Azərbaycan Aşıqlar Birliyində (AAB) daha bir layihəyə yekun vurulub. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlanır.
Bu barədə AZƏRTAC-a məlumat verən AAB-nin sədr müavini Altay Məmmədli bildirib ki, layihə çərçivəsində aşıqların 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi Qələbəni tərənnüm edən ifalarından ibarət audiodisk hazırlanıb. Burada Əməkdar mədəniyyət işçiləri Ağamurad Şirvanlı və Samirə Əliyeva ilə yanaşı aşıqlardan Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nağıyev, Altay Məmmədli, Kəmalə Qubadlı, Roman Azaflı və digərlərinin, eləcə də “Çeşmə” və “Misri” qruplarının ifalarında II Qarabağ müharibəsindəki möhtəşəm Qələbəmizi tərənnüm edən, ordumuzu yeni uğurlara səsləyən aşıq mahnıları təqdim olunur. Ümumilikdə, audiodiskdə müxtəlif aşıq havalarından ibarət 20 ifa yer alıb.
Layihənin rəhbəri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, koordinatoru isə birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Yaxın günlərdə audiodiskin geniş ictimaiyyətə təqdimatı olacaq.
Bu gün Azərbaycanın dövlət xadimi və yazıçısı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür.
AZƏRTAC xəbər verir ki, anadan olmasının 136-cı ildönümü tamam olan Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı bu gün də öz aktuallığını qoruyub saxlayır.
Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində anadan olub. Yusif Vəzirin atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən biri idi. Yusif Vəzirin daşıdığı Vəzirov soyadı XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsinə bağlı olaraq nəsildən-nəslə keçib.
İlk təhsilini Şuşada “Kar Xəlifə” ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində alıb. 1896-cı ildə Şuşa realnı məktəbinə daxil olub. Bu məktəbdə təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış “Jaloba” adlı ilk şeirini yazıb. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində “Fokusnik” adlı aylıq yumoristik jurnal çıxarıb.
Şuşada baş verən erməni-müsəlman toqquşmaları nəticəsində məktəbi tərk etməyə məcbur olan Yusif Vəzir təhsilini davam etdirmək üçün Bakıya gedib. 1910-cu ildə Bakı realnı məktəbini bitirən gənc yazıçı Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olub. Bu dövrlərdə Yusif Vəzir uşaqlar üçün yazdığı və əsasını xalq nağıllarından götürdüyü məşhur “Məlik Məmməd” nağılını qələmə alıb.
Əsərlərini “Bədbəxt”, “Haqq tərəfdarı”, “Müsavi”, “Stradayuşiy”, “Sərsəm” və başqa təxəllüslərlə yazan Yusif Vəzirin ən tanınmış təxəllüsü “Çəmənzəminlidir”. O, bu təxəllüsdən 1911-ci ildən istifadə etməyə başlayıb və bu adla tanınıb.
Çəmənzəminli Kiyev şəhərində 1912-ci ildə “Yeddi hekayə”, 1913-cü ildə isə “Həyat səhifələri” adlı kitablarını çap etdirib. Bundan başqa, Ukraynada “Arvadlarımızın halı”, “Qanlı göz yaşları”, “Ana və analıq” kitabları da işıq üzü görüb.
O, Ukraynada təhsil alan azərbaycanlı tələbələri ilə birgə “Müsavat”ın Kiyev şöbəsini qurub. Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən Yusif Vəzir Ukraynada diplomatik nümayəndə təyin edilib.
Yusif Vəzir həmin dövrdə “Azərbaycanın Muxtariyyatı” və “Biz kimik və istədiyimiz nədir?” kitablarını çap etdirib. Daha sonra Nəsib bəy Yusifbəylinin təklifi ilə 1919-cu ildə səfir kimi İstanbul şəhərinə göndərilib. O, İstanbulda diplomatik fəaliyyətlə yanaşı, öz ədəbi yaradıcılığını da davam etdirir. “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi–coğrafi və iqtisadi Azərbaycan” adlı kitablarını yazıb.
