Blog

  • Ədəbiyyat İnstitutunda Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

    AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas alim Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

    Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq görkəmli elm xadimi Araz Dadaşzadənin 90 illiyinin qeyd edilməsinin önəminə toxunaraq qeyd edib ki, alimin ötən əsrin 70-90-cı illərində apardığı tədqiqatlar, xüsusən Molla Pənah Vaqifə, Qarabağ ədəbi mühütinə, onun görkəmli simalarına həsr etdiyi tədqiqatlar bu gün Qarabağın işğaldan azad edildiyi bir dövrdə yenidən aktuallıq kəsb edir və bugünki nəsillər üçün də o tədqiqatların böyük əhəmiyyəti vardır.

    Akademik İsa Həbibbəyli bildirib ki, Araz Dadaşzadənin Molla Pənah Vaqifin həyatı və yaradıcılığı haqqında hələ ötən əsrin 70-ci illərində ərsəyə gətirdiyi monoqrafiya qiymətli mənbələrə və arxiv sənədlərinə, həmçinin istinadlılıq və analitik təhlillərinə görə bu gün də böyük şairimiz haqqında ən qiymətli monoqrafik tədqiqatlardan biri kimi qəbul olunur. Diqqətə çatdırıb ki, Araz Dadaşzadənin “XVIII əsr Azərbaycan lirikası” adlı kitabı ölkəmizdə bir epoxanın ədəbiyyatına həsr olunmuş ilk ümumiləşmiş tədqiqat əsəri kimi böyük elmi əhəmiyyətə malikdir.

    “Araz Dadaşzadəyə qədər Vaqif yalnız nikbin şair kimi qeyd olunurdu. Tədqiqatçımız Vaqif realizminin bütün imkanlarını, dərin fəlsəfəsini hiss edərək bu nikbinliyin alt qatını dərindən təhlil edib ümumiləşmiş fikirlər ortaya qoymuşdur. O, Vaqifin bütöv obrazını yaratmışdır. Təkcə Vaqif deyil, o dövrün digər sənətkarlarının yalnız nikbin cəhətlərini qeyd etməklə yox, onların tənqidi realizmə əsaslanan fikirlərini, faciəvi məqamlarını, onların yaradıcılıqlarının bütün mənzərəsini ədəbiyyatda əks etdirməklə qiymətləndirməsini ortaya qoyub. Sovet ədəbiyyatının əsas prinsiplərindən biri tarixi nikbinlik prinsipi idi. Sovet ədəbiyyatı əsas istismarçı zümrələr kimi gördüyü bəy-xanları, bir sözlə, keçmişi tənqid etməyə köklənmişdi. Tənqidi prinsip, tarixi nikbinlik prinsipi sosializm yaradıcılığına uyğun  gəlirdi. Araz Dadaşzadə Vaqifə də, Vidadiyə də, bir sözlə, həmin dövrün yaradıcı adamlarına kompleks yanaşma ilə ədəbiyyatşünaslıq elminin metodologiyasına öz əlavələrini etməyi bacarmışdır”, – deyə akademik İsa Həbibbəyli vurğulayıb.

    Akademik İsa Həbibbəyli Araz Dadaşzadənin ensiklopedik fəaliyyətinə də toxunaraq bildirib ki, alimin bu istiqamətdə də diqqətəlayiq fəaliyyəti olmuşdur. O, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru vəzifəsinə qədər böyük yol keçmiş və ədəbiyyatşünaslığımıza olduğu kimi, ensiklopediya sahəsində də əməli xidmət göstərmişdir.

    Sonra Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli “Araz Dadaşzadənin Vaqif dünyası”, filologiya elmləri doktoru Cavanşir Yusifli “Araz Dadaşzadə XVII-XVIII əsrlər Azərbaycan lirikasının tədqiqatçısı kimi”, filologiya üzrə fəlsəfə doktoru Fidan Əlizadə “Professor Araz Dadaşzadə Molla Pənah Vaqif yaradıcılığı haqqında” məruzələri ilə çıxış ediblər.

    Vaqif Yusifli məruzəsində vurğulayıb ki, “Araz Dadaşzadə əsl ədəbiyyat adamı idi, ədəbi prosesdə fəallığı ilə seçilirdi. Onun həm klassik ədəbiyyatla, həm də müasir ədəbi proseslə bağlı məqalələri, namizədlik və doktorluq dissertasiyalarına verdiyi rəylər, onlarla elmi əsərlərdə redaktor kimi çalışmaları, ayrı-ayrı tamaşalara həsr etdiyi resenziyalar, Yazçılar İttifaqında keçirilən mötəbər müşavirələrdə çıxışları buna sübut ola bilər…

    Araz Dadaşzadənin Vaqif yaradıcılığı ilə bağlı fikir və mülahizələri onun mükəmməl bir ədəbiyyat tarixçisi olduğunu, bu sahədə ustadları olan Həmid Araslı, Məmməd Arif, Məmməd Cəfər yolunu davam etdirdiyini göstərir…”

    Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaşzadə çıxışında yubilayrın sənətşünaslıq sahəsində böyük nailiyyətlərə məxsus şəxs olduğunu vurğulayıb. Bununla yanaşı, elm aləminə Molla Pənah Vaqifin tədqiqatçısı kimi daxil olduğunu da xatırladıb. Vaqifşünaslıq sahəsində fundamental əsərin müəllifi olduğunu diqqətə çatdırıb.

    Daha sonra filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə çıxış edərək tədqiqatçı-alimin ədəbi araşdırmaçılıq fəaliyyətindən söhbət açıb. O qeyd edib ki,  Araz Dadaşzadə Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Şakir Şirvani kimi ədiblərimizin yaradıcılığı barədə ciddi tədqiqatlar ortaya qoymuşdur və ədəbiyyatşünaslıq və tənqid sahəsinə böyük xidmətlər göstərmişdir.

    Araz Dadaşzadənin qızı filologiya üzrə elmlər doktoru Zümrüd Dadaşzadə çıxış edərək bildirib ki, fundamentallıq, əsaslılıq, hər şeyin mahiyyətinə varmaq ədəbiyyatşünas-alim Araz Dadaşzadənin yaradcılığına xas olan ən ümdə keyfiyyətlərdən biri idi. O, hər sözün üzərində sanki əsirdi və bu keyfiyyətini övladlarına da ötürmüşdü. Onun ən vacib xüsusiyyətlərindən biri sistemləşdirməyi bacarmaq idi. Hər bir işində, elmi yaradıcılığında ən xırda detalları belə nəzərə alır və onları sistemləşdirirdi.

    Tədbirdə görkəmli alimin həyat və yaradıclığından bəhs edən videoçarx nümayiş etdirilib.

    Sonda ailəsi adından çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə və filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə göstərilən hörmət və ehtirama görə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

  • Xalq yazıçısı Anar RZAYEV.”Keçən keçdi, olan oldu”

    Söz başı

    Aşıq deyir:

    Bax bu qaşa, bax bu gözə,

    Yandı bağrım, döndü közə.

    Keçən sözü çəkmə üzə,

    Keçən keçdi, olan oldu.

    Bəzən bayatılarımızda, qoşmalarımızda, gəraylılarımızda ilk sətrlə son misralar arasında uyğunsuzluq, rabitəsizlik sezilir, beytlər elə bil bir-biriylə heç cür uzlaşmır. Sanki birinci cümlələrdə musiqi aləti köklənir ki, sonrakı misralarda melodiyanı xaric xal vurmadan çalsın. Doğrudanmı, birinci sətrlərlə sonuncuların heç bir məntiqi əlaqəsi, duyğu bağlantısı yoxdur? Burda gətirdiyim gəraylının ilk iki misrasıyla üçüncü və dördüncü misralarını nə bağlayır?

