Şəfa EYVAZ.”Çıx get ürəyimdən”

Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

Gəl çək öz köçünü duyğularımdan,
Çıx get ürəyimdən,daha sevmirəm.
Yuxuydun yox oldun sən həyatımdan,
Çıx get ürəyimdən,daha sevmirəm.

Döndün ümidimin göz yaşına sən
Aldandın kiminsə göz-qaşına sən.
Köçdün taleyimin yaddaşına sən,
Çıx get ürəyimdən,daha sevmirəm.

Sevmək,sevilmək də yalanmış demə
Sevgin özü boyda yükdü qəlbimə,
Sən layiq deyilsən mənim sevgimə
Çıx get ürəyimdən,daha sevmirəm.

2006

Şəfa EYVAZ.”Mənim yarımçıq şerim…”

Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

Dağınıq fikirlərim kimisən bu gün
yarı gözümdə, yarı beynimdə, yarı qəlbimdə
yarı başqa yerdə, başqa evdə, başqa aləmdə…

İş masamın üstünə düzülüb xəyalların…
Bütün kağızların bir tərəfində
sənin şifrələnmiş adın,
bir tərəfində mənə aid cızma-qaralar…
Eynən duyğularım tək qarma-qarışıq…

Yağış döyən pəncərəmdə görünür bir ara üzün,
Diksinib baxıram… “yanıldım” yenə o hüzn…

Bir tərəfdə sırf özəl əşyalar,
gizlədilmiş bir neçə qeyd, rəsimlər, köhnə kağızlar…
Soldakı çərçivədə rəsm – sonuncu xəyal,
kiçik bir ailə, kiçik ev, məsum uşaqlar…

Önümdə yazdığım bir neçə sətir –
hələ tamamlanmamış yarımçıq şeir…
nədənsə istəmirəm sonuncu cümləni yazmaq…

dağınıq fikrilərim kimisən bu gün
yarı gözümdə, yarı beynimdə, yarı qəlbimdə
yarı başqa yerdə, başqa evdə , başqa aləmdə…

Sən mənim yarımçıq şeirim kimisən
heç vaxt son cümləsi yazılmayacaq…
2011

Şəfa EYVAZ.”Sən də gətir xəyallarını tök ortaya”

Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

Sən də gətir xəyallarını tök ortaya,
mən də…
saf-çürük edək,
qarışdıraq.
bəlkə
dəyərli bir şey çıxar
içlərindən
yaşamağa…
2013

Şəfa EYVAZ.”Tufan yoxluğun”

Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

Bilmirəm nə olar, nə ola bilər?
Qorxuram bir daha açılmaz səhər.
bəlkə də al günəş qara boyanar,
mən səndən əlimi üzmək istəsəm.

Əlini əlimdən qopara bilər,
sənin yoxluğun var, tufandan yaman
Hicranın ruhumu göyə sovurar,
Səni bu dünyada gəzmək istəsəm.

Acı da söyləsən bal dada bilər,
Sənin həsrətinin dadı başqadı.
Hər hissəm bir yola bələdçi olar,
Qəlbimi yoluna düzmək istəsəm.

Dünya məhvərindən oynaya bilər,
Azalar yaxşının biri dünyada.
Kim bilir bəlkə də qiyamət qopar…
Mən sənin dərdinə dözmək istəsəm.

10.04.2013

Təhminə VƏLİYEVA.”Əcnəbi geyimli qadın” (Hekayə)

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.

valiyevatahmina@gmail.com

Saat əqrəbi 9-u göstərirdi. Təyyarə dayanmış, sərnişinlər isə təyyarədən enməkdə idi. Yol boyu yalnız iki saat yata bilmiş Nicat özünü bir xeyli yorğun hiss edirdi. O, ləng addımlarla təyyarədən düşdü. Hal-hərəkətindən aydın hiss olunurdu – Bakı artıq oyanmışdı. Nicat taksiyə minib evə sarı üz tutdu. Oyanan və fəaliyyətdə olan, işə qaçan, dərsə gedənlərdən savayı, sözsüz ki, hələ yatanlar var idi. Elə bəlkə də, bu səbəbdən idi ki, radio aparıcısı “yeni oyanan dinləyicilərə “sabahınız xeyir!” deyir və hələ də yatanlara isə “artıq oyanmaq vaxtıdır” çağırışını edirdi. O, ardınca “necə deyərlər, erkən qalxanla, erkən evlənən uduzmaz” məsəlini və buna bənzər bir neçə misal da çəkdi. Radioda eşitdiyi sözlər onu bir qədər düşündürdü. Hələ də yatmaq? Görən bunların yatmaqdan başqa bir işi-gücü yoxdur? Yat-dur nə zamana qədər?!
Nicat yolu gələ-gələ dəyişən Bakını, insanlarını müşahidə edirdi. Altı il əvvəl qoyub-getdiyi Bakı ilə indiki arasında çox fərq vardı. Düşdüyü Heydər Əliyev adına hava limanından tutmuş keçdiyi küçələrə qədər – hər şey necə dəyişmiş, necə gözəlləşmişdi. İnsanları da həmçinin, xeyli dəyişmişdi. Müasir geyimli, gözəl görünüşlü qızlar, oğlanlar eynilə, Bakı kimi göz qamaşdırırdı. “Görən bunlar geyimlə bərabər düşüncələrini də dəyişdirdilərmi? Ya … ancaq zahiri dəyişib? Budur, işıqforda qırmızı işıq yanır. Dillər Universitetinin tələbələri yolu keçməyə başlayır. Nicat da onları izləyirdi. Rəfiqələr bir-birilə yarı-türk, yarı-rus, yarı Azərbaycan dilində danışır və arabir ingilis kəlmələri də işlədirdilər. Bu mənzərə Nicatda hiddət və təəssüf hissi doğurdu. “Heç nə dəyişməyib!” öz-özünə dedi. Taksi sürücüsü ilə hesablaşıb sağollaşdı.
Məhəlləyə çatan kimi ilk olaraq Eldarla qarşılaşır. Ayrı-ayrı binalarda yaşasalar da, uşaqlıqdan canıbir dost olmuşdular. Nicat Macarıstanda təhsil aldığı üçün bir-birini əvvəlki kimi tez-tez görə bilmirdilər. Elə bəlkə də, bu səbəbdən idi ki, bu həsrət onların arasında olan dostluq bağlarını daha da möhkəmləndirmişdi. Axı hər ayrılıq həsrət hissi doğurmur. Ayrılıq sevginin, dostluğun ölçüsü və hər münasibətin gələcəyinin müəyyənedicisidir. Elə ayrılıqlar var ki insanlar, münasibətlər arasında bir sədd çəkir və aradakı zərif telləri də qırır. Eləsi də var ki aradakı münasibət bağlarını daha da möhkəmləndirir. Nicatla Eldar arasındakı qardaşlıq, dostluq münasibətləri zamanla daha da güclənmiş və bu zaman müddətində bir-birindən ötrü yaman darıxmışdılar.
– Salam, salam, Nicat! Xoş gəlmisən, qardaş!
– Xoş günün olsun, Eldar. Necəsən?
– Yaxşılıq, sağ ol. Əsas sən necəsən?
– Nicat, daha getməyəcəksən ki? Bitirdin universiteti?
– Şükür, məndə də salamatlıqdır. Hə, vətən üçün çalışmağa gəldim.
– Hə, deyirəm axır gəlib çıxdın. Vallah üzünə həsrət qalmışdıq! Bakı necədir? Bəyəndin? Sən gedəndən bəri xeyli dəyişib ha.
– Elə mən də darıxmışdım sizlər üçün, vətən üçün! Düzdür, çox dəyişib, mən də elə bura taksi ilə gələ-gələ baxırdım Bakımıza. Özü də, camaatı da! Vətəni qəribsəməsəydim, heç buralara qayıtmazdım, inan. Dünya ölkələri, sözün həqiqi mənasında, hər cəhətdən inkişaf edir – elm, təhsil, mədəniyyət. İnsanlar nələr düşünür, nələr yaradır baxıb heyran qalırsan! Orada gördüklərimlə bizim şəhəri, insanlarımızı müqayisə etdim bir an. Görünür, ancaq zahirdən dəyişmişik. Eyni təfəkkür, eyni düşüncə! Əməl və düşüncədə Mirzə Cəlilin dövründən qalmayıq lap!
– Düzdür, qardaş, düz sözə nə deyəsən?!
– Yaxşı, Eldar. Mən də çıxım yuxarı.
Bu vaxt Eldarın qəfil yadına nə isə düşdüsə, birdən dilləndi:
– Ay Nicat, getmə, bir dayan! Qardaş, sən hələ-hələ ələ düşmürsən. Qulaq as, gör nə deyirəm.
– Buyur, görək!
– Sizin qonşuluğa bir qadın köçüb – əcnəbi geyimli qadın.
– Necə? Əcnəbi geyimli qadın?
– Hə, hə. Sən də təəccübləndin?
– Yox, burda təəccüblənəsi nə var ki? Az qala, şəhərin yarısı əcnəbilər kimi geyinir, onlar kimi də danışır. Düzü, mən ona təəccübləndim ki, qadına belə ad qoymuşsunuz.
– Əşi, biz nə edək?! O heç bizimkilərə oxşamır. Əcnəbilər kimi geyinir, danışanda da heç nə başa düşə bilmirsən, ya rus dilində danışır, ya da ingilis.
Nicat gülümsünür və:
– Bəlkə, həqiqətən də əcnəbidir?
– Yox, yox, özüm soruşmuşam. Adı Leyladır. Atası da, anası da azərbaycanlıdır. Yəni bizimkidir.
– Yaxşı, Eldar, tutalım o, əcnəbilər kimi geyinir, onlar kimi danışır. Burda böyüdüləcək nə var ki?! Olsun da… istəyir danışsın, ya istəyir danışmasın. Qurtar, sən allah! Boşboğazlığa salmısan lap.
– Dayan, eh mən hələ nə dedim ki?! Bu qadın bahalı ətirlər, geyimlər alır. Maşın sürür, evi də öz adınadır.
– İndi də qeybətə başlayırsan?
– Yox, daha nələr … nəyimə lazımdı qeybət. Mən olanı deyirəm, bunun nəyi qeybətdir?! Nicat, ən yaxşısı bir yerdə oturub danışaq. Belə ayaqüstü olmur, həm də yaxşı çıxmır.
– Yaxşı, onda gedək, elə Ədalət əminin çayxanasına. Onun da çayından ötrü yaman darıxmışam.
– Hə, elə ora məsləhətdir. Ədalət əmi işinin ustasıdır, başqa nə deyəsən?!
– Məsələ də ondadır elə – işinin ustası olmaq!
– Gedək daha! Bizimkilər səni görsələr, bir xeyli xoşəhval olacaqlar.
Nicat məmnunluqla gülümsündü. Bir qədər getdikdən sonra çayxanaya çatdılar. Eldar Nicatı çayxananın çölündə gözlədib ilk özü içəri daxil oldu.
– Salam, bəylər. Bu gün bizim bir qonağımız var. Bilirsiniz, kimi gətirmişəm?
Hamı bir ağızdan: – Kim?
Eldar:
– Bir fikirləşin də
Çay sifarişlərini götürən Ədalət əmi yerindən dilləndi:
– Eldar, başlama çərənliyə. Kimdir gələn?
– Çərənlik eləmək hara, mən hara? Adamı evindən qabaq bura gətirmişəm. Bu da bunların minnəti! Yaxşılıq yaramır vallah!
Nazim:
– Adə, deyinmə. Çağır görək.
Eldar çayxananın çölündə dayanmış Nicata səsləndi:
– Gəl, gəl. Camaat səni bir öz gözləri ilə də görsün.
Nicat içəri girir və: – Salamlar, xoş gördük! – deyir.
Nicatın gəlişi ilə səs-səsə qarışdı. Yerdən:
– Salam, Nicat, səni var olasan!
– Nə yaxşı gəlib çıxdın!
– Səni yetirənə şükür!
Getdikcə səs-səsə qarışır, kimin nə dediyini anlamaq olmurdu. Allahdan yetərincə boy payı almayan Səlim kişi ancaq zabitəli səsi və görünüşü ilə hər kəsə hökm etməyi bacarırdı. Bu dəfə də o işə qarışdı.
– Bəylər, bir susun görək! Oğlan onsuz da yorğun-arğındır. Siz də bir yandan başlamısınız səsi-səsə qatmağa.
Araya sükut çökdü və hamı yavaş-yavaş öz yerinə keçdi. Nicat bu çayxana mühitindən, ona ata kimi, qardaş kimi əziz olan bu səmimi insanlardan ötrü çox darıxmışdı. Altı il oxuduğu mühitdə mövcud olan münasibətlərə bir nəzər salsa, insanlar arasında olan bu qədər səmimiyyət, mehribanlıq da nadir tapılar. Düzdür, Avropada inkişaf var, mədəniyyət var, amma belə səmimiyyət həqiqətən az tapılır. Bu səmimilik, mehribanlıq ona bir anlıq köhnə dostlarını xatırlatdı. Hansı ki bir vaxtlar dost-qardaş deyib indi isə yoxa çıxanlar, yaxud eləsi də vardı ki, Nicatın onlardan daha məqsədli olduğunu, daha irəli getdiyini görüb ürəklərinə həsəd toxumu səpib, paxıllıq bəsləyiblər. Bu səbəbdən, onun haqqında cürbəcür yalanlar uydurub, hətta onu “savadsız” adlandıranlar da vardı. Bir də İtaliyadakı dostlarını yada saldı. Orada insanlar bir ideya, bir amal uğrunda birləşir və bir-birinə dəstək olurlar. Məqsədləri də inkişaf, tərəqqi! Enerjilərini də yüksək səviyyəli iş ortaya qoymaq uğruna xərcləyirdilər. Bu məqsəd onları bir yumruq kimi birləşdirir. Bizdə isə iki dostdan biri irəli gedəndə o biri də ya ona çatmağa çalışır, çata bilməyəndə isə badalaq vurur, onu nə yolla olursa-olsun yıxmaq, büdrətmək üçün heç bir fürsəti əldən vermirdilər. Nicat anlıq qapıldığı bu fikirlərdən Ədalət dayının səsi ilə ayıldı.
– Nicat, xoş gəlmisən! Nə yaman fikrə getdin! Buyur, gəl, bir çayımızı iç.
– Çox sağ ol, Ədalət əmi. Sənə də zəhmət olacaq, – deyib üzünü hamıya tutaraq: – Hamınızı xoş gördüm. Sizdən ötrü inanın ki, burnumun ucu göynəyirdi.
– Oğul, biz də səndən ötrü çox darıxdıq. Yaxşı ki gəlib çıxdın buralara.
Rafiq kişi:
– Nicat, bir xeyli susdun. Elə bildik daha bizim dili də unutmusan. Altı il zarafat deyil. Xoş gəlmisən! Qədəmin mübarək olsun!
Nicat:
– Yox, Rafiq əmi. Nə unutmaq?! İnsan da öz ana dilini unudar?! Ana dilini unutmaq anamın laylasını, nənəmin nağıllarını, babamın tapmacalarını unutmaq deməkdir. Bu, heç mümkündür ki?!
Rafiq kişi:
– Sən onu bir də qonşun “əcnəbi geyimli qadın”dan soruş.
– O qadın nə məsələdir belə. Eldar da məni yolda tutan kimi ondan danışır.
– Nə durmusan qonşundur da. Get, bir tanışlıq ver.
Haşım bəy:
– Görək sənin rəyin nə olacaq?
– Yaxşı, danışarıq, tanıyarıq, -deyib söhbəti yekunlaşdırdı.
İtaliyadakı təhsil illərindən, baş verənlərdən və nəyi xatırlayırdısa, danışdı. Roma, Milan, Turin, Neapoldan gen bol söz açdı. İndi isə qarşısında iki məqsəd dururdu: iş tapmaq və yeni qonşu ilə tanışlıq. Hədsiz marağı bu işi məqsədə çevirmişdi, evdəkiləri də, yeni qonşunu da görmək üçün tələsirdi. Nicatın gəlişi ailədə hər kəsin sevincinə səbəb olmuşdu. O, yeni qonşu ilə tanış olmaq üçün qapını döydü. Qara saç, uzunboy, orta yaşlı bir qadın qapını açdı. Nicat onu görən kimi dilləndi:
– Salam, xoş gördük, xanım! Eşitdim ki, bura təzə köçmüsünüz.
Qadın gülümsündü və bir kəlmə demədən başı ilə təsdiqlədi. Nicat əlindəki qutablarla dolu boşqabı qadına tərəf uzatdı və:
– Xanım, bunu qonşu payı kimi qəbul edin.
Qadın bircə kəlmə “Thanks!” (Təşəkkürlər) deyib yenə gülümsündü və qapını örtdü. Nicat deyinə-deyinə “Adam bir deyər içəri keç, qonağım ol! Buna elə birbaşa “əcnəbi” desələr, daha yaxşı olar. Bu nə soyuqqanlılıqdır belə?! Elə bil azərbaycanlı deyil, xas almandır. Amma Eldar düz deyirmiş, zahirdən bizimkilərə oxşayır. Gözəl qadındır” deyib evə qayıtdı. Ancaq həmin qadınla tanışlıq məsələsi heç cür onun ağlından çıxmırdı.
Nicatın İtaliyadan qayıtması xəbəri az zamanda işıq sürəti ilə məhəlləyə yayıldı. Avropada təhsil almış gəncə dair yeni qonşuda da bir maraq oyanmış, ona qarşı qəlbində qeyri-ixtiyari bir rəğbət hissi yaranmışdı. İndi bu gənclə özü arasında bir yaxınlıq, bir ortaqlıq görürdü. Ortaq cəhətlər isə insanlar arasında sağlam münasibətlərin yaradılmasında ən mühüm faktordur. O da bir zamanlar təhsil almaq üçün vətəni tərk edib, Almaniyaya getmiş, orada iş və ailə həyatı qurduqdan sonra isə bura qayıtmamışdı. Avropada yaşadığı müddətdə əksər Avropa ölkələrinə səyahət etmiş, bir neçə əlavə dil də öyrənmişdi. Zamanla oxuduqları, gördükləri ilə dünyagörüşünü də zənginləşdirmişdi. Oxumuşdu, görmüşdü, bilmişdi, sürətlə inkişaf etmişdi və dəyişmişdi. Qürbətin gözoxşayan, heyrət doğuran yenilikləri və tərəqqisi onu necə valeh etmişdisə də, vətən, yurd sevgisini qəlbindən çıxara bilməmişdi. Əksinə, bu tərəqqini öz ölkəsində görmək istəyir, xalqının da dünyanın ən inkişaf etmiş xalqları sırasında olmasını arzulayırdı. Bu istək onu iyirmi ildən sonra yenidən vətənə qaytarmışdı. Almaniyadakı işini, yaşayışını, hər şeyi atıb vətənə bu müqəddəs arzusunu reallaşdırmaq üçün qayıtmışdı. Orada təhsil şirkətinin müdiri olan bu qadın – Leyla Əhmədbəyli şirkətini Amerikada yaxşı təhsil görmüş oğlu Sərxana həvalə etmişdi. Özü isə şirkətinin burada bir filialını yaratdı. Uşaq və gənclərin maarifləndirilməsinə xidmət edən bu şirkət keçirtdiyi uğurlu layihələr, müsabiqələr ilə ölkədə böyük nüfuz qazanmış, alman və digər millətlərdən olan gənclər bu maarifyönümlü layihələrdən xeyli faydalanmışdılar. Leyla Əhmədbəyli böyük vəchlə öz millətinə xidmət etmək arzusu ilə alışıb-yanırdı. İndi yaşadığı mənzildə isə əmisigil yaşamış və onun gəlişinə qədər müxtəlif adamlara kirayə vermişdilər. Uzun illər ingilis və alman dillərində universitetlərdə dərs dediyinə görə və layihələrini, işlərini bu dillərdə qurduğuna görə öz ana dilində danışa bilmir, danışdıqda isə fikirlərini ifadə etmək üçün ya uyğun söz tapa bilmir, ya da danışıq normalarını intensiv surətdə pozurdu. Bu isə ona xəcalət hissi verirdi. Elə bu səbəbdən dilini yenidən öyrənənə qədər heç kəslə danışmamağa çalışırdı. Yerli camaat tərəfindən “əcnəbi geyimli qadın” adlandırılmasından da xəbər tutmuşdu. Düzü, vətənə döndükdən sonra bu cür qarşılanacağını gözləmirdi. Onun əsl məqsədinin və kimliyinin öyrənilmədən adına ləqəb taxılması həm də onu mənən incitmişdi. Azərbaycan dilinə ən yaxşı şəkildə bələd olmaq isə ona xalqla ünsiyyətə keçməsində əsas vasitə olacaqdı. “Deməli, Nicat kimi ayıq düşüncəli gənclər var və yetişməkdədir. Mən təcili onunla əlaqə yaratmalı, onun vasitəsilə digər azərbaycanlıları da həqiqi maarif bayrağı altında birləşdirməliyəm!” deyə öz-özünə düşünürdü. Vaxt itirmədən Nicatgilə getdi, qapını döydü. Nicatın anası Gülü xala qapını açdı. Leyla xoş təbəssümlə:
– Salam. Mən Nicat danışmaq istəmək.
Gülü xala “əleykə salam” deyib Nicatı səslədi: “Ay Nicat, təzə qonşu səni görmək istəyir, gör nə deyir”. Gülü xalanın çəkinmədən “təzə qonşu” ifadəsini işlətməsindən də aydın hiss olunurdu – qadına yad münasibət!
Nicat ədəb-ərkanla xanımı salamladı və əli ilə “buyurun” işarəsi verdi. Leyla hıqqına-hıqqına dedi:
– Nicat bəy, mən siz ingilis, ingilis, dil, dildə danışmaq olar?
O, qadının xahişini rədd etmədi və onun xahişinə qarşılıq olaraq başı ilə təsdiq işarəsi verdi. Beləliklə, onunla ingilis dilində söhbət etməyə başladı.
– Nicat bəy, mən eşitdim ki, siz İtaliyada 6 il təhsil alıb indi qayıtmısınız. Hər halda, siz daha irəli düşüncəli bir gənc olarsınız deyə sizinlə söhbət etməyi lazım bildim.
– Buyurun
– Mən Leyla Əhmədbəyli Almaniyada “EduCulture” adlı təhsil şirkətinin rəhbəriyəm. İndi oğlum bu şirkətə orada rəhbərlik edir. Şirkətimizin məqsədi uşaq və gəncləri təhsilə, maarifə cəlb etməkdir. Bununla bağlı layihələrimiz, müsabiqələrimiz olur. Dəfələrlə bu layihələrimiz Almaniyada və digər Avropa ölkələrində qrant qazanıb. Bunlardan çox sayda alman və digər millətlərdən olan gənclər faydalanıb. Mən azərbaycanlıyam və öz xalqıma xidmət etmək üçün, bu layihələri burada həyata keçirmək üçün vətənə qayıtmışam. İllərdir orada yaşadığımdan mən öz dilimi unutmuşam. Bu mənim qəbahətimdir, qəbul edirəm. Bu qəbahət məni xalqıma uzaq salır. Mən onlarla danışa bilmir, onların nə düşündüklərini duya bilmirəm. Dil həqiqətən böyük faktormuş. Mən onlarla eyni xalqdan olsam da, onlardan uzağam. Sizinlə danışdığım kimi onlarla danışa bilmirəm. İdeallarımı, arzularımı ifadə edə bilmirəm. Bu səbəbdən, istəyirəm bu işi siz həyata keçirəsiniz, əlbəttə istəyirsinizsə. Azərbaycanda şirkətimin filialını açmaq üçün yuxarı dairələrdən icazə almışam. Nə deyirsiniz?
– Leyla xanım, olduqca gözəl təşəbbüsdür və sizi tanıdığıma görə çox məmnun oldum. Sizin bu qədər təəssübkeş, fədakar və millətsevər bir insan olduğunuzu bilmək isə məni həm sevindirdi, həm də qürur duydum. İllər sonra vətənə qayıdıb vətən üçün çalışmaq istəyiniz təqdir edilməlidir. Mənimlə bir universitetdə oxuyan neçə azərbaycanlı gənc vardı ki, vətənə dönmək istəmədi.
– Təəssüf ki. İndi onların savadından öz xalqı yox, başqa xalqlar yararlanacaq.
– Bəli. Təəssüf! Ancaq buradakı təhsil sistemi də onlara nəsə qazandırmayacaqdı. Məktəbdə bizimlə bir oxuyan, çox savadlı qızlar, oğlanlar var ki, universiteti fərqlənmə ilə bitiriblər, lakin hələ də işsizdirlər.
– Bu səbəbdən, bizə hər sahədə inkişaf etmək çox vacibdir. Xüsusən də, təhsil sahəsində.
– Bəli. Elədir ki var.
– Xaricdən təcrübə toplayıb onların vətənə dönməməsi çox acınacaqlı vəziyyətdir. Axı onlar da bu ölkədən, bu xalqdan qaçacaqsa, daha kim kömək edəcək bu gəncliyə, bu ölkənin inkişafına?!
Nicat qadının dediklərini öz beynində təhlil edir, düşünürdü. Leyla olduqca fikirli görünürdü. O, illər boyu xalqdan uzaq fəaliyyət göstərməsindən doğan peşmanlığını dilə gətirdi:
– Mən uzun illər boyu bu xalqdan uzaq oldum. Nə qədər içimdə xalqıma dair sevgim, vətənimə qarşı keçirtdiyim həsrət hissi məndən bir an da olsun ayrılmamışdısa da, yenə də ondan uzaq idim. Təsəvvür edə bilirsən mən bu müddət ərzində nələr edə bilərdim.
– Bəs sizi yenidən vətənə qaytaran səbəb nə oldu?
– Məni macar əsilli bir xanım ayıltdı. O məndən şirkətimin Macarıstanda filialını açmağı xahiş etdi və bütün var-dövlətini verməyə hazır olduğunu dedi. Bu, məni o qədər düşündürdü ki, gecələri yatmağa qoymurdu. Xəcalət çəkdim! Bəs mən nə etmişəm xalqıma? Eh! Utanıram! Bu utancımdan xilas olmaq, xalqım üçün çalışmağa gəldim.
– Anladım. Xanım, mən sizə bu müqəddəs amalınızı həyata keçirməkdə əlimdən gələni etməyə hazıram. Bəs layihələrinizlə necə tanış ola bilərəm?
– Mən sizə şirkətimdə icraçı direktor vəzifəsini tapşırıram. Layihələr barədə isə sabah Cəfər Cabbarlı 44 ünvanına gələrsiniz, ətraflı danışarıq. Nəyi, necə edəcəyimiz barədə götür-qoy edərik.
– Aha, oldu.
– Hələlik!
– Görüşənədək!
Beləcə bir saatdan uzun çəkən söhbəti anası Gülü xala və bacısı Sevər kənardan maraqla izləyirdilər. Onların söhbət zamanı göstərdiyi reaksiyalarından, üz, bədən hərəkətlərindən söhbətin nədən getdiyini anlamaq istəsələr də buna nail ola bilmirdilər. Söhbətin yekunlaşmasını gözləməkdən başqa çarə qalmamışdı. Səbirlə, yaxud səbirsizliklə gözləməli idilər. Gülü xala bu qadının gəlişindən bir qədər narahat da olmuşdu. “Bu əcnəbi qadın birdən oğlumun beynini yuyar, təzədən xaricə gedər və bir də gəlməz” fikirləri içərisində çırpınırdı.
Söhbəti bitirdikdən sonra Nicat onu evinə yola saldı. Leyla gedən kimi Nicat öz otağına çəkildi. Gülü xala:
– Nicat, oğlum, o qadın nə deyirdi?
– Heç nə. Sonra danışarıq. Bir az uzanmaq istəyirəm.
– Oğul, heç nəyin söhbəti 1 saat çəkir?
– Onun dediyi şeylər bu gün üçün heç bir mahiyyət kəsb etmir. Ona görə heç nədir. Yoxsa Leyla xanım çox ayıq düşüncəli, savadlı və millətsevər bir insandır. Dedikləri də xalqın, millətin inkişafı üçündür. Amma … görən bu xalq o inkişafı istəyirmi? Bax, bu maraqlıdır.
– Sənin dediyindən bir şey qandım, bir şey başa düşdümsə özümə nə deyim. Sən ən yaxşısı, ona baş qoşma, oğul. Dayın sənə işə düzəldər, başını aşağı salıb işləyərsən.
Nicat dinmədi və otağına keçdi. Uzanıb onun dediklərini düşünməyə başladı. “İnanmıram, bir nəticə hasil olsun. Amma cəhd etmək mütləqdir. Bəlkə, belə cəhdlər sabahın gənclərini yeniliklərə, inkişafa daha çox yönəldəcək və onlar ənənələrin arxasından qaçmağın deyil, təşəbbüskar olmağın yolunu tutacaqlar” fikri onu hərəkətə keçməyə vadar etdi. Dostlarını, tanışlarını çağırıb bir kafedə görüşdülər. Burada o, dostları ilə yeni layihəsi barədə fikirlərini bölüşdü və bir neçə ideya irəli sürdü. Dostlardan bir qismi bunu laqeydliklə qarşıladı: “boş şeydir. Kimə məcbur kitab oxutduracaqsan ki? Ya da o boyda Qarabağ itkisindən sonra kimə gəl ədalət uğrunda mübarizə aparaq deyəcəksən ki?”; digər qismi “Nicat, bu işlər ancaq vaxt itkisidir. İtaliyada oxudun gəldin ki, belə bekara işlərlə məşğul olasan. Get, özünə bir iş tap, ailəni qur, yaşa özünçün. Vətən üçün ölənləri ildə bir dəfə yada salan bir xalqıq biz. Kimin qədri bilindi ki, səninki də bilinə. Eşidirsən, özünçün yaşa!” dedi. Yalnız iki nəfər – Muradla Elxan “Nə etmək lazımdırsa, hazıram” deyib ona dəstək oldular.
Nicat dostları ilə Azərbaycan və dünya ədəbiyyatının ən gözəl örnəklərinin nəşr edilməsi üçün nəşriyyatlara üz tutdu. O, tarixçi, filoloq və etnoqraflarla görüşdü, onlardan Azərbaycan ədəbiyyatı, dili, mədəniyyəti, tarixi, etnoqrafiyası ilə bağlı gənclərin biliklərinin artırılmasına xidmət edəcək hansı əsərlərin çapı barədə məsləhətlər aldı. Tarixi şəxsiyyətlərin həyat fəaliyyətini əks etdirən məlumat kitabçaları nəşr edildi, tərcümə ədəbiyyatına başlandı. İlk dəfə dostlarından gördüyü laqeyd münasibəti ölkənin ziyalılarından, kitabları, qəzetləri, jurnalları “müxalif” və “iqtidar”a bölənlərdən, maaş xətrinə dərsə gəlib gedən müəllimlərdən, semestr imtahanlarını verib “canını qurtarmaq” istəyən tələbələrdən, gününü avtoşluq və avaraçılıqla keçirən gənclərdən, “kitab oxuyub alim mi olacaqlar?! Alim bax, Mədət Əliyev ailəsini dolandırmaq üçün dəridən-qabıqdan çıxır” deyən yerli camaatdan, vəzifə itirmək qorxusu ilə hər cür yenilik və inkişafa qarşı duran hər kəsdən gördü. Bəli, bunlar günümüzün reallıqlarıdır. Amma hər xalqda bu cür vəziyyət yaşanır, bu cür neqativ hallarla qarşılanır. Onlar sivil mədəniyyətə, inkişafa necə nail ola bildilərsə, biz də ola bilərik. Axı niyə də olmasın?! Sadəcə bizim hələ ayılmağa ehtiyacımız var.
Qarşıya çıxan səbəbli, səbəbsiz maneələr Nicatı çox ruhdan salırdı. Ancaq unutmaq olmazdı ki, ilk cəhdlər nə qədər uğurlu və uğursuz olsa da, cəhd olaraq çox əhəmiyyətlidir. Bu addımı kimsə atmalı idi, ya o, ya da başqası. Düşünəndə ki, evində yatmaq, başını aşağı salıb maaşa işləmək əvəzinə xalqın üçün nəsə, lap kiçik də olsa nəsə etmək – bu, insana həqiqi rahatlıq verir və öz vicdan məhkəməndə müqəssir olmaq duyğusundan xilas edir. “Nə yaxşı Leyla xanımla tanış oldum, onun maarifə yönələn xidmətləri və maddi yardımı xalqın inkişaf bankına qoyulmuş sərmayədir sanki. Amma bizimkilər onun zahirinə baxıb “əcnəbi geyimli qadın” adı qoydu. Bəlkə bizimkilərdə də günah yoxdur, xalq ingilis dili bilmir, alman bilmir, rus bilmir. Lakin bizim yerimizə başqa millət olsaydı, onu geyiminə, maşınına görə qınamaq yerinə, ona Azərbaycan dili sevgisi aşılardı” düşüncələrində qadına nə qədər rəğbəti və hörmətinin artdığı biruzə verirdi.
Onun və Leylanın fəaliyyəti bir qrup insanları nə qədər narahat edirsə etsin, onların nə qədər haqsız hücumlarına, amansız təhdidlərinə məruz qalsalar da, bir an olsun öz müqəddəs amallarından dönmədilər. Bununla da, onlar əqidə, amal dönməzliyi ilə öz ətraflarına inkişaf, dəyişmək istəyən insanları yığa bilirdilər və bu insanların sayı gündən günə artmaqda idi. Bir zamanlar mollanəsrəddinçilərin, Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin getdiyi yolu indi onlar daha sürətlə, daha əmin addımlarla getməli idilər. Çünki dünya xalqları sürətlə inkişaf edir, bizimsə artıq gecikməyə vaxtımız yoxdur!

