Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XII hissə)

“QARA QIZ”

Bir qız vardı kəndimizdə-“Qara qız”,
anasına göz dağıydı,kədərdi,
subaylıqda qarılaşdı “Qara qız”,
qapıları elçi üzü gərmədi.

Gecələrdə qaranlığa qarışıb
xısın-xısın ağlayardı “Qara qız”,
Gün doğanda taleyiylə barışıb,
tarlalarda od olardı “Qara qız”.

Saçlarını tək hörüklü hörərdi,
ürəyini aynalara açardı,
neçə ildi-bircə yuxu görərdi;
bir atlıya qoşulardı,qaçardı!

İsmətliydi yerişində,sözündə,
danladılar,dedi: “Belə yaxşıdı”,
o, “Qara qız” oğlanların gözündə,
gözəllərin kölgəsinə oxşadı…

1966,Tərtər.”MƏN KÜLƏYİ GÖRÜRƏM”kitabımdan

QAYTARIN BAKININ GÖZƏL GÖRKƏMİN…

Qaytarın Bakının gözəl görkəmin,
xeyir-bərəkəti geri qayıtsın,
baldan şirin olan xatirələrin
hərdən gerçək olub biri,qayıtsın.

Adamı yandırır “şpalların” yeri,
tez olur,onsuz da ömür azalır,
“Sabunçu” vağzalı keçən əsrdən
Mərdəkan Qəsrindən nigaran qalır

Tələbə əlindən tutan bir kübar-
görsəydim,deyərdim-“Canım,tramvayım!”,
indi nə sən varsan,nə “qarajın” var,
bunları nə cürə qanım,tramvayım?

İtbata düşəcək keçdikcə illər,
gəzərik,tarixi alt-üst çevirib,
“primitiv” deyilən bu köhnə şəhər
dünyaya o qədər dahilər verib!

Şəhərin üstündə oyunlar oldu,
yaxşı ki,Metromuz “dərinə getdi”,
bilmədim–qazdıran,qazan kor oldu;
“Yeraltı yolların” izləri itdi!!

Can sıxır çox yerin quru görkəmi,
qədim binlardan azmı qırdılar?
ya da,bəxti qara qara qız kimi
üzünü qaşıyıb”pudra”vurdular.

Bir an əl saxlayın qırıb-sökənlər,
sizin məntiqiniz çox məzəlidir!
anlaya bilmirə– “İçərişəhər”
nə üçün Parisə bənzəməlidur?!

Qəbimi göynədir xoş xatirələr,
“duzsuz” bir məkana dönəcək Barı,
xatalı yüklənir hündür təpələr,
dözməyib,Xəzərə enəcək Bakı!

Qəlbimi göynədir xoş xatirələr
nadanlar əlində hərdən qalırıq,
bu cürük–Sabirdən indiyə qədər:
“Qatar keçib gedir,biz ayılırıq…”
10.02.2019.

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XI hissə)

QOCALIQDAN XƏBƏRSİZLƏRƏ…

Ələ keçə sənə rişxənd eləyən,
nəyi yanlış,nəyi düzdü-deyəsən,
“Hər bir yaşda gözəllik var”-söyləyən,
qocalıqdan xəbərsizdi deyəsən?

Cavanlıqda qaş-göz atar hər gözəl,
bacarırsan ömrü-günü sür gözəl!
gecə yarı vədə verə bir gözəl,
qapısını gizli-gizli döyəsən.

Sevgi çəkər sinədəki yanğını,
azarladıb hey çəkərlər qaygını,
soruşanda içindəki çovğunu:
“Sənə coşan bir dənizdı!”-deyəsən.

Vaxt belə ki, qaraldacaq qanını,
“əl ağacın” kəsdirəcək yanını,
atıb-getmiş xəbər ala halını:
“Sən gedənnən kimsəsizdi”-deyəsən.

Çarə olmaz dərd belini əyənə,
bəla gələr gül xətrinə dəyənə!
“Vahid ƏZİZ vəfasızmış…”-deyənə:
“Sənə qurban bu ƏZİZdi”-deyəsən…

DÜNYA,SƏNƏ QONAĞAMSA…

Dindirin,hamısın açım-
dərdi belə ağlamazlar,
kimim var-üstünə qaçım?
yadla peyman bağlamazlar.

Yoxa çıxdın.İtib-batdın,
xırdalayıb,alıb-satdın,
sığal çəkdin,qırıb atdın-
belə çiçək qoxlamazlar!

Hardasan,ürək sıxanım,
sevgimdən hayıf çıxanım?
dolanıb gendən baxanım,
dostu belə yoxlamazlar!

Şikəst etmə-sınmıramsa,
birdə anlat-qanmıramsa,
dünya,sənə qonağamsa-
bu cür qonaq saxlamazlar!
,
“SƏNİNLƏ” kitabından

Namiq HACIHEYDƏRLİ.”Ləyaqətli dost, güvənli yoldaş”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bürosunun Rəhbəri

                                                                 

