Gəl, qaçaq dünyadan

Gəl qaçaq dünyadan, qaçaq dünyadan,
Gecənin birində, günün birində.
Bilim ki, əllərin əllərimdədi,
Gəzək ulduzların şəfəqlərində.

Nə pulumuz olsun, nə də evimiz,
Odlu qəlbimizlə nəğmə içərik.
Qızıl saraylarda yaşamarıq biz,
Daşlardan balaca yuva tikərik.

Təki ürəyimdə kədər güləndə,
İsti çay verəsən ürəyi açıq.
Axşam yorğun-arğın işdən gələndə,
Şeir deyə-deyə qabağıma çıx.

Öpüm, sığallayım saçlarını mən,
Dinclik bağışlayım ayaqlarına.
Mən sənə daş –qaş da ala bilməsəm,
Qəlbimi taxaram barmaqlarına.

Yaman üşümüşəm, ay ömrüm, günüm,
İlıq nəfəsinin sehrinə uyum.
Gətir əllərini, başına dönüm,
Öpüm gözlərimin üstünə qoyum

Qəşəm Nəcəfzadə