Day: Noyabr 21, 2023

  • Xalq yazıçısı ANAR.”Balaca” Fuadın son xahişi (Hekayə)

    Taksi Fəxri Xiyabanın qarşısında dayandı. Qabaqda oturmuş Fuad, arxada əyləşmiş Rumiyyə maşından düşdülər. Fuad iri gül dəstəsini götürüb sürücüyə: – Gözlə, indi gəlirik, – dedi.

    Sürücü:

    – Burda çox dayana bilmərəm, – dedi, – cərimələyərlər.

    – Tez qayıdacayıq.

    Xiyabana girdilər, qara mərmərdən sinə daşının üstündə ŞÖVQÜ ŞƏFİZADƏ (1911-1987) yazılmış məzara yanaşdılar, gül qoydular.

    Şövqü Şəfizadənin boyaboy heykəli onlara zəhmlə, bir az da məzəmmətlə baxırdı sanki.

    Rumiyyə yanındakı məzara narazı nəzər atdı: – Elə bil ayrı yer qəhətdi, burda da yanaşı olmalıydılar, – dedi.

    Sağ tərəfdəki məzarın üstündə:

    FUAD SALAHLI (1918-1976) yazılmışdı.

    Ağ mərmər başdaşının üstündə mərhumun arvadı, heykəltaraş Solmaz tərəfindən yaradılmış qabartma-portret vardı. Fuad Salahlıdan fərqləndirmək üçün hamının “balaca Fuad” adlandırdıqları Fuad Mehdiyev daxilən gülümsündü. Təsadüfənmi, ya bilərəkdənmi, Şövqünün heykəli və Fuad Salahlının qabartma-portreti əks istiqamətdə baxırdılar, elə bil bir-birindən üz çevirmişdilər. Rumiyyə bəyaz dəsmalını çıxarıb gözlərinin yaşını sildi. Fuad: – Gedək, – dedi – sürücünü cərimə edərlər. – Sən get, indi gəlirəm. Fuad çıxışa tərəf addımladı. Rumiyyə atasının heykəlinə bir az da yaxınlaşdı. Əlini heykəlin başına, üzünə çəkdi, sığalladı, sonra çönüb iti addımlarla ərinə çatdı. Taksiyə mindilər, Fuad sürücüyə ünvanı dedi, Rumiyyə açıq sezilən istehzayla:

    – Oqtay bəyin hüzuruna gedirsən? – dedi.

    – Qasım deyib ona xahişimi.

    Rumiyyə köksünü ötürdü:

    – Gör, nə günə qalmışıq, Qasımın minnətçiliyinə ehtiyacımız var.

    Fuad dinmədi.

    Qasım haçansa, – Nuh əyyamında – Şövqünün, ondan sonra da Fuadın sürücüsü olub. Rumiyyə onun gözləri qarşısında böyüyüb. İndi də bu yaşı ötmüş, amma peşəsindən əl çəkməyən kişi Oqtayın sürücüsüydü. Bütün səylərinə baxmayaraq, heç cür Oqtayla rabitə yaradı bilməyən Fuad, axır, Qasımın vasitəsiylə xahişini ona çatdırdı.

    Evlərinin yanında Rumiyyə taksidən endi, Fuad yoluna davam etdi.

    ***

    Qasımın sürdüyü maşın İdarələrinin qabağında dayandı, Qasım:

    – Oqtay qədeş, unutmamısan ki, bu gün Fuad qədeş yanına gələcək?

    Oqtay: – Unutmamışam, – dedi, maşından düşdü. Qarşısına çıxa biləcək növbənöv xahişçilərdən yayınmaq üçün ətrafa baxmadan iri addımlarla idarənin qapısına tərəf yeridi. İçəri keçmək istədiyi an qadın səsi eşitdi: – Oqtay!

    Oqtay qanrılıb baxdı. Onu çağıran dümağ saçlı qadın idi. Ondan başqa səkidə heç kəs yoxdu. Səs Oqtaya tanış gəldi, həm də məhrəm adam kimi onu adıyla çağırırdı. Oqtay diqqətlə baxdı və diksindi:

    – Əsmər? Sənsən?

    Əsmər yanaşıb əlini uzatdı, – mənəm, – dedi – yaxşı ki tanıdın. Çox dəyişmişəm?

    Oqtayın etiraz eləməyə dili gəlmədi, amma həm də Əsməri incitmək istəmədi, odur ki, sadəcə: – sən hara, bura hara? – dedi. – Haçan gəlmisən?

    – Bir həftə olar. Telefonun cavab vermir, odur ki, səni burda gözləməli oldum. Bilirəm, başın çox qarışıqdır. Məni beş dəqiqə qəbul edə bilərsən?

    – Əlbəttə, bu nə sözdür? Keç.

    İkinci mərtəbəyə qalxdılar. Qəbul otağında hələ Fuad Mehdiyevin vaxtından katibə işləyən Nelli onlara salam verdi. Oqtay otağının qapısını açdı, Əsməri içəri buraxdı, sonra özü keçdi, indicə verdiyi sualı təkrar etdi: – Haçan gəlmisən?

    Əsmər də təkrarən: – Bir həftə olar, – dedi.

    – Xeyir ola?

    – Xeyir deyil. Eşitməmisən? Camal rəhmətə getdi.

    Oqtay təəssüf hissiylə: – yox, bilmirdim, – dedi, – Allah rəhmət eləsin.

    Əsmər:

    – Camalın vəfatından sonra Moskvada yaşamaq çox çətin oldu bizə, – dedi. – Xumarı da götürüb – qızımı deyirəm, – Bakıya gəlməli olduq.

    Oqtay bu gözlənilməz görüşdən, Əsmərin belə dəyişməsindən, Camalın ölüm xəbərindən çaşıb qalmışdı, qarışıq hisslər keçirirdi, adda-budda, dağınıq fikirlər içindən sıyrılıb çıxmaq istəyirdi, hər şeyi ayıq başla dərk etməyə çalışırdı.

    Əsmər Oqtayın iş otağına göz gəzdirirdi. Divarda şəhərin ayrı-ayrı binaları, meydanları, küçələri, çeşidli layihələr, Məmməd Əmin Rəsulzadənin iri şəkli.

    – Nə yaxşı, məni o saat tanıdın. Bir daha soruşdu: – Çox dəyişmişəm?

    Oqtay nəzakət naminə:

    – Yox, – dedi. – Əlbəttə, illər keçib, ikimizin də başı ağarıb. Rəhmətlik haçan vəfat edib?

    – İki ay bundan qabaq. İnfarkt.

    Son illər həyatlarından danışmağa başladı. – Camalı xaricdən, diplomatik işindən geri çağırdılar. Perestroyka dövründə təzə nazir bütün köhnə kadrları bir-bir dəyişməyə başladı. Qatı rus şovinisti idi, Azərbaycan müstəqilliyini elan edəndən sonra: qayıdın, öz müstəqil ölkənizə, – demişdi Camala. Müavinlərindən biri erməni idi. Camalı görməyə gözü yoxdu. Bir sözlə, Camalı ən aşağı təqaüdlə işdən çıxardılar. Altı ay sonra elə evdəcə…

    Əsmərin səsi əsdi:

    – Elə gözümüzün qabağında, beş dəqiqənin içində keçindi. Heç təcili yardıma zəng edə də bilmədik.

    Oqtay stəkana su süzüb Əsmərə uzatdı, Əsmər bir qurtum aldı.

    – Bağışla, – dedi.

    Araya üzücü sükut çökdü.

    ***

    Fuad taksinin hesabını ödəyib idarənin qabağında maşından düşdü. Ömrünün neçə ilini verdiyi idarənin qapısının üstündə Azərbaycanın üçrəngli bayrağı dalğalanırdı.

    Qapıda əsgər qiyafəli, saqqallı gənc Fuadın pasportunu uzun zaman o tərəf-bu tərəfə çevirdi. Sonra qarşısındakı siyahıya bir də nəzər atıb nəhayət:

    – Keçin – dedi, – ikinci mərtəbə, 5-ci otaq.

    Fuad qeyri-ixtiyari:

    – Bilirəm, – dedi, tanış pilləkanlarla ikinci mərtəbəyə qalxdı. 5-ci otağın qapısını açıb içəri girdi. Qəbul otağı bir qədər dəyişmişdi. Amma katibə masasının arxasında onun, Fuadın vaxtındakı kimi Nelli əyləşmişdi. Bir qədər yaşlanmış və tosqunlaşmış Nelli Fuadı görüb dərhal ayağa qalxdı: – Ooo, Fuad Qurbanoviç, salam, necəsiz?

    – Sağ ol, yaxşıyam. Sən necəsən, Nelli?

    Nellinin cavabını gözləmədən əlavə etdi: – Oqtayın… Oqtay bəyin qəbuluna gəlmişəm. Özü bilir.

    Nelli:

    – Bəli, bilirəm, – dedi, – burda qeyd eləmişəm. Amma bir az gözləyin, yanında adam var. Çay?

    – Yox, sağ ol. Gözləyərəm.

    Keçib qarşıdakı stulda əyləşdi. Bu qədər tanış qəbul otağına göz gəzdirdi. Bir elə dəyişiklik yoxdu. Onun keçmiş kabinetinin qapısında Oqtayın ad-famili, qarşı-qənşər otağın qapısında müdirin ad-famili yazılmışdı: QAFUR ƏHMƏDLİ.

    Fuad gözlərinə inanmadı. Bir vaxt Fuadın atasını – Qurban kişini işdən çıxarmış məsul raykom işçisi, indi dəbdə olan sözlə qart partokrat Qafur Əhmədov? Xalq cəbhəsi iqtidarında belə mühüm vəzifədə? Ağlasığmazdır.

    – İndi burda müdir Qafur Əhmədovdur? – deyə Nelliyə mənasız sual verdi.

    Nelli başıyla təsdiq etdi.

    – Otağındadır? – daha bir mənasız sual. Guya yanına girəsiydi.

    Nelli:

    – Yox, – dedi. – Bir azdan gələcək. Qonşu otaqda namaz qılır.

    Fuad: “Nə yaxşı ki, o vaxt qəribə bir şıltaqlıqla o mühüm tədbirə getmədim, – deyə düşündü. – Elə bil məni şeytan yoldan çıxardı ki, ora gedib çıxış etmə. Demə, bu şeytanın əməli deyilmiş, mələyin işiymiş. Ora gedib uğurlu çıxış etsəydim, mütləq məni müdirin yerinə təyin edəcəkdilər. Çünki Əhməd Nəzərovun məsələsi artıq doxsan faiz həll olunmuşdu. Mənim üzrsüz çıxışa gəlməməyimi: – bu nə məsuliyyətsizlik, nə saymazlıqdır, – deyə pis yozmuşdular. Şövqü işə qarışmasaydı, hələ, yəqin müavin vəzifəsindən də atacaqdılar. Əl-qərəz, beləliklə, Əhməd Nəzərovun müdirlik vəzifəsi bir qədər də uzadıldı. Ta o günə qədər ki…”

    O gün Fuadın yaxşı yadındaydı. Bəylər hakimiyyətə gələndən on gün sonra avtomatlı cavanlar Nəzərovun kabinetinə girib onu birdəfəlik işdən atdılar. O gün Fuad bir balaca soyuqlamışdı, işə çıxmamışdı. Bu xəbəri ona telefonla Nelli çatdırdı.

    Səhərisi Fuad istefa ərizəsini yazıb göndərdi.

    Yaxşı deyiblər ki, şər deməsən, xeyir gəlməz. O həlledici tədbirdə çıxış etməməsi – Fuadın xeyrinə imiş. Yoxsa, onu da Əhməd Nəzərov kimi müdir kabinetindən avtomatla çıxaracaqdılar.

