Day: Noyabr 4, 2023

  • Naftalan şəhərində mədəniyyət müəssisələrinə baxış keçirilib

    Xəbər verdiyimiz kimi, noyabrın 3-də mədəniyyət naziri Adil Kərimli Tərtər rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

    Qəbuldan sonra nazir Naftalan şəhərinə səfər edib, şəhərdəki bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.

    Əvvəlcə Naftalan şəhər Heydər Əliyev Mərkəzinə baş çəkilib. Mədəniyyət ocağının tarixi, maddi-texniki imkanları və cari vəziyyəti ilə bağlı məlumat verilib.

    Daha sonra Naftalan Şəhər Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasına baxış keçirilib. Müəssisələrdə mövcud olan problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

    Nazir son olaraq Naftalan şəhər Uşaq musiqi məktəbində olub, müəllim və şagird kollektivi ilə görüşüb. Təhsil ocağında istedadlı, yaradıcı potensiallı uşaqların bacarıqlarının qiymətləndirilməsi və tanıdılmasının vacibliyi diqqətə çatdırılıb.

    Mənbə: https://culture.gov.az/

  • Mədəniyyət naziri Tərtərdə vətəndaşların müraciətlərini dinləyib

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli noyabrın 3-də Tərtər şəhərində qəbul keçirib.

    Qəbuldan əvvəl nazir və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. 

    Tərtər rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı və digər rayonlardan olan vətəndaşlar iştirak ediblər. 

    Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının da iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər əsasən işlə təmin olunma, şəhidin adının əbədiləşdirilməsi, Qarabağ bölgəsində rəqs və xalçaçılıq sənətlərinin inkişafı və digər məsələlərlə bağlı olub. 

    Nazir vətəndaşları ayrı-ayrılıqda dinləyib, müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

    Görüşdə iştirak edən şəhid ailələrinin üzvləri və qazilərin qaldırdıqları məsələlərə daha həssaslıqla yanaşılması, obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

    Mənbə: https://culture.gov.az/