Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (II hissə)

BİLMİRƏM-NƏ CÜRƏ,AMMA BİR ZAMAN…

Çoxdan eşitmişdim:”At da muraddı,
səndən yayındısa,özgə yetəcək”,
gördüm–neçəsini tərkindən atdı,
eh,hələ o qədər yəhər tökəcək!

Həyatım Şeytanın feli kimidir,
pəl vuran Fələyin əli kimidir,
məhəbbət ilanın dili kimidir–
yollar ayrıldısa,zəhər tökəcək!

Zərifdir,hər yetən gülə vurulmaz,
könlüm tutduğundan,Vallah,qırılmaz,
imanlı insanın gözü tutulmaz,
xəbisin gözünü qəhər tökəcək,

Gül,qurban olaram yadda saxlasan,
ruhum havalanar sellər ağlasan,
bil ki,məkanından nigaran olsam,
dərdlərin üstümə şəhər tökəcək,

Bu şənhər gəmilər çəkən bir liman,
Xəzər ildən-ilə çirklənən ümman,
bilmirəm-nə cürə,amma bir zaman,
bizimlə hesabın Xəzər çəkəcək…

DÜNYA YAMAN DƏYİŞİB…

XƏBƏRDARLIQ…

Dünya yaman dəyişib,
tamam xarabı çıxıb,
cıdırçı ata minib,
sürəndə yabı çıxıb,

Ya birtəhər dolanır,
ya da baş girlədirik,
yaman günlü adam çox,
biz hələ şükürlüyük,

Bir babat dolanırırıq,
beş-üç ara qatan var,
arada aldanırıq;
“atanşik” var,atan var,

Quldur var kisəsindən
yüz dilənçi tökülər,
sərvətindən fil çökər,
dəvə beli bükülər,

Burda qapıb-xaricdə
kef çəkir,pul paylayır,
Yurdunda dul analar
min-min yetim saxlayır!

Bu yetimlərin çoxu
Şəhid balalarıdı,
ay imanın itirmiş,
Vətən övladlarıdı!!

Nə olar,zaman keçər,
yetimlər də böyüyər,
(bircə qorxduğum budur)
beş-on dəyyusa görə
Yurdla haqq-hesab çəkər…

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (I hissə)

“VƏTƏN DƏRSLİYİ”…

Məni heyran edir təzadlı həyat
gülünə,barına,yağmurlarına,
insana dünyayanı bəxş edib,rahat-
buraxır nəfsinin ixtiyarına.

Hər cürə canlı var dünya üzündə;
yeriyən,sürünən,qanadı olan,
enən,ucalan var xalqın gözündə,
bir ömür yaşayan,əbədi qalan.

Gödüm yaxşılığı,nöqsan,qələti,
vaxtında gələni,gedəni bivaxt,
“Bir Manat”-yoxsulu xoşbəxt elədi,
“Milyonlar” acgözü elədi bədbaxt!

Hər cürə iftira,böhtanlar,yalan;
səbrimin kasası boşaldı,doldu,
“Ata çörıyinə” həsrətli olan,
çox vaxt çox yeyənnən qeyrətli oldu.

“Vətən dərsliyində” nuru gözümün,
amma,aldıqlarım saralıb-solmur,
bir daha deyirəm: “Çünkü yetimin
Vətəndən savayı heç kimi olmur!”

Mərdi çala bilməz şər atan ilan,
şöhrətlə,nəfsimin qulu olmadım,
mən “Bircə Manatla” bəxtəvər olan,
haram “Milyonlara” tamah salmadınm!!

ÖMÜR…

Danılmaz İlahi sirri deyilsə,
möcüzə deyilsə,bəs nədir ömür?
insan adam kimi yaşaya bilsə,
bəlkə də yenidən verılər ömür.

Təkrar qayıdırıq?,bəlkə bilmirik?
torpaq buraxmırsa,həlbət-getmirik?
bəlkə başqa canda,başqa bədəndə
ruh tapıb yenidən dirilir ömür?

