Day: Dekabr 24, 2022

  • Sona İNTİZAR.”MƏSTAN PİŞİK”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini


    Tükləri ipəkdi, quyruğu ipək,
    Məstan pişiyimin hər işi kələk,
    Hər yana dırmaşır, ev ələk-vələk,
    Məstamın oyunu bitmir ki, bitmir.


    Bığları uzundur, quyruğu uzun,
    Yerişi oyundur, yatmağı xumar.
    Gəlib yaslanacaq qolunun üstə,
    İstəyər eləcə çəkəsən tumar.


    Yeməyi verirsən mırıldanır o,
    Bığların yalayır, əlin yalayır,
    Başına əlinlə sığal çəkirsən,
    Məst olur əlində, o tumarlanır.


    Məstan pişiyimiz yenə yatıbdır,
    Səs olsun, küy olsun vecinə deyil
    Yeyib, yatır, sonra durub oynayır,
    Yorulub oturur, eyləyir seyr

  • Sona İNTİZAR.”MƏN VƏ QƏLƏM

    Azərbaycanın Mədəniyyət və Portalının Baş redaktor müavini

    Bir gün hardansa təəssüf dolu bir “AH” səsi eşidilər… Qulaqlara cingildəyən bu səs böyük bir peşmanlığın dərinliyindən gələr. Həyatının ən gözəl çağında itirdiyi əməyin, qırıldığı qəlbinin səsi qarışar bu “AH”lara və minlərlə qəlbi titrədər. Həyəcan dolu xatirələr, başgicəlləndirən xəyallar, sevgi dənizinə baş vuran o ülvi hisslər, həyatın axarına buraxar özünü. Elə bağırmaq istəyər ki, bəzən, amma heç pıçıltısı da, duyulmaz… Necə kövrələr, amma bir damla yaş da gəlməz gözlərindən. Sükuta qərq olar bəzən. Nədənsə ovsunlanar, nədənsə geri çəkilər. Üzündə, gözündə bir ümid olar, bəlkə də, nə vaxtsa gözündəki yaşlar səbəbini xoşbəxtliklə əvəz edər deyə… Hər dəfəsində əlinin tərsi ilə sildiyi yaşları, indi heç bir müqavimət göstərmədən süzülməsinə vəsilə olur. Sanki bir həyat cücərdir yaşlar ilə. Sus, yox sus… qoy danışsın o qəlbin sahibi… Danış, İntizar, danış… Nə danışım axı?! Həyatımdakı boşluğun verdiyi hansı olaydan danışım?! Mən ki şeirlərimlə danışmağı daha çox sevirəm… Bu necə mi olur? Öz həyatımı nağıl edərəm, sonra bu nağılı şeirimin hər misrasında yaşayıb-yaşatmağa çalışaram. Düşünürəm ki, yaşamasam, yaşada bilmərəm. Yəqin, o üzdən bu qədər qəlbə yaxınam. Bir az mən susaram, bir az mən əvəzdən qələm danışar… O məndən təcrübəlidir. Həyat haqqında danışmağa. Onu yazdıran mənim hisslərimi, məni də susmağa vadar edən Qələmimdir. Bu həyatın bumeranqıdır. Mən kənardan nə qədər güclü görünsəm də, sevginin əsiriyəm. Bu əsarət məni duyğulandırır və nəticədə bu duyğu dolu şeirlər yaranır. Mənim qələmim elə mənim özümdən danışır…

  • Sona İNTİZAR.”SƏNƏ VURĞUNAM

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini


    Sən gələn yolların qadasın alım
    Nə yaman uzundur, gəlib çıxmırsan.
    Sən baxan gözlərin qurbanı olum,
    Məndən incimisən? Niyə baxmırsan?


    Azarlısan, yoxsa niyə bikefsən?
    Mənim ƏZİZİMƏ nə olub belə?
    Gözləri giryansan, sərxoş kimisən,
    Hansı sözüm dəyib yenə qəlbinə???


    Necə darıxıram səndən ötəri,
    Boynuna sarılmaq istəyirəm mən.
    Həsrət, intizardan varmı betəri?!
    Sənin həsrətinə dözə bilmirəm.


    Süzürsən gözünü, dilin acıdır
    Hər sözün ox olub batır ürəymə,
    Tikanlı danışma, bağrım yarılır…
    Sənin tərsliyinə VURĞUNAM elə

  • 24 Dekabr-Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevin doğum günüdü

    İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

    1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.

    1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.

    1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.

    1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

    1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

    1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.

    1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.

    1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

    2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

    2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

    İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.

    2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.

    2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

    Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

    Evlidir. Üç övladı, beş nəvəsi var.

    Təltiflər və fəxri adların siyahısı:

    Ordenlər

    Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)

    Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)

    Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)

    Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)

    Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)

    Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il)

    Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il)

    Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il)

    Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il)

    Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il)

    Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il)

    Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il)

    Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)

    Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il)

    Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il)

    Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il)

    Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il)

    “Serbiya Respublikasının lentli Ordeni” (22 fevral 2013-cü il) 

    Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il)

    Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il)

    Türk Dünyasının Ali Ordeni (12 noyabr 2021-ci il)

    Fəxri elmi adlar

    Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)

    Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il)

    Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)

    Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)

    Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)

    Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)

    Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)

    İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)

    Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)

    Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)

    Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)

    Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)

    Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)

    Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)

    Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)

    Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il)

    İdman təşkilatlarının mükafatları

    Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)

    Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)

    Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)

    Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)

    Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)

    MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)

    Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il)

    Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)

    Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il)

    Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)

    Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il)

    Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il)

    Mənbə: https://president.az/

  • AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Kamran Məmmədovun 100 illik yubileyi qeyd olunub

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas-alim, Əməkdar elm xadimi, professor Kamran Məmmədovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Əvvəlcə alimin elmi fəaliyyətini əks etdirən sərgi ilə tanışlıq olub. Tədbir boyunca alimin fəaliyyətindən bəhs edən slayd nümayiş etdirilib.

    Konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq görkəmli alim Kamran Məmmədovun XX əsr ədəbiyyatının tədqiqində, ədəbiyyatşünaslığın inkişafında xüsusi və önəmli yeri olan vətənpərvər ziyalılardan biri kimi unudulmazlıq qazandığını bildirib. O, Kamran Məmmədovunun ədəbiyyat tarixində rolunun təkcə bədii mətnlərlə bağlı olmadığını, alimin eyni zamanda, ciddi arxiv sənədləri, faktlar üzərində işlədiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli ədibin yaradıcılığında faktlar, sənədlər, dövri mətbuatdan alınmış materialların bütün dəqiqliyi ilə öz əksini tapdığını vurğulayıb.

    “Professor Kamran Məmmədov ömrünün sonlarına qədər arxivlərdən dəyərli materiallar toplamış, onları dövri mətbuatda ədəbi ictimaiyyətə təqdim etmişdir”, – deyə AMEA prezidenti bildirib. Onun sözlərinə görə, Kamran Məmmədov həm də bacarıqlı yazıçı olduğundan yazdığı mətnləri dərindən dərk etmiş, sistemli şəkildə təqdim etməyə müvəffəq olmuş, öz sənət dünyasını düzgün əks etdirmişdir.

    Akademik İsa Həbibbəyli bildirib ki, təbii və özünəməxsus xarakteri ilə seçilən, bütöv bir şəxsiyyət kimi yaddaşlarda yaşayan ədəbiyyatşünas-alim Kamran Məmmədov vətənpərvərlik, azərbaycançılıq ideyalarına böyük önəm vermiş, bu mövqeyini öz əsərlərində də əsas götürmüşdür. O, həmçinin Böyük Vətən Müharibəsi iştirakçısı olmuşdur. AMEA rəhbəri görkəmli alimin əsərlərinin bugünkü dövrdə də öz aktuallığını qoruyub-saxladığını, özünəməxsusluğu ilə seçildiyini və elmimizin inkişafına xidmət etdiyini vurğulayıb. Qeyd edib ki, Kamran Məmmədovun “Cəbhə gündəlikləri” əsəri vətənpərvərlik mövzusunda yazılmış ən sanballı əsərlər sırasında dayanır.

    AMEA prezidenti görkəmli alimin vətənpərvərliklə bağlı hadisələrə hər zaman emosional reaksiya verdiyini, onun Şuşa və Qarabağ sevdasının vətəndaşlıq mövqeyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Bildirib ki, Kamran Məmmədovun ruhu şaddır ki, bu gün onun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konfrans ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanda qeyd edilir. Kamran Məmmədovun uzun müddət Ədəbiyyat İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərdiyini deyən akademik İsa Həbibbəyli onun çoxlu sayda yetirmələrinin olduğunu qeyd edib, alimin institutun elm məbədi səviyyəsinə qaldırılmasında böyük rolu olduğunu xatırladıb.

    AMEA rəhbəri aspirantura təhsili aldığı müddətdə Kamran Məmmədovun onun elmi rəhbəri olduğunu bildirərək, ədəbiyyatşünas alimlə bağlı xatirələrini bölüşüb. O, satirik janr nümunələrinə marağının yaranmasında ədəbiyyatşünas alimin irsinin böyük rolu olduğunu da diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli bugünkü tədbirin professor Kamran Məmmədova olan ehtiramın bir ifadəsi olduğunu deyib, konfransın görkəmli alimin və onun vaxtilə rəhbərlik etdiyi şöbənin timsalında Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas alimlər nəsli yetişdirmək, bu istiqamətdə fəaliyyəti daha da inkişaf etdirmək məqsədi daşıdığını vurğulayıb.

    Konfransda professor Tahirə Məmməd “XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı”, professor İslam Qəribli “Kamran Məmmədovun araşdırmalarında XX əsr Azərbaycan bədii gülüşünün tədqiqi”, professor Asif Rüstəmli “Kamran Məmmədov ədəbiyyat tarixçisi kimi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva “Alimin elmi irsində satira məsələləri” və filologiya üzrə fəlsəfə doktoru Əsmər Hüseynova “Kamran Məmmədovun bədii yaradıcılığı” adlı məruzələrlə çıxış ediblər.

    Tədbirdə, həmçinin akademik Muxtar İmanov, professor İmamverdi Həmidov, filologiya üzrə fəlsəfə doktoru Solmaz Həyatova və filologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxov çıxış edərək professor Kamran Məmmədovun yaradıcılığından söhbət açıb, alimlə bağlı xatirələrini bölüşüblər.

    Sonda ədəbiyyatşünas alimin qızı, Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru Leyla Məmmədova çıxış edərək tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirib.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi