Dağlanır ciyəri xatirələrin,
hikkə çiləyirik bir-birimizə.
Mənim keçilərim, sənin cinlərin
yenə birləşiblər əleyhimizə.

Mənimçün havanın hər cürü xoşdu,
sənin də könlünə nə yatsa, xoşla.
Allahın sən verən hər günü xoşdu,
dilindən düşməyən zəhəri boşla.

Bax da, ya at məni, ya götür gəlib,
sənin minnətinin ağırdı yükü.
Saçımda sığalın elə köhnəlib,
tökür e gözümdən, sevinci tökür.

Gedərsən, silinər könlüm yerindən,
gülərəm taleyin zarafatına.
Qalarsan, yer çıxar öz məhvərindən,
qalarsan, sevincdən ürəyim çıxar.

Nərgizə, laləyə bənzəmərəm mən,
mənim çiçəyimin adı başqadı.
Səni misra-misra bəzəyərəm mən,
məndə şeirlərin dadı başqadı.

Rəbiqə Nazimqızı