Day: Noyabr 23, 2023

  • Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin;

    1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 21 noyabr 2023-cü il 

    Mənbə: https://president.az/

  • Esmira RƏHİMLİ.”İbad” (Hekayə)

    Azərbaycan Rəssamlar İttifaqının üzvü

         Göy üzü buludlu, hava isti, sular bumbuz idi. Uzaqdan bir atlı aramla göy çəməndə çiçək toplayan qızlara doğru gəlirdi. Yaxınlaşanda qızlar onun İbad olduğunu gördülər. O kəndin ən yaraşıqlı oğlanı idi. Qızlar onu görüb pıçıldaşaraq Bircəbəyimə qaş-göz eləyib gülüşməyə başladılar. İbad atın belində Bircəbəyimə yaxınlaşdı. Qoynundan bir neçə alma çıxardıb ona uzatdı.

          – Al, Bircəciyim-dedi. Qız almaları alıb birini dişlədi. Sonra İbada baxıb gülümsədi. İbad həmin almanı ondan alıb daha iri bir dişdəm götürdü:

        – Almanı bax belə dişləyərlər e, day elə yox – deyib güldü. İbadın üzü günəşdən qaralmış, at çapdığı üçün yanaqları pörtüb qızarmışdı. Güləndə ağappaq dişləri ona bir az da yaraşıq verirdi.

          Bircəbəyim gün altında qalmış qar kimi əridi. Utana-utana gülümsəyib qımışdı.

           Qızlar bir kənara çəkilib öz aralarında pıçıldaşırdılar:

        – Az, Bircəbəyim öldü ki…

        Bir başqası :

        – Hə, Bircə ölür ondan ötəri. Ancaq bu qızı ona verməzlər.

        Bir başqası isə: – Niyə vermirlər ki, qara qaş-qara göz oğlandır da… – deyirdi.

         İbad: – Bircəbəyim, gəl otur tərkimə səni at belində bir az gəzdirim – deyib əlini qıza uzatdı.

           Elə İbad əlini Bircəbəyimə uzatmışdı ki, elə Bircəbəyim əlini onun ovcuna qoymuşdu ki, şimşək çaxdı. At diksinib qabaq ayaqlarını yerə çırpdı. Sonra yerindən götürülüb çapdı. İbadın gözü arxada, Bircəbəyimdə qaldığından müvazinətini saxlaya bilməyib atdan yıxıldı. Bircəbəyim əllərini irəli uzadıb var gücü ilə qışqırdı:       

           – İbad…! 

           Sonra sanki öz səsindən diksindi. Döyüküb ətrafına baxdı. Gənc, yeniyetmə qızların ona baxıb gülüşdüyünü gördü. Əlləri hələ də havada önə doğru uzalı qalmışdı. Qızlardan biri şaqraq səslə dedi:

         – Ay nənə,  niyə elə baxırsan, yenə də bizi tanımadın, hə? Mən Qətibəyəm, bu Qənirədir, bu Göyçəkdir, bu da Fatmadır. Sənin nəticələrinik! Gözəlliyimizi də səndən almışıq! Deyirlər gəncliyində sənin gözəlliyin dillərdə dastan imiş.

         Bircəbəyim səbirsizləndi:

        – Ay bala, İbad atdan yıxıldı ey, atdan!

         – Ay nənə, narahat olma yuxu görürdün. Sən harda otursan elə orda da yuxuya gedirsən. Yuxuya gedən  kimi də ya İbadı görürsən, ya atını, ya da onun sənə verdiyi almaları. Ya da elə hamısını birdən!

         – Ay bala, sən bilmirsən ey, İbad…

         – Bilirik, ay nənə. Bütün kənd bilir İbad məsələsini. Sənin bəy atan qızını kəndli balasına verməyib zorla, sürüyə-sürüyə  bəy oğluna ərə verib. İbadın da atından başqa heç kimi yox idi. Elə o atını da götürüb çıxıb getdi bu kənddən. Gah deyirdilər Tiflisə gedib, gah deyirdilər İrana keçib. Sovet höküməti qurulandan sonra da nə öldüsünü, nə qaldısını bilən olmadı. Sənin də artıq yüz beş yaşın var. Bu vaxta daha nə İbad qalar, nə də onun atı. Odur ki, onu fikirləşib özünə əziyyət eləmə.

