Bakı şəhərində doğulmuş, ADNSU-nun məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş Cavid Mikayıl oğlu Həsənovun ölməz xatirəsinə ithaf edirəm.
Qarabağ savaşında şanlı zəfər çalmışıq, Göydən düşən pay deyil, yüz yol istə, qələbə. Müqəddəs torpaqları yağılardan almışıq, Asan başa gəlməyib düşmən üstə, qələbə.
Şirin canından keçdi, saysız qəhrəman igid, Vətənə qurban olmaq, bu da bir səadətdi. Küləklər şəhərində açmışdı gözün Cavid, Hələ balacalıqdan şirin dil, xoş ülfətdi.
Qarabağ döyüşçüsü Mikayılın oğluydu, Halal, dürüst ailənin balası, övladıydı. Doğma elə-obaya, yurda qəlbən bağlıydı, Adı da ölməzlərin, ucaların adıydı.
Anası Mirvarinin təkcə oğlu deyildi, Yamanı kim xoşlayar, xeirxahı sevərlər. Gözlərinin işığı, bəli, hər şeyi idi, Məktəbə getdi Cavid, gətirdi şad xəbərlər.
“Əla”larla qurtardı təmayüllü məktəbi, Neftçi-mühəndis olmaq, məqsədi, niyyətiydi. Fizika, riyaziyyat həm həvəsi, həm təbi. ADNSU-da təhsil almaq onun qətiyyətiydi.
Şanlı ali məktəbə qəbul oldu, sevindi… Oxudu, imtahanlar verdi yüksək qiymətlə, Anasına deyirmiş, “Ora da öz evimdi”, Vaxt gəldi, bu ünvanla vidalaşdı hörmətlə.
Hərbi xidmətə getdi, afərin, əsgər oldu, Bakıtək doğmalaşdı ona Gəncə şəhəri. Əsgər yoldaşlarının dilində əzbər oldu, Başa vurub xidmətin döndü Bakıya geri.
Qazma mühəndisitək göstərdi fəaliyyət, Hamı sevirdi onu, halal idi, düz idi. İşə can yandıranlar qazanır nailiyyət. Zəkalı, biliklərə sahib mühəndis idi.
Vətən torpaqlarının xilasının məqamı, Cavid də sevinc ilə ordumuza yazıldı. Vaxtdır dayanmaq olmaz, alağın intiqamı… Həmin o payız günü sanki bahar-yaz oldu.
Sevimli anasının üz-gözündən öpərək: -Məndən nigaran olma, nurlu səhər bizimdir. Düşməndən Qarabağı azad eyləyək gərək, Zülmət xain düşmənin, şanlı zəfər bizimdir.
Həmişə qəlblərdədir unudulmaz heç zaman, Müqəddəs ucalıqda canlı, yaşayır Cavid. Üzündən, çöhrəsindən gülüş yağan qəhrəman, Bu gündən gələcəyə müjdə daşıyır Cavid.
