirilməməsindən narahat olan M.Rasizadə və Q.Hacılının verdiyi təkliflər onların pedaqoji biliyi və səriştəsi ilə seçilən, pedaqoji yenilikləri izləyən və bu yenilikləri saf-çürük etməyi bacaran bir pedaqoq olduqlarının təsdiqidir. Fikrimizcə, müəllimi olduğu Ümummilli lider Heydər Əliyevin 12 oktyabr 1999-cu ildə Naxçıvan MR-in təşkil olunmasının 75 illiyinə həsr edilmiş təntənəli yubiley iclasındakı nitqində dediyi: “Nахçıvаn məktəbində müəl­limlə­rimin mənə vеrdiyi dərslər, о cümlədən bаşqаlаrı ilə bərаbər аnа dili, ədəbiyyаt dərsləri mənim bugünkü dilimin əsasını təşkil edir. Оnа görə mən öz müəllimlərimi həmişə хаtırlаyırаm”, – sözlərindən ən böyük pay müəllimi M.Rasizadəyə düşür.

    Şeyx Məhəmmədin ötkəm müəllimlik bacarığı haqda tutarlı fikirləri 1996-cı ilin oktyabrında Naxçıvanda Cavid məqbərəsinin açılışı zamanı Heydər Əliyevdən eşidən akademik Rafael Hüseynov o günlərdə dahi siyasətçidən maraqlı bir xatirə eşitdiyini yazır: “Həmin uzaq 1930-cu illərin əvvəllərində səhər dərsə gedəndə yola düşmüş bir kitab görür. Əvvəli və sonu olmayan bu yarıcırıq kitabı maraqla vərəqləyən uşaq birdən arxadan tanış səs eşidir. Elə onun kimi məktəbə gedən istəkli müəllimi Şeyx Məhəmmədin səsini. Şeyx Məhəmməd də bu kitabı alıb baxır. Hansısa yazıçının ruscadan tərcümə edilmiş hekayəsiymiş. Və təcrübəli müəllim dərhal sevimli şagirdinə tapşırıq verir: “Sabah inşa yazımız var. Bu yarımçıq hekayəni oxu. Əvvəli-axırı yoxdur. Hadisələrin məntiqinə uyğun olaraq başlanğıcını və sonunu inşanda bərpa elə”. Məktəbli Heydər Əliyev ertəsi gün həmin inşanı yazır, əvvəli və sonu olmayan hekayəni məntiqi sapa düzərək tamamlayır, bütövləşdirir və “əla” qiymət alır. Millət və Dövlət İnşasından da qiyməti “Əla” olan Heydər Əliyevə o biri “əla”nı şagirdinə qırmızı qələmiylə əziz müəllimi, Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd yazmışdı”.

    Tələbəsinin vurğuladığı kimi, ən çətin şəraitdə ədəbiyyatın, mədəniyyətin, savadın yüksəlişinə xidmət edən Şeyx Məhəmməd “insanlara xidmət etmək, elm, təhsil vermək, öyrəndiklərini öyrətmək, insanları maarifləndirmək naminə müəllimliyə başlamışdı və mükəmməl müəllimlərdən idi. Həm də xeyirxah bir insan olan Şeyx Məhəmməd tələbələrinə yalnız dərs verməklə kifayətlənməyib, onlara diqqət, qayğı və doğru yol göstərib. Hər bir yetirməsinin uğuruna öz balalarının uğuru kimi sevinən Şeyx Məhəmməd həm də qızların oxumasının, maariflənməsinin tərəfdarı olub, dərs dediyi tələbə qızların oxumasında elmə, sənətə yönəlməsində müstəsna xidmətlər göstərib. Şeyxin dərs dediyi xanımlardan Zəroş Həmzəyeva Xalq artisti, Şəmsinur həkim, Zərqələm müəllim adını qazanıb.

    Şair Abbas Səhhət yazırdı: “Məsləkim tərcümeyi-halımdır, Lütfi-həq qayeyi-amalımdır”.  Dərin elmi biliyə, zəngin pedaqoji təcrübəyə malik olan M.Rasizadənin də məsləyi, amalı “öyrənmək” və “öyrətmək” idi. O, dünya şöhrətli tələbəsi Heydər Əliyevin yaddaşında əbədilik yaşayan xoşbəxt insanlardandır. Əbədilik qazanmaq, xidmət etdiyi missiya ilə tarixdə yaşamaq haqqı qazanmaq insanın öz əlindədir. Bizdən sonra çox şey dəyişdirilə bilər, lakin insanların yaddaşındakı xatirələri dəyişdirməyə, yenidən pozub yazmağa kimsənin gücü çatmaz. Hər kəs ünsiyyətdə olduğu insanların qəlbinə necə nüfuz edibsə, elə  xatırlanır. Dünyasını dəyişmiş hörmətli şəxs haqqında işlədilən evfemistik bir ifadə var: əbədi və ya əbədilik. Ümummilli lider Heydər Əliyev və orta məktəbdə ona dərs deyən maarif xadimi, elm və din yolçusu Şeyx Məhəmməd Rasizadə əməlləri və xalqa, millətə xidmətləri ilə tariximizdə və könüllərdə əbədiyyən yaşamaq haqqı qazanmışdır. Yunan mütəfəkkiri Platon deyirdi: “Müəllimlik hər şeydən əvvəl bir Tanrı sənətidir”. Müəllimlərin missiyasını yüksək dəyərləndirən pedaqoq-şair Dərgah Mehdiyev yazır:

    Necə müqəddəssən, necə əzizsən,
    Vətənsən, anasan, dilsən, müəllim.
    Əlifba da sənsən, elm də sənsən,
    Kəşflər eyləyən alim də sənsən,
    Əhsən bu qüdrətə, bu ada əhsən,
    Ucaldan, yaradan əlsən, müəllim…

    Ulu öndər Heydər Əliyev Azərbaycan Müəllimlərinin XI qurultayındakı nitqində “…Hər bir müəllim bilməlidir ki, оnun üzərinə düşən vəzifə, оnun dövlət üçün, millət üçün, Аzərbаycаn хаlqı üçün gördüyü iş bütün bаşqа sаhələrdə fəаliyyət göstərən insаnlаrın hamısının işindən ən gərəklisidir, ən lazımlısıdır” demişdir. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, – deyən Heydər Əliyev Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimlərin gərgin zəhməti və gündəlik fəaliyyətinin durduğunu vurğulayırdı. Sözsüz ki, Ulu öndərin nəzərdə tutduğu pedaqoqlar sırasında Şeyx Məhəmməd Rasizadənin də məxsusi yeri var.