    Nə? Bir insan ömrü, yaşanılmış həyat… “Bax bu qaşa, bax bu gözə, Yandı bağrım, döndü közə” – bu sözləri yalnız gənclik atəşiylə yanan, eşq alovunda qovrulan AŞİQ (aşıq yox, aşiq) deyərdi. “Keçən sözü çəkmə üzə, Keçən keçdi, olan oldu” – bu sözlər isə çılğın istəklər, odlu ehtiraslar içində yaşanılmış bir ömrün son mənzilində, əbədi dayanacağına çata-çatda, yetə-yetdə söylənmiş, bir az qüssəli, bir az nisgilli, bir az incikli yekun sözü, müdrik və yorğun AŞIĞIN (aşiqin yox, aşığın) son etirafıdır. Keçən sözü çəkməyə, diriltməyə, qaytarmağa ehtiyac varmı? Olan olub, keçən keçib…

    Bu misraları bir-birinə bağlayan qafiyələr deyil, həyatın amansız məntiqi, qaçılmaz gedişatıdır. Hecaların sayı deyil, yaşanmış illərin, günlərin sayıdır.

    “Keçən günə gün çatmaz, calasan günü günə”… nə mənada çatmaz? Keçib getmiş günə tay-bərabər, onun qədər cazibəli, munis, gözəllikdə ona çatan günlərimiz daha olmayacaq – bu anlamdamı? Yaxud günləri mirvari kimi sapa düzüb keçmişə sarı uzatsan, ip ucundan tutub gerilərə dönmək istəsən, görəcəksən, bu, mümkün deyil – bu mənadamı? Yəqin ki, xalq dühası “çatmaq” sözünün hər iki anlamından yararlanaraq ikiqat çəkisi olan bir təşbeh yaradıb.

    Keçən günə çatmağa qabil deyiliksə, keçmişi canlandırmaq, oyatmaq, müəyyən anlamda bir daha yaşamaq olar. Xatirələrimizdə – anılarımızda. Düşüncələrimizdə. Yuxularımızda.

    Kağız üzərində!

    Bu baxımdan Keçmiş həmişə bizimlədir. İçimizdədir – qəlbimizdə, beynimizdə, yaddaşımızdadır. İstədiyimiz vaxt sehrli qapını açıb İçəri dünyamıza daxil ola bilərik. Bəlkə də elə yeganə real gerçəklik də kağız üzərində əks olunmuş, həkk edilmiş, bizdən sonra baqi qalacaq (əgər qalacaqsa) gerçəklikdir. Mətnin gerçəkliyi. Vaxtın ardıcıllığına, “əvvəl-axır” istiqamətinə məhəl qoymayan, Keçmiş-İndi-Gələcək ölçülərinə sığmayan, Başlanğıcdan Sona doğru yönəlmiş hərəkət cədvəlinə tabe olmayan Mətn. Yaddaşımız – ömrümüzün xülasəsi, icmalıdır.

    Ömür – Ölüm yoludur. Yer üzərində ilk addımlarımızdan, tələffüz etdiyimiz ilk sözlərimizdən üzü bəri hər istəyimiz, hər niyyətimiz, hər gözləntimiz bizi ömrün sonuna, ölümə aparan yolun müəyyən məntəqələri, mərhələləridir. Hər arzumuz Zamanın Gələcək mənziliylə bağlıdır, bu mənzillərin sonuncusu isə məzarlıqdır. Anılar, düşüncələr düzümü – Mətn bizi geriyə, ötüb keçdiyimiz mənzillərə, anlara qaytara bilir.

    İtirdiyimiz insanlar, əziz sifətlər, yaşanılmış olaylar, keçdiyimiz yollar, üzdüyümüz dənizlər, dırmandığımız dağlar, gəzdiyimiz şəhərlər, gördüyümüz kəndlər, oxuduğumuz kitablar, dinlədiyimiz musiqi, aləmin rəngləri, çalarları, qoxuları, insan səsləri, pıçıltıları, iniltiləri, gülüşləri – bütün bu əlvan, hay-küylü, qaynayıb qarışan, burulub-durulan dünya kağız üzərində həkk oluna və yenidən oyana, canlana bilərmi? Bu, mümkünmüdür? Hər halda təşəbbüs imkan daxilindədir. Bu kağız, bu qələm, bu da vaxt – tünlük ömrün durmaz axarından, mühitin burulğanından qoparıb ayırdığın bir neçə ay – yay ayları – yaradıcılıq günləri, həftələri…

    Son illər beynimdə hərlədiyimi, qəlbimdə becərdiyimi, qəfil yaddaş qığılcımlarını bir əlcə kağızlara yazıb saxladıqlarımı axır ki, araya-ərsəyə gətirmək istəyirəm. Pərakəndə duyğuların, dağınıq fikirlərin, pərən-pərən düşmüş anıların, dərbədər düşüncələrin əl-ayağını bir yerə yığmağa çalışıram.

    Xatirələr, anılar aləminin sirli qırxıncı qapısını azacıq araladınmı, Keçmiş səmum yeli kimi üzünü qarsacaq, qəfil sel kimi alıb səni aparacaq, xilas olmaqçün saman çöpü axtaracaqsan, tapmayacaqsan, boğulacaqsan.

    Gəl qınama, oğul, məni,

    Xatirələr boğur məni!

    Hərdən-birdən, ayda-ildə bir kərə “şairliyim tutanda” yazdığım beytdir. Nə əvvəli vardı, nə axırı. Eləcə iki misra.

    İllər boyu içimdə gəzdirdiyim bu çətin, ağrılı yazını 1996-cı ilin yayında Zuğulbada başlayıram. Mənzilimin pəncərələri dənizə açılır. Bu sabah dəniz sakitdir, aram-aram nəfəs alır, ləpələr sahili nəvazişlə tumarlayır, yumşacıq-yumşacıq sığallayır. Bir azdan yüngül meh əsməyə başlayır və dəniz də, elə bil “töyşüyür”. Ləpələr yorğan kimi bir-birinin üstünü örtür. Meh birdən çırpınıb qalxdığı kimi, birdən də susur, öləziyib sönür, yatır. Dəniz nəfəsini dərir, ah çəkib köksünü ötürür, yenə yorğun-arğın, tənbəl-tənbəl, yayxana-yayxana əbədi ləngərində titrəşir. Sanki hərəkət etməyə, tərpənməyə ərinir. Səhəri günorta, gündüzü axşam əvəzləyir.

    Qürub çağıdır. Göydə – bulud yanğını. Fikirli buludlar didim-didimdir, səma boyu harasa yollanırlar.

    Dəniz elə həmin dənizdir. Çimdiyim, üzdüyüm, haçansa, az qala, batacağım dəniz. Hərdən köksünü qabardıb həddini aşsa da, elə həmin qoca Xəzərdir. Aylı gecələrdə köpüklü dalğalarıyla dişlərini ağardan Xəzər. Küləkli havalarda dalğaları cıdır yarışına çıxmış ağzı köpüklü köhlənlər kimi sahilə, qayalara birinci çatmağa can atan Xəzər. Başqa bənzətmələr də gəlir ağlıma, Dəniz – atları cilovunu gəmirən, hövsələsiz qoşun kimi axın-axın, dalğa-dalğa sahilə – sal qala divarlarıtək alınmaz qayalara hücum çəkir, həmlə edir, təpir, qayaların yalçın sərtliyinə çırpılıb çilik-çilik olur. Elə bil qayalar da dənizə yumruq göstərir. Bu bənzətmələr mənimdir. Atamın “Dəniz nəğmələri”ndə, Xəzərlə bağlı başqa şeirlərində günün müxtəlif vaxtlarıyla, müxtəlif havalarla bağlı dürlü bənzətmələr var:

    Dalğalar axıb gedir,

    Üstü köpüklü.

    Elə bil ağsaçlı bir qoca

    Bir göy rəngli bərə çəkir.

    Yaxud:

    Gördüm qayada

    Dənizin ləpirlərini.

    Nə zamansa dəniz

    burdan köçüb.