       Qızlar yenə gülüşdülər. Bircəbəyim çarəsiz-çarəsiz baxdı:

       – Nakam məhəbbətə gülməyin, bala, başınıza gələr.

  • Esmira RƏHİMLİ.Yeni şeirlər

    Azərbaycan Rəssamlar İttifaqının üzvü

    Səhv

    Hamının səhvini bağışlayıram,

    Mən özüm çox şeyi məhv etdiyimçün.

    Əgər bu dünyaya bir də gəlseydim

    Yenə səhv edərdim, səhv etdiyimçün.

    Çoxunun üzünə tüpürdü dünya,

    Mənə tüpürcəyi çata bilmədi.

    İffəti, namusu süpürdü dünya,

    Mənə dişləriylə bata bilmədi.

    Hər bir şirin meyvə, gül həyatını

    Kökündə iylənən peyindən alır.

    İnsan ağılsızdır, çünki ağlını

    Hər sözə inanan gedən beyindən alır.

    Bəlkə yeni qitə kəşf etməmişəm,

    Bəlkə də bilirsiz dediklərimi.

    Məni öldürməyə çalışsanız da,

    Siz Allah, qoruyun sevdiklərimi.

    23.09.2023

    Saqqız

    Saqqız qurtaranda qır işə gəlir,

    Yenə də bir şeydir, bir dişə gəlir.

    Yeni bir iş çıxıb, bir peşə gəlir

    Məni kürəyimdən vuranlar üçün.

    Məndən danışırlar, bir də padşahdan,

    Nağıldan başlayan keçir dastandan.

    Hər gün mövzu çıxır  mən qəribandan,

    Məni kürəyimdən vuranlar üçün.

    Guya ki, vicdanı paslatmışam mən,

    Yeni gündəmləri partlaşmışam mən.

     Bir sözlə, əhv etmə başlatmışam mən,

    Məni kürəyimdən vuranlar üçün.

    Ağ hərflər

    Hansı məkanda yaşayırsan sən,

    Hansı şəhərdə?

    Hansı yolda, hansı döngədə,

    Hansı küçədə?

    Kim hördü ki bu divarı aramızda,

    Kim suvadı, kim boyadı

    Qara rənglə?

    Üstünə kim yazdı ki əlvida sözünü

    Ağ hərflərlə?

    Kim batdı ki bu günaha,

    Kim qaldırdı

    Dünyanın ən ağır yükünü?

    Kim dinlədi ürəyimi

    Kim bildi ki dərdi nədi?

    Kim tutdu ki əllərimi

    Dərd gələndə?

    Kim sildi ki göz yaşımı

    Mən güləndə?

    Hansı zamanda yaşayırsan sən,

    Hansı ildə,

    Hansı ayda, hansı gündə,

    Saat neçədə?

    Kim hördü ki bu divarı aramızda,

    Kim suvadı, kim boyadı

    Qara rənglə?

    Üstünə kim yazdı ki əlvida sözünü

    Ağ hərflərlə?

    Mənim ol

    Güllü çəmənləri toxusun xalı,

    Daşsın bulaqları, şan tutsun balı.

    Qoy ellərin olsun dünyanın malı,

    Təki sən mənim ol.

    Qılmanlar, rizvanlar cənnətdən gəlsə,

    Səndən göyçək olmaz al-ziba geysə.

    Ölmərəm əllərim əlinə dəysə,

    Təki sən mənim ol.

    Gecələr uyğumsan, günüdüz xəyalım,

    Qaşında ilişib qalıbdır ağlım.

    Üzü mələk kimi, ürəyi zalım,

    Təki sən mənim ol.

    İnanma kimsənin fitnə-felinə,

    Ölərəm dən düşsə bircə telinə.