    Lütviyyə Əsgərzadə
    AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru

    Mənbə: https://medeniyyet.az/

  • Azərbaycanın el şairəsi Sona İNTİZARın “Kitab dolu qadın” adlı ilk şeirlər kitabı işıq üzü görüb

    “Şirvannəşr” tərəfindən Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavini, istedadlı gənc xanım yazar Sona İNTİZARın “Kitab dolu qadın” adlı ilk şeirlər kitabı işıq üzü görüb.

    Naşir  Azərbaycan Yazıçılar Jurnalistlər Birliklərinin üzvü  şair, nasir Qəşəm İSABƏYLİDİR.

    Kitabın üz qabığının rəssamı isə Zahid MƏMMƏDOVDUR.

    Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktoru Şəfa Vəliyeva, rəyçi Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi Şəfa EYVAZ, tərtibatçısı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kamran Murquzovdur.

    İlk qələm təcrübələrinin toplandığı kitabda həm poeziya, həm nəsr, həm də esselərin yer alması müəllifin istedadından xəbər verən ədəbi faktor kimi qəbul olunmalıdır.

    Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edən Azərbaycanın el şairəsi Sona İntizarın uzunmüddətli gərgin əməyinin nəticəsi kimi qəbul edilən, bədii yaradıcılıq fəaliyyətinin müxtəlif dövrlərində qələmə alınan ədəbi-bədii nümunələri mövzusunun müxtəlifliyi, məzmununun dolğunluğu, ifadə olunan fikirlərin aydınlığı, dilinin sadəliyi və səlisliyi ilə həmyaşıdlarından köklü şəkildə fərqləndirir.

    Kitab müəllifin oxucuları ilə ilk görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatşünas-alim, tənqidçilər, mütəxəssislər, o cümlədən ədəbiyyat camesi tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Gənc ədəbiyyatşünas Sərvanə Dağtumasın məqaləsi “Türkay” aylıq ədəbiyyat dərgisinin May sayında dərc olunub

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Bakı Slavyan Universitetinin əməkdaşı, gənc xanım yazar Sərvanə Dağtumasın “Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi” adlı məqaləsi Bakı şəhərində fəaliyyət göstərən “Türkay” aylıq ədəbiyyat dərgisinin May sayında dərc olunub.

    http://hecetaslari.com/turkaydergisi/turkay1sayi5may2023.pdf

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şairə Nigar Arifin şeiri “Türkay” aylıq ədəbiyyat dərgisinin May sayında işıq üzü görüb

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, gənc xanım yazar Nigar Arifin “Gedək üzü küləyə” adlı şeiri Bakı şəhərində fəaliyyət göstərən “Türkay” aylıq aylıq dərgisinin May sayında dərc olunub.

    http://hecetaslari.com/turkaydergisi/turkay1sayi5may2023.pdf

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Mir Cəlal Paşayevin “Ədəbiyyatda romantizm” əsərinin yeni nəşri haqqında

    XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı ədib, Əməkdar elm xadimi, ədəbiyyatşünas-alim, professor Mir Cəlal Paşayev çox erkən yaşlarında ədəbi tənqidə gəlmiş və 20 yaşında ilk sanballı ədəbi-tənqidi qələm təcrübəsi olan “Ədəbiyyatda romantizm” əsərini 1928-ci ildə yazaraq Dağıstanın Maxaçqala şəhərində nəşr olunan “Maarif yolu” jurnalında dərc etdirib. 20 yaşında bir gəncin bu mövzuda ədəbiyyatşünas alimlər səviyyəsində elmi-tədqiqat əsəri yazması, onun gələcəyin böyük ədəbiyyatşünas alimi olacağının ilk parlaq işartıları idi. Jurnalın üç nömrəsində dərc olunan bu materialı oxuduqca, Darülmüəllimini yenicə bitirib uzaq kənd məktəbində müəllimliyə başlayan gəncin biliyinə, mütaliə səviyyəsinə və ədəbi əsərlərin təhlili baxımından görkəmli ədəbiyyatşünas-alimlərlə bir sırada durmağa layiq düşüncə tərzinə və təfəkkürünə heyran qalmaya bilmirsən.

    Bu fikirlər Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovun AZƏRTAC-a təqdim etdiyi görkəmli ədib, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin ilk sanballı ədəbi-tənqidi qələm təcrübəsi olan “Ədəbiyyatda romantizm” əsərinin yeni nəşri haqqında yazısında yer alıb. Yazını təqdim edirik.

    Əsəri oxuduqca istifadə olunan təhlil metodları, XVII-XX əsr dünya romantizm məktəblərinin, onun görkəmli nümayəndələrinin və onların dünya romantizminin parlaq nümunələri hesab olunan əsərlərindən nümunələr gətirməsi Mir Cəlal müəllimin hələ erkən gənc yaşlarında geniş mütaliə təcrübəsinə və dərin təxəyyülə malik olmasını əyani nümayiş etdirirdi. Əks halda yenicə Darülmüəllimini bitirib Gədəbəy kimi ucqar dağ rayonunun uzaq kəndində müəllimlik etməyə başlayan 20 yaşlı gənc kənd müəlliminin belə bir əsər yazması qeyri-mümkün olardı. Bəlkə də bu gün sürətli internetin, zəngin kitabxanaların mövcud olduğu bir vaxtda magistraturanı və aspiranturanı bitirib kəndə işləməyə gedən gənc mütəxəssislər və ədəbiyyatşünas-alimlər belə bir əsəri yazmağa cürət etməzdilər, çünki bu addım hər şeydən əvvəl böyük cəsarət tələb edirdi!