    Və ya:

    Qayalar da əyilib, elə bil

    axtarır dənizə qərq olmuş sükutu…

    “Göydə buludlar görünür, üzü çapıqlı xəyal kimi” – bu da atamındır. Bu gün mən də həmin buludlara baxıram. Həmin olmasa da, eynən, onun haçansa gördüyü kimidir bugünkü buludlar. Eynən, bugünkülərə bənzəyən qızılı-çəhrayı bulud qafilələri atamgil yaşayanda da, min il, milyon il bundan əvvəldəki kimi, belədən-belə, göyün bu üzündən o üzünə ahəstə-ahəstə süzüb gedirlər. “Karvan bulud” – yəqin bu təşbehin də neçə yüz, bəlkə neçə min il yaşı var. Buludların yaşından az, dəvə karvanlarını görən və bu təşbehi, bənzətməni icad edən insanın yaşı qədər.

    Bəzən də mənə elə gəlir ki, Xəzər yaşıdımdır. Uşaqlığımın, yeniyetməlik çağımın, gəncliyimin dənizi də mənimlə birgə qocalır. Eyvandan sağa baxıram – bir az aralı “Gənclik” düşərgəsidir, ömrümün neçə xoş günüylə, dost ünsiyyəti, qızğın ədəbi mübahisələrin, Abşeron gecələrinin yaradıcılıq saatlarıyla bağlı anımlar canlanır. Daha uzaqlara baxıram – Buzovna, bağımız, atalı-analı, qohum əqrəbalı, qayğısız illərimin xatirələri püskürür. Bir az daha uzaqlarda – Mərdəkan – ilk sevgi günlərinin silinməz yaddaşı…

    Uzaq gəncliyimdə yay günlərinin ən qızmar çağı çimərliklə on kilometr o başa – on kilometr bu başa – Buzovnadan Mərdəkana Zemfiragilin bağına nişanlımı görmək üçün getdiyim günlər…

    İndi burdan həsrətlə, intizarla, özləmlə uzun-uzadı baxdığım nə mənim Buzovnam, nə mənim Mərdəkanım, nə mənim “Gəncliyimdir”. Vaxt – illərimin arasına ən sərt dövlət sərhədlərindən daha keçilməz çəpər çəkib… Anamın şeiri yadıma düşür:

    Unutmaq istəyirəm

    acı-şirin xatirələri,

    dənizin səsi gəlir,

    Unutmaq istəyirəm

    Sahildə şirin yuxular kimi keçən

    həzin axşamları,

    günəşli səhəri.      

    Unutmaq istəyirəm

    yandırıb-yaxan xatirələri,

    dənizin səsi gəlir…

    ***

    İlk variantda adı “Əsrim, əslim, nəslim” olan bu yazımın janrını təyin etməkdə çətinlik çəkirəm. Janr təyini kimi “Anılar, sənədlər, düşüncələr”, “Üç əsrin ailə dastanı” əlbəttə, şərtidir. Amma hər halda məqbuldur, çünki yazının mahiyyətini əks etdirir. Ona görə Anılar (Xatirələr) deyirəm ki, keçən dövrlər, illər, olanlar yada salınır. Amma bu, yalnız mənim ömrümün xatirələri deyil, anamın, atamın söhbətlərindən dinlədiyim, yaxud yazılarında qeyd olunmuş anılarıdır. Amma bu, sırf onların xatirələri də deyil, çünki nə Rəsul Rza, nə Nigar Rəfibəyli bitkin xatirələr yazmayıblar. Ayrı-ayrı vaxtlarda, müxtəlif münasibətlərlə yaşadıqları çeşidli illər, dövrlər, tanıdıqları şəxsiyyətlər haqqında qeydləri qələmə alıblar. Şeirlərində ömürlərinin müəyyən məqamları, görüşdükləri, ünsiyyətdə olduqları, dost bildikləri insanları xatırlayırlar. Daha çox şeyləri isə qələmə almadılar, amma bizlərə, övladlarına danışırdılar və bu anılar da bizim hafizələrimizdə yaşayır. Ancaq mənim məqsədim yalnız bu sistemsiz xatirə fraqmentlərini ardıcıl mətndə birləşdirmək deyil. Bu yazının bir yox, iki, üç müəllifin memuarları sayıla biləcəyinin səbəbi odur ki, mən onların – atamla anamın xatirələrini də yalnız özlərinin yazılı mətnləri, ya şifahi (yəni mənim eşitdiyim) söhbətləri əsasında bərpa etməkdən əlavə, daha bir işi də öhdəmə götürməyə cəsarət edirəm. Bütöv bir dövrü – onların mənə qədər yaşadıqları illəri, birlikdə keçirdiyimiz günləri və onlardan sonra mənim sürdüyüm ömür müddətini – üçümüzün gözüylə görmək və yozmaq istəyirəm. Odur ki, bu yazı, əsasən, üç insanın xatirələrindən – anılarından başqa, həm də üç insanın düşüncələridir. Mənim – öz doğuluşumdan qabaqkı illər haqqında düşüncələrim, onların – valideynlərimin mənim görmədiyim, fəqət görmək istədiyim illər haqqında fikirləri, təəssüratları və onların ölümlərindən sonrakı dünya haqqında düşünə biləcəkləri (əlbəttə, mənim zənnimcə, amma bu zənn onların fikirlərinə və duyğularına bələd olmağıma əsaslanır). Eyni zamanda mətnimə bacılarım – Fidanın, Təranənin, həyat yoldaşım Zemfiranın xatirələrindən parçalar da daxil edirəm. Babalarını, nənələrini yaddaşlarında yaşadan nəvələri Turalın, Ayselin, Günelin yazıları da Rəsulla Nigarın portretlərinə yeni çalarlar əlavə edir.

    Bu anılarım sadəcə xatirə, memuar kimi təqdim edilməməsinin, bu düşüncələrin sadəcə esse janrına aid olmamasının və nəticə etibarilə “Üç əsrin ailə dastanı” adlandırılmasının səbəbi də budur. Üç ömrün və bu üç ömrün fonunda bir neçə nəslin, üç əsr boyu həyat yolunu, təəssüratlarını əks etdirən dastandır. Bu, nə sırf anılar, xatirələrdir, nə də sırf düşüncələr-esselər. Bu, iki janrın ünsürlərindən əmələ gələn üçüncü bir janrdır. Amma sadəcə dastan deyil, sənədli dastan, real insanlar haqqında anılar, düşüncələr dastanıdır. Məsələn, mən, tutalım, Mirzə Cəlil Məmmədquluzadəni, Hüseyn Cavidi, Cəfər Cabbarlını, Əhməd Cavadı, Mikayıl Müşfiqi görə bilməzdim. Ancaq onların canlı insani cizgilərini atamın, anamın yazılı mətnlərindən, şifahi söhbətlərindən qavradığım kimi, yaradıcılıqları, taleləri haqqında öz düşüncələrim həmin şəxsiyyətlərin bədii surətlərini bu yazıda əks etdirməyə imkan verir.

    Yaxud Stalin! 15 yaşıma qədər onun dövründə yaşasam da, onu şəxsən görməmişdim (halbuki məsələn, Moskvada nümayişdə rəhbəri canlı görmək ehtimalı ola bilərdi). Amma hətta televiziya erası gəlməzdən öncə də Sovet İttifaqında bircə nəfər belə, “mən Stalini görməmişəm” deyə bilməzdi. Çünki yalnız qəzet, jurnal və kinoekranlardan deyil, idarələrdə və hətta evlərdə divarlardakı şəkillərindən də Stalin daima hamıya gözünü zilləmişdi, zəhmi qara kabus kimi hər kəsin üstünə çökmüşdü. Nazim Hikmətin ona həsr etdiyi şeirində bu fenomen çox dəqiq ifadə olunub.