Qayğılar içində nəğmələr deyir,
sevincdən udqunur,qəhəri yeyir,
elə ki,”mamaça” göbəyi düyür,
beşıkdən tutaraq dirçəlir ömür.

Anmyan aldanar min-bir çalara,
ömrün iki rəngi-“ağ” ilə” qara”,
o–baxır Dərgahda yazılanlara;
ya “nökər”,ya da ki,”xan” gəlir ömür.

Mən yaman gecikdim (nə işidirsə?)
həyatdan almalı olduğum dərsə,
“Sevgi tufanında” bəxti gətirsə,
sakit bir limana yönəlir ömür.

Salamat çıxarsan sel də aparsa-
hələ getməyinə zaman qalarsa!
hər kəsin səmada ulduzu varsa,
bəlkə-yerə düşən kölgədir ömür?

Yağmurlar,çiskinlər,qarlar,dumanlar,
saxta yalvaranlar,imdad umanlar,
bəlkələr,hədələr,şübhə-gumanlar…
təpədən-dırnağa “Bəlkə?”-dir ömür.

Vallah,səndə olan dözümə əhsən,
gör-hələ bir kimnən yola getmisən?!
“Hələlik”-söyləsəm sən nə deyərsən?
zaman tamam olur,vaxt gəlir ömür…

Azərbaycanlı şair Əziz MUSA.”İstəsən”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Bu ömür inan ki, sənsiz heç nədi,
Sənsən həyatıma bal, şəkər qatan.
Sənsiz dünya özü bir əfsanədi,
Varmı gözəllikdə de sənə çatan.

Sənsiz yaşamaram ürəyim mənim,
Sənsən yeri, göyü sevdirən mənə,
Başımın tacısan, nazlı mələyim,
Gözəl günlər üçün borcluyam sənə.

Sən mənə dünyanı vermisən canan,
Günəşi, Ayı da nurladan sənsən,
Ay gülüm, mən səni gördüyüm zaman,
Elə bilirəm ki, cənnətdəyəm mən.

Nə yaxşı bəxtimə düşmüsən mənim,
Şükür bu qismətə, şükür bu paya.
Sən varsan tay yoxdu başqa istəyim,
Dəyər bir gülüşün bütün dünyaya.

Ətirli gülümsən, qönçə çiçəyim,
Ömrümün, günümün mənası sənsən.
Bir şirin canım var, sevən ürəyim,
Sənə qurbandılar, nə vaxt istəsən.

Azərbaycanlı şair Əziz MUSA.”Başımın tacısan”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Mənim səndən özgə bir çiçəyim yox,
Tanrının sevdiyi cənnət gülüsən,
Səndən yaraşıqlı bir mələyim yox,
Başımın tacısan, qiymətli ləlsən.

Məni məst eyləyən gözünə qurban,
İlahi verdiyi butamsan mənim.
Sevgt bağçasında nazlanan ceyran,
Səninlə bəzənib ümid çəmənim.

Sənsiz gül-çiçəklər sevgi qoxumur,
Sənsiz arzularım hələ qönçədir.
Gül-çiçək görməsə, bülbül oxumuz,
Ruhum çox kövrəkdi, qəlbim incədir.

Sənsiz dünya-aləm gözümdən düşər,
Günəşli könlümü bürümə çənə.
“Can” sözü dilimdən ,sözümdən düşər,
Vallah can atıram hər zaman sənə.

Sən məni bağışla göz yaşlarıma,
Məndən üz döndərib, dərdi qudurtma,
Gətir ayı, günü baxışlarıma,
Qönçə çiçəkləri vaxtsız qurutma.

Yapış əllərimdən, qalxım ayağa,
Qənirsiz gözəlsən, bənzərsiz mələk,
Yaz gəlib, gül qonub, o gül yanağa,
Eşqinlə döyünür sinəmdə ürək.

Azərbaycanlı gənc yazar Nemət TAHİR.Yeni şeirlər (IIhissə)

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

Sevinc bizdən uzaq idi,
Kədərin də üzü döndü.
Bumeranqdır sanki həyat,
Nə etdiksə,bizə döndü.

Haqq yoluna üz qoyduq.
Yaramıza duz qoyduq.
Qəlbimizə buz qoyduq.
Buz bir anda közə döndü.

Günah da yük,savab da yük.
Qələm balta,vərəq kötük.
Günahları edam etdik.
Savabımız sözə döndü.
09.04.2020

Elə bu axşam…..


Gözlərimə işıq düşür,
Zülmət çöküb daxilimə.
Büvə düşmüş xalı kimi,
Sökülürəm ilmə-ilmə

Yaddaşımın çığırların
İtirmişəm,ot basıbdır.
Xəyallarım,arzularım
Məni yolda azdırıbdır.

Bu həsrətin qoxusu da,
Çin çıxmayan yuxusu da
Tək qalmağın qorxusu da
Yalnızlıqdan dəhşətlidir.
                   

Azərbaycanlı gənc yazar Nemət TAHİR.Yeni şeirlər (I hissə)

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

★★★★★★★★★★★

Axtarıram, tapammıram
Dil ucunda söz kimiyəm. 
Xatirələr pərən-pərən
Alaq basmış iz kimiyəm. 

Ay qəm-kədər ,yaxamdan düş. 
Bütün bunlar sanki bir düş
Ocağından ayrı düşmüş
Öləzimiş köz kimiyəm

★★★★★★★★★★★

Bilirsənmi dərd ortağım olandan,
Çatlayıb ürəyimtək pəncərə də.
Yarışır göz yaşımla yaz yağışı,
İz buraxır yanağımda,pəncərədə.

Xəyallar qoynunda elə yol gedir,
Dünyanı dolaşır dolaşıq fikrim.
Ancaq onu təqib edib izləməyə,
Nə atım var,nə qanadım,nə yelkənim.

Nəfs öldürüb insanlığı,sevgini,
Göylərin fəryadı ürək dağlayır.
Yağış deyil buludlardan süzülən,
GÖZ YAŞIDIR,TANRI BİZİ AĞLAYIR!!!

Azərbaycanlı şairə Xəyalə SEVİL.”Bədənimdə meyit kimi uzanan”

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

Bədənimdə meyit kimi uzanan
Ürəyimin ağrısı,
Xoş gəldin.
Gözümün qaçan yuxusu,
Unudulmaq qorxusu,
Yanağımın nəm torpaq qoxusu,
Xoş gəldin.
Məni ağrıdan ayrılıq
Onu ağrıtmadısa,
Əllərinin divarından
Asmadısa, şəklimi,
Nə sözü, nə məhəbbəti
Özün doğrultmadısa,
Heyf oldu!

Azərbaycanlı şairə Xəyalə SEVİL.”Köhnə yara sağalır”

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

Köhnə yara sağalır,
Üstünü qaysaq tutub.
Neçə ildi axtardığım sevgini
Duyğularım
Suç üstündə sağ tutub.
Qəribə şeylər olur,
İçimdə yaz havası.
İndi kimin cəsarəti,
İndi kimin hünəri var
Bu havanı
Ürəyimdən qovası?
Həə, bir də, onu da deyim,
Nə yerliyəm, nə qonağam.
Qala bilsən, yurd yeriyəm,
Köçərisən, köç məndən.
Nə istəsən seç məndən.

