Category: Azərbaycan ədəbiyyatı

  • Eyvaz Zeynalovun yeni kitabı işıq üzü gördü

    ED9A41CE-3FF2-45D2-8909-C25B2D6F17EC_w268

    Yazıçı Eyvaz Zeynalovun “Qanun” nəşriyyatında “Tələ”adlı yeni romanı işıq üzü görüb.
    Romanda cəmiyyətimizdəki eybəcərliklər, çatışmazlıqlar öz əksini tapmışdır.
    Hadisələr təkcə Azərbaycanda deyil, eyni zamanda Türkiyədə, Almaniyada, Dubayda da cərəyan edir.
    Romanın əsas qəhrəmanları Şahmar, Rəşad, Yaşar əks qütbdə dayanan müsbət obrazlardı. Onlar şərə qarşı mübarizə aparırlar.
    Bundan əvvəl, keçən ilin yayında yazıçının “Qanun” nəşriyyatında çap edilən “Bələdçi” kitabı (iki romandan, “Bələdçi” və “Qisas” romanlarından ibarətdi) avqust, sentyabr, oktyabr aylarında Azərbaycan yazıçılarının ən çox satılan kitabları arasında birinci yerdə olmuşdur. “Bələdçi” kitabı 6 ay ərzində tamam satılıb qurtardığına görə yeniən 500 nüsxə çap edilmişdir.

  • Azərbaycan ədəbiyyatında ağır itki

    9CE764EA-92DF-434B-B9A2-B8778116335D_w640_s

    Yazıçı İsa Hüseynov xroniki ürək çatışmazlığından əziyyət çəkirmiş. Qızı Sevinc Hüseynli APA-ya deyib ki, atası yataq xəstəsi olmayıb. Gecə saat 00.00 radələrində isə qəfildən dünyasını dəyişib. Ailəsi İsa Hüseynovun nə vaxt dəfn ediləcəyini hələ dəqiqləşdirməyib. Sevinc Hüseynli bildirib ki, yazıçının nəvəsi Azərbaycandan kənarda yaşayır və dəfn üçün onun gəlişini gözləyəcəklər.
    İsa Hüseynovun ailəsi onun dəfn yerinin də dövlət qurumları ilə bu gün müzakirə edəcək.
    Azərbaycan Yazıçılar Birliyinin üzvü İsa Muğanna (Hüseynov) bu gecə 86 yaşında dünyasını dəyişib.
    Neçə illərdir ki, bir çox xəstəliklərdən əziyyət çəkən, ona qarşı həmişə hücumda dayanan ölümün gözünə dik baxan, son nəfəsinə qədər qələmini yerə qoymayan “İdeal” yazarımız Ağstafada orta məktəbi bitirəndən sonra BDU nun Filologiya fakültəsində oxumuş, təhsilini Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirmişdi. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru , “Literaturnıy Azerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor, redaktor, ssenari şurasının üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışmışdı.
    İsa Muğannanın ”Məhşər”, İdeal” və s. romanları Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindəndir. O, ədəbiyyatımıza çox böyük bir irs qoyub getdi.
    İsa Hüseynovun ssenariləri əsasında “Tütək səsi”, “26 Bakı Komissarı”, “Nəsimi”, “Ulduzlar sönmür” və s. filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub.
    Xalq yazışısı, “İstiqlal” ordenli İsa Muğanna 2012-ci ildə Yazıçılar Birliyinin təsis etdiyi “Nəsimi” mükafatına layiq görülüb.Bu onun son mükafatı idi. Ən böyük mükafatı isə oxucuların və sözə dəyər verən insanların ona olan əbədi ehtiramı və məhəbbətidir. Ömrünün 86-cı baharında bizi tərk edən korifey yazıçı axıra qədər öz əqidəsinə, amalına sadiq qaldı.
    İsa Muğanna şəxsiyyəti, zənginliyi, yaddaşı və xatirələri ilə əvəzsiz bir xəzinə idi. O xəzinənin açarını özü ilə apardı.

    Allah rəhmət eləsin!

  • Gültən QƏDİRLİ.”“Çiçəkləyən qarağac” (Esse)

    1779770_395150827288197_1243886654_n

    Qızları məktəbə getmişdi. Ana həyətə düşdü. Bu məhləyə iki il əvvəl köçmüşdülər. Əkdikləri ağaclar çiçək açmışdı. Ana heyva ağacının budağını əyib çiçəyi qoxuladı. Çəpərin dibindəki qarağacda ağ çiçəkləri görüb heyrətləndi.
    “Qarağac çiçək açmır axı. Bəlkə səhv etmişəm, bu qarağac deyil”.
    Yox, qarağac idi, üstündə də ağappaq gilənar çiçəyi.
    O indi xatırladı. Dünən balaca qızı çiçəkləmiş gilənarları görüb demişdi:
    – Çəpərin dibindəki ağaca yazığım gəlir.
    Gilənar çiçəyini qarağacın budağına qızı asmışdı.

  • Teymur HƏBİBİ.”İçimdə bir qorxu var, yar qorxusu” (Şeir)

    998812_145406895661140_1155015413_n

    İÇİMDƏ BİR QORXU VAR, YAR QORXUSU

    Yaman qoruxuram, yaman bu gecə,
    İçimdə bir qorxu var, yar qorxusu.
    İsti otağa qapanıb səssizcə,
    İçimdə bir qorxu var, yar qorxusu.

    Nə olar, aç telefonu, cavab ver,
    Bu qorxulu canıma bir savab ver.
    Mənimtək qorxu içindədir göy, yer,
    İçimdə bir qorxu var, yar qorxusu.

    Yazdığın son mesajlara baxdıqca,
    Hər mesajı oxuyub ağladıqca,
    Gözlər yumulub xəyala daldıqca,
    İçimdə bir qorxu var, yar qorxusu.

    Bu an birdən qulağıma səs gəldi,
    Elə bil otağıma bir kəs gəldi,
    Aman Allah, bu gün yenə nəs gəldi,
    İçimdə bir qorxu var, yar qorxusu.

    Zaman durmadan irəli getdikcə,
    Yar gələr deyə kölgəm izlədikcə,
    Eh, çırpınan ürək hey gözlədikcə,
    İçimdə bir qorxu var, yar qorxusu.

    24.02.2010.Bakı

  • İradə AYTEL.”Virtual sevgi” (Hekayə)

    1398496951_zagruzhennoe

    Ürəyi bərk-bərk döyünürdü. Bayaqdan bəri azı yüz kərə yaxınlaşdığı aynanın qarşısına bir də keçdi. Darağı götürüb yenidən saçlarını daradı. Yenidən ətirləndi. Aynadan ona boylanan uzun şabalıdı saçlı, şabalıdı gözlü qıza bir də baxdı. Gülümsündü. Aynaya, darağa, ətirə nəzər salıb ətli dodaqlarını büzdü: “Nədi, bezdiniz, sevinin ki, sizə toxunan mənəm” – deyərək yerində fırlandı. Əyninə kip oturan bəyaz rəngli donu mürgüdən ayılırmış kimi “gərnəşdi”…
    Gözəl idi, şirin idi, cazibədar idi. Amma bu gözəlliyi, cazibədarlığı hamı görə bilməzdi. Görmək üçün əvvəl onun gözlərinə, sonra isə ürəyinə baxmaq lazım idi. Bax, onda bu gözəllik qəlbləri ovsunlayır, zövqləri oxşayırdı.
    Özü bütün bunları yaxşı bilirdi. Özü-özünü tanıyırdı. Elə ona görə də darıxanda, əsəbi olanda, hətta sevinəndə aynanın qabağına yaxınlaşır, gözlərindən ürəyinə boylanırdı.
    Xoşbəxt idi. Soruşsaydılar ki, bu xoşbəxtliyin səbəbi nədir, bilməz, sadəcə, gülümsünərdi. Amma onun xoşbəxtliyini də hər kəs görməzdi. Xoşbəxtliyini də gözlərinin dərinliyində gizlədər, sevincinə təkcə özü boylanardı.
    Gündüzü sevmirdi. Onunçün dünya gecədən, Aydan, ulduzlardan, küləyin səsindən, yarpaqların xışıltısından, gecə quşlarının nəğmələrindən, ürəyinin döyüntüsündən və… və şirin, ehtiraslı bir səsdən ibarət idi.
    Gecəni həsrətlə gözləyirdi. Hətta bəzən Günəşə yalvarırdı ki, “nə olar get!”
    O, xoşbəxt gecələrdə telefon dəstəyindən süzülən şirin pıçıltılar ruhunun qidası, yaşamı idi. O səsi eşidəndə gözlərinə sevinc, bədəninə hərarət gəlirdi. Hərdən ona elə gəlirdi ki, qanadları var, istəsə, səmaya uçar, göylərdə pərvaz edər.
    Gecənin pıçıltıları səhər azan çəkilənə qədər davam edərdi. Bu səsə hər ikisi eyvana çıxar, Allahın evindən gələn o müqəddəs sədanı birgə dinləyərdilər. Onlara elə gəlirdi ki, o səs hər ikisinin ürəyinin səsidir. Və onların qəlbinin səsini bütün şəhər dinləyir.
    …Yenə də aynanın qarşısına keçdi. Gözlərinə, gözlərindən də özünə boylandı. Sevdi özünü. Sevindi özündə. Ürəyi döyündü. Ürəyinə döndü və onu şirin, nağıllı bir dünyaya aparan ürəyini yenidən sevdi…
    Saat 23:45-i göstərirdi. Görüş vədəsinə 15 dəqiqə qalırdı. Dünəndən qərara gəlmişdilər ki, saat 00:00 da görüşsünlər. Onlara elə gəlirdi ki, bu saatda dünya bircə anlıq susacaq, uyuyacaq və onlar həmin bircə anı özlərininki edəcəklər. Şərtləşdikləri kimi telefonları və işığı söndürməli idilər. Qaranlıqda görüşəcək, elə qaranlıqda da ayrılacaqdılar. Hər ikisi bunun çox çətin olacağını bilsələr də sözlərinə əməl edəcəklərinə əmin idilər.
    Saat 23:58-i göstərəndə əlləri əsə-əsə otağın işığını söndürdü. Onun işığı söndürməyi ilə qapının döyülməyi bir oldu. Bir müddət yerindən tərpənə bilmədi. Ürəyinin döyüntüsü ilə qapının səsini səhv salmışdı. Qapıya tərəf getdi və əlini cəftəyə atdı. Lakin açmağa cürət etmədi. Qapı yenidən döyüləndə qeyri-ixtiyari cəftəni burdu…
    Qaranlıq idi. Qapının kandarında donub qalmışdılar. Danışmasalar da ürəklərinin döyüntüsünü hər ikisi eşidirdi.
    – Salam! – Rüfət pıçıldadı.
    – Salam!
    – Bəs evə ötürmürsən?
    – Həə, bağışla, keç içəri.
    – Keçim ey, amma qaranlıqdı axı, ha tərəfə keçim?
    Hər ikisi gülümsündü. Bu təbəssümü gözlər görməsə də ürəklər duydu. Rüfət bayaqdan bəri açıq qalmış qapını örtdü və Günaya tərəf döndü. Yavaş-yavaş Günayın kölgəsi hiss olunurdu…

    ***

    İkisi də xoşbəxt idi. Telefonun dəstəyindən Rüfətin səsi eşidildi:
    – Günay!
    – Haycan!
    – İlk tanışlığımız yadındadı?
    – Yadımdadı!
    – Deyəsən yuxun gəlir?
    – Yoox, niyə ki?
    – Səsindən hiss elədim.
    – Necə ki?
    – Nə bilim, amma sənə deyim, yuxulu olanda səsin elə şirin, elə ehtiraslı çıxır ki, adamın ürəyini lap yerindən oynadır.
    – Rüfət!
    – Haycaan!
    – Demək istəyirsən ki, oyaq olanda şirin deyil hə, səsim?
    – Ay dəli, bilirsənmi, səsin məni elə ovsunlayıb ki, bütün günü işdə də səsini eşidirəm. Təsəvvür edə bilmirəm ki, sənin səsin olmasaydı, nə edərdim.
    – Rüfət!
    – Haycaaaaan!
    – Rüfət, “haycan”ın da boyu əməllicə uzanıb. Ömrüm, niyə ilk tanışlığımız yadına düşdü?
    – Nə bilim, niyəsə həmin gün yadıma düşəndə gülməyim gəlir. Dedim: “Xanım qız, bağışlayın, sizin nömrəniz məndə var, amma bilmirəm kimsiniz?” Dedin: “Siz kimsiniz ki?” Dedim: “Mən Rüfətəm!” Bir minnətlə cavab verdin ki: “Nə olsun Rüfətsən, sözünü de!” Onda elə pərt oldum… Amma doğrudan da nömrən telefonumda var idi. Ona görə zəng elədim…
    Günay Rüfətin sözünü kəsdi:
    – Hə, sən də zəng elədin, əyər kişi səsi eşitsəydin, telefonu qapadacaqdın, hə? Qız səsi eşidən kimi qərara gəldin ki, tanış olasan.
    – Hə də, sən qızcığaz da tezcə tanış oldun.
    Dəstəyin o başından Günayın cingiltili qışqırığı eşidildi:
    – Pis, nə vaxt tanış oldum? Sən söhbəti elə başladın ki, özüm də çaşdım. Elə bildim qohumumsan…
    Rüfət bir az yumşaq səslə dilləndi:
    – Yaxşı daa, zarafat edirəm. Amma gördün də, tanış olmaqda necə mahirəm?
    – Yaxşı, özünü öymə, bilirəm o sənin peşəndi!
    – Gülüm, səsin məni elə ovsunlamışdı ki, səni tanımaq üçün lap ilanı da yuvasından çıxarardım. Yadında, onda mənə sual verdin: “Sən haradasan?” Dedim: “Bakıda!” Dedin: “Hə, aramızda 365 km məsafə var” onda təxmin elədim ki, Gəncədəsən. Çox sevindim, sevindim ki, sən də gəncəlisən.
    Günay tələsik onun sözünü kəsdi:
    – Mən gəncəli döyüləm!
    – Di yaxşı, gəncəli döyülsən! – Rüfət də “deyilsən”i eynən Günayın ləhcəsi ilə dedi. – Onda bilmirdim axı gəncəli deyilsən. Bir də ki, nə fərqi var, Gəncədə yaşayırsan. Günay, yadındadı səhərisi sənə zəng vurub dedim: “Olar, sənə sabah da zəng edim,” elə kobud şəkildə dedin ki: “Sən mənimçün maraqlı deyilsən!” Ələsgər demiş: “sındı qol-qanadım yanıma düşdü”…
    – Neynəməliydim, deməliydim ki, hə elə, ölürəm zəngin üçün?
    Rüfətin gülüşü eşidildi:
    – Aha, deməli ölürdün zəngim üçün?
    – Yox eee, – Günayın səsi titrədi, – sözgəlişi deyirəm. Bir də ki, mən də səni tanımaq istəyirdim axı…
    – İndi tanıyırsan?
    – Necə ki? Hə, tanıyıram!
    – Sən ki məni görməmisən, bilmirsən keçələm, ya koram.
    – Sən də məni görməmisən. Bəlkə, elə mən koram, ya keçələm?
    – Keçəl olsan əladı da, gündə salonlarda qalmazsan.
    – Yaxşı daaa, Rüfət!
    – Neyniyim ey, qabağıma elə şərtlər qoydun ilk gündən: şəkil istəmə! Həmin gündən telefonun MMSi bağlı qaldi. Netde yalnız yazışaq! Kompüterin kamerasi məndən küsdü. Sən evinizə gələndə söz ver ki, biz tərəflərə gəlməyəcəksən! Dedim o da baş üstə! Nə edim ey? “Ağa deyir sür dərəyə sürməliyəm! Qorxumdan sizin tərəflərə ayağımı da basmadım.
    – Yalançı! Ona görəmi ünvanımı məndən yaxşı bilirsən?
    – Gülüm, dinlə, mənə sənin xarici görünüşün önəmli deyil. Mən sənin ürəyini görürəm. Amma bir həqiqəti də deyim ki, daha dözmürəm. Səni görmək istəyirəm. Zarafat deyil, altı aydır tanışıq, bir birimizi görməmişik. Günaaaay!!!
    – Haycaaan!!!
    – Sənin də “haycan”ın böyüyür ee, gülüm! Noolar, gəl görüşək, axı səni görmək istəyirəm.
    Əslində Günay da Rüfəti görmək istəyirdi. Amma qorxurdu. Qorxurdu ki, xəyallarında, arzularında gördüyü, səsini eşitdiyi, duyduğu Rüfəti reallıqda duya bilməsin. Hər dəfə Rüfət görüşmək istəyini bildirəndə bir bəhanə ilə söhbəti dəyişirdi.
    Hər ikisi gecəni çox sevirdi. Hər ikisinin musiqi zövqü, həyata baxışları, intellekti üst-üstə düşürdü. Günay bu gecə həyatının, virtual görüşün reallığa çevrilən zaman öz mənasını itirəcəyindən qorxurdu.
    – Rüfət!
    – Haycaaaaaan!
    – Ağlıma bir fikir gəldi.
    – Söylə.
    – Ürəyim, səni görmək, səsini yanımda eşitmək istəyirəm. Amma qorxuram. İnanırsan, bütün bunlardan qorxuram.
    – Aman Allah! Ay qız, mən səni yeməyəcəm. Söz verirəm. Hərçəndi, adam yeyənəm, amma səninlə görüşəndə başqasını yeyib, doyandan sonra gələcəm.
    – Yaxşı, zarafatsız deyirəm. Eh, gəl qışda görüşək.
    – Nədi, fikirləşirsən ki, mən ayıyam, qışda yuxuda olacam, səni yeməyəcəm?..
    – Ey Rüfət!
    – Gülüm, başa düş, mən səni görmək, əllərindən tutmaq, ürəyinin səsini eşitmək, saçlarını sığallamaq istəyirəm.
    Günay ürəyində dedi: “Eh, Rüfət bütün bunları mən də istəyirəm. Sənin səsini hər dəfə eşidəndə ürəyim yerindən atlanır. İstəyirəm məni bağrına basasan, oxşayasan, öpəsən, səni duymaq, sənin olmaq istəyirəm, Rüfət!”. Amma bütün bunları dilinə gətirə bilmirdi. Hərdən fikirləşirdi ki, keşkə Rüfətlə həyatda tanış olub, sonra telefonla danışaydı. Bəlkə onda daha asan olardı. Aylardır həsrətini çəkdiyi, öyrəşdiyi, darıxdığı, çox istədiyi…Aman Allah! Özünə belə etiraf etməkdən çəkindiyi, özünə belə demək istəmədiyi bir həqiqət – sevdiyi, bəli, sevdiyi Rüfətin gözlərinə baxmaq onunçün çox çətin idi. O, qorxurdu. Qorxurdu ki, Rüfətin gözlərində başqasını görər. O, qorxurdu ki, gözlədiyi istiliyi, hərarəti, sevgini Rüfətdə tapa bilməz. Pıçıldadı:
    – Rüfət!
    – Haycaaaaan!
    – Rüfət, görüşək. Amma gecə. Razısan?
    – Günay, nə fərqi var, təki səni görüm.
    – Yox eee, qaranlıqda. İstəmirəm məni görəsən. Mən də səni görməyim.
    – Gözlərimizi bağlayaq?
    – Hə! Ya gözlərimizi bağlayaq, ya da qaranlq bir yerdə görüşək.
    – Maraqlıdır. Bəs necə görüşək?
    – Bilirsən, qaranlıqda görüşək. Bir sən ol, bir də mən. Səsimizi eşidək…
    Rüfət onun sözünü kəsdi və:
    – Maraqlıdır. Səsimizi eşidək, ürəyimizin döyüntüsünü hiss edək… Ay qız, demirsən, qaranlıqda başqasınnan yapışaram?
    – Ey… Rüfət, razısan?
    – Razıyam, gülüm, razıyam. Sən necə istəsən. Təki yanımda olasan. Onda vaxtı de.
    – Yaxşı da, Rüfət, hələ indi danışdıq ki, vədələşmək də qalsın gələn dəfəyə.
    – Noolar, heç olmasa gec olmasın, noolar, gülüm.
    – Yaxşı, deyəcəm həvədə.
    – Nəəəə?
    – Deyəcəm də vaxtı.
    – Yox, elə bil nəsə başqa söz dedin.
    – Ehh, dedim deyəcəm həvədə?
    – Həvədə nədi?
    – Yəni ki, nə vaxt.
    – Oy, sənin ləhcənin qadasın alım. Ay kəndçi, səbirsizliklə gözləyəcəm…
    Sübh azanını birgə dinlədilər. Sağollaşdılar. Hər ikisi yatağına uzandı. Hər ikisi şirin, həm də həyəcan dolu xəyalların qoynunda çırpındı. Amma həmişəkindən fərqli olaraq xəyal onları ovsunlaya, yuxuya apara bilmədi. Qərara gəlmişdilər. Görüşməli idilər. Qorxurdular. Bu görüşdən hər ikisi qorxurdu. Altı aydır tapdıqları dostu, həmdəmi, sirdaşı, səmimiyyəti, sevgini itirə biləcəklərindən qorxurdular.
    Görüş söhbətini saldığına Rüfət peşman olmuşdu. Keşkə Günay yenə də razılaşmayaydı. Belə fikirləşirdi… Amma yox, axı o, Günayı görmək, ona daha yaxın olmaq istəyirdi.
    Həmin gün hər ikisi gec yatdı. Oyananda günün bitməsini, gecənin gəlməsini səbirsizliklə gözlədilər.