    Deməli 1928-ci ildə dünya ədəbiyyatının görkəmli klassiklərinin əsərlərini elmi təhlilə cəlb edərək dünya romantizm məktəbləri haqqında geniş və əhatəli, elmi məntiqə və təxəyyülə söykənən sanballı əsər yazması həqiqətən 20 yaşlı kənd müəlliminin gələcəyin görkəmli ədəbiyyatşünas alimi olacağından xəbər verirdi.

    “Ədəbiyyatda romantizm” elmi araşdırmasında dünya romantizm cərəyanının aparıcı qanadları olan alman romantizmi, fransız romantizmi, türk romantizmi, rus romantizmi və digər romantizm məktəblərinin geniş xarakteristikasını verən müəllif, bu ədəbi məktəblərin görkəmli nümayəndələrinin xarakterik əsərlərini geniş təhlilə cəlb edərək onların müqayisəli təhlili nəticəsində nəinki dövrü və zamanı üçün çox mükəmməl elmi nəticələr çıxarır, hətta sensasiya sayıla biləcək elmi fikirlər irəli sürürdü. Əlbəttə XX əsrin əvvəllərində gənc kənd müəllimi üçün bu çox cəsarətli addım hesab oluna bilərdi!

    Əlbəttə bu gün bəlkə də kimlərsə bizim bu fikirlərimizə müasir dövrün prizmasından yanaşaraq rast gəlinməsi mümkün olan bir hal kimi baxa bilərlər, ancaq dövr, zaman və məkan anlayışı baxımından yanaşdıqda bu əsərin nadir istedad sahibi tərəfindən qələmə alındığına heç bir şübhə yeri qalmır və sözün əsl mənasında heyrətlənməyə bilmirsən!

    Çox təəssüf ki, istedadlı ədib və görkəmli ədəbiyyatşünas alimin ədəbiyyatşünaslıq sahəsində bu ilk sanballı qələm təcrübəsi uzun müddət Azərbaycan ədəbiyyatşünaslarının, tədqiqatçıların diqqətindən kənarda qalmışdır və bəlkə də bunun əsas səbəbi demək olar ki, hamının bu elmi tədqiqat əsəri barədə xəbərsiz olmasından, bu materialın tədqiqatçılar üçün əlçatmaz olmasından irəli gəlmişdir. Belə ki, professor Mir Cəlal Paşayevin bu əsəri ötən əsrin 20-ci illərində Dağıstanın Maxaçqala şəhərində çap olunan “Maarif yolu” jurnalının 1928-ci ilin 10-11 və12-ci nömrələrində, 1929-cu ilin 1-2-ci nömrələrində dərc olunmuşdur və çox təəssüflər olsun ki, elə həmin zamanlarda da hansısa məsuliyyətsiz bir oxucunun əli ilə həmin material cırılaraq götürülmüş və nəticədə bununla da “elmi dövriyyədən” çıxarılmışdır.

    “Maarif yolu” jurnalının 1928-ci ilin 10-11 və 12-ci nömrələrinin Azərbaycan kitabiyyatının və mətbuatının yeganə etibarlı arxivi hesab olunan Milli Kitabxananın arxiv fondunda cildlənərək mühafizə olunan yeganə komplektini nəzərdən keçirərkən məlum olur ki, bu jurnal həmin səhifələr olmadan cildlənmişdir və vərəqlər sonradan cırılmamışdır. Bu fakt bir daha sübut edir ki, ucqar dağ kəndində yaşayan 20 yaşlı gənc kənd müəlliminin çox cəsarətli fikirlərinin yer aldığı bu əsər kimlərisə qıcıqlandırmışdır (ehtimal ki!) və həmin əsər guya hər hansı bir məsuliyyətsiz oxucu tərəfindən Milli Kitabxananın arxiv fondunda mühafizə olunan “Maarif yolu” jurnalının arxiv nömrələrindən cırılaraq götürülmüşdür. Ancaq böyük ehtimalla bu hərəkət bəlkə də kimlərinsə qısqanclığının nəticəsində baş vermişdir. Məhz bu səbəbdən də uzun müddət bu sanballı elmi əsər tədqiqata cəlb olunmamış qalmışdır. Təəssüflər olsun ki, 2018-ci ildə Milli Kitabxana tərəfindən professor Mir Cəlal Paşayevin ədəbi-tənqidi məqalələrinin məcmuəsi çap olunarkən həmin jurnalın 10-11 və 12-ci nömrələri barədə onun çap olunduğu Dağıstan respublikasının Milli Kitabxanasına verilən sorğuya “Təəssüf ki, “Maarif yolu” jurnalının həmin nömrəsi kitabxanamızın fondunda yoxdur” cavabı verilmişdir. Həmin ildə Moskvadakı Rusiya Dövlət Kitabxanasına ünvanlanan sorğuya da “fondumuzda yoxdur” cavabı alınmışdır.

    2019-cu ilin dekabrında bu sətirlərin müəllifi Moskva şəhərində ezamiyyətdə olarkən Rusiya Dövlət Kitabxanasında ciddi axtarışlarını davam etdirərək “Maarif yolu” jurnalının həmin nömrəsinin bu kitabxananın arxiv fondunda mövcud olduğunu müəyyənləşdirmişdir. Nəhayət, 2020-ci ilin fevralında Rusiya Dövlət Kitabxanasının direktoru Vadim Valeryeviç Dudanın köməkliyi ilə professor Mir Cəlal Paşayevin 20 yaşında olarkən yazdığı və onun gələcəyin parlaq bir ədəbiyyatşünas alimi olacağından xəbər verən ilk sanballı qələm təcrübəsi olan “Ədəbiyyatda romantizm” məqaləsi Milli Kitabxanamızın arxiv fonduna daxil edilərək tədqiqatçıların ixtiyarına verilmişdir.

    Görkəmli ədəbiyyatşünas alim, professor Mir Cəlal Paşayevin “yenidən həyata qaytarılan” “Ədəbiyyatda romantizm” əsəri latın əlifbasına transliterasiya olunaraq istedadlı ədibin 115 illik yubileyi ərəfəsində “Azərbaycan” jurnalının 2023-cü il 4-cü nömrəsində çap olunmuşdur.