         Təyyar Nəsirlini tanıdığım 25 ildən artıqdı. Keçən yüzilliyin 90-cı illərində tez-tez Salyanda nəşr edilən “Qələbə” qəzetinin redaksiyasına gedərdim. Məqsədim yeni yazılarımı (bu, adətən şeir olardı) qəzetin kollektivinə təqdim etmək idi. Ayda bir dəfə qəzetdə oxuculara poeziya səhifəsi təqdim edilərdi. Varlı kəndindən rayon mərkəzinə 40 kilometrlik yolu da şeirimin bu səhifədə görünməsi üçün gedərdim. Təbii olaraq bu ardıcıl gediş sayəsində qəzetin kollektivini də yaxından tanımağa başlamışdım. “Qələbə” kollektivi içərisində tanıdığım, sonralar mənim üçün çox əziz bir dosta çevrilən insanlardan biri də Təyyar Nəsirli idi. Hər gedəndə onu çox məşğul görərdim. İş masasının üstü əlyazmalarla və şəkillərlə dolu olardı. Sonralar öyrəndim Qarabağ savaşında şəhid olan igid eloğlularımızın həyatını araşdırır, onların adlarını unudulmağa qoymur. Rayonu kəndəbəkənd gəzib şəhidlərimizin ailəsi, doğmaları, döyüş yoldaşları  ilə görüşür, onlar haqqında bilgi toplayır. Bütün bu işləri kimsədən yardım ummadan və gözləmədən, Vətən, Millət qarşısında qutsal borc kimi görür. Təyyar Nəsirlinin qələm məhsulu olan “Ölümdən güclüdür Vətən sevgisi” (1993), “Tale ulduzları yanan şəhidlər” (1997), “Nigaran ruhlar” (1998) və s. bu kimi illərlə zəhmətin bəhrəsi olan kitablar  həm də bu insanın hansı ruha sahib olduğunu göstərir.  Mənim tanıdığım Təyyar Nəsirli bu gün də dəyişməyib. Eyni ruh, eyni xarakter və eyni həvəslə bu gün də yazıb-yaradır, el-obası üçün, dövləti üçün faydalı olmağa çalışır, haqqı olan insanların həyatını kitablaşdırmağa, onları gələcək nəsillərə də tanıtmağa çalışır.          

      Təyyar bəy Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür, Salyanda çıxan “Qələbə” qəzetinin məsul katibi, “Space” müstəqil teleradio şirkətinin Salyan bürosu üzrə bölgə müxbiridir.  Bu günlərdə 60 yaşını tamam edəcək dostumuz  ömrünün 30 ildən çoxunu qələmə bağlayıb. Özünü peşəkar jurnalist kimi təsdiq etməyi bacarıb.

      Yubilyar dostumuz 1960-cı il iyulun 9-da Talış dağlarının qoynunda yerləşən Lerik rayonunun Çeşman kəndində doğulub. O, körpə olarkən valideynləri  Salyan rayonunun Xocalı kəndinə köçüb. Qoynunda doğulduğu Talış dağlarının məğrurluğu və sahilində yaşadığı Kür çayının qaynarlığı sonralar onun xarakterinə çevrilib. Məğrur olub, çalışqan olub, daim axtarışda olub. Bu özəllikləri zərrəcə xələl gətirmədən varlığında bu günlərə daşıyıb. 60 yaşa da bu xarakterlə gəlib. Bəzən sahib olduğu bu xarakter onu nələrdənsə məhrum edib, yüksək vəzifəyə, mükafata gedən yolunda əngəl olub, ancaq bu əngəl onu doğru bildiyi yoldan anadolular demişkən, şaşırmayıb.  Bütün yaradıcılığı da bu xarakterindən boy verib, meydana çıxıb. 1988-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmin ildən həyatını birdəfəlik olaraq sözə, qəzetə, jurnalistikaya bağlayıb. Nəticə də göstərdi ki, bu yolu seçməkdə yanılmayıb. Qələm adamı olmaq təkcə onun seçimi deyil, bu, həm də onun taleyidir, alın yazısıdır. Təyyar Nəsirli az öncə adını yazdığım kitablardan sonra  “Müəllim ömrü” (2000), “Altında yatırkən də bizimdir yerin üstü” (2007), “Muğan torpağının pəhləvanları” (2009) kimi sanballı əsərlər yazdı və “Əbədi buzlaqlar” (2010) romanı ilə peşəkar yazıçı olduğunu ortaya qoydu. Bildiyimə görə o, hazırda  təbii fəlakətlərin törətdiyi faciələrdən bəhs edən “Qoşa qovaq ağacı” romanı üzərində işləyir…

        Məşhur bir deyim var; “Adamı yolda, yoldaşlıqda tanıyarlar”. Onunla dəfələrlə yoldaş olmuşuq. Birlikdə yurdumuzun yaşıl ormanlara bürünmüş bölgələrinə – Şamaxıya, İsmayıllıya və Qəbələyə səfərlər etmişik. Meşədə təbiət qoynunda süfrə açmışıq, çörək kəsmişik, bu gözəlliklər qoynunda samovar çayı içmişik. Yolda saatlarla həmsöhbət olmuşuq, fikir mübadiləsi aparmışıq. Bir-birimizin iç dünyasını yaxından tanımışıq. Görmüşəm ki, Təyyar təkcə yaxşı ziyalı və qələm adamı deyil, həm də çox gözəl yol yoldaşıdır, maraqlı həmsöhbətdir, ləyaqətli dost, güvənli yoldaşdır.