    ***

    Rüfətin əlləri Günayın saçlarında dolaşdıqca o, ürəyində bir istilik hiss edirdi. Rüfət onun yanında idi. O, Rüfətin səsini eşidir, nəfəsini duyur, sevdiyi insanın təmasını hiss edirdi. İlk dəfə yaşadığı bu məhrəm hisslər onu həmişə arzuladğı bir dünyaya aparmışdı. O dünyanın sakinləri yalnız mələklər idi. Sevginin qanadlarıyla uçan mələklər. Elə onun özü də qanadlı bir mələk idi. Göylərdə pərvaz etdikcə yaşamaq, yenə də yaşamaq istəyirdi.
    Hər şeyi unutmuşdu. Ürəyinin pıçıltılarını eşidirdi: “Sən dünyanın ən alisisən. Doğulan gündən səni gəzmişəm. Bir gün bu dünyadan əlimi üzsəm, içimdə sən boyda bir dünya aparacağam əbədiyyətə. Səni bir anın içində sevdim. Elə bircə anda əmin oldum ki, illərdir yolunu gözlədiyim, yuxularda gördüyüm, səsini eşitdiyim, duyduğum o kəs, məhz sənsən. Gözləyirdim səni. Gecələrimdən nicat umurdum ki, səhəri gətirsin, səhərimə yalvarırdım ki, gecənin qoynuna dolsun. Sənin gəlişin mənimçün Ayla Günəşin, ağla qaranın, yaxşıyla pisin üz-üzə gələcəyi qədər çətin olsa da içimdəki inam o çətinliyi hər an dəf etməyə hazır idi. Nəhayət, Sən gəldin!”
    Günaya elə gəlirdi ki, Rüfət onun qəlbinin pıçıltılarını dinləyir. Elə eynən həmin pıçıltıları Rüfət də Günaya söyləyir…
    Titrəyirdi. Bapbalaca quşcuğaz hərarətə sığınanda necə tir-tir əsirdisə, Günay da Rüfətin ağuşunda eləcə əsirdi. Saçlarına toxunan hənir üzünə, dodaqlarına, boğazına dəydikcə ayaqları sustalır, ürəyi daha da şiddətlə döyünürdü. Telefonun dəstəyindən gələn pıçıltını belə yaxından eşitdiyinə inanmasa da o pıçıltıya sığınır, bütün varlığını o hənirə təslim edirdi.
    Rüfətin qupquru, ipisti dodaqları dodaqlarına toxunduqca hələ indiyəcən duymadığı bir gizilti, bir istilik bütün bədəninə yayılırdı. Bu istiliyə dözə bilməyəcəyindən ehtiyat etsə də dodaqlarını yavaş-yavaş qupquru dodaqlara yaxınlaşdırır, lakin bu səadətin bitəcəyindən qorxaraq geri çəkirdi.
    Hər ikisi bəxtəvər idi. Hər ikisi iki canda bir qəlbin döyüntüsünü eşidirdi. Aylardır həsrətində olduğu bütün yanında olmasına inanmayan Rüfət ona çox ehtiyatla yanaşır, dodaqlarını o bütün saçlarına, yanaqlarına, dodaqlarına, toxundurur, içindəki atəşdən qorxaraq geri çəkilirdi. Cənnətdəki bəmbəyaz almaya toxunmaqdan qorxan Adəm kimi qorxur, lakin, içində ona toxunmaq arzusunun böyüklüyü altında qıvrılırdı. O, bir həqiqətə əmin idi ki, xoşbəxt olmaq üçün Tanrının bəndələrə bəxş elədiyi ən böyük nemət sevgidir. Sevgi varsa, fani cisim adiləşir. Bax, o Günayı görmür. Günayın gözlərinin rəngi, dodaqları, saçları… o bütün bunları hiss edir, yaşayır və özünü dünyanın ən xoşbəxt bəndəsi sanır.
    Rüfət yenidən barmaqlarını Günayın saçlarına toxundurdu. Sanki, güclü bir cazibə onun əllərini aşağıya doğru çəkirdi. O, yavaş-yavaş qarşısındakı bütün müqəddəsliyində özü də bütə çevrilirdi. Günayın sinəsi, yupyumuru bir cüt sinə qabarı, mütənasib vücudu, əynindəki kip donuna sığışmırdı. Rüfət də bunu duyurdu. Elə duyduğu üçün də bircə anda bu əsrarəngiz gözəlliyi xilas etmək istəyirdi. Və elə titrək əllərinin köməkliyi ilə bütü qəfəsdən azad elədi….
    Artıq xoşbəxtliyin göylərində pərvaz edən Günay özü də o kip geyimdən qurtulduğuna sevindi… Rüfətin əlləri onun bədənində gəzindikcə içindəki giziltilərin çoxaldığını, ürəyinin harasa tələsərək onu da tələsdirdiyini hiss edirdi.
    Bir azdan Rüfətin öpüşləri Günayın döşəməyə səpələnmiş saçlarında, qupquru, sopsoyuq dodaqlarında, açıq sinəsində dolanırdı. Bu öpüşlər daha heç yana tələsmirdi.
    Azan səsinə hər ikisi diksindi. Telefonda olduğu kimi hər ikisi o səsin sehrinə düşdü. Deməli, ayrılmalı idilər. Bir azdan onları ayıran səhər açılacaqdı…

    ***
    Son zamanlar telefon danışıqları gecə görüşləri ilə əvəz olunmuşdu. Həyat yenə də onlar üçün gecədən, pıçıltılardan ibarət idi. Yenə də xoşbəxt idilər. Yenə də azan səsini birgə dinləyəndən sonra ayrılır, gecəni gözləyirdilər…
    ***

    …Günəşin al şəfəqləri gözünə düşdükcə bir əli ilə gözlərini örtməyə çalışır, o biri əli ilə yuxusunun ətəyindən bərk-bərk yapışırdı. Yox, deyəsən şipşirin yuxusu onu tərk etmək üçün elə özü bəhanə gəzirdi. Yerində qurcalandı. Gözlərini ovxalayaraq balışa səpələnmiş saçlarını yığıb sağ döşünün üstündə sahmanladı. Elə bilki, çarpayısı balacalanmışdı. Fikirləşdi “bu nədir, nə yaman narahatam, eh, yerim daralıb deyəsən”. İstəməsə də gözlərini açıb yan-yörəsinə boylandı. Çarpayısının bir tərəfini zəbt edən qara, arıq, çilimsiz, həm də ona yadlardan yad olan kişini görəndə özünü itirdi. Yaşadığı sevgi dolu aylar, pıçıltılı gecələr, yanındakı yad kişinin qara qıvrım saçlarında əriyərək alnında muncuqlandı.
    Dönüb onu oyadan Günəşə acı-acı boylandı…

  • Gülnarə İSRAFİLQIZI.”Özünə sarı” (Yeni şeir)

    1624494_1460995930784705_1510059136_n

    Özünə sarı

    Dərəli təpəli sevgi yolları
    Saçına çiçəklər bələnib yatır
    Yeriyib getdikcə ayaq izindən
    Gözünə yuxular çilənib yatır.

    Yolun baxışları qışa boylanır
    Saçına çiçəklər səpələnsə də
    Köksündə bir parça sevgi dolanır
    Gözünə yuxular təpələnsə də

    Hər dəfə yatdıqca kölgə tökülür
    Yuxudan sevginin gözünə sarı
    Dərə də, təpə də düzəngah olur
    Addımlar getdikcə özünə sarı.

    27.03.2014.

  • Gənc yazar Teymur Həbibinin yeni kitabı nəşrə hazırlanır

    998812_145406895661140_1155015413_n

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına istinadən yaydığı məlumatlara görə, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Poeziya” şöbəsinin redaktoru, Təsisçilər Şurasının üzvü, gənc yazar Teymur Həbibinin yeni kitabı nəşrə hazırlanır.Kitabın adı ictimaiyyət üçün gizli saxlanılsa da, yaxın günlərdə oxucuların ixtiyarına veriləcəyi dəqiqdir.
    Qeyd edək ki, Teymur Həbibinin “Həbibi dünyası” adlı ilk şeirlər kitabı 2010-cu ildə “MTR Group” Nəşriyyat Poliqrafiya tərəfindən işıq üzü görüb.

  • Gənc yazarın şeirləri Türkiyə türkcəsinə tərcümə olundu

    kapak_29k-216x300 (1)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən Tokat Şairler ve Yazarlar Derneğine istinadən yaydığı məlumata görə, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlunun “Türkçülük şeirləri” silsiləsindən olan şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunaraq “Kümbet” eğitim, küktür, sanat ve edebiyyat dərgisinin ardıcıl olaraq iki buraxılışında dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.

  • Türkdilli Yazıçılar Birliyinin (TYB) əsasnaməsi Anara təqdim olundu

    tyb

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin Azərbaycan Yazıçılar Birliyinin yeni saytına istinadən yaydığı məlumata görə, mart ayının 28-də Avrasiya Yazarlar Birliyinin (Ankara) başqanı Yakup Ömeroğlu Azərbaycan Yazıçılar Birliyində olub. Xalq yazıçısı Anarla görüşən Yakup bəy 18 fevral 2014-cü il tarixində Türkiyədə təsis edilmiş Türkdilli Yazıçılar Birliyinin (TYB) fəaliyyətilə bağlı məlumat verib. Daha sonra Yakup Ömeroğlu TYB-nin əsasnəməsini Anara təqdim edib. Söhbət zamanı Yakup bəy saytımızın əməkdaşına TYB baş qərargahının Eskişehirdə yerləşəcəyini və artıq TYB üçün binanın ayrıldığını xəbər verib.
    Qeyd edək ki, Türkdilli Yazıçılar Birliyinin ilk başqanı Azərbaycan Yazıçılar Birliyinin sədri Anar seçilib.

  • Xalq yazıçısı Anarın romanı yenidən çap olundu

    yenikitab

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin Azərbaycan Yazıçılar Birliyinin yeni saytına istinadən yaydığı məlumata görə, “Qanun” nəşriyyatı tərəfindən Xalq yazıçısı Anarın “Təhminə və Zaur” romanı 316 səhifə olmaqla, 1000 tirajla çap olunub.

  • Elçin Hüseynbəyli təqdim olundu

    eh

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin Azərbaycan Yazıçılar Birliyinin yeni saytına istinadən yaydığı məlumata görə, mart ayının 28-də Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi “Azərbaycan” nəşriyyatında yerləşən “Ədəbiyyat qəzeti”nin redaksiyasında olublar. Baş redaktor vəzifəsinə yeni təyin edilmiş Elçin Hüseynbəylinin redaksiya kollektivinə təqdim edilməsi üçün toplantı təşkil olunub. Toplantıda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, birinci katib Fikrət Qoca, katiblər Çingiz Abdullayev, Arif Əmrahoğlu, Rəşad Məcid, mətbuat xidmətinin rəhbəri Xəyal Rza,“Ədəbiyyat qəzeti”nin yeni baş redaktoru Elçin Hüseynbəyli və qəzetin redaksiya heyəti iştirak ediblər. AYB sədri Anar çıxış edərək keçmiş baş redaktor Ayaz Vəfalının səhhəti ilə əlqədar öz ərizəsilə işdən azad olunduğunu və daha sonra katibliyin iclasında yekdilliklə Elçin Hüseynbəylinin baş redaktor təyin edildiyini vurğulayıb. O, “Elçin on ildir ki, Ulduz jurnalının” baş redaktorudur. Bu on ildə etimadları doğruldub və işinin ödəsindən layiqincə gəlib. İnanırıq ki, yeni vəzifəsində də özünü subut etməyi bacaracaq” deyə bildirib. Daha sonra “Ədəbiyat qəzeti”nin əməkdaşları yeni baş redaktoru təbrik ediblər. Sonda qəzetin baş redaktoru Elçin Hüseynbəyli çıxış edərək rəhbərliyə ona etimad göstərildiyi üçün minnətdarlığını bildirərək görəcəyi işlərdən söz açıb. “Ədəbiyyat qəzeti”nin istər fotmatında, istərəsə də materiallarında tezliklə ciddi dəyişikliklər ediləcək.”

  • Gülnarə İSRAFİLQIZI.”Məni burax sevginə, sevgimə!” (Yeni şeir)

    1558877_1434551783429120_209165756_n

    Könlümün baharı çiçəkləyir
    Sən güləndə.
    Ruhum isinir, adın gələndə
    Səsinə qarışıram
    Sevgidən sevgilim, sevgimizi soruşuram
    Gecənin zülməti
    Sənin soyuq baxışların
    Son söylədiyin sözlər
    Ruhuma qarışır
    Acı -acı danışır
    Susdurur duyğularımı səsimi
    Döyünən nəfəsimi
    Xoş sözə möhtac olduğumda
    Səni istəyirəm.
    Seni sevəndə gücsüz
    Səndən vaz keçəndə güclüyəm
    O gücü sənsiz istəmirəm
    Son addımı atsam
    Geri dönmərəm…
    Addımı atmağa icazə vermə!!!
    Məni burax sevginə, sevgimə.

  • Bahadur ƏLİZADƏ.”Anam” (Yeni şeir)

    ıfıl f

    Anam

    Anamın dərdi çox,
    Söz deyəsi biri yox,
    Əzəldən bacısı yox .
    Dərdini kimə desin?
    Dostamı, tanışamı?
    Hanı anam anası?
    Balasına ağlayası.
    Kaş indi burda olub
    Onu qucaqlayası.
    Anamın dərdi ana,
    Dostu, sirdaşı ana,
    İndi gün ağlar bana.
    Qurbanam sənə , ana.
    Anam nə dərdlər görüb?!
    Ağ saçlarını görüb
    Ah çəkərəm ürəkdən.
    Ana sevər balanı,
    Bala qatar balanı,
    Ana sevməz yalanı,
    Sevər düzgün olanı.
    Analar bala atmaz,
    Gün boyu gecə yatmaz,
    Analar zirvəsinə
    Dağların boyu çatmaz.

  • Afət VİLƏŞSOY.”Yuxu” (Yeni şeir)

    1624760_536341586482057_769087475_n (1)

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdşüsü

    Yuxu

    Qoy gecə uzansın, gəlməsin sabah
    Burnumun xatirə qoxulararında..
    İçimdən gələn səs yıxıl yat deyir,
    Atamı görəcəm yuxularımda..

    Əlini görəcəm görmədiyimtək,
    Telimi görəcəm hörmədiyitək,
    Könlümü heç zaman qırmadığıtək,
    Atamı görəcəm yuxularımda..

    Yuxum cansız oldu. Onsuz olmadı,
    Yuxum qənim oldu,əziz olmadı,
    Yuxum heç bu qədər təmiz olmadı,
    Atamı görəcəm yuxularımda..

    Kədəri,möhnəti atacam daha,
    Yerin altın üstə qatacam daha,
    Yay oxdan çıxıbdı,yatacam daha,
    Atamı görəcəm yuxularımda.

    Sevginin,Cənnətin öz əlindəyəm,
    Heç vaxt olmayantək düzənimdəyəm,
    Bu gecə Allahın nəzərindəyəm,
    Atamı görəcəm yuxularımda..

    26.03.2014.

  • Kənan AYDINOĞLU.”De, niyə dağılmır dünya, İlahi?!” (Yeni şeir)

    Photo Kenan

    DE, NİYƏ DAĞILMIR DÜNYA, İLAHİ?!

    Yaranan ilk gündən onsuz da yalan,-
    De, niyə dağılmır dünya, İlahi?!
    Həzrət Muhəmmədi görmək istəsəm,-
    Gerçək olacaqmı röya, İlahi?!

    Mürşidim Yunusla sənə sığındım,-
    İlk andım sən oldum, son andım “Quran”.
    Bu görklü dünyada, yalan dünyada
    Mömin bəndələrə olursan həyan.

    Nə “Tövrat”, nə “İncil”, nə də ki “Zəbur”,-
    “Quran” tək haqq nuru ola bilməz ki.
    Qəlbi möhürlənən zalım bəndələr,
    Haqqı haqq gözüylə görə bilməz ki.

  • “Ədəbiyyat qəzeti” və “Ulduz” jurnalına yeni rəhbərlər təyin edildilər

    1608798_1436321256614065_1254055553_n

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin Azərbaycan Yazıçılar Birliyinin yeni saytına istinadən yaydığı məlumata görə, mart ayının 27-də, Azərbaycan Yazıçılar Birliyində Xalq yazıçısı Anarın sədrliyi ilə Katibliyin növbəti iclası keçirilmişdir.Növbəti iclasda Xalq şairi Fikrət Qoca, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli, baş redaktor müavini Qulu Ağsəs və digər qonaqlar iştirak ediblər.
    İclasda “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalının səhhəti ilə bağlı tutduğu vəzifədən azad olunması üçün Azərbaycan Yazıçılar Birliyinin sədrinə ünvanladığı ərizə müzakirə edilmişdir. “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylinin “Ədəbiyyat qəzeti”nin yeni baş redaktoru vəzifəsinə təyin edilməsi səsə qoylmuş və yekdilliklə qəbul edilmişdir. “Ulduz” jurnalının baş redaktoru vəzifəsinə isə bu günə kimi baş redaktor müavini işləmiş şair Qulu Ağsəs təyin edilmişdir.

  • Şəfa KAZIMOVA.”Üzü gülmür son günlər” (Yeni şeir)

    1380827_707215725989395_1620152348_n

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Təsisçilər Şurasının üzvü

    Üzü gülmür son günlər
    Telefon dəftərçəmin,
    Gözündən yaş süzülür
    Sahibsiz nömrələrin…
    Yaşın üstə yaş gələr
    Ömürdən il azalar,
    Sahibsiz nömrələrin
    Bəxti hara yozular?

    Əlim gəlmir silməyə,
    Sahibsiz nömrələri.
    İçimdə bir ümid var..
    Nə vaxtsa zəng edərəm
    Eşidərəm səsini.

