Qucaqla bu daşı, sev,
Yaddaşın daşdı, Faiq.
Daş yaddaşı uludu,
Ulus yaddaşdı, Faiq.
Çıx ağaca adamla,
Öz ruhunla, adınla…
Dur ayağa, addımla,
Bu nə bardaşdı, Faiq?
Demə, kəsə gedirsən,
Yolu tərsə gedirsən.
Sözdən səsə gedirsən,
Halın bərdaştdı, Faiq.
Həyat sınıq bir şüşə,
Kim ucala, kim düşə?
Aç əlini günəşə,
Havalar xoşdu, Faiq.
Sevdiyinə ərk elə,
Sevgi nədir, görk elə…
Qəlbi doldur eşq ilə,
Bu dünya boşdu, Faiq.
Ümid gəzmə çıraqla…
Bas bağrına və ağla –
Doğma daşdı, qucaqla,
Sənə qardaşdı, Faiq.
Qucaqla bu daşı sev,
Bu daş yaddaşdı, Faiq.