      Təyyar Nəsirlinin ömür-gün yoldaşı Leyla xanım da qələm adamıdır, peşəkar jurnalistdir. Hər şeydən öncə qəlbi gözəlliklərlə dolu olan dəyərli insandır. Həyatımda bir-birini bu qədər tamamlayan çox az cütlük görmüşəm. Təyyar bəyin bu seçimi onun həyatındakı ən böyük uğurudur.  İndi yox, onları ilk tanıdığım vaxtlardan gəldiyim qənaət budur. Heç yadımdan çıxmaz; “Qələbə” qəzetinin redaksiyasına ilk gedib-gəldiyim vaxtlar idi. Günorta vaxtı redaksiyanın işçisi olan bir qız kollektivlə sağollaşıb, getməyə hazırlaşdı. Hər kəsə adını çəkmədən “Sağ olun” – deyirdi. Təyyar Nəsrliyə tərəf dönəndə isə daha mehribancasına “Sağ ol, Təyyar müəllim!” – deyib getdi. Davranış xoş ovqat yaratdığı üçün “Qələbə”də baş redaktor müavini işləyən, tanınmış yazıçı və jurnalist Fəxrəddin Becanoğludan bu qızın kimliyini soruşdum. “Ə, Leyla balanı deyirsən? Leyladı da, Təyyarın yoldaşıdı” – dedi. Sonralar Fəxrəddin müəllimin “Leyla bala” dediyi bu insan  mənim üçün də “Leyla bacı” oldu,  doğma insanlardan birinə çevrildi. Təyyar bəy və Leyla xanım millətimiz üçün iki ləyaqətli övlad böyüdüblər. Böyük övladları Toğrul Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Əvvəllər “Space”, sonralar ANS və ARB müstəqil teleradio şirkətlərində işləyib.  Sonralar həyatını başqa sahəyə bağlayıb. Hazırda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində inspektor vəzifəsində çalışır.  Kiçik övladları  Məhəmməd Nəsirli isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə halların təhlükəsizliyi fakültəsini bitirib. Hazırda Salyan Regional Qaz idarəsində çalışır.

        Bu günlərdə 60 yaşını tamam edəcək 25 illik əziz dostum, qardaşım Təyyar Nəsirliyə arzularım bitib-tükənməzdir. Təyyar Nəsirli adının çəkilməsi kifayət edir ki, könül qapısı açılsın və dünyanın bütün gözəl sözləri ürəkdən dodağa süzülsün. Dəyərli dostuma yeni yubiley yaşlarını can sağlığı ilə yanaşı  yaradıcılıq uğurları ilə qeyd etməyi diləyir və rəhmətlik şairimiz Oktay Rzanın dediyi kimi yüz yaşı adlayıb keçməsini arzu edirəm.

        Yubiley yaşın qutlu olsun, dostum Təyyar Nəsirli!

                                                     Namiq Hacıheydərli

                                                     06 iyul 2020-ci il

Namiq HACIHEYDƏRLİ.Yeni şeirlər

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bürosunun Rəhbəri

Olam, olam…                                      

Tanrı aça qapıları,
Göylərdən səs alam, alam.
Bir işıq süzülüb gələ,
Sevgi ilə dolam, dolam.

İçimizi sevgi yuya,
Ucalda bizi Tanrıya.
Hamı sözə sayğı duya,
Dağ-daş deyə: Salam! Salam!


Bir gün ruhum qanadlana,
Uçub vara yalnız Ona,
Sual verə Yaradana:
“Doğrudanmı qulam, qulam”?

Bir məqamda Tanrı dinə,
İşıq donlu bir səs enə,
“Eşqsiz olan qula dönə,
Eşqə varan: balam, balam”.

İşıq, nur yağa yerlərə,
Hər qarışda eşq göyərə,
Sevgi qoxuya dağ, dərə –
Ünvanı mən olam, olam.

ULUSA SƏSLƏNİŞ

Min illər Tanrının sevimli dostu,
Min il ulusların lələsi oldun.
Tanrı üz çevirdi səndən, o çağ ki,
 Bədəvi toplumun köləsi oldun.

Faciən başladı, din dəyişən gün;
Şamanı küsdürdün, Xanı unutdun.
Uzaq yad torpaqda taxtu-tac üçün,
 Vuruşan yadlara matəmmi tutdun?

Uca ağsaqqalın Qorquda obraz,
Ən böyük yalana xilaskar dedin.
Səni uyudanı müqəddəs bilib,
 Səni oyadana sən kor, kar dedin.

Qoşuldun min yerə bölünmüşlərə,
Sevgidən soyundun, nifrət aradın.
Müqəddəs elinə arxa çevirib,
Nədən cəhənnəmdə cənnət aradın?

Yaddaş itirməyin, unutqanlığın,
Didir ürəyimi, ruhumu əzir.
Sən yanlış yerlərdə Tanrı gəzirsən, 
Şeytan yuvasında Tanrı nə gəzir?


Boz qurd köhnəlik oldu…

Qılınclar qında pas atdı,
Gülüşlər dodaqda qaldı.
Atlar bozqırda yox oldu,
Kımızlar ocaqda qaldı.

Ağac bir kərə bəzəndi,
İldə bir yol don geyindi.
İnsan qopdu təbiətdən,
Ruh soyundu, qan geyindi.

Göy Tanrı dostumuz idi,
Hərdən Ondan küsürdük, 
Tərcüməsiz danışırdıq,
Nə qorxurduq, nə əsirdik.

Hər birimiz Beyrək idik,
Xal düşməzdi şanımıza,
Qılınc girər, fəqət yadlar,
Girəmməzdi yanımıza.

Yoxa çıxdı qutsallıqlar,
Analıqlar dəlik oldu.
İndi köpəklik dəbd
Bozqurd köhnəlik oldu.