    Hər sahibsiz nömrədə,
    Sahibindən bir iz var.
    Hər qaranlıq gecədə,
    Ümid dolu gündüz var.
    Silmirəm nömrələri
    O sahibsiz nömrələr,
    Sahibindən yadigar…

    Hərdən uzanır əlim,
    Yığıram nömrələri,
    İstəyirəm bildirim,
    Həsrət qəlbimə yatmır.
    Sahibsiz nömrələrə
    Cavab verən biri var…
    “Bu nömrəyə zəng çatmır”…

    19.02.2014

  • Kənan AYDINOĞLU: “Layihələri gerçəkləşdirməkdə yardımçı olan portal rəhbərlərinə təşəkkürlər!” (Müsahibə)

    kapak_29k-216x300 (1)

    Müsahimiz haqqında bilgilər

    Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəridir.”Hüseyn Arif” Ədəbi Birliyinin üzvüdür.

    -Salam, Kənan bəy!
    -Salam, Zərifə xanım!
    -Necəsiniz?
    -Şükürlər olsun Uca Allaha!
    -Siz necəsiniz?
    -Həmd olsun Uca Allaha!

    -Bir gün öncə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının, Gündəlik İnformasiya Agentliyinin səhifələrində, facebook sosial şəbəkəsində sizin portalın idarə heyətindən kənarlaşdırılmanız haqqında məlumat yayınlandı.Bu məlumata aydınlıq gətirməyinizi xahiş edirəm.

    -“2012-ci ilin fevral ayının 12-də məsləhətim və təklifim ilə Bakı şəhərində “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək ” layihəsi çərçivəsində “Ədəbiyyat-Az. Com” Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalını formalaşdırdıq.Əsas məqsədimiz Türk dünyasına daxil olan dövlətlərin hər hansı birinin dilində yazıb, ədəbi-bədii yaradıcılıqla məşğul olan yazarların özkeçmişlərini, ədəbi-bədii nümunələrini, poeziya örnəklərini, məqalələrini, publisistik qeydlərini, poemalarıni portalın səhifələrində dərc etməklə facebook sosial şəbəkəsi vasitəsilə ictimaiyyətin nəzərinə çatdırmaq oldu.Allaha şükürlər olsun ki, bu günə qədər yazarlara dəstək olmaq üçün müxtəlif məqsədyönlülüyü layihələr hazırlayıb gerçəkləşdirdik.
    Sonradan rəhbərliyinin qərarına əsasən, məni Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Təsisçisilər Şurasının başqanı seçdilər.Nə etmək olar ki, görünür, portal rəhbərliyi belə qərar qəbul edib. Portal Rəhbərliyinin qərarına hörmətlə yanaşmaq lazımdır”.

    -Portalı təsis edəndən sonra rəhbərliyə hər hansı bir təkliflə müraciət etdinizmi?

    -Əlbəttə! İllər öncə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalını təsis edəndən sonra rəhbərliyə təklif etdim ki, qısa zaman kəsiyində Türk dünyasına daxil olan dövlətlərin hər hansı birinin dilində yazıb, ədəbi-bədiii yaradıcılıqla məşğul olan yazarlar haqqında olan bilgiləri yayınlamala kifayətlənmək lazım deyil.Həm də mədəniyyət xəbərlərindən də yayınlamak gərəkdir.Rəhbərlik bu təklifi qəbul etdi və portalı “Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı” adlandırdılar.Sonradan portal “Ziyalı Ocağı” İctimai Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının tərkibində fəaliyyət göstərdi.Bir müddətdən sonra isə ayrılaraq müstəqil elektron orqan kimi fəaliyyət göstərdi.

    -Rəhbərliyin qərarı ilə portalın idarə heyətindən uzaqlaşdırımamışdan öncə hansı hadisələr baş verdi?

    -Doğrusu, portalın rəhbərliyindən uzaqlaşdırılmamışdan öncə Rəhbərliyin qərarı ilə məni Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Təsisçilər Şurasınnı başqanı seçdilər.Yeni layilər hazırlayıb Rəhbərliyə təqdim etməyimi istədilər.Mən də “Nakam şairləri unutmayaq!” adlı yeni layihəni hazırlayıb təqdim etdim.Müsbət cavab aldım.
    Layihə həmin gün Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının və Gündəlik İnformasiya Agentliyinin səhifələrində dərc olunaraq facebook sosial şəbəkəsi vasitəsilə ictiamiyyətin nəzərinə çatdırıldı.Daha sonra Portalın Direktoru Rafiq Odayın rəhbəri olduğu “Azərbaycanın istedadlı gənc yazarlarına dəstək” layihəsi gerçəkləşdirildi.İlk dəfə olaraq ədəbi-bədii yaradıcılıqla məşğul olan bir neçə gənc yazar Nofəl Ümid, Sərvər Kamranlı, İltimas Səmimi haqqında olan bilgilər və ədəbi-bədii nümunələri dərc olundu.Hər biri Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü seçildi.Çünki portal yaradılarkən qərara alınmışdı ki, yazıalrı portalın səhifələrində dərc olunan yazarların avtomatik olaraq Portalın Fəxri üzvü olur.

    -Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının inkişafında kimlərin və nəyin rolu az olmayıb?

    -Bu illər ərzində portalın inkişafı üçün Çağdaş Azərbaycan ədəbi elektron məkanında fəaliyyət göstərən müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portalların rəhbərlərinin da rolu az olmayıb.

    -Portala yeni layihələri həyata keçirməkdə hansı portallar daha çox kiməklik edib?

    -Doğrusu, əgər Çağdaş Azərbaycan ədəbi mühitində fəaliyyət göstərən müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portalların rəhbərliyinin həm informasiya, həm təşkilati, həm də maliyyə dəstəyi olmasaydı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı heç bir məqsədyönlü layihəni gerçəkləşdirə bilməzdi.Bu danılmaz faktdı.Buna görə də, öz adımdan “Carci.az” saytının, “Shahbulaq.az” Müstəqil Ədəbiyyat Portalının, “Atev.az” portalının, “Eqoist.net” ictimai-ədəbi portalının, “Dokkuziklim.net” portalının, “Turkbir.info” portalının, “Bizimle.org” portalının rəhbərliyinə təşəkkürlərimi bildirirəm və uğurlar arzulayıram!

  • “Carci.az” saytı haqqında bilgilər

    1483881_1463106443906987_591616497_n

    İnsanları xəbər baxımından marifləndirən, o cümlədən kalifey sənətkarların xatırlanması, daimi yaşadılması məqsədi daşıyan və “Vətənpərvər” xidmətləri ilə xüsusi seçilən Carçı.az sayıtı 2013-cü il 22 oktyabr tarixindən istifadəyə verilib. Göstərilən tarixdən ilk “xəbər” xidmətinə başlayıb.
    Sayıtın Rəhbəri Orxan Carçının sayıtı yaratmaqda məqsədi; təkcə xəbər yönlü xidmətlər deyil. Onunla yanaşı Ədəbiyyat yazılarına da, böyük önəm verməkdir.
    Carçı.az sayıtı heç bir “Siyasi partiyaya” “Dini qurumlara” “Təşkilatlara” xidmət etmir. Sayıtda kimliyidən asılı olmayaraq, vətəndaşların şəxsiyyətlərinin aşağılanmasına, onun kimi xəbərlərin və yazıların çıxarılmasına yol verilmir. Bütün hallarda Müəllif: hüquqları qorunur. Bu sayıtın üstün cəhəti bitərəf mövqe seçməkdir.
    Qeyd edək ki, Hər il Azərbaycanda Azərselin baş sponsurluğu ilə xəbər portallarının yarışması keçirilir. Carçı.az sayıtı da, həmin yarışmaya qoşulmuş və Azərbaycan üzrə 401 sayıt arasından seçilərək onluğa düşmüşdür. Hər il olduğu kimi bu il də onluğa düşən sayıtlara, mükafatlandırılmada iştirak etmək üçün dəvətnamə göndərilmişdir. Sayıtın rəhbəri Orxan Carçı həmin tədbirdə iştirak etmişdir. Tədbirdə Azərsel rəhbərliyindən, Rabitə nazirliyindən və başqa nüfuzlu şirkətlərin nümayəndələri iştirak etmişdir. Indi həmin dəvətnaməni sizlərə təqdim edirik. Carçı.az sayıtına uğurlar diləyirik.

  • Riyazi DEMİRÇİ.”Güzellerin Sultanı” (Yeni şeir)

    1485004_1430172863867012_1687380679_n

    Güzellerin Sultanı

    Güzellerin sultanı
    Melek senden utanı
    Çagırağ sevenleri
    Aşka neşe katanı

    Sen gönlüme bir yarsın
    Sözlerime kararsın
    Unutmam inan seni
    Sen dünyamda bir varsın

    Sevmişem güzel seni
    Yok vardan yoktan seni
    Ben senden hiç kıskanmam
    Görsem de xaxtan seni

    İpek saçın hörürem
    Her gün seni soruram
    Böyle güzel meleksin
    Ruyamdasın görürem

  • “Nakam şairləri unutmayaq!” layihəsi

    files

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına istinadən yaydığı məlumata görə, mart ayının 23-dən-26-a qədər “Nakam şairləri unutmayaq!” adlı layihənin həyata keçirilməsi nəzərdə tutulub. Layihənin rəhbəri Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Təsisçisilər Şurasının başqanı, gənc yazar Kənan Aydınoğludur.Layihə çərçivəsində gənc yaşlarında həyata gözlərini yummuş yeni nəsil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri olan nakam şairlərin şeirləri Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının səhifələrində dərc olunaraq facebook sosial şəbəkəsində ictimaiyyətin nəzərinə çatdırılacaq.

    İnformasiya dəstəyi : “Carci.az” və “Atev.az”
    Təşkilati dəstək : “Shahbulaq.az” Müstəqil Ədəbiyyat Portalı və Gündəlik İnformasiya Agentliyi
    Maliyyə dəstəyi : “Konsaltinq-az.com”

  • Debüt: Fərhad METE (Sumqayıt).Şeirlər

    загруженное

    “Nakam şairləri unutmayaq” layihəsi çərçivəsində

    Fərhad METE 1976-cı ildə Sumqayıt şəhərində anadan olub.Bakı Slavyan Universitetinin Ədəbi yaradıcılıq fakültəsini bitirib.Şeirləri qəzetlərdə, dərgilərdə, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
    Ölümündən bir qədər öncə Akif Səməd adına Poeziya ödülünə layiq görülmüşdü.Ölümündən sonra “Bu şəhərə uzaqdan baxarsan” (2009) şeirlər kitabı işıq üzü görüb.
    Fərhad Mete 2009-cü il avqust ayının 3-də Bakı şəhərində faciəli şəkildə avtomobil qəzasında həlak olub.
    HƏYAT

    Bütün ajı xəbərlər gejə saatlarında gəlir,
    məsələn, bir körpənin doğuluşu xəbəri.
    Və nöqtə qoyur kişiylə qadının ayrılmaq istəyinə-
    həm də əgər bu, oğlan uşağıysa.
    Bütün ajı xəbərlər gejə saatlarında gəlir.
    Məsələn, “oğlunuz savaşa gedir” xəbəri.
    Və nöqtə qoyur kişiylə qadının ayrılmaq istəyinə-
    həm də əgər geri dönəjəyi bəlli deyilsə.
    Bütün ajı xəbərlər gejə saatlarında gəlir,
    Məsələn, “oğlunuz əsir düşüb” xəbəri kimi
    Və nöqtə qoyur kişi ilə qadının ayrılmaq istəyinə
    Həm də əgər xilasına ümid qalmışsa…
    Bütün ajı xəbərlər gejə saatlarında gəlir,
    Məsələn “oğlunuz güllələnib əsirlikdən qaçarkən”
    xəbəri kimi –
    Və nöqtə qoyur kişi ilə qadının ayrılmaq istəyinə.

    AİLƏ

    Bir sabah ayılıb görsən ki, hər şey dəyişib,
    yəni gördüyün kimi deyil nə varsa-
    yəni göy üzünün yerində günəşdi.
    Sonra yadına düşsə ki, yuxuda qadın görmüşdün-
    uşaq yerinə iri buğda dənəsi doğan çılpaq qadın.
    Qorxma, sığal çək sevgilinin saçlarına
    və pıçıltı ilə “səni sevirəm” de,
    o da mütləq “mən də sevirəm” deyəjək.
    O sabah ayılıb görsən ki, hər şey dəyişib
    yəni gördüyün kimi deyil nə varsa,
    bom-boz evlərin önündəki dəniz deyil, zəmidir-
    həm də içinə girib aza biləjəyin qədər sonsuz zəmi.
    Sonra yadına düşsə ki, yuxundakı o qadın
    qorxudan atıb getmişdi ağlayan buğda dənəsini.
    Qorxma, baş əyib sevgilinin önündə diz çök
    və pıçıltıyla “mənə ümid ver” de.
    O da mütləq “mənəm ümüdin” deyəjək.
    O sabah ayılıb görsən ki, hər şey dəyişib
    Yəni gördüyün kimi deyil nə varsa,
    yəni birləşir günəşlə o sonsuz zəmi
    birləşdikjə də boğulursan, nəfəsin kəsilir.
    Yadına düşəjək ki, yuxuda ağlayan buğda dənəsini
    qujağına alıb qaçmışdın arxana baxmadan.
    Qorxma, qaldır otağın künjündəki boş beşiyin örtüyünü
    və soruş sevgilindən “içində bir şey tərpəndimi?” deyə,
    O da mütləq “tərpəndi” deyəjək.
    Mütləq deyəjək.

    HƏLƏ VAXT VAR…

    Alatoran…hamı susur…
    On yeddi nəfər qalmışıq.
    Az sonra- siqnal fişəngindən sonra
    ikinji həmlə olajaq qarşıdakı səngərə.
    Hələ vaxt var ölənləri saymağa,
    sonra bir siqaret yandırıb səni xatırlamağa…
    Yadıma düşür, meydan izdihamının içində
    düyünləyib hirsimi-hikkəmi,
    ən çox da sənə olan sevgimi
    yumruq şəklində qaldırmışdım göylərə.
    Və o şairin nitqindən sonra
    “azadlıq” sözünü üç hejaya bölüb
    bağırmışdım bağıra bildikjə-
    nə boyunduruqdan, nə də köləlikdən,
    səndən azad olmaq üçün.
    Hələ vaxt var…
    Axşamları çörək növbələrində
    baxışları yerə dikilmiş,
    bir-birindən utanan insanların içində
    səni axtarmışdım.
    Sonra satıjı xanımın sanki qəsdən
    “Bəlkə bu axşam çörək olmadı” sözündən sonra
    izdihamdakı “Azadlıq!” bağırtımı xatırlamışdım
    və küsmüşdüm sənə olan ehtiyajımdan.
    Üstü yaşıl örtüklü şəhid tabutu önündə
    jənazə namazı qılarkən
    səni istəmişdim ayaqda və səjdədə.
    Və bir gün qapınıza gəlib…
    Bu da siqnal fişəngi,
    vaxt bitdi…
    Yadda saxlayın – on yeddi nəfər qalmışdıq.
    İkinji həmlədən sonra
    yenidən sayarsınız ölənləri
    və bir siqaret yandırıb xatırlayarsınız –
    mən olmasam…

    YOXLUĞUN…

    Sadəjə gedişin deyil yoxluğun…
    Baxıram pənjərədən, sanki hər şey yerində –
    sabahlar məktəbə gedən uşaqlar,
    göy üzünə bulud kimi dağılan quşlar,
    azad, qayğısız uçuşlar.
    Və televizyondakı savaş xəbərləri
    Fələstin, İraq, Somali-
    Bombalanmış şəhərlər,
    Küçələrdə sürünən yaralılar,
    Ölmüş qızına ağlaya bilməyən ata,
    Yarıçuq divarın kölgəsində gizlənən ölüm,
    O biri üzündə nəfəsini dərən fotorepartyor,
    Dodağında qorxulu gülüş…
    Yox…sadəjə gedişin deyil yoxluğun…
    Bir azdan
    Ölüm dəyişəjək yerini,
    Keçəjək divarın o biri üzünə-
    Fotorepartyorun gülüşü donajaq dodağında,
    Çəkdiyi şəkillər kimi…
    Ata qızını penjəyinə büküb aparajaq,
    Sonra yaralıları güllələyəjəklər…
    Dağılmış şəhərə qaranlıq çökəjək.
    Sabaha qədər bir sükut yaranajaq
    Və şəhər nəfəsini dərəjək ki,
    Sabah hər şey yenidən başlasın
    Elə yoxluğunda…

    İstədiyin kimi – Fərhad Mete
    İstədiyin kimi oldum –
    Belə güjlü, belə sərt və heç vaxt ağlamayan,
    Gülümsəyən gözlərində böyütdün məni,
    Sonra hazır sabahları yaratdım sənin üçün,
    Sən yatmışkən
    Qaranlıqlardan keçən hazır sabahları,
    Küçələrdə ölmüş quşlara jan verdim,
    Ayaqlarıma yıxılan köpəklərin başını tumarladım –
    Hürməsinlər deyə,
    Ağajların qəddini düzəltdim, çiçəkləri rənglədim,
    Divara yazılmış ” sevirəm ” sözünün üstünü qaraladım,
    Yenidən sabah oxuyasan deyə.
    Bütün səsləri içimə çəkdim oyanmayasan deyə.
    Sənə yuxuları verdim qarmaqarışıq,
    İçində ölmüş quşlar, qəddi əyilmiş ağajlar,
    Rəngsiz çiçəklər, üstünə qaçıb ayaqlarına yıxılan küçə köpəkləri,
    Bir da bəyaz divarlarda “üstəgəl” və “bərabərlik” işarəsi…
    Sirrini tək mən bildiyim qarmaqarışıq yuxuları verdim sənə,
    Hər sabah onları nəyəsə oxşadasan deyə…
    Sonra qayıdıb yatağına gəldim, uzun-uzadı üzünə baxdım,
    Və dedim astadan, pıçıltı ilə:
    İstədiyin kimi oldum,
    Səni sevdiyim üçün.
    Mən – atasız, utanjaq və qorxaq yeniyetmə…

  • Debüt: Zərdüşt ŞƏFİ (Qəbələ).Şeirlər

    250px-Zərdüşt_Şəfi

    “Nakam şairləri unutmayaq” layihəsi çərçivəsində

    TƏRCÜMEYİ-HAL

    Zərdüşt Şəfi 1986-cı ilin 19 noyabr tarixində Qəbələ rayonunun Bum qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdir. 2006-cı ildə Xəzər Universitetinin jurnalistika fakültəsinə daxil olmuş və 2010-cu ildə həmin fakültənin məzunu olmuşdur. 2005-ci ildən etibarən hekayə və esseləri dövrü mətbuatda dərc olunmağa başlamışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mədəniyyət və Turizm Nazirliyinin və Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin 2008-2010-cu illərdə məsul katibi və fəal üzvlərindən biri olub.
    2009-cu ildə Bizim Yol qəzetinin keçirdiyi sorğuya əsasən, “İlin gənc yazıçısı” mükafatı ilə təltif olunmuş, gənclərə dəstək məqsədi ilə verilən birillik prezident təqaüdünə layiq görülmüşdür. 2012-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin ilin gənci fəxri adına layiq görülmüş, 2012-ci ilin 3 avqust tarixində Bakı şəhərində qan xərçəngi xəstəliyindən vəfat etmişdir. 2011-ci ildə nəşr olunan “Başqa adamlar” kitabında müəllifin son beş ildə yazdığı hekayələr toplanıb. Zərdüşt Şəfizadə hekayə və essələrindən əlavə həm də bir çox şeirlərin, bir tamamlanmamış və iki yarım qalmış romanın müəllifidir.
    Zərdüşt Şəfinin özü barədə olan fikirləri:1986-cı ildə (özümdən aslı olmayan səbəblərlə) doğulmuşam. Nə vaxt öləcəyim hələ dəqiq məlum deyil. Bir dəqiq bildiyim var: yolum uzundu, yüküm ağırdı! Dünyaya gələrkən heç kimlə heç bir şərtlə müqavilə bağlamamışam. Yeganə bağlılığım YARADANladı – bir tək onu tanıyıram bu dünyada qalan hər kəs və nəsnə şərtidi. Hər yaşdan dostlarım çoxdu. Hər birinin özünə görə hörməti var. Onlar varlığımın bənzərsiz şahidləridi. Mən də onların şahidlərindən biriyəm. Ən pis xüsusiyyətim ən yaxşı xüsusiyyətimlə bağlıdı: pisliyi də yaxşılıq kimi qətiyyən unutmuram!