Yusif Vəzir “Bakı işçisi” nəşriyyatında şöbə redaktoru, daha sonra Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləyib, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, müxtəlif institutlarda rus dilindən dərs deyib.
1937-ci ildə o, Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarılıb.
1938-ci ildə Yusif Vəzir Özbəkistan SSR-nin Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim və eyni zamanda, institut kitabxanasına müdir təyin olunub. 1940-cı il yanvarın 25-də həbs edilərək Bakıya gətirilib. Altı aya yaxın Keşlə qəsəbəsindəki həbsxanada saxlanıldıqdan sonra 1940-cı ilin iyulun 3-də Nijni Novqorod vilayətindəki həbs düşərgəsinə göndərilib. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də dustaq olduğu həbs düşərgəsində vəfat edib və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub.
O, “İki od arasında”, “Qızlar bulağı”, “Soyuq öpüş”, “Bir cavanın dəftəri”, “Gündəliklər”, “Qanlı göz yaşları”, “Xanın qəzəbi”, “Zeynal bəy”, “Son bahar”, “Üç gecə” əsərləri xüsusilə məşhurdur.
1956-cı ildə bir çox digər repressiya qurbanları kimi Yusif Vəzirə də bəraət verilib.
Beyin: Soruşmamaq üçün özümü güclə saxlayıram, amma yenə də alınmır. Onu bilirəm ki, səni yeyib bitirən hər nədirsə, məni yoracaq. Danış görüm nə olub?
Ürək: Özünün xatirinə halımı soruşursansa, heç soruşmamağın daha yaxşıdır. Səni yormağımla bağlı olan məqama gəlsək, mənim yaralarımın birinin üstünə beşini qoyub yenidən əzabıma əzab qatan sənsən.
Beyin: Bəsdi də, səni artıq anlaya bilmirəm. Niyə həmişə özünü haqlı çıxarmaq üçün əlindən gələni edirsən?
Ürək: Mənə deyənə bax, sən sanki heç etmirsən? Həm sən məni qara düşüncələrinlə doldurmasan, özüm öz yaralarımı sağalda bilərəm.
Beyin: Ay yazıq, sənin başqasının fikirlərinə ehtiyacın varsa və öz qərarlarını özün qəbul edə bilmirsənsə, bu olanlarda mənim günahım nədir?!
Ürək: Ay Allah, sən mənim düşdüyüm vəziyyəti görürsən?!
Beyin: Allah sənə nə edə bilər ki? Sən onun sənə bəxş etdiyi heç nəyi lazımlı yerdə və düzgün istifadə edə bilmirsən. Ən sonda da adını qoyursan ki, sənsən günahkar. Saf tapmısan də!
Ürək: Nə? Sənsən saf olan?! Sən mənim ilə hər gün min dildə danışırsan. Keçən dəfə sənə kiçik bir mövzu dedim, böyüdüb dağ boyda elədin. O qədər əzab çəkmişəm ki, yazıq sahibimə gecə yatmağa belə icazə verməmişəm.
Beyin: Mənəm min dildə danışan?! Əgər eləyəmsə, onda məni niyə dinləyirsən? Ayrıca mən heç vaxt sənin dərdlərin üçün pis fikirlər irəli sürməmişəm. Hər problemdə ağıla gəlməli olan başlıca məsələləri səninlə bölüşmüşəm. Sən isə oturub hamısını düşünüb dəli olmusan.
Ürək: Başlıca məsələləri söyləyirmiş, yox bir. Bir dəfə də son ağlına gələni söylə, qorxma ölməzsən. Arada bir qayğıma qal, çünki mənə bir şey olsa, sənin də sonunu gətirəcəyəm.
Beyin: Deyirlər ki, dərd sahibləri uzun yaşayır. Düşünüb özünü yormağa çalışma, elə əlavə bir səbəbi yoxdur. Dərd düçar olduğu qulunu bütün varlığı ilə sevib, onun od-ocağına hakim kəsilən və onu əbədi tək qoymayan yeganə məfhumdur.
Ürək: Bunu kim deyir?