Günəş doğana qədər…

İlahi, nədir bu dərdlər, nə bu tükənməz kədər,
Bumu ömür dedikləri, bumu yazılan qədər?
Bu gecəni oyaq qalıb, Günəş doğana qədər,
Qoşulub dəli çaylara çağlamaq istəyirəm
İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

Elə bil ki dünyamızın  ağır-ağır dərd-qəmi,
Boylanaraq yollarıma min il gözləmiş məni,
Acılarım dərin dərya, ucsuz-bucaqsız zəmi,
Dərdlərimdən min-min dastan bağlamaq istəyirəm,
İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

Cərgə-cərgə, dəstə-dəstə dərdlərimi çinləyib,
Kaman kimi nalə çəkib, bir ney kimi inləyib,
“Apardı sellər saranı” havasını dinləyib,
Minbir yerdən sinəmi dağlamaq istəyirəm,
İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

40 min illik tarixdən silinməyən izəm mən,
Heç kölə olmadım ki, köləlikdən bezəm mən.
Nədən qul sifətində görünəm mən, gəzəm mən?
Əyilmiş qamətimi şaxlamaq istəyirəm,
İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

 Qalaq-qalaq kədər-qəm sinəmdə daşlaşıbdı,
 Türküstanın elləri yamanca yadlaşıbdı.
 İki yüz ildi taleyim  dərdlə qardaşlaşıbdı
 Bəla gələn yolları bağlamaq istəyirəm,
 İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

Orda Göyçə  əl edir, burda Dərbənd üzülür,
Göz dağıtək Borçalı, Təbriz səf-səf düzülür,
Qəzəbli Qarabağın gözündən qan süzülür,
Tərs gedən bu gedişi saxlamaq istəyirəm,
İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

İlahi, nədir bu dərdlər, nə bu tükənməz kədər,
Bumu ömür dedikləri, bumu yazılan qədər?
Bu gecəni oyaq qalıb, Günəş doğana qədər,
Qoşulub dəli çaylara çağlamaq istəyirəm
İçin-için, hönkür-hönkür ağlamaq istəyi

           Dünya

Qoy ruhdan düşməsin dərdə düşənlər,
Hamının dərdindən halıdı dünya.
Sonunda hər kəsin haqqını verir,
Minillər şahidi, uludu dünya.

Gah ömür yoluna bəla gətirər,
Gah da yollarında çiçək bitirər,
Doğru yol tutanı haqqa götürər,
Əyriyə cəhənnəm yoludu dünya.

O kəs ki, düşməni öz tamahıdır,
Qazancı günahsız məzlum ahıdır,
Şərə dost olanın şahənşahıdır,
Haqqa dost olanın quludu dünya.

Nəbzi var, dili var, canlı, diridi,
Yaşayan varlığın o da biridi,
Dilini bilənə yaylaq yeridi,
Bilməzə düzlərin koludu dünya.

Ay Namiq, əməllər getməz havayı,
Hər kəsin önünə qoyular payı.
Kim deyir, azalıb onların sayı,
Yaxşı adamlarla doludu dünya.

        Lerikdə

Günəş bu yerlərdə ayrı cür doğur, 
Başqa cür dövr edir zaman Lerikdə.
Kömürköy göylərin bağrını yarır,
Dolanır dağları duman Lerikdə.

Bura min illərin könül sirdaşı,
Bu dağlar Xaqanlar, Alplar yurdudur.
Kömürköy vüqarlı doğma qardaşı,
Qızyurdu deyilən, Oğuzyurdudur.

Dirilik suyudur gur bulaqları,
Cənnətin özüdür burda hər oba.
Bu dağlar qoynunda doğulduğundan,
Dağ qədər yaşadı Şirəli baba.

Zuvanddan meh əsir – behişt havası,
Göylərdən elə bil çiçək əndərir.
Boylanır Güneydən Savalan dağı,
O da öz ətrini bura göndərir.

Burda insanların süfrəsi açıq,
Hər kəsin ürəyi dağlar boydadı.
Burda təbiətə bənzər  adamlar,
Bu yerdə insanlıq qızıl qaydadı.

Dağlardan dağ kimi möhkəm olmağı,
Sulardan paklığı alıblar cana.
Adamı, havası, təbiətiylə,
Lerik bir zinətdir Azərbaycana.


  Minimal (yığcam) şeirlər

 Gülüş

Bütün gülüşlər bədbəxtlikləri gizlətmək üçündü,
Dünyanın ən bədbəxt adamıdı;
Dünyanın ən çox gülən adamı.

***************
           Söz

Sözün 
tükəndiyi yer yoxdur,
Sözün 
keçmədiyi yer var.

***************
          Yol

Tək bir yol var dünyada:
Tanrıya gedən yol.
Qalan bütün yollar
            yolsuzluqdur əslində.

       Gülüşünü yadırğayan 

Güldü,
Gülüşündən utandı;
Gülüşünü yadırğayan adam.

Hardan gəldin?

Sənə
Dəvətnamə göndərmədim
Buyur, gəl!- demədim,
Çağırmadım…
Hardan gəldin, niyə gəldin ömrümə?!

Azərbaycanlı gənc yazar Nemət TAHİR.”Sevgi…Nifrət…Xəyanət..!” (Hekayə)