    ***

    – Bəs harda qalırsız?

    Əsmər: – Bir rəfiqəmgildə – dedi və ani tərəddüddən sonra əlavə etdi: – Elə sənin yanına da bu xahişlə gəlmişəm. Səndən başqa burda ərk edəcəyim kimsə yoxdu. Deyirlər, bu sənin əlindədi. Birotaqlı mənzil istəyirəm səndən. Harda olur-olsun, şəhərin lap ucqar yerində. Düzdü, rəfiqəm deyir, “nə qədər istəyirsiz, qalın”. Amma mən başa düşürəm axı, sıxılırlar. Üç otaqda invalid əri, özü, iki uşağı. Lap kiçik otağa da razıyıq, təki başımızın üstündə bir dam olsun.

    ***

    Qafur Əhmədli, ardınca da çiyni avtomatlı yekəpər bir kişi qəbul otağına daxil oldular. Qafur Əhmədli Fuada gözucu baxdı, tanısa da, tanımamış kimi, ağızucu salam verib tələsik otağına keçdi. Amma onunla gələn saqqallı kişi – guman ki, Əhmədlinin cangüdəni idi – Fuadı tanıdı:

    – Yallah, Fuad müəllim, – dedi, – Nə əcəb səndən belə? Xeyir ola…

    Fuad: “Görəsən bu namərbud adam məni hardan tanıyır?” – deyə düşündü.

    – Məni tanımadın? Zeydullayam da. Axır dəfə səninlə aeroportda görüşmüşdük.

    “Aeroportda?” Fuad yadına salmağa çalışırdı ki, avtomatlı kişi: – Mən onda nosilşik işləyirdim də, – dedi.

    An içində Fuad xeyli ixtiyarlaşmış bu yekəpər adamı, ibtidai məktəbdən tanıdığı, unutmaq istədiyi pis bir vaqeyəylə bağlı olan şəxsi, çox illər sonra aeroportda nosilişk kimi rastlaşdığı Zeydullanı və onun işlətdiyi “oxartana” sözünü xatırladı. – Zeydulla – dedi.

    – Həri, Zeydullayam da…

    – Görürsən də, Fuad yoldaş, – yoldaş sözünü açıq istehzayla dedi, – kiminin əvvəli, kiminin axırı.

    Fuad – Bəli, elədir, – dedi, Əhmədovun cangüdənisən?

    – Həri, qardaşım oğluyla qonşudu Qafur bəy, məni işə götürdü, canı-başı sağ olsun, partiyasına da üzv elədi.

    – Partiyasına? Əhmədovun partiyası var?

    – Bə nə bilmisən? “İrşad” partiyasın qurub da, Qafur bəy. Dindarlar partiyasıdır, halallıqla işləyirik.

    ***

    Oqtay siqaretini odladı. Çətin vəziyyətə düşmüşdü. Bir neçə an içində Əsmərlə ta məktəb illərindən başlanan və məktəb boyu davam edən, yuxarı siniflərdə az qala sevgiyə çevrilə biləcək və əfsus ki, çevrilməmiş münasibətləri gözlərinin qarşısından keçdi. Bəlkə də bu saf dostluq münasibətləri mehriban ailəyə dönə bilərdi. Amma heç kəsin gözləmədiyi halda, Əsmər ingilis dili müəllimləri, yaşca hamısından çox böyük olan Camala ərə getdi. Oqtay da, sinif yoldaşları – oğlanlar və qızlar da – bu nikahdan şoka düşmüşdülər. Dedi-qodular, gümanlar, fərziyyələr, xoş ya bəd niyyətlə deyilmiş sözlər baş alıb gedirdi. Bir müddət sonra Camalı Moskvaya apardılar, oradan da müxtəlif xarici ölkələrdə diplomatik işə keçdi. Təbii ki, Əsmər də əriylə birgə Bakıdan, anasından, İçərişəhərdəki köhnə evlərindən, məktəb yoldaşlarından tamamilə ayrılıb uzaqlaşdı, başqa bir aləmə düşdü. Və yalnız bir gün – Oqtayın ad günü ərəfəsində qəfildən uçub Bakıya gəldi – Oqtayı təbrik etməkçün. Bütün günü bir yerdə olsalar da, aralarındakı bu qeyri-müəyyən münasibət, zamanın, ictimai mövqelərin, həyat tərzinin yaratdığı sədlər aşılmadı. Əsmər növbəti dəfə ərinin kübar həyat sürməsindən danışanda Oqtay nə isə cod bir söz işlətdi və aeroportda çox soyuq vidalaşdılar. Oqtaya elə gəldi ki, bu səfər həmişəlik ayrılırlar, bir daha heç vaxt, heç yerdə görüşməyəcəklər. Yalnız səhərisi gün Əsmərdən qəribə bir imzayla – Kamikadze imzasıyla gələn teleqramı alanda Oqtay dərk etdi ki, Əsmərin zahirən firavan görünən həyatı o qədər də qayğısız deyilmiş, ağrı-acısını, nisgilini büruzə vermədən içində daşıyırmış. Və budur, bax, artıq bir ömür keçib gedəndən sonra, yalnız ərini deyil, illər uzunu vərdiş etdiyi həyat tərzini də itirəndən sonra, indi Oqtayın qarşısında yaşa dolmuş, solmuş, aciz və köməksiz bir qadın əyləşmişdi. Oqtaydan yardım umurdu və nə yazıq ki, Oqtay onun xahişinə heç cür əməl edə bilməyəcəkdi. Səbəbini Əsmərə izah etmək də asan iş deyildi. Səbəb isə ondaydı ki, Oqtaya təklif olunan bu vəzifəni istəməyərək qəbul edəndə özünə söz vermişdi ki, heç vaxt qanunazidd heç bir iş görməyəcək, heç bir şəxsi dostluq, tanışlıq hisslərinə məhəl qoymayacaq, dürüst işləyəcəkdir. Bütün bunları ayrı bir dünyadan gəlmiş Əsmərə necə izah edəydi? Həm də axı Oqtay bu yöndə müəyyən addım atsaydı belə, Qafur Əhmədli kimi bir vaxt sital kommunisti, indi qatı dinçini necə inandıra, razı sala bilərdi? “Necə, kiminçün ev istəyirsən, mənfur sovet diplomatının dul qadını üçün? – deyəcəkdi. – Hələ də cibində rus pasportu gəzdirən adamçün? Bəs minlərlə ev növbəsi gözləyən vətəndaşlarımıza nə cavab verəcəyik? Hələ mətbuatın nə şəbədə çıxaracağı bir yana dursun”.

    Məsələ ondaydı ki, Qafur Əhmədov Qafur Əhmədov olsa da, bu söylənməmiş, amma söylənə biləcək iradlarında haqlıydı.

    Əsmər Oqtayın tərəddüdlərini gözlərindən oxuyurmuş kimi, yorğun və üzgün bir səslə:

    – Səni çətinə salmışam, həmi? – deyə xəbər aldı.

    Oqtay sözləri sanki kəlbətinlə içindən dartıb çıxarırdı:

    – Bilirsən, Əsmər, – sözünü davam edə bilmədi. Necə deyəydi ki, mümkünsüz bir şey xahiş edirsən. – Həyatda ilk, son və yeganə xahişinə nə qədər istəsəm də, əməl edə bilməyəcəm.

    Əsmər heç nə demədən ayağa durdu. Əsmər həmin Əsmər idi – məğrur, sözü bir himdən anlayan, heç bir vəziyyətdə yalvar-yaxarla heç kəsin qarşısında əyilməyən qadın.

    Oqtay: – Dur, – dedi və hardansa, vəhylə ağlına gələn qəfil fikirlə, az qala qol qaldırıb oynayacaqdı. Çıxış yolu tapmışdı. Sevincək:

    – Mənim mənzilimdə qalarsız, – dedi.

    Əsmər təəccüblə:

    – Sənin mənzilində? Necə yəni…

    – Çox sadə. Mənim ikiotaqlı mənzilimdə.

    – Bəs sən, ailən?

    – Mənim ailəm yoxdur. Təkəm. Bilmirdin?

    Əsmər, əlbəttə, bilirdi bunu, bilirdi ki, Oqtay tək yaşayır. Sırf qadın marağıyla Oqtayın evlənmədiyini də öyrənmişdi. Rəfiqəsiylə hər telefon söhbətində bu barədə müfəssəl məlumat alırdı. Amma bununla məsələ çözülmürdü axı.

    – Bəs sən?

    – Mənim vəzifəmə görə Zuğulbada Hökumət bağında iki otağım var, – bunu düz deyirdi.  – Onsuz da ilboyu orda qalıram, – bu isə yalan idi. Olsa-olsa, ayda bir, ya iki gün orda qalmaq imkanı olurdu.

    – Yox, axı. – Əsmər hələ də özünə gələ bilmirdi, – bilmirdi ki, nəyə, nədən və nə üçün etiraz etsin…

    Oqtay cibindən açarları çıxarıb Əsmərə uzatdı: – Sürücüm sizi aparar, şeylərinizi daşımağa da kömək edər, – dedi.

    Əsmərin üzü sanki işıqlandı, elə bil son vaxtların bütün ağırlıqları, qeyri-müəyyənliyi, qayğıları sifətindən silinib getdi, əvvəlki bir az şıltaq, bir az işvəli, amma mülayim və mehriban Əsmər oldu.

    Boynunu uzadıb Oqtayın yanağından öpdü. Oqtayın bütün vücudu gizildədi. Əlli illik tarixi olan münasibətlərində Əsmər ilk dəfə öpürdü onu.

    ***

    Fuad saatına baxdı, yarım saatdı burdaydı, “görəsən, mən də o vaxtlar qəbuluma gələnləri bu qədər gözlətmişəm?” Xoş bir hisslə xatırladı ki, haçansa həmin bu Oqtay ömründə ilk və yeganə dəfə Fuadın qəbuluna gələndə, onu bir dəqiqə belə gözlətməmişdi. Elə bu an Oqtayın kabinetinin qapısı açıldı, əvvəlcə, ağ başlı bir qadın, ardınca Oqtay çıxdılar.

    Oqtay:

    – Salam, Fuad, – dedi, – bağışla, səni bir az gözlətdim, üzürlü səbəbim var, Əsməri tanımadın?

    Aman Allah, bu ağsaçlı qadın Əsmər imiş. Məktəblərində oğlanların hamısının, o cümlədən də Fuadın özünün hayıl-mayıl olduqları Əsmər. Əsmər də Fuadı tanımadı, yadına salmalı oldu, sonra::

    – Xoş gördük, Fuad, – dedi.

    – Xoş gördük. Necəsən…eee… necəsiz Əsmər… xanım?.

    – Sağ ol… sağ olun…

    Aydın olmadı, – Əsmər Fuada “sizlə” müraciət edir, ya buradakıların hamısıyla sağollaşır. Oqtay Əsməri qapıyacan ötürüb Fuadı içəri çağırdı:

    – Buyur…

    Fuad tanış kabinetə girdi, istər-istəməz otağa nəzər saldı. Divarlardakı layihələri göstərib:

    – Sənin proyektlərindir? – deyə xəbər aldı.

    Oqtay:

    – Heç biri mənim deyil – dedi.

    – ???

    Oqtay səssiz suala:

    – Hamısı rəhmətlik Fuad Salahlınındır, – dedi, – çalışırıq, heç olmasa, bir neçəsini həyata keçirək.

    – Hə, indi Fuad Salahlı zəmanənin qəhrəmanıdır.