    ŞAİRİN ÖLÜMÜ

    Eynən qatarların vəziyyətindəyəm.
    Onlarçın qandal relslərdən çölə,
    azadlığa çıxmağın bircə yolu var – QƏZA!

    SALAM SARVAN

    Kim unudub məni yol ayrıcında-
    gəlsin qucaqlasın,
    gəlsin aparsın…
    Bu ömrü yolundan çıxarar qəza-
    gəlsin qabaqlasın,
    gəlsin saxlasın…
    Mən ölümə gedən adamam, adam-
    yadlara doğmayam,
    doğmaya yadam…
    Bir göyərçin gəlib, əlimə qonub
    Əlimdə bir yuva salıb göyərçin,
    Uçub getməyəcək, mənim olacaq,
    Sevinib, əlimdə qalıb göyərçin,
    yellədə bilmərəm əlimi daha-
    əllərim göyərçin yuvalarıdı-
    qatarlar aparsa əzizlərimi…
    Üzündə əl izim qalıbsa, gülnar,
    məndə əl qalmayıb,
    sil izlərimi…
    Bağışla ömrümü,
    uzun gecədi-
    Bir say ulduzları, bax gör neçədi?
    Bildir Günəşimə, səs sal Ayıma,
    Bir gecə qısqanıb məni dənizə
    ölüm at ömrümə-
    zəhər çayıma…
    Mən o gün biləcəm-
    O gəlib bizə…
    Mən o gün dönəcəm düz kəndimizə…

    TƏLƏSGƏN!

    Özümdən çıxmışam,
    mən yoxam daha,
    ruhumun həmdəmi,
    üfüq xəttimsən-
    mən sənə gəlirəm, özümdən keçib!

    Sənə çatmaq çətin
    ələ keçməzsən,
    neyləsəm-
    əlimdə bir boşluq qalar!

    Uzanar, qıvrılar, yollar dolanar,
    zaman susar qumda ayaq səsindən,
    ancaq bu bədəni tanıyan bilər-
    neyləsəm, qan iyi gələr nəfsimdən,
    ağlayar içimdə əlacsız ruhum-
    neyləsə, üzümdə bir şeytan gülər…

    Yalnzliq olarsa əzab çəkdiyim
    oxuyar dodaqlar səssiz duasın-
    la ilahə illəllah- deyə bitər təkliyim…

    * * * * *

    Əlini uzat,
    bu ağ kağıza
    barmaqlarından axacaq sətir-sətir sözlər…
    Sən heç şeir yazdınmı?

    Gözlərin susur,
    kipriklərinə tökülmüş
    alın yazının qalıqları
    danışacaq indi-
    Sən heç qar olu byağdınmı?

    Uzaqda üfüq xəttində
    qıp qırmızı bir od parçası var,
    neçə min ildi yanır-
    kimisevir
    heç kim bilmir,
    bilməyəcək…
    Sən heç şair sevdinmi?

    * * * * *

    Susub,
    içimdəki Günəş də susub,
    susur gözümdəki ümidin səsi..

    Bir günəş axşamı,
    günəş sabahı
    tutub silkələsəm bu məmləkəti-
    qar yağar səmadan,
    qar çıxar yerdən,
    hər tərəf qar kimi ağın yurdudu…

    Mənə qar nə lazım,
    Ağı sevmirəm.
    Mənə qaranlıq bir guşə gərəkdi…

    Mən qara torpaqlar,
    qara mayelər,
    qara sevdaların yurdundan gəldim,
    Mən qara-adamam,
    Mən qara adam.

    Bir uzaq meşədə unudun məni,
    şaxtadan ağarsın-əlim,
    ayağım,
    Bir az da qar sürtüm dodaqlarıma-
    Olum qar-adam…

  • “Azərbaycanın istedadlı gənc yazarlarına dəstək” layihəsi

    Rafiq Oday foto

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına istinadən yaydığı məlumata görə, mart ayının 22-dən-26-a qədər “Azərbaycanın istedadlı gənc yazarlarına dəstək” layihəsini həyata keçirir.Layihənin rəhbəri Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Direktoru Rafiq Odaydır.Layihə çərçivəsində Azərbaycan Respublikasında yaşayıb ədəbi-bədii yaradıcılıqla məşğul olan gənc yazarların ədəbi-bədii nümunələri, poeziya örnəkləri, məqalələri, publisistik qeydləri, poemaları Gündəlik Informasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının səhifələrində ictimaiyyətin nəzərinə çatdırılacaq.

    İnformasiya dəstəyi : “Carci.az” və “Atev.az”
    Təşkilati dəstək : “Shahbulaq.az” Müstəqil Ədəbiyyat Portalı və Gündəlik İnformasiya Agentliyi
    Maliyyə dəstəyi : “Konsaltinq-az.com”

  • Debüt: Nofəl ÜMİD (Tərtər).Yeni şeirlər

    1958034_571552409618430_496232646_n

    Nofəl ÜMİD (Qədimov Nofəl Yurist oğlu) 1985-ci il yanvar ayının 26-da Ağdərə rayonunun Umudlu kəndində anadan olub.1991-2002-ci illərdə Tərtər rayon 6 saylı orta məktəbdə təhsil alıb.Baki Abadliq Xidməti MMC-də işləyir.
    2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İdarə Heyətinin üzvüdür.

    YOLUNU GÖZLƏDİM

    Sən getdin, qəm aldı qoynuna məni,
    Çökdürdün ömrümə dumanı, çəni.
    Fələk də gətirdi saçıma dəni,
    Hər gecə əllərim uzandı göyə,
    Yolunu gözlədim, dönərsən deyə.

    Sən getdin, səninlə getdi bu ürək,
    Həsrət acısında bitdi bu ürək,
    Söndü, daşa döndü, itdi bu ürək,
    Köksüm buz bağladı… Bilirsən niyə?
    Yolunu gözlədim, dönərsən deyə.

    Bir sevgi yaratdıq saysız, qədərsiz,
    Birgə addımladıq dərdsiz, kədərsiz.
    Niyə getdin axı,bu eşq bəhərsiz.
    Qoymadım qəlbimə yad nəfəs deyə,
    Yolunu gözlədim, dönərsən deyə.

    “Ayrılaq” söylədin, qırıldı qolum,
    Sanki son mənzilə açıldı yolum.
    Nədir bu iztirab, qurbanın olum,
    De, kimə dəyişdin məni, de, nəyə?!
    Yolunu gözlədim, dönərsən deyə.

    01.02.2010

    MƏN SƏNİ SEVDİMKİ…

    Mən səni sevdim ki, eşq dünyasının,
    Qəlbə məlhəm olan şərbətin dadım.
    Ürəkdə yurd salmış qəm dəryasının
    İçində sönməyən sevinc oyadım.

    Mən səni sevdim ki,könül bağçama
    Sevginin nurundan ətir yayasan.
    Səni sevmədim ki,məni tərk edib
    Kövrək ürəyimi yetim qoyasan.

    Mən səni sevdim ki, qalan ömrümü
    Sənli duyğularla vuraram başa.
    Bahar arzusuyla gəlmişdim sənə,
    Bu cavan ömrümü döndərdin qışa.

    Mən səni sevdim ki, kədərdən uzaq,
    Xoşbəxt ömür sürüm bu qərib yerdə.
    Mən səni sevdim ki, sevdim ki, səni
    Həm yanımda görüm, həm saf qəlbimdə.

    Mən səni sevdim ki, o gözəlliyi
    Əbədi, xoşbəxt bir ömrə qərq edim.
    Səni sevmədim ki, təklikdən bezib,
    Zamanım gəlməmiş məzara gedim.

    03.03.2011

    ZƏFƏR BAYRAĞI

    Şuşa haray salıb, qorxmaz igidlər,
    Toplanıb vətənçün göstərək hünər!
    Hücumda inamla qazanaq zəfər,
    Dığaları boğaq qan dənizində,
    Bayraq asmalıyıq Cıdır düzündə!

    Çəkim ürəyimə yurdun nəfəsin,
    Yığılsın yollardan gözü hər kəsin,
    Anama gətirim zəfər müjdəsin.
    Qürur cilvələnsin “Oğul!” sözündə,
    Bayraq asmalıyıq Cıdır düzündə!

    Elim, sənsiz qanad aça bilmirəm,
    Nə haraya, haya qaça bilmirəm,
    Şadlanıb göylərə uça bilmirəm,
    Dözmürəm gördükcə kədər gözündə,
    Bayraq asmalıyıq Cıdır düzündə.

    29,04,2011

    SÖNMƏSİN, ALLAH!

    Qartal o dağların yaraşığıdır,
    Büdrəyib düzlərə enməsin , Allah!
    Sevən ürəklərdə bahar çağıdır,
    Dərdi lala döndər, dinməsin,Allah!

    Neçə ocaqlara kədər gətirdik,
    Neçə könüllərdə həsrət bitirdik.
    Mərdliyi, saflığı vaxtsız itirdik,
    O günlər geriyə dönməsin, Allah!

    Nofələm, Dərd adlı dərin ümmanam,
    Düzü, həqiqəti çətin ki danam.
    Saf sevgi, düz ilqar, bir də ki inam
    Qəlblərdə yaşasın, sönməsin,Allah!

    03.03.2011

  • Debüt: Sərvər KAMRANLI (Yardımlı).Yeni şeirlər

    1947680_476081245851632_228659506_n

    TƏRCÜMEYİ-HAL

    Sərvər KAMRANLI (Kamranlı Sərvər Rəhman oğlu) 1987-ci il mart ayının 12-də Yardımlı rayonunun Dağüzü kəndində ziyalı ailəsində anadan olub.
    1993-2004-cü illərdə Aslan Eyvaz oğlu Kərimov adına Yardımlı rayon
    Dağüzü kənd orta məktəbdə təhsil alıb.2005-2006-cı ildə ordu sıralarında hərbi xidmətdə olub.
    Şeirləri və məqalələri müntəzəm olaraq “Oxu məni” qəzetində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
    2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İdarə Heyətinin üzvüdür.

    BİLİRSƏN, AY GÖZƏL NƏ ISTƏYIRƏM…

    Bilirsən, ay gözəl nə istəyirəm?
    Tək məni sevməyin adətin olsun.
    Adımı eşitcək sevinc göz yaşı
    Qara gözlərinin qisməti olsun.

    Qatma, gəl, sevgimə hicran qəmini,
    Eşqimlə qoşa tut daim eşqini.
    Yaşayıb mənimlə vüsal dəmini
    Həsrətə ömürlük nifrətin olsun.

    Saf, təmiz sevginlə bəsləyib məni,
    Bütün gözəllərdən gizləyib məni,
    Allahdan duanda istəyib məni
    Bəxtinə yazmağı niyyətin olsun.

    DODAQ SUSUR,GÖZ DANIŞIR

    Baxdıqca sənin şəklinə,
    Dodaq susur, göz danışır.
    Əlim çatmayır əlinə,
    Dodaq susur, göz danışır.

    Həsrətindən gilə-gilə,
    Göz yaşlarım dönür selə.
    Dözmür artıq, gəlir dilə,
    Dodaq susur, göz danışır.

    Sənlə olan o günləri,
    Ötüb keçən o illəri,
    Ürəyimdən keçənləri
    Dodaq susur,göz danışır.

    Durmur, rahat qalmır yenə,
    Sözlə dolu olan sinə.
    Səni görəndə əksinə
    Dodaq susur, göz danışır.

    GÖZLƏRİNƏ QOŞULAN NƏĞMƏM

    Sənin gözlərinə mahnı qoşmuşam…
    Sözlərin mən yazdım, bəstəsin eşqim.
    Səni – səndən gizli oğurlamışam,
    Müqəssir mən oldum, təqsirkar sevgim.

    Sən mənim ömrümə heç gəlməmişdən,
    Tənhaydım,yalqızdım…Sonunda bezdim.
    Əl açdım göylərə, sevgi istədim,
    Rəsmini mən cızdım,boyadı RƏBBİM.

    Sevgi dünyasında hakim bilmədim,
    Yolumu tez azdım, gör, nələr etdim!
    Qıymadım bu fani dünyaya səni,
    Qəbrini mən qazdım, məzarın qəlbim…

    ZAMAN HƏMİN ZAMANDIR!

    Demə həyat dəyişib, demə dövran dəyişib,
    Demə dünya namərdlə pis əməldə birləşib.
    Haqq sözü gücdən düşüb, yalan deyən gücləşib.
    Dünyanı gözdən salan şeytan ruhlu insandır,
    Zaman həmin zamandır.

    Aldanırıq zahirən gözəl olan kəslərə,
    Dəyər də heç vermirik qəlbi gözəl şəxslərə.
    Yad elli kömək etməz, arxa olmaz bizlərə,
    Qaranquş gəldi –gedər, sərçə eldə qalandır,
    Zaman həmin zamandır.

    Nəfsimizə köləyik, bəşər yaranan gündən,
    Şeytana aldanmışıq, qovulmuşuq cənnətdən.
    Şöhrətpərəst insanlar əl çəkərmi şöhrətdən?!
    Ta məzara getməsə, çətin, gözlər doyandır!
    Zaman həmin zamandır.

    Kamranlı çox görübdür, yaltaq olan üzləri,
    Həqiqətə yumulan, kor olmayan gözləri.
    Qəlbləri parçalayan, dildən çıxan sözləri.
    Ox yayından çıxıbsa, günahkar ox atandır,
    Zaman həmin zamandır.

  • Debüt: Sadiq SALEH (Bakı şəhəri).Yeni şeirlər

    1964471_1416652048591795_782498213_n

    TƏRCÜMYİ-HAL

    Sadiq SALEH (Babazadə Sadiq Fəxrəddin oğlu) 1998-ci il mart ayının 23-də Bakının Binə qəsəbəsində anadan olub.2004-cü ildə Xəzər rayonu 121 saylı orta məktəbin birinci sinfinə daxil olub.
    Şeirləri “Zərif Beytlərimiz” adlı almanaxda, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
    Azərbaycan Respublikası Mədəniyyət-Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi2″nin üzvüdür.
    Gənc yazar Sadiq Saleh əruz vəznini daha mükəmməl bildiyi üçün ədəbi-bədii yaradıcılığında qəzəl janrına daha çox üstünlük verir.

    * * *

    Bəsdi duz tökdün , ey afət ürəyin yarəsinə,
    Bəlkə sən ərz edəsən? yarəmin ol çarəsi nə?

    Bəlkə səndən çox uzaqlarda qalan gözlərimin,
    Yaşi sənsən ki, gəlirsən gözümün qarəsinə.

    Ey təbib etmə dəva,dərdimə ,əl çək,çıx get,
    Yar edə vəsl ilə illac bu biçarəsinə,

    Qeysi məşhur eləyən aləmə sadiqliyidir,
    Eşq ola daima eşq mülkünün avarəsinə.

    Saleha,cəm ola aşiqlərin hər gün başıva,
    Ağlasın hər birisi qəlbinin hər parəsinə.

    * * *

    O bəlalər ki, mənim başima sevdadə gəlib,
    Misli zənn eyləmə bir aşiqə dünyadə gəlib.

    Kim eşitdikdə bu fəryadımı tə`n eylər idi,
    Mən düşən dərdə düşəndən oda fəryadə gəlib.

    Bu fəqir aşiqini qovma qapından şahım,
    Bir sual et qapına bil nə təmənnadə gəlib.

    Məqsədi canımı almaqdı cəfalərlə məgər,
    Bu pəri qətlim üçün aləmə amadə gəlib?.

    Dərdinə gözləmə dünyadə dəva bir kəsdən,
    Saleha aşiq üçün tək əcəl imdadə gəlib

    * * *

    Səndən,gözəlim,özgəyə biganəliyim var.
    Çün sadiqəm ilqarıma,mərdanəliyim var,

    Məcnunluğu ilə dəxi fəxr eyləməsin Qeys,
    Ondan da füzun eşqdə divanəliyim var.

    Mey içməyə yox hacətim,ey saqi,dəmadəm,
    Şövqi-ləbi-canan ilə məstanəliyim var.

    Eşq atəşinə yax məni,ey şəm`üzarım,
    Qorxan deyiləm zərrəcə,pərvanəliyim var.

    Saleh,nə olar yoxdu nəsibim bu cahandan,
    Sinəm kimi zinət dolu viranələliyim var.

    * * *

    Edib,ey badi-səba,rövzeyi-dildarə güzər,
    Aşiqin hali-dili-zarini ver yarə xəbər

    Söylə:hicrinlə günü qarədi,ey zülfü siyah,
    Vəslini aşiqə lütf eylə ola şami səhər

    Məni ol hurivəşin hicr odu agah etdi,
    Qafil idimsə bu aləmdə cəhənnəmdən əgər.

    Sən gedəndən çəkilibdir,mələyim,ərşə yuxum,
    Gəlir əfğanə fərağınla könül,sübhə qədər.

    Öylə viranədi könlüm, çətin abad olsun,
    Salmasan,rəhmə gəlib,ta ona lütf ilə nəzər.