This image has an empty alt attribute; its file name is pp.jpg

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

                    
Ərhun dərsdən gəldi.Anası nə qədər xahiş etsə də, O, yeməyini otağında yeyəcəyini bildirdi. Kağız kimi ağarmış üzündə, qütbdə batan günəş kimi sönməkdə olan yaşıl gözlərində nəinki yeməyə, heç yaşamağa da həvəs yox idi.Artıq onun 13 yaşı vardı. Atasının üzünü 2-ci sinifdə oxuyanda görmüşdü. Atası ilə anası böyük sevgi yaşamış, hər cür çətinlik və maneələrə baxmayaraq öz məqsədlərinə çatıb ailə qurmuşdular. Atası dolanışığın çətinliyin görüb xarici ölkəyə işləməyə getmişdi. İlk vaxtlar yaxşı da qazanırdı: hər ay pul yollayır, 5-6 aydan bir isə evə gələrdi. Lakin artıq neçə il idi ki, atası evlərinə qayıtmır, ildə bir neçə dəfə zəng edərdi: İşlərinin pis getdiyini gəlməyə imkan olmadığın söyləyirdi Ərhungilə. Atasının yoxluğunda – bu illər ərzində çox şeylər dəyişmişdi, çox  sıxıntılar çəkmişdilər. Nəhayət son zamanlar anasının işləri düzəlmişdi. (Ofisdə çalışırdı Ərhunun anası). Əvəllər isə qohumların, yaxınların hesabına dolanırdılar, çətin də olsa.
     Anası işə gedəndə Ərhunu dərsə qoyar, onu evə gətirməsi üçün isə məktəbdə çalışan qonşularındakı müəllimdən xahiş etmişdi. İşə girəndən sonra anasının Ərhuna diqqəti, qyğısı istər- istəməz azalmışdı.
    Dərsdən gələn Ərhun otağına keçər öz pəncərəsindən Xəzəri, parkdakı yaşıl ağacları seyr edər, bir gözü isə anasının gəldiyi yola dikilərdi. (Onu həyata bağlayan isə hər gün səhər tezdən Xəzərdən günəşin doğmasını seyr etmək və yemlədiyi sərçələr idi.) Küçənin o başından anasın görən kimi tez gəlib qapını açar, anası qapıdan girən kimi boynuna sarılar, onu çoxlu öpərdi.
    Anasının işə düzəldiyi aylar olardı. Bu gün də Ərhun anasın gözləyirdi. Binalarının qarşısında xarici maşın saxladı. Anası maşından düşüb, gülər üzlə içəridəkilərə nəsə deyib evə doğru gəldi…
     Ərhunun nədənsə gözləri bərəldi, ürəyi əsdi, qılçları qurudu sanki. Hər günki, kimi qapını açmaq yadından çıxdı. Qapı bir neçə dəfə döyüldükdən sonra birtəhər gəlib qapını açdı. Anasının boynunu qucaqlamaq əvəzinə sual dolu baxışla anasının gözlərinə baxırdı:
    -Nə olub balam, niyə qapını açmamısan, nə baş verib?
   -Ana o maşın kimin idi,hə?
   -Hər şey aydındır. Ay mənim qısqanc balam. O bizim şirkətin maşınıdır. Müdirin tapşırığı ilə indən belə məni evə gətirəcək, narahat olma balam.
    Anasına bu  cür sual verdiyiçün, ondan şübhələndiyiçün həmin gün çox utanmışdı Ərhun.
    Ancaq Ərhun yanılmamışdı. Anasını gətirən bu maşının sürücüsü bir müddətdən sonra onların evinə ayaq açdı, onun gəlişi ilə  evlərindən hüzur, səmimiyyət, mehribanlıq yoxa çıxdı. Növbəti sualında anası : “məndən nə istəyirsən? “ sənin yaxşı geyimin , yeməyin, yaxşı yaşamağın üçün bu qədər zəhmət çəkirəm, söz götürürəm. Sağ olsunlar məni işə götürüblər, minnətdarlığımı bildirmək üçün evə dəvət edirəm, burda nə var ki?
    Atan evdən çıxdığı neçə  ildi, nə düzəməlli zəngi var, nə də ki, evə bir şey göndərməyi, hər dəfə zəng edirəm, telefonu bir rus qadın götürür.Harda olduğunu soruşanda, onun evdə olmadığını  söyləyir, hər ddəfə məni bir bəhanə ilə yola verir. Özü zəng eliyəndə isə qısa olaraq bizim halımızı xəbər alır, vəziyyətin hələ yaxşı olmadığını deyir, bütün suallarımı cavabsız qoyur, hələ utanmadan bizi çox sevdiyini deyir , bütün bunlar boş yalandı. Özü rus qadınlarla kef eliyir,gün keçirir,bizi çox sevsə yanımızda olardı,qayğımıza qalardı, gedib ora yan verib yıxılmazdı” cavabını verdi. Bundan sonra Ərhun danışmağın mənasız olduğunu anladı, daha heç nə ilə maraqlanmadı. Onun üçün artıq elə bil. Ən dəhşətli  anlar isə, anasının işdən qayıtması, yanında açıq-saçıq geyimli rəfiqəsi və bir neçə kişi ilə evə gəlməsi idi. Evdəki sərxoş və mənasız danışıb gülüşmələr, kravat cırıltısı, ehtirasın və xəyanətin qatışığı olan qadın səsləri Ərhun üçün əsl cəhənnəm əzabı idi.Onlar evə gələn kimi, o, başını yastığın altında gizlədər, qulaqlarına pambıq tıxayardı, artıq onun qəlbində sabaha olan uşaq ümidləri də ölmüşdü. Bu ev , bu yaşam, bu həyat tərzi ona heç nə kəsb etmirdi. Artıq neçə vaxtdı anasına “ Ana ”  dediyi onunla bir stol arxasında oturduğu  yadından çıxmışdı, çəkdiyi əzablar, onun ətdən çıxmış arıq sifətində, solmuş gözlərində, susmuş dilində əks olunurdu, dərsdən gələn kimi çəkilər otağına, dərslə başını qatmağa çalışar, anasını otağa gətirdiyi çörəyin çoxunu isə pəncərəsinə qonan sərçəyə yedizdirərdi, qalan vaxtını isə Xəzəri seyr etməklə keçirərdi. Bir dəfə yenə anası ilə üz-üzə gəldi, bunun səbəbi isə müəlliməsinin anasına zəngi olmuşdu: Müəllimə ədəbiyyat dərsində şagirdlərə “ xəyanət nədir? ” mövzusunda inşa yazmağı tapşırmışdı. Ərhunun inşa dəftərində bu sözləri oxumuşdu müəllimə : “Xəyanət böyük sevgidən yaranır. Zamanla nifrətə çevrilr. Bunun nəticəsi isə mənəm. Mən ən böyük xəyanətəm…