    Çevirrəm dünyanı atəş yerinə,

    Təki sən mənim ol.

  • Zəhra HƏŞİMOVA.”Jan Pol Sartrın “Divar”  hekayəsində fəlsəfi cərəyanlar”

    “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri

                 Giriş

                   Ekzistensializm  fəlsəfi ədəbi  cərəyanının  Martin Haidiggerdən sonra ən böyük qələm sahibi olmuş  nümayəndəsi olan Jan Pol Sartr öz əsərlərində Nitşe fəlsəfəsinin yarım qalmış nihilizmini varoluşculuk ilə tamamlayaraq,  absurdizmin “yabancılaşma “ fikri ilə mükəmməl bir həddə çatdırmışdır.  Bu mövzuda “Varlıq və Heçlik”, “Varoluşculuk”, “Bulantı“ kimi romanları,   “Azadlığın yolları “ başlığı ilə yazılmış üç əsərlik  ( “Yaşanmayan zaman”, “Ağıl çağı “, “Tükəniş “ )trilogiya yazan Sartr  əsərlərini, insan, onun taleyi,  daxili  hiss, duyğu və düşüncələrini, yanlızlığını qərb fəlsəfəsinin üç təməl daşı ilə (Ekzistensializm—Nihilizm—Absurdizm) taclandırmağı əvəzolunmaz qələmi ilə uğurlu şəkildə bacarmışdır. Yazıçı, özünün də yaradıcılarından olduğu Varoluşculuğun  “azadlıq”,  “izdirab”,  “varlıq”,  “köhnə inanc” ; nihilizmin  “heçlik” , “boşluq” və  absurdizmin  “yadlaşmaq”, “hissisləşmək” , “robotlaşmaq”  kimi  tezislərini istər roman,  istərsə də  hekayələrində  ustalıqla  mənalandırmışdır. 

                  Filosofun fəlsəfi fikirlərini yansıtdığı əsərlər içərisində təkcə böyük həcmli romanlar deyil, həm də cəmi bir neçə səhifədən ibarət olan hekayələri yer alır.  İçərisində “Otaq”, “Herostrat “, “İntim” , “Madrid markası” kimi hekayələrin də yer aldığı silsilənin ilk hekayəsi olan “Divar”  əsəri yazıçının az söz ilə yaşamın tragikomik  səhnələrinin geniş təsvirini özündə əks etdirir. Ekzistensializm—absurdizm—nihilizm yolunun cəmi 12 saat çərçivəsində tamamlandığı hekayədə obrazın keçirdiyi böyük dəyişim, insanın qorxu və qayğı vəziyyətində xəyal,  plan, ümid və ən əsası da keçən zamanın sanki dayanaraq əslində heç yaşana bilməməsi kimi anlar ustalıqla qələmə alınmışdır. 

    “Divar” hekayəsi

               Jan Pol Sartrın “Divar” əsərində ekzistensializm və bu cərəyanın təməlində duran absurdizm idealarını Pablo, Tom, Xuan, Belçikalı və başqa obrazlarla ifadə etdiyini görmək mümkündür. Hekayədə hadisələrə fərqli statuslardan baxış maraqlı olsa da, bunun eyni obraz tərəfindən icra olunması daha da diqqəti cəlb edir. Bu zaman isə belə bir fikrə sahib oluruq:əsərin əvvəlində məhkum olunmuş obraz ilə sonda ölümə doğru irəliləyən obraz arasında qalın bir divar vardır.  Edama məhkum olunmuş Pablo daha bir müddət əvvəl ağlına belə gətirmədiyi ölümü artıq təsəvvür edir, gözündə canlandırır. Əsərdə Pablonun ölüm haqqında fikirləri, əslində insan varlığının mahiyyət etibarilə bir “HEÇLİK”dən ibarət olduğunu göstərir. Ekzistensializmin üçün səciyyəvi olan “anlaşılmazlıq”  ideyası məhkumları  ölümə  aparan  son on iki  saatda gizlidir.  Bu fikrə, Pablonun  özünü  ifadə  edərkən hisslərinin qorxu olmadığını və bunun adsız olduğunu deməsi ilə gəlmək mümkündür. İnsanlığın təməlini təşkil edən əxlaqi dəyərlərin  “ölüm”  və  “Varoluş sancısı” çizgisində  sərgiləndiyi  hekayədə Pablo tərəfindən anlaşılmayan bu  hissin də varoluş sancısı olduğunu söyləyə bilərik.