    Bu sözlərdə xəfif bir istehza hiss elədi Oqtay, odur ki, qəti şəkildə:

    – Fuad Salahlı elə o zəmanənin də qəhrəmanı idi, – dedi.

    Sanki danışmağa söz tapmırdılar. Halbuki Fuad, şübhəsiz, hansısa, bir iş üçün gəlmişdi. Nəhayət, gərginliyi aradan qaldırmaqçün Oqtay:

    – Görürsən də, Fuad, bir vaxt bu otaqda sən məni qəbul edirdin, indi mən səni qəbul edirəm. “Oxartana”nın sözləri Fuadın yadına düşdü:

    – Kiminin əvvəli, kiminin axırı…

    Oqtay:

    – Boşla görək, – dedi, – nə əvvəl-axır, canım? İnan ki, yatsam, yuxuma girməzdi ki, haçansa bu vəzifəni tutacam.

    – Sən tutmayıb, kim tutacaqdı bu vəzifəni?! Bu bəylərin içində yeganə professional elə sənsən də…

    Oqtay bu sözlərə qarşılıq vermədən:

    – Bəy təkid elədi, – dedi.

    – Kim?

    – Böyük bəy, Elçibəy, Prezident. Haçansa, bizi Fuad Salahlı tanış etmişdi. Fuad müəllimlə dost idilər. Görünür, o vaxtdan yadında qalmışammış. Məni çağırdı. Dedi, dinçilərin dəstəyinə ehtiyacımız var, odur ki, hələlik, Qafur Əhmədlini müdir təyin etmişik. Amma belə mühüm yerdə bizim inandığımız dürüst, etibarlı adamımız da olmalıdır. Həm də yadımdadı, rəhmətlik Fuad Salahlı səndən ağızdolusu danışardı. İndi sən bu vəzifəni tutsan, onun da ruhu şad olar.

    Nə isə, razılaşmalı oldum.

    – Düz eləmisən. Əbülfəz bəy doğru seçim edib. Fuad Salahlının o vaxt həyata keçməmiş işlərini dirçəltməyiniz də doğrudur. Amma…

    Oqtay:

    – Amma nə? – deyə soruşdu.

    – Amma birini qaldırmaqçün başqasını yıxmaq vacib deyil.

    – Kimi yıxmışıq ki?

    Fuad siqaret çıxartdı:

    – Olar?

    – Əlbəttə.

    Siqaretini odladı, bir qüllab vurub:

    – Elə Şövqü Şəfizadəni… Yanına da bu məsələyçün gəlmişəm.

    – Nə olub ki, Şövqü Şəfizadəyə?

    – Guya bilmirsən? Tikdiyi binaları bir-bir sökürlər.

    – Şəhərin siması müasirləşməlidir də. Mikayıl Hüseynovun da bir neçə binası sökülüb.

    – Çox nahaq yerə, sən memarsan, bilirsən ki, binalar, həm də dövrün, epoxanın rəmzidir.

    – Elə ona görə sökürlər də, deyirlər ki, Sovet dövrünü xatırladan heç nə qalmamalıdır. Doğrusu, mən də bu ifrat yanaşmanın əleyhinəyəm. Amma çox vaxt fikrimi isbat edə bilmirəm. Ən çox da bu sahədə canfəşanlıq edən bilirsən, kimdi? Həmin elə mənim bu müdirim.

    – Yaxşı, binalar tutalım, sovet rejiminin timsalıdır, bəs küçələrin nə təqsiri var?

    – Küçələrin?

    – Bəli, küçələrin. Rima… Rumiyyə… yoldaşımı deyirəm.

    – Bilirəm. Şövqü Şəfizadənin qızı.

    Fuad bir qədər kəskin şəkildə:

    – Bəli, Şövqü Şəfizadənin qızıdır. Gecə-gündüz ağlayır ki, elə bil atam bunlara düşmən kəsilib. Binalarını bir-bir sökmələri bəs eləmir, hələ küçənin də adını dəyişdiriblər. Özü də elə bil qəsdən o küçəyə Fuad Salahlının adını veriblər. Guya ayrı küçə tapılmırdı…

    – Fuad Salahlı o küçədə yaşayırdı axı…

    – Şövqü Şəfizadə də o küçədə yaşayırdı.

    – Düz deyirsən. Bunu kimsə qəsdən eləyib. Axı sağlıqlarında yola getmədiklərini hamı bilir. Doğrusu, mənim bundan xəbərim olmayıb. Kimsə, kinlinin biri – Şövqü Şəfizadənin vaxtilə Fuad Salahlıya etdiklərinin heyfini çıxmaq istəyib. İncimə Fuad, axı çoxları Fuad Salahlının başına gələnlərdə, yəni sağlığında heç bir layihəsinin tikilməməsində Şövqünün barmağı olduğunu düşünür.

    Fuad Şövqü Şəfizadə-Fuad Salahlı qarşıdurmasının təfərrüatına varmaq istəmədi, bununçün gəlməmişdi bura. Xahişi başqaydı.

    – Sənin yanına ömrümdə ilk və son xahişlə gəlmişəm, – dedi, – heç olmasa, yaşadığı evin divarından Şövqünün xatirə lövhəsini çıxarmasınlar. Yoxsa, Rumiyyə buna dözməz. Ürək xəstəsidir. Qəzetdə Şövqü haqqında yazılanları ondan gizlədirəm.

    Oqtay başını buladı:

    – Təəssüf ki, belə şeylər o vaxt da vardı, indi də var. Fuad, bilirsən, yalandan söz vermək istəmirəm. Amma var gücümlə çalışacam ki, o lövhəni çıxarmasınlar. Hər halda Şövqü Şəfizadənin də, – kim nə deyir-desin, müəyyən xidmətləri olub.

    Fuad ayağa durub əl uzatdı:

    – Çox sağ ol, Oqtay – dedi.

    Oqtayın otağından qarışıq hisslərlə çıxırdı. Bir yandan, Oqtay sözünü yerə salmamışdı, hətta Şövqünün xidmətlərini qeyd etmişdi. O biri tərəfdən, tam əminlik də yoxdu ki, Oqtay istəsə belə bunun qarşısını ala biləcək; “hər halda Rumiyyəni bir az sakitləşdirə bilərəm”.

    Küçəyə çıxdı. Adəti üzrə köşkdən bir neçə qəzet aldı. Sabir bağında skamyaya əyləşib qəzetlərə baxmağa başladı.

    “Azadlıq” qəzetinin birinci səhifəsində Şövqü Şəfizadənin və onun, Fuadın iri şəkilləri verilmişdi.

    Şəkillərin altında “Dağılan tifaqlar” başlıqlı yazını oxumağa başladı.

    “Sovet memarı Şövqü Şəfizadənin eybəcər kommunist üslubunda layihələşdirdiyi binalar bir-bir sökülür. Şükür ki, onun adını daşıyan küçənin də adı dəyişdirilmiş, həmin küçəyə sovet rejiminin amansız repressiyalarına uğramış, məhz elə deputat və laureat Şövqü Şəfizadə tərəfindən amansızcasına təqib olunmuş həqiqi millətpərvər, dahi memar Fuad Salahlının adı verilmişdir. Mənbə onu da nəzərə çatdırır ki, Fuad Salahlıdan fərqləndirmək üçün “balaca Fuad” ayamasıyla tanınan Fuad Qurbanoviç Mehdiyev sovet vaxtı qayınatası həmin o Şövqü Şəfizadənin vasitəçiliyilə yüksək vəzifələr tutmuşdur. Hazırda təqaüdçüdür”.

    Küçədən keçən avtomobil bağın qarşısında dayandı. Qapısı açıldı, qıvrım saçlı cavan oğlan maşından düşdü. Maşının açıq qapısından mahnı eşidildi:

    Yar gəlir görüşə

    sürüşə sürüşə…

    Fuad qəzeti bir kənara atıb bərkdən güldü.

    “Sürüşə-sürüşə ha…nədi, yar görüşə xizəklə gəlir?”

    Uzun zaman gülür, toxtaya bilmirdi. Maşından düşən cavan oğlan əlindəki qəzeti kənara atıb gülən adama baxır, təəccüblənirdi, “görəsən, qəzetdə nə belə məzəli əhvalat yazılıb ki, bu yaşlı kişi belə qəhqəhə çəkir, uğunub gedir?”

    5-8 oktyabr 2023

    Ankara, İstanbul

    Mənbə: https://edebiyyatqazeti.az/

  • “O şəkil oğullar, şəhid oğullar torpağa yazılmış tariximizdi…” – Nəriman HƏSƏNZADƏ

    Vətən himnimiz

    Səfər yoldaşımız

    Aygün xanım Zeynalovaya hörmətlə

    Bakıdan Gəncəyə gedən o yollar

    mənim könlüm kimi pakdı, təmizdi.

    O şəkil oğullar, şəhid oğullar

    torpağa yazılmış

                            tariximizdi.

    Bir cavan, əlində silahı, gülür,

    o biri səngərdən qalxır ayağa.

    Cəbhədə dan yeri təzə sökülür,

    biri də,

                            durbinlə baxır uzağa.

    Orda, şəkillərdə Vətən havası,

    orda yazılmamış bir and var – Qisas!

    Şəhid anasının xeyir-duası,

    Vətən himnimizdi,

                            şair, qulaq as.

    Qədim arxivləri açın, oxuyun,

    hünərlə qoruyub, o, saflığını.

    Ya başqa xalqlarla yanaşı qoyun,

    paklıqla qoruyub,

                            qoçaqlığını.

    Hünər sərgisidi bu doğma yollar,

    paklıq sərgisidi, gətirin yada.

    O şəkil oğullar, şəhid oğullar

    burdan səs verəcək,

                            yüz il sonra da.

    Bir ana əyləşib indi yanımda,

    Tanrım!

                Gedənlərin əvəzi nəydi?!

    Gördüm, bir ah çəkib, gəldi fəryada,

    bilmədim, sükutun o səsi nəydi?!

    O Dəmir Yumruğa sığınsın gərək,

    bir mənzil başına rahat yol gedən.

    Gəncə yollarına biz salam verək,

    gələcək illərə

                            salam, indidən!

    …And içənlər

    Cənab Prezident İlham Əliyev Xankəndindəki tarixi çıxışında yetişən yeni ruhlu

    gənclərdən də danışdı.

    Sinifdə əyləşibdi

    dediyiniz o gənclər.

    Vətənin taleyini

    öz taleyi bilənlər.

    Bir şəhid tabutuna

    çiyin verib gələnlər.

    O, atasız, anasız,

    bunlar – qardaşəvəzi,

    Taleyin son töhfəsi!

    Milli Akademiyam,

    Dünyada yeni Dünyam!

    Mənim tələbələrim!

    Yeni bir şah əsərim!

    Yeni açılan səhər!

    İçində and içənlər!

    Milyondan

    doqquz nəfər:

    Barış,

    Murad və

    Ayxan;

    Fərid,

    Nicat və

    Haqan;

    Amil,

    Tale və

    Elmar!

    Fədakar,

    Təvazökar…

    O qız bir nəğməydi

    Qənirə xanımın xatirəsinə

    Dünyadan qazancı bir qələm-kağız,

    bir qəlbin oduna o yana bildi.

    Ana laylasına uyuyan o qız

    bəşər naləsinə

                            oyana bildi.

    Gördük, bəxtimizə doğan səhəri,

    əsrin,

                            Ulu Öndər şah əsəriydi.

    Jurnalist bir qızla o görüşləri

    onun, ata-bala töhfələriydi.

    Türkiyə səfəri… o da bir roman,

    oxu, sətirlərin oduna qızın.

