Azərbaycanlı şair Əziz MUSA.”Yoxdu, yox”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

YOXDU, YOX

Şairlərin sevgi dolu qəlbi var,
Bir əməlli mülkü, varı yoxdu, yox.
Allah deyib yapışıblar qələmdən,
Ürək dostu, bir simsarı yoxdu, yox.

Həsrət qalıb şeyda bülbül gülünə,
Qəfil düşdük dərdin, qəmin selinə,
Cavanlığım düşdü dava ilinə,
Tay ömrümün, ilk baharı yoxdu, yox.

Elə bil ki heç yox imiş Cəbrayıl,
Nə zamandı bağlanıbdı cığır, yol,
Tay adamda nə huş qalıb, nə ağıl,
Yiyəsinin ixtiyarı, yoxdu, yox.

Dərd salıbdı ürəyimi azara,
Kimdi indi qiymət verən yazara,
Çıxartmıram sözümü tay bazara,
Yaxşı sözün xiridarı, yoxdu, yox.

Boylanıram mən Günəşə, mən Aya,
Nə söyləyim bu qismətə, bu paya,
Əziz Musa, bel bağlama dünyaya,
Zərrə qədər etibar,ı yoxdu, yox.

Azərbaycanlı şair Əziz MUSA.”Bu qızı da bəyənin”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Ürəyini verməyə bir dost, sirdaş axtarır,
Tənha qalıb darıxır, yaxın yoldaş axtarır,
Gizli-gizli yollara , yan- yörəsinə baxır,
Ay oğlanlar nə olar, bu qızı da bəyənin.

Bənövşə tək abrına, həyasına bükülür,
Üz , gözündən bir sevgi, bir gözəllik tökülür,
Güləndə elə bil ki, günəş gülür, ay gülür,
Ay oğlanlar nə olar, bu qızı da bəyənin.

Tək qalanda darıxır, gizli-gizli ağlayır.
Gözləri bulaq kimi ,dərddən-qəmdən çağlayır,
Həsrət bir cəllad kimi sinəsini dağlayır,
Ay oğlanlar nə olar, bu qızı da bəyənin.

Əlı sığal istəyir, saçı tumar istəyir,
Yaradandan nə vaxtdı, bir əhli, hal istəyir,
Ürəyi sevgi dolu, bir sözü bal istəyir,
Ay oğlanlar nə olar, bu qızı da bəyənin.

Leyli kimi bağlanar, onu bir sevən olsa,
Baxmaz özgə kimsəyə, dünya igidlə dolsa,
Keçər oddan- alovdan, yolları duman alsa,
Ay oğlanlar nə olar, bu qızı da bəyənin.

Arzuları çırpılır hər gün daşa-qayaya,
Bir qulaq asanı yox, qəlbindəki haraya,
Üzünüzü çevirin, bu günəşə, bu aya,
Ay oğlanlar nə olar bu qızı da bəyənin.

Azərbaycanlı şair Əziz MUSA.”Dur qardaşım!”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Heç Şuşasız əl çatarmı Təbrizə,
Savalandan soraq gəlməz Kəpəzə,
Çox ağladıq, bu yaramız, təptəzə,
Dur qardaşım, yəhərləyək atları.

Qartal olub zirvələrdən baxım mən,
Şimşək olub, o dağlarda çaxım mən,
Bu həsrəti yandrım mən, yaxım mən,
Dur qardaşım, yəhərləyək atları.

Yurd yanında xəcalətli qalmışıq,
Köçümüzü aran yerdə salmışıq,
Ayrılıqdan saralmışıq, solmuşuq,
Dur qardaşım, yəhərləyək atları.

Ayrılığa dözək axı nə qədər?
Ümidimiz qoy olmasın heç, hədər,
Yol gözləyir Ağdam, Laçın, Kəlbəcər,
Dur qardaşım, yəhərləyək atları.

Cənnətimiz Qarabağdı, Qarabağ,
Yad əlində inildəyir bağça, bağ,
Axı bizə beşik olub o torpaq,
Dur qardaşım yəhərləyək atları.

Azərbaycanlı şair Əziz MUSA.”Bu qız”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Təpədən dırnağa şeirdi bu qız,
Görüb camalnı mat qalmışam mən.
Bilmirəm ay deyim, yoxsa ki, ulduz,
Gözlərim qamaşıb, lal olmuşam mən.

Dodağı şeirdi, gözü şeirdi,
Qələm əldən düşüb, susubdu dilim,
Baxışı şeirdi, sözü şeirdi,
Baxıram, üzümdə qalıbdı əlim.

Nəyi var şairin ürəkdən özgə,
Ürəyim aslıb qara telindən.
Dözümüm qalmayıb, nazını çəkə,
Misralar tökülür şirin dilindən.

Qəzəldi, qoşmadı üzü, yanağ,
Baxışı sevgidir, gülüşü mehir,
Qoynu bir cənnətdi, üzü gül bağı,
Q bir möcüzədi, o bir sirr, sehir.