                  Obrazın keçmişini süzgəcdən keçirdikdən sonra həyatının əvvəlcədən məhkum olduğunu söyləməsi ilə ekzistensializmin digər bir ideyası olan “azadlıq” məsələsinə toxunulduğu hekayə absurdizmin nəticələndirdiyi hissislik və robotlaşmanın verdiyi özgürlük məsələsi öz əksini tapır. Nitşe yaradıcılığında dəfələrlə şahid olduğumuz  “düşüncə məhbusluğu”  məhz bu duyğularla yoxa çıxdıqdan sonra obrazın düşüncələrdən, qayğı və hisslərdən arınaraq məhbusluğa bir növ vida etdiyini görürük. Əsərin tam da bu nöqtəsində Nitşenin “hələ sən azadlıq axtaran məhbussan”(1 .Səh.48)  və “Özgür mü diyorsun kendine? Sana hükmeden düşünceni duymak isterim” (1. Səh.73) cümlələrinin  ruhu duyulur. Pablonu da  öz fikirlərinin məhbusu kimi qiymətləndirmək olar. Əsərdəki  “MƏN” ideasını absurdizm ilə bağlaşdırmaq təbii səciyyə daşıyır , çünki Pablo “edam olunan da , baxan da MƏNƏM” deyirdi. O özünün gözündə canlandırdığı edamına baxır, lakin gördüyü MƏN ə yaddır.  Fikrimizcə, əsərin əvvəlində adlandıra bilmədiyi hiss “ləyaqətsizcə ölmək” qorxusudur. Çünki R.Qrisi qoruduğu zaman özü də anlamasa da satqın kimi ölmək istəmir.  Bu zaman ölümdən qorxan bir obrazın komissarı səhv yönləndirib sonda ölümü gözə almayacağını da düşünmədən keçmək olmaz. “Köhnə inanc” məsələsinə irihəcmli əsərlərində olduğu kimi, hekayələrində də yer verən yazıçı azadlıq problemi ilə onu tamamlamağı bacarmışdır. Belə ki, əsərin bir neçə nöqtəsində keçmişini xatırladığını gördüyümüz Pablonun bu iki zaman çərçivəsində məhbus olana qədərki sabit və dogmatik inanclarından da arındığını söyləyə bilərik. Sartr köhnə inanclara “mauvaise foi” adlandıraraq bu keçmişin qəflət  içində  yaşamaqdan  başqa bir şey olmadığını  fəlsəfi  ağırlıqlarla sübut etməyə çalışmışdır. Determinizmin “ “şüursuzluq” anlayışına  özünün  “azadlıq” anlayışı ilə  qarşı  çıxan  filosof  varoluşu üç  istiqamətdə dəyərləndirir: özündə varlıq ; özü üçün varlıq  və başqası (cəmiyyət)  üçün varlıq. Sartr  da  Pablonun  simasında  cəmiyyət içərisində bir mövqe  tutan obrazın həyatında baş verən absurdluqlar nəticəsində  öz  seçimi olan, yəni özü üçün olan bir varlığa çevrilməsini təsvir edir. 