Beyin: Mən!
Ürək: Səfeh, boşboğaz!
Beyin: Özünsən!
Ürək: Əsla…
Beyin: Bundan sonra sənin işinə qarışan namərddir. Özün öz halına çarə tap. Belə də ki, mənim kimsəyə ehtiyacım yoxdur.
Ürək: Mənim də sənə ehtiyacım yoxdur. Xoş getdin!
Beyin: Sən də xoş getdin!
Axşam saat: 23.59
Beyin: Mənə bax, hələ də mənə əsəbisən?
Ürək: Deyəsən, milçək səsi eşidirəm. Yox, məncə, milçəyə haqsızlıq edirəm, çünki bu səs tonu onu ifadə edir ki, onun şüuru həmin həşəratın belə şüurundan kölgədə qalır. Səni daşıyanın məhz bu səfehliyinin səbəbindən halım hal deyil.
Beyin: Ey! Mənim fikrimcə bu qədər uzatmağın heç bir mənası yoxdur. Axı belə nə qədər davam edə bilər ki?
Ürək: Aydın oldu, sən mənə rahat yatmağa imkan verməyəcəksən. Nə istəyirsən, onu de!
Beyin: Mən səndən yaxşılığından başqa nə istəyə bilərəm ki? Öz içimdə hiss etdim ki, sənin mənim köməyimə ehtiyacın var. Sən yaxşı bilirsən ki, mən laqeyd bir dost deyiləm. Taleyimiz o qədər qəribədir ki, girdiyimiz qapıdan birlikdə çıxacağıq.
Ürək: Hər nə qədər mənasındakı dərinlik itsə də, dost dəyərli bir kəlimədir. Az əvvəl ölüm məsələsinə toxundun. İnsanları bir uçurum, yaxud bir qəza düşmənləri ilə birgə də həmin qapıdan çıxara bilər. Bizə də belə olacaq, ona görə ki, düşüncə və hisslərini bir -birinə düşmən edən insan öz-özünə düşməndir.
Beyin: Əlbəttə, bəzən elə bir an olur ki, dözə bilmədiyin, səni yandıran bütün hisslərini bir nəfərdə söndürmək istəyirsən və elə o an ağlına yeganə insan gəlir. Ona inanırsan, güvənirsən düşünürsən ki, dilindəki bir damla su ilə səni fərahladar, lakin bəzən hər şey istədiyin kimi olmur. Sənin ruhunu heç düşünmədən külə çevirən, ən sevdiklərin olur.
Ürək: Əvəzsiz olan, sənə özünü xoşbəxt hiss etdirən hər şey bir gün getməyə məcburdur. Peşman olmaq üçün, bəlkələrlə yaşamaq üçün, lap elə özünü sənə tanıtmaq üçün bunlar sadəcə bir imtahandır.
Beyin: Bəlkə də, bu söylədiklərin bizə nəyi isə öyrətməyə çalışır. Artıq bizim üçün son parlayan günəşdir, keçən həftə bizim üçün son dəfə yağmur yağdı, ən son keçən il göyqurşağını gördük və bu sözləri sənə son dəfə deyirəm… Məni son dəfə diqqətlə dinləməyini xahiş edirəm: İkimiz də həmişə eyni səmtə baxdıq. “Fəqət hansımızın gözündə canlanan mənzərə daha parlaq oldu?” -bax bu, böyük müəmmadır. Baxdığımız o səmtdə nə baş verdi? Özünə bir dəfə də olsun heç bu sualı vermisən? Düşünürəm ki, cavab məndə çoxdan hazırdır. Biz eyni səmtə baxıb fərqli mənzərələri görərkən eyni sualları içimizdə boğacaq qədər ağır ruhlu olduq. Ola bilər ki, sən mən deyildin və mən də heç vaxt sən olmağı bacara bilmədim, amma içimizdə olan bütün suallar bizi hər zaman eyni mövqedə qarşı-qarşıya gətirdi. Və bu, sadəcə bizə şamil olmayacaq. Əgər sən belə zənn etmisənsə, çox yanılırsan.