    -Bu nə sözdür yazmısan Ərhun? Sən məni öldürmək istəyirsən?
    – Sən niyə atama xəyanət edirsən?
    – Mən xəyanət edirəm təkcə. O mən artıq neçə ildir xəyanət edir. Bizi burda atıb gedib, halımızdan xəbəri belə yoxdur. Gündə bir qadınla yaşayır. Axı mən də insanam. ən əsası qadınam, hisslərim var.
     -Onun sənə xəyanət etdiyi dəqiq deyil,fakt budur ki, sən ona da, mənə də xəyanət edirsən!
     -Dəqiq deyil? Bəs hər dəfə danışdığım o qadınlar kimdir? Bəli hamınız bir bezin qırağısız- kişisiniz.
     -Dözərdin də səbəbini öyrənərdin,gedərdin dalınca, bəlkə nəsə problemi var, başı dərddədir.
    -Elə bilirsən getmək istəmədim? Hər dəfə zəng edəndə “dalınca gələcəm” dedim. Nəsə problemin varsa de səni and verirəm, öz canıma – soruşdum.
   Mənə tapşırdı ki, birdən dalınca gələrsən, ondan sonra məndən incimə.Mən onu həyatımın sonuna qədər gözləyərdim. Necəki, Qarabağ savaşında 5 il yolunu gözlədim.Valideynlərimin bütün təzyiqlərinə qarşı çıxdım.Doğmalarımla düşmən oldum ondan ötrü. Adamın üstə Allah var o da  sözündə düz çıxdı. Gəldi ailə qurduq. Ona həmişə deyirdim. Mənə yalan danışma, xəyanət etmə, sənin üçün hər şey edərəm.”
    -O sənə xəyanət etmişdi? Özünü bu qədər alçaltmayaydın, dərsdə, həyətdə uşaqlar ilə “Anan pozğun, faişədir, sən bizim yanımıza gəlmə, bizimlə oynama” deməyinə şərait yaratmayaydın. Başqa qadınlar kimi başqasıyla ailə quraydın.
   Anası Ərhuna bir şillə vurub “ Yetər, yetər ! Qarşımda durub başından böyük danışma,mənim üçün hər şey və hər kəs ölüb, mən nə edirəmsə sənin üçün edirəm. Hətta özümü satıram, eşitdin?!”
   Göz yaşına boğulmuş Ərhun: “ Mənim üçün hər şeyi başqa yolla da etmək olardı, əsl ana odur ki, atanın yoxluğunda övlad üçün həm ata, həm ana olsun. Ancaq sən bunu bacarmadın, səndən qəlbim o qədər sınıb ki, sənə nifrət belə edə bilmirəm, başa düşürsən?”
  Bunları deyərək otağına keçmiş və bir gün çölə çıxmamışdı Ərhun. Bu cür yaşamağa davam edirdilər, buna yaşamq demək olardısa.      
… Çantasını yerə qoyub paltarını soyuna- soyuna pəncərənin qarşısına gəldi, gözlərinə inanmadı çox dəhşətli bir şey olmuşdu:
   Axşamdan çörəyi xırdalayıb pəncərənin ağzına qoymuşdu.O,həmişə belə edərdi,pəncərəni açıq qoyardı ki,bəslədiyi sərçə gəlib çörək qırıntılarını balalarəna daşısın.Ancaq axşam hava soyuq olduğu ücün pənəcrəni örtmüşdü.Çərəyi görən sərçə elə bilib ki,yenə pəncərə açıqdır.özünü pəncərəyə çırparaq bərk zədələyib…
Ərhun sərçəni əlinə götürdü,çox pis əzilmişdi.Ərhun ağlayır,nə edəcəyini bilmirdi.Axı onun səhvi ucbatından bir dostu məhv olacaq,bala sərçələr anasız qalacaqdır..
Sərçə son dəfə Ərhunun gözlərinə mehriban və nigaran bir baxışla baxıb canını tapşırdı…
Sanki mehribanca baxışlar Ərhuna minnətdarlıq və bu pislik dolu dünyadan canını qurtarmağın sevinci,
nigarancılığı isə bu ədalətsiz dünyada yetim balalarının qalması idi.
  Ölmüş sərçəni bağrına basıb,gözləri tavana tikilmiş halda səhərə kimi  yatmadı Ərhun.
Tezdən evdən çıxdı…
Səhər yeməyini hazırlayan anasıƏrhunu oyatmaq ücün otağa getdi,lakin Ərhun yox idi.Dəli oldu sanki..
Nə edəcəkdi?Hara gedə bilərdi?Yaxınlıqda nə yaxın qohumları,nə də tanışları var idi.
Məhlədə, məktəbdə və küçələrdə Ərhunu çox axtardı,amma gördüm deyən yox idi…
Nəhayət,Ərhunun gündəliyinin arasından tapılan məktub hər şeyə bir az da olsa aydınlıq gətirdi: “Mənim səhvim ucbatından sevdiyim varlığın birini itirdim. Bu səhvimi heç bir bəhanəylə yoluna qoya bilməzdim. Tək çarəm onunla birgə  ikinci dostumun – sirdaşımın yanına getmək idi. Səndən fərqli olaraq mən sevdiyimin ardınca getməyi bacarıram. Etdiyim səhvlərə görə səndən nə qədər diksinsəm də sən mənim anamsan  və səni çox sevirəm…Məni axtarma.”
    Bir müddət sonra Xəzər dənizindən bir uşaq meyiti tapılması xəbəri yayıldı.
    Əlində bir sərçə , döş cibində isə valideynlərinin toy şəkli…
    Küçələrdə hamı tərəfindən faişə kimi tanınan dəli qadının kimi görürsə yaxasından tutub “balamı görməmisən? Böyük sevgi, nifrət və xəyanət” -deməsi şəhərfə hamının təəccübünə səbəb olmuşdu…
    Bu hadisədən bir neçə il sonra Moskvada mübahisə nəticəsində bir ermənini öldürərək 14 il həbs cəzası alan bir kişi 8 il sonra   amnistiyaya düşüb vətənə qayıdırdı. Qatardan düşəndə döğma vətəninə qayıtdığı üçün, neçə vaxtdı  telefonla da olsa səsini eşitmədiyi doğmalarına qovuşacağı üçün çox xoşbəxt idi….
                                                                                                                        Nemət Tahir