Şəfa VƏLİYEVA.”Hekayəmiz bitirmi?” (Esse)

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

…1 sentyabr 1923-cü ildə gündüz saat 12:00-da Yaponiyada 8,3 bal gücündə zəlzələ baş verir. Bu dəhşətli təbii fəlakət tarixə Böyük Kanto zəlzələsi adıyla keçir. Çünki, zəlzələdən ən çox zərər çəkən ərazi Kanto vilayəti idi. Tokio və Yokohamanı yerlə-yeksan edən zəlzələdə, təxminən, 174 min adam ölür, 542 min nəfər itkin düşür…
Təbii fəlakətin şahidi olan bir uşaq-sonradan şöhrəti dünyaya yayılan kinorejissor Akira Kurosava öz xatirələrində həmin dövrü belə xatırlayır: “Böyük Kanto zəlzələsi məni dəhşətə düşürmüşdü, həm də önəmli şeylər öyrətmişdi. Bu zəlzələ sayəsində təbiətin inanılmaz güclərini görməklə qalmamış, eyni zamanda, insanların inanılmaz şeylər edə biləcəklərinə şahid olmuşdum”. Ardnca da: “İnsanlar panikaya düşəndə məntiqlərini itirib əməlli-başlı axmaqlaşırlar…”-deyə yazan Kurosavanın dediklərini XXI əsrin 20-ci ilində siz də müşahidə etdinizmi? Qorxmayın, etiraf edə bilərsiniz…
Koronavirusun dalğaları üfüqdə görünən kimi Yer sakinləri hamısı eyni cür panikaya düşdü; böyük ölkələrdə marketlərə hücumlar oldu, alış-veriş mərkəzlərində rəflər boşaldıldı. Bir qutu makaron üçün dalaşanları da gördük, iki qutu gigiyenik vasitə üçün intihara cəhd edəni də…
Sonra, sözün əsl mənasında, maskarad başladı. Koronavirusun insanlığın məğlubiyyəti münasibətilə təşkil etdiyi bu maskaradda başına plastik su qabı keçirənlər də vardı, əleyhqaz taxanlar da… Hələ yanvarda qonşusuna keçən ilin dəbini geyindiyi üçün lağ eləyənin zibil torbalarına bürələnməyi isə koronavirusun sosiallığa çaldığı qələbənin rəmzi idi…
Nənəmin bir sözü vardı: “Dünyanın düz vaxtı…” İndiyə qədər bu söz mənə adi deyim kimi gəlirdi. Amma, indi, dünyanın nahamar vaxtında dilimin əzbəri olub. Görüşməyə, bir fincan çay içib dərdləşməyə söz verdiklərimə də elə beləcə deyirəm: “Dünya düzələndə gələcəyəm…” Nə edəsən ki, dünyanı dağıtmaq insanın əlində olsa da, düzəltməkdə acizmiş…
Bir də “koronalı günlərdə” darıxmaq var. O günü bir hekayə yazdım: “Epidemiyada darıxan qoca…” Cəmi 18 dəqiqəyə, birnəfəsə yazılan bu hekayənin son nöqtəsini qoyduqdan sonra, azı, yarım saat ağlamışam. Niyəmi? Çünki, o “əlahəzrət darıxmağa kəniz olan məndim”…