01.01.2019 – 06.03.2019

Təhminə VƏLİYEVA.”Millətin faciəsinə ağlamayan gözlərin yerinə də sən ağla, qərənfil, ağla!”

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.

valiyevatahmina@gmail.com

Bu gün qanlı 20 yanvar faciəsindən nə az, nə çox 29 il ötür. Məhz bu günlə bağlı olaraq, dövlət səviyyəsində qeyri-iş günü elan edilib, Şəhidlər Xiyabanında qırmızı, boynubükük qərənfillərdən bu faciənin təsvirində əsas simvol kimi istifadə olunub. Bu istifadə də əsassız deyil. Həmin dövrdə şadlıq rəmzi olan qərənfillər xalqın faciəsini, kədərini şadlıq-kədər kontekstində göstərmək üçün düzgün seçilmiş vasitə idi.

Sosial şəbəkələrdə #unutmarıq #unutdurmarıq #unutdurmayacağıq heşteqləri yaradılıb və bu faciəni çatdırmaq, unutdurmamaq məqsədinə xidmət edir. Bəs həqiqətən bu faciəni unutduq ya unutmadıq? Kimisi şəkillər, kimisi ənənəvi “faciə sözləri”, kimisi heşteqlər vasitəsilə bu faciəyə toxundu. Bəli, “faciə sözləri” ilə! Bu yazıların nə qədər ruhsuz, hissiz yazıldığı və şablon səciyyəsi daşıdığı o dəqiqə hiss olunur. Bu hala isə daha çox sosial şəbəkə səhifələrində rast gəldim, səhifələri xalq tərəfindən izləndiyi üçün çoxusu xatırlatmaya və yalandan “ümumxalq hüzn”ə şərik oldular. Xatırlayanlardan isə kimisi “qanlı yanvar” adlandırdı ağladı, kimisi “azadlıq mübarizəsi” adı verib qürurlandı. Paylaşanların, xatırlayanların, faciəyə ağlayanların sayı isə günü gündən azalmaqdadır, təəssüf ki!
Xalq arasında bu günü adi gün kimi yaşayanlar da, öz işində, fəaliyyətində olanlar da, “ümumxalq hüzn”ə qoşulmaq, “yas”a batmaq istəməyənlər də az deyil və getdikcə çoxalmaqdadır. #unutdurmarıq deyənlərin bir qismi isə bu faciəni vətən, xalq sevdalıların sayəsində təbliğat vasitəsilə xatırlayıb və özləri də bu təbliğata qoşulurlar. 20 yanvar 21 yanvara keçən kimi faciə unudulur, onlar da məişət həyatlarına qaldığı yerdən davam edirlər. Belə-belə unutmağa, unutdurmağa başlayırıq. Nəzərə alanda ki xatırlayanların, unutmayanların və unutdurmaq istəməyənlərin sayı getdikcə azalır, həqiqətən #unutdurmamaq böyük şücaət istəyir.
Elin, xalqın dərdini çəkmək, onu ürəyində illərlə daşımaq və faciəni törədənlərə qarşı nifrət hissini azaltmamaq, unutdurmamaq üçün çalışmaq asan məsələ deyil. Biz bir xalq, bir millət olaraq yavaş-yavaş unuduruq və unutdururuq! Qoy qərənfil xalqın faciəsinə ağlasın, yas tutsun, hüznə qərq olsun və qanlı göz yaşları ilə unutdurmasın o şənbə gecəsini, o qanlı tarix səhifəsini! Ağla, qərənfil, ağla!

Şəfa VƏLİYEVA.”Nəm çəkmişəm havasından sevginin”

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Bu şeiri 2010-da yazmışam… bu gün də oxuyub kövrəlmişəm…

Nəm çəkmişəm havasından sevginin,
Çiskin tökmək necə olur, bilirəm.
Öz yurdundan, yuvasından sevgini
Köçkün etmək necə olur, bilirəm.

Mənsizliyin söylənməmiş nağılmış,
Məni atmaq bir ölçüdə ağılmış.
Ümidləri dörd bir yana dağılmış
Qəlbi sevmək necə olur, bilirəm.

Mürəkkəb deyil ki, sevgi düsturu;
Ya sev, ya da unut…
Kəmdən uzaq dur!
Bir gün xatirəm də kabusun olur,
Hər gün ölmək necə olur, bilirəm.

Şəfa VƏLİYEVA.”Sən şagird ol, mən müəllim”

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

“Sən şagird ol, mən müəllim”…

Gəl, sənə bir dərs keçim…
“Sən şagird ol, mən müəllim”…
Bura Gəncədir…
Yeri-yurdu gencədir…
Bilirsənmi? İndi Gəncə düzündə
Lalələr tək-tək bitir?
Lalələrin yanıq bağrı
Şəhid məzarlarındakı
qırmızı-qaralı lentlər fonunda itir…
Bilirsənmi? İndi Gəncədə
universitetlərin qabağında oğlanlar dəstə-dəstədir…
Dərs qurtarınca bu dəstəyə al-əlvanlıq qarışır…
Xan bağı “sevgililərlə” coşur-daşır…
Bilirsənmi?
Gəncədə hündürdaban ayaqqabılar yaman bahadır…
Burda qızların çoxu boyu bəstədir…
Burda insanların xəstəxanası var,
Amma, bilən yoxdur ki, ağaclar daha xəstədir…
Gəl, sənə bir söz deyim…
“Sən şagird ol, mən müəllim”…
Burda “çoxbilmiş” biri var…
Ayrılıqdan qorxaraq
açmamış solan çiçəklərlə
Gözündəki yaşları silmiş biri var…
Bu gün axtardım onu…
Gəncənin ən romantik küçəsiylə getdim…
Getdim “Keçmiş Sabir küçəsi”ni…
Orda neçə xatirənin bahar nəfəsini duydum…
Neçə ayrılığın ayaq səslərini eşitdim…
Axtardığım “çoxbilmiş”i,
Arzularından itmişi
Çantamdan çıxardığım kiçik güzgüdə gördüm….

Xəyalə SEVİL.”Görünür”

“Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

Görünür,
Hayandan baxsaq görünür.
Bu ömür
Ayağı axsaq görünür…
Burda yenə gecələrin
Qaralıbdı qanı da,
Bütün pəncərələr bağlı
Yoxdu bir eyvanı da.
O ev mənim evimdi.
Burda yenə külək əsir,
Burda yenə yağışdı.
Yığışdır, İlahi, məni yığışdır.
O göyün üzündən
Kəs əllərimi,
Bu yerin üzündən
Ayağımı kəs.
Məni sevindir.
Görünür,
Bu yolun sonunda
Quyu görünür,
Quyuda
Gözümün suyu görünür.
Uzatmıram ömrümü də,
İlahi,
Yaman həvəsliyəm
Bəstə qoymağa.
Bir şəkil çəkdirib
Gedirəm daha.
Mən qəbir daşımın üstə qoymağa.

Xəyalə SEVİL.”Evimi də dəyişdim”

“Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

Evimi də dəyişdim.
İndi başqa pəncərədən baxıram
Günəşin qırmızı-qırmızı gülümsəməsinə.
Hər şey eyni…
Hər şey bir yana, tanrı,
Mən indi necə baxım,
Hər gün sənə açdığım
Əllərimin üzünə?!
Bu gün də belə keçəcək,
Yenə səhər açılacaq.
Təbəssümlər yerləşəcək
Kirayə yanaqlarıma,
Üzüm müvəqqəti sığınacaq yeri.
Qara çərçivədi ömür dediyin,
Səssizcə dolduraq
Dörd bucaq yeri…

Xatirə FƏRƏCLİ.”Təbəssüm”

Burda asta danış, güllər inciyər,
çiçəklər diksinər, hüşənər səsə,
bu nə eşq, nə ahəng, bu nə mənzərə
yaşıl bəyaz ilə girişib bəhsə.

ürəyim kəpənək qanadı burda,
qonur o budağa, qonur bu gülə,
bəzəkli, həvəsli ağaclar ilə
rəqs edib, rəng verir hər əsən yelə.

basdırın bahara, çiçəyə məni,
bundan ayrı nə var cənnət adında.
şəkillərdə donan təbəssüm kimi
qoy dünya beləcə qalsın yadımda.

Xatirə FƏRƏCLİ.”Qaytar bu ümidi”

sən necə anlaya bilərsən məni,
mən özüm-özümü bilə bilmirəm.
fikrimlə şum vurub, ceşin atıram,
sökürəm sinəmi niyə? bilmirəm.

yaşamaq sayılan hal mənlik deyil,
qaytar bu ümidi, al, mənlik deyil,
sükut mənlik deyil, qal mənlik deyil,
niyə əsir düşdüm Yerə? bilmirəm.

illəri yellərə verməkdir işim,
yorub yollarımı yorğun yerişim,
hansı dağa çıxım, dərəni aşım,
verim belə ömrü selə, bilmirəm.

Şairə Adilə NƏZƏR.”Şeirlər gecələr doğulur”

Filologiya üzrə fəlsəfə doktoru,
AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

Gecənin qaranlığına
ağ yağışlar yağır yenə…
Ruhumla ağlım arası
bir təzə hiss can çəkişir,
havalanır
mən adında fağır yenə.
Canımda bir dəli qız var,
dilində bir dəli söz var –
sevgi qoxur, həsrət qoxur…
Yazılmağa tələsdikcə,
bu gecənin qucağına
ulduz axır…
İçəridə dəli qızın
can yandıran susmaları…
Bayırdasa
payizın son damlaları…
Artır ürək döyüntüsü
divardakı saatın da..
Allahın könlü açılır,
göyün yeddinci qatında…
Duyğuların tərcümanı
bir gözəl şeir doğulur,
Sevgi sevincə boğulur…
Gözlərini bir-bir yumur pəncərələr…
Şair yaşayır gecələr…

Adilə Nəzər

Şairə Adilə NƏZƏR.”Yaşanıb bitib ən gözəl həyatlar”

Filologiya üzrə fəlsəfə doktoru,
AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

Yaşanıb bitib ən gözəl həyatlar,
İndikilər sadəcə bənzəridir əvvəlkilərin..
İndi ötürdiklərinə ağlayır insanlar,
gecikdiklərinə sürünür,
quru, dadsız sevgilərə bürünür.
Xəyalına çata bilmir,
qızılgülə bata bilmir,
kimsə kimin
pənahında rahatlanıb yata bilmir.

…Mənim də həyatım vardı –
sonrasını qurban verə biləcəyim,
günəşli günlərini özləyəcəyim..
O həyat ki..
Çoxundan yuxarı, azından aşağıydım,
o vaxtlar
xoşbəxt bir qız uşağıydım…

Yox, yox.. Yenilmədim həyata,
sadəcə baxışlarımı endirdim.
Bəlkə də bu günün yasını tutdum,
göy üzünə baxmağı da
elə o vaxtdan unutdum.
…və bildim ki, saçları küləklə sevişənlərin,
dilindən nəğməsi,
gözündən gülüşü sovuşanların
boşluğu dolmur.
Səhnəsi olmayan oyunçular tək
sözlə, səslə, rənglə oynayırlar
zamansız, məkansız.
yəni… itənlərin ünvanı olmur.

Yaşandı bitdi ən gözəl həyatlar,
İndikilər sadəcə bənzəridir əvvəlkilərin..

İndi sən həyata bənzəyirsən,
mən də sənə…

Ay Bəniz ƏLİYAR.”Nə gözəl sevgin var sənin?”

Nə gözəl sevgin var sənin?
Hər mövsümdə qanad açır.
Sinəndə qarlı dağlardan,
Gözündə yollardan keçir.

Gündüzlər qarışır başın,
Gah evdə, gah eşikdəsən.
Gecələr uyudub məni,
Başım üstə keşikdəsən.

Keçirəm neçə ağrıdan,
Neçə cür zordan, səninəm.
Yanında deyiləm bəlkə,
Mən uzaqlardan səninəm.

Əcəb yaxşı sevgidi bu,
Heç vaxt dəymirsən xətrimə.
Sən sabahlardan yetimsən,
Mən də sevgidən yetiməm.

Budurmu ikili həyat?
İçində ölüb bitirəm.
“Gəl” deyəndə gələmmirəm,
“Getmə” deyəndə gedirəm.

Ay Bəniz ƏLİYAR.”Hərdən hamıdan qaçıb”

Hərdən hamıdan qaçıb,
sənə doğru gəlirəm,
Düzgün deyil bilirəm…

Qapın da yoxdu bəlkə…
Gəlirəm, aç qapını,
sevgiyə ac qapını.