    Necə deyərlər, “istedadı, həqiqəti müvəqqəti olaraq boğmaq gizlətmək mümkündür, amma birdəfəlik məhv etmək, tarixin yaddaşından silmək qətiyyən mümkün deyildir, o haçansa mütləq açılacaq və parlayacaqdır!”. Budur reallıq və əsl həqiqət! İndi söz tədqiqatçı alimlərindir.

    Mənbə: https://azertag.az/

  • Mədəniyyət nazirinin Qobustanda vətəndaşları qəbul edəcəyi tarix dəyişdirilib

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin Qobustan rayonu Heydər Əliyev Mərkəzində (Qobustan şəhəri, Elyar Vəliyev küçəsi, 162) əsasən Qobustan, Şamaxı şəhərləri, Ağsu rayonundan olan vətəndaşları qəbulunun vaxtı dəyişdirilib.

    Bu barədə AZƏRTAC-a nazirlikdən bildirilib.

    Nazirlikdən verilən məlumata görə, qəbulun cari ilin may ayında keçirilməsi planlaşdırılır. Tarix barədə əlavə məlumat veriləcək.

    Mənbə: https://azertag.az/

  • Baş İdarənin Heydər Əliyev mərkəzlərinə ekskursiyalar davam edir

    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Heydər Əliyev mərkəzlərinə məktəb şagirdlərinin ekskursiyası təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, Yasamal rayon Heydər Əliyev Mərkəzində 153 və 38, Qaradağ rayon Heydər Əliyev Mərkəzində isə 288 və 180 nömrəli tam orta məktəblərin şagirdləri ekskursiyada olublar.

    Ekskursiya zamanı məktəblilərə Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər haqqında geniş məlumat verilib.

    Mənbə: https://azertag.az/

  • “Danışan gəlincik” Şuşa Teatrında yenidən nümayiş olunacaq

    Aprelin 29-da Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanan “Danışan gəlincik” tamaşası növbəti dəfə nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, nağıl içində nağıl üslubu ilə davam edən tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, rejissoru Lalə Şirinova, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı, Əməkdar artist Azad Məmmədovdur.

    Qeyd edək ki, tamaşanın əsas süjet xəttini padşah qızı olan şahzadə xanımın ərkəsöyünlüyü təşkil edir. Bu da balaca şahzadənin digər həmyaşıdları ilə ünsiyyət qurmasında ona mane olur.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək olar.

    Mənbə: https://azertag.az/

  • Milli Kitabxanada “Akademik Zərifə Əliyeva – 100” adlı toplu hazırlanıb

    Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətli Milli Kitabxananın əməkdaşları tərəfindən “Akademik Zərifə Əliyeva – 100” adlı toplu (daycest) hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim olunan topluda görkəmli alim ilə bağlı 2019-2023-cü illərdə dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr araşdırılıb və seçmə yolu ilə istifadəçilərin diqqətinə təqdim olunub. Topluda məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib.

    Toplu ilə tanış olmaq istəyənlər http://anl.az/down/Z.Eliyeva100.pdf linkindən istifadə edə bilərlər.

    Mənbə: https://azertag.az/

  • Milli Dram Teatrının may repertuarı zəngindir

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı may ayında klassik əsərlər əsasında səhnələşdirilmiş maraqlı tamaşalarla çıxış edəcək.

    AZƏRTAC sənət ocağının may repertuarını təqdim edir.

    1 may –“Çippollino”

    2 may – “Göyçək Fatma”

    3 may – “Buratino axmaqlar ölkəsində”

    5 may – “Anamın kitabı”

    6 may – “Mənim günahım”

    7 may – “Ah, bu uzun Sevda yolu”

    9 may – “Qarabağnamə”

    12 may – “Filumena Marturano”

    13 may – “Dəli yığıncağı”

    14 may – “Şah Qacar”

    17 may – “Bir, iki, bizimki”

    18 may – “Manqurt”

    19 may – “Xurşidbanu Natəvan”

    20 may – “Xanuma”

    21 may – “Ölülər”

    25 may – “Medeya”

    26 may – “Zəfər yolu”

    27 may – “Ah, bu uzun Sevda yolu”

    28 may – “Danışan gəlincik”, “Qarabağnamə”

    Mənbə: https://azertag.az/

  • Haaqada general Polad Həşimova həsr edilmiş kitabın təqdimatı keçirilib

    Niderland Krallığındakı Azərbaycan səfirliyinin və Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi və bu ölkədəki “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Rotterdam şəhərində yaşayan şair Yasəmən Qaranın şəhid general, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimova həsr etdiyi “Əfsanəvi General” adlı kitabının təqdimat mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, mərasimdə Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə açan təşkilatçı “Ana Vətən” Avropa azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Mayisə Ağamirzəyeva Polad Həşimova həsr edilmiş kitabın Niderlandda təqdimatının keçirilməsinin qürurverici olduğunu vurğulayıb.

    Kitabın müəllifi Yasəmən Qara kitabı yazarkən keçirdiyi hisslərdən, general Polad Həşimovdan danışıb, düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb.

    Benelüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov, müavini Sima Cəfərova, Beynəlxalq qadınlar Klubunun sədri Kəmalə Cəlilova, Azərbaycan–Niderland “Odlar Yurdu” Cəmiyyətinin üzvü Nemətağa Əliyev çıxış edərək, general Polad Həşimovla bağlı ürək sözlərini söyləyib, kitabın müəllifinin diaspor fəaliyyətinə toxunublar.

    Türk icmasının üzvləri Tahsin Çetinkaya, Remzi Kabadayı, Haluk Baştımar, Ümit Akbulu da çıxışları zamanı 44 günlük Qarabağ müharibəsi dövründə keçirdikləri hisslərini bölüşüb, Milli Qəhrəman general Polad Həşimovun əziz xatirəsini ehtiramla anıblar.

    General Polad Həşimovun anası Səmayə Həşimova tədbirə videobağlantı vasitəsilə qoşularaq oğlu haqqında danışıb, tədbir iştirakçılarına təşəkkür edib. Şəhid Elman Əliyevin də anası tədbirə videokkonfrans vasitəsilə qoşulub və ürək sözlərini söyləyib.