    Sən kimi itirdin,

                            can, Azərbaycan,

    deputat qızıydı Türk dünyamızın!

    O qız bir nəğməydi, biz oxuyurduq,

    qalır kürsülərdə səsi, sözü də.

    Biz onu tac kimi başa qoyurduq,

    biz də görünürdük,

                            onun özü də.

    Sevib insanları, o, qiymət verib,

    görüblər arxadı, o bir dayaqdı.

    Qənirə bir gəncə zəmanət verib,

    bu, üzv seçilib,

                            o, özü yoxdu.

    Yüz canda çırpınan o, bir ürəkdi,

    hökmü əvəzsizdi andın, niyyətin.

    Ömrü-ömürlərə həsr eləməkdi,

    bəlkə,

                bir sirri də

                            Əbədiyyətin?!

    Qəzənfər müəllim, əmisisiniz,

    həmi doğmasınız, həmi Sizsiniz!

    Bu ağır gedişə ağırdı dözmək,

    göynəyir Vətənin qızı, oğlu da.

    Əkbər Qoşalıya təsəlli vermək,

    şair ürəyinə

                            dərd olar bu da.

    Burda nə təsəlli, nə ümid yeri,

    burda o pak ruhun öz surəti var.

    Onun ürəklərdə nitqi və şeri,

    Azərbaycan adlı –

                            əmanəti var.

    Ayağa qaldırdı o, hamımızı,

    qoymazdı,

                bilsəydi, bir ağlayan var.

    O, sevdi, sevdirdi torpağımızı,

    Tomrisin qanından – qanında qan var.

    Qoymazdı,

                bilsəydi, bir ağlayan var.

    O bizi hər yaşda eşidəcəkdi

    Qələm dostlarıma

    Bir səs harayladı Müşfiqi haqdan,

    narahat eləyən şairi nəydi?!

    “Şairəm”, söyləyir yerindən duran,

    adamın üzündə həya gərəkdi”.

    Çaxan şimşək idi, əsən bir külək,

    bir dedi,

                ta bir də o deməyəcək.

    O, dünən doğulan bir Gələcəkdi,

    o bizi hər yaşda eşidəcəkdi.

    Rəqs eləyə-eləyə

    O qız məni rəqsə dəvət elədi,

                rəqs eləyə-eləyə.

    Bu dəvəti bir az xəlvət elədi,

                rəqs eləyə-eləyə.

    Bu xəlvətdə gördüm xiffət elədi,

                rəqs eləyə-eləyə.

    Pakizənin qızıyam mən, – deyirdi,

                rəqs eləyə-eləyə.

    Saçlarının ətri mənə dəyirdi,

                rəqs eləyə-eləyə.

    Bir gözəli xatırladım o dəmdə,

                rəqs eləyə-eləyə.

    İlk görüşün son həsrəti sinəmdə,

                rəqs eləyə-eləyə…

    Möcüzə

    İnsanlar gör, necə heyif olurlar,

    Bilmirsən, haraya “qeyb” olurlar.

    Sağına baxırsan, sağında yoxdu,

    Soluna baxırsan, solunda yoxdu.

    Olub, ya olmayıb? –

                            ağlında yoxdu.

    Qoluna girdiyin qolunda yoxdu,

    Ayılıb görürsən, yanın boş qalıb,

    Qulaq həsrət qalıb, göz çaş-baş qalıb.

    Dünyanın sirri

    – Şair, yenə yazırsanmı? –

    sual verdi biri, mənə.

    Tanıtmaq istədi yəqin

    məndəki şairi, mənə.

    Axşam olur, sabah olur,

    mən yazmasam, günah olur.

    Yazan zaman agah olur

    bu dünyanın sirri mənə.

    Soyumasın od nəfəsin,

    əvəzi yoxdu heç kəsin.

    Ulu Tanrım çox görməsin,

    öz verdiyi şeri mənə.

    Məhəbbət

    Hörmətli Xalq artisti

    Murad Dadaşova

    O görüş, tarixi bir tamaşaydı,

    yerişi başqaydı Murad bəyin də.

    Deyirəm, həyatda kaş sağ olaydı,

    özü əl çalaydı,

                            yüzilliyində.

    Zaman dayanmışdı, anlar ötürdü,

    Murad səhnədəydi, hikmət səhnəsi!

    Heydəri

                            Heydərə təqdim edirdi,

    Əhsən Dadaşovun

                            oğul nəvəsi.

    Addımı təmkinli, baxışı həssas,

    səsində bir ovsun, salonda sükut!

    Elə ki, o dindi, danışdı az-az,

    əl verib görüşdü…

                            dəyişdi mühit.

    Biz onda gördük ki, ağzı dualı,

    Murad hər sözünün təsirindədir.

    Bir “Heydər” səhnədə –

                dərin,

                            mənalı! –

    Bir Heydər salonda uğunub gedir.

    Sənin ürəyinə eşqi, ülfəti

    verən o qüvvəyə, o gücə əhsən!

    O dahi insana, bu məhəbbəti,

    özü də,

                            səhnədən elan edirsən!

    Mən də salondaydım, onda yüzü də,

    millət heyran idi o böyük ada.

    Şanlı sərkərdəmiz İlham özü də,

    sənə əl çalıbdı,

                            şərəfdi bu da.

    O görüş, tarixi bir tamaşaydı,

    yerişi başqaydı Murad bəyin də.

    Deyirəm, nə ola, kaş sağ olaydı,

    özü əl çalaydı,

                            yüzilliyində.

    Tarix o məktubun oxucusuydu

    Lenin Atatürkə yardım elədi,

    dedilər, türk azdı, Antanta böyük.

    – Rusdan aldığımız borcdu bu, – dedi,

    türkün xilaskarı

                            dahi Atatürk.

    Qızıl pul göndərdi Doktor Nəriman,

    ölkədən neft getdi sisternlərlə.

    Türkiyə mərd çıxdı son imtahandan,

    səngərdən-səngərə,

                            yalnız Zəfərlə.

    “Nə qədər borcumuz var indi bizim?” –

    Atatürk deyirdi Azərbaycana.

    “Qardaşım, əbədi sındı bu tilsim!” –

    məktub da göndərdi, o,

                            Nərimana.

    Məktub gəzdi əl-əl, dolaşdı əl-əl, 

    söykədi əlini Doktor, başına.

    Borc üstə gələndə,

                            hər şeydən əvvəl,

    fikrini bildirdi türk qardaşına.

    “Yox, qardaş-qardaşa borc vermir heç vaxt”,

    cavab məktubunun ilk sözü buydu.

    Dünən o məktuba səs verdi bir xalq,

    tarix

                            o məktubun oxucusuydu.

    Yayırdı nurunu açılan səhər,

    millət oyanmışdı

                            bir nəfər kimi.

    Görənlər deyirdi, görməmişdilər,

    nə Türkiyə kimi,

                            nə türklər kimi,

    belə bir əvəzsiz vətənpərvəri.

    Sən bir abidəsən, ey türk əsgəri!

    Cənublu

    bəstəkar-müğənni

    Arif Mehmandosta

    Arazdan o tayda düşüb saça dən,

    bu tayda səbrinmi azalıb, Arif?!

    Başında açılır səhər, deyəsən,

    günorta üstünə,

                az qalıb,

                            Arif!

    Bu tayda səbrinmi azalıb, Arif?!

    Nə yaxşı

    Qələm dostum

    Yasif Nəsirlinin 85 illiyinə

    Hardan düşdü yadıma,

                            eşitdim mən o səsi,

    istədim ki, çağıram,

                            deyəm, nə yaxşı varsan!

    Hərəmiz bir sahənin

                            Moskva tələbəsi,

    bax, o gülüşlərindən

                            sən mənə yadigarsan.

    İstədim ki, çağıram,

                            deyəm, nə yaxşı varsan!

    Yasif, qoy sənin olsun,

                            açılan yeni səhər,

    qalmırsan yenə yəqin,

                            sən öz zarafatından.

    Biz nə vaxt yaşadıq ki,

                            belə keçdi bu illər? –

    85-in mübarək!

                            Nə vaxt gəldi, bu, hardan?

    Qalmırsan yenə yəqin,

                            sən öz zarafatından.

    Həyat – biz yazdığımız,

                            tərcümeyi-hal deyil,

    nədir bizi ayıran,

                            bizi görüşdürən də?

    Getdi sənin xanımın,

                            dünyan itdi elə bil,

    uçdu, getdi əlimdən,

                            gördüm təkliyi mən də.

    Nədir bizi ayıran,

                            bizi görüşdürən də?

    Xatirə gözəl qızım,

                            Könül də gözəl qızın

    əvəzsiz bir töhfəsi

                            deyilmi dünyamızın?

    “Dünya – yalan dünyadı”, –

                            dedilər,

                            birər-birər,

    guya kəşf elədilər.

    Qoymadılar yaşayaq,

    təsadüf də var ancaq,

                            “yalan dünyada” Yasif,

    deyirəm, yaşa, Həyat!

    Qızlar rəfiqədilər,

                            bacıdılar, şadam-şad,

    deyirəm, yaşa, Həyat.

    Adət

    Bu gün, bu tədbirdən qaça bilərdim,

    şeirimin üstündə əl gəzdirərdim.

    Nəvəm gözləyirdi, gedib dəyərdim,

    işdən axtarıblar, zəng eləyərdim.

    Bir qazi deyirdi şeir yazmışam,

    dəvət eləmişdim evə, bu axşam.

    İndi görürəm ki, tamam əksinə, –

    tədbirə qaçmışam,

                            iş əvəzinə…

    Dərdiş

    Səndən nigaran qalmışam,

    insafın hardadı, dərdiş?

    Sən hardasan, mən ordayam,

    canım da ordadı, dərdiş.

    Sən əzizim, mehribanım,

    necə susum, necə danım?

    Sənsiz günüm-güzəranım,

    gözə bir pərdədi, dərdiş.

    Sözümü saxla yadında,

    ovsun var sənin adında.

    Kölgəm ayağın altında,

    yanında – yerdədi, dərdiş.

    Hərdən mənə baxaydın

    Nəğmə mətni

    Mən yeniyetmə bir cavan,

    sən bir az uşaq olaydın.

    Mən ayıq, təmkinli-filan,

    sən yenə şıltaq olaydın.

    O şəlalə gülüşlərə

    qataydın bu “can!” səsini.

    Açaydın sən o gözləri, –

    o Tanrı pəncərəsini.

    Hərdən mənə baxaydın,

    yandıraydın-yaxaydın.

    “Yuxum gəlir” deyəydin,

    məni sehrləyəydin.

    Budaqları əyəydim,

    gündən kölgələyəydim.

    Gözdən-nəzərdən uzaq,

    sən yuxulu, mən oyaq.

    Oxumayın, durnalar,

    o, yuxudan oyanar.

    Üç qardaş nağılı

    Uşaqlar üçün

    Onlar üç qardaşıydı,

    böyük qardaş – başıydı.

    Ortancıl – ortadaydı,

    kiçiyinə – ataydı,

    sağ və salamatıydı.

    Kiçiyi – sadə, həssas,

    yoldaşı – darda qoymaz…

    Hansı alicənabdı?

    Hansı sadədi, safdı?

    Varmı bir xeyirxahı?

    Bu dünyadan agahı?

    Seçin, deyin özünüz,

    nə desəniz, yüzə-yüz!

    Şərikəm mən də sizə,

    Gələn söhbətimizə,

    gələn dəfə başlayaq,

    Qalibi alqışlayaq.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Robotlaşan ruhum – NARGİS

    Qaia artıq hər şeyin dəyişdiyinin fərqində idi, getdikcə ağlını qaçırırdı.