Qapındakı pişikdən
itinəcən acdı, ac…
Nə bitməz bir ehtiyac…

Getməyə yerimiz yox,
xərcləməyə paramız,
əskiyibdi yaramız…

Ömür də bitir belə,
bitirik yavaş-yavaş,
bir ömür olaydı kaş…

Heç nələr olmayınca,
hər şey vardır,
bəlkə də…
Bəlkə budur Sevgi də…
Bəlkə budur Sevgi də…

Afət VİLƏŞSOY.”Ölmək sonuncu şəkli çəkdirməkdi”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Cənub Bürosunun Rəhbəri

Ölmək sonuncu şəkli çəkdirməkdi-
Necə ölsən, görənlərin yaddaşında elə qalarsan.
Təbəssümlə ölmək gərək,
Ən xoşbəxt ana kimi,
Ən xoşbəxt övlad kimi,
Ən xoşbəxt insan kimi.
Son gülümsəmə-son mimika,
Son dəfə güzgülənməkçündü
Ağıza söykənən son güzgü.
Son gəlinlikdi son bəyaz.
Tanrıyla üzləşməkdi-
Günahların,savablarınla qolboyun olmaqdı
Ölmək sonuncu şəkli çəkdirməkdi-
Xatirələrin qucaq-qucaq sevgisində çiçəklənməkdi ölmək.
Yaşayırsa səndən sonra övladın,
Yaşayırsa yaddaşlarda əməlin
Və xatırlanırsansa ən gözəl
təbəssüm edən QADIN kimi-
Hər şeyin sonu olan ölüm özü son deyil…

Sumqayıtın Tarixi Muzeyində “Sumqayıt uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirilib

https://c.radikal.ru/c19/1912/56/eda9ef025b75.jpg

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıtın Tarixi Muzeyində Ə.Bakıxanov adına Uşaq İncəsənət Məktəbinin rəsm şöbəsi şagirdlərinin Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş əl işlərindən ibarət sərgisi keçirilib.
Sərgidə şagirdlərin “Sumqayıt uşaqların gözü ilə” rəsm müsabiqəsinə təqdim etdiyi rəsm işləri nümayiş olunub.
Tədbirdə əvvəlcə muzeyin elmi katibi Sənurə Lazımovanın və məktəbin müəllimi Nəsibə Şükürovanın mövzu ilə əlaqədar çıxışları dinlənilib.
Sonra müsabiqənin nəticələrində görə I,II və III yerin qalibləri, o cümlədən, həvəsləndirici yerlərin sahibləri fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Sumqayıt Regional Mədəniyyət idarəsinin Mətbuat xidməti

“Azərbaycan ədəbiyyatının virtual kitabxanası”na oxucuların marağı artır

https://c.radikal.ru/c30/1912/27/93d926ccca51.jpg

https://c.radikal.ru/c31/1912/2e/6ffb3169d6b4.jpg

https://a.radikal.ru/a24/1912/9c/f2ee322fee2e.jpg

https://b.radikal.ru/b08/1912/5c/1d0b3662e29c.jpg

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” 2007-ci il 20 aprel tarixli Sərəncamlarına əsasən Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2014-cü ildən başlayaraq “Azərbaycan ədəbiyyatının virtual kitabxanası” (http://ebooks.azlibnet.az/) yaradılmışdır.
Virtual məkanda fəaliyyət göstərən kitabxananın bir milyondan artıq izləyicisi var, burada yeddi minə yaxın kitab daxil edilib. Dünyanın 40-dan çox ölkəsindən sözügedən kitabxanaya müraciət olunur. “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nda Azərbaycanın tarixinə, mədəniyyətinə, daxili və xarici siyasətinə dair kitablar, dərsliklər və s. ədəbiyyat yerləşdirilib.
Bakının Binəqədi və Yasamal rayon, Gəncə və Sumqayıt şəhər, Astara, Ağdaş və s. rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri bu kitabxananın zənginləşdirilməsinə dair işlər görür. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında treninqlər də təşkil olunur.

“Azərbaycan ədəbiyyatının virtual kitabxanası” haqqında ətraflı məlumat http://yasamal.cls.az/front/files/libraries/81/documents/305256969.pdf linkdə verilmişdir.

Şəhla RAMAZANQIZI.”Qalmayıb heç nəyin abad”

Qalmayıb heç nəyin abad,
Yanaqlara süzülür yaş.
Hər şey uçuq,sökük,bərbad.
Dünya sənin başına daş!

Bircə nəfər əzizin yox,
Utanası bənizin yox,
Nökərin, ya kənizin yox,
Həddini bil yavaş-yavaş.

Yer tapılmır doğru sözə,
Yalan girir məsum gözə,
Gecən kin tutur gündüzə,
Yoxsa qaĺmısan sən də çaş?!

Şəhla RAMAZANQIZI.”Olsa da insanın ömrü çox qısa”

Olsa da insanın ömrü çox qısa,
Özünü yormaqdan bezmir ki, bezmir.
Böyük bir məqsədlə yaradılmışıq,
Ürəklər bu işi sezmir ki, sezmir.

Cavabsız suallar, sirlər hər tərəf,
Sınaqlar üstünə sınaqlar səf-səf,
Qarşıya qoyulub düyünlü kələf,
İnsanın səbri də dözmür ki, dözmür!

Gəliş də, gediş də sorğusuz, qəfil,
İznsiz bir yarpaq qopası deyil.
Bu Adəm övladı, bu yazıq tifil,
Əlini dünyadan üzmür ki, üzmür.

Şəhla RAMAZANQIZI.”Əzəmməzdi kimsə xalqın qüdrətin”

Əzəmməzdi kimsə xalqın qüdrətin,
Öz nəfsimiz sonumuza çıxdı, ey!
Sapı bizdən olan nacaq,baltalar,
Palıd idik böyrü üstə yıxdı ey!

Məsum olduq hiylələrə uyanda,
Düşmənləri evimizə qoyanda.
Acgözlərin tamahları doyanda,
Qan su oldu, küçə-küçə axdı,ey!

Yurd sevgisi köçəri bir quşmudur?
Sinəmizdə yatan ürək daşmıdır?
Tarixləri vərəqləmək boşmudur?
Babək, Nəbi tənə ilə baxdı,ey!

Şəhla RAMAZANQIZI.”Alverçi qadına”

Oturmusan soyuq daşın üstündə,
Qadın, sənin əynin, isti qalındır?
Nə satırsan, qurban olum, burda sən?
Ayağını don vuracaq, yalındır!

Kaş cibimdə yüzcə manat pul ola,
Nə satırsan,hamısını götürəm.
Ayağına isti geyim geydirib,
Sonra səni mənzilinə ötürəm.

Çox sağ ol ki əl açmırsan heç kimə,
Halal çörək qazanırsan,mərd qadın!
Üzdə məğrur dayansan da bilirəm,
Səni içdən didib yeyir dərd,qadın!

Nuryüzlü Balaca Şahzadəmiz Leyla Rəhimlini doğum günü münasibətilə təbrik edirik! (17 dekabr 2018-ci il)

Sən hələ körpəsən, üzündə nur var

Mayisə bibimin və Elbəyi əmimin Nuryüzlü nəvəsi Xanıməfəndi Leyla Rəhimova üçün

Günəşə, aya da boylanan Sənsən,
Söhbətin bal olar, sözün bal olar.
Nə qədər doğmasan, nə qədər əziz,
Sənin gülüşünlə dünya lal olar.
Sənə hələ körpəsən, üzündə nur var,
Boynuna örtdüyün ipək şal olar.

Bakı şəhəri. 6 iyun 2019-cu il.

Kənan AYDINOĞLU,
Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birlikərinin üzvü.

Sevinc Abdullayevanı doğum günü münasibətilə təbrik edirik! (17 dekabr 1991-ci il)

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və Kollektivi Sizi, Abdullayeva Sevinc Qəhrəman qızını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!

Mətbuat xidməti

Kənan AYDINOĞLU.”Coşub, çağlayasan adın kimi sən”

1902788_614529541965133_896121757_n

Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

Bu gün sirli-sehirli dünyaya göz açan balaca-bəbəş Nuryüzlü
Dəniz Qasımovaya sevgi və sayqılarla!!!

Şairlər dünyada bir vaxt-nə vaxtsa,
Arana-Muğana və Milə gələr.
Mayak görünəndə uzaqdan belə,
Yelkənli gəmilər sahilə gələr.

Nuryüzlü balalar öz çöhrəsində,
Özüylə bərabər sirr gətirəcək.
Bilirəm, qiyamət gününə qədər,
Körpələr dünyaya nur gətirəcək.

Deyirlər, mahal da, el də, oba da,
Yumruqtək birləşib, vahid olubdu.
Doğma Sumqayıt da-“Gənclər şəhəri”,-
Sənin gəlişinə şahid olubdu.

Hər nurlu səhərdə-şehli çəməndə,
Güləcək üzünə gül ilə çiçək.
Gözündə sevinc var, qəlbində sevgi,
Dünyaya gəlişin olsun mübarək!!!

Böyüyüb salamat boya və başa,
Çatasan günlərlə qadın kimi sən.
Hələ ki, körpəsən, amma yenə də,
Coşub, çağlayasan adın kimi sən.
Dərin hörmət və ehtiramla,

Bakı şəhəri. 26 noyabr 2019-cu il.

Əziz MUSA.”Qalır”

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Aydı, gecələrin bəzəyi, odu,
Sevgi, məhəbbətə yaraşıq odu,
Elə ki, gecənin yarısı oldu,
Ay batır, göylərdə ulduzlar qalır.

Zirvəyə uzanır yollar əzəldən,
Təzə izlər açır, hamı təzədən.
Dağlar yavaş-yavaş ayrılır düzdən,
Dağların qoynunda çox izlər qalır.

Gərək soyumasın heç vaxt aralıq,
Susuz yaşayarmı söyləyin balıq,
Elə ki, araya düşür ayrılıq,
Gözləyə-gözləyə bu qızlar qalır.

Məhəbbət bənzəyir günəşə, aya,
Şülür bu qismətə, şükür bu paya,
Gözlər göz yumanda haya, haraya,
Dildə ah-nalələr, avazlar qalır.

Sevgisiz mən necə danışım, dinim,
Sevgidi inan ki, imanım, dinim,
Sevgisiz ötəndə, mənim bir günüm,
Ürək nalə çəkir, qəlb sızlar qalır.

Əziz MUSA.”Köç havası”

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Tərk edilmiş doğma yerlər,
İndi bizdən çox-çox uzaq.
Gəlin yurdun igidləri,
Gəlin bu sükutu pozaq.

Əl uzadaq dağ ruhuna,
Gedək başına dolanaq,
İtməsin o yollar, izlər,
Qartal tək zirvəyə qonaq.

Niskil çöküb ürəklərə,
Gözləməkdən yorulmuşuq,
Harda qaldın, sən ey çoban,
Qəm oxuyan ney olmuşuq.

Dağ ürəkli dağ adamı,
O dağlar bizi gözləyir.
Aranda yurd salan ellər,
Bu həsrət bizi dizləyir.

O doğma yurd yerlərini,
Gəlin yuxudan oyadaq,
Köç havası çal, ey aşıq,
Dönək geriyə qayıdaq.

Əziz MUSA.”Gətirdin”

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Ömrümün bu vədəsində,
Ürəyimə yaz gətirdin,
Saldın məni oda, közə,
Bir sevdalı naz gətirdin.

Qoymadın ruhum dincələ,
Sevdirdin gülü, çiçəyi.
Bircə odlu baxışınla,
Dəli etdin bu ürəyi,

Yuxum çəkildi göylərə,
Əldən getdi gündüzlərim,
Bir gün səni görməyəndə,
Dolub, boşaldı gözlərim,

Neyləyim ki, gülüm məni
Bir Məcnuna döndərmisən,
Məni şeyda bülbül kim,
Gül bağına göndərmisən.

Çiçəkləri çox sevirəm,
Şükür bu qismətə, paya.
Gözlərimi çən tutmuşdu,
Sən açdın günəşə, aya.

Əziz MUSA.”Həsrətin”

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Həsrət məni öldürəcək, neyləyim,
Bu dərdimi ağla özün, ağla sən.
Səndən özgə kimə çatar gileyim,
Gəl yaramı öz əlinlə bağla sən.

Bu sözlərim yordu səni deyəsən,
Susammıram, ürək dinir, ay gözəl.
Unudursan sən də məni deyəsən,
Arzularım bir-bir sönür, ay gözəl.

Yadına sal gözlərimin öpüşün,
O günləri qaytaq gülüm, sən mənə.
Bir aləmdi o baxışın, gülüşün,
Qoy qol açım məhəbbətlə mən sənə.

Üz- gözündə yad baxışlar görməyim,
Yoxsa odlu ürəyimə qar yağar.
Həsrətindən qan ağlayır ürəyim,
Sənsiz göylər eşqimizə qarğayar.

Gözlərimi yaş aparır gəl bəri.
Bilrsənmi çox sevirəm səni çox.
Sən olmusan həyatımın dilbəri,
Ürəyimdə səndən başqa kimsə yox.

Əziz MUSA.”Qaçqın harayı”

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

O yurdda bir gözəl yiyəsiz öldü,
Bir kimsə yetmədi onun hayına,
Soldu çiçək kimi, soldu gül kimi,
Belə qismət düşdü onun payına,
Saçından yapışıb sürüdü cəllad,
Çəkdi bağ içinə, cırdı donunu,
Açdı sinəsini, abrı qızardı,
Açıq yerlərini tutdu əliylə,
Naləsi bir yerə çatmadı onun,
O vəhşi o qızın döşünü kəsdi,
Ağzını bağladı, səsini kəsdi,
Min oyun gətirdi onun başına,
Baxmadı gözündən axan yaşına,
Özünü qoruya bilmədi o qız,
Çığırdı, yalvardı, ha çapaladı.
Hirsindən ürərəyi, bağrı çatladı.
Töküldü torpağa qırmızı qanı,
Yalığı başından sürüşdü, düşdü,
Quransız, duasız tükəndi canı,
Beləcə dünyadan əzabla köçdü.
Cəlladın əlində öldü beləcə,
O bağın içində qaldı beləcə,
O yurdu sattanlar harın kişilər,
Görmədi o qızın faciəsini,
Qaçqını, köçkünü itə bənzədən,
Yazarlar, naşirlər utanın barı.
Ölün xəcalətdən, dinməyin barı.
Sizə kim veribdi bu ixtiyarı.
Sizi tutacaqdı o nalə o ah.
Nə qədər qeyrətsiz, şərəfsizsiniz.
Nə tez yaddan çıxdı o qanlı günlər,
Erməni tulası elə sizsiniz.

ƏZİZ MUSA.

Afət VİLƏŞSOY.”Kordüyün

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Cənub Bürosunun Rəhbəri

Üzümü güldürəcəkkən ağlamağı öyrətdin.
Həyatı sevdirəcəkkən nifrət etməyi.
hər şeyin tərsi sənin dərsindir-
Əmanətdir ürəyim
ağzı üstə çevirmə
boğulub ölər-içində sevgin.Sevgin ölər.
Yuxuma gəlmə-mən yanına gələrəm.
Ömrümə gəlmə-bizimki tutmaz bir ömür.
Sən elə beləcə nə uzaq qal,nə də yaxın,
Nə yad ol,nə də qohum.
Görənlərin gözlərini aldatsın ayaq səslərin
yağış damcısı kimi yeknəsək addımların.
Qapısı bağlı bir dünyadı arzuların-
Mən açanda gözlərin qapanır-
kordüyün,kordüyün.
Afət Viləşsoy

Heydər Əliyev Mərkəzində Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı olub

https://b.radikal.ru/b27/1912/b2/7808efbd65a5.jpg

Dekabrın 11-də Heydər Əliyev Mərkəzində tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı, Xalq yazıçısı, Əməkdar jurnalist Elmira Axundovanın rus dilində “Heydər Əliyev. Şəxsiyyət və zaman” (“Гейдар Алиев. Личность и эпоха”) üçcildlik roman-tədqiqatının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, roman-tədqiqatda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti canlı şahidlərin, müxtəlif vaxtlarda Ulu Öndərlə birgə işləmiş şəxslərin xatirələri və arxiv materialları əsasında əks etdirilib.

Tədbirdə çıxış edən kitabın müəllifi Elmira Axundova bu genişmiqyaslı layihənin həyata keçirilməsinə 2003-cü ildə Heydər Əliyevin öz xeyir-duası ilə başladığını, 2013-cü ildə isə başa çatdırdığını bildirib. O deyib ki, layihə əvvəlcə üçcildlik formatda nəzərdə tutulmuşdu, lakin sonradan altıcildlik roman-tədqiqata çevrildi. Bu illər ərzində əsər bir neçə ölkədə və bir neçə xarici dildə – ingilis, macar, türk, tacik, rus dillərində işıq üzü gördü. Bu, ikinci nəşrdir. Bu əsər Ukrayna və gürcü dillərinə də tərcümə olunub və çapa hazırlanır. Kitabda Heydər Əliyev haqqında bu günə qədər məlum olmayan faktlar toplanıb. Roman-tədqiqat arxiv sənədləri və rəsmi sənədlər, Azərbaycan xalqının Ümummilli Liderinin dostları, doğmaları və məsləkdaşları ilə yüzlərlə söhbətin lent yazıları əsasında qələmə alınıb.

Elmira Axundova çıxışında Heydər Əliyev şəxsiyyətinin təşəkkülündən, liderlərin necə yetişməsindən, Ümummilli Liderimizin fenomenini şərtləndirən xarakterik xüsusiyyətlərindən danışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin komitə sədri, akademik İsa Həbibbəyli deyib ki, təqdim olunan kitab Elmira Axundovanın çoxillik elmi-publisistik fəaliyyəti nəticəsində ərsəyə gəlmiş çox sanballı bir əsərdir. Bu kitab mütaliə etdiyimiz əsərlər içərisində görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş ən mükəmməl bioqrafik roman-epopeyadır. Bu roman-epopeyanın ümumiləşdirilmiş, ixtisar olunmuş, əslində yenidən işlənmiş variantı olan üçcildlik o qədər yaradıcı düşüncə əsasında hazırlanıb ki, kitabda nəyinsə ixtisar olunmasını hiss etmək mümkün deyil. Bir sözlə, bu, Heydər Əliyev şəxsiyyətini daha da ucaldan, sözün əsl mənasında, dünya miqyasında möhtəşəm bir abidə səviyyəsinə qaldıran əsərdir.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev bu əsərin üzərində böyük əmək sərf edildiyini vurğulayıb. Qeyd edib ki, “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyi ümummilli lider Heydər Əliyev haqqında Moskvada nəşr edilmiş ilk böyük əsərdir. Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov üçcildliyə ön sözdə yazır: “Elmira Axundovanın bu kitabı məhəbbətdən yaranıb. Belə kitablar lazımdır: onlar rəhbərlərin yeni nəslinin yetişdirilməsinə kömək edir. Bir ölkədə iki dövlətin rəhbəri olmuş Heydər Əliyevin nadir təcrübəsi xüsusilə qiymətlidir”. Xalq yazıçısı, həmçinin müasir tariximizdə silinməz iz qoymuş bu dahi şəxsiyyət haqqında ürək sözlərini dilə gətirib, xatirələrini bölüşüb.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, Elmira Axundovanın 20 illik zəhmətinin bəhrəsi olan kitabın Moskvada rus dilində ikinci nəşri böyük əhəmiyyət kəsb edir. Kitabın rus dilində nəşr olunması rusdilli auditoriyanın Azərbaycan həqiqətləri haqqında, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin titanik fəaliyyəti, onun xalqımızın inkişafı və tərəqqisi yolunda göstərdiyi fədakar əmək barədə dolğun məlumat almasına kömək edir.

“Kanon-plyus” nəşriyyatının direktoru Yuri Bajko deyib ki, Heydər Əliyev müstəqil Azərbaycan dövləti üçün bir insanın həyatı boyu edə biləcəyi hər şeyi edib və nəhayət, özünün ən möhtəşəm əsərini – müasir müstəqil Azərbaycanı yaradıb.

Üçcildliyin ərsəyə gəlməsində yaxından dəstək olan xaricdə yaşayan həmvətənimiz, Ümumdünya Dağ Yəhudiləri Konqresinin sədri Akif Qilalov vurğulayıb ki, bu, çox sanballı əsərdir, onu diqqətlə oxumaq və təsirini Azərbaycanın hüdudlarından uzaqlarda da hiss etdiyimiz böyük şəxsiyyətlə təmasda olmaq lazımdır.

Qeyd edək ki, üçcildliyin birinci kitabı (“Hakimiyyət yükü altında” – “Под бременем власти”) ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin erkən dönəmləri haqqında məxsusi və geniş auditoriyaya az məlum olan faktlarla zəngindir. Nəşr Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərində, həmçinin Prezidentin şəxsi arxivində aşkar edilən nadir sənədlərə əsaslanır. Əsərin qəhrəmanının uşaqlıq və gənclik illərindən, Ulu Öndərin dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətindən, eləcə də 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdən bəhs olunur.

İkinci kitab (“Kreml beşilliyi” – “Кремлевская пятилетка” ) Sov.İKP MK üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin Kremldə işlədiyi beş ili əhatə edir. Bu cilddə Heydər Əliyevin SSRİ-nin üç baş katibi – Andropov, Çernenko və Qorbaçovla münasibətlərindən bəhs olunur. Siyasi Büro daxilində münasibətlər, Heydər Əliyevin nəticələrinin aradan qaldırılmasında iştirak etdiyi qəzalar və texnogen fəlakətlər, onun xarici səfərləri, “Qorbaçov yenidənqurması”nın başlanğıcı və sonu, Dağlıq Qarabağ münaqişəsi, Heydər Əliyevin istefasının əsl səbəbləri və SSRİ-nin süqutu ikinci kitabda əksini tapıb.

Üçüncü cilddə (“Qayıdış” – “Возвращение”) ulu öndər Heydər Əliyevin 1990-cı ildə Vətənə, üç ildən sonra isə siyasi olimpə qayıdışından bəhs edilir. Kitabda Ümummilli Liderin Naxçıvan Muxtar Respublikasını blokadada yaşayan illərdə aclıqdan və soyuqdan, həmçinin Ermənistanın işğalından xilas etməsi əksini tapıb. Eyni zamanda, Ulu Öndərin Azərbaycanda vətəndaş müharibəsinin, ölkənin parçalanmasının qarşısının alınması, Ermənistanla uzunmüddətli atəşkəsin əldə olunması, neft strategiyası hesabına respublikanın XXI əsrə güclü iqtisadi inkişaf tempi ilə daxil olması istiqamətindəki fəaliyyəti təsvir olunub.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsi

Ədəbiyyat İnstitutunda İmadəddin Nəsimiyə həsr olunmuş elmi-nəzəri seminar keçirildi

https://c.radikal.ru/c24/1912/03/7450b2cbf30f.jpg

Ədəbiyyat İnstitutunda İmadəddin Nəsimiyə həsr olunmuş elmi-nəzəri seminar keçirildi
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında verdiyi Sərəncamlara uyğun olaraq İnstitutun həyata keçirdiyi silsilə tədbirlər çərçivəsində elmi-nəzəri seminar keçirilib. Seminarda hürufizmin tanınmış tədqiqatçılarından olan Oman Sultan Qabus Universitetinin professoru Fatih Usluerin “Hürufi qaynaqlarında Seyid Nəsimi” mövzusunda məruzəsi dinlənilib.
Tədbiri giriş sözü ilə Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı açaraq “Ey Nəsimi, cahanı tutdu sözün…” II Beynəlxalq elmi konfransın tərkib hissəsi olan həmin seminar üçün dəvəti qəbul edib gəldiyinə görə professor Fatih Usluerə təşəkkürünü bildirib.
Türkiyəli alim Fatih Usluer “Hürufi qaynaqlarında Seyid Nəsimi” adlı məruzəsində Nəsiminin hürufiliyə nə zaman gəlməsi, Fəzlullah Nəimi ilə nə vaxt və harada tanış olması ehtimallarına da münasibət bildirib. Onların ilk görüşlərinin 1386-1387-ci illərdə Təbrizdə olması ehtimalını irəli sürsə də, Bakıda görüşdüklərini də inkar etmir. Hətta Nəsiminin hürufiliyə 1394-cu ildə, Nəimin edamından sonra gəlmə ehtimallarını da diqqətə çatdırıb.
Seminarda Ədəbiyyat İnstitutunun alimlərindən filologiya elmləri doktorları Rəhim Əliyev, İmamverdi Həmidov, Fəridə Əzizova, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva, doktorant Şəmsurə İsmayılova və başqalarının mövzu ilə bağlı sualları da cavablandırılıb.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsi

Rafiq ODAY.Yeni şeirlər

* * *

Adam olun biraz, adam,
müvəqqəti də olsa
Qoyun bir kənara
bütün əllaməçilikləri.

Siz orda düşüklük,
gədəlik edirsiniz,
Mənim burda
ömrüm çiliklənir.

* * *

Paşayam, xanam özümə,
Kim gəlsə, ənamı məndən.
Bir kimsə ala bilməyib
Hələ ki, bu namı məndən.