                Simvolizmin müxtəlif çalarlarının hakim olduğu hekayəyə diqqət yetirdikdə “həbs” anlayışının fikizi və zehni cəmiyyəti  təmsil etdiyi qənaətinə gəlmək mümkündür. Pablo və digərlərini əhatə edən həbsin dörd divarını  əslində cəmiyyətin öz düşüncəsinə uyğunlaşdırmaqla bir növ məhbusa çevirdiyi əhatə kimi də qiymətləndirə bilərik. Bu  əsər  ölüm, təsadüf, həyatın absurdluğu düşüncələrinə və “Seçimlərimizin nəticələri nədir? kimi suala  yönəlmişdir.  Hekayədə divar birinin ölümünün qaçılmazlığını simvollaşdırır və məhkumları edam edəcək atəş qrupunun “divarına” da işarə edir . Oxuduğumuz zaman  adının insanın daxili dünyası ilə cəmiyyət arasındakı qalın DİVARLARDAN alındığını düşünüldüyü əsərdə diqqət çəkən əsas məsələrdən biri də “həyat” və “ölüm” məsələsidir. Sartr fəlsəfəsində bu “Heçlik içində varoluş” adlandırılır. Hekayədə   Pablo və digərlər  obrazların həbs otağı kimi bəd bir məkanda öz “mən” lərinin arayıcısına çevrilmələrini də bu heçliyin simvolikası olaraq dəyərləndirə bilərik.   Əsərin  əvvəlində güllələrin bədəninə girdiyini , ölümün ağrısını təsəvvür edən Pablonun sonda bütün bunlara qarşı robotlaşması və sonda bu hissin məzxərəyə çevrilərək bir insan həyatını yox etməsi əslində bu iki məfhum (həyat və ölüm) arasındakı çizginin incəliyini bir daha göstərir. Aldığımız qərarlar, etdiyimiz bütün hər şey və edə biləcəklərimiz döngüsündə olan varoluş sancıları obrazın hiss etdiyi “boşluq” duyğularını dolduraraq adlandırılmayacaq bir hala çevirir.   “Insan nə deyilsə odur, nədirsə o deyil ” deyən Sartr xasiyyətcə bir-birinə yad olan Tom və Pablonu eyni zirzəmidə ölümə məhkum edərək onların bir-birlərində özlərini görmələrinə nail olur. Pablonun dili ilə desək sanki onlar artıq “əkiz” idilər. Sartrın “insan tənhalığı”nı və onun “izdirab”ını hansı yollarla əks etdirməsi isə insanı daha çox düşündürür. Sartre fəlsəfəsinin mərkəzində bir-biri ilə əlaqəli dörd hadisə durur : şüur, azadlıq, zərərli niyyət və həqiqət. Zaman məhfumunun  şüur nəzəriyyəsi üçün önəmi vardır. Hekayənin qəhrəmanı duyduğu boşluq hissi ilə keçmişini müqayisə edərək öz həqiqətini tapır .

                   Sartr yaradıcılığında sadəcə mənəvi aləmin deyil, səthi, gözlə gördüyümüz adi əşyalar belə bir anlam daşıyır. Biz bunu “Bulantı” əsərində də “divan” və bu hekayədə olduğu kimi, “oturacaq” kimi əşyalarla təsvirdə görürük.      Əsərdə qəhrəmanların həbs olunduğu təkadamlıq kamera, toxunduğu oturacaq, aldığı qoxu belə bir məna ifadə edir. Təkadamlıq kameranın soyuqluğundan bəhs edən Pablonu əldən salanın  təklik olduğunu görürük. Komçanı sevməsinə rəğmən onunla görüşmək istəməsinin səbəbini qızın, onun qoxusundan iyrənmə ehtimalında göstərən Pablo, fikrimizcə, Konçanın onun gözlərində yaranmış hissizləşməni görməsini istəməməsidir. “Ürəkbulanma” əsərində “əşyalar adlarından azad olublar” deyən Sartr Rokantenin “oturacaq” üzərindəki təsəvvürlərini bu dəfə Tom ilə davam etdirir. Əlini oturacağa vuran Tom tez əlini çəkir. Lakin onu qorxudan Rokantenin gördüyü “ölü eşşək”yox , öz ölümünün təsviridir. Bütün duyğuları özünəməxsus yollarla ifadə etmiş Sartr, həmçinin əsərdə varlıq və heçlik arasındakı divarın da mövcudluğunu göstərməyə nail olmuşdur. Hekayənin son səhnəsini isə absurdizmin ən pik həddi də adlandırmaq olar. Satqın kimi ölmək istəməyən Pablonun həyatla zarafat etdiyi anda, həyatın “təsadüf” ilə əslində onunla məzxərəsini təsvir edən Sartr, düşüncə və həyat tərzinə görə bir-birinə bənzəyən, ruhları adiləşmiş insanlarlara qarşı, özünün absurdluq yolunda öz “Mən” ini, daha dəqiq desək, öz varlığına dönən obrazını qoyur.  