Azərbaycanlı gənc yazar Nemət TAHİR.”Qorxulu yuxu” (Hekayə)

This image has an empty alt attribute; its file name is pp.jpg

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

                                                        
Həsən kirayə qaldığı evdən çıxıb həmişəki kimi dərsə tələsirdi.Yola çatanda sol tərəfə baxdı,maşınlar uzaqda olduğundan tez yolu keçməyə çalışdı.Birdən ayağı səkinin qırağına ilişdi və ayaqqabısının üstü
para-para oldu.Bu an elə bil ki,Həsəni maşın vurdu.Yox,bəlkə də maşın vursaydı bu qədər ürək ağrısı,daxili sarsıntı keçirməzdi..Ya maşın vurub öldürər,ya da yüngülcə zədələnərdi…
Axı o,”şapaşki”yə bənzər ayaqqabıya 40 manat verib alanda onu payız və qış aylarında geyinməyi nəzərdə tutub,bücəsini zora salmışdı.İndi o nə edəcəkdi?
Ailəsinin maddi vəziyyəti yaxşı deyildi.O,bu III kursda oxuyurdu.Bu 3 il ərzində valideylərinin onun oxuması,ehityaclarının qarşılanması üçün nələrə qatlaşdığını,nə əziyyət çəkdiyini bir o bilirdi,bir də Allah.
   Şəkər xəstəsi olan anası ev işlərin güclə yola verirdi.Ayağında damar xəstəliyi olan atası Həsənin ali təhsil alması ücün kiminsə şəxsi təsərrüfatında işləməkdən tutmuş sürücülük,tikintidə fəhləlik,daş ustalığına qədər əziyyətli işlərdə çalışırdı.( halbuki,həkim ona 3 kq-dan artıq ağırlıq daldırmağa imkan vermirdi).Artıq havalar soyuduğu üçün atasının əli bu ağır işlərdən də çıxmışdı…
Həsənin həm oxuyub,həm işləməsinə isə nə valideynləri razı idi,nə də ki oxumaqla işləmək bir yerdə alınmırdı…Dərslərə ciddi yanaşmayıb işləsə idi, gərək qazandığı pulu da semestrin sonunda imtahandan keçmək üçün verəydi…
Həsən çarəsiz və ümidsiz halda səkinin üstə oturub nə edəcəyini bilmirdi..
Necə oldu ki,bu cür diqqətsizlik etdi?
Axı o,üst-başınin səliqəsinə,ayaqqablarına diqqətlə yanaşırdı…
Cibində olan pul yeni ayaqqabı almağa kifayət etməyəcəkdi.
O,öz-özünə düşündü:
-Ailəmə zəng edib desəm,ayaqqabı almaq üçün pulu hardan olsa,öz boğazlarından kəssələrə də,kimdənsə borc alsalarda,hətta dilənmək də olsa tapıb göndərəcəklər.Ancaq Həsən yaxşı bilirdi ki,valideylərinin 150 manat təqaüdün yarıdan çoxu ona aylıq tələbatın ödəmək ücün göndərilir,qalanı isə nəyinki onların ehtiyacın,heç dərmanların da almağa kifayət etmirdi.
Allahım bu cür çarəsiz,köməksizmvəziyyətdə nə edəcəm,dərsə nece gedəcəm?
Elə çırılıb ki,təmir də ediləsi deyil ki,təmir etdirim” –deyərək gözləri dolmuş şəkildə daxilən fəryad edirdi…
O,hıçqırıb hönkür-hönkür ağlamaq,dərdini hayqırmaq istədi,ancaq səsi çıxmır, onu buz kimi tər basırdı…
    Qəfildən dik atılıb yuxudan oyandı.Gecənin bir aləmi idi.
İndi yuxuda keçirdiyi həyəcandan,qorxudan,bir də ki,bunun yuxu olmasının sevincindən ixtiyarsız olaraq yanaqlarından göz yaşı süzülürdü…
Həsən yatağından qalxıb qapıya sarı getdi və sevinc göz yaşları axa-axa ayaqqabılarını boyadı və gətirib çarpayısının baş tərəfindən yerə qoydu.Sonra yatağına girib yatmağa çalışdı
P.S. Sizə bir sirr verim: Əslində Həsən adlandırdığım bu bu tələbə oğlan mən özüməm…Oxucularımdan utandığım üçün adımı gizlətmək istəmişdim….
                                                                                                                  Nemət Tahir

