Day: Noyabr 2, 2023

  • Namiq HACIHEYDƏRLİ.”Kimdir ən böyük şair?!”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri

    Böyük yazıçı”, “böyük şair”, “böyük bəstəkar” və s. bu kimi ifadələri tez-tez eşidirik. Bu halda bəzən iki şairin (eləcə də yazıçının, rəssamın, bəstəkarın, siyasətçinin və s.) müqayisəsi aparılır. “Filankəs filankəsdən böyük şairdir”, “yox, mənim fikrimcə filankəs ondan böyük şairdir”- kimi qeyri-müəyyən və yalnış fikirləri də eşidə bilirik.

    Hər kəs öz fikir və mülahizələrini irəli sürür, birinin böyük sənətkar hesab etdiyini digəri “mən onun əsərlərini oxumuşam, o, böyük sənətkar deyil”-deyir. Demək, kimsə, haqqında söhbət gedən sənətkara fərdi zövqünə və ya subyektiv düşüncəsinə görə dəyər verir. Təbii, sənətkarın böyüklüyünü zövqə görə müəyyən etmək böyük yanlışlıq olar. Hər şeyin ölçü vahidi olduğu kimi yazıçının, şairin, və s.mənəvi çəkisinin böyüklük dərəcəsini müəyyən edəcək ölçü vahidi olmalıdır, zənnimcə. Bəs, kimin daha böyük sənətkar olduğunu necə müəyyən etməli?! Kitablarının sayına, çap olunan məqalə və ya şeirlərinin sayına görəmi?! Əsərlərinin sənətkarlıq xüsusiyyətinə, bədii ifadə vasitələrindən ustalıqla istifadə edə bilmək məharətinə görəmi? Dilinin səlisliyinə, axıcılığına və ya elmiliyinə görəmi? Bütün bunlar müəyyən dərəcədə göstərici ola bilər, ancaq əsas ola bilməz- düşüncəsindəyəm. Mənə elə gəlir ki, hər bir sənətkara, onun yaradıcılığının ictimai faydalılıq əmsalına görə dəyər verilməlidir. (İctimai faydalılıq əmsalı ifadəsi ədəbiyyat üçün doğma olmasa da, fikrin daha dəqiq söylənməsi üçün bu ifadədən yararlanmaq zərurəti var). Yazıçının, rəssamın, bəstəkarın, eləcə də şairin yaradıcılığının ictimai faydalılıq əmsalı yüksəldikcə sənətin və sənətkarın böyüklüyü daha geniş miqyas alır və daha yüksək dəyər kəsb etmiş olur. Otuz – qırx və hətta daha çox kitabın müəllifi olan yazarlar tanıyırıq. (Belə yazarlar dünən də olmuş, bu gün də var). Ancaq, belə yazarlar nəinki yeni yaradıcı nəslə, sıradan vətəndaşın belə düşüncəsinə təsir etmir, bir çox hallarda isə ümumi oxucu düşüncəsindən çox-çox geri qalır. Əlbəttə bu tip sənət əsərlərinin ictimai faydalılığından danışmaq da yersizdir. Lakin, bir kitab və ya bir əsərlə millət üçün dəyərli və böyük bir nəsil yetişdirən, yaradıcılığa stimul verən sənətkarlarımız ictimai faydalılıq əmsalı yüksək olan kimsələrdir. Örnəyi Nizami, Nəsimi, Əli bəy, Üzeyir bəy və bu kimi başqaları. Məsələyə bir qədər geniş müstəvidə yanaşaq:

    Didro, Volter, Hüqo, Montöskyö və digər maarifçilərin yaradıcılığı və fəlsəfi fikri Fransa imperiyasını və nəhayət Fransa dövlətini yaratdı. Hal-hazırda bir çox dövlətlərin hakimiyyət bölgüsü bu ideya sahiblərinin prinsipləri əsasında həyata keçirilir. Hegel, Höte, Nitsşe və digər düşüncə adamlarının prinsipləri Alman dövlətini yaratdı. Onların prinsipləri – ədalət, dəqiqlik, elmilik və digər fəlsəfi nəzəriyyələri – bu gün də Almaniyanın dövlət prinsiplərinin əsasında durur. Fales, Sokrat, Platon, Aristotel Bizans imperiyasını yaratdı. Demokratiya və demokratik hakimiyyət ifadəsi məhz onlardan – antik düşüncə bahadırlarından gəlir. Xalq hakimiyyəti ifadəsinin əsasında onların qoyduğu prinsiplər durur.