                 Nəticə etibarilə Sartr əsərində ,insanın öz “MƏN” ində  yaşadıqlarının cəmiyyət içərisində yanaşmasını istər obrazlarla, istərsə də əşyalarla dərin şəkildə ifadə etmişdir. Həyat və ölüm mövzusundakı düşüncələri ilə insan, yaşam , yaşam qayəsi kimi dəyərləri sorğuladan Sartre həm Fransada, həm də öz ölkəsindən kənarda geniş yayılmış bir nüfuza sahib idi, yazıçı-intellektual şəxsiyyəti nəzəri və hərəkət insan keyfiyyətlərini özündə birləşdirir.

    Ədəbiyyat

    1. Friedrich Wilhelm Nietzsche  “Böyle buyurdu Zerdüşt “  İlgi Kültür Sanat Yayınları, 2015 , p.400.
    2. Jan Pol Sartr  “Seçilmiş əsərləri “  “Şərq-Qərb” nəşriyyatı,  2013, p.600.  
    3. “e-Dalga”. Şəbəkə Dərgisi. Sayı no 2, Kulturoloji. “Postmodernizm” Kulturoloji, Ədəbi-Tənqidi Yazılar toplusu
    4. Guliyev, K. (1998). Bədii ədəbiyyatda Varoluşçuluk. “Cahan” Dərgisi, 4.

  • “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Zəhra HƏŞİMOVA

               Zəhra HƏŞİMOVA (Həşimova Zəhra Elman qızı) 22 iyun 1999-cu il tarixində Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə Qubadlı rayon Süleyman Rəhimov adına Mahruzlu kənd tam orta məktəbində təhsil almağa başlayıb. 2015-ci ildə rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan gəncliyi “ mövzusunda keçirilmiş inşa yazı müsabiqəsində Qubadlı rayon Gənclər və İdman idarəsi tərəfindən 3-cü yeri tutduğuma görə təltif edilib. 2016-cı ildə həmin məktəbdən məzun olmuş və elə həmin il Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil almağa başlayıb. 2018-ci ildə Hüseyn Cavidin 135 illik yubileyi ilə bağlı  “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusundakı elmi konfransda  “Səyavuş əsərində müəllif ideyaları” adlı məqalə ilə fəal iştirakıma görə fakültə dekanı tərəfindən təltif edilib. 2019-cu ildə Türkiyədə dərc olunan “Üççizgi” jurnalında “Nəsimi yaradıcılığında “Cami-cəm” ifadəsi” , 2020-ci ildə isə “Jan Pol Satrın “Divar” hekayəsində fəlsəfi ideyalar” adlı məqalələri işıq üzü görmüşdür. 2021-ci ildə Sumqayıt Dövlət Universitetindən məzun olmuş,  2022-ci ildə Azərbaycan Dillər Universitetinin magistratura pilləsinə — Azərbaycan ədəbiyyatı ixtisasına daxil olmub. 2023-cü il noyabr ayında Azərbaycan Elm Mərkəzi ( https://aem.az ) tərəfindən beynəlxalq konfransa dəvət almış və ”Millətlərarası əlaqə ideyalarının Şarl Lui Monteskyönün “Qanunların ruhu haqqında”  əsərindəki təzahürü” adlı məqaləsi beynəlxalq sertifikata layiq görülmüşdür.