09.11.2023.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qaradağ Bürosunun Rəhbəri
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Nağıllamaq istəyirəm bu gün…
Bir az içəridən çıxmaq lazımdır hərdən, içərinin həmişə daha içəriyə açılan bir qapısı olduğunu bilənlər yazıq olur yoxsa. Yadınıza düşənin “Nisbilik nəzəriyyəsi” olduğunu bilirəm. Yazıq Albert… Saat-filan boş şeydi, o, yaşananların ruhundan keçdiyini, amma o ruhun ilmələnə-ilmələnə sökülsə də, olduğu yerdə dayandığını kəşf etmişdi, əslində… Yox, kəşf etməmişdi; mövcud olan bir şeyi görə bilmişdi. Gördüyünə peşman elədi insanlar onu. Özü də, sağlığında…
Bir az içəridən çıxmaq lazımdır hərdən, içərinin heç vaxt pəncərəsi olmur, olsa-olsa bir əlçimlik nəfəsliyi olur, o da daim “qonşu divarı”na açılır. Çırpılırıq “qonşu divarı”na, qırılırıq, tökülürük, özümüzdən çıxırıq… Nə? “Özümüz haradır?” – deyə soruşursunuz? Çıxdığımız, anbaan uzaqlaşdığımız, yad hiss etdiyimiz hər yerdə/hər anda darıxdığımız yerdi ora… Xəritəsi hisslərimizdədir; əgər şifrələri oxuya bilsək, mənzil başına gecikməyəcəyik…
Bir az içəridən çıxmaq lazımdır hərdən, bir az uzaqlara getməliyik. Nağıllardakı məsafələri geridə qoya biləcəyimiz qədər bir uzaqlıq gözləyir hamımızı xəyallarımızda. Aldanmışıq, bilirəm, “nağıl dili yüyrək olmur”, nağıl uyduranın təxəyyülündə “məsafə” anlayışı elastikdir; istədiyi şəklə sala bilir. İllər heç vaxt “yel qanadlı” olmur, qanadı biz tikirik yaşadıqlarımızla, ölçmədən-biçmədən geyindiririk illərin əyninə. “Yüz ölç, bir biç” deyənləri də, beləcə, haqsız çıxardırıq. Və ayrıca, tikdiyimiz qanadlara dərddən naxış vuranda daha əziz olurlar… Mən “altıncı barmaq” nümunəsini dilə gətirə bilərəm; “bədəsil övlad” məsəli mənə yaddır..
Bir az içəridən çıxmaq lazımdır hərdən, içərilərin yeganə işıq mənbəyi düşüncələrimizdir. “İşıqlı duyğular” ifadəsini kim deyibsə, özünü də aldadıb. Bütün yalanları insan birinci özünə danışır; özünə inana bilirsə, başqasını da inandıra biləcəyi ehtimalı çoxalır zənnində… “Düşünə bilənlər limanı” adlı bir hekayəm min ildir ki, yarımçıqdı. Çünki düşündükcə, həmin hekayənin qəhrəmanları özümü də qorxudur… Yol çantalarını elə qəşəng, rəngbərəng təsvir etmişəm ki!
Bir az içəridən çıxmaq lazımdır hərdən… Hə, hərdən… Eşiklər də “həmişəlik” deyil. Elə bilirsiniz ki, nağılçı “bağlı qapını aç, açıq qapını bağla” deyəndə, sadəcə, söz oyunu oynayırdı? Məncə, yox…
Bir az içəridən çıxmaq lazımdır hərdən; qapıları dəyişik salmaq haqqınız da var. Etiraf edim, qapıları səhv salanda adamı yaman danlayır dörd yanındakılar… (etiraf edim, o qapını bilə-bilə səhv salmışdım!)
Bir az içəridən çıxmaq lazımdır hərdən…
…Qapılara toxunmayın…
…Məni də unudun, nağılları unutduğunuz kimi…
…Ən asanını seçin; öz üzərinizdə sınaqdan çıxararaq öyrənəcəksiniz ki, unutmaq ən çətiniymiş…
Niyə getdin, bilmədim, Mən ki kiçik deyildim. Səndən böyük sevgimlə Mən nəyinə yetmədim?!
Məni atmağa nə var? İki cümlə tabında. Səndən böyük qürur var Gördüyün bu qadında.
İşdi, birdən qayıtsan O biz gedən yollara, Bir qucaq peşmanlıqla Dön, qaçdığın qollara. Saxla suallarını, Boğ bağrının başında, Bəsdir daha, əskilmə, Yerin sevgi dışında.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Gözümdən itən kimi Xəyalın canlandısa, Yarım qalan hər şeyim Tək səninlə tamdısa.
Gülü solan güldanın Təkliyidi mənimki. Dərd yığılıb üst-üstə, Bu nə birdi, nə iki.
Bu payız bir başqadı, Bu yağış kəsən deyil… Məni ki sevənlərin Hamısı bir sən deyil.
O əvvəlki, o məsum Yaşımdan ayrılmadım. Məni nəylə qınadın? Xoşumdan ayrılmadım.