Nə gözəl dövrdü, gəlib çıxmışıq,
Kitaba əl vuran muzeylik olur…
Nəzakət səddini çoxdan yıxmışıq,
Güneyə söz verən quzeylik olur…

Biz hara, “maarif” kəlməsi hara?!
Savada, idraka xor baxmaq dəbdir…
Başlar itaətdə telefonlara,
“Online” görünmək yeni ədəbdir…

On gəncin doqquzu kitabdan qorxur,
Kimsə “cızza” demir cızdan çıxmağa…
Başıboş olanın cibi doludur,
Növbədə yer yoxdur fast-food almağa…

eh… kimə lazımdır savad? Nəzakət?
Yaman unudulub “Hophopnamə”lər…
Elm üçün tutuşur tüm bəşəriyyət,
Bircə bizə yaddır hər yeni əməl…

Bir gün yenə keçdi,
Yenə gəncliyin
Kitabsız ömründən düşdü bir yarpaq…
Sonu nə olacaq bu rəngsizliyin?
Kitabın halına kimlər yanacaq?

Leyla Turan.