    Azərbaycanda Əli Bəy Hüseynzadə üçrəngli bayrağın düsturunu verməklə üç fərqli düşüncəni – dünyəviliyi, türkçülüyü və müsəlmanlığı – vahid ideologiya şəklində cəmləşdirdi. Çağdaş Azərbaycanın dövlət ideologiyasının əsasında məhz bu prinsiplər durur. Hazırda bu ideologiyanı bəzi düşüncə sahibləri ümumtürk birliyi üçün ən uğurlu variant hesab edir. Həsən Bəy Zərdabi “Əkinçi”ni nəşr etməklə jurnalist nəslinin yetişməsinə, M.F.Axundov öz yaradıcılığı ilə teatrşünaslığın, ədəbi tənqidin, dramaturgiyanın yaranmasına, Üzeyr bəy professional musiqinin və musiqişünaslığın meydana gəlməsinə təkan verdi.

    Göründüyü kimi hər bir yaradıcı adamın ictimai faydalılıq əmsalını əsas götürərək daha dəqiq dəyər vermək mümkündür. Bəzi yaradıcı insanların ictimai faydalılıq əmsalı bir eli, bir mahalı, bəzilərinki isə bir dövləti, hətta bütöv bir qitəni əhatə edir. Deməli, məsələyə bu prizmadan yanaşanda ağızdolusu “böyük sənətkar”, “dahi şair” və s. dediyimiz bir sıra insanların adının qarşısında ictimai faydalılıq əmsalı bərabərdir “0” yazmalı olarıq. Millətimiz və dövlətimiz üçün zərrə qədər də olsa faydalı ola və “faydalılıq əmsalı bərabərdir 1” düsturuna cavab verə bilsək nə mutlu bizə!

