Tanrı kimi darıxmaq.
Darıxır bədənimdə
Ruhum darıxır, Allah.
Gözlərimdə göynəyən
Yuxum darıxır, Allah.
Gecə qovur sabahı,
Ulduzlar ağ çılçıraq.
Nə çətindir , İlahi
Sənin kimi darıxmaq.
Çığırsam duyan olmaz,
Yoxdur ki, kimim-kimsəm.
Tanrı belə darıxan,
Bir mənəm birdə sənsən.
Elə darıxıram ki,
Qarışıram heçə mən.
Daralıram içimdə,
Ev-ev, küçə-küçə mən.
Bir şair də öləcək,
Bəlkə indi, ya sabah.
Onu darıxdığına,
Bağışlayarsan, Allah…