Siqaranın ilk qüllabı,
Şərabın
Ən son qədəhi, hardasan?
Gözlərimin siyah yeri,
Taleyin
Bəyaz günahı, hardasan!

Yoxluğuna dil dediyim,
Bir gününə il dediyim,
Ürəyimdə gecə-gündüz
“Yalvarıram, gəl” dediyim,
Dilimin düyün yeri,
Sinəmin çarpaz düşən
Amanı, ahı, hardasan?

Himə bəndəm, “Sən” deyərəm,
Bu gedişdən “dön” deyərəm,
Odu sönər həsrətimin
qovuşunca səngiyərəm,
Ayrılığın savab yeri,
Bəxtin matahı, hardasan?
Taleyin
Bəyaz günahı, hardasan!
2020