Ürək: Bəs bütün bu olanlarda özümü günahkar hesab etməliyəm? Axı bir nəfər günahkar olmalıdır. Mənə ən son nə vaxt birlikdə qərar verdiyimizi söyləyə bilərsən?
Beyin: Bütün bu suallara cavab axtarmaq üçün səncə də artıq gec deyilmi? Ömrünün bu çağında, zahirin qırışmışkən, ruhunu dərin bir qorxu əsir almışkən və ən önəmlisi, sənə gedən bütün yolların bağlanmasına çox az bir vaxt qalmışkən gecikmiş cavablarını dinləməyi özümə rəva bilmirəm.
Ürək: Özüm də uduzduğumun, artıq mənim üçün hər şeyin gec olduğunun, yolun tamamilə sonunda olduğumun fərqindəyəm. Onu çox incitdilər, elə bu səbəbdən də o da məni yaralamağı seçdi. Az sonra ona içimdə olan bütün suallarla, məni vahiməyə salan qorxularımla, susduğum bütün haqsızlıqların yara izləri ilə vida edəcəyəm. Yanlış seçimləri məhz indi onu bir ip kimi özündən asır. Bu ölüm bir intihardan daha ağır olacaq, bunu hiss edirəm. Elə məhz bu an sənin düşüncələrində gəzinən ilk sual nədir?
Beyin: Bu sualı eşitmək istədiyinə əminsən?
Ürək: Düşünürəm ki, artıq əmin olub, ya da olmamağımın heç bir əhəmiyyəti yoxdur. Buna hazıram.
Beyin: Deyir ki, həyatda yaşadığımız bütün pis və ya yaxşı hadisələr Tanrının seçimləri olduğu təqdirdə, bir qulun alın yazısına yazılan intiharı yaşaması axı necə günah ola bilər? Hər şeyi yerlə yeksan etməyə qadir olan UCA YARADAN’IN məhz bir qulunun ayaqları altındakı kiçik bir kətili saxlamağamı, yoxsa onun boğazını öz əlinə alan mənfur ipi qoparmağamı gücü yetmir? Əgər bu bir həyat oyunu deyilsə, niyə yaşamağa məcburuq? Çox maraqlıdır, bütün bunlara verəcək hansısa bir cavabın varmı?
Ürək: Mən cavab vermək üçün deyil, içimdə yaşadıb böyütmək və daha da çox özümü məhv etmək üçün yaranmışam… Deyəsən, artıq yavaş-yavaş təslim oluram. Əgər sənin gücün çatırsa, özünə mənim onu heç vaxt bağışlamayacağım düşüncələrini ək.
Beyin: Belə başa düşürəm ki, bu dəfə də sən intihar etmək fikrindəsən. Bəlkə, səninlə paylaşdığım bütün sirlər üçün məni də yox etməyi düşünürsən? Elədi, ay qısqanc?
Ürək: Sən necə qaçmaq lazımdır çox yaxşı bilirsən. Mənim üçün isə narahat olmağın əsassızdır, kədər ortağım.
Beyin: Bəsdi görək, ay səfeh.
Ürək: …………..
Beyin: Nə tez getdin? Bir də… bir də ki…. onun üçün məndəki son düşüncəsi sənin adına həkk olunan böyük bir peşmanlıqdır. O, sənə yaşatdığı hər şey üçün çox……..
Ürək: …………!