    Amma SSRİ əhalisinin böyük qisminin bu şəkillərə rəğbət, hörmət və hətta məhəbbət hissləriylə baxdığını da danmaq olmaz. Stalindən bəhs etmədən, onun bir neçə nəslin taleyində oynadığı roldan söz açmadan dövrümüz haqqında danışmaq mümkün deyil. Yaxud onun Azərbaycan miqyasında kopyası Mir Cəfər Bağırov. Canlı Bağırovu uşaqlığımda bircə dəfə uzaqdan-uzağa görmüşdüm. Amma atamın, başqa çağdaşlarının söhbətlərindən, yaxud bu gün açılan tarixi faktlardan, hərəkətlərinin mahiyyəti haqqında bildiklərimdən və bütün bunlar barəsində öz qənaətlərimdən, düşüncələrimdən çıxış edərək bu çox mürəkkəb təbiətli, zabitəli, zəhmli, amansız və rəhmsiz, eyni zamanda, yeri gələndə, millətinin qeyrətini çəkməyi bacaran insanın həm güclü, həm qəddar cəhətlərini təhlil etmək vacibdir…

    Üzeyir bəyi uşaqlığımda bir neçə dəfə görmüşdüm. Böyük bəstəkar haqqında atamın yazılı xatirələri, anamın, başqa müasirlərinin, özəlliklə,ı Niyazinin söylədikləri yaxşı yadımdadır. “Üzeyir ömrü” filmi üzərində çalışarkən bu böyük insanı daha yaxından duya bildim, ömür yoluna daha artıq məhrəm oldum. Üzeyir bəy haqqında anılar – düşüncələr çox çətin bir dövrdə sənətkarın mürəkkəb taleyi haqqında söz deməyə imkan verir. Atamın-anamın müasirləri olan yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar, alimlər… Neçə-neçə dəyərli insanın surətləri hələ də gözlərim qarşısındadır, səsləri qulaqlarımdadır. Azərbaycanda Türkiyənin adını belə, dilə gətirmək yasaq olanda bu qardaş ölkəni Nazim Hikmətin səsiylə, nəfəsiylə duyduq. Moskvada, Bakıda böyük şairi dəfələrə dinlədim – şeirlərini, söhbətlərini, xatirələrini… Sonralar Türkiyənin başqa yazıçılarıyla, sənətçiləriylə də tanış, bəziləriylə dost oldum. Keçmiş Sovet İttifaqının bir sıra ədəbiyyat, sənət adamlarıyla əvvəllər atamgilin evində, sonralar öz evimdə, ya da Moskvada, müxtəlif şəhərlərdə ünsiyyətdə oldum.

    1987-ci ildə Azərbaycan Yazıçılar təşkilatının rəhbəri seçiləndən sonra, illah da, 1988-ci ildə Qarabağ hadisələri başlanandan bəri siyasi həyatın burulğanına düşdüm, keçmiş SSRİ-nin və Azərbaycanın müxtəlif dövrlərdəki rəhbərləriylə, bir sıra başqa ölkələrin siyasətçiləri ilə görüşməli, danışmalı, bəzən mübahisə etməli oldum. Bu insanlar haqqında da, ümumən hadisələrin gərginliyi etibarilə də bir əsrə bərabər olan bu dövr haqqında xatirələrim, qənaətlərim, ağrılı düşüncələrim boldan boldur. Bütün bu hadisələrin və daha öncəki illərin olaylarını canlandırarkən, öz həyatımı, ailəmizin taleyini mərkəzə çəkməyim bizim müstəsna və əlahiddə rol oynamağımızı iddia etmək deyil. Əsla. Məsələ ondadır ki, hər bir bədii əsərin, xüsusilə, romanın (mən bu yazımı bədii əsər və məhz dastan – roman sayıram) məhvərində müəyyən surətlər, personajlar durur. Dövrün mənzərəsi onların taleyi vasitəsilə əks etdirilir. Dövrümüzü ehtiva etmək üçün personajlar seçəndə yaxşı tanıdığın, içəri dünyasına – ömür yoluna, duyğu və düşüncələrinə bələd olduğun insanları seçməyin təbiidir.

    Subyektiv faktorlardan başqa obyektiv amillər də var. XX əsr Azərbaycan ziyalılarının həyat dövrləri ailəmizin müxtəlif nəsillərinin taleyində əks olunub. Zaman nəsilbənəsil ailə üzvlərimizin ömür yoluna dərindən-dərin izlər salıb. Əslimizdən, nəslimizdən söz açanda hadisələr, hətta XX əsrin hüdudlarını aşıb XIX əsrə qədər uzanır. Xanlıqlar dövrü, çar Rusiyasının Qafqazı zəbt etməsi, ulu babamız Məmmədxanın yaşadığı illərə düşür. Bayat boyundan, şahsevən tayfasından Məmmədyar oğlu Məmmədxan rus soldatlarına müqavimət göstərdiyi üçün çar hökuməti tərəfindən həbs edilir, zindana atılır və zindanda zəhərləndirilərək öldürülür.

    Anam tərəfindən Rəfibəylilər nəslinin də tariximizdə önəmli yeri var. Ulu babam Ələkbər bəy Rəfibəyli – Azərbaycanın ilk siyasi partiyası – Difai partiyasının Gəncədə qurucusu, partiyanın fəxri sədri və nüfuzlu el ağsaqqalı olub. Onun oğlu, anamın atası Xudadat bəy – müstəqil Azərbaycanın ilk səhiyyə naziri, daha sonra Gəncə quberniyasının general-qubernatoru vəzifələrini daşıyıb. 1920-ci ilin aprelində bolşeviklər hakimiyyəti ələ keçirəndə həmin ilin mayında Gəncə üsyanının təşkilatçılığında ittiham olunaraq həbs edilir. Erməni “şahidlərin” ifadələri, erməni müstəntiqin apardığı iş nəticəsində, erməni hakimin çıxardığı hökm əsasında güllələnir.

    20-ci illərin təhsil dövrü, 30-cu illərin ədəbi həyatı, məşum 37-ci ilin itkiləri, Vətən müharibəsinin təhlükələri və çətinlikləri, 45-ci ilin Cənubi Azərbaycan fərəhi və ümidləri, 46-cı ilin Cənubi Azərbaycan faciəsi, 40-cı illərin sürgün qorxusu, Stalinin ölümü və ona inamın darmadağın olması, Xruşşovun hökmranlığı və süqutu, Brejnev dövrünün durğunluğu – bütün bu tarixi mərhələlər atamın, anamın ömür yollarına damğasını basmış hadisələrdir. 81-ci ildə yüz gün içində bir-birinin ardınca vəfat etmiş valideynlərimdən sonra cərəyan edən olaylar – Qarabağ qarşıdurması, 90-cı ilin Qara Yanvar müsibəti, 91-ci ildə Moskvada avqust qiyamı, SSRİ-nin dağılması, Azərbaycanın müstəqilliyini bərpa etməsi, Xocalı dəhşəti, dostlarımın həlak olduqları dikuçar qəzası, Xalq cəbhəsinin iqtidar olduğu müddət, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı – bütün bunlar gözlərim önündə baş verən hadisələrdir, onların bəzən müşahidəçisi, bəzən iştirakçısı olmuşam. Amma yaşımdan öncə olmuş hadisələr, tarixi dövrlər haqqında, şəxsiyyətlər barəsində də müəyyən düşüncələrim, qənaətlərim, çıxardığım nəticələr var və bunlar haqqında da yazmaq istəyirəm.

    Bu kitab bir neçə ömrü yenidən kağız üzərində yaşatmaq təşəbbüsüdür. Bəlkə iddialı görünsə də, ölümsüzlük təmənnası, keçən keçəndən, olan olandan sonra Dünyada, Zamanın axarında, qaçıb uçan Vaxtın içində qalmaq niyyətidir. Bu yazımı bitirib sahmana sala, nəşr edə bilsəm, ömrümün yəqin ki, ən vacib, ən önəmli işini görmüş olaram.

    Müsahibələrdə dönə-dönə “bu yay əsəri bitirəcəm” desəm də, yayı-yaya, ayı-aya, ili-ilə sata-sata bu yazıya başladığım gündən 30 il keçdi. Söz verdim ki, bu il mütləq bu işi bitirməliyəm. Sözümün üstündə durmalıyam.

    Bu yazıyla bir vaxtda, paralel olaraq “Min beş yüz ilin oğuz şeiri” antologiyasını hazırlayırdım. Makinada klassik şairlərin əsərlərini köçürürəm. Növbə böyük Füzuliyə çatıb:

    Mən kiməm? – Bir bikəsü biçarəvü – bixanıman,

    Taleyim aşuftə, iqbalım nixun, bəxtim yaman.

