Day: Oktyabr 22, 2023

  • Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı başlayır

    8 Noyabr – Zəfər Günü münasibətilə oktyabrın 22-dən noyabrın 8-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı başlayır.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Zəfər” festivalı Bakı şəhəri ilə yanaşı Gəncə və Sumqayıt şəhərlərinin, İsmayıllı, Biləsuvar, Sabirabad, Xaçmaz rayonlarının bir sıra mədəniyyət ocaqlarında tarixi qələbəmizə həsr olunmuş silsilə tədbirlərlə davam edəcək.

    Festival çərçivəsində bədii kollektivlərin və solistlərin iştirakı ilə rəngarəng proqramlar, bəstəkarlarımızın tarixi Zəfərimizə həsr etdiyi simfonik əsərlərdən və vokal-xor nömrələrindən ibarət konsert, Vətən müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş tamaşalar, muğam axşamı və digər mədəni tədbirlərin təşkili nəzərdə tutulub.

    Sözügedən tədbirlərə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilərin, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında və Azərbaycan Dövlət Kukla Teatrında keçiriləcək tamaşalara isə şəhid və qazi övladlarının tamaşaçı qismində dəvəti planlaşdırılır.

    Mənbə: https://azertag.az/

  • Bakıda VIII “Visla” Polşa film festivalı davam edir

    Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Visla” Polşa film festivalı ilə əməkdaşlığı çərçivəsində səkkizinci dəfə keçiriləcək Polşa Film Festivalı davam edir.

    AZƏRTAC xəbər verir ki, filmlər oktyabrın 31-dək “Azərbaycan” CinemaPlus-da nümayiş olunacaq.

    Oktyabrın 10-da start götürən festival çərçivəsində artıq Azərbaycan tamaşaçıları Maçey Kavalskinin “Təhlükəli centlmenlər”, Yeji Skolimovskinin “İA”, Yakub Skoçenin “Vəftiz” və digər ekran əsrlərini izləyiblər.

    Builki “Visla” çərçivəsində Azərbaycan tamaşaçısına təqdim edəcək son film rejissor Yan Holoubekin “Günahsız 25 il” ekran əsəri olacaq. Bu film real hadisələr əsasında çəkilib və 20 ilə yaxın günahsız yerə həbs edilmiş Tomaş Komendanın təsirli hekayəsindən bəhs edir.

    Festival çərçivəsində “Azərbaycan” CinemaPlus-da ümumilikdə 6 polyak filminin nümayişi olacaq.

    Festivalın koordinatoru və layihə meneceri Yanna Neka deyib: Bakıya səfər bizim üçün xüsusi anlam daşıyır, çünki biz Polşa filmlərinin unikal seçimini Azərbaycan tamaşaçısı ilə bölüşə biləcəyik. Biz Bakı sakinləri ilə görüşməyi və polyak film dünyasından birlikdə həzz almağı səbirsizliklə gözləyirdik. “Visla” Festivalı dünyanın onlarla şəhərində keçirilən polyak kinematoqrafiyasının ən böyük festivalıdır. Festivalın əsas niyyəti mədəniyyətlərarası dialoqu yaratmaq və onu gücləndirmək, eləcə də kino yaradıcıları və xadimləri arasında beynəlxalq əməkdaşlığının inkişafına töhfə verməkdir. Məqsədimiz yerli tamaşaçıları müasir polyak kinosu ilə tanış etmək, eləcə də polyak kinosunu xarici kino sənayesinin nümayəndələri arasında populyarlaşdırmaqdır. Bu işdə bizə dəstək olan Azərbaycan Kinematoqrafçılar İttifaqına öz təşəkkürümüzü bildirir və qarşıdakı illərdə də əməkdaşlıq etməyi arzulayırıq”.

    Mənbə: https://azertag.az/

  • İsveçdə “İZ” sənədli filminin təqdimatı olub

    Stokholm şəhərində İsveçdə fəaliyyət göstərən Beynəlxalq Media Mərkəzi (İnternational Media Group Sweden) və SAF Azərbaycan Cəmiyyətlərinin təşkilatçılığı ilə “İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı sənədli filmin təqdimatı keçirilib. Tədbirdə Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov da iştirak edib.

    Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açılıb, daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə səfir Zaur Əhmədov azərbaycanlıların zaman-zaman öz ata-baba yurdlarından deportasiya edilməsindən danışıb: “Təəssüflər olsun ki, dünyanın bir çox ölkələri bu həqiqətləri görməzdən gəlirlər. Bizim vəzifəmiz belə sənət əsərlərinin dili ilə geniş tamaşaçı kütləsinə həqiqətləri çatdırmaqdır”.

    Digər çıxış edən natiqlər vurğulayıblar ki, belə tədbirlərin çox olması xalqımızı daha da birləşdirir və geniş auditoriyaya sözümüzü deməyə imkan yaradır.

    Çıxışlardan sonra filmin təqdimatı böyük coşqu ilə qarşılandı.