  • Coşqun XƏLİLOĞLU.”ŞALVAR”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qaradağ Bürosunun Rəhbəri
    (EL- OBA SÖHBƏTLƏRİNDƏN)
    Bir kənddə iki qardaş yaşayırd. Böyük qardaşın adı Qüdrət, kiçiyinki Sakit idi. Valideynləri vəfat edəndən sonra böyük qardaş ata-analarından qalan var-dövlətə sahib oldu. Kiçik qardaşa isə heç nə vermədi.
    Sakit evin bütün ağır işlərini görür —ot biçir, odun doğrayır, mal-qara otarırdı. Əvəzində isə qardaşı ona bir qarın çörək verirdi.
    Qüdrət çox paxıl idi. Üz-gözündən zəhər tökülürdü. Qardaşı bütün günü işləməsinə baxmayaraq Qüdrət ondan narazı idi. Sakit isə xeyirxah idi, kənddə çoxları onun xətrini istəyirdi. Xeyirdə-şərdə iştirak edər, öz köməyini qohum-qonşudan əsirgəməzdi.
    Bir gün kənddə toy idi. Sakiti də dəvət etmişdilər. Toy sahibi Sakitin yaxın dostu idi. Getmək lazım idi. Sakitin isə yaxşı pal-paltarı olmadığına görə qanı qaralmışdı. Çox götür-qoydan sonra böyük qardaşından utana-utana toya geyinmək üçün şalvar-köynək istədi. Qüdrət qaşlarını çatdı. Ağır-ağır, saysız-hesabsız paltarlarının içərisindən çoxdan geymədiyi bir şalvar və bir köynək seçərək qardaşına verdi.
    Sakit mağara girəndə dostları, tay-tuşları onu sevinclə qarşıladılar. Axı, Sakit deyib-gülməyi xoşlayır, gözəl rəqs etməyi, tay-tuşları ilə şirin-şirin zarafat etməyi bacarırdı. Getdikcə məclis qızışırdı. Qara zurnanın səsi ərşə bülənd oldu. Mağarda iynə atsaydın yerə düşməzdi. Bütün kənd toya tamaşaya gəlmişdi. Qüdrət də burada idi. Cavanlar bir-bir rəqs edir, öz məharətlərini göstərirdilər. Növbə Sakitə çatdı. Onun oynaq və şən rəqsi hamının xoşuna gəldi. Yerbəyerdən “Əhsən.” “Halal olsun” nidaları ucaldı. Xoş sözlər Sakiti daha da həvəsləndirirdi. O, elə şövqlə, çılğınlıqla rəqs edirdi ki…
    Qardaşının səsi Sakiti ildırım kimi vurdu:
    –Ə, bəs deyil, şalvar cırıldı ki…
    Hamı dönüb Qüdrətə baxdı. Sakit isə sanki yerə mıxlanmışdı. Handan hana özünə gəlib, pərt halda məclisi tərk elədi.
    Sakit o gündən xəta törətmiş adam kimi dostlarından uzaq gəzirdi. Hətta o, toylara da getmirdi. Günlərin birində yaxın dostlarından biri Sakiti toyuna dəvət etdi. Mütləq getmək lazım idi. Amma yenə də geyinməyə babat paltarı olmayan Sakit üzünə üz qaralığı çəkib qardaşına üz tutdu.
    Qüdrət:
    –Sənə toyda geyinməyə şalvar və köynək verirəm. Amma bir şərtlə, toyda oynamamalısan. Yaxşı?
    – Yaxşı. – Sakit cavab verdi.
    …Dostları nə qədər cəhd etsələr də Sakit rəqs etmək istəmirdi. Hamı mat qalmışdı. Toyların yaraşığı olan bu cavan nə üçün meydana çıxmır? Məclis həqiqətən də qızışmırdı. Hamı Sakitin oynamağını istəyirdi. Sakit isə qardaşının zəhmli sifətini gözlərinin önünə gətirərək onun tapşırığına əməl edirdi. Bəyin atası Sakiti rəqsə dəvət edəndə sakit nə edəcəyini bilmədi.Toy sahibinə – ağsaqqala hörmətsizlik etsinmi? Yoxsa?
    Birdən Qüdrətin gur səsi eşidildi:
    – Ayə. Oyna da… Şalvar cırılar, cəhənnəmə cırılsın. Vallah, xatirinə dəymərəm.
    …Qara zurnanın səsi mağarı başına götürmüşdü…
    2001-ci il.

  • Şəfa VƏLİYEVA.”Eşqdən ölsəm…”

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Sarı eşqə Tanrı ağlar,
    Bəndə ağlamaz…
    Ağlamaz…
    Qoca palıd çal başına
    Sarı bağlar…
    Qara bağlamaz…
    Bağlamaz…

    Əyilib səcdə edərəm
    Getdiyin hər dan üzünə…
    Məcnuna qibtə edərəm,
    Leylinin həya rübəndi
    Yaraşmaz nakam üzümə…

    Yandım…
    Aman, sarı palıd,
    Qoynunda koğuşun varmı?
    Bu eşq səmalarla yaşıd…
    Eşqdən ölsəm,
    Ah, Tanrım, ah,
    Bir də doğuluşum varmı?

  • Banu MUHARREM.”Danışır..”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Necə danışdığına deyil, nə danışdığına diqqət edin🥲🙂
    ” 11 yaşım olardı. Ailəmiz dağılmış,yoxsul həyat tərzi yaşayırdıq. Anam evdə dərzilik edirdi. Birtəhər keçinib gedirdik.Kitablarımın çoxu dəxlisiz idi, məktəbə vurmağa çantam belə yox idi.
    Bayram ərəfəsi idi.Anam biraz pul toplayıb çətinliklə də olsa mənə bir cüt ayaqqabı ala bilmişdi. Bir şalvarla bir köynək də tikmişdi əynimə.
    Səhər tezdən geyindim əynimi.Bir-iki gün əvvəldən sözləşmişdik ki, dostlarım bizə gələcək, bizdən bayram gəzintisinə gedəcəkdik. Əyləncə maşınlarına minəcək,ola bilsin haradasa əyləşib yemək yeyəcəkdik. Bunun üçünsə cibimdə pulun olması vacib idi.Anamdan pul istədim.
    -‘Pulumuz yoxdu,balam’-dedi.
    Dəliyə dönmüşdüm.Dostlarım gəlmək üzrə idi.Onlara “pulumuz yoxdu deyə mən sizinlə bayram gəzintisinə gedə bilmərəm..” deyə bilməzdim axı.
    Az qala anamın üzünə xırçınlaşıb* çəmkirmiş*, əynimdəkiliəri çıxarıb divarlara çırpmışdım.
    Məni izləyən anam ‘şfoner’dəki çantasından bircə məmməd( Məmməd Əmin) tapıb mənə uzatdı:
    -bu çatarmı?! (O vaxtlar kasıblar üçün böyük pul idi)
    Tez əynimi geyindim. Pulu cibimə qoyub dostlarımı gözlədim. Az keçmişdi ki, uşaqlar gəldilər.Anam bişirdiyi alma kompotundan uşaqlara verdi.Hər iki dostumun saçını oxşadı, üzündən öpdü və bizi yola salıb, ‘sağ-salamat vaxtında geri dönün,doyunca gəzin’- dedi.
    Həyətə çıxdıq. Yere -göyə sığmırdım.Fəqət məhləni dönərkən gözüm pəncərədən bizə baxıb əl yelləyən anama ilişdi. O an içimdə qəribə bir ağlama gəldi,gözlərim doldu.Boğazımda nəsə düyünlənmişdi. Kövrəldiyimi dostlarıma bəlli etmədən onlarla getmək istəmədiyimi dedim.
    Səbəbini bilmədilər , hətta, ‘pulun yoxdu ona görə’ deyib lovğalandılar. Cibimdəki bir məmmədi onlara pulumun olduğunu gôstərdim.Məni ordaca qoyub getdilər.
    Xeyli məhlə aralarında dəli-dəli fırlandım,adam olmayan yerlərdən keçəndə gizli-gizli,hıçqıra-hıçqıra ağladım. Ürəyimi boşaltdım.Sonra üz-gözümü yaxşıca sildim. Xeyli sevincliymiş kimi gülümsəməyə başlayıb evə geri döndüm. Anam məni görüncə soruşdu:
    -Niyə qayıtdın?
    +Ürəyim istəmədi.. (cibimdəki pulu çıxarıb anama uzatdım.Anam pula baxıb ,məni qucaqlayıb sinəsinə sıxdı. Sonra isə hönkûr-hönkür ağlamağa başladı. O ağlayırdı mən isə daha ağlamırdım.Ürəyimi küçədə boşaltmışdım.Anamı öpüb ondan ağlamamasını xahiş etdim.
    Daha kədərli deyildim.Bayram gəzintisinə gedə bilməmişəm deyə pis olub üzülmək mənim kimi böyük uşağa yaraşmazdı..Bəlii😊 həmin gün böyümüşdüm birdən-birə.. “
    Banu Muharrem

  • Banu MUHARREM.Yeni şeirlər

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    * * *

    Dünyaya doymayan qullar nə tapdılar..Nə tapdılar?!
    Allahını sevən kəslər nurlu xəzinə tapdılar.

    Göyün günəşi dönəndə qafil sahibsizdir sanar
    Aşiqlər Rəbbin ananda ruhu divanə tapdılar.

    Gizlicə bir haldır kədər..ürəkdə ibadət edər.
    Dərviş nəfsini güdəndə halı viranə tapdılar.

    Dumanlı köşklərdə ömrün! Vaxtı bitəndə hər ömrün
    Könlü yanğın-kül içində seyrə bəhanə tapdılar

    * * *

    Bir çimdik yeyəndə bədən öyrətdi-
    “Ağrı bu dünyanın dirilişidir.”
    Gedimli dünyaya dözüb yaşamaq.
    Hünər sahibinin kişi işidir.

    Necə incidildin,nə cür incitdin
    Düşün bircə-bircə meyillərini
    Yenilə özünü yazdıqlarında.
    Axtar sualların feillərini.

    Sevgilər,dostluqlar,güvən bağları
    Ara ciblərində.. hanı daa,hanı?!
    Verdiyin borcun da alana kimi
    İtir məsumluğu.. Tanı da.. tanı!

    Mövsümün sonunda əskik qalacaq
    Doğma axşamların dost qırıqları
    Boynunu soracaq gözəlçələrin
    Fransızsayağı ayrılıqları..

  • Xəyalə SEVİL.Yeni şeirlər

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    * * *

    Gözümə düşən xəyalın
    Gözümdən axmağa gəlir.
    Səhər çağı açılan dan
    Gecəni yığmağa gəlir.

    Və mən hələ də oyağam-
    Hələ də oyaq… yuxulu…
    Mənə sevdiyini söylə,
    Söylə, qoy rahat yıxılım.

    Açılmır yenə başımdan
    Qara buludun havası.
    İçimə, çölümə sığmır,
    Yoxdu bu ruhun yuvası.

    Bəlkə gəlib düzəldəsən
    Təkliyimi, BİZ olum.
    Bu halımı sevmirəm heç,
    Gəl, əvvəlki qız olum.

    * * *

    Özümdən danışıram
    Hər gecə göy üzünə.
    Ürəyim üzü göyə
    Açılan sərgi olur.
    Daha əvvəlki kimi
    Ağrıtmır ki, qayğılar.
    Bir az hüzünləndirir,
    O da ötərgi olur.
    Səsdən başqa nədir ki,
    Qəfəsdən azad çıxan?
    Mənəmmi ümidlərə
    Ögey çıxan, yad çıxan?
    Uşaqlığım, gəncliyim
    Yaddaşımın yadına
    Ah, necə fağır gəlir.
    İlahi, çəkiyə qoy
    Yaşımı, yaşantımı
    Gör hansı ağır gəlir?

  • Arzu HÜSEYN.Yeni şeirlər

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    * * *

    Hədərdi bilirəm gecikmiş güman,
    Xərclədim ömrümü bir heçə getdi.
    Məndə axtardığın o ucuz yalan,
    Sənin yalanınla heç-heçə getdi.

    Tutub-yapışmısan yaxamdan qəti,
    Söylə ürəyindən keçəni görək!
    Oynayıb tullamaq köhnə adətin,
    İndi hər necəyəm nəyinə gərək?

    İllərlə ahıma bürünən Allah,
    Gətirib qarşıma nə haqla səni?
    Kabusun olmasa etdiyin günah,
    Bəlkə də tapmazdım çıraqla səni.

    Səni danlamıram, sormuram niyə,
    Bəlkə də artıqdır bunu deməyim.
    Bir gündə baş verdi iki faciyə,
    Sənin xəyanətin, mənim ölməyim…

    * * *

    Qorxma bulud gözündə çaxan o şimşək mənəm,
    Qışın oğlan çağında payız yaşayır ömrüm.
    Bu gecə qəm içində tək Allahdı, tək mənəm,
    Mən cəhənnəm, bu şəhər sənsiz üşüyür, Ömrüm.

    Nə söylədin yollara çağıranda uzaqlar ?
    Tanıdımı görəsən torpaq səni, daş səni?
    Hara apardı səni qanadında uçaqlar?
    Hara daşıdı görən dimdiyində quş səni?…