    Axşamlar yazı-pozudan yorulub mütaliə edirəm. Yenicə çapdan çıxmış “Ağaoğlular” kitabını oxuyuram. Vilayət Quliyevin tərtib etdiyi bu kitaba Əhməd bəy Ağaoğlunun “Mən kiməm?” adlı essesi də daxil edilib. Nə qəribə bir təsadüf?! Füzulinin və Əhməd bəyin “Mən kiməm?” sualıyla rastlaşdığım bir gündə bu sualı üçüncü dəfə eşidirəm. Bapbalaca, təzə-təzə dil açan bir qızcığazın dilindən. İki yaş dörd aylıq qız nəvəm Deniz mənə yanaşır və birdən soruşur:

    – Mən kiməm?

    – Sən mənim ceyranımsan, – deyirəm, – maralımsan, qəşəngimsən, gözəl-göyçək nəvəmsən, – deyirəm.

    Dediklərimin mənasını dərk edərək məmnun-məmnun dinləyir və mən onu sınamaq üçün səsimi dəyişmədən, eyni tonda, eyni intonasiyayla:

    – Meymunumsan, – deyən kimi dərhal:

    – Omaz – deyir. “Omaz” – olmaz onun dilində ən qəti, ən ötkəm, təkzibedilməz “yox”dur. Yamanca hikkəli qızdır. Anası ona laylay çalır, yatızdırır, “laylay dedim yatasan, qızıl gülə batasan”… Heç də yatmaq fikrində olmayan Deniz başını qaldırıb qeyzlə: – yatmıram, qızıl gülə də batmıram, – deyir.

    Ulu babalarımdan, nəslimizdən, valideynlərimdən, onların və özümün dost-tanışlarımdan, ömür boyu rastlaşdığım insanlardan bəhs edəcək bu kitaba ilk personaj kimi ailəmizin ən kiçik nümayəndəsi Denizi daxil edirəm (Bu sözbaşı yazıldığı ildə hələ ən kiçik qız nəvəm Sezen dünyaya gəlməmişdi. Daha sonra nəticələrim – Murad, Sevinc, Maya, Tural doğuldu. Yazını qələmə aldığım şəkildə saxlamaqla sonrakı cümləyə Sezenin də adını əlavə edirəm).

    Bu kitabı da iki oğlan nəvəmə – Rəsula və Anara, iki qız nəvəmə – Denizə və Sezenə, bir də dörd nəticəmə – Murada, Sevincə, Mayaya, bir yaşlı Turala ithaf edirəm.

    Nəvə, nəticə, kötücə, iticə, yadıca… Soyadımızın kökü Məmmədxandan başlasaq – onun oğlu Mahmud ağa, nəvəsi Məmməd ağa, nəticəsi Mirzə İbrahim, kötücəsi Rəsul Rza, iticəsi – mən, yadıcası – oğlum Turaldır. Ondan sonrakı törəmələrin ulu babayla varislik, xələflik münasibətini bildirən söz yoxdur dilimizdə. Amma mən nəslimin, ulu babalarımın iticəsi (itmək, uzaqlaşmaq, unutmaq anlamında) olmadığım kimi, nəvələrimin də əcdadlarının xatirələrinə yadlaşmalarını, yadırğamalarını, yadıca olmalarını istəmirəm. Bu kitabın bir məqsədi də budur.

    Ömürlərinin əsas və yetkin çağı XXI yüzilliyə düşəcək gələcəyin insanlarına, o sıradan nəvələrimə, nəticələrimə Keçmişdən, mənim bu gün izləyə bildiyim kökləri uzaqlara gedib çıxan soyumuzdan, əcdadlarımızın əzab-əziyyətli talelərindən, valideynlərim Rəsul Rzanın və Nigar Rəfibəylinin keşməkeşli həyatlarından və nəhayət, mənim öz ömrümdən, çağdaş yaxınlarımdan və yaxın çağdaşlarımdan – söz açaraq əsrləri-nəsilləri bir-birinə bağlamağa, calamağa çalışıram…

    Kitabımın bir üslub, dil özəlliyini də qeyd etmək istəyirəm. “İlk söz”ü aşıq şeiriylə başladığım kimi, sonda başqa bir aşığın ifadəsinə müraciət edirəm.

    “Vaxtın yox zamanında”. Vaxtın, zamanın dəqiq ardıcıllığı olmadığı üçün xatirələrin pərakəndəliyinə uyğun mənim də bir “vaxt dağınıqlığım” var – yəni, hadisələr “vaxtın yox zamanında” cərəyan edir.

    …Və bir də böyük Füzulinin, hörmətli Əhməd bəyin və balaca Denizin sualını özümə şamil edərək cavab axtarıram: Mən kiməm?

    Bu suala isə əslimdən-nəslimdən, babalarımdan söz açmadan cavab vermək çətindir.

    1996-cı ilin iyun, iyul, avqust, sentyabr ayları

    1998-ci il yanvar, fevral

    2016-cı ilin sentyabr, oktyabr ayları

    2025-2026-cı ilin əlavələriylə

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Xalq şairi QABİL.Mərsiyə (20 Yanvar şəhidlərinə)

    Gecəni atəş ilə qırmızı dan eylədilər,
    Xalqımı-millətimi gülləbaran eylədilər.

    Tutulub vahimədən nitq bu gün, dil bu səhər,
    Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,
    Bakı fəryad eləyir, gözdən axır sel bu səhər,
    Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər.
    Gecəni atəş ilə qırmızı dan eylədilər,
    Xalqımı-millətimi gülləbaran eylədilər.

    Öz Qızıl Ordumuzun yurdumuza qəsdinə bax,
    Üstümə tank yeridən fitnəkarın şəstinə bax,
    Gözü qanımla xumar düşmənimin məstinə bax,
    Qara bayraqlarımın cərgəsinə, dəstinə bax,
    Gecəni atəş ilə qırmızı dan eylədilər,
    Xalqımı-millətimi gülləbaran eylədilər.

    Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız,
    Ölmədi! Şanlı şəhid oldu necə yüzlərimiz
    Bu saat Kərbü bəla düzləridir düzlərimiz,
    Necə qan ağlamasın üzlərimiz-gözlərimiz,
    Gecəni atəş ilə qırmızı dan eylədilər,
    Xalqımı-millətimi gülləbaran eylədilər.

    Kim görüb böylə mərasim ola milyonlar ilə,
    Bakı insan axınıyla dola miiyoniar ilə,
    Salına şanlı şəhidlər yola milyonlar ilə,
    Analarla bacılar saç yola miiyonlar ilə,
    Gecəni atəş ilə qırmızı dan eylədilər,
    Xalqımı-millətimi gülləbaran eylədilər.

    Qəbrin üstündə də heç kukla olar çanta ilə,
    Ağ gəlinlik fatası… qırmızı al lenta ilə.
    Bəs Kremlin görəsən fərqi nədir Xunta ilə?!
    Açınız tarixi, həm indi elə, onda elə…
    Gecəni atəş ilə qırmızı dan eylədilər,
    Xalqımı-millətimi gülləbaran eylədilər.

    Düşdü dildən-dilə bu qətl, bu matemgahımız,
    Çatdı hər ölkəyə bu şəhri-bəyani ahımız,
    Gördü aləm ki, aman… cəlladımızmış şahımız,
    Yoxsa da bir şeyimiz, vardı fəqət allahımız,
    Gecəni atəş ilə qırmızı dan eylədilər,
    Xalqımı-millətimi gülləbaran eylədilər.

    Hər qızıl güllü məzar – sinəmizin dağı, məzar!
    Əyilir üstünə göy qübbəsinin tağı, məzar.
    Hər məzar qanlı beşik – laylayı ağı, məzar!
    Dayanıb tam alacaq bizdən hələ yağı, məzar!
    Gecəni atəş ilə qırmızı dan eylədilər,
    Xalqımı-millətimi gülləbaran eylədilər.