    “İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” sənədli filmi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlil Qadınlar Cəmiyyəti”nin layihəsi əsasında hazırlanıb. Filmdə qədim Azərbaycan torpaqları olan Qərbi Azərbaycanda mövcud olan tarixi abidələr, qalalar, qəsrlər, saraylar, türbələr, məscidlər, körpülər və digər abidələrin ermənilər tərəfindən mərhələli şəkildə məhv edilməsi, ötən əsrdə 4 dəfə (1905-1907, 1918- 1920, 1948-1953, 1988-1991) erməni millətçilərinin və sovet imperiyasının təzyiqi altında dədə-baba torpaqlarını tərk etməyə məcbur qalmış azərbaycanlıların məşəqqətli həyat tarixçəsi öz əksini tapıb. Həmçinin azərbaycanlılara məxsus yer adlarının məqsədli şəkildə dəyişdirilməsi, mədəni irsə qarşı ermənilərin məqsədyönlü siyasəti, Qərbi azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və deportasiya cinayətləri fakt və dəlillər əsasında göstərilib.

    Filmdə əsasən Qərbi Azərbaycandan olan elm adamlarının, şair və yazıçıların, ziyalıların fikirləri yer alıb. Filmin əsas məqsədi, Qərbi Azərbaycanla bağlı beynəlxalq ictimaiyyətdə obyektiv təsəvvür formalaşdırmaq, əslən Qərbi Azərbaycandan olan soydaşlarımızı böyük qayıdışa hazırlamaqdan ibarətdir.

    Sənədli filmin layihə rəhbəri “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Qaramanlı, ssenari müəllifi- tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadədir.

    Mənbə: https://azertag.az/

  • Bakıdakı Rus evində Aleksandr Ostrovskiyə həsr edilmiş konsert olub

    Oktyabrın 20-də Bakıdakı Rus evində böyük rus dramaturqu Aleksandr Ostrovskinin anadan olmasının 200 illiyi tədbirləri çərçivəsində konsert olub.

    AZƏRTAC Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bayram konserti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Rus evi tərəfindən təşkil edilib.

    Konsertdən əvvəl “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov tamaşaçılar qarşısında çıxış edib.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina böyük yazıçının yaradıcılığının xüsusiyyətləri, onun əsərlərinin musiqi sahəsində rolu haqqında danışıb. O qeyd edib ki, konsertin proqramı da Ostrovskinin əsərlərinin musiqi fenomeni kimi təsirini ehtiva edib. Təsadüfi deyil ki, onun özü də musiqi əsərlərini öz yaradıcılığına daxil edib.

    Konsertdə yazıçının yaşadığı dövrə aid klassik əsərlər səsləndirilib. Onları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Bakı Musiqi Akademiyasının solistləri ifa ediblər.

    Tədbir çərçivəsində “Yaşlek” tatar gənclər təşkilatının gənc istedadları Ostrovskinin əsərlərindən parçaları, habelə müasir müəlliflərin böyük yazıçının üslubunda yaratdıqları şeirləri təqdim ediblər.

    Anşlaqla keçən tədbirin qonaqları qismində xarici diplomatik korpusların nümayəndələri, ictimai təşkilatların təmsilçiləri, yaradıcı və elmi ziyalılar iştirak ediblər.

    Mənbə: https://azertag.az/

  • Azərbaycanın Əməkdar artisti Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə marş bəstələyib VİDEO

    Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə marş bəstələyib. Marşın sözləri və musiqisi Turan Manafzadəyə aiddir.

    Bu barədə AZƏRTAC-a açıqlama verən Turan Manafzadə “Türkiyə 100” adlı əsərinin Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərini də tərənnüm etdiyini bildirib.

    Əsərin ərsəyə gəldiyi ilk gündən müxtəlif layihələrdə istifadəsi ilə bağlı təkliflər aldığını ifadə edən bəstəkar deyib: “Türkiyədə baş verən fevral zəlzələsi dövründə, sözün həqiqi mənasında göz yaşları ilə bəstələdiyim bu əsərim mənim Türkiyəyə olan ən səmimi duyğularımın ifadəsidir. Təbii fəlakətin ağrı və acılarının hələ təzə olduğu o dövrdə əsərin geniş izləyiciyə təqdim edilməsini düzgün hesab etmədim. Sadəcə, bu il aprelin 19-da sosial media hesabım vasitəsilə əsərin piano versiyasını paylaşdım və xalq tərəfindən böyük rəğbət qazandığını gördüm. Bunun ardından sözlərini yazmaq qərarına gəldim. Əsəri hazırlayarkən musiqi ilə sözlərin harmoniyasına, bəzi detalları qaçırmamağa xüsusi diqqət yetirdim. Məncə bu, hər yaşa uyğun bir bəstədir. Bu layihəni mənalı edən məqamlardan biri də mənim dirijorluğumla marşın klipində iştirak edən şəhid övladları, qazilərlə yanaşı gənclərdən və uşaqlardan ibarət “Bənövşə xoru” eləcə də “Mezzo Qadınlar Orkestri”nin Türkiyə Cümhuriyyətinə ən xoş hisslərini ifadə etmələridir”.

    Azərbaycanın şanlı Qarabağ Zəfərindən sonra bəstələdiyi əsərlər barədə danışan Turan Manafzadə deyib: “Karyeramda mənə uğurlu qapılar açan, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz o tarixi Qələbəyə ithafən yazdığım “Azərbaycanım” və “Yüksəliş” adlı əsərlərim kimi, “Türkiyə 100” bəstəmin də bütün dünyanı dolaşacağına inanıram”.

    Qeyd edək ki, bu il oktyabrın 23-dən etibarən bütün musiqi platformalarında yayımlanacaq əsərin orkestrovkası Turan Manafzadə və beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadəyə aiddir.

    Mənbə: https://azertag.az/