    Mahiyyət nə idi. Sol kim idi. Tanıyırdı onu, əmin idi. Bütün bu paralel dünyaları beyninin içində daşımaq ondan nə alırdı. Onu nəyə, hara hazırlayırdı bu burulğan? O harasa hazırlanmaq istəyirdimi? Beyninin içi bumbuz idi. Getdikcə bu soyuqluq Qainanın vücudunu da keyləşdirirdi. Əlləri, qolları, gözləri, ruhu sözünə baxmırdı. Bunun sonu nə idi? Ruhu getdikcə buzlaşırdı.

    Ruhun buzlaşması nədir, xəbərin varmı, əziz oxucu? Ağrılar boğazına dolur. Ağrı getdikcə zoğ atır bədənində. Qarşısıalınmaz bir əzab ruhunu somurmağa başlayır həyasızcasına, dözə bilmirsən. Başını itirirsən az qala. Bu son Qainanın söndürülməsi (yeni texnoloji çağda artıq yaşayan, nəfəs alanlar söndürülürdü) ilə nəticələnəcəkdimi? Yox, Qaia bunu istəmirdi, o söndürülmək istəmirdi axı, o onlar kimi deyildi. İnsanlığını itirmək istəmirdi. İnsanlığına dəyər verirdi. İnsanlığı ilə xoşbəxt idi. Ruhun soyuması nədir, İlahi? Bədən ölmədən ruhun soyuması. Bu necə bir əzabdır, İlahi… Çağın şansı kimi görünən yarı robotlaşaraq ölümsüzlüyün pillələri ilə yüksəlmək onun tərzi, arzuladığı son deyildi.

    Uşaqlıqda “Vampir gündəlikləri” adlı serialı həvəslə izləyirdi. O zaman ən böyük arzusu ölümsüz olmaq idi. Bunu eqoistcəsinə istəmirdi, ha! O arzu edirdi ki, bu ona bütün xəyallarını gerçəkləşdirmək imkanı verəcək.

    Sonra həyatda bir çox şeylər yaşadı. Ən sevdiyi nənəsini, atasını, spagetti saçlı qızı və anasını itirdi. Hər itirişlə elə möhkəm ölmək istədi ki… Elə möhkəm, həm də…

    Ölüm hissi səngidikcə yerini ağlasığmaz dərinlikdə konyonvari uzanan, tənha bir darıxmaq hissi əvəzlədi. Zəncirvari darıxdı. O qədər darıxdı ki, hər şeyi xərclədi həyatında… Bircə özü qaldı xərclənməyən əlində…. Və nəhayət, bir gün özünü də xərcləmək istəyəndə çıxdı gümüşlər onun qarşısına…

    Bax, belə, əziz oxucu! İndi sən bütün hər şeyi bilirsən, lap yaxından tanıyırsan Qaianı. İstəmirəm bu romanda sən hansısa, maddi və mənəvi məsələni gündəminə daşıyasan. Sənə nə danışıramsa, ona yönəl. Cinsiyyət amili axtarma bu mətndə. Bu heç sənə lazım da deyil. Əsrlərə calayıb axtardığın hər şeyi kənara burax. Kifayət qədər danışmadınmı, bu mövzulardan? Nəyi həll etdin? Nə düzəldi, zehnində? Bilirəm, indi sən deyəcəksən: “axı ay yazar, axı sənə nə, mən nə düşünürəm? Öz mətnin, süjetini idarə etmək sənə kifayət etmirmi?

    Mən isə gülümsəyərək cavablamayacağam sualını. Bilirsən, niyə? Ona görə ki, Baccanalenin pəncərəsindən şütüyən qələbəliyi izləyərək yazıram bu sətirləri, arada Marlboronu da tüstülədirəm. Bildiyin lüks həyat… Ona görə sənin bu axmaq suallarını düşünməyə vaxtım yoxdur. Get, işinlə məşğul ol, əziz oxucu. Bir gün, bəlkə də bir gün sənin sualların mənim düşüncələrimdən və Gümüşlandiya adlı nəhəng dərdimdən daha vacib olar…

    Ayağa qalxdı, divarlardan tuta-tuta özünü küçəyə atdı… Qarşısında Bakının köhnə, ancaq bir o qədər də doğma tikililəri var idi. Kürəyini söykədi bu divarlardan birinə. Nə səbəblə tikilmişdi bunlar? Kimlərin səsi hopmuşdu bu barılara, görəsən? Neçə sevinc, kədər görmüşdü, kim bilir… Belində divarın cırmaq izlərini hiss etdi. Çoxdandır heç kimlə sevişmirdi. Sevişməyi çox ciddiyə alırdı Qaia. Sevişmək cəhdlərini adiləşdirsə belə, çox vaxt, daxilindəki gizli reallıq bu idi əslində. Beyninin və ruhunun dərinliklərində, əslində o  çox təlatümlü təklik yaşayırdı.

    Danışa bilmirdi. Dinə bilmirdi. Nə danışacaqdı ki? İnsanlar da, robotlar da, titanlar da onun söyləyəcəkləri ilə maraqlanmırdılar. Hər kəsi, bəli, bəli, hər kəsi güldürə bilərdi özünə. Necə əzabdır, İlahi, boğuluram. Nə edim mən? Yuxularım qaçır. Ətimi dişimə keçirib didib-tökmək istəyirəm. İstəyirəm, kimsə tişəni əlinə alıb vücudumu doğrasın, cızsın bütün son qalan insanlıq işartılarını.

    Siqareti yenidən damağına qoyub əvvəlki yerinə qayıtdı. Yenə əyləşdi kafenin şüşəyə yaxın hissəsində. Arxasında çoxlu içki şüşələri var idi. Ancaq heç içmək istəmirdi. İçki bütün bədənini yumşaldıb səssizliyinə səssizlik əlavə edirdi. Bu isə kifayət qədər bezdirici idi. Səslər, səslər eşidirdi. Budur, kafenin kənarında oturan lupasifət, soyuq bənizli bir varlıq fincanda nəsə içir. Bütün ağzı qapqaradır. Of, necə də ürəkbulandırıcıdır bu. Budur, onun qarşısında portağal saçlı biri də oturub. O, mavi, yupyumuru dərmanları sapsarı dişlərinin düzüldüyü ağzına təpişdirir. Dodaqaltı necə də nazikdir, İlahi… Gözəl qəmzələri ilə tərs mütənasiblik içindədir dodaqları… Yolka rəngində geyinib. Özünü ətrafa laqeyd göstərir. Ya da elə hamı laqeyddir. Bircə mən, darıxan, nə istədiyini bilməyən şüksüz mənəm, hamı ilə maraqlanan… Sonra, bəs sonra? Sonra bu marağa sahib çıxırmı ürəyim, ağlım? Yox! Yox! Yox! Başım fırlanır. Qulaqlarımın giziltisi qarışır çəngəl-bıçaq səsinə…

    Qaia bilirdi ki, nə vaxtsa, o da buna məcbur qalacaq. O labüd sonla, arzuları arasında qalıb başını itirəcək. Axı dünya gözəldir? Düşünmək, hiss etmək , nəfəs almaq, nəfəs dərmək. Bu gözəl dünyadan getmək istəmirdi. Çəkilmək istəyirdi bir kənara. Bütün bu inkişafdan kənarlaşmaq istəyirdi. Bu acgöz insanlıqdan, titanlıqdan, tanrılıqdan tamam kənarda qalmaq istəyirdi. Başqa bir şeyə çevrilmək istəyirdi Qaia… Qıraqda, hardasa, uzaqlardakı bir yerdə qalsaydı, görəsən, necə olardı, inkişaf üçün darıxardımı?

    Fransız mahnısının sədaları getdikcə çoxalan iç səsinə qarışır:

    Ma femme, la la la la la la…

    Ma femme, la la la la la la…

    Daxilində fransız…

    Kafedə isə italyan mahnısı səsləndirilir.

    “Va bene…” söyləyən gənc italyan bakılı ofisiantdan Amerikano istəyir.

    Səslənən “Love story” Qaianı 2015-ci ilə aparır – Romadakı günlərinə. O vaxt ayağı ilişmişdi küçənin tam ortasındakı bir sütuna. Bu, qədimdən qalan balaca bir abidə idi.

    Xırdavari sütunu belə çox böyük ustalıqla qoruyurdu italyanlar. Yadıma Naxçıvanda yaşadığım illərdə “qorumaq” başlığı altında savadsız memarların güdazına gedən bəzi abidələr düşür…

    Onları Batabatın məğrur təbiəti xatirinə əfv edirəm…

    Əməlli-başlı səs-küy başlayır daxilində. Yox, başına düşür bu səs-küy…

    Burda rol oynayaraq yaşamağa çalışsaydı…

    Onu robotlar tək, yalnız, rahat buraxardılarmı? Yoxsa, məcbur edilərdi onlar kimi olmağa. Bəs Gümüşlandiyaya köçsəydi… Axı ora, sadəcə, yuxudaykən köçə bilirdi. Əbədi olaraq yatmalı idi onda. Əbədi uyqu, bəli…

    Ancaq mənim “Uyqum çəkilmiş, gönlümü qəm almış”

    Bəs gümüşlər, onlar buna necə baxardı? Axı gümüşlər insanları sevmirdilər. Qaianın düşüncəsinə görə, gümüşlər, sadəcə, keçmişə məhkum zorba, kobud varlıqlar idi. Eyni zamanda maraqlı varlıqlar.

    Bütün bunlar hara qədər davam edəcəkdi? Ruhu, bəli, ruhu ciddi təlatümlər yaşayırdı.

    Bunu heç kim bilməməli idi. Beyni yarıinsan, yarı robotlar tərəfindən tədqiq obyektinə çevrilə bilərdi.

    Elanlar verilirdi. Artıq onlar bir yol seçməli idilər. Ya zavallı insan olaraq yaşamalı, ya da texnologiya tanrısına təslim olmalı idilər.

    Tanrıyla yarışan insanoğlu hər daim onunla eyni olmağı arzulamırdımı? Hər zaman əbədi yaşam, ölümsüzlük üçün çabalamırdımı?

    Ölümsüzlük axtarışına çıxan Şumer qəhrəmanı Gılgamış da yarı tanrıydı…

    Ən qədim və ən yaxşı dastanlardan sayılan Gılqamış bizə nə deyirdi, belə?..

    Manyetik sahə dəyişirdimi?

    Bu gün xəbərlərdə okeanda üzən insanlara balıqların hücumunu oxudum… Nə idi, balıqları belə dəli edən?

    Bilirdim ki, yenə hər şey dəyişir. Hiss edirdim bunu. Axına qoşulub yaşamaqmı gözəl idi? Bəs xilas yolu nə idi, Nuhun əfsanəsi də təkrarlanacaqdımı? Nuh gəmisinə dəqiq məni mindirəcəkdimi? Yoxsa, şans da seçilmişlərə veriləcəkdi?

    Deyilənə görə, bir gün Tanrı yerə əsəbiləşir. Alın yazısında insanın bütün həyat yolu yazılır, “Tanrı bilmədən tək yarpaq tərpənməz” deyilən bütün müqəddəs kitablarda yazılan bu bəndin əksinə, guya insanoğlu yerdə öz bildiyini edibmiş fəlsəfəsi ilə yeri dağıtmaq üçün bəhanə axtaran Yaradan aşağı baxanda əsəbiləşib yerə tufan göndərir.