    Tədbir Opera və Balet Teatrının solisti, I Muğam Televiziya Müsabiqəsinin laureatı Vüsalə Cabir, Cavid Səlimov (tar), Azərbaycanın Əməkdar artisti Xəyyam Məmmədov (kamança), İlkin Əlizadə (piano) və Bəxtiyar Eybaliyevin ifasında musiqi proqramı ilə davam edib.

    Şəhla Ağalarova

    AZƏRTAC-ın xüsusi müxbiri

    Haaqa 

    Mənbə: https://azertag.az/

  • Kukla Teatrı may ayı üçün maraqlı repertuar tərtib edib

    Azərbaycan Dövlət Kukla Teatrı may ayında maraqlı və rəngarəng repertuarla çıxış edəcək.

    AZƏRTAC sənət ocağının may repertuarını təqdim edir.

    Mənbə: https://azertag.az/

  • Musiqili Teatr “Məchul pilləkən” balet tamaşasını göstərəcək

    Aprelin 29-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Məchul pilləkən” balet tamaşası oynanılacaq.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu baletmeysteri, həm də baş rolun ifaçısı, gənc balet artisti Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Vüsal Rəhimdir.

    Səhnə əsərində əsas qadın rolunu Aynurə Əsgərova, solo partiyaları isə Məhəmməd Abdullayevlə Roman Krasnov ifa edirlər.

    Kütləvi səhnələrdə teatrın balet truppasının digər üzvləri Elvira Əzizova, Rəbiyyə Əliyeva, Röya Mehrəlizadə, Anna Cabbarova, İlona Sementsova, Aygül Həsənova, İranə Kərimova, Cəmilə Mansurova, Kamran Həsənov və Yaqub Bəhramov oynayırlar.

    Səhnə əsərində xarici bəstəkarların musiqilərindən, eyni zamanda, Əməkdar artist Sevda Ələkbərzadənin ifasından istifadə edilib. Həmçinin Samir Qulamovun ifasında Xalq şairi Ramiz Rövşənin şeirlərindən ibarət kompozisiya da səsləndirilir.

    Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.

    Kollektiv sifarişlər də qəbul olunur.

    Mənbə: https://azertag.az/

  • Respublika Gənclər Kitabxanasında görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

    Bu gün XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş, yüzlərlə tələbənin qəlbində, hafizəsində silinməz gözəl xatirələr ilə qalmış, görkəmli alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 115 il ötür.

    AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alimin həyat və yaradıcılığından bəhs edən silsilə materiallar – “Mir Cəlal Paşayev 115” adlı virtual kitab sərgisi və “Bir ömrün manifesti” adlı videomaterial hazırlanıb.

    Hazırlanan materiallarda Mir Cəlalın həyat və bədii yaradıcılığına, pedaqoji və alimlik fəaliyyətinə geniş yer verilib, maraqlı məlumatlar təqdim olunub. Materialda Xalq yazıçısı Elçin Əfəndiyevin, akademik Nizami Cəfərovun görkəmli yazıçı haqqında söylədikləri fikirlər, tarixi faktlar yer alıb. Videoçarxda Mir Cəlal Paşayevin elmi fəaliyyətində xüsusi yer tutan “Füzulinin poetik xüsusiyyətləri” və “Füzuli sənətkarlığı” fundamental əsərləri haqqında dəyərli məlumatlar əks olunub. Bundan əlavə, videoçarxda ədibin “Dirilən adam”, “Bir gəncin manifesti”, “Açıq kitab” romanları haqqında da məlumatlar əks olunub. Videomaterialda Mir Cəlalın foto və video görüntüləri ilə yanaşı, nümunəvi ailə modelinə malik xeyirxah insanın, gözəl pedaqoqun ailə dəyərləri, hər bir insanı ucalda biləcək şəxsi keyfiyyətlər haqqında söylədiyi dəyərli fikirlər də yer alıb.

    Kitabxana əməkdaşları tərəfindən hazırlanan “Mir Cəlal Paşayev 115” adlı virtual kitab sərgisində isə Mir Cəlal Paşayevin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxslərin onun yaradıcılığı ilə bağlı söylədikləri dəyərli fikirlər, ədib haqqında yazılan “Mir Cəlalın ədəbi ideyaları”, “Mir Cəlal Paşayev. Biblioqrafiya”, “Sadəlik və müdriklik”, “Mir Cəlal xatirələrdə” kimi 15-dən, özünün müəllifi olduğu “Bir gəncin manifesti”, “Dirilən adam”, “Füzuli sənətkarlığı” kimi 10-dan artıq kitabının biblioqrafik təsviri yer alıb. Virtual kitab sərgisində görkəmli ədibin filmoqrafiyası, təltif və mükafatları, xatirəsinin əbədiləşdirilməsi ilə bağlı məlumatlar da təqdim edilib.

    Hazırlanan materiallar kitabxananın rəsmi saytında və sosial şəbəkələrində yerləşdirilib.

    Mənbə: https://azertag.az/

  • Məmməd İsmayıl Şeir Yarışmasının mükafatları açıqlandı

    “Güfte Edebiyat” Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl Şeir Yarışmasının mükafatları elan edilib.

    1. Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl şeir yarışması ildə bir dəfə elan edilən tarixlərdə “Güste edebiyat” mədəniyyət, sənət və ədəbiyyat dərgisi tərəfindən türk dünyasının böyük şairi Prof. Dr. Məmməd İsmayıl adına böyük şairin də fikir dünyasının bünövrəsi olan ortaq mədəniyyət və incəsənət bağlarının gücləndirilməsi məqsədi ilə təşkil olunur.

    2. Yarışmaya tərdim ediləcək əsərlərin dili türkcədir.

    3. Şeirlər vəznli və ya vəznsiz ola bilər.

    4. Hər bir iştirakçı ancaq bir şeirlə təmsil oluna bilər.

    5. Mövzu sərbəstdir.

    6. Əsərlər ən çox 2 A4 həcmində olmalıdır.

