Şeir üzlü dünya…

İçimdə min şeir var,
Min-min çiçəyə-gülə,
Min-min dosta-tanışa.
Ürəyimin diliylə,
Hər misrası danışan.
Üzləri üzüm kimi,
Gözləri gözüm kimi…

İçimdə min şeir var,
Alovlarla oynayan.
Dənizlərlə qabaran.
Məni mənə gətirən,
Məni məndən aparan.
Mən bu şeirlərimlə
Zamanı unuduram.
Mən bu şeirlərimlə,
Batabatın, Göygölün,
Əlincənin, Kəpəzin
Havasını uduram.

Ayrılır heca-heca,
Ayrılır misra-misra
Ayrılır ürəyimdən
Ayrılır şeirlərim –
Neçə qola ayrılır,
Neçə cığıra-izə,
Neçə yola ayrılır.
Qalmır məndə mənəmlik
Qopur heçim köçümdən..
Şeirlər qatar kimi
Gəlib-keçir içimdən.

Mən öz şeirlərimdə,
Büllür buz bulaqları,
Axar çayı sevirəm,
Qarlı qışı sevirəm,
Qızmar yayı sevirəm.
Qızıl saçlı Günəşi
Solğun Ayı sevirəm.

Bəzən şeirlərimin
Üzünə qaranlığın
Qara kölgəsi düşür.
Bir məhəbbət ağrısı,
Bir həsrət səsi düşür.

.. İçimdəki səmada
Ulduzlar yanır-sönür.
Bügün də bir şeirlə
Dönürəm,
dünya dönür…

Adilə Nəzər