    Dəhridə eşqidi mənası həyatın Saleh,
    Ömr ki, sərf ola aşiqlik ilə,getməz hədər

  • Bu gün Natiq Səfiyevin doğum günüdür

    Səfiyev Natiq Yusif oğlu 1939-cu il mart ayının 21-də Bakı şəhərində həkim ailəsində anadan olub.1957-ci ildə Quba rayon Alpan kənd orta məktəbini bitirmişdir.1958-1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası, 1970-1974-cü illərdə Mirzə Fətəli Axundov adına Dövlət Pedaqoji Universitetinin (indiki Bakı Slavyan Universitetinin) Rus dili və ədəbiyyatı fakültələrində ali təhsil alıb.1962-1964-cü illərdə ordu sıralarında hərbi xidmətdə olub.
    1965-ci ildən 2008-ci ilin sonlarına kimi Abşeron rayonu Xırdalan qəsəbə (indiki şəhər) orta məktəbində müəllim işləmişdir.
    1963-cü ildən respublika mətbuatında jurnalist kimi fəaliyyətə başlamışdır.Dövri mətbuat səhifələrində məqalələri, oçerkləri, müsahibələri, reportyor yazıları, kitablara yazdığı ön sözləri, zarisovkaları, dünya xalqlarının ədəbiyyatından etdiyi tərcümələr dərc olunmuşdur.
    Jurnalistik fəaliyyəti ilə məşğul olan Natiq Səfiyevin yazıları “Azərbaycan müəllimi”, “Azərbaycan pioneri”, “Azərbaycan”, “Abşeron”, “Naxçıvan”,”Yeni həyat”, “Azad hüquqşünas”, “Yeni təfəkkür”, “Kredo”, “Meridian”, “Vətən övladı”, “Şəkərvillası”,”Bahar”, “Təşviqatçı”, “Qobu”, “Savalan”, “Zaman”, “Panorama”, “Ədalət və Həqiqət”, “Say”, “Mədəni-Maarif”, “Qala”, “Qanun naminə”, “Bütöv Azərbaycan”, “Carçı”, “Ömür yolu”, “Pressfakt”, “Açıq Səma”, “Pioner”, “Azərbaycan məktəbi”, “Azərbaycan təbiəti” və s. qəzet və jurnallarında,o cümlədən xarici mətbuat səhifələrində dərc olunaraq yayımlanmışdır.
    Natiq  Səfiyevin indiyədək iki metodiki, iki tərcümə ( “Qəribə tütək”, “Köhnə dəyirman”), üç memaur (“Məni yaşadan xatirələr”, “Yadda qalan günlərim”, “Ömür salnaməsi”), didaktik hekayələr toplusu (“Babam mənim”), fotoalbom (“İşıqlı dünyam”) kitabları çapdan çıxmışdır.
    Onun haqqında yüzdən çox məqalə, oçerk, üç kitab yazılmışdır (Akif Şahverdiyev “Ömrə sığmayan həyat”, Güntəkin İlyasovanın tərtibində “Natiq Səfiyev: -“Biblioqrafik göstərici”, Hikmət Məlikzadənin tərtibində “40 il mətbuatda”).
    O, məktəbdə çalışdığı müddət ərzində 14 yaradıcı diplom, 46 fəxri fərman,5 təşəkkür məktubu və 5 nişan almışdır.1989-cu ildə ona “Əmək veteranı” medalı verilmişdir.
    “Qobu” qəzetinin ilk xüsusi buraxılışında Natiq Səfiyevin Azərbaycan mətbuatında 50 illik fəaliyyətinə həsr olunmuş materiallar verilmişdir.
    2010-2013-cü illər ərzində Natiq Səfiyevin dünya yazıçılarının əsərləri və dünya xalqlarının nağıllarından etdiyi 600-dən çox yazılar 20-dən artıq mətbu orqanların səhifələrində işıq üzü görmüşdür.Materialların çoxu “Bahar çiçəyi” və “Açıq Səma” qəzetlərinin xüsusi buraxılışlarında dərc olunmuşdur.
    Natiq Səfiyev 1996-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2006-cı ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.”Qızıl qələm” media mükafatı laureatıdır.”O nekotorıx storonax nravstvennoqo vospitaniya uçaşixsya na urokax ruskoqo yazıka”, “Orqanizaçiya vneklassnoy rabotı po ruskomu yazıku i literature v Azerbaydjanskoy şkole”, “Qəribə tütək”, “Məni yaşadan xatirələr”, “Köhnə dəyirman”, “Yadda qalan günlərim”, “Ömür salnaməsi”, “Mənim babam”, “İşıqlı dünyam”, “Nicat” kitablarının müəllifidir.
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Natiq Səfiyevin üç qızı və altı nəvəsi var.Hal-hazırda o, təqaüddədir.

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    48000_129777903874457_1650907077_n3

    ***

    Könül vəsf eləmir ölümü çox vaxt.
    Azalt əzrayıla duanı, gözəl.
    Şəklimi vururblar dar ağacına,
    Mən çox gözləmişəm bu anı, gözəl.

    Vida yaylığımı yellədiyin, qız?
    Yaxası qızarır danımın, tez gəl.
    Kölgəm biçarənin tapdığı kətil,
    Edam kötüyüdür canımın, tez gəl.

    Bu qədər ağlama, gözlərim bezir,
    Bir ovuc havadı xoş xəyallar da…
    Nə məğzi bilinir, nə vergülü yox,
    Ta künc yazısıdı xoş xəyallar da.

    Harama öyrətmə əlini, nolar…
    Mizrab toxunmamış simsən, divanə.
    Di gəl, halallaşaq, kəndir nəmlənib,
    Bir Tanrı biləcək kimsən, divanə.

    ***

    Sev məni, demirəm bir ovuc eşq ver,
    Sev ki, hisslərimə rəng vura bilim.
    Nə çox söndürürsən telefonu, qız,
    Xətti açıq qoy ki, zəng vura bilim.

    İblis də yan ötür, mələk də, neynim?
    Kim töksün aşımın duzunu axı?!
    Sən mənə demişdin muğayat olum,
    Qurban kəsəcəklər quzunu axı…

    Nar kimi çatlayır baxışım hərdən,
    Sən də, elə bil ki, şüşəsən, canım.
    Yaman tərs baxırsan uzaq səmtlərə,
    Bəlkə yad gözlərdən düşəsən, canım?

  • Gənc yazarın poeması Qardaş Türkiyə Cümhuriyyətində dərc olunacaq

    kapak_29k

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən Tokat Şairler ve Yazarlar Derneğinə istinadən yaydığı məlumata görə, “Kümbet” eğitim, kültür, sanat ve edebiyyat dergisinin növbəti buraxılışında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlunun Türk-İslam dünyasının qurulmasında, Osmanlı İmperiyasının ərazi bütövlüyünün qorunub saxlanmasında öz İGİDlik borclarını layiqincə yerinə yetirən Nuru Paşa, Osman Qazi, Ərtoğrul bəyin cəsarətinə, şanlı-şərəfli Türk bayrağına, Türk dilinə, İslam dininə, “Qurani-Kərim”ə olan sonsuz məhəbbtindən yoğrularaq ərsəyə gəlməsindən bəhs edən “Türkün Türkçülük dastanı” poeması Azərbaycan türkcəsində yayınlanacaq.Poemanın redaktoru Azərbaycan Respublikasının Xalq şairi, Əməkdar incəsənət xadimi Nəriman Həsənzadə, ön sözün müəllifi filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, “Vektor” Beynəlxalq Mükafatı laureatı Eyvaz Eminalıyev, məsləhətçisi filologiya elmləri üzrə fəlsəfə doktoru Törə Məmmədovadır.Poemanı Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə edən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü Kamran Murquzovdur.
    Qeyd edək ki, “Türkün Türkçülük Dastanı” poeması 2011-ci ilin sonu-2012-ci ilin əvvəlidə Bakı şəhərində qələmə alınıb.Bu günə qədər heç bir mətbu orqanda dərc olunmayıb.

  • Tural ADIŞİRİN.Yeni şeirlər

    1074982_658737037520857_965852156_n (1)

    Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

    *****

    Dünyanın yeriyən ağaclarıyıq
    Bahara həmişə çatar əlimiz
    Dünyanın yeriyən ağaclarıyıq
    Bir yaşıl yarpaqdır hər əməlimiz

    Palıdlar da bir az əfəldir hələ
    Onların yanında çox zirəyik biz
    Dumanlı, buludlu gündə də belə
    Düşər yer üzünə düşər kölgəmiz

    Bizim başımıza çıxmaq çətindir
    Sallaşan tapılar ətəyimizdən
    Bizi gövdəmizdən yıxmaq çətindir
    Ancaq yıxılarıq ürəyimizdən

    Torpaqda da olsa ayaqlarımız
    Kök atıb qalxarıq əllərimizdən
    Ağzı günə qalar budaqlarımız
    Ağlımızda yuva qurular bəzən

    Necə ki, necə ki dik dayanarıq
    Yanarıq, olsa da dörd yanımız buz
    Elə ağaclarıq höyüş yanarıq
    Dünya yığışsa da yanmaz qurumuz

    *****

    Qaragözlüm,sığal çəkmə bu qədər
    Yaman gözün,yaman olar qorxusu
    Sevdiyinə ürəyini aç barı
    Sevən qəlbin güman olar qorxusu

    Söylə sənsiz bu dünyaya nə baxım
    Qara olub hər açılan sabahım
    Ürəyimdə ümid adlı pənahım
    Qoruyuram,aman olar qorxusu

    Məhəbbət də qəlbdə ikibaşlıdı
    Sevənlərin hələ gözü yaşlıdı
    Sevgi yolu kəsəklidi,daşlıdı
    Olsa-olsa duman olar qorxusu

    Biləydim nədəndi

    Elə hey gələndi,gedəndi yollar
    İnsanlar elə hey tələsir,qaçır
    Ancaq sonralardan xəbərin ola
    Deməyin şairlər durub fal açır

    Biləsən ha yanda yolların uçrum
    Biləsən on addım,yüz addım qabaq
    Kimin bərəsinə düşəcək ovun
    Kimlər qismətindən qala yapacaq

    Biləsən tülkünün bəyliyi haçan
    Biləsən nədəndi bu olacaqlar
    İnana biləsən ömründən uçan
    Günlərin geriyə qayıdacaqlar

    Bəxtinə yazılan o hansı qızdı
    Biləsən lap elə doğulan günü
    Gözlərim neçə yol yolunu azdı
    Yalqız gecələrə çəkdi ömrümü

    Qardaş irəlidi axı qarından
    Axı bu dünyada ağ elə ağdı
    Adam var doymadı yerin varından
    Uçalıb göyün də südünü sağdı

    Hardasa sevgilər ağ günə çıxdı
    Hardasa sevinc var-ağlağan uşaq
    Mən bir vaxt gözümü torpağa sıxdım
    Yerində bənövşə bitmədi ancaq

    Dedim dağlar mənə qar payı saxlar
    Bulaqlar səsimə səs verər mənim
    Biləydim nədəndi bu olacaqlar
    Biləydim hayana yan alır gəmim.

    Bir də gördük

    Başı qatıb “baş üstəmiz”,”bəlimiz”
    Bir də gördük ocaq üstə süd daşıb
    Bir də gördük cib kəsəndi əlimiz
    Bir də gördük ürəyimiz daşlaşıb

    Bir də gördük bir əkən var,min yeyən
    Bir də gördük çib cuvaldı,cuval-çib
    Cayır kimi çoxalıb baş girləyən
    Bir də gördük şum yerində söz bitib

    Bir də gördük əyri çəkir tərəzi
    Adam baxır,kirpiyində yaş yanır
    Haqqdan gəlir yox sözünün qərəzi-
    Bir də gördük quru qalıb yaş yanır

    Bir də gördük çüçə çıxdı faladan
    Bir də gördük papağımız tərsinə
    Gözümüzün qabağında kal adam
    Gecə-gündüz aş bişirir nəfsinə

    Elə bildik əl-iş tutan iş görür
    Nə biləydik min döngə var, min dalan
    Adam var ki, yuxusunda daş görür
    Adam var ki, damağında dəyirman

    Bəsdi daha qurda verdik quzunu
    Toz elədik, bu bulağın gözünə
    Tez ol, silək bu güzgünün tozunu
    Tez ol, tez ol bir əl gəzdir özünə…

    İmtahan verirəm

    Mən ki möcüzəyəm başdan binadan,
    Həyatın min cürə sirri var məndə.
    Belə doğulmuşam,belə anadan,
    Belə qalacağam böyüyəndə də.

    Mənə gizli qaldı çox şey demədim,
    Bir ömür yaşatdım sevgi adında.
    Nə yaxşı uşaqkən “malış” yemədim,
    Yoxsa boğulardı istedadım da.

    Həsrətli yolları yoranlar oldu,
    Gözlədim.”Bənövşə bəndə düşmədi”
    Nahaqdan üzümə duranlar oldu,
    And içən adamlar anda düşmədi.

    Fikir də dustaqdır,sən işə bir bax,
    Hər kəlməm üzümdə yanan şillədi.
    Mənim şeirlərim özümdən qabaq,
    Hardasa hədəfə dəyən güllədi.

    Yüz ildir içimdə daşlaşır kinim,
    Qardaşım üzümə ağ olur demə.
    Hələ bilməyirdim,əsil düşmənim,
    Mənim öz içimdə doğulur demə.

    Özüm kəsilmişəm,özümə qənim,
    Hər gün kədər yeyir,qəm udur məni.
    Ən böyük düşmənim dilimdir mənim,
    Tək onun xətası qorxudur məni.

    Az-azdır insaflı,ürəyiyuxa,
    Ana da üz tutmur balaya ,vallah
    Haqqa yalvarmağın xeyri yox daha,
    İş keçib “dayı”ya,”xala”ya vallah.

    Torpağın altında qalan köz kimi,
    Qeyrətim içimdə boğulur indi.
    Sevgi də zor ilə gələn söz kimi,
    Tanışlıq gücünə doğulur indi.

    Kal söz şillə kimi dəyir üzümə,
    Ürəyimdə qorxu,gözlərimdə nəm.
    İmtahan verirəm özüm-özümə,
    Gah qiymət alıram,gah kəsilirəm.

  • Şəfa KAZIMOVA.Yeni şeirlər

    1380827_707215725989395_1620152348_n

    Tufan yoxluğun

    Bilmirəm nə olar, nə ola bilər?
    Qorxuram bir daha açılmaz səhər.
    bəlkə də al günəş qara boyanar,
    mən səndən əlimi üzmək istəsəm.

    Əlini əlimdən qopara bilər,
    sənin yoxluğun var, tufandan yaman
    Hicranın ruhumu göyə sovurar,
    Səni bu dünyada gəzmək istəsəm.

    Acı da söyləsən bal dada bilər,
    Sənin həsrətinin dadı başqadı.
    Hər hissəm bir yola bələdçi olar,
    Qəlbimi yoluna düzmək istəsəm.

    Dünya məhvərindən oynaya bilər,
    Azalar yaxşının biri dünyada.
    Kim bilir bəlkə də qiyamət qopar…
    Mən sənin dərdinə dözmək istəsəm.

    Çıx get ürəyimdən

    Gəl çək öz köçünü duyğularımdan,
    Çıx get ürəyimdən,daha sevmirəm.
    Yuxuydun yox oldun sən həyatımdan,
    Çıx get ürəyimdən,daha sevmirəm.

    Döndün ümidimin göz yaşına sən
    Aldandın kiminsə göz-qaşına sən.
    Köçdün taleyimin yaddaşına sən,
    Çıx get ürəyimdən,daha sevmirəm.

    Sevmək,sevilmək də yalanmış demə
    Sevgin özü boyda yükdü qəlbimə,
    Sən layiq deyilsən mənim sevgimə
    Çıx get ürəyimdən,daha sevmirəm.

  • Fidan ABBASOVA.”Bu gözəl Novruzum, baharım gəldi!” (Yeni şeir)

    1057881_584987098245357_844041490_n (1)

    BU GÖZƏL NOVRUZUM, BAHARIM VAR!

    Bu gözəl Novruzum, baharım gəldi,
    əlində telli saz, belində kəmər.
    Ürəkdən sevinib qəlbim dilləndi,
    həmişə bərəkət ruzi gətirər.

    Boyalı yumurtam, sədəfli sazım,
    ətirli bənövşəm baharım, yazım.
    Süfrəmdə ən ləziz çörəyim, duzum,
    torpaqda bir sünbül çiçək bitirər.

    Qoy neçə qəlblərin buzu ərisin,
    sevənlər murada, arzuya minsin.
    Həmişə bax belə günlərim gəlsin,
    bayramlar içində sevinc gətirər.

    Ay dostlar sizi də təbrik edirəm,
    Fidanam, istərəm bir gül bitirəm.
    Bütün doslarıma sevgi gətirəm,
    onu da bu bahar novruz gətirər…

  • Kənan AYDINOĞLU.Şeir

    Kənan AYDINOĞLU

    NEÇƏ İLDİR HƏSRƏTİN YANDIRIR MƏNİ, ANA!

    Qubadlının erməni silahlı qüvvələri tərəfindən işğalının 20-ci il dönümünə.

    Neçə ildir həsrətin yandırır məni, Ana!
    Görə bölə bilmirəm, düzü, illərdi səni, Ana!
    Görəsən bu ayrılıq sona çatacaqmı bəs,
    Qürubda doğan günəş denən batacaqmı bəs?!
    Yenə ömür uzunu səni gözləyəcəyəm,
    Vaxtımı saya-saya həsrətə dözəcəyəm.
    Qanlı-qadalı günlər ömrümə dağ çəkibdi,
    Övladın AYDINOĞLU həsrətini çəkibdi.
    Yollarına boylanıb arayacam səni mən,
    Qubalı-Anam mənim, yoruldum gözləməkdən.
    Nə vaxt qayıdacaqsan Anam Azərbaycana,
    Nə vaxt boylanacaqsan Anam Azərbaycana?!
    Nə vaxt büsbütün səni görə biləcəyəm mən,
    Nə vaxt şəninə çələng hörə biləcəyəm mən?!
    Sanma sənsiz ayrılıq mənə asandı, Ana!
    Sanma sənsiz ayrılıq mənə asandı, Ana!

    31 avqust, 2013.Bakı şəhəri.

  • Qabil ƏDALƏT.”İşıqlı sabaha” (Yeni şeir)

    393639_431007550325100_31956715_n

    İnşallah
    gələn çərşənbəni
    Şuşada
    Topxana meşəsindən
    yığılmış
    odunlarla yandıraq.

    Laçın buğdasıyla
    səmənilər cücərdib
    Zəngilanda yumurtaları
    al-əlvan boyayaq
    Qubadlıda qılınc oynadıb,
    Cıdır düzündə
    Qarabağ atlarını yarışdıraq.

    Ağdərədən Cəbrayıla
    qulaq falına çıxaq,
    Kəlbəcərdə xonçalar bəzəyib,
    Füzuliyə papaq ataq,
    qızlı oğlanlı
    yığılıb sübhədək
    Xocalıda çilə çıxaraq.

    Əcdadlarımızın ruhuna
    dualar oxuyaq,
    Xankəndində mağar
    qurub bayramlaşaq.

    “Səhər çağı sübh tezdən
    Ağdamdan qalxaq dağlara
    enək İsa bulağına
    qoyub torpağa dizimizi
    yuyub əl-üzümüzü
    aydınlığa çıxmaq üçün
    niyyət tutaq,
    dua edək Allaha!
    Əl-ələ verib
    beləcə addımlayaq
    işıqlı sabaha!

  • Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

    1533150_672733326111760_899121006_n

    YAZIĞIM GƏLİR

    Acı həyatımı qoyub sapanda,
    Səni görən günü uzağa atdım,
    Elə sevinmişdim səni tapanda,
    Sanki itirdiyim kimsəmi tapdım.

    Ömrüm keçibsə də, qəmlə, əzabla,
    Səni gördüm atdım dərdi, nifrəti,
    İndiyədək qəlbim dolub sazaqla,
    Dedim ki, bağlaram sənlə ülfəti.

    Həyat qatarına atıb könlünü,
    Özün də bilmirsən hara gedirsən,
    Bataraq üzürsən sevgi gölünü,
    Sazağa gedirsən,qara gedirsən.

    “Şehli səhərimsən”, demişdim sənə,
    Dediyim sözümə yazığım gəlir,
    Sənin yollarına baxdığım üçün,
    Mənalı gözümə yazığım gəlir.

    SƏNİ SEVMƏMİŞDİM İTİRMƏK ÜÇÜN

    Nələr gəldi sevgimizin başına,
    Leysan yağdı, kipriyinə, qaşına,
    Yol gedirəm, bir işığın tuşuna,
    Harayımı sənə yetirmək üçün,
    Səni sevməmişdim, itirmək üçün!

    Sənsən sevgi dünyam, belə deyirdin,
    Gümanıma, bir aydınlıq gətirdin,
    Hardan sən özünü mənə yetirdin?!
    Qızılgül bəslərəm, bitirmək üçün,
    Səni sevməmişdim itirmək üçün!

    İndi ki, belədir, unut beləcə,
    Gözləyəcəm sınıq bəxtim gülüncə,
    Bir sevgi istərəm, gəlsin gizlicə,
    Nisgili aradan götürmək üçün,
    Səni sevməmişdim itirmək üçün!

  • Bakıda «ən böyük kitab marketi» adına iddialı mağaza açıldı

    kitab market (1)

    Martın 16-da paytaxtın metronun «28 May» stansiyasına yaxında, kitabtopdansatıcıları yerləşən ərazidə sahəsi 380 kv metrlik kitab marketi açılıb. «Azərbaycanın ən böyük kitab marketi» adına iddialı mağaza Kitabevim.az adlanır.
    Müştərilərə ən maraqlı gələn mağazadakı «Qoy-götür» guşəsidir. Bu guşəyə üzv olan oxucular burada olan istənilən kitabı 10 gün müddətinə oxumağa götürə bilərlər.
    Marketin bir özəlliyi də ondan ibarətdir ki, burada kitab satışı ilə məşğul olan Azərbaycanın bir çox nəşriyyatlarının özlərinin ayrıca satış güşələri vardır.
    Mağazada kitab satışı ilə yanaşı kitab təqdimatları, müzakirələr keçiriləcək, çay, qəhvə veriləcək.
    Mağazada oturub kitab oxumaq olar. Bundan başqa masaların üzərində elektron kitab axtarışı və oxunması üçün i-Pad-lər də vardır.