    7. Təqdim olunan əsər əvvəllər heç yerdə dərc olunmamalıdır. Əks halda, yer tutsa da, nəticəsi ləğv ediləcək.

    8. Əsərlər sağ üst küncündə ləqəb yazılmış halda təqdim olunmalıdır.

    9. İstirakçılar adının, soyadının, tərcümeyi-halının, ünvanının, ləqəbinin, telefon nömrəsinin və fotosunun olduğu sənədi təqdim etməlidir.

    10. Əsərlər kompüterdə, Times New Roman, 12 ölçüsündə və 1.0 sətir aralığında yazılmış olmalıdır.

    11. Yarışmaya təqdim olunan əsərlər dala qaytarılmayacaq və müəllif hüquqları “Güfte edebiyyat” da olacaq.

    12. Şərtnamədə qeyd olunmamış məqamlarla əlaqədar yaranan fikir ayrılıqlarında təşkilat komitəsinin qərarları əsasdır.

    Münsiflər heyəti

    Seçim:

    1. Fikret Yazıcıoğlu
    2. İdris Gürdal
    3. Mehmet Özcan Yasdıbaş
    4. Rabie Ruşid
    5. Ülviyye Ebulfezqızı

    Final:

    1. Prof. Dr. Abdullah Şengül
    2. Talat Ülker
    3. Celalettin Kurt
    4. Ali Saçıkara
    5. Sündüs Arslan Akça
    6. Mahmut Hasgül
    7. Aysel Xanlarqızı Seferli

    Yarışma təqvimi:

    Elan: 24 aprel 2023

    Son qəbul: 15 oktyabr 2023

    Seçim: 15 oktyabr-5 noyabr 2023

    Final: 5 noyabr-5 dekabr 2023

    Nəticələrin açıqlanması: 10 dekabr 2023

    Mükafatlandırma mərasimi: 24 dekabr 2023

    Mükafat:

    1-ci yer: 5000 TL

    2-ci yer: 3000 TL

    3-cü yer: 2000 TL

    Həvəsləndirici mükafat: 1000 TL

    Müraciət:

    mehmetismailsiiryarismasi@borland9

    Mənbə: https://kulis.az/

  • Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli Uşaq İncəsənət Məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Muğam dünyamıza səyahət” adlı konsert təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan muğamı haqqında məlumat verilib. Bildirilib ki, muğam dünya musiqi xəzinəsinin incisidir. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında və bugünkü dövrə qədər gəlib çatmasında mühüm rol oynayır.

    Konsertdə məktəbin xanəndə ixtisası üzrə müəllimləri Təranə Musayeva və Fərhad Ramazanov “Şur dəstgahı”, “Dilkəş təsnifi” ilə çıxış ediblər. Onları tarda Vüqar Təhməzov, kamançada isə Zaur Zamanzadə müşayiət ediblər.

    Mənbə: https://azertag.az/

  • “Əbədi ömrün yüz ili” kitabı çap olunub

    Ulu Öndər Heydər Əliyevin yüz illiyinə həsr olunmuş “Əbədi ömrün yüz ili” kitabı nəşr olunub.

    Azərbaycan Yazıçılar Birliyindən AZƏRTAC-a bildirilib ki, kitaba Heydər Əliyev haqqında tanınmış söz adamlarının bədii-publisistik məqalələri, esse və xatirələri daxildir.

    Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olan müəlliflərin əksəriyyəti bu böyük və müdrik insanı şəxsən tanıyıb, onunla yaxından təmasda olublar. Ona görə də, bu kitab Heydər Əliyevi yaxından tanımaq, ölkəmiz qarşısındakı misilsiz xidmətlərini daha dərindən anlamaq üçün qiymətlidir və dəyərli mənbədir.

    Nəşrin layihə rəhbəri, tərtibçi (AYB mətbuat katibi Xəyal Rza ilə birlikdə) və “Ön söz” müəllifi AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, redaktoru Dürdanə Hüseynovadır.

    TEAS-PRESS Nəşriyyatında nəfis şəkildə nəşr edilmiş 468 səhifəlik kitabın yaxın günlərdə geniş ictimaiyyət üçün təqdimatı nəzərdə tutulur.

    Mənbə: https://azertag.az/

  • Akademik Zərifə Əliyeva haqqında elektron resurs hazırlanıb

    Zəngin mənəviyyata, yüksək intellektə və insani keyfiyyətlərə malik olan, milyonların xatirəsində yaşayan Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Zərifə Əliyeva” elektron resursu bu gün istifadəçilərin ixtiyarına verilib.

    Bu barədə AZƏRTAC-a Prezident Kitabxanasından bildirilib.

    Azərbaycan xalqına mənsub elə qadın simalar vardır ki, onlar heç vaxt unudulmur, xatirələri həmişə yad edilir və əziz tutulur. Belə qadın şəxsiyyətlərdən daha çox xatırlanan və yad edilən simalardan biri də Zərifə xanım Əliyevadır. Zərifə xanım Əliyevanın simasında övladlıq məsuliyyəti, ömür-gün sədaqətliliyi, müqəddəs analıq məsuliyyəti, alim-həkim məsuliyyəti, xeyirxahlıq missiyası və dövrünün birinci xanım məsuliyyəti yüksək səviyyədə öz təsdiqini tapıb.

    Təqdim edilən elektron resursda Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti geniş şəkildə istifadəçilərə təqdim edilib.

    Resursda materiallar 8 bölmədə qruplaşdırılıb. Elektron nəşrin “Bioqrafiya” bölməsində Zərifə xanım Əliyeva və onun ailə üzvləri barəsində qısa məlumat verilib, həmçinin Zərifə xanımın elmi və ictimai sahədə fəaliyyətinin mühüm məqamları öz əksini tapıb. Akademik Zərifə Əliyevanın keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş İttifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü, “Вестник офтальмологии” (“Oftalmologiya xəbərləri”) jurnalının redaksiya heyətinin üzvü kimi ictimai fəaliyyəti də bu bölmədə işıqlandırılıb.

    “Xronologiya” bölməsində isə bir alim kimi, onun keçdiyi həyat yolu, oftalmologiya sahəsində əldə etdiyi uğurlar ardıcıllıqla təqdim olunub.