Neçə açılmaz sirr varmış,
Sirri sirr edən BIR varmış.
Qəlbində, zalım, yer varmış,
Daha çox bunamı məndən?!

Göy mənəm, qurşağı odur,
Bir xeyli aşağı odur.
Bax, ana uşağı odur,
Keçibdi Sunami məndən.

* * *

Nəinki ayın neçəsi,
Heç hansı aydı, bilmirəm.
Payız ötüb, qış gəlibmi,
Yoxsa ki, yaydı, bilmirəm.

Gah axurda, gah da hində,
Sənintək bir olar mində.
Səni bu hikkədə, kində
Kim adam saydı, bilmirəm.

Rahilə xanım DÖVRAN.Seçmə şeirlər

Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

SƏMƏD VURĞUNA
/”Şair,nə tez qocaldın sən?!/

Dədə Vurğun döğru deyir,
“Şair olan qəm də yeyir.
Şair qəlbi dərd kanıdır,
Sehirli, sirr məkanıdır.
Qəlb sədası hər bir şeir
Pıçıldayır mənə pəsdən:-
“Şair, nə tez qocaldın sən?!”

Heyran- heyran hey ğəzdiyim,
Sinəsində ot əzdiyim.
Zümrüd meşə göy yaylaqdan,
Qarli zirvə, “Zorbulaq”dan,
Hər sətrinə gül düzdüyüm
Duydum qoşma, təcnisimdən:-
“Şair, nə tez qocaldın sən?!”

Hərdən əsir soyuq külək,
Səbəbini biləm gərək.
Ömür boyu sirdaş olan,
Gah boşalan, gah da dolan.
Yurda, elə bağlı ürək
“Üzəvura, deyir hərdən:-
Şair, nə tez qocaldın sən?!”

Yazdıqlarım sərvət, varım,
Nəğməkardır həyat tarım.
Şərəfimlə ömür sürdüm,
Yaxşı gördüm, yaman gördüm…
Hey ox oldum, yayı tarım
Səda gəldi hədəflərdən:-
“Şair, nə tez qocaldın sən?!”

Saç ağartdım, əldə qələm,
Dop- doludur hələ sinəm.
Gur bulaqdır təbim mənim,
Sadiq yarım, hürr vətənim.
Yaratdıqca mənə nə qəm?
Qoy deməsin yarım, Vətən:-
Dövran, “nə tez qocaldın sən?!”…

İSTƏDİM
/”Düşüncələrim” – silsiləsindən/

Dünyanı dərk edib anlayan andan,
Tanrıdan dağlartək vüqar istədim.
Diləyi dilədim ürəkdən, candan,
Ömürlük vəfədar, ilqar istədim.

Heç zaman sevmədim bəzəyi, zəri,
Hüsnümü süslədi alnımın təri.
Olsa da üstümdə Haqqın nəzəri,
Rəbbimdən nə sərvət, nə var istədim.

Çox çıxdı yoluma “halay pozanlar”,
Ayağım altında “quyu qazanlar”.
Hey sitəm etsə də “yolun azanlar”,
Onlara meydanı, mən “dar” istədim.

Ürəkdən bağlandım doğma torpağa,
Mehr etdim hər kola, gülə, yarpağa.
Can verdim zəhmətlə bağçaya, bağa,
Halalca bol bəhər, bol bar istədim.

Aylarım, illərim getmədi bada,
Haqqımda duyuldu ancaq xoş səda.
Kimsəyə vermədim dərd, bəla, qada,
Dövranam, dörd fəsli, bahar istədim…

Şairə-publisist Nəcibə İLKİN.”HAQQ YOLUNDA LƏKLƏNƏN ÖMÜR”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

(Şair Əbülfət Mədətoğlunun “Bir qadına” adlı şeirlər kitabı haqqında düşüncələrim)

C.Rumi yazırdı; insan onun haqqında deyilən sözlərdən ibarətdir.Yəni insanın qiyməti onun pulunun, varının miqdarı ilə deyil, onun haqqında deyilən həqiqi sözlərlə ölçülür. O söz ki, orda haqq-ədalət, cəsarət və bir də sözün qüdrəti var. O söz ki, insanın mənəvi aləminin ifadə vasitəsi, ruhunun qidasıdır. Dahi Füzulimiz demiş ilahi nemət olan söz insanın yaraşığı, munis dostu olmaqla onun mənəvi dəyərini mizana qoyur. Belə bir söz sahiblərindən biri də “Ədalət” qəzetində özünə ədalətli yol tapan, haqqın çırağını yandıran və onun işığına milyonları səsləyən Əbülfət Mədətoğludur. Qəlbinin süzgəcindən keçirdiyi sözün təamlarını misralara kökləyib oxucuya yaxşı yedizdirməyi bacaran şairlərdəndi Ə.Mədətoğlu.
Qu tükündən yumusaq,
Bir beşikdi ürəyim.
-deyən şairin ürək pəncərəsini açanda şeir dünyası gözəl görünür. Burda ustad şairimiz H.Arifin bir sözü yadıma düşür: “Açıq ürəkliyə eldə-obada, şair ürəklidi deyib babalar.” Ə.Mədəoğlunun ürəyi isə qu tükündən də yumşaqdı. Əgər belə olmasaydı bu gözəl sözlər orda yer tuta bilməzdi şair! Onun şeir dünyasına səyahət edirəm.
Misralaraında toxuduğu fikirlərin hənirtisi insanı qəflət yuxusundan oyatmaqla yanaşı, qəlbinə bir sərinlik də gətirir. Söz-söz xırdalanıb, misra-misra baş qaldırdığı şeirlərində ruhun təlaşını, insanın cismani varlığını düşüncəsinin zirvəsində elə bütövləşdirir ki, sanırsan ki, sözdən bir qaya qurub, dağ yaradıb. Və bu zirvələrdə ulduz kimi parıldayan fikirlər insanın qəlbinə hakim kəsilməklə yanaşı onu düşünməyə vadar edir. Tale oyunlarında, bəxt savaşında sakit-sakit dərdini içinə çəkib, gorun-gorun tüstülənən şair:
Mən indi ayrılıb insanlardan
Yapışıb xəyallardan
Bağrıma basıb yarpaqlardan
Xəzəl dilində danışıram.
-deyir. Payız xəyallarının yarpaq tökümü şair qəlbində xəzələ döndükcə, kənara çəkilib onlarla dil tapıb, danışan şairin təbiəti elə payız fəsli kimidir. İçindəki ağrılarını, dərdlərini sözünün gücü ilə sakitləşdirir. Öldürmür, yaralamır, ona sığal şəkir. Sığal çəkdiyi ağrılar min illərin vətən dərdi, tale yüklü məsələlərdi ki, bizimlə hər zaman ömür yoldaşı, dərd ortağıdır. Hər dövrün öz şairi, öz yazarı var. Amma dərdlər isə əsrlərindi, yaddaşlardan silinməyən tarixindi. Onlar bizi tərk etmədiyi kimi, biz də onları dövr-dövr, zaman-zaman təzələyirik. Haqsızlığın pərdəsi o qədər qalın olur ki, onun nazilməsi haqqın-ədalətin belinin sınması ilə nəticələnir. Bu ağrılar isə şairlərin ürəyindən keçir, qələmində düyünlənir. Bizə isə inildəyə-inildəyə yazmaq qalır. Şairin dediyi kimi:
Sözüm toxunmasın!-deyə qələmi
Gözümün yaşında yuyub yazıram!
Gözəl poetik deyim!
Əbülfət müəllimin şeir dünyası ömür yollarımızın daşlı-kəsəkli bahar fəslidir. Orda həm dincəlmək, həm də yaxşı hönkürmək olur. Taleyin bizə verdiyi ağrılar bizi ətək-ətək əzabların söz gücündə həm ağladıb, həm də güldürüb. Ömür pəncərəmizin müşənbə işığında dərdlərimizin saralmış səhifələrini varaqladıqca, arzularıın saraldığını, ümidlərin qırıldığını hiss etmək və onları sözün cənginə vermək şairlərə məxsusdu. Məhz bu mənada şair söz gücünü bədii ifadəsi ilə belə təsvir edib:
Bu qocalan ümidlərim
Vaxtsız-vədəsiz qarıdı.
Ümidsiz, ümidli yerim
Güldü, həsrətim yarıdı.
Eynilə şair ümidlərin güldüyü anda, həsrətinin gülməsinə işarə etməklə dərdlərimizə güzgü tutur. Faciələrimizin, bəlalarımızın qısasının alınmadığını görən şair dərd köhlənində nə qədər çalışsa da, xalqının ağrılarına biganə qala bilməyərək, dərdlərini dördnala çapır. Sızlayan, göynəyən ayaqları deyil, ürəyidi, qəlbidi. Sağalması yalan olan yaralarıdı. Bu yaralar birmi, beşmi.. Təbriz, Dərbənd, Göyçə, İrəvan, Zəngəzur, Qarabağ, Xocalı…. və s. Əlində haqqı, ədaləti bayraq edən şair xalqını milli birliyə səsləsə də, azadlılğın buxovunda çürüyən vətənini, haqqı tapdanan millətini gördükcə sarsılır. Torpaqları işğal altında olan millətinin acı göz yaşları şair ürəyində dərd yuvası salır. Azadlığını hər şeydən üstün tutan vətən oğulları şəhid olduqca vətən-vətən göynəyir, vətən-vətən tüstülənir. Həsrətli Arazının həsrəti onu çarmıxa çəkir:
Üyünür hər cür dən də,
Artıq da, elə kəm də.
Bir-birinə sarılan
Həsrətli Araz, həm də-
Kür olaq…
Üstündə gəzdiyimiz torpaq bizə ana qədər əziz olan Vətənin durduğu yerdir. Ona söykənib ayaq üstə duran Vətənə biz torpaqdan boylanır, ondan qürurlanırıq. Bizə verdiyi nazı-nemətdən doymadığımız kimi ona olan məhəbbətimizdən də doya bilmərik. Əfsuslar olsun ki, ona xain çıxıb özünə haqq qazandıranlar da var, uğrunda şəhid olub təpədən dırnağa vətən olan igid oğullarımız da var. Bu fərqlilik zamanın deyil, özümüzün vicdan haqqımızın zəifliyi, iradəmizin gücsüzlüyü, yaxud içimizdə boy atan paxıllıq və vara-dövlətə hərislik kimi iyrənc hisslərin bəlasıdı. Hələ də özümüzlə bir yaşadırırq bu acı hissləri, bu iyrəncliyi. Torpaq-ugrunda ölən varsa, Vətəndir!-deyib müdriklərimiz. Bəzilərimiz isə onun əksinə işlədik, içimizdə düşmənlə bərabər yaltaqlıq, ikiüzlülük, simasızlıq da bəslədik. Və bu iyrənc xüsusiyyətlərə qurban verdik hər şeyi. Baxmayaraq ki, torpaq uğrunda ölməyi bacaranlarımız da oldu, amma torpaq uğrunda min bir dona girib iblis olmağı bacaranlarımız onlardan az olmadı. Onun üçün də şərəfli məğlubiyyət bizi öz qoynuna aldı. Bizi bu torpaq bağışlamayacaq, qoynunda bizə rahatlıq verməyəcək, o zamana kimi onun torpaq haqqını özünə qaytarmasaq. Şairin dediyi kimi, bizi üstündə tutmayacaq, qoynuna almayacaq.
Sən Allahın önündə lal,
Mən duracam dizi üstə.
Qaçılmazdı bil ki, bu hal,
Tutmayacaq bizi üstə-
torpaq !
Və etdiyimiz səhfləri taleyin ümidinə buraxmaqla can rahatlığı axtarırıq. Əslində zamanın eybəcərliyinə çevirdiyimiz haqsızlıqlar tüğyan etdikcə özümüzü bu zülmün içində boğur, gələcəyin lənətli qarğışına düçar oluruq. Məhz Ə.Mədətoğlunun şeirlərində dilə gələn misralar harayçı qüvvə kimi bizi üzümüzə sillə-sillə dəyərək söz yarasında bişirir, ayıltmağa çağırır. Biz bu şeirlərə adi şeir kimi yox, haqqın gözüylə baxsaq, yaşamağa haqqımızın olmadığını gözəl dərk etmiş olarıq. O, həqiqətin carçısıdır. O, ədalət güzgüsüdür, kim istəsə özünü bu güzgüdə aydın görə bilər:
Hər kəs ürək ovudur,
Bu şair söz-sovudu!
Kimi ürək ovudur,
Kimi isə baş tutur!
Aldanıldığımızın, başımızı qatılan yalanların işığında özümüzə tumar verməyimizin haqq səsidi bu. Bu səs qərinələrin səsidi. İlkinliyimizin, türkçülüyümüzün, mərdliyimizin səsidi. Misra-misra dilə gəlir, söz-söz qəlbimizi göynədir. Şair qəlbində qırılan ümidlər heç bir kəsin içində boy ata bilməz. Şair sözündə göyərən arzular vicdanı olmayanların vicdanında yer edə bilməz. Bu mənada şairin qələmindən şahə qalxan vətən ağrıları poetik ruhun gözəlliyində başqalaşsa da, qara kölgələrin başı üstündə fəğan edir. Qara ruhların ürəyinə ox kimi sancılır və tarixi gercəkliyin haqq yoluna üz tutur. Dərddlərin əlində xırdalanan, ləklənən şair ömrü haqqın çırağını yandırmaqla özünə ömür qazanır- VƏTƏN ÖMRÜ!
Yarpaq tökümü başlayıb
Qəm artıq məndə qışlayıb.
Daha ruhu da xışlayıb-ləklənirəm!
Ə.Mədətoğlunun hansı bir misrasına yan alsan onun alt qatından vətən dərdi boylanır. Hər sözündə vətən dərdi asılıb. Bu asılqanlara tamaşa edəndə qanlı tariximiz gözlərin önündə canlanır. Hər daşında şəhd qanı, hər torpağında qan izi. Bu izləri örtə-örtə gözlərimizi də onunla bərabər bağlayıblar. Amma könlümüzə, qəlbimizə heç kəs möhür vura bilməyib və bilməyəcəklər də. Çünki bu vətənin qələmi də süngü olan şairləri var. Və qanlı könüllər nə zamansa fışqıracaq, onun qarşısını almaq mümkün olmayacaq. Bunu xalqın tarixini yazan şairlər, yazıçılar gözəl bacarır. Onların əlini qısmaq, könlünü susdurmaq mümkün olan iş deyil. Düşmənin vuran əlini, yazıçının, alimin qələmi susdurmalıdır. Hər yazılan tarix keçmişin gələcəyə salamıdır. İçindəki hıçqırtıları sözləri ilə boğaraq nəzmə çəkən şair də bunu deyir:
Bir az kecikdim mən bu etirafda,
Batan gəmi kimi izim yuyulur.
Durub su axtarma heç bu ətrafda,
Kipriyimdən damır..üzüm yuyulur.
Bədii ifadə tərzi, estetik zövq şairin istər vətən, istər sevgi şeirlərində gözəl cilalanıb. Poetizm, lirizm onun şeirlərində dilə gəlir. Sözlər budaqdakı təzə pöhrə yarpaqlar kimi yenicə boy atdıqca xəfif mehin nəfəsində nazlanır.
Şairlərin mayası sevgidən yoğrulub. Vətən sevgisi, ana sevgisi, bir də eşq… Bunlar qırmızı xətlə keçir şair ömründən. Vətənə olan güclü sevgi onun insani sevgisində də apaydın görünür. Məhəbbət çıplaq qalar, əgər abır-həya olmasa, eşq lüt-üryan görünər əgər ona həyamızla libas geydirməsək. Bu mənada eşqi qartal kimi zirvələr gəzən şairin məhəbbət andı, eşq inadı onu oxuyan hər kəsi mat qoyur. “Məhəbbət bir bəladır, giriftar olmayan bilməz” deyən Füzulimizin məhəbbət köynəyindən çıxan şair:
Bağışlanmaz cinayətdi –MƏHƏBBƏT!
Sevgi üstdə tutulmuşam-yatıram.
-deyir.
Burda Füzulimizin ömür boyu çəkdiyi sevgi əzabı duyulur. Sən demə, eşqi dəlilik bütün şairlərin alın yazısıdı. Onların qələmini kədər, ürəyini məhəbbət yonur. Ölümsüzlüyü içində daşıyan həsrət adlı bir ağrıdır eşq. Odun-alovin içində çırpına-çırpına səsini-sədasını ömür adlı bir çəlləyin içində batırmaqdır eşq. Gecə-gündüz qor tutan ürəyin axan göz yaşlarıdır eşq. Bu yaşlar şairin sözlərində damla-damla axıb süzülür misralara. Kövrəlməmiş keçə bilmirsən:
Nəzir kimi qəbul et,
Pirdə göz yaşlarımı.
Fransız yazıçısı J. Labrüer yazırdı ki, Qadınlar kişilərin əksəriyyətindən güclü sevirlər, amma kişilər dostluqda daha möhkəmdilər.
Aşiqin qəlb evində şam kimi yanan eşqin şöləsi onun göz yaşları ilə bərabər ziyarət evidir. Bu evin başına hər gün dolanan aşiqin tökdüyü göz yaşları eşq yolunda vəfa qıldığı ömür, həsrətinə qısılan əlidir. O əllər gah Tanrıya, gah da eşqinə sarı uzanır. Eşq yolunda əritdiyi ömür payı isə aşiqinə verdiyi nəzir kimi bəxtinin qəm hasarı, taleyinin qəm qatarıdır. Bu qatarda hələ çox uzun ömür gedəcək. Öz-özünə pıçıltıyla, səssiz axan çaylar kimi xəyallarının girdabında dolaşa-dolaşa. Nəğmə olub dodağından, sevgi olub gözlərindən həsrət-həsrət süzülən misralar kimi səpələnəcək:
Dur gəl məni danışdır,
Bir az çıxım içimdən.
Bir az eşqə bulaşdır,
Bir az sevgi içim mən.
Yaxud:
Məndən ayrılmağın, bil
Tək bircəcə yolu var.
Məni torpaq aparsın,
Səni də sevdiyin yar.
Eşqin təsirindən məst olan şair onu mey kimi qəlbinin gözündən içə-içə ruhunun göy üzündə tamaşasına durur. Oxucu isə hələ də məstdir, sərxoşdur. Budur poetizm, budur şeir dünyası. Sevgisi yolunda ölməyə belə gedən aşiq qəlbində sevgisinin, sözündə onun rəsmini çəkməyi bacarır. Bu dünyadan kənar durmaq istəmirsən. Həsrətin işığında sevgisinə yol gedən aşiqin kipriklərində şeh damcıları vüsal yağışını xatırladır. Açılan hər səhəri göz yaşları ilə yuyan aşiqin iztirabı, əzabı sevən qəlbin gözəlliyidir. Sevginin gözəlliyi onun çəkdiyi əzabındadır. Şairin dilə ilə desək:
Bir kirpiyin şehi ilə
Üzün yuyuram səhərin
Yuxusuna keşikçiyəm
Sən dönənəcən şəhərin.
Əsl şair odur ki, oxucunu heyrətləndirsin. Sözün varlığını, sözün qüdrətini onun ritmində oynada bilsin. Sözün oyunu səni mat qoysun. Məhz bu mənada Əbülfət bəyin şeirlərində söz oyunu, söz aləmi payız yağışlı, bahar nəfəslidir. Poetik mənzərə fəsillərin dilində dilə gəlir. Özü demişkən:
Mən nəm çəkən, göy də nəm
Yerdə də hər tərəf daş.
Xəyallarım göydələn
Kipriklərim də ki yaş…
Onun xəyalları da şeirdi, fikirləri də şeirdi… Ruhuna çəkdiyi sözdən nəmlənən gözləri, vuran ürəyi aşiqliyin səmasında pərvaz edir. Xəyalı göylərdə, səmada, qəlbi isə dərdinin axarında yol gedən şairin fikir dünyasında bir bütövlük var, həyati baxışında doğmalıq var. Dərdin köynəyinə bürünüb xəyal dünyasının işığında yol gedir üzü haqqa-həqiqətə doğru:
Dərdimin sapı sına,
Dözümü, tabı sına,
Hər kəsin qapısına,
Durub öz kəsi gəlir.
Yaxud;
…ayrıldığım insanlar,
Daldığım xəyallar
Pıçıldaşdığım yarpaqlar
Ömrümün itən-
Bitən gözəl günüdü….
Hər misrasında sözüylə pçıldaşan, xəyallarında, düşüncəsində ömür adlı məbədin gözəlliyini qorumağı bacaran dəyərli şairimiz Əbülfət Mədətoğuna sağlam ömür və yaradıcılıq arzusu ilə

Təhminə VƏLİYEVA.”“İRAN İNQİLABI”NIN ƏHMƏD BƏY AĞAOĞLU YARADICILIĞINDA ƏKSİ”

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.

valiyevatahmina@gmail.com

“İRAN İNQİLABI”NIN ƏHMƏD BƏY AĞAOĞLU YARADICILIĞINDA ƏKSİ (“İran inqilabı” əsərinə əsasən)
Açar sözlər: İslam dünyası, Şərq xalqları, despotiya, fikri təsirlər, hərəkatlar, İran inqilabı
Key words: the world of İslam, the people of Eastern, despotisizm, mental influences, movements, İranian revolution
Ключевые слова: мир Ислама, народ Востока, деспотизм, духовные влияния, движения, Иранская революция