    Ey Vətən oğlu, Vətən övladı, sil göz yaşını!
    Qan haçan yerdə qaiıb, təzələ öz yaddaşını!
    Çox görüb, Qabil, Azərbaycanım işğal qoşunu,
    Görməyib ancaq hələ böylə cinayət işini…
    Yazmışıq təqvimə qan ilə bu yanvar qışını,
    Gecəni atəş ilə qırmızı dan eylədiiər,
    Xalqımı-millətimi gülləbaran eylədilər.

    Yanvar, 1990

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Türkiyədə Qara Qarayev haqqında kitab nəşr edilib

    Türkiyədə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, akademik Qara Qarayevin həyat və yaradıcılığına həsr olunan kitab işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, “XX əsrdə Azərbaycan musiqisi və Qara Qarayevin əsərlərində şərq–qərb qarşılıqlı təsiri” başlıqlı kitabın müəllifi azərbaycanlı tədqiqatçı və tar ifaçısı Pərviz Musayevdir.

    Müəllifin magistratura elmi işi əsasında hazırlanan bu nəşr Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Türkiyədə yayımlanıb. Kitabda XX əsr Azərbaycan musiqisi, Azərbaycan bəstəkarlıq məktəbinin formalaşması və inkişafı, eləcə də Qara Qarayevin zəngin həyat və yaradıcılıq yolu elmi-tədqiqat müstəvisində təqdim olunur.

    Nəşrdə bəstəkarın “Don Kixot” simfonik qravürləri, “Yeddi Gözəl”, “İldırımlı Yollarda” baletləri və Üçüncü simfoniyası ümumi şəkildə təhlil edilib.

    Bununla bağlı AZƏRTAC-a açıqlama verən müəllif qeyd edib ki, kitabın Türkiyə ədəbiyyatına və musiqi elminə qazandırılması mühüm əhəmiyyət daşıyır: “Çünki Azərbaycan bəstəkarları və milli musiqisi haqqında Türkiyə elmi və ədəbi mühitində mənbələr olduqca azdır. Bu nəşrin Azərbaycan musiqisinə böyük xidmətlərdə olan bəstəkar Qara Qarayev yaradıcılığının Türkiyədə və beynəlxalq musiqi ictimaiyyətində daha dərindən tanınmasına töhfə verəcəyinə ümid edirik”.

    Bildirilib ki, Qara Qarayevin əsərlərindəki Qərb–Şərq sintezi bu gün də öz aktuallığını qoruyub-saxlayır. Kitabın daha geniş oxucu auditoriyasına çatdırılması məqsədilə nəşr beynəlxalq yayım evi vasitəsilə çap edilib.

    Qeyd edək ki, kitabın müəllifi soydaşımız Pərviz Musayev bakalavr təhsilini Azərbaycan Milli Konservatoriyasında, magistratura təhsilini isə İstanbul Universiteti Konservatoriyasında alıb. Türkiyədə Azərbaycan musiqisini təmsil edən tarzən hazırda Qazi Universitetində doktorantura təhsilini davam etdirir.

    Mənbə: https://azertag.az/

  • Ötən il Azərbaycana 2 milyon 570 mindən çox turist gəlib

    Ötən il Azərbaycana dünyanın 189 ölkəsindən 2570,2 min və ya əvvəlki illə müqayisədə 2,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 23,9 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 8,1 faizi İran, 6,5 faizi Hindistan, 4,3 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Qazaxıstan, 3,5 faizi Pakistan, 2,7 faizi İsrail, 2,5 faizi Çin, 2,4 faizi Özbəkistan, 1,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 67,0 faizini kişilər, 33,0 faizini qadınlar təşkil edib.

    2024-cü illə müqayisədə İsraildən gələnlərin sayı 2,4 dəfə, Tacikistandan 1,6 dəfə, İordaniyadan 49,9 faiz, Çindən 41,7 faiz, Özbəkistandan 34,3 faiz, Qırğızıstandan 33,7 faiz, Niderlanddan 27,5 faiz, Yaponiyadan 25,8 faiz, Qazaxıstandan 20,1 faiz, İtaliyadan 13,7 faiz, Pakistandan 12,5 faiz, Almaniyadan 11,1 faiz artıb.

    2024-cü illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,0 faiz artaraq 120,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,4 faiz azalaraq 414,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2 faiz azalaraq 865,7 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 2,0 faiz artaraq 1169,6 min nəfər təşkil edib.

    Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,8 faizi hava, 22,9 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

    2024-cü illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,3 faiz azalaraq 2109,9 min nəfər olub. Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 20,4 faiz, İrana gedənlərin sayı 9,2 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 31,5 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,6 faiz azalıb. Azərbaycan vətəndaşlarının 41,2 faizi Türkiyəyə, 14,5 faizi Rusiya Federasiyasına, 10,7 faizi Gürcüstana, 9,7 faizi İrana, 23,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,5 faizini kişilər, 36,5 faizini qadınlar təşkil edib.

    Ötən il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,6 faizi hava, 28,5 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.

    Mənbə: https://azertag.az/

  • “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib

    Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib.
    Yanvarın 22-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin tabe qurumlarının iştirakı ilə Mədəniyyət Konsepsiyasının təqdimatına həsr olunan genişləndirilmiş iclası keçirilib.
    Tədbirdə mədəniyyət naziri Adil Kərimli çıxış edərək Mədəniyyət Konsepsiyasının məqsədləri və qarşıda duran vəzifələr barədə qısa məlumat verib. 
    Sonra konsepsiya ilə bağlı xüsusi hazırlanmış  videoçarx nümayiş etdirilib. Konsepsiyanın məzmunu barədə geniş təqdimat keçirilib. 
    Mədəniyyət Nazirliyinin bu istiqamətdə vəzifələri və həyata keçirilməli olan layihələr barədə qurumlara tapşırıqlar verilib.

    Mənbə: https://culture.gov.az/

  • “Üzeyir Hacıbəyli Mükafatı”nın qalibləri təltif olunub

    Yanvarın 22-də Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib.
    Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, millət vəkilləri Fazil Mustafa, Ceyhun Məmmədov, Elnarə Akimova, Mehriban Vəliyeva, Elçin Mirzəbəyli, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov, mükafatın ekspert şurasının üzvləri və laureatları iştirak ediblər.
    Əvvəlcə qonaqlar məktəbin foyesində şagirdlərin rəsmlərindən ibarət sərgi ilə tanış olublar.
    Məktəbin zalında davam edən mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    Mədəniyyət naziri Adil Kərimli çıxış edərək “Üzeyir Hacıbəyli Mükafatı” haqqında məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ötən il dahi bəstəkar, Azərbaycan peşəkar musiqisinin banisi, musiqişünas və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə və xaricdə müxtəlif səpkili tədbirlərlə qeyd edilib. Mədəniyyət Nazirliyi və tabe qurumlar tərəfindən yubiley ili ərzində çoxsaylı layihə və tədbirlər həyata keçirilib.
    Qeyd olunub ki, Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təşəbbüsü ilə keçirilən müsabiqə musiqi və incəsənət təhsili sahəsində çalışan müəllimlərin peşəkarlığının təşviqi, yaradıcı potensialının üzə çıxarılması və milli musiqi irsinin gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.
    Müsabiqəyə Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan ümumilikdə 66 müəllim qatılıb. Onların sırasından 19 müəllim müsabiqənin qalibi olub.
    Nazir bildirib ki, mədəniyyətin müxtəlif sahələri kimi, incəsənət təhsili də Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondu, Mədəniyyət, Elm və Təhsil nazirliklərinin təşkilatçılığı ilə uğurla gerçəkləşən Uşaq İncəsənət Festivalı bu sahədə diqqətəlayiq layihələrdəndir. Sonuncu festival da ölkəmizin bütün guşələrindən minlərlə istedadlı uşağı bir araya gətirib.
    Bu qəbildən layihələrin davamlı olmasının əhəmiyyətini vurğulayan Adil Kərimli “Üzeyir Hacıbəyli Mükafatı”nın laureatlarını təbrik edib, yeni uğurlar arzulayıb.
    Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov rəhbərlik etdiyi qurumun yaradıcılıq layihələrinə də öz töhfəsini verdiyini bildirib. O bundan sonra da mədəniyyət sahəsinin inkişafına xidmət edən layihələrə dəstək verəcəklərini deyib, qaliblərə təbriklərini çatdırıb.
    Sonra “Üzeyir Hacıbəyli Mükafatı” ekspert komissiyasının üzvləri olan tanınmış incəsənət xadimləri səhnəyə dəvət edilib. Onlara gül dəstələri və xatirə hədiyyələri təqdim olunub.
    Daha sonra müsabiqənin qaliblərinə mükafat və diplomlar təqdim edilib.
    Sonda “Üzeyir Hacıbəyli Mükafatı”nın laureatı olan müəllimlərin və onların şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib. Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət proqram alqışlarla qarşılanıb.