    Yerdə Tanrı öz adamı olan Nuha tapşırır ki, özünlə xilasını layiq bildiyin canlılardan bir cüt götür:

    “Nəhayət, əmrimiz gəldikdə və təndir qaynadıqda (işlər ciddiləşdikdə və su qaynamağa başlayanda) Nuha dedik: “Əleyhinə hökm verdiklərimizdən başqa, hər şeydən iki cütü, ailəni və möminləri gəmiyə mindir”. Onsuz da, onunla birlikdə inanan çox az idi. Nuh dedi: Gəlin, gəmiyə minin. Onun axması da, dayanması da Allahın adı ilə bağlıdır. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir!”

    Bundan əlavə, Seyyid Feyzullah Fındıki, “Levamiul-Cəvahir bi İsna Aşere Fennen Yücahir” də bu barədə o qədər danışıb ki, başqa söz danışmaq, sadəcə, vaxt itkisi və əməlli-başlı yorğunçuluq olar.

    Bu şans idi insana ki, daha çox yaşasın. Babaları kimi, ölümsüzlüyü tapmadan tərk etmək məcburiyyətində qalmasın bu dünyanı. Bəs çatılan ölümsüzlük buna dəyəcəkdimi?

    Bəs insan bu ölümsüzlüklə nə edəcəkdi? Ya bir gün dünya fırlanmaqdan bezsə?

    Ya anidən günəş sönsə? Zil qaranlıq dünyada necə yaşayacaqdı insan oğlu. Qaranlığı sevirdi Qaia, dünyanı da, yaşamağı da… Bəs ölümü?

    Onu sevirdimi?

    Ölüm nə idi, necə idi… Ölümü dərk edə bilmirdi tam olaraq. Anlamırdı ölümü. Bilmirdi, bəlkə də başqa dünyalara açılan qapı idi ölüm? Yox, o istəmirdi o qapını açmaq, bilirdi, əmin idi yaşamaq istədiyindən. Həyat gözəldir. Yaşamaq, nəfəs almaq, sevmək, qaçmaq, kəpənəyin ardınca elə məqsədsizcə, həm də…

    Qaia dağlarda gəzməkdən, bütün o təbiət gözəlliklərinin ətrini duymaqdan bezmirdi. O qoxu hərisi idi. Kitabı, adamları, havanı, özünü və yasəmənləri qoxlamaqdan bezmirdi… İnsanları nə səsindən, nə də addımlarından tanıyırdı. Sadəcə, qoxular, o qoxularla ayırd edirdi insanları.

    Ancaq insanların qoxu əlindən alınırdı. Hamı eyni idi, hamı bomboz. Boz daim darıxdırıcı idi. Qaia bomboz olmaq istəmirdi… Robotlaşmaq istəmirdi. İnsan qalmaq istəyirdi.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Şeirlər – Həyat ŞƏMİ

    Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü

    Şuşa

    Musiqi beşiyim, səssiz qalmışdın,
    Dumanlı dağların bizsiz qalmışdı,
    Əsir yaşayırdın, susuz qalmışdın,
    Mən əsgər andımı içdim səninçün.

    Sən azad olmalı, hürr olmalıydın,
    Bir gecə içində sirr olmalıydın,
    Qara sevdamıza yar olmalıydın,
    Yar bağrım başını, açdım səninçün.

    Sıldırım qayandan od ələdilər,
    Qoynunu tənimə yurd elədilər.
    Ayağın altına “cənnət” dedilər,
    Mən ayağı yalın qaçdım səninçün…

    Dan yeri sökülür yaralı yerdən,
    Götür şəhid olmuş balanı yerdən!
    Keçilməz yollardan, dolama yerdən
    yol tapıb canımdan keçdim səninçün,
    Yol bulub canımdan keçdim səninçün.

    Xarı bülbül

    Bir tweetle gəldi xəbərin –
    Çiçəyim, quşum!

    On deyil,
    On beş deyil,
    İyirmi də,
    Tam iyirmi səkkiz il sonra
    Döndün, Şuşam.

    Kəlmələrə tökəmmirəm,
    Sadəcə,
    Gözümdən tökülür deyəcəklərim:
    Tökülməsin ləçəklərin,
    Gülüm,
    Çiçəyim, quşum…
    misra-misra,
    yaşam-yaşam,
    azad olmuşum,
    Şuşam!

    İstanbul vaxtı ilə

    Eyni işləməz
    Gedənlə qalanın saatı…
    Getdim,
    Bir saat geri çəkdim həyatı.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Azərbaycanlı gənc xanım Zəhra HƏŞİMOVA beynəlxalq sertifikata layiq görülüb

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsinin məzunu, Azərbaycan Dillər Universitetinin magistrantı, gənc xanım yazar Zəhra Həşimova “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət vəƏdəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Zəhra HƏŞİMOVA beynəlxalq sertifikata layiq görülüb. 

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Gənc xanım yazar Zəhra HƏŞİMOVA saytda SUMQAYIT Bürosunun Rəhbəri təyin edildi

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru Kənan Aydınoğlunun 21 noyabr dekabr 2023-cü il tarixli müvafiq qərarına əsasən yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsinin məzunu, Azərbaycan Dillər Universitetinin magistrantı, gənc xanım yazar Zəhra Həşimova “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət vəƏdəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri təyin edildi.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Zəhra HƏŞİMOVA.”AFAQ MƏSUDUN HEKAYƏLƏRİNDƏ EKZİSTENSİALİZM”

     “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri

    AFAQ MƏSUDUN HEKAYƏLƏRİNDƏ EKZİSTENSİALİZM

    EXISTENTIALISM IN AFAQ MASUD’S STORIES

    Zəhra Həsimova Elman

    Azərbaycan Dillər Universiteti, Magistratura şöbəsi

    0009-0004-7758-8073

    ABSTACT

    The concept of human self-development, accepting the meaninglessness of life and addressing issues related to human spirituality are presented by existential philosophy. Afaq Masud’s stories touch on these issues. Existential fiction themes include the purpose of existence, the inner life of man, spirituality, and the relationship between life and death.

    Each story shows a person’s introspection, sense of meaninglessness, triumph, sadness, and the decisions and experiences they face. When these topics are discussed more widely, it becomes clear that Afaq Masud explores existentialist issues in his writings and emphasizes the need for people to face both the material and spiritual world in which they live.

    The basic principles of existentialism are the establishment of a person’s self and existence, self-awareness and the search for meaninglessness. Afaq Masud’s stories explain the theory of the relationship between a person’s inner world and the external world in which they exist, and show the tendency of a person to care about himself.

    The text delves into a number of important themes, including an exploration of the relationship between the spiritual and material worlds, the futility of human self-formation, and choices and freedoms. By describing these concerns in the works of Afag Masud, the importance of literature in human life and the enrichment of human existence are emphasized.

    Afaq Masud’s writings thus explain the basic tenets and concepts of existentialism and demonstrate the value of literature as a vital resource for the study of the human condition and the meaning of existence. These stories provide an interesting framework for analyzing these themes, as they highlight the intricacies and challenges of both one’s inner world and the outer world.

    Key word: Afaq Masud, Existentialism, Azerbaijani literature.

    GİRİŞ

               “Bəzən mənə elə gəlir ki, nə isə, ayrı bir işlə məşğul oluram. Bəlkə də bu, heç ədəbiyyat deyil”. Azərbaycan ədəbiyyatının yazıçı və ədəbiyyatşünas ailəsində dünyaya göz açmış yazıçı-dramaturq və görkəmli nəsr ustalarından olan Afaq Məsud müsahibələrindən birində “Niyə məhz ədəbiyyat?” sualına yuxarıdakı cavabı verərək əslində ədəbiyyatın insanın ucsuz-bucaqsız dərinliyinə nüfuz edən əvəzsiz vasitə olduğunu açıq şəkildə ifadə etmişdir. Tələbəlik illərindən etibarən yazmağa başladığı hekayələrində insan , onun taleyi, daxili-mənəvi aləmi, yaşam və ölüm arasındakı incə xətti kiçik detallarla bəzəyən Afaq Məsudun “II İohan” , “Müdir”, “Alman kilsəsi”, “Gecə” , “Qonaqlıq”, “Bekar”, “ Çovğun” “Telefonda işıq”, “Can üstə”, “Üçüncü mərtəbədə”, “Oğru”, “Ədalət”, “Tək”, “Uydurma”, “Sərçələr”, “Dovşanın ölümü”, “Su” və s hekayələrində “insan və cəmiyyət” arasındakı münasibətlər fonunda insanın ekzistensial dəyərlərini ayrı- ayrı problemlər müstəvisində təsvir olunur. Bundan başqa qeyd etmək lazımdır ki, yazıçının hekayələrində “həyat–ölüm”, “insan mahiyyəti” kimi dialektik məfhumlar da ehtiva edilmişdir.

    Ekzistensializm 19-cu əsrin ortalarında dominant sistematik fəlsəfəyə qarşı reaksiya olaraq yaranmışdır. Sören Kyerkeqor özü heç vaxt bu termindən istifadə etməməsinə baxmayaraq, ilk ekzistensialist filosof kimi qəbul edilir. Ekzistensialistlər, düşüncələrini dolaysız olaraq öz şəxsi həyatının bir aspektini aydınladan romanlar, dramalar və gündəliklər ilə təsvir edirlər. Ekzistensializmə görə, hər şey insanın özü ilə başlayır və bitir. İnsan situasiyaya görə deyil,

    situasiya insana görə dəyişməlidir. Bu fərqli situasiyalarda isə insanların öz duyğu və davranışlarına görə mövqe və düşüncələri izah edilir. Azərbaycan ədəbiyyatında da bu Qərb fəlsəfəsinin təsirinə sonrakı dövrlərdə rast gəlinməyə başlamışdır. Qəhrəmanın ölüm qorxusu, pessimist ruhu , ətraf aləmə özgələşməsi və bu özgələşmədən doğan tənhalıq, azadlığa meyillilik, ətrafındakıları önəmsəməməsi ədəbiyyatımızda ekzistensial elementlərin səciyyəsini müəyyənləşdirir.

