Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları A.Məmmədov adına  38 №-li tam orta məktəbdə 21 fevral – Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirdilər. Tədbirdə kitabxananın fəal oxucusu BDU-nun Hüquq fakültəsinin tələbəsi Nuray Araz, kitabxanada təcrübə keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanaçılıq informasiya fakültəsinin IV kurs tələbələri və məktəbin IV, V və VII sinif şagirdləri iştirak etdilər.

Kitabxananın böyük metodisti İradə Hüseynova bildirdi ki, Beynəlxalq Ana Dili Gününün tarixi 1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində həlak olan dörd nəfərin xatirəsi ilə bağlıdır. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət etmişlər. Məktəb kitabxanasının müdüri Səbinə Abbasova ölkəmizdə ana dilinin qorunması ilə bağlı görülən işlərdən  danışdı. Şagirdlər ana dilinə həsr olunmuş şeirlər söylədilər.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Vəliyeva tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Udmurtiya Milli Kitabxanasında Azərbaycan güşəsi yaradılacaq

Rusiya Federasiyası Udmurt Respublikasının Milli Kitabxanası 2018-ci ilin payızında 100 illik yubileyini qeyd etdi. Elə həmin ildən Udmurt Milli Kitabxanası Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası ilə əlaqələr qurmuş və iki kitabxana arasında beynəlxalq əməkdaşlığı genişləndirməyə başlamışdır.

Beynəlxalq əməkdaşlıq çərçivəsində Udmurt Milli Kitabxanasında 2020-ci ildə Azərbaycan güşəsinin yaradılması planlaşdırılır.

Bununla əlaqədar, Yasamal rayon MKS-i Udmurt Milli Kitabxanasına Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, milli adət-ənənələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ulu öndər Heydər Əliyev həsr olunmuş kitablar, habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət haqqında, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğını əks etdirən zəngin kitab kolleksiyası toplanmışdır. Kolleksiyaya həmçinin uşaq ədəbiyyatı, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə nəşr olunmuş “Dünya ədəbiyyatı kitabxanası” seriyasından da maraqlı kitablar daxil edilib.

Yaxın zamanlarda Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi ilə 80 adda 102 kitab Udmurt Milli Kitabxanasına göndəriləcək.