İndi koronavirusu bütün təbii fəlakətlərlə eyniləşdirənlər də tapılır. “Filan ildə zəlzələ bu qədər can aldı”, “həmən vaxtı sunamidən nələr oldu” və sair və ilaxır… Hələ xərçəngin, diabetin, cinayətlərin aldığı canlarla koronaviruslu günləri müqayisə edənlər də var. Mən onların sözünü kəsməyə heç vaxt çalışmıram. Çünki, A.Kamyu “Taun” əsərindəki qoca gözətçinin diliylə o cavabı çoxdan aksioma çevirib: “Zəlzələ bir dəfə olur və qurtarıb gedir. Ölüləri-diriləri sayırlar, sonra söz-söhbət kəsilir. Amma, bu xəstəlik çox səfeh şeydir. Xəstəliyə yoluxmayanlar da xəstəliyi ürəklərində gəzdirir…”
Xəstəliyi ürəyində gəzdirməyin ikinci adıdır darıxmaq… Əvvəllər aşiqi Qaf dağının o üzünə aşan məşuq ayrılıq yanğısıyla bayatı söylər, göz yaşları görünməsin deyə üzünə rübənd çəkər, əllərini solğun rəngdə xınalayardı… “Koronalı günlər”də bütün bu eşq simvolları da öz məzmununu dəyişdi. İndi ayrılıqlara səbəb Qaf dağı yox, divarlardı. Ayrı-ayrı otaqlarda karantinə salınanlar dastanlardakı o dağlar aşan ayrılıqları elə gözəl utandırırlar ki… Rübəndmi? Bir ətrafa baxın, eşiyə çıxa bilmirsiniz, pəncərəni açın və küçəyə boylanın. Tibbi maskalar da “koronalı günlər”in rübənd dəbidir. Əzablı ayrılıq və hüznlü darıxmaq yaşayanların xınası da əskik deyil-antiseptik vasitələr bütün qapıların ağzında hazırdı. İçəri girdinmi, xınalanmamış kimdi sənə əl uzadıb “xoş gəldin” deyən?!
Koronavirus insanlığın “mən” mərkəzli yaşamına təbiətin harayı kimi də dəyərləndirilir. Biz dünyəvi arzularımıza tac taxıb ruhumuzun başına qoyduq, o da bumeranq effekti göstərib geri döndü, “taclı virus” kimi həyatımızın təhdidinə çevrildi…
Ruhunu yazıya təslim edənlər də bu günləri nahamar yaşayırlar. Onlar da “dünyanın düz vaxtı”ndan mənən qopublar. Yeganə üstünlükləri yazdıqları hər cümləylə bu bağı yenidən qurmağa cəhd etmələridir. Düzdür, yazıçı Varis Yolcuyev bu günləri “yaradıcılığımızı dincə qoyduğumuz günlər” adlandırdı, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs “İndi bizim təklikdən təkliyə qapıldığımız günlərdir” dedi, amma “ 525-ci qəzet”in baş redaktoru Reshad Mecid ümidini üzmür: “Koronavirus bitsin, böyük dəyişikliklər olacaq”. Bu cümlədəki “bitsin” kəlməsini “bitdi” deyə oxumağı arzuladım. Bir də gördüm arzumun yolunu bir sarı yarpaq kəsib. Apreldə sarı yarpaq? Təəccübümün qulağını Rəşad Məcidin müsahibəsinə söykəyəndə eşitdiklərim sarı yarpağın sirrini çözdü: “…psixoloji durumuna görə unutqan olan insan bunları da unudacaq”.
Unudacağıqmı? Əlibala Hacızadənin o məhşur əsərindəki şeir kimi:

Unudulmaq yaman dərddi,
Gülüm, başına gəlməsin…

Unudulmaqdan bu qədər qorxan insanın unutmağı könlünə peşə seçməsi də həyatın savab-günah təzadının paralelliyidir…
Atatürk Mərkəzinin şöbə müdiri, şair Ekber Qoşalı “koronalı günlər”də kitabxanasına baş çəkdi, unudulmuş kitabları sevindirdi, yaddaşının xatirə küncünün tozunu aldı. “Şairin ilk kitabı” seriyasından tutmuş, bir çox dəyərli kitabların şəkillərini çəkib paylaşdı. Onun bu paylaşımları çoxlarını (çoxumuzu) xatirələrin Zümrüd quşunun qanadlarına yük elədi, illərin o tayındakı xatirə bulaqlarına “susuz aparıb susuz gətirdi…” Üstəlik, “Karantin günlərinin iki şeiri”ni yazdı, bizə-onu özünə Ustad sananlara karantin günlərində necə davranmaq barədə maarifləndirici yazılar ünvanladı…
“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan isə ümidini könlünü verdiyi ədəbiyyata bağladı. “Koronavirus:bəşəriyyətin qorxu çağı” adlı essesində yazdı: “Sənət, ədəbiyyat dünyanın ən qaranlıq çağlarında belə, günəşi qoruyub saxlamağa yardım etdi…”
Shahane Müşfiqin karantində xoşbəxtliyə yeni anlamlar axtardığı, Gülnar Səmanın arxasını kitab rəfinə söykəyib şeir oxuduğu, Serdar Aminin dünya şöhrətli filmlərə yeni rakursdan baxdığı bir vaxtda anam Güldərən Vəli də darıxdı, özünə facebook səhifəsi açdı və ilk paylaşımı “O Ulu Göyçəmə dönərik dedim” şeiri oldu. Görünür, anam da koronavirusdan xoflanıb, “boyat dərdi”nin üstünə bir ovuc göz yaşı çiləyib ki, yumşalsın…
Son günlərdə internetdə ən çox axtarılan və oxunan kitablar siyahısına Silviya Brownun “Kəhanətlər” kitabı da daxil oldu. İddia olunur ki, hələ 15 il əvvəl bu kitabda koronavirus haqqında yazılıb. Həmin kitabda müəllifin qəşəng bir sözü var: “Bilgi gücdür”… Bəs insanın bilgisi, elmi niyə məhz bu günlərdə onun gücünə çevrilib koronavirusa qələbə çalmağına vəsilə olmur? Bu suala güvənərək koronavirusun bəşəriyyəti təhdid etdiyi günlərdə günahı elmdə görənlər də az deyil. Öyrənmək arzu yox, instinktdirsə, insanoğlu günahkardırmı? Yaxud, əksinə, o, öz öyrənmək arzusundan əl çəkməlidirmi? Nəyin xətrinə? Əvvəllər bu sualların qarşısında cəsarətiylə dayanan insanoğlu indi həmin cəsarətinə söykənib bildiyi sözlərdən nida cümləsi qura bilirmi? Bu suallarla baş-başa qalanda yazdıqlarımızın özəyinə-özümüzün hekayəsinə çevrilirik. Hər gün eşitdiyimiz ölüm xəbərləri düşüncəmizdə düyünə çevrilir və biz bu düyünü açmaqçün güzgülərə deyil, ovuclarımızın içindəki göz yaşına üz tuturuq. Orda qırışmış alnımıza baxa-baxa inildəyirik: “Hekayəmiz bitirmi?”
Bu məqamda Silviya Brownun xoşuma gələn bir sözünü də xatırlayıram: “Zamana çox bağlıyıq”. Nə olar, təki olsun, təki ruhumuzu dünyaya bağlayan bütün bağların qopduğu məqamda, heç olmasa, zamana bağlı qalaq. Kim bilir, bəlkə elə zaman öz “sabah” adlı paraqrafında bizə söyləyəcək: “…davam edir… İnsanlığın yeni hekayəsi növbəti səhifədə…”

Şəfa Vəli ( may, 2020)

Şəfa EYVAZ.”Öncə sevgi gəlir”

Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

***
Öncə sevgi gəlir
Söyləyə bilmirsən
Qalır dillə dodaq arasında.
Sonra ayrılıq gəlir
Zamansız bir vaxtda
İki daşın arasında.
Daha sonra ölüm gəlir
Bir göz qırpımında
Qaşla gözün arasında.

Yağmur ƏSMƏRSOY.”O, gündən küləklər bir başqa əsdi”

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

O, gündən küləklər bir başqa əsdi,
Bir başqa döyüldü qapım o gündən.
Oyandım səhərin onun da durdum
Quruca sağ olsuz çıxıb gedəndən.

Otağım eləcə tökülüb qalıb,
Qab-qacaq, üst üstə yığıldı qaldı.
Tor basdı pəncərəm it günə düşdü.
Divarda saatın onu sualdı,

Bu da ki, dünəndən qalma yeməkdi,
Çörək də küflənib iylənib qalıb.
Çay desən dünəndən dəmlədiyimdi,
Bu da ki, özü bir gəlmə deməkdi.

10.mayıs 2020

Yağmur ƏSMƏRSOY.”Durnalar köç etdi, qayıtdı gəldi”

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

Durnalar köç etdi, qayıtdı gəldi,
Qəlbimin o bahar həsrəti qaldı.
Öldürsən, parçala vətənsiz heçəm,
O, taydan üstümə uzanan əldi.
Tutsam istisinə isinən mənəm!

Mayıs 2020