  • Bakıda “Gənc Şairələrin 2-ci Beynəlxaq Forumu” keçirilib

    form1

    Beynəlxalq Muğam Mərkəzində «Böyük İpək Yolu” Beynəlxlaq Gənclər İttifaqının təşkilatçılığı və Gənclər və İdman Nzirliyinin dəstəyi ilə “Şairələrin 2-ci Beynəlxalq Forumu öz işinə başlayıb.
    Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, “Böyük İpək Yolu” BGT-nin sədri, Milli Məclisin deputatı Fuad Muradov, Azərbaycan Yazıçılar Birliyinin gənclər katibi Rəşad Məcid, Yunanıstanın, Hindistanın, Mərakeşin və İraqın Azərbaycandakı səfirləri iştirak edib.
    Forumu giriş sözü ilə açan “Böyük İpək Yolu” BGT-nin baş katibi Aydan Kərimli Forumun məqsədləri haqqında məlumat verdi. Onun sözlərinə görə, 24 ölkədən Bakıya gəlmiş gənc şairələr üçün bu tədbir əməkdaşlıq və dostluq bayramı olacaq.
    Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Forumu dəstəklədiklərini deyərək qeyd edib ki, “Böyük İpək Yolu” BGT-nin bu Forumu artıq ənənəvi hal almaqdadır. “İpək Yolu”nun qısa bir vaxt ərzində yaranmasına baxmayaraq təşkilat artıq bir çox maraqlı layihələrə imza atıb. Şairələrin Beynəlxalq Forumu da bu maraqlı və yaddaqalan layihələrdəndir. Forum həmçinin müxtəlif ölkələrdən gəlmiş yaradıcı gənclərə Azərbaycanı yaxından tanımaq imkanı verir”-deyə nazir müavini bildirib.
    “Böyük İpək Yolu” BGT-nin sədri, Milli Məclisin deputatı Fuad Muradov qeyd edib ki, keçirilən bu Forum mədəniyyətlərarası dialoqa bir töhfədir. “Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar mədəniyyət və ədəbiyyat sahələrində də öz təcəssümünü tapır. “Müxtəlif ölkələrdən gəlmiş bu gənclərin Bakıda toplaşması həm ölkənin ədəbi mühitində, həm də iştirakçıların yaradıcılığında öz izini qoyacağına əminəm”-deyə F.Muradov vurğulayıb.
    AYB nümayəndəsi Rəşad Məcid hər il bahar vaxtı bu beynəlxalq forumun artıq ənənəvi hal almasının müsbət aura yaratdığını vurğulayaraq bu tədbirin dünyanın müxtəlif ölkələrindən gələn gənc şairələrin yaradıcılığında öz əksini tapacağına inandığını bildirib.
    Azərbaycanın xalq artisti Fəxrəddin Manafov forumda iştirak edənlərə yaradıcılıq uğruları arzulayıb. Sözün insan həyatında böyük rol oynadığını deyən F.Manafov bu baxımdan yaradıcı adamların üzərinə məsuliyyət qoyduğunu qeyd edib.
    Tədbir əməkdar artist Mehriban Zəkinin şer və musiqi kompozisiyasının təqdimatı ilə başlanıb. Daha sonra Forum iştirakçısı olan ölkələrin gənc şairələri öz şerlərini oxuyublar. Günün ikinci yarısında isə xalq yazıçısı Çingiz Abdullayev, Günel Anarqızı və Slavyan Universitetinin müəllimi Rəhilə Qeybullayevanın iştirakı ilə müxtəlif mövzularda seminarlar təşkil olunub.

  • Bakıda “Gənc Şairələrin 2-ci Beynəlxalq Forumu” başladı…

    yeni2

    Mart ayının 13-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Pen-Klub və AYB rəhbərliyi ilə xaricdən gələn yaradıcı xanımlarla görüş keçirildi. Tədbirdə AYB sədri, xalq yazıçısı Anar, katiblərdən Pen-klub Prezidenti, xalq yazıçısı Çingiz Abdullayev, Rəşad Məcid, eləcə də YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov), mətbuat xidməti rəhbəri, şair-publisit Xəyal Rza, yazıçı Elçin Hüseynbəyli və qonaqlar ədəbiyyat, mədəniyyət, qloballaşma, sənət məsələləri ətrafında fikir mübadiləsi apardılar…
    Forumda iştirak edəcək 24 ölkə üzrə gənc şairələrin seçimi yekunlaşıb. Bu il Almaniya, Böyük Britaniya, İtaliyanı təmsil edəcək gənc şairələr də Foruma qatılıb. Tədir iştirakçıları artıq Bakıdadırlar. Forum çərçivəsnidə gənc şairələr Azərbaycan Yazıçılar Birliyində, Gənclər Fondunda görüşlər keçirib.
    Qeyd edək ki, “Böyük İpək Yolu” BGİ 2013-cü ildə Bakıda gənc şairələrin birinci Beynəlxalq Forumunu təşkil edib. Böyük maraq və rezonansa səbəb olmuş Forumda Avropa, Asiya, Afrikadan 20-dən çox gənc şairə iştirak edib. “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı bu layihəyə görə Polşada keçirilən Şərqi Avropa Təşəbbüsü Konqresinin mədəniyyət üzrə “ən yaxşı layihə” mükafatını alıb.

  • «Bir bənd şeir» müsabiqəsinin qalibləri mükafatlandırıldı

    birbend13
    Azərbaycan Yazıçılar Birliyində (AYB) «Bir bənd şeir» müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbiri açan AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza müsabiqə haqqında ətraflı məlumat verib: «Ötən ilin dekabrında Ayb.az saytı fəaliyyətə başlayıb. Bundan təxminən bir həftə sonra yanvarın 2-də «Bir bənd şeir» müsabiqəsinə start verdik. 31 yanvaradək davam edən müsabiqəyə 148 şeir təqdim edilib. Seçimlərin ədalətl olması məqsədilə münsiflərin adı açıqlanmayıb. Müsabiqənin birinci mərhələsində münsiflər heyətində Elmin Nuri, Cavid Zeynallı və Fərid Hüseyn təmsil olunub. 148 şeirdən 30 şeir seçilərək Qulu Ağsəs, Rövşən Danyeri və Elşad Ərşadoğludan ibarət növbəti jüri heyətinə təqdim edilib. Həmin 30 şeirdən 7-si təkrar olduğu üçün qalan 23 şeirin içərisindən ilk onluğa düşən şeirlər müəyyənləşib». X.Rza bildirib ki, müsabiqənin qalibini Yazıçılar Birliyi, ikinci yerin sahibini «Kitabçı» jurnalı, yarışmanın üçüncüsünü Akademiya Kitab Mərkəzi mükafatlandırıb. Müsabiqənin birincisi Furqan Sadıq, ikincisi Mais Təmkin, üçüncüsü isə Firdovsi Rəsul olub. Onluqda növbəti yerləri müvafiq olaraq Anar Gülümsoy, Vasif Əlihüseyn, Elxan Yurdoğlu, Vasif Zöhraboğlu, Elçin Aslangil, Roma Xosrov və Hicran Hüseynova bölüşüb. Qaliblərə qiymətli hədiyyələr və sertifikatlar təqdim olunub. «Kitabçı» jurnalının baş redaktoru Səlim Babullaoğlu çıxışında Xəyal Rzanın AYB-nin mətbuat katibi seçildikdən sonra təşkilatın işində daha da isinmə müşahidə olunduğunu diqqətə çatdırıb: «Saytın yaradılması, ədəbi proyektlərin təşkilində qurumun mətbuat katibi Xəyal Rzanın böyük əməyi var. Məlum olduğu kimi bu yaxınlarda «Kitabçı» jurnalını təsis etdik və «Bir bənd şeir» müsabiqəsinin nəticələrini ekskluziv olaraq jurnalımızda vermək üçün Xəyal Rzaya müraciət etdik. Təşəkkür edirəm, xahişimizi yerinə yetirdi. Biz də bunun əvəzində ikinci yerin qalibini mükafatlandırmağı üzərimizə götürdük. Şairin, yazıçının mükafatlandırılması gələcək yaradıcılığı üçün stimul verir. Bu baxımdan belə müsabiqələrin təşklini mühüm hesab edirəm. Mən münsiflərin obyektivliyinə və qərəzsizliyinə şübhə etmirəm. Sadəcə, zövq məsələsi var. Zövqlər dartışılmaz».Səlim Babullaoğlu müsabiqənin mükafatlandırılması qisimində iştirakına görə Akademiya Kitab Mərkəzinə və Nizami Kino Mərkəzinə minnətdarlığını bildirib. Şair Qulu Ağsəs müsabiqəyə yaxşı şeirlərlə yanaşı zəif mətnlərin də təqdim olunduğunu deyərək münsif kimi obyektivliyin qorunub saxlanmasına çalışdıqlarını dilə gətirib. Q.Ağsəs bildirib ki, AYB-də nəsrlə bağlı layihələrin təşkli də arzuolunandır. Şairə Fərqanə Mehdiyeva, tanınmış jurnalist Nicat Dağlar, şair Fərid Hüseyn belə müsabiqələrin təşkilini gənc yaradıcı insanlara verilən yüksək qiymət kimi səciyyələndirib. Tədbirdə çıxış edən müsabiqənin ikincisi, Lerik rayon sakini Mais Təmkin qaliblər adından çıxış edərək müsabiqənin təşkilatçılarına təşəkkürünü çatdırıb.

  • Rüfət AXUNDLU.Yeni şeirlər

    1460002_227674277401365_1286119474_n

    OLMADI

    Əridim mum kimi, amma,
    Dildə nalə, ah olmadı.
    Hamı yandı bu halıma,
    Nə sirdir?-Agah olmadı.

    Dedi kimsə məni görcək,
    Nə xəyaldır, nə də gerçək.
    Hər kəs oldu, ancaq bir tək,
    Öz eşqinə şah olmadı.

    Sözüm özümə tor qurdu,
    Özüm sözümün gor yurdu.
    Hər kəs ürəyimə vurdu,
    Qəlbim nişangah olmadı.

    Kim əl açdı gündə sənə,
    Haram qatdı kündəsinə.
    Allah, məndən bəndə sənə,
    Olmadı, vallah, olmadı.

    BAĞLA QAPINI

    Ürək, bir vaxt bəzəmişdin,
    Təmtəraqla qapını.
    İndi yaman səs eyləyir,
    Bir az yağla qapını.

    Yolun yoxuş, yolun hamar,
    Hərdən oyaq, hərdən xumar.
    Birdən kimsə mədət umar,
    Açıq saxla qapını.

    Mənli həyat, mənsiz rahat,
    Gedirəm mən, qal salamat.
    Yola sal, arxamca su at,
    Sonra bağla qapını!

  • Kənan AYDINOĞLU.Şeirlər

    Kənan AYDINOĞLU

    “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü.

    Dünyadan böyükdür şairin dərdi

    Məndən soruşsalar, şairlik asan,
    Yoxsa ki, yığılan dərd qədərağır?!
    Duyub-anlamazsan, inan, a quzum,
    Şairin gözündən nə həsrət yağır.

    Əsrlər boyunca, tarix boyunca,
    Şairlər qələmin sınadı gəldi.
    Gözünə qəm-kədər ələnən zaman,
    Yenə cəmiyyəti qınadı gəldi.

    Axı o neyləsin ömrün mayası,
    Əzəldən xəbərsiz belə yoğrulmuş.
    Gülsə də, hər üzə körpələr kimi,-
    Qəlbində, könlündə kədər doğulmuş.

    Bulaq tək gözündə coşub-çağlayan,
    Nə Kürü, nə də ki Arazı qaldı.
    Gülməsə, üzünə bu ömür onun,
    Həyatın özündən narazı qalır.

    Onun da dərdini başa düşməli,
    Dünyada özünü özü axtarır.
    Baxışla qəlbləri ovsunlamayan,
    Qayğılı gözlərdə gözü axtarır.

    Tarixdə sınanmış bir həqiqətdir ki,
    Sevməsə, bir qıza salmaz meylini.
    Gah düşüb səhraya Məcnunlar kimi,
    Axtarır yenə də sadiq Leylini.

    Yaxşı ki, əzəldən coşan qəlbində,
    Nə dovşan, nə tülkü, nə də qurd qalmış.
    Dünyanın özündən dörd dəfə böyük,
    Bir şair dünyası bu gün yurd salmış.

    Şair ilhamının coşub-daşması,
    Şairin özünə yenə xoş xəbər.
    Dünyası qayıdıb gəlsə yanına,
    Dağılıb gedəcək gözündən kədər.

    Yolunu gözləyir bu torpaq sənin

    XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,
    şimallı-cənublu şairimiz Məhəmmədhüseyn Şəhriyarın ruhuna sevgi və sayqılarla!

    Bağlanan sərhədə dirəklər çəkmək,
    O tayın, bu tayın həsrəti oldu.
    Ustad Nizaminin böyük heykəli,
    Bir qəlbin bir qəlbə hörməti oldu.

    Üstündən nə qədər ötüşdü illər,
    Nə sözün kəsildi, nə də əsərin.
    Tökdü göz yaşını əsrlər boyu,
    Geniş xatirəli ayna Xəzərin.

    Tehran da, Təbriz də yanaşı durub,
    Yolunu gözləyir, yolunu, şair!
    O tay da, bu tay da unudarmı heç,
    Bir şair oğlunu, oğlunu, şair?!

    İnan ki, torpağın ehtiyacı var,
    Sənin tək alovlu yanar bir cana.
    Bəs niyə qayıdıb gəlmirsən, denən,
    “Şairlər torpağı Azərbaycana?!”.

    Gərək ki, şerinin hər bir kəsəri,
    Bir elin-obanın dağ-daşı olsun!
    Haraylı şeirin Kövkəb ananın,
    Yanaqdan süzülən göz yaşı olsun!

  • Gülnarə İSRAFİLQIZI.”Sadəcə belə…” (Köşə yazısı)

    1558877_1434551783429120_209165756_n

    Bu gecə yuxumda sübh çağı idi. Azan oxundu .Sübh namazı başladı.Bütün ağaclar səcdə edirdilər.Qarşımda çinar ağacları üzü qibləyə əyilmişdilər.İki rukət namazdan sonra, əllərini açıb uca səslə dua edirdilər. ALLAHIM bizi bağışla deyə… Gözlərim yaşlı bir kənarda dayanmışdım. Uca çinarlara səsləndim. Nə olar xahiş edirəm mənim üçün də dua edin. sanki çox əlacsız idim. Allah sizi bağışladığı kimi məni də bağışlasın dedim; sonra yerlə göyün danışdığını, küləyin yarpaqları qarışdırdığını, baharın gəldiyini gördüm. Ətrafım güllər,çiçəklər, küləyin əsməsi ilə cənnət qoxusu dolurdu çiyərlərimə. Bu nə gözəlliklərdir deyə düşündüm. O gözəlliklərdən sonra telofon səsi məni yuxudan oyatdı. Və çox utandım sübh namazım qəzaya getmişdi.Yuxudakı çinar ağaclarından yerdən, göydən hər şeydən utandım… bu sabah Allaha salam verməmişdim.sübhün açıldığı üçün Ona təşəkkür etməmişdim… kaş ki, namazım qəzaya getməsəydi, çox kədərləndim. Zəng edən bacım idi.Orda bax o ömrü yaşamaq istədiyim üçün kədərləndim. Kaş ki, gözlərim heç açılmasaydı deyə düşündüm illərlə bütün ömrümü…Dualar, gözəlliklər və mən. Bəlkə də bunlar mənə bir işarə edirdilər. Sən belə yaşamalısan deyirdilər. Bəli bəlkələrsiz belə yaşamalısan deyirdilər. Sadəcə belə…

  • Saqif Qaratorpağın yeni kitabı nəşrə hazırlanır

    Saqif QARATORPAQ

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubuna istinadən yaydığı məlumata görə, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Birliyinin Başqanı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri sədri Saqif Qaratorpağın üçüncü şeirlər kitabı nəşrə hazırlanır.Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İbrahim İlyaslı, rəssamı Nəvai Metin Dəmirçioğludur.Kitabın adı gizli saxlanılsa da, yaxın günlərdə oxucuların ixtiyarına veriləcəyi dəqiqdir.
    Qeyd edək ki, Saqif Qaratorpağın bundan öncə “Şamın kölgəsi”, “Bir könül varağında” şeirlər kitabı işıq üzü görüb.

  • Aşıq Abbas TUFARQANLI.Həyatı və Yaradıcılığı

    default

    Azərbaycan aşıq şeirinin görkəmli nümayəndələri arasında Aşıq Abbas Tufarqanlı xüsusi yer tutur. Şeirlərində “Qul”, “Şikəstə”, “Bikəs” təxəllüslərini işlədən Abbas Tufarqanlı XVI əsrin sonları-XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb yaratmış görkəmli şair-aşıqlardandır.
    Abbas Tufarqanlının adıyla bağlı olan “Abbas-Gülgəz” dastanı da Azərbaycan folklorunun qiymətli nümunələrindəndir.
    Abbas Həsən oğlu XVII əsrin başlanğıcında (təxminən 1600-1605-ci illərdə) Təbriz yaxınlığında Tufarqan kəndində doğulmuşdur. Təbriz yaxınlığında yaşayan Abbas mükəmməl təhsil almışdır. Şeirlərindən də aydın görünür ki, Abbas ana dili ilə yanaşı, fars və ərəb dillərini də öyrənmiş, bu dillər vasitəsilə həm zəngin bilik əldə etmiş, həm də müxtəlif təriqətlərə bələd olmuşdur.
    Həmin dövrdə Təbrizdə və onun ətrafındakı kəndlərdə aşıq sənəti geniş yayılmışdı və zəngin saz-söz məclislərində yetişən Abbas özü də aşıqlıq sənətinin sirlərini öyrənmişdir. Tufarqanlı Abbasın əsərləri və bioqrafiyası öz dövründə yazıya alınmasa da, bir sıra cünglərdə və əlyazmalarda mühafizə olunmuş lirik şeirlərindən, haqqında yazılmış çoxvariantlı dastanlardan onun həyatı barədə müəyyən məlumat almaq mümkündür.

    OLMAZ

    Bir gözəl oxladı məni,
    Belə əbru-kaman olmaz.
    Göydən huri-mələk ensə,
    Onun kimi qılman olmaz.

    Kabab yanar gözü ilə,
    Danış yarın özü ilə,
    Müxənnətlər sözü ilə,
    Yar ha yardan yaman olmaz

    Aşıq Abbas, yana-yana,
    Yandı bağrın döndü qana,
    Bir namə yaz Tufarqana,
    Daha səndən aman olmaz.

    GƏLMƏDİ

    Oğrun yollara baxmaqdan,
    Bağrım qan oldu, gəlmədi.
    Ağlamaqdan eynim yaşı,
    Bir ümman oldu, gəlmədi.

    Mənim yarım boyu bəstə,
    Dərdindən olmuşam xəstə,
    Gözüm qalıbdı yol üstə,
    Yenə dan oldu, gəlmədi.

    Dağların qarı söküldü,
    Axdı, çaylara töküldü,
    Abbas deyər, bel büküldü,
    Qədd kaman oldu, gəlmədi.