Şəfa VƏLİYEVA.”Qaldırıb atmışam son çarələri”

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Qaldırıb atmışam son çarələri,
Ömrümün gör neçə otağı boşdu…
Həkimi sən olan xatirələrim
Qarıyıb-qocalıb, çoxu naxoşdu…

Qapımın qıfılı yox, qəfil gələrsən deyə…
Gedəndən ürəyim qanlı qəsrdi…
Mənim kədərimlə
Sənə deməyə
Tanrı Söz göndərir neçə əsrdi…

Ömrümün gör neçə otağı boşdu,
Qayıt… Nəfəsinlə şen olsun ömrüm…

Şəfa Vəli (2020)

Şəfa VƏLİYEVA.”Anam…”

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

burax, əllərində ölsün qırışlar,
çərçivə olmasın baxışlarına…
mənə çoxdan “xala” deyir uşaqlar,
nə tez “nənə” oldun, ay naxış anam?!

Mən elə bilirdim,
qocala bilməz
mən boyda “körpəsi” olan bir qadın…
Daha günlərimdən borc ala bilməz,
“olmazlar”…
Dilimdə təkbirdi adın…

burax, qoy qocalsın “Sabir küçəsi”…
heç kimin ilk sevda qəsri olmasın…
“saçımda ağ kağızın boz kölgəsi…”
-demişdin…
o kölgə heç canlanmasın…

burax, dizlərində kükrəsin zaman…
burax, at oynatsın sevinc üzündə…
mən sənin dizinə qısılıb yatan
“körpənəm”…
qalmışam şeir düzündə…

əllərim açılır dörd bir tərəfə-
mən bütün dinlərin bidətçisiyəm…
duam himn kimi…
“Laylay, bənövşəm…”
Lilitin sonuncu lənətçisiyəm…

sən nə tez yenildin ağrılarına?
nə tez zəfər himni çaldı “can hayı”?
sən nə tez qocaldın, ay naxış anam?
hələ cücərməyib candan can payım…

Şəfa EYVAZ.Seçilmiş şeirlər (II hissə)

This image has an empty alt attribute; its file name is sefaeyvaz.jpg

Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

Əllərim qoynumda bükülü qalıb,
Ürəyim həsrətdə çəkili qalıb,
Gözlərim üzünə dikili qalıb,
Bu sevginin bir sonu var, bilirəm.

Ötən günlər məndən ili apardı,
qüssə kədər şirin dili apardı,
Yadlar gəldi doğma əli apardı,
Bu sevginin bir sonu var, bilirəm.

Göz ağlayar, dodaq gülər, çətindi,
Nadan gələr, dərdi bilər, çətindi,
Gedən gülər, qalan ölər… çətindi,
bu sevginin bir sonu var, bilirəm.
05/07/2013


Məzəmmət edirsən məni,
“Necə acılaşıb dilin” deyirsən.
Sənə ağır gəlir acı sözlərim?
Şükr elə, ay bəxtəvər,
Bu nədir ki görürsən?!

“Necə acılaşıb dilin” deyirsən,
Deyəsən yatmısan fil qulağında.
Ay insan, büsbütün dəyişən sənsən…
Durmusan yad ömrün astanasında.

Deyəsən yatmısan fil qulağında,
Əllərin bir başqa əl içindədi.
Dəyişib səsinin yumşaq tonu da,
Saxta təbəssüm də el içindədi.

Əllərin bir başqa əl içindədi,
Baxışın borc alıb zirvədən buzu.
Sən bütün dəyişib özgə olmusan,
Mənim dilim acılaşıb çoxdumu?!
2013.

Şəfa EYVAZ.Seçilmiş şeirlər (I hissə)

Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

***

Elə tez alışanam
Adicə bir xoş sözə,
Bir kiçik gülümsəmə,
Yüngül bir nəvazişə
Çiçək kimi boy verib
Günəşə boylanıram.

Elə tez alışanam,
Alışıram, yanıram…
İnsanlara inanıb,
Hər dəfə aldanıram.
Gizlədirəm özümü
Aldanmağı danıram.

Elə tez alışanam,
Həyat adlı bu nəsnə
Vursa da hey silləni
Körpəcə uşaq kimi.
Unuduram yenə də
Üzərinə qaçıram…

Elə tez alışanam
Alışıram hər şeyə.
Ağrıları udmağa
Özümdən pay ayırıb
Başqa dünya qurmağa.
Mən də belə dəliyəm…

Elə tez alışanam,
Gedənlərin ardından
Yası belə tutmuram…
Alışanam mən, qağa!
Öldürməz hər dərd məni
Alışdım yaşamağa,
Alışdım yaşamağa…

25.10.2016

Getmisən

Bir ovuc göz yaşı qoyub yerinə
Yuxumu gözümdən alıb getmisən.
Gedəndə bir zəhmət hər şeyi topla,
Xatirələr burda qalıb, getmisən…

Bu yolun deyəsən dönüşü yoxmuş,
Mənə yoxuş düşüb, enişi yoxmuş,
Deyəsən sənin də yüklərin çoxmuş,
Həsrətini yolda salıb getmisən.

Kim belə sevgini yaşardı səndə,
Mən yenə qayayam külək əsəndə.
Bəlkə istəyindi… İstəməsən də
Hicran dəryasına dalıb getmisən.

21.10.2016