XIX əsrin sonları, XX əsrin əvvəllərində İranda baş verən ictimai-siyasi proseslər sözsüz ki, onun ədəbi-mədəni inkişafına öz təsirini göstərirdi. İstibdadın İran xalqının həyat və fəaliyyətinin hər sahəsində özünə yer alması, yeni, mütərəqqi fikirli ziyalıların təqib edilməsi, Avropa yeniliklərinin məqsədli surətdə dəyişdirilərək gətirilməsi ölkənin hərtərəfli inkişafının qarşısını alırdı. Ancaq fikri təsirlər xalqı oyanışa, inqilaba çağırırdı. Dövrün ayıq-sayıq və açıqfikirli ziyalılarından olan Əhməd bəy Ağaoğlu İranda gedən bu proseslərə biganə qala bilməzdi. Elə bu səbəbdən, yaradıcılığında İran mövzusu məxsusi yer tutmuşdur. Bu mövzuda ərsəyə gətirdiyi yazı və məqalələr Ə.Ağaoğlu yaradıcılığında problematika baxımından çoxsəpkili xarakter daşıyır. Belə ki, İran tarixi, farslıq və türklük, mövhumat, istibdad, şiəlik, qadın kimi problemləri o, İran mövzusu üzrə işləmişdir. Dövri mətbuatda İran həyatından mövzu almaq onun yaradıcılığında bu problemlərlə yekunlaşa bilməzdi. Xalqların maddi və mənəvi əsarəti məsələsi də Əhməd bəyin diqqət mərkəzində idi. Hələ Parisdə Sorbonna Universitetində təhsil alarkən İran tarixi, məişəti və həyatına dair məqalələrlə çıxış edən Ə.Ağaoğlu İran inqilabına da etinasız qalmamışdır. Bu və ya digər xalqı maddi və mənəvi istibdaddan xilas edəcək hər hadisəyə xüsusi həssaslıqla yanaşan ədib üçün İran inqilabı mövzusu, əlbəttə, ideal seçim idi. XIX əsrin sonları, XX əsrin əvvəllərində İranda mövcud olan vəziyyət, Müzəffərəddin şah, Məhəmmədəli şah, Nəsrəddin şahın yürütdüyü istibdad hakimiyyəti bu məsələnin qoyuluşu üçün kifayət qədər material verirdi. Çünki 1905-1911-ci illərdə baş tutan İran inqilabı İran xalqının istibdaddan azad olmasına və məşrutiyyə hakimiyyətinin qurulmasına zəmin yaratmaqla bərabər İranın, o cümlədən İslam dünyasının əqidəsinin “əskimiş fikirlər”dən qurtulmasında, Şərq xalqlarına azad ruh, demokratik düşüncə aşılanmasında da inqilab yaratdığı danılmaz faktordur. Bu baxımdan, Əhməd bəy Ağaoğlu da İran inqilabının müsəlman xalqlarının oyanışındakı rolunu yüksək qiymətləndirirdi.
Əhməd bəy Ağaoğlunun “İran inqilabı” əsəri ilk dəfə 1934-cü ildə “İran və inqilabı” adı ilə Türkiyənin Ankara şəhərində, Baş nazirlik mətbəəsində “1500 ilə 1900 arasında İran” adı altında çap edilmişdir. İkinci dəfə isə 1941-ci ildə İstanbulda nəşr olunmuş əsər “Ağaoğlu külliyyatı”nın üçüncü cildinə salınmışdır. Kitabı nəşrə Ə.Ağaoğlunun oğlu Səməd Ağaoğlu hazırlamışdır. “İran inqilabı” əsərində Əhməd bəy Ağaoğlu İran şahı Müzəffərəddin şah zamanında gerçəkləşən İran inqilabının baş tutma səbəblərini göstərməklə bərabər həmin dövrdə İranda mövcud olan ictimai-siyasi, sosial vəziyyəti də şərh edir. Əvvəlcə ədib Müzəffərəddin şah və onun fəaliyyətinin inqilabın meydana çıxmasındakı rolundan bəhs edir. Daha sonra inqilabın reallaşma səbəblərini və onun baş vermə prosesini bütün təfərrüatı ilə göstərməklə İran inqilabının tam mənzərəsini yarada bilir. İnqilab səbəblərini isə o, maddi və mənəvi olmaqla iki böyük qrupa ayırır. Maddi səbəblərə “idari uyğunsuzluq”, “sui-istifadə”, “cəbr və zülm”, “yoxsulluq və ehtiyac”, “əcnəbi hökmranlığı”nı, mənəvi səbəblərə isə “iranlıların xariclə münasibətlərinin artması və onların bir dərəcədə avropalılaşması”, “fikri təsirlər”, “Rusiyada və xüsusilə İran yaxınlığında Qafqaz və Azərbaycanda baş verən oyanma hərəkatları”nı daxil edir. Əsərin “İnqilabdan əvvəlki İranın maliyyə vəziyyəti” bölümündə ədib İranda mövcud olan iqtisadi-maliyyə vəziyyəti barədə təsəvvür yaratmağa çalışmışdır. O, bu bölümdə İranın inqilabdan əvvəlki idari və maliyyə vəziyyəti barədə ətraflı məlumat almaq üçün ingilis dilində yazılmış Ser Moryerin “Hacı Baba İsfahani” və Lord Kerzonun “İran və İran məsələsi” adlı əsərlərini oxumağı öz oxucusuna məsləhət görür. Hətta İngiltərənin İrandakı səfiri olmuş Moryerin əsərini Şükrü Qaya bəyin türk dilinə tərcümə etməklə məşğul olduğunda informasiya verir. Ədib “Hacı Baba İsfahani” əsərinin məzmununu yığcam şəkildə şərh edir. Həmçinin “İran inqilabı” əsərində Ə.Ağaoğlu Londonda nəşr olunan “Times” qəzetinin əməkdaşı L.Kerzon şəxsiyyətini oxucusuna tanıtmaq üçün onun avtobioqrafiyasına nəzərən məlumat verir. “İran inqilabı” əsərini ərsəyə gətirmək üçün ədib adı çəkilən iki əsərdən təsirləndiyini qeyd edir.
İnqilabdan əvvəlki İranda idari vəziyyətinin Səfəvilər dövründəkinin eynisi olduğunu bildirən Ə.Ağaoğlunun o dövrdəki idarə sisteminə dair verdiyi “fəqət əskidən vilayətlərin, qəzaların və nahiyələrin başlarına qəbilə rəisləri keçərkən sonralar bu üsul dəyişdirilmiş, daha mərkəzləşdirilmiş bir şəkil almış və təyinatlar bazarlıq üsuluna tabe tutulmuşdur” təkcə bu qeydi belə bizə çox şey deyir. Hərc-mərcliyin baş aldığı, məmuriyyətlərin satışa çıxarıldığı, idarə rəhbərlərinin “bazarlıq” üsulu ilə seçildiyi, xalqın isə ağır vergilərlə yükləndiyi bir üsuli-idarədə hansı demokratiya, inkişaf və firavan yaşayışdan söhbət gedə bilər?! Valilərdən alınan pullar, peşkəşlərlə (rüşvətlə), padşahın iltifatını qazanmaq üçün verilən “xələtlər”lə, şahın ziyarəti şərəfinə gətirilən hədiyyələrlə L.Kerzonun sözləri ilə desək, “şaha mədaxil təmin edilirdi”.
Əsərin bu bölümündə təbəələr hesabına dolanan iki növ tüfeyli dəstəsindən də söhbət açılır. Belə ki, birinci növ tüfeylilər böyük məqam sahibinin çıxışları zamanı izdiham yaratmaq kimi peşə sahibi idilər. Onlar bu işə görə sahiblərindən muzd almırdılar və bunu öz sahiblərinə sədaqət göstərmək xatirinə edirdilər. Ə.Ağaoğlu bu izdihamlar barədə yazırdı: “İranda bu kimi izdihamlar nə qədər ziyadə olurdusa, məqam sahibi də o nisbətdə əzəmətli sayılırdı” (1, 130). Ədib ikinci növ tüfeyli dəstəsinə münşilər, mirzələr, müstövfilər daxil edir. Məqam sahibindən qopardığı bəxşişlər hesabına dolanan bu qisim insanlar isə bir növ vəzifə sahibinin “katibləri” sayılırdı. Ə.Ağaoğlu onların fəaliyyətini təsvir etmək məqsədilə yazırdı: “Bunlar hər yerdə məqam sahibinin ardınca gəlirdilər, qələm-davatları və kağızları ciblərində olur, istənilən yerdə divan qurulur və bunlar işə başlayırdılar” (1, 130). O, əsərdə L.Kerzondan sitat gətirərək cərimə məsələsinə də toxunur. Bir yavərdən duyduğu yanlış xəbərlə bir bölüyün fərdlərini heç bir araşdırma etmədən öldürən şah yavərə külli miqdarda cərimə kəsməklə kifayətlənir. Öldürülən şəxslərin ailəsinə verilən “bəşər” pulu yavər üçün təyin edilmiş külli miqdarda pul məbləği olan cərimə hesabına ödənir, qalan pul isə “şah mədaxili”nə gedirdi.
Əsərin “Ədliyyə sistemi” bəhsində şəriət qanunları ilə, mollalar və müctəhidlər tərəfindən idarə olunan şəri məhkəmələr və hüquqi məsələlərdə tətbiq olunan və yerli valilər tərəfindən aparılan mülki məhkəmələrdən bəhs açılır. Mahiyyət etibarilə bir-birilə eynilik təşkil edən bu məhkəmələrdə hüquq və əxlaq pozğunluğu hökm sürürdü. Ədib bununla bağlı olaraq İranda yaranan durumu “hər hansı bir məsələnin zühurunda tərəflər öz aralarından bir ağsaqqallar heyəti seçirlər və bu heyətin verdiyi qərara avtomatik surətdə itaət edirlərdi” sözləri ilə göstərirdi. Əsərin “Ordu” adlı bölümündə İran ordusunun qurulma tarixinə ekskurs edən Ə.Ağaoğlu inqilabdan əvvəlki İranın zəif hərbi qüvvəyə və zəif hərbi texnikaya malik ordusunun olduğunu bildirir. “Ticarət və maliyyə vəziyyəti” adlı hissədə isə üç dəfə Avropaya səyahət etmiş Nəsrəddin şahın dövründə mövcud olan ticari və maliyyə vəziyyətinə nəzər salınır. Gözdən pərdə asmaq üçün Nəsrəddin şahın gətirdiyi “yeniliklər” burada öz əksini tapır. Şah tərəfindən sərbəst müzakirə haqqı verilən “Dövlət Şurası”nın əbədiyyən “xamuşan” (“səssizlər”) məclisi ləqəbini qazanması, birbaşa padşaha ərz ediləcək şikayətnamələr üçün qoyulan “şikayət qutuları”na atdığı şikayətə görə Tehran valisindən qırx dəyənək yeyən ilk şikayətçi nümunəsində “qutular”ın boş qalması, “Mədrəsətül-Şah” adını daşıyan Avropa tipli məktəb təşkil edən Nəsrəddin şahın gənclərə Avropaya getməyi qadağan etməsi bu “yeniliklər”in görüntü xarakterli olmasının birbaşa təcəssümü idi. “İnqilabın mənəvi amilləri” bəhsində isə ədib Seyid Əli Məhəmmədin babilik hərəkatı, Seyid Cəmaləddin Əfqaninin fəaliyyəti, Qərb ilə ticarət əlaqələrinin artması, Avropa ölkələrinə imkanlı ailələrin uşaqlarının təhsil üçün getməsi, Avropa missionerləri tərəfindən məktəblərin yaradılması, İstanbulda “Əxtər”, Tiflisdə “Əkinçi”, Bakıda “Həyat”, “İrşad” qəzetlərinin və “Füyuzat” jurnalının nəşr edilməsi İran inqilabına təkan verən mənəvi amillər sırasına daxil edir. Türkiyə, Rusiya və Hindistanda gedən oyanma hərəkatları İran xalqı üçün də təsirsiz ötüşmədi. Rusiyada gedən inqilabi hərəkatlarda “hər xalq öz müqəddəratını özü təyin edir” şüarı istibdad və Nəsrəddin şah zülmündən cana gəlmiş xalq üçün bir fikri oyanışa səbəb oldu. Əsərin “İnqilabın tarixçəsi” hissəsində ingilis təbəəsi Talbotun “tənbəki inhisarı”nın İran bankına külli miqdarda zərər vurması hadisəsi xalqın ayağa qalxmasına gətirib çıxartdı. Nəsrəddin şah Talbota verdiyi imtiyaznaməni ləğv etməli oldu. Bu hadisələr isə şahın nüfuzunu xeyli zəiflətdi. Nəsrəddin şahın qəfil ölümü isə inqilabın başlanmasını sürətləndirdi. Şahın vəfatından sonra hakimiyyət başına Müzəffərəddin şah keçdi. Rus tərəfdarlar Nəsrəddin şahın sədrəzəmi Atabəy Əzəmin, ingilis tərəfdarları isə Əminüssultanun simasında Müzəffərəddin şahın yanında təmsil olunurdular. Ə.Ağaoğlu şahın iradə zəifliyi göstərərək gah o tərəfə, gah bu tərəfə meyil etdiyini bildirirdi. Müzəffərəddin şah bu iki qüvvə arasında seçim etməkdə və müstəqil qərar verməkdə acizlik göstərirdi. Buna görə də İran bir növ Rusiya ilə İngiltərə arasında qalmışdı. Lakin xalqın inamlı mübarizəsi nəticəsində Müzəffərəddin şah xalqın seçdiyi Müşiriddövləni sədr-əzəm vəzifəsinə gətirir. Şah vəliəhdi Məhəmmədəli ilə birgə məşrutəni (konstitusiya) imzalayır. “Məhəmmədəli şah” bölümündə də inqilabın gedişatı ardıcıl izlənilir. Müzəffərəddin şahın vəfatından sonra şahlıq taxtına oturan Məhəmmədəli şah əcnəbilərlə əlbir olmasına baxmayaraq inqilabi qüvvələr qarşısında duruş gətirə bilmir və İranı tərk edir. İsfahan mücahidlərinin başçısı Sərdar Əsəd bəy on üç yaşlı Əhmədin şah elan edilməsi xəbərini verir. Əsərin sonuncu bölməsi olan “Əhməd şah”da isə ümidləri doğrultmayan, Avropa əyləncələrinə qurşanan Əhməd şah ədib tərəfindən tənqid olunur və Rza Pəhləvinin məşrutiyyət üsulu ilə İranı idarə etməsini isə alqışlayır.
Göründüyü kimi, Ə.Ağaoğlunun bu əsəri həm də tarixi səciyyəsi baxımından da olduqca böyük əhəmiyyət daşıyır. Əhməd bəy Ağaoğlunun “İran inqilabı” əsəri görkəmli mütəfəkkirin XIX əsrin sonları, XX əsrin əvvəllərindəki İrana, orada gedən proseslərə və İran inqilabına münasibətini öyrənmək üçün kifayət qədər faydalı material verir. Həmçinin ədibin əsəri ərsəyə gətirməsini çar hakimiyyətində olan xalqını inqilaba hazırlamaq məqsədi ilə də bağlamaq olar. Axı onun da xalqı XX əsrin əvvəllərində istibdad zülmü ilə əzilməsində İran xalqından heç də geri qalmırdı. İran inqilabı konstitusiyalı monarxiyanı İrana gətirə bilmişdi. Azərbaycan xalqı isə zamanla müstəqil, demokratik respublika yarada bildi. Çar zülmündən qurtaran xalq Sovet istibdadından da qurtulmağı və müstəqil olmağı bacardı.
Ədəbiyyat:
1. Ağaoğlu Ə. Seçilmiş əsərləri. (Tərtib edənlər: Əziz Mirəhmədov, Vilayət Quliyev). Bakı, Şərq-Qərb, 2007, 392 s.
2. Mirəhmədov Ə. Əhməd bəy Ağaoğlu. Bakı, Ərgünəş, 2014, 264 s.
3. Hüseynov Ş. Əhməd bəy Ağaoğlunun görüşləri. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1998, 128 s.

Tahmina Valiyeva
THE REFLECTİON OF “İRANİAN REVOLUTİON” İN AHMAD AGHAOGHLUꞌS WORKS
SUMMARY: Ahmed Bey Aghaoghlu’s work- “The İranian Revolution” was dedicated to the İranian Revolution, which took place in 1905-1911. İn this work, he commented on the publical-political and social situation of İran in the late 19th and early 20th centuries. As well the writer had showed that the causes of the İranian revolution. He divides these causes in two groups – into material and spiritual factors. A.Aghaoghlu has gave the example of Atabey Azam and Aminissultan on the role of English and Russian forces in the İranian government.
The activity of İran kings – Nasreddin Shah, Muzaffereddin Shah, Mammadali Shah and Ahmed Shah has been described with all of their sides in this work. İn the period of their activity, different issues were raised about conditions of in the İran by the writer. Ahmad Aghaoghlu also points out to the progress of the İranian revolution there. At the same time, he has described all of happens in details. He applauded Reza Shah Pehlevi restoration of constitutional monarchy. “İranian revolution” gives valuable material to study the social and political life of İran in the late 19th and early 20th centuries, as well as focus on the unprecedented role of the revolution in the minds of the people.

Тахмина Валиева
ОТРАЖЕНИЕ «ИРАНСКОЙ РЕВОЛЮЦИИ» В АХМЕДА БЕЯ АГАОГЛУСКИЕ ПРОИЗВЕДЕНИЯ
РЕЗЮМЕ: Произведения Ахмеда Бея Агаоглу – «Иранская революция» была посвящена иранской революции, которая произошла в 1905-1911 годах. Он прокомментировал общественно-политическое и социальное положение Ирана в конце 19 и начале 20 веков в нем. Также писатель показал, что причины иранской революции. Он делит эти причины на две группы – на материальные и духовные факторы. А.Агаоглу привел пример Атабея Азама и Аминисултана о роли английских и русских войск в иранском правительстве.
Деятельность иранских королей – Насреддин-шаха, Музаферддин-шаха, Мамедали-шаха и Ахмед-шаха была описана со всеми их сторонами в этой работе. В период их деятельности писатель поднимал разные вопросы об условиях в Иране. Ахмад Агаоглу также указывает на ход иранской революции. В то же время он подробно описал все происходящее. Он приветствовал реза шаха Пехлеви о восстановлении конституционной монархии. «Иранская революция» дает ценный материал для изучения общественной и политической жизни Ирана в конце 19-го и начале 20-го веков, а также акцентирует внимание на беспрецедентной роли революции в сознании людей.

Rəyçi: Vüqar Əhməd
filologiya elmləri doktoru, professor

Təhminə VƏLİYEVA.” “SƏRBƏST İNSANLAR ÖLKƏSİ” ƏHMƏD BƏY AĞAOĞLUNUN DEMOKRATİK DÖVLƏT İDEALI KİMİ”

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.

valiyevatahmina@gmail.com

Açar sözlər: mənəvi əsarət, daxili saflıq, xalq və dövlət, demokratik dövlət, despotizm, azad cəmiyyət
Key words: spiritual slavery, internal purity, people and state, democratic state, despotism, free society
Ключевые слова: духовное рабство, внутренняя чистота, люди и государство, демократическое государство, деспотизм, свободное общество