    20 noyabr 2023-cü il tarixində “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri təyin olunub. Həmin ayın 25-i Türkiyədə keçirilən “Qarabağ Azərbaycandır!” beynəlxalq konfransda “Afaq Məsud yaradıcılığında ekzistensializm” adlı məqaləm beynəlxalq sertifikat ilə mükafatlandırılmışdır.

  • Kitabxanada “Ruhumun çağırışları” kitabının təqdimatı olub

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair Eldar Hüseynovun “Ruhumun çağırışları” kitabının təqdimat mərasimi keçirilib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə açan kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova bu səpkili tədbirlərin, kitab təqdimatlarının, müəllif görüşlərinin kitabxanalarda keçirilməsinin əhəmiyyətindən və gələcəkdə geniş auditoriyada təbliğ olunması imkanından danışıb. Bu gün təqdimatı keçirilən kitabın müəllifinin yaradıcılığında əsasən lirik şeirlərə və sonetlərə üstünlük verdiyini bildirib. Poeziyanın, ədəbiyyatın çox mühüm, eyni zamanda, çox kövrək, həssas bir janrı olduğunu vurğulayaraq, bu əsərlərin yazılması əhəmiyyətindən danışıb. Gələcəkdə müəllifin kitablarının elektron variantının hazırlanaraq Respublika Gənclər Kitabxanasının elektron kitabxanasına verilməsini də təklif edib.

    “Azad Qələm” qəzetinin baş redaktoru Nəcibə Babakişiyeva “Ruhumun çağırışları” kitabı haqqında məlumat verərək bildirib ki, Eldar müəllim özünün poetik duyğuları ilə şeir dünyasının gözəlliyini bizə çatdırır.

    Azərbaycan Texniki Universitetin müəllimi Yusif Hüseynov atasının yaradıcılığından bəhs edərək onun 400 sonetin müəllifi olduğunu bildirib.

    Tədbirdə iştirak edən digər natiqlər kitab haqqında fikirlərini bölüşərək, müəllifə yaradıcılıq uğurları arzulayıblar.

    Təqdimatda Eldar Hüseynovun “Azərbaycan”, “Ruhumun çağırışları”, “Şərq necə də gözəldir!” şeirləri Azərbaycan və rus dillərində səsləndirilib.

    Müəllif Eldar Hüseynov 10 il ərzində çap olunmuş “Gəlmə”, “El Bakuvinin yüz soneti” kitabları, “Prometey”, “Ən birinci və əsli” poemaları haqqında məlumat verərək, 3-cü kitabına daxil olan 100 sonetin Şərq xanımlarının gözəlliyinə, zərifliyinə, insani keyfiyyətlərinə həsr etdiyini söyləyib.

    Sonda müəllif tədbir iştirakçılarının suallarını cavablandırıb, kitablarını kitabxanaya hədiyyə edib.

    Mənbə: https://azertag.az/

  • Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb

    Bu günlərdə yazıçı Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” (The Human Sea &The Dream of Death) romanlarından ibarət kitabı Londonda nəşr edilib.

    AZƏRTAC xəbər verir ki, tanınmış ingilis yazıçısı və ədəbiyyat araşdırıcısı Maykl Brannokun redaktəsi ilə yayımlanmış kitab Böyük Britaniyanın “Rossendale Books” nəşriyyatı tərəfindən “Modern dünya nəsri” seriyası ilə oxuculara təqdim olunub.

    Qeyd edək ki, “İnsan dənizi” və “Ölüm yuxusu” romanları müəllifin dünya oxucularına təqdim olunan ilk kitabı deyil. Belə ki, yazıçının hər iki romanı, həmçinin hekayələr toplusu müxtəlif dövrlərdə dünyanın bir sıra dillərinə çevrilərək, İngiltərə, Amerika, Almaniya, Danimarka, Türkiyə, Rusiya, Ukrayna, Misir, İran, Özbəkistan və başqa ölkələrdə nəşr olunub.