    Hər bir millətin çağdaş nəsrində, bədii mətnlərində dünya ədəbiyyatının minilliklər boyu keçdiyi hadisələr, rastlaşdığı təbəddülatlar zaman keçdikcə bir daha qarşıya çıxır, özünü qabarıq bir şəkildə yansıdır. Avropa ədəbiyyatında XIX əsrin ortalarında yaranan, ədəbiyyatımıza isə müstəqillik illərində nüfuz etməyi bacarmış ekzistensial dəyərlər Afaq Məsudun qəhrəmanlarını da əhatə edir. Ekzistensializm – Azərbaycan ədəbiyyatında qərar tutmayan, Avropa ədəbiyyatı üçün isə doğma sayılan və yeni dünyagörüşü yaratmaq cəhdi kimi meydana gəlmiş irrasional, subyektiv, idealist, ədəbi-fəlsəhi cərəyandır. Məlumdur ki, ekzistensial dəyərlər şəxsi varlıqdan başlayır. Afaq Məsudun qəhrəmanları da bu dəyərlər çərçivəsində hərəkət edirlər. İnsanın varlıq ilə yoxluq arasında həqiqət arayışındakı bir “mən” , dünyanın isə bizi Allahdan ayıran sədd deyil, ona qovuşduran körpü olması kimi fikirlər obrazların daxili dünyasının əsasını təşkil edir. ( 2. Səh 29)

    Yazıçının “II İohan” hekayəsində artıq varlıq və ölüm arasındakı insan həyatının mahiyyətini dərk edən Papa və hələ də öz “MƏN” inin axtarışında olan iki dost obrazı təsvir edilir. Yaşı ötmüş, ayaqda dura bilməyən Papanın ömrünün son çağlarında adı çəkilməyən və xristianlıq ilə heç bir əlaqəsi olmayan ölkəyə gələrək məhz bu ölkədə dünya müsəlmanları və xristianlarına müraciət etmək istəyini onun varlığın əbədiyyətinin dərk etməsi ilə əlaqələndirmək olar. Dini ekzistensializmə görə, insan ruh və bədənin, əbədiyyət və sonun, müvəqqəti və qalıcının, azadlıq və zərurinin bir sintezidir ( 3. Səh 45 ). Buna görə də, insan

    tamamlanmış bir varlıq deyil. İnsanın tamamlanması isə tanrıya qovuşmaqdır, başqa bir deyimlə, “mən” ini tapmaqdır. Papa hər ikinin nümayəndələrinə müraciət edərək bu dinlərin birləşməsini xoşbəxtliyə — “həqiqət” ə çatmağın yeganə yolu olduğunu qeyd edir. Hekayədə ,eyni zaman, çərçivəsində “bədənlə ruh”, “gizli ilə aşkar” , “şüur və duyğu” kimi əks qütbləri xarakterizə edən iki dost obrazı oxucuya müxtəlif nöqteyi-nəzərdən baxmağa imkan yaradır. Bu məqamda ekzistensializmin “azadlıq və ümidsizlik” elementlərinin sanki bir qarşıdurmasını görürük. Ümidsizlik insanın azadlıq elementi ilə bağlıdır. Insanlar azad olduğundan, onlar daimi bir seçim ilə qarşılaşırlar. Varlıq prosesində insanlar “mən” olmaq istəyirlər və ya “mən” olmağın məsuliyyətindən çəkinirlər. Əgər insan “mən” ,başqa bir sözlə, özü olmaq istəsə, mütləq öz məhdudiyyətləri ilə qarşılaşacaq və ümidsizliyə düşəcəkdir. Əksinə, bir şəxs özü olmağı qəbul etmirsə, özündən başqası olmağa çalışacaq və bunun nəticəsində daha çox ümidsizliyə düçar olacaq ( 4. Səh 35 ). Havasız və əşyalarla dolu olan salonlara aludə olub monoton həyat tərzi sürən qəhrəmanın bu mərhələyə qədərki keşməkeşli yaşayışı , əzabları və daxili-mənəvi aləmi ilə arasındakı divarlar onun əvvəllər yazdığı şeirlərdəki sözlərin yarada biləcəyi duyğulardan — onu keçmiş həyatına bağlayan “mən”indən qaçmasına gətirib çıxarır. Qısaca, insanın bir sistem və ya məfhuma bağlılığı onu bir çox gerçəkliyi görməzdən gəlməyə vadar edir. Yazıçı həmçinin divarlarla əhatələnməyən insanın fərqində olmadan içərisindəki xislətinə də işarə etmiş, ona edilən, mənəvi dünyasını itirməsinə səbəb ola biləcək təklifə duyulan bir anlıq məmnunluğu vurğulamışdır.

    Hər nə qədər fərdi yaradıcılıq məhsulu olsa da, yazıçının hekayələrində yaşadığı dövrün mənəvi-əxlaqi dəyərləri , cəmiyyət və mövcud şərtlərin təsiri də aydın şəkildə təsvir olunur. Yazıçının “Müdir” hekayəsində iki fərqli “mən” arasında qalmış qəhrəmanının güclü psixoloji təməllərə əsaslanan hadisələr fonunda “həqiqət” axtarışı təsvir olunur. Ekzistential və sürrealist ideyalarla işlənmiş qəhrəmanın daxili aləmi ilə çarpışmaları simvolik çalarlarla oxucuya

    təqdim edilir. Sürrealizmə xas olan sayıqlama, yuxu və gerçəklik arasındakı sərhədlərin aradan qalxması faktları hekayədə diqqət çəkən məqamlardandır. İşdə tanış olduğu “Müdir” i ilə yuxularında görüşən obraz ailəsi ilə arasına sədd çəkir, hətta həyat yoldaşını öldürməyi belə düşünür. Nitsşenin “əxlaq” konsepsiyası mövqeyindən çıxış etsək , düşüncənin mərkəzində insanın yerləşdiyini görərik. Ekzistensializmə görə, insan seçimləri ilə, özünü formalaşdırmaqla azadlığı əldə edə bilər. İnsan ömür boyu mövcudluğuna nəyin yaxşı, nəyin pis təsir etdiyini müəyyən etməyə çalışır. Əgər bir fərd özü üçün zərərli olanı seçirsə və ya üstünlük verirsə, bu zaman “əxlaq” elementindən kənara çıxmış olur (5.Səh 15). Hekayənin qəhrəman bu qarşıdurmalar vəziyyətində daxili “mən” i ilə əlaqəsini itirmir, daim “bəlkə”lərdən istifadə edərək mübarizə edir. Sonda isə arvadının gözlərində absurd həyatının yansımasını görür. İnsanın ətraf aləmə , hətta ailəsinə yadlaşması prosesinə “Çovğun” hekayəsində də rast gəlirik. Səkinə və Qafar obrazlarının bir- birinə olan münasibəti bunun bariz nümunəsidir. Hər iki obraz keçmişdən gələn narahatlıqları bir-birləri ilə paylaşmayaraq bu yadlaşmanın təməlini əks etdirirlər. Onların gün ərzində görüləcək işlərin çox olmasına sevinmələri mühitin insanın daxili aləminə təsir edərək fiziki deyil, mənəvi uzaqlığın necə yaratdığını göstərir. “Çovğun” hekayəsində Qafar kişinin ahıl yaşında təmtərağın mənasızlığını dərk etməsi “II İohan” dakı Papa II İohan Paveli yadımıza salır. O da gəldiyi ölkədə iqamətgahdan imtina etmişdi. Belə məqamda, “üst insan” anlayışını xatırlamaq lazım gəlir. İnsanın seçimləri özünə məxsusdur. İnsan qorxaq və ya cəsur, ağıllı və ya axmaq olmağı seçə bildiyi kimi , maddiyyatla mənəviyyat arasında seçim etməkdə də azaddır. Həmin seçimlər azad fərdin təbiətini təşkil edir ( 8. Səh 35 ). Bu, hər iki obrazın maddi dünyadan əl çəkib həqiqət axtarışı ilə mənəvi dünyaya yönəlməsini göstərir. Mənəvi aləmə yüksəlib Tanrı qatına çatmaq ideyası Qərb fəlsəfəsində Nitsşenin “ali insan” (7. Səh 8 ) ,Şərq fəlsəfəsində isə “kamil insan” olma yolundakı anlayışları Afaq Məsudun hekayələrində özünü açıq şəkildə göstərir. Unutmaq olmaz ki, insan həmişə özü düşündüyündən artıqdır və hər bir insan özünü aşıb ali və ya kamil insan zirvəsinə çatmaq üçün çalışmalıdır.

    İnsan və mövcudluğu izah etməkdə ədəbi dilin zənginliklərindən məharətlə istifadə etməyi bacaran Afaq Məsud ekzistensial simvolizmin müxtəlif çalarlarları ilə süslədiyi “Gecə” hekayəsində yuxu, külək arxetipi, imitasiya kimi mifoloji ünsürlərə yer verməklə folklor elementlərini daxili-mənəvi aləmi əks etdirən ayna kimi göstərmişdir. Yuxu hekayədə mənəviyyata açılan qapını, ölümdən sonrakı ölümsüzlüyü simvolizə edir. Hekayənin qəhrəmanı Talıb kişinin yuxuda gördüyü ağ saqqallı və ağ geyimli kişi bizə folklordakı Xızır obrazını xatırladır. Tədqiqatlarda «suyun külək və havanın himayəçisi» kimi təqdim olunan Xızır dastanlarımızda aşiq və məşuqun yuxusuna girərək onlara eşq badəsi içirdir , yalnız bundan sonra dastan qəhrəmanı haqq aşığına çevrilir. Talıb kişinin yuxusunda onu ucsuz-bucaqsız ağ səhraya aparan və qeybə çəkilən bu nurani obrazını haqqa və həqiqətə məhz Xızırın köməyi ilə çatmaq motivi ilə müqayisə etsək, ruh və bədənin sintezi olan insanın maddi – mənəvi aləm ortasında sadəcə bir vasitə olduğunu görmüş oluruq. Hekayədə diqqəti cəlb edən məqamlardan biri də külək arxetipidir. Külək dünyanın yaranmasında nizamlayıcı, təkan verici funksiya daşıması ilə bilinir. Əsərdə külək ölümü simvolizə edir. “Külək nəsə istəyir” cümləsi və Talıb kişinin ölümündən sonra çovğunun bitməsi bunu açıq şəkildə göstərir. Ölümün dünyanın axarını, onun nizamını təşkil etməsi və Talıb kişinin həmin küləyin uğultusunu yuxu ilə gerçəklik anlarında eşitməsini obrazın mövcudluq ilə ölüm arasındakı imitasiyası adlandırmağa imkan verir. Hekayənin qəhrəmanın ölümü ilə yox, yazın gəlib yağışın yağması ilə bitməsi obrazın maddi və mənəvi aləm arasındakı imitasiyası ideyasını bir daha təsdiqləmiş olur. Bunun üçün xüsusilə yaz ayının seçilməsi də təsadüfi görünmür. Yaz ayı mifoloji tədqiqatlarda təkanverici qüvvə kimi həyatın yenilənməsi, keçid dövrü kimi xarakterizə olunur.

    Nəticə etibarilə, Azərbaycan ədəbiyyatının görkəmli nəsr ustalarından olan Afaq Məsudun hekayələri istər ümumi məzmunu, istərsə də ən xırda detalları ilə “maddiyyat ilə mənəviyyat”, “yaşam ilə ölüm”, “varlıq və heçlik” kimi

    ekzistensial dəyərləri oxucuya çatdırmağa, onların insanın daxili aləmi, düşüncənin davranışlar ilə ziddiyyət və bağlılıqları haqqında fikrə yiyələnmələrinə nail olmuşdur. Ekzistensializmin formalaşması ilə birlikdə insan narahatlıq, qorxu, qayğı və seçimləriylə mövcudluğu tamamlamağa çalışan azad varlığa çevrilmişdir. Sonda isə bizi maraqlandıran bir sual meydana çıxır : “ Bəs əsl azadlıq varmı?”. Əgər “azad insan” konsepsiyasına fərdin fiziki davranışlarından asılı olaraq deyil, mənəvi duyğu və düşüncələrin nəzdində baxsaq, yazıçı-dramaturq Afaq Məsudun hekayələrindəki qəhrəmanların “mən” ən məhbus olduğunu görmüş olarıq ki, bu da Nitsşe fəlsəfəsinin “mən” içində “mən” ideyasını ağıllara gətirir. Hər halda, əgər insan nə olduğu barədə biliyə malik olduğunu hesab etsəydi, ekzistensialist fəlsəfə dərhal məhv olmuş olardı.