    Mənbə: https://culture.gov.az/

  • Təhminə BAĞIROVA.”Qar qız”

    Bağırova Təhminə Fərrux qızı 12.02.1977-ci ildə Kəlbəcər rayonunun Hacıkənd kəndində anadan olub. 1984-cü ildə həmin kənd məktəbinin 1-ci sinfinə daxil olub, Kəlbəcər yayonunun işğalı ilə bağlı orta təhsilini 1993-cü il 10 aprel tarixindən Göygöl rayon 3 saylı orta məktəbdə davam etdirərək, 1994-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib. 1996-cı ildə ADPU-nin Filologiya fakültəsinə daxil olub, 2001-ci ildə hımin ali məktəbi bitirib. 1999-cu ildən 2002-ci ilə qədər Kəlbəcər rayon 119, 2002-ci ildən 2007-ci ilə qədər Kəlbəcər rayon 84, 2007-ci ildən hal-hazıra qədər Bakı şəhərinin Sabunçu rayonundakı Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi kimi fəaliyyət göstəririr. Bədii yaradıcılıqla da məşğul olan Təhminə xanım qələmini hekayə, şeir yazmaqla sınayır, məqalələr yazır. “Ədəbiyyat qəzeti”ndə “Manqurtun öcü” hekayəsi dərc olunub.

    QARA QIZ

    Vardı biri,yoxdu biri…..
    Türkün özü, qıyqacı gözü, gülərmiş üzü,keçərmiş sözü!
    Söyləmiş ulardan ulunun birinin özü:
    “Tanrı Dağlarının yamaclarında
    Qıyıqgözlü bir Qız vardı.
    Yağılar basınca, yurdu .
    Ucsuz çöllərə üz tutdu.
    Qarlara qarışıb itdi…
    Ayaz ata onu tapdı,
    Öz buz evinə apardı.
    Kam ana da gəldi o an,
    Buz gözələ əlac etdi.
    Qızın acıları bitti….
    Açınca o gözlərini
    Gördü bura evi deyil!
    Qorxdu , ah – vay etdi yenə
    Ormana üz tutdu yenə ….
    Yaz gəldi , çiçəklər bitti.
    Yenə də bir fəsil ötdü…
    Qız çöllərdə qaçdı, qaçdı…
    Yepyeni cığırlar açdı!
    Ozan keçdi o ormandan
    Qız duyduqca sazın səsin
    O da yüksəltdi naləsin….
    Ağlasa da , kar etmədi!
    Könlündəki qəm bitmədi….

    Günlər keçdi,
    Ay dolandı!
    Göy üzünü bulud aldı!
    Qız yenə ormanda qaldı.
    Xəbər yoxdu obasından!
    Ayrılmışdı atasından-anasından…
    Bir gün dan atan zaman
    Bir Alp gəldi uzaqlardan!
    Atı vardı quş qanadlı!
    Qılıncından qan damlardı!

    Qızı görən anda durdu!
    -Kimlərdənsən ,-deyib sordu!
    Qız titrəyən əlləriylə qapamışdı gözlərini….
    Bayılaraq yerə düşdü!
    Huşu yenə başdan uçdu…
    Yerə qoydu dizlərini
    Yumdu Qıyıq gözlərini…
    Alp o anda yerə endi.
    Qızı alb Ata mindi!
    Çapıb getdi obasına .
    Varınca öz odasına ,
    Odun atdı sobasına…
    Yarın getdi babasına,
    Bilgə Qoca yetişincə
    Odada qızı görüncə
    Haray saldldırdı auluna :
    -Xəbər verin Alp Aluna !
    Deyin :
    —Qızın bulmuş Oğlum!
    Gözləyirəm onun yolun!
    Ata gəlib qızın gördü,
    Hiddətdən dizlərin döydü.
    Balasın ölmüş sanmışdı,
    Qızından o əl üzmüşdü.
    İndi gördü qarşısında,
    Heyrət vardı baxışında .
    Nələr olmuş, yavrusuna?!
    Nə işlər gəlmişdir başına?!
    Ata qorxub titrəyirdi!
    Hirsdən bığın çeynəyirdi!
    Bəlkə , çirkli əllər dəymiş?
    Bəlkə , namusu kirlənmiş?!
    Əsəbdən sıxdı yumruğun!
    Verdi o ən son buyruğun…
    -Lənət olsun yağılara,
    Sinəmdəki bu dağlara,
    birini də çəkdi!
    Yetdi!!!
    Bu iş artıq burda bitdi!
    Hazırlansın Alp Ərənlər!
    Bizi sevən mənimlə gələr!
    Alplar səflərə düzüldü…
    Havada oxlar süzürdü!
    Yağı eli viran qaldı!
    Obası, eli talandı!
    Ata intiqamın aldı!
    Qızına müjdələr verdi!
    Toy quruldu,düyün oldu!
    Qar Qızı Alp gəlin aldı!
    Gənclər muradına yetdi!
    Nağılım burdaca bitdi!
    Göydən də üç alma yox,
    üçcə nar düşdü!
    Birini kəsdik min oldu,yedik tox olduq!
    Biri arxadaşların,biri də bal balaların:)
    Təhminə Fərruxqızı.

  • Bu gün Xalq şairi Zəlimxan Yaqubun doğum günüdür

    Xalq ruhuna, poetik fikrimizin gözəl ənənələrinə səmimi hörmət bəsləyən şairlər həmişə xalqın istəklisi olurlar. Zəlimxan Yaqub məhz belə şairlərdən olub. Müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir. XX yüzilliyin 70-80-ci illərində xalqın milli-mənəvi dünyasında azadlıq və istiqlaliyyət meyilləri gücləndiyi şəraitdə Zəlimxan Yaqubun böyük potensiala malik ədəbi imkanları bütün qüdrəti ilə üzə çıxdı. Akademik Nizami Cəfərovun obrazlı şəkildə dediyi kimi, “Azərbaycan poeziyasının geniş səmasında bir ildırım çaxdı, bir Günəş parladı… Gur səsi, ətrafı bir anda nura qərq edən poetik enerjisi ilə şeiri geniş meydanlara, böyük auditoriyalara çıxardı…”.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 76-cı ildönümü tamam olub.

    Azərbaycan ədəbiyyatında folklorla yazılı ədəbiyyatın sıx əlaqəsini bariz şəkildə əks etdirən Zəlimxan Yaqubun yaradıcılığı ədəbiyyatın şifahi və yazılı qollarının sıx vəhdətindən ibarətdir. Onun şeirlərinin ümumxalq məhəbbəti qazanmasının başlıca sirri şairin toxunduğu, qələmə aldığı mövzuların aktuallığında, müasirliyində, xalqın mənəvi dünyasının düzgün işıqlandırılmasındadır.

    Çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Zəlimxan Yaqubun əsərləri xalqımıza məxsus mütləq dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edir.

    Sağlığında heykəlləşən, bənzərsiz şeirləri ilə Azərbaycan ədəbiyyatına adını əbədi həkk edən, əbədiyaşarlıq qazanan Zəlimxan Yaqub hər zaman böyük sevgi və ehtiramla anılacaq.

    Mənbə: https://azertag.az/

  • Xalq şairi Səməd VURĞUN.”Şair, nə tez qocaldın sən!”.

