Sənə kim deyib ki,
mən səndən sonra
ümidi özgədən
asılı qaldım?
Niyə deməyiblər,
sən gedən gündən
mən öz taleyimlə
küsülü qaldım…
Sənə kim deyib ki,
fərhlənirəm,
bəxtimə göylərdən
alqışlar düşür?!
Niyə deməyiblər,
saçlarıma dən,
hələ alnımada
qırışlar düşür?…
Sənə kim deyib ki,
bəxtəvərəm mən?
Guya, gülüşümü qısqanıbdılar?
Nə bilim, bəlkə də,
həmin adamlar
gözümün selində islanıbdılar.
Niyə deməyiblər,
hətta, özüm də,
eşqimin gücünə
heyrət edirəm.
Niyə deməyiblər,
gecə sübhəcən
sənin xəyalinla
söhbət edirəm…
Niyə deməyiblər,
üsyan edəndə,
bir kimsə yetişib
dadıma gəlmir?!
Niyə deməyiblər,
çoxdan ölmüşəm,
sənsiz yaşamağım
yadıma gəlmir…

Ceyhunə Mehman
2015