    Ədəbiyyat siyahısı

    1. Afaq Məsud Seçilmiş əsərləri 2 cilddə 1-ci cild, Bakı , “Elm və Təhsil”, 2012, 592 s.
    2. Nurəddin Topçu “Varoluş Fəlsəfəsi – Hərəkət Fəlsəfəsi” , “Dərgah Yayınları” , Dekabr- 2010 , 64 s.
    3. Vədat Çələbi. “Kyerkeqor və Yaspersin varoluş fəlsəfəsində ağıl , din və iman ilişkisi”. Erciyes Üniversitesi Felsefe Bölümü. 2015, 123 s.
    4. Vədat Çələbi. “S. Kyerkeqor və J.P.Sartrın varoluş anlayışlarının qarşılaşdırılması”. Pamukkale Universiteti, Sosial Bilimler Institutu, Dənizli – 2008, 615 s.
    5. Fridrix Nitsşe “Dəccal” , Xan nəşriyyatı Bakı-2016, səh 120.
    6. Azad Nəbiyev “Filklorda fasiləsiz transfer və yuxu paradiqmaları” Bakı , “Elm və Təhsil” – 2011, 341 s.
    7. Fridrix Nitsşe “Zərdüşt belə deyirdi” Azərbaycan, “Qanun nəşriyyatı” 2016, 434 s.
    8. Əli Şəriəti “Özü olmayan adam” , Türkiyə , “Fecr Yayınları” Fevral 2012, 400 s.
    9.  Afaq Məsud rəsmi saytı , hekayələr, “Müdir” hekayəsi . https://www.afaqmesud.az/az/posts/category:10

  • Gənc xanım yazar Zəhra Həşimovanın məqaləsi “Elmi iş” dərgisində işıq üzü görüb

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri, Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsinin məzunu, Azərbaycan Dillər Universitetinin magistrantı, gənc xanım yazar Zəhra Həşimovanın “Millətlərarası ideyaların Şarl Lui Monteskyönün “Qanunların ruhu haqqında” əsərindək təzahürü” adlı məqaləsi “Elmi iş” dərgisində işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • Xalq şairi Nəriman Həsənzadənin “Nuru Paşa” poeması Tehranda 5 dildə işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Əməkdar İncəsənət xadimi, Fərdi Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor, Xalq şairi Nəriman Həsənzadənin “Nuru Paşa” poeması Tehranda 5(AZƏRBAYCAN, TÜRK, ƏRƏB, FARS, İNGİLİS dillərində) dildə işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • Namiq HACIHEYDƏRLİ.”Basdırmışam sözə dən”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri

    Hər kəs gəlib, dünyanı,
    Körpü bilib dünyanı,
    İçdən silib dünyanı,
    İtirəcəm, itəcəm…

    Basdırmışam sözə dən,
    Bir gün çıxar üzə dən,
    …İtməyəcəm təzədən,
    Hər gün sözdə bitəcəm.

    O, gül desə, gülmüşəm,
    Onu Mütləq bilmişəm,
    Qucaqlarda gəlmişəm,
    Çiyinlərdə gedəcəm.

  • Namiq HACIHEYDƏRLİ.”DAĞ KOLANI DASTANI” poemasından bir parça

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri

    Bir azca gec gəldin bu yerlərə sən,
    Dağlar al yaşıla bürünəndə gəl.
    Göyləri ulduzlar bəzəyən zaman,
    Ay ondörd gecəlik görünəndə gəl.

    Səhərlər yüngül meh əsən zamanda,
    ətirdən canlılar bihuş olanda,
    quşları göylərdə cəh-cəh vuranda,
    duman dağ döşüylə sürünəndə gəl.

    Kim qıyar, bu gözəl cənnəti atsın,
    Cənnəti dövlətə, şöhrətə satsın?!
    Atanlar kaş bir gün geri qayıtsın,
    Qayıtsın el-oba,
    onda sən də gəl.

    Gəl elə, obaya, gəl ulu yurda
    Ellər toparlansın, bir olsun burda.
    Segah da burdadı, kaman da, tar da
    Tütək çalınanda, tar dinəndə gəl.

    Siz ey özlərini Kolanı sayan,
    Gəl uca Girdədə səcdəyə dayan.
    Tanrıya yaxındı burda yaşayan,
    Istəsən olasan gözəl bəndə, gəl!

  • Tbilisidə “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olunub

    Tbilisidə müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr edilib.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Ulu Öndərin Gürcüstana, qədim gürcü xalqına təmənnasız qayğısını, doğma, isti münasibətini əks etdirən kitabda toplanmış “Gürcüstanla ilk tanışlıq”, “Dostluq rəmzi – həm yol, həm körpü”, “Bakı–Supsa neft kəmərinin açılış mərasimi”, “Dəyişməz qərar”, “Heydər Əliyev və Eduard Şevardnadze mətbuat konfransında”, “Heydər Əliyevin Tbilisi Dövlət Universitetində nitqi”, “Heydər Əliyev və Gürcüstan”, “Dünya Heydər Əliyev haqqında” kimi sənədli materiallar, dost ölkədə təşkil olunmuş ictimai-siyasi, mədəni tədbirlərdə çıxışların stenoqramı və arxiv fotoları ilə təqdim edilir.

    Gürcü və Azərbaycan dillərində tərtib olunmuş nəfis nəşrin layihə rəhbəri Azərbaycanın Xalq yazıçısı Afaq Məsud, tərtibçiləri Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili və Dövlət Tərcümə Mərkəzinin Gürcüstanla ədəbi-mədəni əlaqələr üzrə koordinatoru, yazıçı İmir Məmmədli, redaktoru Mərkəzin Elm, təhsil və mədəniyyət idarəsinin rəisi, yazıçı Etimad Başkeçiddir.

    Kitab Gürcüstanın aparıcı “Merani” nəşriyyatında işıq üzü görüb.

    Mənbə: https://azertag.az/

  • Türkiyənin tanınmış ifaçıları Bakıda konsert verəcək

    Türkiyənin tanınmış pianoçusu Rüya Taner və saksafon ifaçısı Kürşat Başar Türkiyə Cümhuriyyətinin 100-cü və Şimali Kipr Türk Respublikasının 40-cı ildönümü çərçivəsində Bakıda konsert verəcək.

    AZƏRTAC xəbər verir ki, konsert noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

    Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikasının sənət dünyasının bir araya gələcəyi konsertdə hər üç türk dövlətin mədəniyyəti nümayiş olunacaq və ölkələrimiz arasında mədəni əlaqələrin daha da güclənməsinə töhfə verəcək.

    Mənbə: https://azertag.az/

  • Bakıdakı Rus evində gənc istedadların sərgisi açılıb

    Bakıdakı Rus evində gənc istedadların sərgisi açılıb. Layihə Bakıdakı Rus evinin dəstəyi ilə Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən təşkil olunub.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, tədbirin qonaqları gənc istedadlı rəssamların işləri ilə tanış olublar.

    Ekspozisiyaya gənc rəssam, təsviri incəsənət müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavrı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistri Sonaxanım Kərimova və gənc rəssam, 183 nömrəli məktəbin şagirdi Abdulla Məlikzadənin əsərləri daxil edilib.

    Sərgi noyabrın 25-dək davam edəcək, giriş pulsuzdur.

    Mənbə: https://azertag.az/

  • Milli Kitabxanaya Qətər ədəbiyyatı, tarixi və mədəniyyətini əks etdirən kitablar hədiyyə edilib

    Qətərin ölkəmizdəki səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Azərbaycan Milli Kitabxanasının qonağı olub.

    Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, görüşdə Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova qonağa Milli Kitabxananın tarixi, iş rejimi və fondu haqqında məlumat verib.

    Görüş çərçivəsində Milli Kitabxananın 100 illik yubileyinin keçirilməsi barədə qonağa məlumat verilib.

    Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Azərbaycan ilə Qətər arasında beynəlxalq qarşılıqlı münasibətlərdən danışıb və bu münasibətlərin daha da inkişaf edəcəyinə inandığını bildirib. Həmçinin o, səfirlik adından Milli Kitabxanaya Qətərin ədəbiyyatını, tarixini, mədəniyyətini, təbiətini və s. əks etdirən kitablar hədiyyə edib.

    Sonda qonağa “Azərbaycan Milli Kitabxanası” fotoalbom, “Bakı simfoniyası” kitabı və Azərbaycan xəritəsi təqdim olunub.

    Mənbə: https://azertag.az/

  • Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında böyük stendlə təmsil olunacaq

    Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin təşkilatçılığı ilə ölkəmiz Lüksemburq Beynəlxalq Bazarında böyük stendlə təmsil olunacaq.

    AZƏRTAC xəbər verir ki, “Abad”, “Azərsun”, “Azəripək”, “Aspi”, “Balkhoorma”, “Meysəri”, “Savalan”, “Şabyant”, “Silkway”, “Ravira” şirkətlərinin dəstəyi ilə Azərbaycan stendi dünyada yoxsulluqla mübarizə üçün vəsait toplamaqla yanaşı, milli məhsullarımızın istehlakçılara təqdimatını və mədəniyyətimizin təşviqini müvəffəqiyyətlə həyata keçirəcək. Azərbaycan stendi milli məhsullarımızın təbliği üçün əlverişli platforma olacaq.

    Milli ornamentlərlə bəzədiləcək stenddə ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, mətbəxi ilə bağlı nəşrlər nümayiş olunacaq və ziyarətçilərə hədiyyə ediləcək. Bu nəşrlər stendimizi ziyarət edən lüksemburqlulara və turistlərə ölkəmiz haqqında ətraflı məlumat almağa imkan verəcək. Gün ərzində Azərbaycanı təmsil edən stenddə qurulmuş böyük ekranda mədəniyyətimizin təşviqi ilə bağlı videoçarxın yayımlanması planlaşdırılır.

    İki gün davam edəcək Lüksemburq Beynəlxalq Bazarında ziyarətçilər yüksəkkeyfiyyətli milli məhsullarımızı – şərabları, təravətli çayı, nar şirəsini, gül və əncir mürəbbələrini, ənənəvi şirniyyatları, paxlava, şəkərbura dada və ala biləcəklər. Milad bayramı ərəfəsində onlar, həmçinin hədiyyə etmək üçün orijinal incə əl işlərini, UNESCO-nun bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş kəlağayıları əldə edəcəklər.

    Milli ornamentlərlə bəzədilmiş stendimizdə ölkəmizin tər meyvə və tərəvəzləri (nar, heyva, xurma, feyxoa, pomidor, xiyar) də təqdim olunacaq.

    Lüksemburq Beynəlxalq Bazarından əldə olunan ianə 7 kateqoriya üzrə 48 xeyriyyə təşkilatına göndəriləcək.

    Şəhla Ağalarova

    AZƏRTAC-ın xüsusi müxbiri

    Lüksemburq

    Mənbə: https://azertag.az/

  • “Avroviziya 2024” seçimlərinin finalçıları məlum olub

    İctimai TV tərəfindən hazırlanmış qısa video-müsahibədə Azərbaycanı İsveçdə, “Avroviziya 2024” səhnəsində təmsil etməyə namizəd olan ifaçılar 7 suala cavab verərək, özlərini izləyicilərə daha yaxından tanıdıblar.

    İctimai TV-dən AZƏRTAC-a bildirilib ki, namizədlər musiqi zövqləri, builki Avroviziya mahnıları, səhnə xəyalları barədə danışıblar.

    Münsif səsverməsi nəticəsində finala keçən ifaçılar Aisel, Qorqud, Fahree, Mila Miles, İlkin Dövlətov və Etibar Əsədli triosu, Səbinə Quluzadə və Emy Liadır.

    Mənbə: https://azertag.az/

  • Milliliyimizin rəmzi olan kəlağayıya həsr olunmuş tədbir keçiriləcək

    Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində noyabrın 26-da Kəlağayı gününə həsr olunmuş “Anam kəlağayılı bir muğamıydı…” adlı konsert keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl kəlağayıya aid rəsm əsərləri nümayiş olunacaq.

    Konsertdə milliliyimizin rəmzi olan kəlağayımıza həsr olunan ifalar, şeirlər səsləndiriləcək.

    Biletləri iticket.az saytından əldə edə bilərsiniz.

    Mənbə: https://azertag.az/