    YANDIRAR

    Bəd övladı əzəl başdan tanıram,
    Çör-çöp yığar, yad ocağın yandırar.
    Səhər durar ar-namusun gözləməz,
    Suyu tökər, öz ocağın söndürər.

    Ulğun cuşa gəlsə, köpük yağ olmaz
    Söyüd bar gətirsə, bağça, bar olmaz
    Zibil təpə olsa, güllük dar olmaz,
    Yel əsəndə alçaqlara endirər.

    Abbas bu sözləri deyər sərindən,
    Arxı vurun, suyu gəlsin dərindən,
    El bir olsa, dağ oynadar yerindən,
    Söz bir olsa, zərbi kərən sındırar.

    OLMAZ

    Özündən kiçiyi işə buyurma,
    Sözün yerə duşər, heç miqdar olmaz.
    Hər nə ki, kar görsən öz əlinlə gör,
    İnsan öz işində cəfakar olmaz.

    Özündən böyüyün saxla yolunu,
    Düşən yerdə soruş ərzi-halını,
    Amanat, amanat qonşu malını,
    Qonşu yox istəyən, özü var olmaz.

    Soruşun, Qul Abbas, halın necədir?
    Gündüzlərim ay qaranlıq gecədir.
    Sərv ağacı hər ağacdan ucadır,
    Əsli qıtdır, budağında bar olmaz.

    BƏYƏNMƏZ

    Ay həzərat, bir zamana gəlibdir,
    Ala qarğa şux tərlanı bəyənməz.
    Oğullar atanı, qızlar ananı,
    Gəlinlər da qaynananı bəyənməz.

    Adam var ki, getməyəsən işinə,
    Adam var ki, dolanasan başına,
    Adam var ki, ayran tapmır aşına,
    Dindirərsən, yağlı nanı bəyənməz.

    Adam var, dağları gəzər sərsəri,
    Adam var, geyinər pustinən dəri,
    Adam var, mərfətdən yoxdur xəbəri,
    Adam var, sultanı, xanı bəyənməz.

    Adam var, dolanar səhranı, düzü,
    Adam var, döşürər gülü-nərgizi,
    Adam var, geyməyə tapammaz bezi,
    Adam var, al geyər, şalı bəyənməz.

    Adam var, çox işlər eylər irada,
    Adam var ki, yetə bilməz murada,
    Adam var ki, çörək tapmaz dünyada,
    Adam var, yağ yeyər, balı bəyənməz.

    Adam var ki, adamların naxşıdı,
    Adam var ki, anlamazdı, naşıdı,
    Adam var ki, heyvan ondan yaxşıdı,
    Dindirərsən, heç insanı bəyənməz.

    Adam var dəstinə verərsən güllər,
    Adam var, gözünə çəkəsən millər,
    Tufarqanlı Abbas, başına küllər,
    Nə günə qalmısan, qarı bəyənməz.

  • Azərbaycan Dillər Universitetində M.Ş.Vazehin yaradıcılığına həsr olunan tədbir keçirilib

    vazehhhhhhhhhhhhhh

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin yaydığı məlumata görə, martın 12-də Azərbaycan Dillər Universitetində (ADU) böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
    ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, tədbir Prezident İlham Əliyevin XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi ilə əlaqədar 2014-cü il 3 fevral tarixli Sərəncamına əsasən təşkil olunub.
    Tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Azərbaycan ədəbiyyatının zənginliklərindən, bir sıra görkəmli nümayəndələr yetişdirməsindən danışmışdır. Belə görkəmli simalardan birinin Mirzə Şəfi Vazeh olduğunu diqqətə çatdıran Ə.Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu böyük sənətkarın 220 illik yubileyinin keçirilməsi haqqında sərəncamının əhəmiyyətini qeyd edib.
    Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov tanınmış maarifçinin həyat və yaradıcılığı haqqında tələbələrə geniş məlumat verib. Bildirilib ki, görkəmli şair 1794-cü ildə Gəncədə anadan olmuş, 1852-ci ildə Tiflisdə dünyasını dəyişib.
    M.Ş.Vazehin Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşadan və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən diqqətəlayiq irs qoyub getdiyi diqqətə çatdırılıb. Onun yaradıcılığının Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus yer tutduğu bildirilib.Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

  • “Bir bənd şeir” müsabiqəsinin qalibləri mükafatlandırılacaq

    01111qalib

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin Azərbaycan Yazıçılar Birliyinin yeni saytına istinadən yaydığı məlumata görə, Azərbaycan Yazıçılar Birliyinin yeni sözcüsü Xəyal Rza tərəfindən həyata keçirilən ” Bir bənd şeir ” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi mart ayının 11-də, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda olacaq.Kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edəcək.
    Qeyd edək ki, “Bir bənd şeir” müsabiqəsini yanvar ayının 2-dən-31-ə davam edib. Müsabiqəyə 150-dən çox şeir daxil olub.

  • “Beynəlxalq Qadınlar Günü”nüz mübarək!

    8-marta-8-march_1920x1200-300x187

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının rəhbərliyi sizi 8 Mart “Beynəlxalq Qadınlar Günü! münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, dodaqlarınızdan gülüşün, yanaqlarınızdan təbəssümün əskik olmamasını, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!

    Qadınsız bu ömrün nə mənası var?!

    (Xalam Emma Süleymanovaya)

    Qadınsız bir ömrün olma mənası,
    odur hər kişinin könül dünyası.
    Müəllif

    Sevib, sevilənlər görüşən zaman,
    dünyanın işi də bir yana qalsın.
    Saxlaya bilməsə sevgilərini,
    qadın da, kişi də bir yana qalsın.

    Qadının nəfəsi duyulsa hər an,
    bu dünya qayğıya bürünsün bir az.
    Tapsa bir-birini iki sevən qəlb,
    bu həyat mənalı görünsün bir az.

    Titrəsin bədəni gözəlliyindən,
    hər kişi qadına kaş dünyam desin.
    Övlad da qurürla, hər an, ilahi,
    Qadına-dünyaya bir anam desin.

    Ələnsə qadının gözlərinə qəm,
    bir kişi o gözdə qəm görə bilməz.
    Bir qadın ömrünün sevinc payını,
    inan ki, yarıya o bölə bilməz.

    Yaşasa ömrünü qadınla birgə,
    bu ömür yolunu haqlaya bilməz.
    Bir evi qadınsız kişilər, inan,
    xətərdən qoruyub, saxlaya bilməz.

    Qadınlar çarşabı bağladı gəldi

    Nələr yazıılıbmış qadın haqqında,
    Müqəddəs bir İslam dinində, Allah.
    Təbiət, cəmiyyət yenə baş əyir,
    Qadının qüruru önündə, Allah.

    Muhəmməd dövründən bu günə qədər,
    Qadınlar çarşabı bağladı gəldi.
    Səhərdən-axşama əli səmada,
    Dualar söyləyib ağladı gəldi.

    Yaşındı, utandı əməllərindən,
    Yaxşı ki, saxladı arada həya.
    Nə vaxtı sıxdısa qəlbini hicran,
    Yenə də üz tutdu göyə-səmaya.

    Ağladı yenə də körpələr kimi,
    Gözündən yaş tökdü, fəryad qopardı.
    Dilində quruyan neçə kəlməsi,
    Qəlibini, ruhunu haqqa apardı.

    Qoruyub yenə də ismətini o,
    Dünya tarixinə meydan oxudu.
    Şeir çələngini nəvazişiylə,
    Qayğının yanında sözlə toxudu.
    Dünya tarixinə meydan oxudu.

    Qədəmin atanda yenə də qadın

    Səhərlər narahat boylanan günəş,
    Ovsunlu baxışla yenə oyanar.
    Fəqət dodağından bir kəlmə çıxsa,
    Bu dünya qayğıya, nura boyanar.

    Qədəmin atanda yenə də qadın,
    İsinir qəlblərdə yad olan hisslər.
    Bir anda dərdini qəlbə söyləyir,
    Sevincdən, fərəhdən şad olan hisslər.

    Bir günün sevinci, fərəhi demə,
    Alta-alta yazılan şerə dəyərmiş.
    Ömrümdə özüm də bilməzdim ki, heç,
    Önündə təbiət başın əyərmiş.

    Keçdikçə ömürdən günlər qatar tək,
    Qayğılı gözləri arayır nəsə.
    Ürək həssas olur bir uşaq kimi,
    Dodaqdan süzülən adi bir səsə.

    Solsa pianonun üstündə güllər,
    Qadın nəfəsindən oyanacaqlar.
    Hüsnünə tamaşa etməkdən ötrü,
    Gəlib dəstə-dəstə dayanacaqlar.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Fidan ABBASOVA.”Dünyanın ən gözəl varlığı qadın”

    10002736_579200848823982_1119556194_n (2)

    DÜNYANIN ƏN GÖZƏLİ VARLIĞI QADIN.

    Dünyanın ən gözəl varlığı qadın,-
    onun gücü ilə sevgi yaranıb.
    Hər zaman qadını daim ucaldın,
    onların eşqindən dastan yazılıb.

    Ən zərif, ən gözəl duyğularında
    içində bir gizlin qadın yaşayır.
    “Cənnət anaların ayağı altda”,-
    böyük bir mənanı hər an daşıyır.

    Nə qədər xoş sözlər deyilsə, azdır,
    var olun analar, bacılar yenə!
    Dünyanın sevinci körpələr olub,-
    onlar da minnətdar qalırlar sizə………….

    Anamın adından bütün analar,
    təbrik eyləyirəm sizi ürəkdən!
    Fidandan hədiyyə sizə, bacılar,
    yadigar qalacaq ən xoş diləkdən……………..

  • Sevinc HƏMZƏYEVA.Həyatı və Yaradıcılığı

    946980_572608526143609_1200498940_n

    Sevinc Həmzəyeva(Sevinc Səyyad qızı Həmzəyeva) 1977 – ci il oktyabr ayının 29-da anadan olmuşdur. 1984-1994 – cü illərdə orta məktəbdə oxumuş, 1995 – ci ildə ADPU–nun Filologiya fakültəsinə daxil olmuş, 1999 – cu ildə həmin universitetin bakalavr pilləsini, 2001–ci ildə isə “Antik ədəbiyyat” ixtisası üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir.
    Hələ orta məktəb illərindən poeziyaya maraq göstərir.Dövri mətbuatda ara-sıra şeirləri ilə çıxış edib.Şeirləri “Sumqayıt Universiteti”, “Sözün Sehri” qəzetlərində dərc olunub.2012-ci ilin oktyabr ayının 6-dan Azərnbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin Fəxri üzvüdür.
    2001 – ci ildən Sumqayıt Dövlət Universitetində Filologoiya fakültəsində işləyir.2003 – cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsində əyani aspiranturasına qəbul olmuş, 2006 – cı ildə prof. Vaqif Arzumanlının rəhbərliyi ilə “Azərbaycan – ingilis ədəbi əlaqələrinin inkişafında bədii tərcümənin rolu” adlı dissertasiyasını aspirantura müddətində tamamlamış və şöbəyə təqdim etmişdir. Hazırda həmin şöbənin əməkdaşıdır. Eyni zamanda Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsində dekan müavinidr, filologiya üzrə fəlsəfə doktorudur. Onlarla elmi məqalənin müəllifidir. Həmçinin dövri mətbuatda da yazıları ilə çıxış edir.

    * * *

    Rəqs edək…
    Musiqisiz, çalğısız,
    Qəlbimizin ahənginə…
    Əvvəl baxışların
    baxışımı qucaqlasın…
    Nəzərlərdə qovuşaq…
    Çəkmə məndən gözünü
    Həkk olunum bəbəyinə…
    Sonra…
    əllərimdən tut…
    barmaqlarını
    bircə –bircə oxşayım…
    Bircə – bircə öpüm baxışlarımla…
    Yanağına toxunum
    Ovcumun istisinə
    Alışsın üzün, eşq ilə…
    Sonra…
    Rəqs edək
    Qəlbindən süzülən nəğməyə
    Dodaqların incə –incə təmasında
    Duyğularımla baş – başa
    Sarmaşıb sənin duyğularına
    Rəqs edək…
    Sonra, içimə çəkim səni bir udum nəfəs kimi
    Sonra, içinə çək məni
    Sənə həyat verən
    Bir məlhəm kimi…

    2008

    * * *

    İçimi didən həsrətin
    Könlümü üzən həsrətin
    Az qala…
    Məni sevdi həsrətin
    Səndən də çox…

    Yarım oldun
    Bağrımı yaran oldun
    Xatirəmə həkk olunub
    yadım oldun
    Hərdən doğmadan doğma…
    Hərdən ögey, yadım oldun…

    Hər anımda anılan…
    Hər yanımda duyulan
    Yandırdıqca…
    Həsrətinə sarılan
    Nəvazişim, mehrim, şəfqətim…
    Sənə həsrət
    Özüm kimi…

    2008

    * * *

    Sən – həsrətlər içindən
    Sevgiyə bürünüb gəldin
    Sən – hicranın içindən
    vüsala çönüb gəldin
    Ayaz vurmuş budaq üstə
    Tumurcuğa dönüb gəldin
    Günəş boyda şəfəq olub
    zülmətləri dağıtdın…

    Fərəh olub qəhərimi
    bir gülüşlə yox etdin
    Nəğmə olub hər sözümü
    musiqinlə dindirdin
    Ruhum olub bu canımda
    varlığımı diriltdin
    İnam oldun! Öz eşqinlə
    şübhələri dağıtdın…

    2010

  • Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

    1533150_672733326111760_899121006_n

    RÖYADA BİR LAYLA İSTƏYİRƏM

    Bir layla istəyirəm,
    Amma, onu deyən insan
    bu dünyadan olmasın.
    Bir layla istəyirəm,
    Eşitdikcə o laylanı,
    bir kimsə də sözlərə heç biganə qalmasın…
    Bir layla istəyirəm,
    Layla deyən o insanı
    izlədikcə,
    Gözlər yaşsız qalmasın!..
    Bir layla istəyirəm…
    Məzarlıqdan gələn babam,
    Məni görüb bu laylanı söylədikcə,
    Nur baxışlı gözləri ağlamasın!
    Mən ilk nəvə olduğumçun
    axı məni çox sevərdi,
    Hörüklərimi tumarlar,
    “Çox kitablar oxu qızım”-söylərdi.
    Bir layla istəyirəm,
    Yalançı, murdar insanlar,
    Minsifətli şarlatanlar,
    Guya ki, “ali əqidəli” şeytanlar,
    Eşidəndə bu laylanı,
    Tanrının əmri ilə,
    Göydən-yerə dəyəydilər.
    Xəcalət təri axıdıb, başlarını,
    dizlərinə əyəydilər.
    Bir layla istəyirəm,
    Rəhmətlik babamın
    Qıldığı pak namaz olsun.
    Sözü ilə əməli bir olmayan,
    Xəyanətkar insanlara Tanrımın,
    vurduğu bir qapaz olsun!!
    Başımı sinəsinə qoyum,
    İnandığım, nadürüst insanlardan
    Babama şikayət edim!
    Bir layla istəyirəm,
    Dinlədikcə saçlarımı,
    Rəhmətlik babam oxşasın.
    Qəlbimi incidən insanları,
    Elə babam qarğışlasın!
    Və ayılım,bu röyadan,
    Bu layladan,
    Desin “ Qızım, daha qala bilmərəm,
    Mənim yolum bu dünya yox, çox müqəddəs bir yoldu”
    Ay Allahım, laylam yarımçıq qaldı,
    Bəs mənim nurani babam necə oldu??

    MƏNİ SƏNDƏN SORUŞARSA….

    Məni səndən soruşarsa,
    De ki, səni çox sevərdi,
    De ki, hər gün yola baxıb,
    Gəlişini gözləyərdi.
    De, birtəhər toxtayardı,
    Mesajlarını hər saat
    Təkrar-təkrar oxuyardı.
    Deyilənləri görsə də,
    Xəyanətini bilsə də,
    Bir ümidlə yaşayardı.
    Şəklini də sinəsinin
    Arasında saxlayardı..
    Nəhayət günlər ay oldu,
    Aylar ötüb ilə döndü,
    İllər soyuq yelə döndü…
    Bir gün qəfildən zəng gəldi…
    Etibarsız o kimsənin qəfil zəngi,
    Soyuq qarlı qış axşamı,
    Tanımadığın bir insan,
    Qapını döyürdü sanki…
    Fikirləşirsən, axı mən tanımıram,
    Yəqin ünvanı səhv salıb.
    Bir söruşum, işıqlı gündüzü qoyub,
    Gecə vaxtı onu çöllərə kim salıb??
    Bu insanı tanımıram,
    Ehtiyacı yoxdu mənə,
    Lap yəqin bu vaxt ərzində
    Rast gəlib dumana-çənə!..
    O üzdən qapını döyür,
    Yoxsa məni soraqlamır,
    Varlığımı aramırdı.
    Belə nankor sevgilərin
    Arxasıyca ağlamazlar,
    Qəmgin olub, çağlamazlar!…
    …Məni səndən soruşarsa,
    De ki, səni çox sevərdi,
    De ki, hər gün yola baxıb,
    Gəlişini gözləyərdi…

  • Günel GÜN.Yeni şeirlər

    getImage (4)

    Acı məhəbbət

    Bir gün görəcəksən bu məhəbbəti,
    Sorağı dillərdə əzbər olacaq.
    Mən qəlbimdən onu küsdürmürəm qəti,
    O özü küsəcək, özü qaçacaq.

    Səni sevdiyim gün yadımda deyil,
    Ürəyim oynayıb həlqədən çıxdı.
    Onu çağırsam da dönəsi deyil,
    Çünki ali sevgim cavabsız qaldı.

    Ilk eşqin gücünü eşitmişdim mən,
    Qüdrətli olduğun hardan biləydim.
    Indi bilirəm ki, sevməmisən sən,
    Axı sevdiyimi necə görəydin?

    Qəlbim alışsa da, yansa da hər an,
    Bilmirsən sevmədən sevəcək səni.
    Gün gəlib sevgimi anlayan zaman,
    Bəlkə gec də olsa sevərsən məni.

    Acı məhəbbətdir! neynim, dözürəm,
    Qələmim dözməyib bunu yazacaq.
    Bu nəmli cismimin, qəmli hissimin,
    Odu sönə bilər, külü qalacaq.

    Yağış

    Yağış!
    Sanki yağar ikən milyon insanın
    Əlləri göylərdə eyləyir alqış.
    Yağış! bu müəmma nədir?
    O bizləri yalnız fikrə qərq edir.

    Yağış! düşüncəylə boğur, deyir ki, danış!
    Dərdləri qaytarır göz yaşlarıyla.
    Bir maye incisi,verir ürəyinə min dərd sancısı
    Həm goydən, həm gözdən kədər süzülür dən-dən,
    Dərdləri görürsən sən damla-damla.

    Yağış!.. Ilk əvvəl adına dedim mən alqış!
    Sonra sən dərd oldun ürəyi sancmış.
    Sonra su dənəsi damlaya dönmüş
    Bu bənzətmələrim həqiqətmi de, yoxsa yalanmış?!

    Yağış!
    Dünyaya göz açdım, biz olduq tanış,
    Hələ danışmırdım, həkə dinmirdim.
    Amma yağış nədir bilmirdim,
    Bax, bu sirri mənə cavab ver, yağış!

    Yağış! Bəlkə də üstünə çox gəlirəm mən,
    Incilmə, qırılma mən etdim yalnış.
    Sən də bir varlıqsan yağıb yaşarsan,
    Insanlarsa səni möcüzə sanmış.

    Yağış!
    Inan ki, canlısan, isbatlanmamış.
    Sadəcə yaradan belə buyurmuş.
    Torpağa susan sən, havaya buxar,
    Biz insanlar yalnız heyrətlə baxar.