Köynəyi qıfılbənd,düyməsi təcnis,
Vergüldü qəmzəsi, nöqtədi xalı.
Quran ayəsidi o kəlmə, o səs,
Nəfəsi bayatı, dili şan balı.

İncə qafiyədi, o əli, beli,
Saitdi, samitdi kipriyi, qaşı,
Belə yazmayıbdı Vaqif, Füzuli,
Məməm-mənəm deyir, hər kəlmə başı.

Şeir yazmaq olub, həmişə peşəm,
Bir gözəl mahnıdı, sözləri hazır.
İndi anlamışam, indi bilmişəm,
Ən gözəl şeiri Yaradan yazır.

Rafiq ODAY.”Yazığın gəlsin”

This image has an empty alt attribute; its file name is 79644024_835032433613820_2564097335432839168_n.jpg

YAZIĞIN GƏLSIN

Çiynini fil yükü altına vermə,
Qarışqa, özünə yazığın gəlsin.
Misqalla ölçülən öz yükün ilə,
Barış qal, özünə yazığın gəlsin.
Çox da ömrü boyu əkin əkməyən,
Həmişə sahibdi dolu təknəyə.
Olarsan özgənin yükün çəkməyə
Alışqan, özünə yazığın gəlsin.
Dönməmiş – uğruna it ulyanlara,
Dinməzcə qoşul yat uyuyanlara.
Mənəmlik havasın at – milyonlara
Qarış qal, özünə yazığın gəlsin.
Özü bir oyundu, düzü, dünyanın,
Seyrəlir birbəbir düzü dünyanın.
Edərlər başına düzü-dünyanı,
Darısqal, özünə yazığın gəlsin.

Rafiq ODAY.”Yıxdılar”

This image has an empty alt attribute; its file name is 79644024_835032433613820_2564097335432839168_n.jpg

***
Səni heçə sayanlar

Heçindən yıxıldılar.

Qurd yemiş ağac kimi

İçindən yıxıldılar.


Əyləndi bic gələnlər,

Öyrəndi gec gələnlər.

Hamıya güc gələnlər,

Gücündən yıxıldılar.


“Bu yiyəsiz sürünün…”

“Arxamızca sürünün…”

Dörd həyat ünsürünün,

Üçündən yıxıldılar.


Allaha uladılar,

Günaha uladılar,

Sabaha uladılar,

-Bugündən yıxıldılar.


Əl saxlayın bir anlıq,

Ərş də, Kürs də bir “O”nluq.Ç

ox gədələr Fironluq

Köçündən yıxıldılar.


07.07.2020.

Şairə-publisist Nəcibə İlkinin “Yarımçıq toy” adlı povest, hekayələr, esselər toplusu işıq üzü görüb

“Adiloğlu” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktou, şairə-publisist Nəcibə İlkinin “Yarımçıq toy” adlı povest, hekayələr, esselər toplusu 110 səhifə həcmində 300 tirajla işıq üzü görüb. Kitabın redaktoru yazıçı Elçin Hüseynbəyli, bədii redaktoru Naibə Yusifdir.

Kitab müəllifin oxucularla növbəti görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

Qeyd edək ki, bundan öncə “Bir ömür uduzdum” (2004) , “Qəlbimdə dil açan dünya” (2006), “Könlüm nağıl istəyir” (2016), “Sözün ölçüsü və çəkisi” (fikirlər və rəylər) (2016) şeirlər kitabı nəşr olunmuşdu.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
və İctimaiyyətlə əlaqələr şöbəsi.

Azərbaycanlı şair Abdulla Məmmədin “Gerçək yuxular” adlı ilk şeirlər kitabı işıq üzü görüb

“Adiloğlu” nəşriyyatı tərəfindən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filolofiya fakültəsinin məzunu, şair Abdulla Məmmədin “Gerçək yuxular” adlı ilk şeirlər kitabı 240 səhifə həcmində, 500 tirajla işıq üzü görüb.

Kitabın redaktoru Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktou, şairə-publisist Nəcibə İlkindir. Azərbaycan Yazıçılar Birliyinin Quba-Xaçmaz bölgəsi üzrə sədri, “Qobustan” jurnalının baş redaktoru, yazıçı-jurnalist Vaqif Əlixanlıdır.

Kitab müəllifin oxucularla ilk görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Kitabda müəllifin son illərdə qələm aldığı müxtəlif mövzulu şeirləri yer alıb. Hər bir şeirdə müəllifin ürək döyüntülərini, səmimiyyətini sezmək mümkündürş Poeziyasevərlər, ədəbiyyatşünaslar, ədəbi tənqidçilər tərəfindən rəğbətlə qarşılanacağına, oxucu auditoriyasının isə genişlənəcəyini ümid edirik.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
və İctimaiyyətlə əlaqələr şöbəsi.