    “Rəsmi sənədlər” bölməsində Zərifə xanım Əliyeva haqqında sənədlər yerləşdirilib. “Xatirəsinin əbədiləşdirilməsi” bölməsində isə həm ölkə daxilində, həm də xarici ölkələrdə xatirəsinə ucaldılan abidələr, adının verildiyi təsisatlar, salınan parklar, adına verilən küçələr haqqında məlumatlar illər üzrə və xronoloji ardıcıllıqla əksini tapıb.

    “E-Kitablar” bölməsində Azərbaycan və rus dillərində onun müəllifi olduğu və haqqında yazılan kitabların e-versiyaları toplanılıb. “E-Məqalələr” bölməsində isə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən ayrı-ayrı müəlliflərin məqalələrinin Azərbaycan və rus dillərində elektron versiyaları yerləşdirilib. “Biblioqrafiya” bölməsində əsərlərinin, haqqında yazılan kitab və məqalələrin Azərbaycan, ingilis və rus dillərində biblioqrafik təsviri verilib.

    “Fotoqalereya” bölməsində Zərifə xanımın həyatının müxtəlif məqamlarını əks etdirən fotoşəkillər toplanılıb.

    Elektron resursun (https://zarifaaliyeva.preslib.az/) materialları müntəzəm olaraq yenilənir.

    Mənbə: https://azertag.az/

  • Bakıda Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş sərgi açılıb

    Rus dahisi Sergey Raxmaninov – tayı-bərabəri olmayan çox gözəl pianoçu, bütün həyatı boyu vətəninə və musiqiyə sevgi bəsləyən və bunu zəngin yaradıcılığında əks etdirən bəstəkardır.

    Bakıdakı Rus Evində (RİMM) həm tanınmış rəssamlar, həm də bu incəsənət növünün gənc istedadlı nümayəndələrinin əsərlərindən ibarət sərgi açılıb.

    Bakıdakı Rus Evinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sərginin kuratoru qismində beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Rəssamlar İttifaqının üzvü Nərgiz Quliyeva çıxış edib.

    Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının musiqiçilərinin ifasında dahi pianoçunun əsərləri səsləndirilib. Gecənin xüsusi qonağı Almaniyada yaşayan Azərbaycan Respublikasının Xalq artisti Əvəz Abdullayev olub. O, istedadlı konsertmeyster Rebekka Maqomedova ilə tandemdə çıxış edib.

    Gecənin musiqi hissəsi Əməkdar müəllim, konsertmeyster ustalığı kafedrasının müdiri professor Gülnarə Acalova tərəfindən təşkil olunub.

    Gecədə Azərbaycan Respublikasının Əməkdar artisti, violonçel ifaçısı Aleksey Miltıx, BMA-nın baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina, pianoçular, beynəlxalq və respublika müsabiqələri laureatları Maqsud Musa-zadə, Leyla Hüseynzadə, Arian Qəhrəmani çıxış ediblər. Sonra Mirxalid Məmmədzadə fleytada musiqi əsəri ifa edib, gözəl vokalçı Adıl Axundovun ifasında iki romans səsləndirilib, istedadlı gənc konsertmeyster, respublika və beynəlxalq müsabiqələri laureatı Nərgiz Kəngərli öz ifası ilə çıxış edənlərin nömrələrinə bəzək verib.

    Sonda tamaşaçılara SSRİ-nin və Azərbaycanın Xalq artisti Lütfiyar İmanovun S.Raxmaninovun romansını ifa etdiyi video təqdim olunub.

    Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti Eyyub Quliyev, Azərbaycanın Xalq artisti Lütfiyar İmanovun oğlu Rauf İmanov, ziyalılar gecənin qonaqları olublar.

    Mənbə: https://azertag.az/

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “Ana tarla” tamaşasının premyerası keçiriləcək

    Aprelin 26-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Heydər Əliyev İli” çərçivəsində Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovun 95 illiyi münasibətilə ədibin “Ana tarla” povestinin motivləri əsasında hazırlanmış tamaşanın premyerası keçiriləcək.

    Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib.

    Fond tərəfindən “Heydər Əliyev İli” çərçivəsində bu səhnə əsrinin premyerasının təşkili Ulu Öndərin Türk dövlətlərinin ədəbi şəxsiyyətlərinə, onların yaradıcılıqlarına verdiyi önəmə, müasiri olduğu yazıçılarla, o cümlədən qırğız xalqının görkəmli yazıçısı, ictimai-siyasi xadimi Çingiz Aytmatovla olan doğma münasibətinə ithaf edilib.

    Tamaşanın hazırlanması və nümayişi Çingiz Aytamatovun zəngin irsinin tanıdılmasına, eləcə də təşkilatın qurucu üzv ölkələri Azərbaycan ilə Qırğızıstanın mədəni əlaqələrinin daha da gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Fondla əməkdaşlıq çərçivəsində Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Mərahim Fərzəlibəyovdur.

    Qeyd edək ki, Fond tərəfindən 2018-ci ildə Azərbaycanda Çingiz Aytmatovun 90 illik yubileyi təntənə ilə qeyd olunub, ədibin “Cəmilə” povesti əsasında qırğız sənətçilər tərəfindən hazırlanmış tamaşa nümayiş etdirilib.

    Mənbə: https://azertag.az/

  • Belqradda Gülnarə Xəlilovanın “Qarabağ” milli geyimlərinin ekspozisiyası uğurla təqdim olunub

    Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar aprelin Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə Belqrad şəhərində Azərbaycan Mədəniyyət Günləri keçirilib.

    AZƏRTAC xəbər verir ki, “Odlar Yurdu, Azərbaycan – Azerbaijan, The Land Of Fire” Mədəni İrs layihəsi çərçivəsində Belqraddakı “Madlena Art Palace”da tanınmış dizayner Gülnarə Xəlilovanın “Qarabağ” kolleksiyasından milli geyimlərin ekspozisiyası təqdim edilib.

    Üç gün ərzində təqdim olunan ekspozisiya tədbir qonaqlarının və KİV-lərin böyük marağına səbəb olub.

