Durub yerimək üçün nə qədər üzülmüşəm,
Bütün acılarıma yana-yana dözmüşəm…
O gəncliyim solsa da, məğrur oldum, sınmadım,
İradəmlə, gücümlə həyatdan usanmadım…

Düşsəm də burulğana, daim qorudu məni;
Çünki belə yazıbdı yazı yazan qələmi…
Əssə də qasırğalar yenə yandı çırağım,
Yalvarıram, Allahım, bəlkə bəsdi sınağın?!

Sevdiyi bəndəsini sınağa çəkir Allah,
Çalışıb çıxacağam bu sınaqdan üzüağ…
Dözmüşəm, dözəcəyəm yenə…
Yenə…
A dostlar,
Döyünən ürəyimdə hələ arzularım var…

Hər dəqiqə ölümlə üz-üzə gəlsəm belə,
Yenə də can vermədim, yenə də Əzrailə.
Mübarizlik, dözümlük vardır mənim qanımda,
Əlil arabasına vida dedim sonunda…

Dönsə də taleyimdə üzü çərxi-fələyin,
Sönmədi ürəyimdə heç bir arzu, diləyim,
Əritdim əlilliyi ürəyimin odunda,
Çətin olsa da çıxdım Allahın sınağından…