***
Yeni günə salam olsun, bitən gün isə özü ilə bərabər bir çox əzabı, sevinci, kədərin yanıqlı toxumlarını külə çevirdi. Artıq əqrəblər daha həzin hərəkət edir, saniyələr əzabın hökmü altında sürünür, dəqiqələr axına qarşı üzən gəmi tək gücünün təkəbbürü əlində oyuncağa çevrilir, saatlar isə öz hökmünü çoxdan verirdi. Kimlərsə yeni günün doğan günəşi ilə birlikdə dünyaya gözlərini açarkən, bəzilərini də dünənin batan günəşi özü ilə birlikdə çoxdan tarix etmişdi. Günəşin batışını dərin bir sükutla ötürən asiman günü böyük səs-küylə qarşılayırdı. Hər kəs bir-birinin rüzgarı ilə fərqli diyarlara səpələnirdi və daha sonra alışdıqları məskəni unudub yenidən qədəm qoyduqları həyata alışmaq məcburiyyətində qalırdılar. Dünəndən qalan cavabsız suallar heç kimin maraq dairəsinə daxil belə deyildi. Səmanı ağuşuna alan qara buludlar gündüzü gecəyə çevirəcək qədər güclü idilər. Yolun mərkəzindən uzun bir karvan keçirdi. Onlar çiyinlərində çoxdandır axtardıqları vicdanlarını son mənzilinə çatdırmağa çalışırdılar. Bəziləri qara geyimdə, bəzilərinin gözündə qara eynək, bəzilərinin əlində yalandan bir əsa və yalnız bir neçəsinin gözlərində kədəri bariz görə bilirdim. Bu kasıb insan karvanı hər birinin vicdanından bir parça daşıyan tabutu göməcək boş torpağı tapa bilmirdi. Əlləri havaya açılmış, gözləri ilə bizi bir ölçüb min biçən şəxs isə üzünə çisələyən yağmur dənəciklərini silmək üçün əllərini üzündə büsbütün rəqs etdirirdi. Əlləri üzünü örtsə belə, ruhundakı etinasızlığı örtməyə onlar da çarəsiz idi. Və… ən sonda hər kəs nizama düzülmüş əsgərlər kimi eyni anda əks istiqamətə yönəlirdilər. Çıxışın qapısı onları qarşılamaq üçün hər iki qolunu büsbütün açaraq iki ayaqlı heyvan sürüsünü gözləyirdi.
Səssiz və yaramaz baxışlardan uzaq bir həyat səni ağuşuna çoxdan almışdı. Artıq səni onlara xatırladan bir tək yeni qazılmış isti torpağına sancılan taxta parçası idi. Üzərində günəşin doğuşu və batışının dumanlı tarixləri həkk olunmuşdu və ən sevmədiyim səkkiz rəqəmini də elə bu taxta yatağa uzatmışdılar. Baxışlarım elə hey birotaqlı, rütubətli evimin açıq pəncərəsi ilə arasına uzun bir yol inşa edirdi. Bir zamanlar daşdan möhrü qoyulan bu səssiz insan sürüsünə o həmin pəncərədən baxırdım. İndi isə ağır payız küləyinin təsiri ilə rəqs edən pəncərəmin qiyafəsi onun tam arxasına iz salan stulun çiyinlərinə gücsüz əlləri ilə toxunaraq, -“Səssiz ol”- deyirdi.
Elə bir kimliyə bürün ki, sənin səssizliyin bitən əzablarının imzası olsun!
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşarın pedaqoq, şairə, yazıçı, qiraətçi və təlimçi Lalə Həsəncanla söhbətini təqdim edirik…
Öncə vurğulamaq istərdik ki, Lalə Həsəncan Təhsildə İnkisaf və İnnovasiyalar üzrə 6-cı Qrant Müsabiqənin qalibi, Azərbaycan Maarifçilər Asosasıyasının üzvü, İlin müəllimi kimi “Global Star Award” mükafatının laureatı və s. kimi bir sıra uğurlara imza atmış ziyalı xanımlarımızdan biridir.
– Hər şeydən öncə bir pedaqoq olaraq bu günün təhsili haqqında fikiləriniz çox önəmlidir.