    “Qonaqlar Azərbaycanın mədəniyyəti və ənənələri ilə yaxından maraqlanırdılar. Qarabağ geyiminin Azərbaycanın zəngin mədəni irsində xüsusi yeri var. Qarabağ geyim mədəniyyəti milli-mənəvi və maddi dəyərlərimizin ayrılmaz tərkib hissəsidir. Kolleksiyanın hər bir nümunəsi öz xüsusi ornamentləri və naxışları, bədii xüsusiyyətləri əks etdirən xüsusi elementləri ilə Qarabağın ayrı-ayrı regionunu təcəssüm etdirir. Eyni zamanda, kolleksiya müasir tələblərə uyğun olaraq stilize edilib”, – deyə dizayner bildirib.

    Azərbaycan Mədəniyyət Günləri çərçivəsində incəsənət ustalarının milli musiqi, muğam və rəqslərlə konsert proqramları təqdim olunub, xalçalar, qurama və sənət əsərləri nümayiş etdirilib. Ölkəmizin tarixi, mədəniyyəti, milli musiqisi, habelə müasir həyat tərzi və reallıqları barədə ziyarətçilərə məlumat verilib.

    Mənbə: https://azertag.az/

  • Rus Dram Teatrının səhnəsində premyera – Otelloya xəyanət

    Mayın 13-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Xalq yazıçısı Elçinin pyesi əsasında hazırlanmış “Otelloya xəyanət” tamaşasının premyerası olacaq.

    AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Umay Həsənova, dekor üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Səmra Axundova, xoreoqrafı Raulya Türkkandır.

    Səhnə əsərində Xalq artistləri Lyudmila Duxovnaya, Məbud Məhərrəmov, Əməkdar artistlər Salman Bayramov, Natavan Hacıyeva, İnna İmranova, aktyorlar Yaroslav Trifonov, Gövhər Şabanova, Rüfət Əliyev, Ruslan Pavlov, Rəşad Əliyarov, İoanna Ferştandt, Səbinə Asim, Samirə Rüstəmova və Dilarə Nəzərova iştirak edirlər.

    Mənbə: https://azertag.az/

  • “Arşın mal alan” Opera və Balet Teatrının səhnəsində

    Aprelin 26-da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası nümayiş olunacaq.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində əsas rolları Əməkdar artist Fatimə Cəfərzadə və aparıcı solist Atəş Qarayev canlandıracaq.

    Digər rollarda Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Cahangir Qurbanov, Gülüstan Əliyeva, Tural Ağasıyev, Səbinə Vahabzadə və xor artisti Sadiq Məlikovdur.

    Rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev olan səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq.

    Biletləri teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək mümkündür.

    Mənbə: https://azertag.az/

  • Şəfa VƏLİYEVAnın “Dərgizan” dərgisində dərc olunan şeirləri

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Eşqdən Oxuma

    Ay qırmızı papaqlı,
    Ay hamıdan küsən qız…
    Əlləri umacaqlı,
    Boy-buxunu süsən qız…

    Yenə kimə inandın?
    Aldadan tapıldımı?
    “Dağ haqqı”ydımı andın,
    Dağlarda haqq qaldımı?

    Yazdığın “son mesajla”
    Hansı qarğış yol aldı?
    Bir sərçə qayğısıyla
    Keçmədiyin yol qaldı?

    Ay qırmızı papaqlı,
    Saçı daraqtanımaz…
    Eşqi “başı qapazlı”,
    Arzuları gülaçmaz…

    Ömrün önündən çəkil,
    Nə olacaq, olacaq…
    İkimizdən bir şəkil,
    Bir xatirə qalacaq…

    Aç saçını, tök üzə,
    Qocalmaqdan da qorxma…
    Bir bayatı çək bizə,
    Və də, eşqdən oxuma…

    2022

    Qara Pişik

    Şəkinin dumanı nazlanır axı,
    Çəkir ürəyimi pişik dalaşı,
    Qonşuda söz qalıb: qapıarası,
    Qızların göyçəyi piyada gəzmir,
    Naza həsrət daşlar küçə həyası…
    İndi necə edim, nə deyim ki mən
    Olmayım dumanda nazdan narazı?

    Şüşədən rübəndlər dəbə düşəndən,
    Gizlənir eyvanlar pərdə dalında…
    …Yaman çəkinirəm qara pişikdən
    Pusur hənirimi qapı dalında…
    Nazın çəkmədiyim boz pişiklərin
    “ah” qoxur küsəyən mırıltıları…
    Şəkinin dumanı nazlanır axı…

    Bir naz da mən atdım xatirələrə,
    Bu gün də yadıma salmadım səni…
    …Nə eyvan, nə də ki pişik deyiləm,
    Qatım abırıma, aldadım səni…
    Mənimki, uzağı, bircə tumardı,
    Çəkəsən ruhuma, dönəm olam mum…
    …bilirəm…
    Bilirəm, gözəl axtaran,
    Şəkidə eyvan da, qara pişik də,
    Bu daşlı yollarda ölən ümid də,
    Lap elə Şəkinin özü də məsum…
    …Bir mən günahkaram…
    Bir də, ayrılıq…
    Şəkinin dumanı nazlanır axı…

    2022

    Çəhrayı Çiçək

    Sənə bir çəhrayı çiçək almışam…
    Atmışam özümü günah eşqinə,
    Parlayan həyatın zər-xarasına…
    Asmışam özümü günah eşqimdən,
    Demə, oynamışam dərd havasına…

    Bir yaşıl salmışam ovcumdan, demə,
    Bir sarı ilişib yanaqlarıma…
    Bir əlçim təbəssüm sərmişəm yenə
    Həyatın “piyada zolaqlarına…”

    Mavilər bəzənir qara naxışla,
    Bozları sevməyi hünər sanmışam…
    Səni boyamışam rəng-rəng…
    Bağışla…
    … Bilmişəm…
    …görmüşəm…
    Və utanmışam…
    Sənə bir çəhrayı çiçək almışam…

    (2023)

    Mənbə: https://www.dergizan.com/