1918-1920-ci illərdə mətbuat və ədəbiyyatda müstəqilliyin qazanılmasından irəli gələn sevinc, qürur, rəğbət hislərinin tərənnümü yer alır, onun əbədi qorunması ideyası təbliğ edilirdi. Azərbaycan Xalq Cümhuriyyətinin gətirmiş olduğu milli azadlıq ideoloji xətti Əhməd bəy Ağaoğlu yaradıcılığına da təsirsiz ötüşmədi. Böyük türk lider M.K.Atatürkün əqidə yoldaşı olan Əhməd bəy Ağaoğlu əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. O, ayrı-ayrı əsərlərində türkçülük, islamçılıq, millətçilik ideyalarının əsas təbliğçisinə çevrilsə də, milləti “mənəvi əsarətdən” qurtarmaq və hələ də “iç zəncirləri” ilə yaşayan xalqa azadlıq əqidəsini aşılamaq ideyası “Sərbəst insanlar ölkəsində” adlanan əsərinin başlıca motivini təşkil edir. Xalqın öz azadlıq hüququnu dərk etməsi və “mənən” azadlığa qovuşması ilə demokratik dövlət və cəmiyyət yaratmaq iqtidarında olduğunu Ağaoğlu “Sərbəst insanlar ölkəsində” adlı əsərində başlıca motiv seçmişdir.
Əhməd bəy Ağaoğlu “Sərbəst insanlar ölkəsində” adlı fəlsəfi traktatını İstanbul şəhərində ilk dəfə 1930-cu ildə “Cümhuriyyət” qəzetində hissə-hissə çap etdirmişdir. Əsərin müqəddiməsində yer alan müəllifin “xalqımın göstərdiyi rəğbət və aldığım bir çox çağırış məktubları bu dəfə onu bir kitab şəklində diqqətinizə yetirmək cürəti verdi” (1, 21)- sözləri əsərə olan maraq və istəyin göstəricisi idi. Beləliklə, həmin ildə “Sanayi natişe” mətbəəsində kitab şəklində çap olunur. Əsərin AXC-nin süqutundan sonra yazılması təsadüfi deyildi. İki ilə yaxın ömür sürən dövlətin müstəqillik amallarını yaşatmaq və yenidən müstəqillik hüququ əldə etmək üçün Azərbaycanın vətənpərvər, savadlı ziyalılara ehtiyacı vardı. Öz azadlığının dəyər-qiymətini anlaya bilməyən və hələ də daxili zəncirlərlə yaşayan xalqın ayılmağı, müstəqilliyi dadması, istibdad zülmündən can qurtarması gərək idi. Bu isə xalqın ideya, məfkurə birliyi sayəsində baş verə bilərdi. Ağaoğlu da əsəri bu məqsədlə ərsəyə gətirir və demokratik dövlət quruculuğu ideyası mənəvi buxovlardan azad olunmaq ideya paralelliyində şərh olunur. O, xalqın azadlıq şərabını daddıqdan sonra yenidən qəflət yuxusuna dalmağını zehniyyətə hopmuş buxovlarla, mənəvi əsarətin bilavasitə əksi kimi hələ də daxili zəncirlərlə yaşamaqda görürdü və xalq azadlığının əbədiliyini mənəvi əsarətdən qurtuluşla əlaqələndirirdi.
Əsərin müqəddiməsində onun yazılma məqsədini açıqlayır: “Bu aciz müəllif də türk millətinin bir fərdi olmaq etibarilə, o xüsusiyyətləri necə təsəvvür etdiyini, necə mənalandırdığını bu kiçicik əsərdə yazmaq istədi” (1, 20). Hekayə şəklində yazdığı əsərdə müəllif türk millətinin bir fərdini “sərbəst insanlar ölkəsinə” aparır, Türkiyə Cümhuriyyətinin qurucuları (onlar əsərdə “pir” adlandırılır) ilə görüşdürür, onların ideologiyası ilə tanış edir. Siyasi-fəlsəfi esse janrında yazılmış əsərin müqəddiməsində görkəmli fransız ideoloqu Şarl de Monteskyönün “Qanunların ruhu” əsərinə xitabən üç üsuli-idarənin (istibdad, monarxiya və respublika) səciyyəsindən danışaraq üstünlüyü hakimiyyətin xalqın əlində cəmləşdiyi respublikaya verirdi. Əhməd bəy Monteskyönün “istibdad qorxuya, monarxiya şərəfə, respublika fəzilətə dayanır” fikrinə şərik çıxır, bu bölgünün hələ də məna və əhəmiyyətini itirmədiyini bildirirdi. O, üsuli-idarədə iştirak etmək səlahiyyəti olan insanların yüksək vəzifə, məsuliyyət duyğuları və üstün əxlaqi dəyərlərlə silahlanmağın lazımlığını qeyd edirdi. Respublika idarə üsulunun xalqdan bəzi mənəvi özəlliklər tələb etdiyini bildirir və “respublika zamanı vətəndaşların ləyaqətli olmaları şərtdir”. “Vətəndaş fəziləti”nin mahiyyəti və respublika quruluşunda xalqın vəzifə və rolunun və respublikanın mənəvi-əxlaqi əsaslara söykənən ideologiyasının izahı şərti olaraq, “fərd” adlandırılan əsarətdən qurtulmuş şəxsin “Sərbəst insanlar ölkəsi”nə səfəri timsalında verilir. Əhməd bəy Ağaoğlunun epik təsvir üslubunda yazdığı bu əsər “Mən bir əsir idim, azad olmaq istədim”, “Sərbəst insanlar ölkəsinin Əsas Yasası (qanunu)”, “Azadlıq bir güldür”, “Yalan, riya və yaltaqlıq”, “Azadlıqla casusluq”, “Bir mitinq: natiqlərin sözləri”, “Xalq idarəsində dövlət”, “Sərbəst məmləkətdə nəzarət işi”, “Xüsusi bir evdə verilən konsert”, “İnsanlar qorxaq doğulmurlar”, “Kinoda görüb eşitdiklərim”, “Azadlıq və xarakter”, “Sərbəst ölkənin akademiyasında”, “Ziyalılar zümrəsinin mövqeyi”, “Ruhların və qəlblərin təmizliyi”, “Hürriyyət və fikir ayrılığı”, “Parlamentdə nələr gördüm”, “Universitetdə və institutda”, “Yaşayış sadəliyi”, “Azad insan ac qalmaz”, “İradəmə yeni qüvvət gəldi” kimi bölmələrdən təşkil olunmuşdur və eləcə də, bölmələrin hər birində pirlərlə söhbət prosesində qoyulan məsələlərə siyasi və mənəvi-əxlaqi kodeksdən yanaşmanın şərhi yazıçı məramının daha aydın şəkildə açılmasına yönəlmişdir.
Əsərin ekspozisiyasında baş qəhrəman demokratik əsaslar və əxlaqi dəyərlər zəminində qurulan Sərbəst insanlar ölkəsinə gəlir. Azad olmaq niyyəti ilə zəncirlərini qırıb qala divarlarını aşan fərd geniş bir çöldə hara gedəcəyini, nə edəcəyini bilmir. Bir qədər getdikdən sonra iki yol ayrıcına çatır, burada yerə basdırılmış bir dirəyin üstündə yazılmış yazını oxuyur – sol tərəf – azadlıq, sağ tərəf – köləlik yoludur. Müəllifin qəhrəmanını iki yol ayrıcında, iki seçim qarşısında qoyması təsadüfi ola bilməzdi və oxucusuna iki seçim yolu göstərir- Azadlıqmı? Əsarətmi? Əsarəti “dadmış” şəxs azadlıq, qurtuluş yolunu seçib irəliləyir və budur, qala qapısının üzərinə qızıl hərflərlə yazılmış lövhəni oxuyur: “Sərbəst insanlar ölkəsi”. Qala keşikçilərinin “Hə, görürük. Əsarətin görünən bağlarını qırmısan. Ancaq iç zəncirlərini də söküb atmısanmı?”- sualı onu çaşdırır və respublikanın mənəvi ideologiyasının ilkin əsasları – tamah, doğruluq, həqiqət, ləyaqət konsepsiyalarına ilk işarələr verilir. Düzdür, onlara “bəli” cavabını verir, ancaq bunların azadlıq ilə əlaqəsini anlaya bilmir. Bu etik-mənəvi konsepsiyaların mahiyyəti onun pirlərlə söhbətində açılır. Pirlərlə söhbəti zamanı özü barədə məlumat verərkən, qəhrəmanın dilindən onun yurdunun keçdiyi tarixi yola nəzər salınır. “Sərbəst insanlar ölkəsi”nin Əsas Yasası ilə tanış olanda isə azadlığa çatmağın necə çətin olduğunu anlayır, tərəddüdlərə qapılması, özü ilə fikir mübadiləsi aparması Ağaoğlunun azad olmaq sadəcə zahiri zəncirləri qırmaqla yekunlaşmır, daxili zəncir və buxovlardan qurtulmaq ideyasının açılmasına yönəlir. On dörd maddədən ibarət olan “Sərbəst insanlar ölkəsi”nin Əsas Yasasının sonunda “bu maddələri əzbərləmək və onlara əməl etmək hamının “vətəndaşlıq borcudur” – sözləri yazılmış və qanunların “ümumi əsaslar” başlığında aşağıdakı maddələr ehtiva olunurdu:
1. Azadlıq dəyərli bir vergidir. Azad olmaq üçün çox dəyərli olmalısan. Fikir təmizliyi, söz təmizliyi və əməl təmizliyi azadlığın əsaslarıdır.
2. Tamahlarına yiyə dura bilməyənlər azad ola bilməzlər.
3. Söz sadəliyi və yaşayış sadəliyi azadlığın şərtləridir.
“Sərbəst insanlar ölkəsinin əsas yasası (qanunu)” adlı ikinci başlıqda isə aşağıda göstərilən maddələr yer almışdır:
1. Azadlıq doğruya və cəsarətə söykənir.
2. Yalan sərbəst insanlar ölkəsində tamamilə qadağandır. Bu azara tutulan ölkə xaricinə çıxarılır.
3. İkiüzlülük və yaltaqlıq ən ağır günahdır. Bu günaha batanlar hamılıqla daşa tutulurlar
4. Çuğulluq edənlər sərbəst insanlar ölkəsinin vətəndaşlığından çıxarılır
5. Qorxaqlıqla sərbəst ölkə vətəndaşlığı bir araya sığmaz
6. Sözlə və işlə başqasına qəsd edənlər ölkədən çıxarılır
7. Hiylə işlədənlər və araqarışdıranlar vətəndaşlıqlarını itirməklə cəzalandırılırlar
8. Haqqı qorumaq vəzifədir. Bu vəzifəni gerçəkləşdirməyənlər ölkəni tərk edirlər
9. Çalışmaq vəzifədir. Çalışmadan yaşamaq istəyənlər ölkənin xeyrinə pulsuz çalışmağa məcbur olunurlar
10. Dözüm və yardım göstərmək vəzifədir. Bu vəzifəni yerinə yetirməyənlər ölkə vətəndaşlığını itirirlər
11.Ölkə işlərini görmək yalnız təcrübə və ixisas sahiblərinin haqqıdır.
12. Hər bir vətəndaş ölkə məmurlarının fəaliyyətini yoxlaya bilər
13. Hər bir məmur və hər hansı vətəndaş gördüyü işlər və əlindəki sərvət haqqında hər an hesab verməyə hazır olmalıdırlar. Hesabatdan qaçanlar ağır cəzaya və vətəndaşlıq haqqını itirməyə məhkum olunurlar
14. Yuxarıdakı maddələri əzbərləmək və onlara əməl etmək hər bir vətəndaşın borcudur. (1, 26-27)
Oxuduqları qarşısında mat-məəttəl qalır. Axı o, bu günə qədər bunların tam tərsini eşitmişdi, görmüşdü. Necə yəni yaltaqlıq, ikiüzlülük və hiyləyə görə ölkədən xaric olunasan, əksinə belələri onun yaşadığı cəmiyyətdə daha irəli gedirdi. Necə yəni vətəndaş məmurdan fəaliyyəti barədə hesabat istəsin.
Bəli, “Sərbəst insanlar ölkəsi” vətəndaşlarının vəzifələrindən biri də türkünün əzbərlənməsi idi. Qəhrəman türkünü oxuyub onun təsirindən az qala huşunu itirsin.
“İnsan kainatın şüurudur,
Ona tapınıb, onu müqəddəs sayırıq.
Azadlıq şüurun müqəddəs cövhəridir,
Onu sevib, ona bağlanmışıq.
Sərbəst insanlar ölkəsi şüurun və azadlığın məbədidir,
Ona sığınıb, ona güvənirik” (1, 29)
Qəhrəmanın rəfdəki kitablardan birində “Sərbəst insanlar ölkəsinin tarixçəsi” başlığı diqqətini çəkir. Oxumağa başlayır və oxuduqca onu dəhşət bürüyür. Bəli, bu bir tarix deyil, faciə idi. Bu azadlıq yüzillərcə aparılan mübarizə sayəsində ərsəyə gəlmişdir. Neçə-neçə qanlar axıdılmış bu günkü sakin küçələrdə…
O, iki gün sonra pirlərlə söhbətə yenidən başlayır və bu ideologiyanın mahiyyəti və mənası ölkəyə yeni təşrif buyurmuş insana izah edilir. Əsərdə azadlığın mahiyyəti barədə belə izahat verilir: “Yəqin bağçada çalışarkən bir ağacın, bir gül yaxud bir çiçəyin tutub yetişməsi üçün o ağacın, gülün, o çiçəyin təbiətindən irəli gələn şərtlərlə hesablaşmaq lazımdır. Azadlıq da o ağac, o gül, o çiçək kimidir. Onun da tutması və yetişməsi üçün təbiətindən doğan şərtlər ödənməlidir.
– Hansı şərtlərdən söhbət gedir?
– Ölkəmizin türküsü ilə tanış oldunuzmu?
– Oldum.
– Orada deyilir ki, azadlıq şüurun cövhəridir, şüur da insandır. Ona görə, bu cövhəri cilalayarkən insandan göz-qulaq olmalısan. İnsana da baxmasan, cövhər tutmaz. Uzun zamandan qəlbə, ruha hopmuş istibdadı silib atmaq asan məsələ deyil. Bəzən sizə elə gələ bilər ki, artıq istibdad yıxılıb. Ancaq həqiqətə qalanda, onun hər tərəfdə və hər kəsdə hələ də yaşadığını görəcəksiniz. Tutalım, görəcəksiniz ki, ağzı köpüklənə-köpüklənə “azadlıq” bağıranlar, qonşusunun azadlığına dözə bilmirlər. Özləri başqalarının azadlığı ilə toqquşanda qəzəblənib, qarşısındakı adamı məhv etmək istəyirlər!” (1, 32)
Ruha, qəlbə hakim kəsilmiş istibdad azarının kökünün kəsilməsi, istibdad taxt-tacının qəlblərdən yıxılması asan məsələ deyildi. Azadlığa çatmış adam artıq bu vəzifə və məsuliyyət yükünün ağırlığını hiss edir və ölkə qanunlarında yer alan maddələrin mahiyyətini anlamaq üçün söhbətə davam edir.
Yalan, ikiüzlülük, yaltaqlıq – maddəsinin mahiyyətini şərh edən pir yalanı “zəiflərin, zəlillərin, qorxaqların işi” adlandırır. Axı azadlıq doğruluğa, cəsarətə söykənir. Yalan həqiqətin gizlədilmə vasitəsidir və həqiqətin gizləndiyi yerdə yalançı inanclar hakim olur. Bir xalq arasında yalanın kökünün kəsilməsi işini bir tərbiyə məsələsi adlandıran pir bu işə ailə və məktəbdən başlanmasını labüd bilir. Müəllim və valideyn etalonu uşaq tərbiyəsi üçün ən təsirli vasitədir. Uşaq ailə və məktəbdən cəmiyyətə gələndə yalanın iyrənc azar olduğunu dərk etməlidir. Yox, əgər əksinə, məharətlə söylənmiş yalanı “ağıl nümunəsi” hesab edildiyi və yalanla əldə edilən uğurun alqışlandığı cəmiyyətdə yalançılıq azarının kökünün kəsilməsi mümkün deyildir. Hər bir şəxs cəmiyyətin bir nümayəndəsi kimi şəffaflığı nümunə götürdüyü və riyadan uzaq durduğu halda bu azarı qəlblərdən və şüurlardan tamamilə silib atmaq mümkündür.
Vəzifə və güc sahiblərinin öyülməsi və onlara sitayiş edilməsi maddəsi barədə yeni sakin “bəs ədəbiyyatdan bildiyimiz neçə-neçə parlaq qəsidənin, yəni heç qiyməti yoxdur? Axı bu da bir gerçəkdir ki, min cür nemət və səadət bu güc və yüksək vəzifə sahiblərinin əlindədir. Belə isə, onların qürurunu oxşamaq təbii sayılmazmı?” sözləri ilə özünün yaşadığı cəmiyyətin reallığını ortaya qoyur və əlbəttə, bu cür şərtlər altında yaşamış insanın indi düşdüyü cəmiyyətdə vəzifə sahiblərini öyən, məddahlıq edən insanlar ölkədən xaric olunması onda sual doğururdu. Pir “yaltaq adamda şərəf və sayqı-sevgi olmaz. Bu cür adam söz dediyi insanı da pozar, onda qürur, təkəbbür, həqiqətə, haqqa dözümsüzlük kimi pis sifətlərin oyanmasına səbəb olar”- deyir və Şərq qəsidəxanları özləri də bilmədən millətlərinə ən böyük pisliyi etmişlər və bu cür şeirlər insanda mənən kasad xislətlərin yaranmasına səbəb olmuşdur. Ağaoğlu azad cəmiyyətin ədəbiyyatı üçün varlığa tənqidi münasibət nə dərəcədə vacibdirsə, mədhiyyə və ucdantutma tərif o qədər zərərlidir qənaətində idi və hətta azad olmaq istəyən ölkələrin məktəblərində hələ də qəsidələrin tədris olunmasını təəssüflə bildirirdi. Həmçinin, Pir hörmət anlayışını yaltaqlıq və baş əyməklə yarınmaqdan tamamilə fərqləndirir və gerçək hörmətin sevgiyə, səmimiyyətə və doğruçuluğa dayandığını qeyd edir. Yaltaq və riyakar insanların tüfeyliliyi bir də o zaman üzə çıxır ki, onların tərifləyib göyə qaldırdıqları adamın “bəxti bir balaca üz döndərir”. Bu cür insanlar göyə qaldırdıqları həmin adamı “sancmağa” başlayır və digər tərəfdən, yeni mənsəb sahibinin ətrafını bürüyürlər. Belə mənfi sifətlərin yayılmasında cəmiyyət günahkardır. Cəmiyyət taleyini kimə etibar etdiyini bilməli və min ildə bir doğulan böyük şəxsiyyətlərindən bacardıqca çox faydalanmalıdır.
Qanunun IV maddəsində “çuğulçuluq edənlər sərbəst ölkənin vətəndaşı ola bilməz” göstərilirdi. Pir “çuğulçuluq olan yerdə azadlıq olmaz, azadlıq olan yerdə də ondan-bundan çuğulluq etmək” (1, 40)- fikrini istibdadın hökm sürdüyü ölkələrdə gizli xəbərçiliyi ən qüdrətli vasitə kimi istifadə olunduğunu və bunun insanlar arasında nifaq, şəkk-şübhə doğurmaq məqsədilə işlədildiyi fikirləri ilə əsaslandırır. Çuğulluğun olduğu yerdə kimsə kimsəyə inanmaz, doğruluq aradan qalxar və istibdad yenə kök salar.
Duyduğu izahatlar adamın fikirlərini alt-üst edir və bir qədər düşünmək üçün Azadlıq parkına yol alır. Parkda ilk dəfə azadlıq bayrağını qaldıran şəxsin heykəli ucaldılmışdı. Burada bir mitinqə rast gəlir və nitqlərə qulaq asmağa başlayır. Dinlədiyi nitqlərin birincisində gənc bir kişi hökuməti tənqid edir və hələ də işsiz adamların gəzdiyini ölkədən ötrü bir ayıb hesab edirdi, ikincidə yaşlı bir kişi gənclərin pula, qazanca qaçıb, iş adamı olmaq həvəsi ilə yüksək bəşəri duyğulardan uzaqlaşdığını qeyd edir və maarif sisteminin dəyişdirilməsi tələbini irəli sürürdü; üçüncüdə gənc qadın kişi-qadın hüquqlarına toxunub, “axı necə ola bilər ki, qadının doğub bəslədiyi oğul vəzifə tutsun, amma qadın yox?” sözləri ilə qadınların fizioloji zəifliyinin bəhanə edildiyini pafosla deyirdi. Ədib qəhrəmanını ən çox heyrətləndirən cəhət natiqlərin nitqləri və ədalarının etik, səmimi, hörmətcil əsaslarda qurulması və fikirlərinin inandırıcı səslənişi idi. Öz ölkəsində isə tənqid təhqirlə, söyüşlə ifadə olunurdu. Öz-özünə “bax, indi anladım ki, azad olmaq yalnız istəyə və arzuya bağlı deyilmiş! İnsanın özünü tərbiyə edib, kübar olması lazım imiş!”,- dedi.
Sərbəst insanlar ölkəsi qanunlarının onuncu maddəsində ölkənin vətəndaşları arasında həmrəyliyin təmin olunması, hamının bir yumruq altında birləşməsi ifadə olunurdu. Ölkənin həmrəylik prinsipini pir “burada vətəndaşlıq bir tordur ki, içinə girən insanlar bir-birinə bitişik halqalara bənzəyirlər”- sözləri ilə şərh edir. İstibdad quruluşu eqoizm, mənbazlıq aşılayır və insanların bir-birinə yaxınlaşmasına imkan vermir. Qəhrəmanı ən çox düşündürən məsələ idi- xalqın idarə etdiyi dövlət!. Qanunların 11-ci maddəsində ölkə işlərini görmək üçün bacarıqlı olmaq əsas şərt kimi qeyd olunurdu. Burada “bacarıq” məfhumu “azad olmayan məmləkət” və “hakimiyyətin xalqın əlində olan məmləkət” kontekstində şərh edilmişdir:
– Azad olmayan ölkəni tək bir şəxs idarə edir. Hökmdar deyilən bu adamın iradəsi hakimdir. Belə ölkələrdə vətəndaşların dolanışıq və səadətindən daha çox, həmin şəxsin şıltaqlıqlarının yerinə yetirilməsinə diqqət edilir. Belə yerlər işbilməzlər üçün sərfəlidir. axı səriştəyə yox, özünü hakim şəxsə bəyəndirə bilmək keyfiyyətinə dəyər verilir. Beləcə, tək ölkənin işləri səriştəsizlərin əlində qalmır, həm də hamının əxlaqı pozulur. Gənc nəsil uğur yolunu axtararkən bilik və ləyaqət örnəyi görmədiyindən, elmə, texnikaya, çalışqanlığa, doğruçuluğa qiymət verə bilmir və tanışlıqla iş aşırmağa, öz xeyri üçün ona-buna yarınmağa, kələkbazlığa, hiylə və yalana meyl salır.
Amma o yerdə ki, hakimiyyət xalqın əlindədir, ölkəni xalqın öz arasından seçdiyi adamlar idarə edir. Ölkə başçısı və hakimiyyət üzvlərinin işi sadəcə ölkənin iqtisadi məsələlərini həll etmək və xarici dövlətlərlə münasibətlərini tənzimləmək deyil, maarif, sosial və sənaye sahələrində də səriştəli olmalıdır. Səriştəsiz adam onların altından çıxa bilməz. Buna görə də xalq etibar etdiyi və səriştəli adamları hakimiyyətə gətirir. Çünki xalqın, millətin taleyi onların əlindədir və taleyi etibarlı əllərə vermək gərəkdir” (1, 50-51).
Sərbəst insanlar ölkəsinin dövlət idarəçiliyində nəzarət işi qəhrəmanın xüsusilə diqqətini çəkir və “nəyə lazımdır nəzarət?, həqiqətən də ölkə idarəçiliyinə nəzarət etmək mümkündürmü?”,- sualları xeyli düşündürürdü. Pirin nəzarət barədə verdiyi izahat da maraqlı idi. “Sərbəst ölkədə məmurlar diqqətlə seçilir. Unutmaq olmaz ki, hakimiyyət və güc pozucu amillərdir. İnsanlara hökm etmək ən sayqılı və ən seçmə ruhlarda da hakimlik həvəsi oyadır. Hökumət sürənlər qıraqdan baxan, görən və lazım olduğu zaman tənqidə tutub qınayan gözlərin olduğunu bilməzlərsə, özləri fərqində olmasalar belə, bu həvəsləri artar və axırda zorakılıq yoluna düşərlər. O səbəbdən, idarə edənlərin öz şərəfləri üçün də nəzarətin olması vacibdir. Məhz nəzarət onlara daim borclarını xatırladar, bəlli hüdudları aşmamağa çağırar” (1, 51). Nəzarətin azad olmaq qədər çətin bir iş olduğunu qeyd edən pir nəzarətin xəbərçiliklə qarışıq salınmamasını xüsusi vurğulayır. Yalan, şayiə və böhtan işi nəzarət etmək deyil. Nəzarətçi çuğulçudan fərqli olaraq, başqasını ləkələmir. Həqiqətə dayanaraq haqqın qorunmasına çalışır. Əsər qəhrəmanı Sərbəst ölkənin Əsas Yasası ilə tanış olanda “hər bir məmur, cəmiyyət və dövlət adamı hər an həyatı haqqında hesabat verməyə borcludur”- maddəsi öz ölkəsinin hakimiyyət üzvləri ilə sərbəst ölkənin hakim təbəqəsinin xalq qarşısındakı mövqeyi ciddi təzad təşkil edirdi. Pir xalq o insanlara verilən tutduğu vəzifədən irəli gələrək əmək haqqı, nüfuz, hörmət müqabilində onlardan həyat və fəaliyyətlərini xalqa həsr etmələrini istəyirlər. Bu şəxslər dövlət hesabına yaşadıqlarından dövlətin onlardan hesabat istəmək haqqı var. Təmiz mənəviyyatlı dövlət adamları öz şəxsi həyatı və fəaliyyətləri ilə başqalarına nümunə olmalıdır və ömrünü xalqa həsr etmək ancaq vətənpərvər, fədakar insanların işidir.
Qəhrəmanın öz-özünə dediyi “axı mən ömrümdə özümdən başqa heç kimi düşünməmişəm. Dövlət məmuru görəndə qorxumdan yeddi məhəlləni birdən qaçardım. Mən dövlət adamı olsaydım, elə bilərdim bütün dünyanı mən yaratmışam. İndi bilmirəm, bu ölkənin adətlərini necə öyrənəcəm?”- fikir və sualları bir daha aradakı ziddiyyəti ortaya qoyur və onun bu qəbildən olan fikirləri köhnəlik və yenilik kontekstində şərh olunmalıdır. Əsərin “insanlar qorxaq doğulmazlar” bölməsində pirlə qorxu barədə söhbət açılır. Ailə və məktəb sistemində verilən tərbiyə və hakimiyyətdə istifadə olunan idarəetmə üsulları insanları qorxağa çevirər. İnsanlar qorxaq doğulmazlar. Ata yumruğu, polis dəyənəyi ilə böyüyən uşaq öz şəxsiyyətini itirər və heyvan kimi hürkən olar. “Azadlıq və xarakter” bəhsində sərbəst ölkə vətəndaşı olmaq fədakar xarakterə sahib olmada təzahür edir. Öz “mən”indən çıxıb cəmiyyətin “mən”i, idealları ilə yaşamaq, onun uğrunda mübarizə aparmaq azad insan xarakterində yer almalıdır. Heysiyyət məsələsi də əsərdə mərkəzi yer tutur. Nəfsdən uzaqlaşıb ləyaqəti və heysiyyətini qorumaq azad insanın borcudur.
Görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədov “millət” və “ziyalı” məfhumlarının sosial-mənəvi aspektdən şərhinə xüsusi diqqət yetirmişdir: “Əsərdə ziyalı millətinin güzgüsüdür və millətin ziyalısı necədirsə, özü də o cürdür” tezisi fonunda şərh edilir. Daha sonra, sərbəst insanların şərtlərində verilən “söz, fikir və hərəkət təmizliyi” ideyası barədə pirlərlə söhbəti qədim “Avesta” abidəsinin “xeyir söz, xeyir fikir, xeyir əməl” tezisi ilə səsləşir. Ağaoğlunun qənaətinə görə, daxildən azad olmayan saflığa qovuşmayan adam ümumun rifahını düşünə bilmir. Bu cür düşüncə XVIII əsr fransız ideoloqu J.J.Russonun fikirləri ilə bilavasitə əlaqələnir” (4, 179). Əsərin digər maraq doğuran bəhsi “Azadlıq və fikir ayrılığı” adlanır. Qəhrəman pirlə söhbət edərkən bu iki terminin bir-birilə necə səsləşdiyi və azad cəmiyyətdə bunların bir-birinə maneçilik törətmədiyi barədə məlumat almaq istəyir. Pir isə öz növbəsində, azadlığın olduğu yerdə fərqlilik və müxtəliflik var. Əlbət ki, müxtəliflik fikir ayrılığına səbəb olur. Azad cəmiyyətdə fikir ayrılığının olması hadisələrə çoxcəhətli prizmadan baxmaq şansı verir. Bir məsələnin bir deyil, bir neçə həll yolu göstərilir. Bu isə ən optimal həll variantının seçilməsinə gətirib çıxarır.
Ağaoğlunun “Sərbəst insanlar ölkəsi” adlı bu bədii-fəlsəfi traktatı süjet etibarilə, Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” və “Mozalanbəyin səyahətnaməsi” və Zeynalabdin Marağayinin “Səyahətnameyi İbrahimbəy” kimi əsərlərlə yaxınlıq təşkil edir. Ə.Haqverdiyevin “Xortdan”ı, “Mozalan bəy”i kimi Ağaoğlunun “Fərd” adlandırdığı bu qəhrəman “Sərbəst insanlar ölkəsi”ni səyahətə çıxır. Mövzu-ideya etibarilə Əhməd bəy Ağaoğlunun bu əsəri Nizami Gəncəvinin “İsgəndərnamə” və Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” kimi əsərlərlə səsləşir. “Sərbəst insanlar ölkəsi”nin insanları Nizami Gəncəvinin “Xoşbəxt insanlar ölkəsi”, Yusif Vəzir Çəmənzəminlinin “Meymun” (“Qızlar bulağı”) qəbiləsindəki insanlar kimi xoşbəxtdirlər. Çünki onların ölkəsində rüşvət, ədalətsizlik, haqsızlıq yoxdur. Hamı təmiz vicdanla xalqın firavanlığına və dövlətin birliyinə çalışır.
Əhməd bəy Ağaoğlunun demokratik dövlət idealı olan “Sərbəst insanlar ölkəsi”nin xalqın arzu və ideallarının təcəssümü olması və xalqa hesabat verən, fəaliyyəti xalqın diqqət və nəzarətində olan hakimiyyət üsuli-idarəsinin qurulması müəllifin əsas qayəsi idi. Bəli, xalq bir dövlət idarə edə biləcək qədər maarifləndiyi, çirkin xislətlərdən azad olduğu, sözün həqiqi mənasında, istibdad zəncirini qırıb azadlığa qovuşduğu halda, xalq öz dövlətini özü idarə edəcəkdir. Hakimiyyət yumruq gücü ilə, qorxu silahı ilə yox, birlik şəklində idarə ediləcək. Əsirlik zənciri boyunlardan əbədiyyən çıxacaq, azadlıq günəşinin şüaları gələcəyə işıq saçacaq.
Ədəbiyyat:
1. Ağaoğlu Ə. Sərbəst insanlar ölkəsində. Ön sözün müəllifi: Rəhman Bədəlov. Bakı: Kitab Klubu MMC, 2014, 144 s.
2. İsmayıl. Örnək şəxsiyyət: Əhməd bəy Ağaoğlu mühacir həyatı yaşasa da, azərbaycançılığın ən məşhur carçılarından olub // Şərq, 15 may 2014
3. İsmayıllı Sevda. Çoxmədəniyyətli, çoxdüşüncəli, çoxsəsli cəmiyyətin ideal modeli: Sərbəst insanlar ölkəsində // Multikulturalizm, 2016, №1
4. Mirəhmədov Ə. Əhməd bəy Ağaoğlu. Bakı: Ərgünəş, 2014, 264 s.
5. Mustafa Ə. Milli azadlıq mücahidi // Zaman, 13 fevral 2013.

