“Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində Gülzar İbrahimova uşaqlar üçün “Dünyanı yallı getsin Və ya arzularım dəyişib” poema yazıb

Yeni növ koronavirusun (COVID-19) yayılmasının ölkəmizdə arzuolunmaz həddə çatmasının qarşısını almaq üçun Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) “Kitabxana – koronavirusa YOX deyir!” layıhəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasını davam etdirir. Kitabxana eyni zamanda karantin rejimi müddətində oxuculara virtual xidmət göstərərək #EvdəQal çağrışını dəstəkləyir.
Aksiya çərçivəsində tanınmış uşaq yazarı Gülzar İbrahimova uşaqlar uçun yazdığı “Dünyanı yallı getsin və ya arzularım dəyişib” poemasını kitabxanaya təqdim edib. Poema nikbin sonluqla bitir, insanların tezliklə bu bəladan, dərddən qurtulacağını əminlikə söyləyir.
Poema oxucuların diqqətinə təqdim edilir.
Poema ilə və ona aid şəkillərlə linkdə tanış ola bilərsiniz:
http://yasamal.cls.az/front/files/libraries/81/documents/828542573.pdf
Gülzar İbrahimova 
Dünyanı Yallı getsin
Və ya 
Arzularım dəyişib
(uşaqlar üçün poema)
Nədir bu pandemiya,
Ayaq açıb dünyaya,
Yayır Koronavirus,
Hər yana səpir virus…
İnsanları qorxudur,
Hamını yoluxdurur,
Çarə tapılmır dərdə,
Allah, bu nədir belə?
Hamı düşüb təşvişə,
Camaat getmir işə,
Hər kəs evdə oturub,
Elə bil həyat durub…
Deyir, ölkə rəhbəri:
“Virus gəzir hər yeri,
Hamı evdə otursun,
Virusdan uzaq olsun!”
Xəstəlik çox yayılıb,
Tibb elmi aciz qalıb,
Yoluxaraq nəfəsə,
Aman vermir heç kəsə!
Sərhədləri o aşır, 
Qitələri dolaşır,
Qoy olmasın o bizdə,
Evdən çıxmayaq biz də!
“Evdə qal, Azərbaycan!”,
Xalqına dəstək olan, 
Hamı iş görür evdən,
Paylaşır İnternetdən.
Hətta müəllimlər də,
Dərs keçir İnternetdə,
Onlar  tapşırır bizə,
Bax, qulaq asın sözə!
Heç vaxt çıxmayın evdən,
Virus tutarsız birdən!
Otursaz evdə rahat,
Qorxusuz olar həyat!
Darıxmayın uşaqlar,
Pis gün ömrü az olar.
Bir gün dərman tapılar,
Dünya dərddən qurtular!
Dostlarım kimi mən də,
Sakit qalmışam evdə.
Təhlükə olmayanda,
Çölə çıxaram onda.
Hər gün evdə də olsam,
Gərək eləyim idman.
Sonra yuyunum tez-tez,
Olum sağlam və təmiz!
Evdə qalsam nə qədər,
Vaxt itirməyim hədər,
Çoxlu kitab oxuyum,
Dərsləri təkrarlayım.
Baxıram pəncərədən,
Yoxdur keçən küçədən,
Sanitar işçiləri,
Təmizləyir hər yeri.
Allahım bu nə işdir,
Arzularım dəyişdi?!
Kaş bir möcüzə olsun,
Viruslar yoxa çıxsın!
Dərddən qurtarsın Dünya,
Məhv olsun Pandemiya!
Xalqlar əl-ələ versin, 
Dünyanı Yallı getsin!
05.04.2020