-Təbii ki, təhsil haqqında düşüncələrim genişdir. Təhsil bir dövlət üçün strateji əhəmiyyət daşıyır. Bir xalqın inkişafı üçün ən əsas yol təhsildən başlayır. Təhsildə olan yüksək keyfiyyət əlbəttə ki, xalqın gələcək gücünü əks etdirir. Azərbaycan təhsilində də ölkəmizin gəncləri üçün müasir bir təhsil modeli yaradılıb. Təhsilin hər bir sahəsində göstərilən müsbət dəyişikliklər gəncləri inkişafa doğru aparır. Ölkəmizin gəncləri öz ölkəsi ilə yanaşı xaricdə təhsil almaq imkanı da qazandıqları üçün daha peşəkar kadr kimi fəaliyətə başlamaq imkanı qazanırlar. Bir müəllim kimi artıq 20 ildir ki, orta məktəbdə fəaliyyət göstərirəm. Peşəmi çox sevirəm. Ümumiyyətlə deyə bilərəm ki, uşaqlarla işləmək mənim üçün ayrıca bir zövqdür. Onların əhatəsində olmaq məni çox xoşbəxt edir. Hər bir şagirdə göstərdiyim sevgi, qayğı və onların mənə yaşatdıqları o əyləncə dolu anlar öz peşəmi daha da çox sevməyimə sövq edir. Bu gün bütün bunlarla yanaşı bu peşənin sahibi olmağımla qürur hissi yaşayıram. Bir müəllım öz peşəsini sevməyi bacarmalıdır ki, xalqının bugününü, gələcəyini düşünə bilsin. Vətənə peşəkar kadr yetəşdirmək hər bir müəllimin borcudur. Biz müəllimlər də öz növbəmizdə işimizi layiqincə yerinə yetirməyi bacarmalıyıq.
-Sizcə təhsilin inkişafı üçün hansı istiqamətdə işlər aparılmalıdır?
-Fikrimcə, təhsil istiqamətində son illərdə yetərli qədər islahatlar aparılır. Təhsilin davamlı inkişafı üçün genşmiqyaslı şərait yaradılır. Müasir dövrlə nəzərə alsaq yeni texnologiyalar və onların idarəetmə üsulları, layihələr, o cümlədən təhsil müəssisələrində maddi- texniki bazanın gücləndirilməsi, yeni məktəb binalarının tikilməsi keyfiyyətli təhsil strategiyalarından xəbər verir.
-Siz həm də yaradıcı insansınız. Şeir və hekayə yazarkən ilham mənbəyinizin konkret ünvanları varmıdır?
-Deyərdim ki, yox. Çünki şeir və hekyə yazarkən daxili hislərimin rahatlığı buna şərait yaradır. Yazmağı sevirəm. O an özümü sanki sehrli dünyada hiss edirəm. Bunu da mənim duyğusal bacarıqlarımın inikası olaraq hesab edirəm. Əslində, məqsədim bir yazıçı kimi yetişmək deyil. Bunun bir istedad olduğunu da bilirəm. Birinin öz istedadının fərqini görmək və bu imkanları üzə çıxartmaq, ruhən azadlıq qazanmaq üçün ərsəyə gətirdiyi əsərlər ona kifayət edir. Bütün bunlarla yanaşı isə qazandığımız böyük oxucu kütləsi bizlər üçün bir hədiyyədir.
-Xəyal dünyanızın genışlənməsinə səbəb olan hadisələr hansılardır?
-Təbii ki, oxucu tərəfindən sevilməyi və əsərlərinin genişmiqyasda tanınmağı bir yazarın daha fəal yazar kimi yetişməsinə səbəb olur. Bir yazar araşdırmalar, mütaliələr etməklə yanaşı öz xəyal gücünü də ortaya qoymaqla yeni əsərlər ərsəyə gətirməlidir.
-Yazmaq sizin üçün nə deməkdir?
-İlk öncə oxucuya ideyalarımı çatdırmaq. Daha sonra isə bir yazıçı kimi yazıb- yaratmaq.
-Ən çox harada və nə zaman yazmağı sevirsiniz?
-Ən çox səssiz bir məkanda yazmağı daha çox sevirəm. Səssizlik beyin gücümün fəaliyyətini artırır və daha çox düşünmə imkanlarımı genişləndirir. Həzin bir musiqi isə bu gücün dərinləşməsinə imkan yaradır.
-Yazıçı üçün zaman nə deməkdir?