Tahmina Valiyeva
“SƏRBƏST İNSANLAR ÖLKƏSİ” (“THE COUNTRY OF THE FREE PEOPLE”) AS A AHMAD BEY AGHAOGLU’S DEMOCRATIC STATE IDEAL
Summary: İn his book “The Country of Free people”, Ahmad Bey Aghaoglu proposed the idea of creating a democratic state in the context of public and state relations. It is undeniable that to gain liberty and to create a democratic state begins with the recognition of the people’s own freedom.
This freedom is earned by getting rid of the spiritual bondage. “The Country of Free people” is the ideal of Ahmed bey Aghaoglu as a democratic state and there is the embodiment of his ideas about a democratic state and people in this book. Ahmed bey Aghaoglu has described democratic state on the background of moral values. Besides, people living in this state should be pure and true. Because the state could be kept owing to this people.

Тахмина Валиева
«СТРАНА СВОБОДНЫХ ЛЮДЕЙ » ДЕМОКРАТИЧНОE ГОСУДАРСТВA ИДЕАЛОМ АХМЕД БЕЙ АГАОГЛУ
Резюме: В своей книге «Страна свободных людей» Ахмад Бей Агаоглу предложил идею создания демократического государства в контексте общественных и государственных отношений. Нельзя отрицать, что освобождение и создание демократического государства начинается с признания свободы людей. Эта свобода заработана, избавляясь от духовного рабства.
«Страна свободных людей» является идеалом Ахмеда бей Агаоглу как демократического государства и есть воплощение его идей о демократическом государстве и людях в этой книге. Ахмед Бей Агаоглу описал демократическое государство на фоне моральных ценностей. Кроме того, люди, живущие в этом состоянии, должны быть чистыми и истинными. Потому что государство могло сохраниться благодаря этим людям.

Gülnar SƏMA.Seçilmiş şeirlər

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Məni əvəz etmək mümkünsüz bir iş,
Bunu heç xəyal da eyləməyəsən.
Çoxları keçəcək ömür yolundan,
Məndən başqasını əyləməyəsən.

Mənə bənd olubsa köksündə qəlbin
Heç kimi özünə yar edə bilməz.
Kimsənin yerini dar etməmişəm,
Kimsə də yerimi dar edə bilməz.

Mən belə təklikdən bezikmərəm heç,
Mənim də ürəyim birnəfərlikdi.
Ürəyi ürəklə ürəkləndirək,
Bu işdə qəlbimiz həm də şərikdi.

Var

Sənsiz gecələrə vərdiş etmişəm,
Həsrətə, hicrana məndə dözüm var.
Nazıyla oynadım ayrılıqların,
Vüsala tamarzı iki gözüm var.

Mənli-mənsiz, onlu-onsuz arzular
Qanıma susadı qansız arzular
Qar üstə yazdığım sonsuz arzular
Od üstə can verən neçə buzum var.

Sən nədən biləsən, nədənlər nədən?
Özün cavab çıxar “a”dan ya “be”dən
Gözümdə kölgəli o nurlu didən,
Məni sınaq etmə, məndə əzm var.

Qoyma darıxım

Darıxmaqla məşğul olub,
Darıxmağa qoyma məni.
Ümidlərim işğal olub,
Darıxmağa qoyma məni.

Həsrətinə qıyım gedim,
Süzülsə də, suyum gedim,
Lap qoy səni qoyum gedim,
Darıxmağa qoyma məni.

Qoy çaşdırıb duruxdurum,
Dolaşdırıb karıxdırım.
Qoy mən səni darıxdırım,
Darıxmağa qoyma məni.

Durnaların doğrusu ol,
Vurnuxanın ağrısı ol.
Sənsizliyin oğrusu ol,
Darıxmağa qoyma məni.

Bir qız

Bir qız vardı bizim kənddə
Mənim kimi gözü qara.
Sənə olan sevgisindən
Bənzəyirdi üzü qara.

Bir qız vardı qarabəniz
Üzündə xal düzümləri.
Yetişməmiş kim dərmişdi
Tənəkdə kal üzümləri?!

O qız bircə addımıyla
Ürəyini tərk elədi.
Qovuşmağa gücü çatmaz,
Ayrılığa ərk elədi.

Sən gələndə həmin qızın
Sevgisi sevgiyə döndü.
O dinə gəlməyən qızın
Dilində sən oldun andı.

Bir qız vardı bizim kənddə
Reyhan kimi gözü qara.
Gülü, narı yığıb getdi
Sizin kənddən səmalara.

Bir dünya

Mən sənə dünyanı bağışlayardım,
Sən mənə bir dünya bağışlasaydın.
Gözümü yoluna baxışlayardım,
Ömür yollarımı naxışlasaydın.

Sən mənə bir dünya bağışlasaydın,
Mən sənə dünyanı bağışlayardım.
Gözümdə eşqimi alqışlasaydın
Özüm eyləyərdim baxışla yardım.

Sevgimdən su içdin gözün doyunca,
Səmadan yerlərə yağışladınmı?
Sənə səma verdim dünya boyunca
Sən mənə bir dünya bağışladınmı?!

Şəfa VƏLİYEVA.”Romanda nağıl rəngləri” (Resenziya)

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Günümüzün romançılığı ənənələrə uymağa çalışır. Çalışmaq hələ tənliklərin həlli, yaxud lazım olan nəticəni əldə etmək deyil. Amerikalılar demiş, “milyon dollarlıq sual” burda meydana çıxır: “Ənənəni pozmağa icazə varmı?”
Sualımızın cavabı da dəyəri qədər altısıfırlıdır. Hansı cavabı istəsən, könlündən nə keçsə, dilinə gətirə bilərsən. Sadəcə, dilinə gələni əməlinlə haqlı çıxarmaq hünəri lazımdır…
Dəfələrlə roman yazıb, epiloquna çatanda imtina edən biri kimi deyirəm ki, müəllif olmaq asan məsələ deyil. Müəllif öz yazısının həm əsiri, həm də şahıdır. Ən əzablısı da odur ki, yazdığın roman səni öz içində əsir saxlasın… Çünki müəllif öz romanına könüllü təslim olmadısa, yazdığını “shift+delete” eləsə, düşüncəylə yazının savaşından üzüağ çıxar…
Seyfi Gənc roman yazmaq üçün 12 qayda təklif edir. Bu qaydaların içində özünəinam, zaman-məkan uzlaşması və səmimi dialoqlar da var. Ceylan Mumoğlunun romanında bu üç əsas qaydadan ikisi ilk fəsildəncə qarşımıza çıxır: özünəinam və səmimi dialoqlar.
Müəllifin özünəinamı onun obrazlarının dilində də səslənir. Səmanın əmisi arvadına inad su içməsi, əslində, həyatda məqsədə doğru inamla mübarizə aparmağın simvoludur; biri var təsadüfən ağrıyasan, dözməyib geri çəkiləsən, biri də var bilə-bilə ağrıların üstünə gedəsən, əzmlə qalibiyyətə doğru irəliləyəsən… Ceylan Mumoğlunun obrazının hələ kiçik yaşdan özünə olan inamı onun gələcəyinin tablolarını rəngləyirdi…
Humayın qəmli taleyi, Səmanın kimsəsizliyi, İlahənin sevgiyə olan inamsızlığı… və nəhayət, ümumi fonda Klimtin “Qadının üç yaş dövrü” əsəri… Təzadlar bir-birini qovduqca tanış ştrixlər də qovuşmağa can atır və əsəri oxuduqca Klimtin obrazları ilə gah doğmalaşırsan, gah da yadlaşırsan. Qərar verə bilmirsən ki, onlar sənin üçün kimdir? Bəlkə elə özünsən? Özünsənsə, niyə parça-parçasan? Niyə bir rəssamın, sadəcə, fırçasını sildiyi kətan kimi bütün tablolardan bir rəng xatirə saxlayırsan?
Ceylan Mumoğlu bütün roman boyu bu sualları cavablandırır… Humay Klimtin tablosundakı əzabın, Səma ümidin, İlahə sevginin rəmzidir. Amma əzab həmişə sevincə, ümid işığa, sevgi də vüsala əl uzadıb. Sonunda uzanan əllər kimin ətəyindən yapışacaq? Ceylan xanım ətək sahibini “tapmağı” oxucuya həvalə edir; qoy oxucu kimin ətəyindən istəyir, yapışsın… Bu da onun haqqıdır…
“Göy saqqal”ların kəm olmadığı həyat tablosunda Rafaelin addım səslərini eşitməz olur bəzən qadın ürəyi… Belə yerdə əlini səmaya uzadıb “şükür kərəminə, İlahi!” -demək istəyir adam. Axı, qadın ürəyinin dərininə endikcə incə sezgilər sevgiyə də qalib gəlir, məntiqə də. Ona görə də həmişə cəngavər döyüşündən Rafael qalib çıxır.
Ceylan Mumoğlunun romanında da İlahənin eşq və güvən dünyasının “ağ atlısı” Rafaeldir. Onun gecikməsi, meydanı qısa bir zaman kəsiyində “Göy saqqal”a buraxması da yazıçı manevridir. Ceylan xanım “yaxşıların qədri”nin bilinməyini istəyir. Bu arzu ilə də İlahənin uşaq dünyasına bir nağıl qəhrəmanı “göndərir”. Yaxşı, ya pis, əsas odur ki, İlahə bu nağılın köməyilə “böyüyür”.
Ceylan Mumoğlu romanın adını “Qadının üç yaş dövrü” qoymaqla, əslində, romanla Klimtin rəsm əsərinin vəhdətini yaratmağa cəhd edir.
Üç qadının bir-birinə çələng kimi hörülmüş həyatlarından bəhs edən romanda Humayın qaynanası, Rafaelin anası, mesenat xanım, Lamiyə obrazları əsas naxışın saçaqlarına bənzəyir. Əslində, bu saçaqlar da qadın haqqında bir pərdəli pyeslərdir… Birincisi öz eqosu üçün qurban axtarır, ikincisi artıq hisslərinin qurbanına çevrilib, üçüncüsü fədakarlıqla hikkənin arasında əsir-yesir olub, dördüncüsü isə hələ də həyatın sevgi romansından ibarət olduğuna inanır… Burda Ceylan xanım qarşımıza bir rəssam kimi çıxır; elə bil, o, bütün qadın hisslərini bir fırça ilə qarışdırıb, alınan rəngdən müasir həyatın hər künc-bucağına bir çizgi çəkib.
Əsərin sonunda Klimtin “Həyat ağacı”na işarə də əbəs deyil. Türk mifologiyasındakı qadın başlanğıcı simvollarından biri olan Ağac-ananın dünyəvi obrazıdır…
Seyfi Gəncin dediyi üçüncü məqamın: zaman-məkan uzlaşmasının romanda fərqli ölçüləri var. Bu ölçüləri izah etmək niyyətində deyiləm, çünki burda da hər oxucunun öz çərçivəsini bəzəmək haqqına sayğı duymam gərəkir…
“Qadının üç yaş dövrü” romanı müasir ədəbiyyatımızda qadına yeni baxış kimi yola başlayıb. Mənzil başına-oxucuların masasına çatmağına az qalıb. Cavid Qədirin redaktorluğuyla işıq üzü görəcək “Qadının üç yaş dövrü” Ceylan Mumoğlunun ilk romanıdır. Ümid edirəm ki, tezliklə Ceylan xanımı yeni romanların müəllifi kimi daha yaxından tanıyacağıq.

Şəfa EYVAZ.Seçmə şeirlər

Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

***
Məzəmmət edirsən məni,
“Necə acılaşıb dilin” deyirsən.
Sənə ağır gəlir acı sözlərim?
Şükr elə, ay bəxtəvər,
Bu nədir ki görürsən?!

“Necə acılaşıb dilin” deyirsən,
Deyəsən yatmısan fil qulağında.
Ay insan, büsbütün dəyişən sənsən…
Durmusan yad ömrün astanasında.

Deyəsən yatmısan fil qulağında,
Əllərin bir başqa əl içindədi.
Dəyişib səsinin yumşaq tonu da,
Saxta təbəssüm də el içindədi.

Əllərin bir başqa əl içindədi,
Baxışın borc alıb zirvədən buzu.
Sən bütün dəyişib özgə olmusan,
Mənim dilim acılaşıb çoxdumu?!

2013.

***

Balıq yaddaşlı
Yaddaş kitabçasından sil nömrəmi,
Onsuzda izim yox sənin ömründə.
Verdiyin sözləri unutmusan, bilirəm…
Unut elə keçmiş kimi məni də.
Sən mənim ömrümdə əsas pərdəsən,
Harasa tələsən ömrü təlaşlım.
Unuda-unuda yaşadığı hər şeyi…
Unudacaq özünü balıq yaddaşlım…

2013

Xəyalə SEVİL.Yeni şeirlər

“Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

Səndən nə qaldı ki…

Sonra gözəl-göyçək ayrılıq gəldi,
Sonra gözəl-göyçək ayırdı bizi.
Arxanca uzanan əlim gödəldi,
Üzü qışa tutduq ürəyimizi.
Səndən nə qaldı ki, eh… Səndən heç nə,
Bir azca peşmanlıq, bir azca hüzün.
Sən məni hamıdan yaxşı tanıdın,
Mən səni tanıya bilmədim, quzum.
Ölü doğulubdu məhəbbətimiz,
Daha yanağımda axınım sənsən…
… Bir az uzaq dayan, uzaq ol mənə,
Hələ də hamıdan yaxınım sənsən…

* * *

Olmur!
Gözlərimdən düşüb gedənlər
Bir də ürəyimin başına gəlmir.
Hər şeyə həvəssiz,
Maraqsız belə
Yaşamaq mənim də
Xoşuma gəlmir.
Bir qəbir soyuğu gəzir canımda,
Öyrəşirəm ən ağır,
Ən yalquzaq dərdə də.
İçimdə sürüdüyüm
Tənhalıqdan bilirəm,
Bilirəm, ayrılıq var
Gələn bölümlərdə də.
Kiməm bu yer üzündə,
Kiməm, kiminəm, Allah?
Sən heç mənim olmadın,
Mən ki səninəm, Allah.
Yıxılmış ağacam,
Uçulmuş evəm.
Məni insan elə
Yenidən sevəm…

İçimi çəkirəm darıxanda

Ayrılığın bir üzünü
Köçürdüm gözlərimə,
Bir üzü səndə qaldı.
Gecəli, gündüzlü məhəbbətimin
Gündüzü səndə qaldı.

Gözlərim qum saatıdı,
Boşalır, təzədən dolur.
Sən guya hamıdan yaxşı…
Yaxşılıq beləmi olur?

İçimi çəkirəm darıxanda
Siqaret kimi.
Nimdaş həsrətin
Dolanır yanaqlarımda küçə-küçə.
Mən indi gecə növbəsində
Yorğun, yuxusuz.
Üstəlik də
Ay batacaq deyirlər bu gecə.

İradə AYTEL.”Akif Səməd oxusun…”

Savabdan huzur edən,
Günah boyda diriyəm.
Elə ağlat, İlahi,
Ağlat, bəlkə kiriyəm.

Dövrəmdən mövlam uzaq,
Hücrəmdən laylam uzaq,
Cənnətdən xeylam uzaq,
Cəhənnəmdən bəriyəm!

Sinəm Məhəmməd dağı,
Əməlim Sur tufağı,
Dirilərin qınağı,
Ölülərin sirriyəm!

Xatirə FƏRƏCLİ.”Şeir havasında”

Şeir havasında

Mən
bir şeir havasında,
bircə şeir havasında
dolanıram hər yeri,
dolanıb gəlirəm
dünyasını bir dəqiqəyə gəzən
saniyəölçəntək.
Qoşulub
dağ ətəyində topa-topa bulud kölgəsinə
axıb gedir ürəyim,
yuyulur dünyanın kiri,
yaşananlar qar üstündə
ləpir kimi,
təzə doğulan
uşaq ruhuna dönür ruhum
uçuram,
uçunuram,
gəzirəm eşqli, həvəsli,
sevirəm,
sarır içimi gözəllik, lütf, kərəm,
sevgim,
sevgilim şeirdir,
vəfasız çıxsa, ölərəm.

Beləcə buraxıb

Dəli bir istək var canımda indi,
Baş alıb harasa getməyim gəlir.
Mən gec öyrəşənəm, çətin tərk edən,
Bəs nədir bu istək içimi dəlir?!

Beləcə buraxıb
bulanıqlığı
Hansı nisgilimi ovudub gedim?
Yerində boğulan diləklərimi
Necə yola verib, təsəlli edim?

Alıb ürəyimi, alıb başımı,
Bu yüklə özümə yer tapım harda?
Varmı elə bir yer, elə bir aləm
Məni çəkə bilsin, əriyim orda?!

***

Boş ver, canım,
ətraflı götür-qoy edib,
ətrafını qoruyanları,
başları ilə düşünən
baş qullarını
ürək ilə qınama,
insan xisləti bu.
Boz-boz ürəklər daşıyan,
boz diləklər ünvanı,
bu boz dünyada rəng arama.
Sən ürək adamısan,
elə ürəyinlə
qal,
qalan hər şey boş…

Nədir dünya

Yozub yozmaladıq, bəsdir,
nə ağrıdır, nə həvəsdir,
uzaq ündür, quru səsdir
dünya.

Çalxalanıb için didir,
bilmirsən heç dərdi nədir,
kim dedi ki, əbədidir
dünya?

Yaradılandan biriysə,
yaşamağa yurd yeriysə,
əgər sonu şübhəliysə,
nədir dünya,
nədir dünya?

Şairə Adilə NƏZƏR.Yeni şeirlər

Filologiya üzrə fəlsəfə doktoru,
AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

Oyan, Qoca Şərq, oyan!

Axı niyə susursan, lal olubsan de neyçün,
Hanı sənin haq sözün, haq səsin, ey müsəlman?!
Dur! -de, Çinin zülmünə, qul üçün, Allah üçün,
Qafil olma, yatdığın yuxudan artıq oyan.

Eşitməyə məcbur et, hər qulağı sağıri,
Min bir işgəncə ilə öldürürlər fağıri,
Qalx, canavar əlindən al qardaşın Uyğuru,
Qətliama aparır Çin ordusu, de: dayan!

Hay sal, dörd bir tərəfə, nə yorul, nə də usan,
Əzirlər yaşlı, uşaq, qadın, kişi qanmadan,
Özünə insan deyən, tükün tərpət, qımıldan,
Elə bağır bu zülmü, olsun dünyaya əyan.

Zalımlarda olmayıb, olmayacaq ədalət,
Cavabsız qala bilməz, yox, bu boyda zəlalət,
Bunun bircə adı var: cinayətdir, cinayət,
Yoxdur hayın eşidən, yoxdur harayın duyan.

Oyan, Qoca Şərq, oyan!

09.12.2019

ÜZÜMDƏ TAM QIRX YEDDİ QIŞ VAR

Üst başımdan tökülən bahar qırıntılarına baxma,
üzümdə tam qırx yeddi qış var…
Sıradakı da qapını döyür küləyin uğultusunda,
mən üzüqara arzularımı basırıram –
körpə qığıltısında…
Qurumuş yarpaqlarda həssas bir sevgi,
köksümdə nəfəs-nəfəsə bir sevda can verir..
Şah damarına toxunuram hər gün ölümün,
ruhumdan torpaq qoxusu keçirirəm.
Amma…
barışığam həyatla.
Ən dəqiq elm riyaziyyatdırsa,
onun da kökündə riya var…
ən dəqiq mənbə tarixdirsə, onu da baxış bucağı dəyişir..
bütün yalanların kökündə az da olsa doğru var
və bütün doğrularda yalan gizlənir…
İndi mən ögeylikləri silib atmışam
alın təri tək,
doğma laylalar oxunur dodaqlarımda,
Daha ağ göyərçinlər uçur
adıma yazılan tale budaqlarında…

* * *
Bu axşam bir niyyətə
iki rəng şam yandırdım.
Bir yalançı ümidə
Özümü inandırdım.
Qəlbimin tüstüsündə
boğuldu işıqları,
İncə-zərif şamların,
itdi yaraşıqları…
Məni unutman üçün
Allaha dua etdim.
O arzu, bu ümidlə
yarı yuxuya getdim..
gedib yenə də düşdüm
xəyalların izinə –
Quru təsəllilərlə,
Endim dərdin dizinə.
Gözlərim qan ağladı,
Al qanıma boyandım.
Təkbaşına uyudum.
Təkbaşına oyandım…
Sənsiz hər gün özümlə
üzbəsurət dayandım.
Sənə gizli olsam da
Yaradana əyandım…
Yox, yox, yalnış anlama,
məni mən tək sevməyə
əsla məcbur deyildin.
Mən sevdiyimə deyil,
öz sevgimə əyildim.
…Alınmırsa alınmır,
bəxtdə yoxsa, ha dilə.
Göy üzündə Ay batıb,
Yer üzündə Adilə.

Adilə Nəzər 06.12.2019

Ay Bəniz ƏLİYAR.Seçmə şeirlər

Yenə qucaqlaşdı xəyallarımız,
Xəyalən xoşbəxtik, xəyalən şadıq.
Sən ağac kötüyü, mən quru budaq,
Bəs niyə gerçəkdən qucaqlaşmadıq?

Hardasa yoxluğun əriyir belə,
Hardasa xəyalən kama çatırsan.
Kötük adamlara, daş adamlara
Mən yarpaq atıram, sən daş atırsan.

Payızdır, yollara düşür bu yarpaq,
Qışdan baharacan ağır səfər var.
Bir quru kötüklə kim qızınacaq?
Dünyada üşüyən neçə nəfər var.

Mən səma olsaydım, sən bəyaz bulud,
Heç vaxt olmasaydı ayrılıq, keşkə…
Ağrısı göyərir yarpaqlarımda
Kötük bədəninin yaşamaq eşqi.

Yenə qucaqlaşdı xəyallarımız,
Xəyalən xoşbəxtik, xəyalən şadıq.
Sən ağac kötüyü, mən quru budaq,
Bəs niyə gerçəkdən qucaqlaşmadıq?