    Vaqif Sultanlının yeni kitabına daxil edilmiş “İnsan dənizi” və “Ölüm yuxusu” romanlarını birləşdirən ümumi cəhət onların mənəvi-əxlaqi ovqata köklənərək yazılması, mövzu-problem və ideya baxımından aktuallığı, çağdaş dünyaya hakim olan ədalətsizliyə, insan taleyinə münasibətdə müşahidə edilən və getdikcə dərinləşməkdə olan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə problemin

    Mənbə: https://azertag.az/

  • Heydər Əliyevin həyat yolu – Vətənə, xalqa xidmətin misilsiz nümunəsi

    Bakı Kitab Mərkəzində məşhur özbək yazıçısı, publisisti və şairi İsmət Kuçiyevin “Триумф Азербайджана” (“Azərbaycanın zəfəri”) kitabının və “Триумф Гейдара Алиева” (“Heydər Əliyevin zəfəri”) poemasının təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.

    Özbəkistan və Azərbaycan xalqlarının qardaş olduğunu qeyd edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar görkəmli şair İsmət Kuçiyevin yazdığı kitabı Ulu Öndər Heydər Əliyevin adına layiq bir əsər kimi dəyərləndirib.

    Milli Məclisin deputatı Elman Nəsirov Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində tanınmış özbək yazıçısı İsmət Kuçiyevin belə mühüm, çox dəyərli, qiymətli əsərlər yazmasını olduqca əlamətdar bir hadisə hesab edib: “İsmət Kuçiyev Heydər Əliyev kimi nəhəng şəxsiyyətin fəaliyyətini qələmə alarkən və onun zəfərindən bəhs edərkən üzərinə böyük bir məsuliyyət götürərək dəyərli bir əsər ərsəyə gətirib”.

    Xalq yazıçısı Elmira Axundova İsmət Kuçiyevin Ulu Öndərə yazdığı kitabı diqqətlə oxuduğunu və ən əsası əsərin poema janrında yazıldığını söyləyib: “Bu poemalar çox peşəkar dildə yazılıb, Heydər Əliyevin həyatı hərtərəfli araşdırılıb. Əsər çox dərin fəlsəfədir və hakimiyyətə gələn insanın yolundan bəhs edir”.

    Tarixçi-publisist Şuxrat Barlas, yazıçı-publisist Şərəf Cəlili, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev öz çıxışlarında kitab haqqında təəssüratlarını bölüşüblər.

    Qeyd edək ki, İsmət Kuçiyev – məşhur özbək publisisti, yazıçısı, şairi, bir sıra kitabların müəllifidir. Onun 2022-2023-cü illərdə rus dilində yazılmış “Heydər Əliyevin zəfəri” adlı poeması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunub. Bu əsərdə özbək yazar müstəqil Azərbaycanın qurucusu, güclü siyasi iradəyə və müstəsna liderlik keyfiyyətlərinə malik Heydər Əliyevin portretini yaradır. Müəllif “Heydər Əliyevin zəfəri” adlı poemasına ön sözündə yazır: “… Erkən uşaqlıqdan valideynlərim mənə başqaları üçün çox şey edən insanlara hörmət aşılayıblar. Bu baxımdan Heydər Əliyevin keçdiyi həyat yolu Vətənə, xalqa xidmətin misilsiz nümunəsidir. Mən bu əsərimdə Heydər Əliyevin həyat yolunu mümkün qədər ətraflı və canlı təsvir etməyə çalışmışam”.

    2023-cü ildə İsmət Kuçiyevin “Azərbaycanın zəfəri” adlı daha bir kitabı nəşr olunub. Bu kitabda yazıçı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçdiyi həyat yolunu və fəaliyyətini oxuculara təqdim edir. Müəllif qeyd edir ki, İlham Əliyevin şəxsiyyətinin formalaşmasında onun atası, böyük zəka və ləyaqət sahibi Heydər Əliyevin rolu danılmazdır.

    Kitablar Minsk şəhərində “Альфа-книга” nəşriyyatı tərəfindən çap olunub.

    Mənbə: https://azertag.az/