    Bəzən narın yağar, bəzən gur yağar,
    Yağış! Yağış! Yağış!
    Sən qəm möcüzəsi, mən vurğun tanış
    Gəl! Bu möcüzəni mənə də danış!

    Aşkla, arkadaşlık.

    Aşkla, arkadaşlık
    Yürüyordu bir yolda
    Aşk sorular sorurdu,
    Bu uzun yolculukda.
    Bir soru daha sordu,
    Arkadaşlık bir durdu
    Söyledi ehh dinliyorum:,
    Şimdi sorun neymiş aşk?
    Aşk söyledi nolursun
    Üzülme şu soruma:
    Ben dünyada yaşarken
    Sen niyçin yaranmışsın?
    Şunu cevaplasana!
    Arkadaşlık yinede bir düşünüp,
    Bir bakdı,
    Soruya cevap yakdı.
    Söyledi aşk sen varmısın
    Sen yaşanar bitersin.
    Arkanca burakdığın
    Hiç dönüp bakmadığın
    Üzüntüyü, acıyı
    Ben teselli ederim.
    Sen yenisin kırınca
    Ben ötekin kururum.
    Şimdi anladınmı aşk,
    Ben niyçin yaranmışım?!
    Senin kıramadığın
    Öfkeyi ben kırmışım.
    Senin kuramadığın
    Yuvayı ben kurmuşum.
    Sen yaşanar bitersin, baksana
    Ben hep yaşarmışım…

  • Əfsanə BAYRAMQIZI.Yeni şeirlər

    Efsane-B.-E.

    Qaçdı

    Səhər çağı qaçdı gözlərimin yuxusu,
    Qaçdı o qumlu sahilə, küləklər şəhərinə.
    Bir az qaçdı-tutdu oynadıq,
    Özümüzə bircə anlıq bir sevinci qıymadıq.
    Kimdən qaçırdıq bilən yox, bizi ki, qovalayan yox.
    Bəlkə hicrandan, göz yaşıyla dolu olan gələcəkdən qaçırdıq.
    Bir az yuxumu qaçıranı danladım, bir az da özümü.
    Dedilər ki, şükür et, yuxun qaçıb,
    Başqalarının bilirsən nəyi qaçıb?!
    Şərəfi qaçanı, vicdanı qaçanı var,
    Çörəyi atlı olub, süfrədən küsəni var.
    Qaçan çoxdur, dərəylə, üzən çoxdur bərəylə.
    İllərdir, taleyinin, bir könül sevgisinin dalınca qaçanlar var.
    Ölümlərdən, o dünyadan üzü aşağı qaçan var,
    Sevinci saplağından üzüb, bizi bizdən ayıran var.
    Dünyamızı alt-üst edib, at kimi çapanlar var.
    Qaçan çoxdur, qovan da çox,
    Mərdi namərd edən də çox.
    Çalış, qaçma bu dünyada,
    Heç nə umma bu dünyada.
    Yuxu qaçır, qoy desinlər ki, dəlidir.
    Növbə qaçır, qoy desinlər ki, fərsizdir.
    Yuxu qaçırdın eybi yox, təki sevincimi qaçırma,
    Əlindəki-ovcundakı bir udumluq taleyimi qaçırma,
    Bu dünyadan mənə düşən, bir gülüşü qaçırma.

    22.01.2014

    Kimiyəm

    Evsiz tənha quş kimiyəm,
    Budağından yaşlar axan,
    Zalım əlin doğradığı
    Yaralı ağac kimiyəm.

    Yağışsız bulud kimiyəm,
    Səhra həsrət bir damcıya.
    Kimsəyə faydası yoxdur,
    Zirvədə lap qar kimiyəm.

    Bu əlim o əlimə baxar,
    Əl yellədib, halım sorar.
    Hamıya əliaçığam,
    Özümə zalım kimiyəm.

  • Elnurə AĞAZADƏ.Yeni şeirlər

    1291479_456505361115257_736470333_n

    BAYRAĞIM

    Qürurla dalğalan sən vətənimdə
    Azad ölkəmin azad bayrağı
    Odlar yurdumun yanar odutək
    Nur saç torpağəma azadbayrağım
    Qırmızı rənginlə müasirliyin
    Göy rəngin ulu türk qədim tarixin
    Yaşıl rəng dinimin inanc xəbəri
    Ulduzlu ayparan azad bayrağım
    Uzaq et ölkədən şər qüvvələri
    Uzaq et tufanla şər qüvvələri
    Yaxın et zəfəri sən müjdələri
    Qucub öpək səni azad bayrağım
    Sən inanc yerisən vətənpərvərin
    Torpağa can qoyan mərd igidlərin
    Oğul gözləyən ata-ananın
    Sülh laylasısan azad bayrağım
    Düşmən əlinə keçən qarabağ
    Bir gün alınar mənfur yağıdan
    Zəfər müjəsiylə səni gidlər
    Sancar cıdır düzə enməz bayrağım

    QIZ SƏNİ XOŞBƏXT OLASAN

    Vüsal həsrətlə yox olur,
    Hicran susub lal olur
    Qohum-qonşular oynayır,
    Qız səni xoşbəxt olasan
    Nuru ol getdiyin evin,
    Baş tacı ol sən ərinin
    Baldızının bacısı ol,
    Qız səni xoşbəxt olasan
    Evi qonaqlı olasan,
    Əli çörəkli olasan
    Oğul uşaqlı olasan,
    Qız sənixoşbəxt olasan
    Yeddi uşaq anası ol,
    Bol bərəkət ruzili ol
    Qohum qonşuya dayaq ol
    Qız səni xoşbəxt olasan
    Vağzalı sədası bitər,
    Xanendələr tərif deyər
    Elnurə xoş sözlər deyər,
    Qız səni xoşbəxt olasan

  • Şahinə KÖNÜL.Yeni şeirlər

    sahine-konul

    Alın yazıma qaytar…

    Allah, bu nə sitəmdi,
    Məni özümə qaytar.
    Qismətimdən qaçmışam,
    Alın yazıma qaytar.

    Sirrimi quşdan çıxart,
    Ağacdan, daşdan çıxart.
    Bu qarlı qışdan çıxart,
    Güllü yazıma qaytar.

    Məni bu məndən qopar,
    RUHu bədəndən qopar.
    Görsən lazımam, apar,
    Görsən lazımam, qaytar

    ***
    Ruhum dara çəkilir,
    Bu dardan qurtar məni.
    Gəl apar uzaqlara,
    Gəl, burdan qurtar məni.

    Buralar qan qoxuyur,
    Qanlı qəfəs toxuyur.
    Bir anadil oxuyur:
    Ağar dan, qurtar məni.

    Dolmuşam, yağım gedim,
    Abrımı yığım gedim.
    Gəlmişəm, çıxım gedim
    Yaradan, qurtar məni!

    ***
    Bahar çiçək ömrüdü,
    Gömgöy dilək ömrüdü.
    Bahara çək ömrünü,
    Qışına bel bağlama.

    Aydı, gündü, saatdı,
    Ömürlə zarafatdı.
    Bu dünya amanatdı,
    Daşına bel bağlama.

    Varıb görmüşən sonu,
    Görüb, bilmişəm bunu:
    Tanısan da dostunu,
    Aşına bel bağlama.

    ***
    Dünyaya dünən gəldi,
    Bu gün köç etdi ömrüm.
    Gələndə mənnən gəldi,
    Küsdü, tək getdi ömrüm.

    Ruhuydu, uçdu getdi.
    Safıydı, suçlu getdi.
    Əlimdən qaçdı getdi,
    Gözümdən itdi ömrüm.

    Oxşamadım bircə gün,
    Hər günü qəmə sürgün.
    Məndə məndən didərgin
    Yaşadı, bitdi ömrüm.

    ***

    Hara gedim, mən bəndən
    Bu yer üzündən, Allah?
    Bu yer üzü yaş olub,
    Axır gözümdən, Allah!

    Sonuncu ümidimin,
    Sonuncu şamı söndü.
    Yaşamaqdan, yazmaqdan
    Könlümün üzü döndü.

    Of… Necə də zalımmış,
    Zalımmış bu adamlar.
    Bu adamlar içində,
    Ürəyimə qan damar.

    Hardan gəldim dünyaya,
    Gəldiyim günə lənət!
    Bu dünyanı dərk edib,
    Bildiyim günə lənət!

    Bu adamlar qoymadı,
    Ömrümü yaşayım mən.
    Ömür də bəhanədir,
    Özümü yaşayım mən.

    Bu adamlar içində,
    Adam ola bilmədim.
    İntihar edə bildim,
    Edam ola bilmədim.

    ***

    Dünya yaman soyuqdu,
    İstilər, ay istilər.
    Başım üstən küləklər,
    Əsdilər, ay, əsdilər.

    Yordu məni o ki, var,
    Boş-bekara qayğılar.
    Təmiz hisslər, duyğular
    Küsdülər, ay, küsdülər.

    Ha dedim, ürək, qorun,
    Çiçəksən, çiçək, qorun.
    İndi də korun-korun
    Tüstülə, ay, tüstülə

    ***
    Darıxmışam səninçün,
    Ay təmiz, ağ ürəyim.
    Hardasan, ay bənövşə,
    Nərgiz, zanbağ ürəyim?

    Kimdi sənə daş atan,
    Kimdən gəldi xoş xatan,
    Eşqi qanına qəltan,
    Köksü dağ-dağ ürəyim?

    Ağlama, bəsdi, kiri,
    Dedimmi, sevmə şeri,
    Ay bir zaman dipdiri,
    Ay sappasağ ürəyim?!

    İndi yan-yaxıl belə,
    İndi çox sıxıl belə.
    Mərd Şahinə Könülə,
    Namərd, alçağ ürəyim…

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sefa1-450x300

    * * *

    Göydə ulduz əlçim-əlçim,
    Gözlərimə baxar, gedər…
    Bu həsrətə dözəcək kim,
    Həsrət məni yaxar, gedər…

    Göydə ulduz qatar-qatar,
    Sərnişini xəyalındı,
    Bəxtim elə yatar, yatar,
    Röyası da hicranındı…

    Göydə ulduz birər-birər,
    Hərəsi bir güvən, ümid…
    Məni məndən alar gedər,
    Vüsaldan üzülən ümid…

    Göydə ulduz düzüm-düzüm,
    Unutdurar məni mənə…
    Daha yoxdur sənə sözüm,
    Qaytar ver özünü mənə…

    * * *

    Ayrılığı tanımırdın,
    Ayrıldıq… Xoşun gəldimi?
    Bədbəxtliyin məni saydın,
    Xoşbəxtlik tuşun gəldimi?

    Öz təkliyinin filmində,
    Baş rolda məni çəkəsən…
    Hönkürəsən dəlilərtək,
    Bir azca mənə çəkəsən…

    Ürəyin dərddən hayqıra,
    Məni günahkar sayasan…
    Öləm gedəm, ayrılıqdan
    Bir şeir də sən yazasan…

  • Afət VİLƏŞSOY.Yeni şeirlər

    1520666_495501093892645_583761053_n

    SEVDİYİN QADIN

    Ciyərlərinə çəkdiyin siqaretindir sevdiyin qadın…
    yanındaykən belə çox vaxt çaşıb qonşu otaqda axtarırsan onu…
    xatireleşdirib səni…
    xatırlayasan deyə…
    suya həsrət devə kimidir sevdiyin qadına məhəbbətin…
    dözürsən…
    Sənə odur, dözür…
    Mən olsam, dözməzdim.
    Bu,mənəm , dözürəm,
    Heç kim dözməzdi…

    QADINA BƏNZƏYƏN QIZ AĞLAYANDA

    Ölüm ölməzliyə qovuşub qalar..
    Varaq darıxanda , söz ağlayanda..
    Hardasa səninçün dil danışanda,
    Hardasa səninçün göz ağlayanda…

    Saçların sığala tamarzı yatar,
    Başını xatirə, xəyallar qatar,
    Arzun arzularda arzuya çatar,
    Bir başa həsrətli diz ağlayanda…

    Qəfil yuxulardan oyanıb susar,
    Gözləri qan-yaşa boyanıb susar,
    Qapı arxasında dayanıb susar,
    Qadına bənzəyən qız ağlayanda…

    MARKESƏ MƏKTUB

    Cıxıb ayrılığın bətnindən çıxıb,
    Astarın üzünə tikdi bu qadin…
    içində “yüz ilin tənhalığı” var,
    Yüz ildi tənhadi, təkdi bu qadin.

    Qışın oğlan çağı unudulubdu,
    Yayın ortası da üşüdüb onu.
    Kiçik ayrılıqlar yaşamayibdi,
    Böyük ayrılıqlar yaşadıb onu…

    Quylanıb qorlara qız doğulalı,
    Körüyü üstündə közdü bu qadın..
    Yüz ildi tənhadı, yüz ildi təkdi..
    Qadın cildindəki qızdı bu qadın…

    SƏNƏ

    evindəki son işıqdı qadınlığım…
    son lampadı, son közərti,son ümid…
    əlindəki stəkanda sonuncu çay qurtumudur
    boğazından keçməyən sözlərim…
    otağının həniridir, ürəyimin istisi
    Xəyalında başını söykədiyin dizlərim…
    bir az alatorandır gözlərimin sənə düşən işığı,
    axşam işdən gələn simandır
    mənim yoxladığım dəftərlər… cümlələr…
    bəzən səliqəli, bəzən oxunaqsız…
    bəzən rəvan, bəzən müəmmalı nələr… nələr…
    yaşına sığdırmadığım hərəkətindir qaçışın…
    otağındakı kaktus güllərini əbəsmi sevmişəm?
    onlar bilgisayarının şüasını,
    mən canının qadasını alıram…
    Sən gedirsən, mən qalıram…
    Yat, yuxun şirin olsun.

    KOD

    Mənim bu dilimin acılığından,
    Ezop da yüyürsə, dadına çatmaz,
    Könlünün “Axilles dabanı”n bilir,
    İnan ki, kimsə bu qadına çatmaz…

    Sən elə bilirsən, asan qadındı,..
    Mənim məhəbbətim sərin mey deyil.
    Sənin itkin ilə mənim qazancım
    “Pirrin qələbəsi”, başqa şey deyil.

    “Qu quşu yuvası” saxlayar bizi,
    “Simurq”u yandırsan, oduma çatmaz,..
    Bu qadın bir baxar, qatar yuxunu,
    İnan ki, kimsə bu qadına çatmaz.

  • Şəfa KAZIMOVA.Yeni şeirlər

    1506526_502809703168579_285716566_n

    Tufan yoxluğun

    Bilmirəm nə olar, nə ola bilər?
    Qorxuram bir daha açılmaz səhər.
    bəlkə də al günəş qara boyanar,
    mən səndən əlimi üzmək istəsəm.

    Əlini əlimdən qopara bilər,
    sənin yoxluğun var, tufandan yaman
    Hicranın ruhumu göyə sovurar,
    Səni bu dünyada gəzmək istəsəm.

    Acı da söyləsən bal dada bilər,
    Sənin həsrətinin dadı başqadı.
    Hər hissəm bir yola bələdçi olar,
    Qəlbimi yoluna düzmək istəsəm.

    Dünya məhvərindən oynaya bilər,
    Azalar yaxşının biri dünyada.
    Kim bilir bəlkə də qiyamət qopar…
    Mən sənin dərdinə dözmək istəsəm.

    10.04.2013
    ***
    Sən də gətir xəyallarını tök ortaya,
    mən də…
    saf-çürük edək,
    qarışdıraq.
    bəlkə
    dəyərli bir şey çıxar
    içlərindən
    yaşamağa…
    2013
    ***
    MƏNİM YARIMÇIQ ŞEİRİM…

    Dağınıq fikirlərim kimisən bu gün
    yarı gözümdə, yarı beynimdə, yarı qəlbimdə
    yarı başqa yerdə, başqa evdə, başqa aləmdə…

    İş masamın üstünə düzülüb xəyalların…
    Bütün kağızların bir tərəfində
    sənin şifrələnmiş adın,
    bir tərəfində mənə aid cızma-qaralar…
    Eynən duyğularım tək qarma-qarışıq…

    Yağış döyən pəncərəmdə görünür bir ara üzün,
    Diksinib baxıram… “yanıldım” yenə o hüzn…

    Bir tərəfdə sırf özəl əşyalar,
    gizlədilmiş bir neçə qeyd, rəsimlər, köhnə kağızlar…
    Soldakı çərçivədə rəsm – sonuncu xəyal,
    kiçik bir ailə, kiçik ev, məsum uşaqlar…

    Önümdə yazdığım bir neçə sətir –
    hələ tamamlanmamış yarımçıq şeir…
    nədənsə istəmirəm sonuncu cümləni yazmaq…

    dağınıq fikrilərim kimisən bu gün
    yarı gözümdə, yarı beynimdə, yarı qəlbimdə
    yarı başqa yerdə, başqa evdə , başqa aləmdə…

    Sən mənim yarımçıq şeirim kimisən
    heç vaxt son cümləsi yazılmayacaq…
    2011
    ***
    Çıx get ürəyimdən

    Gəl çək öz köçünü duyğularımdan,
    Çıx get ürəyimdən,daha sevmirəm.
    Yuxuydun yox oldun sən həyatımdan,
    Çıx get ürəyimdən,daha sevmirəm.

    Döndün ümidimin göz yaşına sən
    Aldandın kiminsə göz-qaşına sən.
    Köçdün taleyimin yaddaşına sən,
    Çıx get ürəyimdən,daha sevmirəm.

    Sevmək,sevilmək də yalanmış demə
    Sevgin özü boyda yükdü qəlbimə,
    Sən layiq deyilsən mənim sevgimə
    Çıx get ürəyimdən,daha sevmirəm.

    2006

  • Debüt: Gültən QƏDİRLİ (Zərdab).Məqalələr

    1779770_395150827288197_1243886654_n

    TƏRCÜMEYİ-HAL

    Gültən QƏDİRLİ (Qədirli Gültən Rasim qızı) 1993-cü il sentyabr ayının 18-də Zərdab rayonunda anadan olub.Bakı Slavyan Universitetinin “Yaradıcılıq” fakültəsinin tələbəsidir.”Gənc Ədiblər Məktəbi”nin üzvüdür.

    Zamanı geri qaytarmaq olsaydı…

    Məncə bu barədə çoxlarımız fikirləşib. Çünki hər kəs nə vaxtsa etdiyi səhvi indi düzəltmək istəyir və fikirləşir ki, zamanı geri qaytarmaq olsaydı onda həmin səhvi etməzdi.
    Zamanı geri qaytarmaq olsaydı mən üzünü görmədiyim babamın son günlərindən birini geri qaytarardım….Mənim dünyada olmadığım günlərdən birini geri qaytarardım- babamı görmək üçün! Darıxanda həmin günün içində gizlənib babamla bir gün yaşayayardım.
    Zamanı geri qaytarmaq olsaydı on il əvvələ qayıdardım- atamın sağ olduğu bir günü geri qaytarardım- onda heç vaxt özümü atasız hiss etməzdim!
    Zamanı geri qaytarmaq olsaydı nənəmin cavanlıq günlərindən birini bu günə gətirərdim. Nənəmin cavanlığı ilə onun bu gününü görüşdürərdim- nənəmin cavanlığını heyrətləndirərdim.
    Zamanı geri qaytarmaq olsaydı….uşaqlıq illərimi geri qaytarıb anamı incitdiyim anları o günlərin içindən çıxarardım- belə olsaydı anamın saçındakı ağ tüklərin sayı daha az olardı.
    Zamanı geri qaytarmaq olsaydı, bu ilin sentyabr ayının 18-ini geri qaytarardım. Sevimli Elnarə müəlimə ilə bir şəkil çəkdirərdim…
    Zamanı geri qaytarmaq olsaydı…Bəlkə də geri qaytardığım o günlərin birində elə keçmişə qayıdardım..

    10 noyabr. 2013