-Zaman biz yazıçılar üçün vacib olan amillərdən biridir. Bəzən bir romanı yazmaq üçün saatlar, günlər, aylar və illərin keçməsi gərəkdir. Zaman bir yazıçı üçün keçmiş, indiki və gələcəyin bir baxış formasıdır. Yazılan əsərlərin məhz sujet xətti də mövcud bir vaxtla əlaqələndirilir. Zaman insan düşüncəsi və şüurun ən uyğun göstəricisidir. Bunun üçün də yazarkən keçirdiyim hər an mənim üçün dəyərli bir zaman anı sayılır.
-Qiraət etdiyiniz şeirlərinizi siz özünüz seçirsiniz, ya müəlliflər özləri müraciət edirlər?
-Bəzən olur müəllif özü müraciət edir, bəzənsə mən özüm seçirəm. Daha çox müəllifin müraciət etməsini nəzərə alıram. Ancaq müəllifin şeirinə gəldikdə isə ozüm seçim etməyi üstün tuturam. Çünki şeirlər ilk öncə nitq üslubuma uyğun olmalıdır. Bir şeiri yaşayaraq səsli şəkildə çatdırmaq və onu insan ruhunu oxşayacaq şəkildə canlandırmaq qiraətimin ən yüksək təməlindən biri hesab edirəm.
-Hansı janrda kitablar oxuyursunuz və niyə bu janra üstünlük verirsiniz?
-Daha çox nəsrə: roman və hekayələrə üstünlük verirəm.
-Sizcə, kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?
-Bu baxımdan özünü inkişaf etdirmək üçün davamlı və sistemli şəkildə mütaliə etmək lazımdır.
-Pedaqoq və yazıçı olmaq istəyən gənclərə hansı məsləhətləriniz var?
-Bildirmək istərim ki, hər bir insan öz xəyal və uğurunun mərkəzində özü durur. Görülən işlər və əldə etdikləri nailiyyətlər məqsədli bir vəhdət daşımalıdır. Maksimum nailiyyət və uğur üçün potensialından istifadə etməyi bacarmalıdır. Məqsədlərinin qarşısına məhdudiyyətlər qoymamalıdır. Ən əsası isə tutduğu yolda keyfiyyətli, uğurlu, inkişaflı bir istiqamət qazanmağı bacarmalıdır.
Hər vaxtınız xeyir olsun, istəkli oxucularımız. “Ədəbiyyat və incəsənət” portalının Qonaq otağında xoş gördük sizləri. Bu günün müsahibəsi Kubra Quliyevanın təqdimatında müasir Azərbaycan yazıçıları arasında qələmini məharətlə danışdıra bilib gənclərin sevimlisinə çevrilən, “Aciz qalan ulduzlar”, “XÇƏQ”, “Oğlan”, “Ən” və daha bir neçə əsərin müəllifi olan Məsudə Cabbarladır. Blits-müsahibəni nəzərinizə çatdırırıq.
-Öncəliklə sizdən özünüzü qısaca tanıtmağınızı və bizə gələcəklə bağlı planlarınızdan bəhs etməyinizi istəyəcəkdim.
-Hər kəsə salam. Mən Məsudə Cabbar. 30 yaşım var, 9 ildir yazıçılıqla məşğulam. Ümumilikdə 7 kitab müəllifiyəm. Gələcəklə bağlı əsas hədəfim özümü və sənətimi mümkün olduğu qədər irəli aparmaq və daima yeniləməkdir.
-Sizcə, sizin əsərlərinizin qısa zamanda bu qədər sevilməsi və oxucu kütləsinə çatmasında əsas səbəb nə oldu?
-Zənnimcə, 9 il qısa zaman sayılmır, ilk kitabımdan etibarən kitablarım daima oxucuların maraq dairəsində olub. Ancaq çalışmışam heç zaman bu marağın sehrinə qapılmayım. Konkret səbəb göstərmək çətindir, ancaq düşünürəm ki, kəlmələrin insanların qəlbinə, ruhuna zənn ediləndən daha çox toxunma gücü var.
-Çox gözəl vurğuladınız. Elə isə özünüz mütaliə edərkən hansı yerli və xarici yazıçıların əsərlərinə üz tutursunuz?
-Bacardığım qədər yerli, gənc yazarların kitablarını oxuyuram. Əcnəbi yazarlar arasında qələmini sevdiyim bir çox yazar var. Ancaq daha çox elmi kitablar oxumağı sevirəm.
-Bu aralar geniş oxucu kütləsinə çatmış “Xoşbəxtliyə çatanda əldə qalanlar”kitabı xeyli maraq doğurmuşdu. Bəs siz özünüzü xoşbəxtliyə çatmış hesab edirsinizmi? Elə isə əlinizdə qalan nə oldu?
-Əslində bu mövzuda saatlarla danışmaq olar. Ancaq “X.Ç.Ə.Q” kitabında da qeyd etdiyim kimi, həyatda heç bir mövzuda yüzdə yüz sabit qalmaq mümkün deyil. Düşünürəm ki, hazırda həyatımda “məna axtarışı” illuziyasını dayandırdığım dönəmdəyəm. Bu səbəblə heç nəyi itirmədiyim kimi, heç nəyi də tapmıram.
-Dəvətimi geri çevirməyib ünvanladığım suallara ətraflı cavab verdiyiniz üçün minnətdaram. Xeyirli günlər.
-Müsahibə mənim üçün də maraqlı oldu. Təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət” portalının Debüt rubrikasında bu gün sizlərə tələbə şeirləri təqdim ediləcək.
Aytəkin Ağazadə 2003-cü ildə Lənkəran rayonunda anadan olub. Lənkəran Dövlət Universitetinim “Filologiya və ibtidai təhsil” fakültəsinin “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının 4-cü kursunda təhsilini davam etdirir. Lap uşaq yaşlarından şeirləri, şifahi və yazılı ədəbiyyat nümunələrini çox sevib, ədəbiyyata böyük maraq göstərib. Məktəb və Universitet tədbirlərinin fəal iştirakçısı olub, müxtəlif şairlərdən şeirlər səsləndirib. 2013-cü ildən şeirlərini “Aytəkin Əziz” imzası ilə yazır. Yaradıcılığında ictimai-fəlsəfi motivli şeirlər üstünlük təşkil etsə də, məhəbbət lirikası, eləcə də qəhrəmanlıq lirikasına aid yazdığı nümunələr də az deyildir.
Hazırda şeir yazmaqla bərabər bədii qiraətlə də məşğul olur.
Şairlərdən başqa heç kəs şairlərin dilin bilmir…
Əzəldən haqq yolundayam,
yola sonra gəlməmişəm,
Amma bu “haqq” deyilənin
özün yolda görməmişəm.
Gəzib onu diyar-diyar
mən də tapa bilməmişəm,
Haqqı elə basdırıblar
kimsə onun yerin bilmir…
İnsanların arasında
təklik elə yaman olur,
Nə olursa elə sənin
tək qaldığın zaman olur…
Gündüz gülən adamların
gecə beyni duman olur,
Rahat-rahat danışanlar
birin bilir, birin bilmir…
Mən deyərəm anlamazlar,
ən yaxşısı susum gedim,
Susanların səslərinə
bir-bir qulaq asım gedim.
Qoy yanmasın, ürəyimə
bir dənə daş basım gedim,
Şairlərdən başqa heç kəs
şairlərin dilin bilmir…
Yarası var…
Dəyişə bilməsən barış taleyinin rəngi ilə,
Bəxtin bozu olmayır ki, bir ağı var, qarası var.
Hər mərmisi acı olan həsrət adlı süngü ilə,
Parça-parça olan qəlbin de salamat harası var?
Kədər ömür qonağıdı, hər gecəni dəyər gedər,
Can dediyin can evinin dirəyini əyər, gedər.
Yarım qalanın nəfəsi ciyərinə məyər gedər?
Axı sevən bir ürəyin hələ yarda parası var…
Bütün sevgi bağlarına qış gələndə, don dəyəndə,
Günəş şəfəqdən bərq vurar vaxtsız qapın döyüləndə…