Bir az ürək, bir az od,
Alışdır,
Vətən olsun.
Bir az torpaq, bir az su,
Qarışdır,
Vətən olsun.

Artar hər gün qayğılar,
İtər adlar, sayğılar.
Qoyma itsin, sorğula –
Soruşdur,
Vətən olsun.

Əvvəl başla özünlə…
Nəyin varsa düzümlə.
Dürüstlüyü dözümlə
Yarışdır,
Vətən olsun.

Vətən! Böyüklüyə bax!
Hər yer Vətəndir, Allah!
Qələmini sözə tax,
Calaşdır,
Vətən olsun.

Qəlbə ağalıq elə,
Ağıldan olmaz kölə.
Ürəyini eşq ilə
Çalışdır,
Vətən olsun.

İbrahim İLYASLI.”Bədahətən gəldi, neylim”

Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri

**
Bədahətən gəldi, neylim,-
Misralar yan-yan qağama!
Özü sakit, irahatca,
Sədası “qan-qan” qağama.

Dindimi – göy nərildəyər,
Endimi – öy sərinləyər…
Tüm dayazlar dərinləyər,
Boylansa haçan qağama.

Pir olsun, pirhüda olsun,
Bağışlanan qada olsun…
Bu gəraylı fəda olsun
Toyuzlu Elman qağama.

Namiq HACIHEYDƏRLİ.Yeni şeirlər

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bürosunun Rəhbəri

Olam, olam…

Tanrı aça qapıları,
Göylərdən səs alam, alam;
Bir işıq süzülüb gələ;
Sevgi ilə dolam, dolam…

İçimizi sevgi yuya,
Ucalda bizi Tanrıya…
Hamı sözə sayğı duya;
Dağ-daş deyə: Salam! Salam!

Birdən ruhum qanadlana,
Uçub varam yalnız Ona,
Sual verəm Yaradana:
“Doğrudanmı, qulam, qulam?”

Bu məqamda Tanrı dinər,
İşıq donlu bir səs enər;
“Eşqsiz olan qula dönər,
Eşqə varan: balam, balam”.

İşıq, nur yağa yerlərə,
Hər qarışda eşq göyərə.
Sevgi qoxuya dağ, dərə –
Ünvanı mən olam, olam…

Dünya

Qoy ruhdan düşməsin dərdə düşənlər,
Hamının dərdindən halıdı dünya.
Sonunda hər kəsin haqqını verir,
Minillər şahidi, uludu dünya.

Gah ömür yoluna bəla gətirər,
Gah da yollarında çiçək bitirər.
Doğru yol tutanı haqqa götürər,
Əyriyə cəhənnəm yoludu dünya.

O kəs ki, düşməni öz tamahıdır,
Qazancı günahsız məzlum ahıdır.
Şərə dost olanın şahənşahıdır,
Haqqa dost olanın quludu dünya.

Nəbzi var, dili var, canlı, diridi,
Yaşayan varlığın o da biridi,
Dilini bilənə yaylaq yeridi,
Bilməzə düzlərin koludu dünya.

Ay Namiq, əməllər getməz havayı,
Hər kəsin önünə qoyular payı.
Kim deyir, azalıb onların sayı,
Yaxşı adamlarla doludu dünya…

Lerikdə

Günəş bu yerlərdə ayrı cür doğur,
Başqa cür dövr edir zaman Lerikdə.
Kömürköy göylərin bağrını yarır,
Dolanır dağları duman Lerikdə.

Bura min illərin könül sirdaşı,
Bu dağlar Xaqanlar, Alplar yurdudur.
Kömürköyün ən vüqarlı qardaşı,
Qızyurdu deyilən, Oğuz yurdudur.

Dirilik suyudur gur bulaqları,
Cənnətin özüdür burda hər oba.
Bu dağlar qoynunda doğulduğundan,
Dağ qədər yaşadı Şirəli baba.

Zuvanddan meh əsir – behişt havası,
Göylərdən elə bil çiçək əndərir.
Boylanır Güneydən Savalan dağı,
O da öz ətrini bura göndərir.

Burda insanların süfrəsi açıq,
Hər kəsin ürəyi dağlar boydadı.
Burda təbiətə bənzər adamlar,
Bu yerdə insanlıq qızıl qaydadı.

Dağlardan dağ kimi möhkəm olmağı,
Sulardan paklığı alıblar cana.
Adamı, havası, təbiətiylə,
Lerik bir zinətdir Azərbaycana.

Gülüş
Bütün gülüşlər
bədbəxtlikləri gizlətmək üçündür.
Dünyanın ən bədbəxt adamıdı
Dünyanın ən çox gülən adamı…

Söz
Sözün
tükəndiyi yer yoxdur,
Sözün
keçmədiyi yer var.

Yol
Tək bir yol var dünyada:
Tanrıya gedən yol.
Qalan bütün yollar
yolsuzluqdur əslində…

Gülüşünü yadırğayan
Güldü,
Gülüşündən utandı;
Gülüşünü yadırğayan adam…

Hardan gəldin?
Sənə
Dəvətnamə göndərmədim,
Buyur, gəl! – demədim,
Çağırmadım…
Hardan gəldin, niyə gəldin ömrümə?!

Əziz MUSA.Yeni şeirlər

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

SEVGİ İSTƏR HƏR BİR QADIN

Şirin-şirin sözlər deyin,
Tərifləyin qadınları,
Qadındı həyatın tacı,
Sevin hər zaman onları.

Onlara gül kimi baxın,
Qoymayın vaxtsız solsunlar.
Xoş söz ilə danışdırın,
Qoymayın məyus olsunlar.

Aldatmayın siz onları,
Qadın qəlbi incə olur,
Ögey baxmayın onlara,
Küsəndə gözləri dolur,

Sevgi istər hə bir qadın,
Soyuq sözdən üşüməsin,
Onlarla mehriban olun,
Adına ləkə düşməsin.

Hər birisi nazlı mələk,
Ömür hədərdi sevgisiz.
Qadınlar qayğı istəyir,
Tək qoymayın onları siz.

GEDƏK

Tez-tez küsüb, barışanım,
Hər nazına qurban olum,
Şirin-şəkər sözlərinə,
Avazına qurban olum.

Nə yaxşı ki, bu dünyada
Gülüm çıxmısan qarşıma,
Mən səni görəndən bəri,
Tac olmusan sən başıma.
Sən olmusan ayım, günüm,

Sənsən vallah canım, gözüm.
Ay ətirli, qönçə çiçək,
Həsrətinə necə dözüm.
İnsaf eylə gəl yanıma.

Ürəyimi üzmə gülüm.
Gedək nurlu sabahlara,
Məndən uzaq gəzmə gülüm.

Sən mənim sevimli yarım,
Tanrı qovuşdurub bizi.
Gəl tut mənim əllərimdən,
Xoşbəxt eylə sən Əzizi.

Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

***

Neçə vaxtdı bir əlin, bir başındır,
Kimsən, məni bu fikirdən daşındır…
Həyat sanki ölüm adlı maşındır,
Həm gətirir, həm aparır adamı.

Qurtar, ürək bulandıran həsədi,
Qulaqlarım göydən düşən səsədi,
Quru-quru tabut tutmur cəsədi,
Əcəl hərdən nəm aparır adamı…

Göy hıçqırır, sanki bərk bir şey udub,
Dağın da ah-naləsini ney udub.
Əzrayıl da, elə bil ki, mey udub,
Ayıq görür, dəm aparır adamı.

Sən, ey, şeytan, xəbər elə xanına,
Yeri-göyü bulayacam qanına…
Təkcə, torpaq elçi düşmür canına,
Arada da qəm aparır adamı.

***

Ömür boş bir tənə, …ancaq…
Yadlar güldü mənə ancaq.
Qəm uddurdum sənə ancaq,
Nə vaxt dursam bəy, at məni,
Yaman yorub həyat məni.

Baxışların zəli olub,
Gözlərinmi dəli olub?
Qəm bu eşqin ləli olub,
Ürəyimə dəy, at məni,
Yaman yorub həyat məni.

Haqdan gələn türküdü bu, –
Qorxudu bu, ürküdü bu.
Allah, nə sərt bürküdü bu?
Yad kölgətək əy, at məni,
Yaman yorub həyat məni.

12 dekabr-Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin anım günüdü

Heydər Əlirza oğlu Əliyev (d.10 may 1923, Naxçıvan, ZSFSR,[5] SSRİ — ö. 12 dekabr 2003, Klivlend, Ohayo, ABŞ) — Azərbaycanın görkəmli siyasi və dövlət xadimi,[6] Azərbaycan Respublikasının üçüncü Prezidenti (1993–2003), “Ulu öndər”[7] və “Azərbaycan xalqının ümummilli lideri”[8]
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir.[9] 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.[10]

Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş,[11]1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.[12] O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944–1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.[12][13] H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.[14]
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir.[15] Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969–1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi.[16] 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.[17]
Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı,[18] 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini (1974–1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985),[19] Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olmuşdur.[20][21]
Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.[22]
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.[10]
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir.[23] Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.[24]
Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.[25]
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr[26] və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin[27] qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.[28]
1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.[28]
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, “Bələdiyyə seçkiləri haqqında qanun”un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.[29]
Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.[30]
Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir.[30] Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.
2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü.[31][32]
Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.[33]

Azərbaycan Yazıçılar Birliyi Qubadlı Regional Bölməsinin sədri, şair Namiq MƏNA.Seçilmiş şeirlər

Sənin üçün

Məhəbbətin səmasına
Dolanmışam sənin üçün
Bu eşqi can bahasına
Qazanmışam sənin üçün

Göz yummuşam olanlara
Ötənlərdə qalanlara
Ən qorxulu yalanlara
İnanmışam sənin üçün

Sən göylərin sırasında
Bəxtimsə qəm libasında
İki yolun arasında
Dayanmışam sənin üçün

Pıçıldadım qulağına
Çək məni eşq sınağına
Mən ölümün ayağına
Uzanmışam sənin üçün

* * *

Nələr eləməzdim nələr
Bircə sözünnən sənin
Beləmi düşmüşəm gözündən sənin?

Deyirdin ölümdə ayırmaz məni
Güldürmə bu eşqə dostu, düşməni
Mən ki, gecə gündüz qorudum səni
Getdim, hara getdin izinnən sənin
Beləmi düşmüşəm gözündən sənin?

Boğulur vücudum gözüm yaşından
Ayrılmaq fikrini çıxart başından
Sanardım öpürəm Kəbə daşından
Hər dəfə öpəndə üzündən sənin
Beləmi düşmüşəm gözündən sənin?

Gecələr ulduzlar yandı ahımdan
Tək səni dilədim, tək Allahımdan
Nə olar rəhm eylə, keç günahımdan
Düşüm yalvarımmı dizindən sənin?
Beləmi düşmüşəm gözündən sənin?

Sənsizlək ruhumu canımdan aldı,
Məcnun libasında çöllərə saldı.
Sən getdin əbədi mənimlə qaldı
Dərdin, vəfalı imiş özündən sənin.

Rafiq ODAY.”Sən ulu öndərisən bu xalqın, bu millətin”

Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə!!!

Sən zülmət gecələrin bir ümid çırağısan,
Sən elin ağsaqqalı, sən yurdun dayağısan,
Sən hürriyyət sədası, azadlıq sorağısan,
Hər qarışda izin var, bu izi silmək çətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.

Vətənin hər daşını sevginlə naxışladın,
Bu yurda kəc baxanın yolunu yoxuşladın,
Sən qalan ömrünü də xalqına bağışladın,
Əbədiyyət rəmzi var kökündə bu ülfətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.

Əshabi-kəhf timsallı neçə pirlər burada,
Hər qayanda qorunur neçə sirlər burada,
Sənə yön çevirdilər “91-lər” burada,
Bir daha bəlli oldu xalqına sədaqətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.

Sən haqqa arxa durdun, əsarətə yox dedin,
Acın dərdini bilməz heç bir zaman tox, dedin,
Oyan, ey ulu millət, qaranlıqdan çıx dedin,
Aydınlıq nuru qonsun üzünə məmləkətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.

Bu dövlətin qırılmaz təməlində yaşarsan,
Ən müqəddəs, ən ülvi əməlində yaşarsan,
Vətən sevdalıları cəm elində – yaşarsan,
Xalq görür bəhrəsini çəkdiyin hər zəhmətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.

Sənə xalq məhəbbəti sonsuz – dərindən dərin,
Yüksəliş müjdəlidi hər açılan səhərin,
Daha yolu rəvandı aşılmaz zirvələrin,
Bütün dünya çevirib yurduma öz diqqətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.

Ən böyük əmanətin İlham Əliyev bizə,
Bir də müqəddəs Vərən – döğma ocaq, ev bizə.
Onunçün o, qatır ki, gecəsini gündüzə,
Heç zaman laxlamasın özülü bu qüdrətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.

Azərbaycan – Türkiyə qardaşlıq nümünəsi,
Bütün cahan bir ola boğa bilməz bu səsi,
Hələ qarşımızdadır Qarabağ təntənəsi,
Ürəyində gömərik düşmənin bəd niyyətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.

And içirik günəşin sübh doğan çağına,
And içirik qan ilə boyanan torpağina,
And içirik üçrəngli müqəddəs bayqağına,
Kokünü kəsəcəyik hər zülmün, hər zillətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.

Kənan AYDINOĞLU.”“Nə qələm, nə varaq, nə vaxt bəs eylər!””

Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə!!!

Bir dövrün, zamanın astanasında,-
Xalq “Heydər”-söylədi, Heydər “Xalq”-dedi.
Doğma diyarının ulu öndəri,-
Hayanda oldusa yenə haqq dedi.

Bu ulu torpağa, ulu diyara,
Öndərin sevgisi bitmədi şükür.
Sevincdən gözləri dolan torpaqda,
Rəhbərin zəhməti itmədi şükür.

Yenə tarix boyu göyə ucalan,
Bayrağın önündə əyilməyi var.
Ruhunun önündə əyilən dünya,
Tanrıdı öndərə yenə, yenə yar.

Bir dastan qoşulsa, ulu öndərə,
Böyük bir diyarda-yurdda səs eylər.
Ömrünü qələmə almaq istəsəm,
Nə qələm, nə varaq, nə vaxt bəs eylər.

Şərəfli bir ömrü yurdda yaşamaq,-
Mən indi bildim ki, asan deyilmiş.
Gözünə baxanda gördüm ki, göz də,-
“Yaşa, AZƏRBAYCAN, yaşa!”-deyirmiş.

Azərbaycanın Xalq yazıçısının povesti Özbəkistan jurnalında


Daşkənddə özbək dilində çap edilən “Tafakkur” ictimai-fəlsəfi jurnalında Azərbaycanın Xalq yazıçısı Anarın “Ağ qoç, qara qoç” povesti dərc olunub.

Povesti orijinaldan özbək dilinə Şahsənəm çevirib. Jurnalda Anarın həyat və yaradıcılığı haqqında da məlumat verilir.

Bildirilir ki, Azərbaycan yazıçıları arasında Özbəkistanda ən çox tanınanlardan biri də Anardır. Son illərdə yazıçının Daşkənddə iki kitabı çap edilib, ölkənin ədəbi jurnal və qəzetlərində müntəzəm olaraq onun povest və hekayələri yer alır.

Mənbə: http://edebiyyatqazeti.az

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”İstiqlal şairi”

1918-1920-ci illərdə Azərbaycan Demokratik Xalq Cümhuriyyətinin yenicə təşkil edilmiş əsgəri hissələrinin şərəfinə alovlu şeirlər yazırdı.

…Millətin namusu sizdən çox şücaət gözləyir,
dövləti-növzadi-milli qalibiyyət gözləyir.
Bəkləyir sizdən zəfər: adımız, istiqlalımız,
şanlı qeyrət, şanlı himmət, şanlı cürət gözləyir.
…Payimali-düşmən olsunmu çəmənzari vətən?
Yurdumuz sizdən bu gün çox ali xidmət gözləyir.

“İmzasını qoymuş miləl övraqi həyata, yox, millətimin xətti bu imzalar içində!”, – deyən, millətinin imzasını imzalar içində axtaran böyük Azərbaycan şairi Məhəmməd Hadiyə “Talesiz şair” də deyiblər. Səhv eləməyiblər.

Hadi istiqlal şairiydi. O, yaşadığı mühitin darıxdırıcı olduğunu, onu əhatə edən insanların isə qeyri-səmimiliyini görür və gördüyünü də yazırdı. “Həyatın səsləri ğuşumda həp fəryad şəklində,” – deyirdi.

Mənim hələ 1968-ci ildə ayrıca kitab şəklində nəşr olunan “Nəriman” poemamda Hədinin həyatına, mübarizəsinə həsr etdiyim bütöv bir fəsil var. Böyük şair keçirdiyi sıxıntıların, sarsıntıların nəticəsində öz yazdığı şeirləri satırdı. Hətta, istilaçı ordunun əsgərinə də təklif edirdi.

Tapdandı bu torpaq batinkalarla.
Hər onu gördükcə yaram sızladı,
dedilər ki, Hadı ağılsızladı!
Mən onun ucundan divanə oldum,
şeir yazmağım da bəhanə oldu.
Bu mənim şeirim, andım, məsləkim,
satıram, ah, yoxdur alanım mənim.
De, niyə susmusan, məgər daşmısan?
Vətəni satıblar möhtərəm oğlan.
Bir az ingilisə, bir az almana,
bir az italyana, bir az sultana…
Mənim şeirlərim qalmışdı yalnız,
mən özüm satıram, onu, alınız!
– Tanıdım şairim, nədir möhnətin,
sən əziz oğlusan bir məmləkətin.
– Hankı məmləkətin, hankı millətin?
Varmı elə bir şey, sən nə söylədin?
Saldat, istəyirsə məni məmləkət,
de, neyçin, səfillər padşahıyam?.. və s.

Hadi bu ağır, stres vəziyyətə o vaxt düşmüşdü ki, artıq Osmanlı dövləti Birinci Dünya müharibəsində məğlub olmuş, Bakını bolşevik-daşnak hərbi birləşmələrindən azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa öz qoşunu ilə birlikdə şəhərdə yox idi (Mondors müqaviləsinə əsasən Bakını tərk etməliydi. Etdi də). Bakını təzəcə ölkənin paytaxtı elan edən Azərbaycan Xalq Cümhuriyyəti meydanda təkiydi. Səngərdə də tək döyüşürdü. Hadi – “Mənim azadlığım sanma çörəkdir, Azərbaycan azadlığı gərəkdir,” – deyirdi. Hadi – cümhuriyyət səngərində döyüşən mücahid, yaşadığı zəmanənin üsyan səsiydi.

27.11.2019

“Ey Nəsimi, cahanı tutdu sözün…” II Beynəlxalq Elmi Konfransı keçirilib

https://c.radikal.ru/c06/1912/eb/6de49f30582a.jpg

https://d.radikal.ru/d11/1912/ad/f0b7e9894d46.jpg

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Ey Nəsimi, cahanı tutdu sözün…” II Beynəlxalq Elmi Konfransı keçirilib. Konfransın plenar iclasında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev də iştirak edib.
Konfransın plenar iclasını giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və ölkəmizdə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamlarına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasında görülmüş işləri diqqətə çatdırıb. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bu istiqamətdə yetərincə işlər gördüyünü bildirib. Bu konfransı Prezidentin Sərəncamları işığında Elmlər Akademiyasında görülmüş işlərin yekunu kimi qiymətləndirib. Akademik çıxışında bildirib ki, Nəsiminin indiyə kimi çap olunmayan 200 yüz şeiri Əlyazmalar İnstitutu tərəfindən çapa hazırlanıb.
Konfransa Tacikistan, Özbəkistan, Rusiya, Türkiyə və digər Şərq ölkələrindən, eyni zamanda ölkəmizin müxtəlif universitetlərindən iştirakçıların qatılmasını dahi Nəsimiyə böyük sevginin təzahürü kimi qiymətləndirib. Konfransa böyük maraq göstərildiyini, 150-dən çox məqalə qəbul edildiyini nəzərə çatdırıb. Konfrans materiallarının iki cilddə çap olunmasının nəzərdə tutulduğunu bildirən akamenik İsa Həbibbəyli birinci cildin artıq nəşr olunduğunu qeyd edib.
Plenar iclasda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rəfael Hüseynov çıxış edərək bildirib ki, Nəsimi yalnız Azərbaycanın deyil, bütün dünyanın ən cəsarətli şairi şayıla bilər. Onun digər şairlərdən fərqini öz sözləri ilə belə izah edib ki, “o, mən həqiqəti axtarıram demir, mən həqiqəti tapmışam deyir”. Akademik Rəfael Hüseynov Nəsimin 600 illik yubileyinin keçirilməsi tarixçəsinə nəzər salaraq həmin dövrdə onun harada doğulması ilə əlaqədar yaranmış fikir ayrılıqlarına münasibət bildirib. Şairin Şamaxı, Bakı, Təbriz, Naxçıvan, Gəncə, Dərbənd kimi şəhərlərdə doğulmasını ehtimal edənlərin mübahisələrinə, hətta türkmənlərin özlərinə aid etmələrinə o zamankı Azərbaycan rəhbəri Heydər Əliyevin qətiyyəti sayəsində son qoyulduğunu bildirib.
Özbəkistan Elmlər Akademiyası Ədəbiyyat, Dil və Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Erqaş Oçilov özbək dilində çıxış edərək öz ölkəsində Nəsiminin tədqiqi və təbliği istiqamətində görülmüş işlərdən bəhs edib. Özbəkistanda Nəsimi ilə bağlı çap olunmuş kitabları Ədəbiyyat İnstitutunun direktoruna hədiyyə olaraq təqdim edib. O, çıxışının sonunda əlavə edib ki, mən nəsimişünas olmasam da, nəsimisevərəm.
AMEA Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva çıxışında Şərqşünaslıq İnstitutunda Nəsimin tədqiqi istiqamətində indiyə qədər görülmüş işlərin tarixindən və hazırda görülən işlərdən danışıb. O, təklif edib ki, Nəsimi və digər klassik şairlərimizin irsinin yenidən transliterasiya edilməsi də elmi axtarışlara yeni töhfələr verə bilər.
Konfransda Tacikistan Dövlət Dillər İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Ruxşona Vasiyeva, Rusiya Elmlər Akademiyasının Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidentinin beynəlxalq məsələlər üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Ariz Gözəlov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Fəridə Əzizova da çıxış ediblər.
Konfrans bölmə iclasları ilə öz işini davam etdirib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Yazıçı Tural Sahabın romanı Misirdə tərcümə edilib


Yazıçı Tural Sahabın romanı Misirdə tərcümə edilib.

Misirin məhşur Al-Azhar Universitetinin tərcümə kafedrasında Tural Sahabın “Bir” romanı tərcümə edilib və kafedranın doktorantı tərəfindən “Azərbaycan türkcəsində feillər” mövzusunda elmi iş yazılır.

Misirdə elmi iş üçün mənbə olaraq seçilən “Bir” romanı 2018-ci ildə işıq üzü görüb. Müasir dövr insanının real-xəyal harmoniyasında həyata sarılmaq cəhdi romanın əsas mövzusudur. Kitabın əvvəlində yer alan fikirlərilə Tural Sahab “Bir” romanının “müasir insanı nəyi axtarır?” sualına cavab verməyə çalışır. O, yazır: “…insanlar… Onlar, hər birimizin tanıdığı, hər gün rastlaşdığımız insanlardır… Bəlkə də, elə mənəm, sənsən, odur, o birisidir… Nə olur-olsun, çalışıb doğrunun yanında olmalıyıq…”

Qeyd edək ki, Tural Sahab adıçəkilən romandan əlavə, “Onun adı Elyanora deyil” (hekayələr), “Ləman” (roman), “Türkan”(roman) kitablarının da müəllifidir.

Mənbə: http://kultur.az