    Nemətsə də gözəl şer,
    Şair olan qəm də yeyir.
    Ömrü keçir bu adətlə,
    Uğurlu bir səadətlə.
    Görən məni nədir deyir:
    Saçlarına düşən bu dən?
    Şair, nə tez qocaldın sən!

    Dünən mənə öz əlində
    Gül gətirən bir gəlin də
    Gözlərində min bir sual
    Heykəl kimi dayandı lal…
    O bəxtəvər gözəlin də
    Mən oxudum gözlərindən:
    Şair, nə tez qocaldın sən!

    Ovçuluğa meyil saldım,
    Gecə – gündüz çöldə qaldım,
    Dağ başından enib düzə
    Bir ox kimi süzə – süzə
    Neçə ceyran nişan aldım;
    Cavab gəldi güllələrdən:
    Şair, nə tez qocaldın sən?

    Bəzən uca, bəzən asta,
    Ötür sazım min sim üstə.
    Andı yalan, eşqi yalan,
    Dostluğu da rüşvət olan,
    Ürək yıxan bir iblis də
    Üzəvari deyir hərdən:
    Şair, nə tez qocaldın sən!

    Saç ağardı, ancaq ürək
    Alovludur əvvəlki tək.
    Saç ağardı, ancaq nə qəm!
    Əlimdədir hələ qələm…
    Bilirəm ki, deməyəcək
    Bir sevgilim , bir də Vətən:
    -Şair, nə tez qocaldın sən!

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər

    Doğuldum 1939-da,
    1937-də tutuldum.
    48-də nənəm öldü,
    ömrümdə ilk dəfə
    ölüyə ağladım.
    Balıqlar saxladım
    akvariumda.
    Açıq qaldı pəncərəm
    bir qış gecəsi.
    Dondu balıqlar…
    İndi 1965-in
    yanvar gecəsidir.
    Deyəsən yaşamaq istəyirəm.

    Uzaq yaşıl ada

    Ürəyim yol çəkir bir gözə dönüb,
    Yollar da tərs kimi uzanır, gülüm.
    Yuxumdan hər gecə durnalar keçir,
    Bilmirəm nə olub, haradan bilim?!
    Belə getsə sınar quşların səsi,
    Dənizin də səsi günbəgün batar.
    Yubanma, əzizim, gəl qurtar məni,
    Arxadan dərd çapır, qorxuram çata…

    Halıma yanan gərək səsin düşəndə yada,
    Ötən günləri qoru, yaxşı bax, vermə bada…
    Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada…

    Tez ol xəbər ver, görüm necəsən,
    Gözlərin necədi, yerişin necə?
    Yaman darıxmışam, mən səndən ötrü,
    Barı bir soraq ver özün gəlincə.
    Yerini bilmirəm, bilsəm gələrəm,
    Könlünü alaram, sevərəm yenə.
    Xəzərin köksündən qalxan dumana,
    Qara şanı büküb gətirrəm sənə…

    Halıma yanan gərək səsin düşəndə yada,
    Ötən günləri qoru, yaxşı bax, vermə bada…
    Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada…

    Günaha batmağım gəlib, ay Allah

    Günaha batmağım gəlib, ay Allah,
    Cəsarət dəmidir, saxlama məni,
    Sənə inamdan da gözəl bir qız var,
    Xəyanət dəmidir, saxlama məni.

    Nə millət uğrunda, nə yurd uğrunda,
    Nə türklük uğrunda, boz qurd uğrunda,
    Sevdalı faciə, xoş dərd uğrunda
    Fəlakət dəmidir, saxlama məni.

    Özün bax, gör dünya nələrlə dolmuş.
    Gör nələr olacaq, gör nələr olmuş,
    Yalanla, şərabla, qəmlə yoğrulmuş
    Həqiqət dəmidir, saxlama məni.

    Qoy artsın dirimə, ölümə söyən.
    Halıma ağlayıb dizinə döyən,
    Baxtın şahə qalxan atı kişnəyən
    Səadət dəmidir, saxlama məni.

    Dəymə, qoy qəlbimə girsin bu ilan,
    Onun zəhərinə indi can qurban,
    Bütün qanunlara meydan oxuyan
    Cinayət dəmidir, saxlama məni.

    Qoy bu gün sevinim, utanım sabah
    Yarımçıq çıxmasın sinəmdən bu ah,
    Günaha batmağım gəlib, ay Allah,
    Məhəbbət dəmidir, saxlama məni!
    1996

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”SƏN BAĞIŞLADIN”

    Bəstəkar Emin Sabitoğlu

    Mənə üfüq boyda geniş səmanı,
    göydə buludları, yerdə dumanı,
    dənizdə dalğanı sən bağışladın,
    bu hüsnü-mənanı sən bağışladın.

    Uzanan yolların dümağ sətrini,
    dünyanın ən gözəl çəmən ətrini
    qumlu sahillərdə sən bağışladın,
    o zərif əllərdə sən bağışladın.

    De, nədir səadət həyatda, gülüm,
    bir könül xoşluğu, bir az təbəssüm.
    Onu da, bunu da sən bağışladın,
    dünyanı dünyada sən bağışladın.

  • Xalq şairi Zəlimxan YAQUB.”GƏLDİM”

    Mən yerin altdan çıxdım,
    Mən yerin üstdən gəldim.
    Bir ucu göyə bağlı,
    İlahi səsdən gəldim.

    Ruhum halal mayadan,
    Mayam nurdan, ziyadan.
    Dağdan, daşdan, qayadan,
    Dəmirdən, misdən gəldim.

    Haray sazı, ün sazı,
    Ömür sazı, gün sazı,
    Sinəmdə türkün sazı,
    Dilimdə dastan gəldim.

    Mənəm haqqın aşığı,
    Söz haqqın yaraşığı.
    Eşqim Allah işığı,
    Haqq adlı dostdan gəldim.

    Gözüm nəmin yuvası,
    Könlüm qəmin yuvası,
    Can sitəmin yuvası,
    Ələmdən, yasdan gəldim.

    Suya döndüm içildim,
    Yola döndüm keçildim,
    Gülə döndüm açıldım,
    Oldum gülüstan, gəldim.

    Buludlardan üzüldüm,
    Çiçəklərə düzüldüm,
    Füzulidən süzüldüm,
    Axdım Yunusdan, gəldim.

  • Xalq şairi Süleyman RÜSTƏM.Qəzəllər

    QƏZƏLLƏR

    Yaxşı məclisdə, könül, söhbət məhəbbətdən düşər,
    Dostluğa, qardaşlığa sonsuz sədaqətdən düşər.

    Darda meydandan qaçan, ağ gündə cövlan eyləyən,
    Hər kim olsa, el içində, məncə hörmətdən düşər.

    Kim ki, aləmdə “təkəm mən, məndən olmaz” söyləsə,
    Şübhəsiz gözdən düşər, bir sözlə şöhrətdən düşər.

    Olsa da məddahı minlərlə, nə qəm tezdən də tez,
    Xalqına bağlanmayan sənət təravətdən düşər.

    Gör nə xoşbəxtsən, Süleyman, ta yüz ildən sonra da,
    Məclisində söz bu al bayraqlı millətdən düşər.


    Sevgilim, qoyma dilimdə nə şikayət qalsın,
    Nə də könlümdə-gözümdə acı həsrət qalsın.

    Gəl, vəfasız, demə “bəsdir” səni candan sevənə,
    Qoymaram bir daha üstümdə bu töhmət qalsın.

    Bir gözəlsən ki, gözəllər sənə dikmiş gözünü,
    Deyirəm, ölkədə haqqında bu söhbət qalsın.

    Son verək gəl bu şikayətlərə, səndən, məndən,
    Dərdə dözmək, cavan aşiqlərə adət qalsın.

    Varsa şübhən sözümə, onda buyur, al, gözəlim,
    Ürəyim qəbrə qədər, səndə əmanət qalsın.

    Gəl, Süleyman o qızılgül dodağından öpsün,
    Torpaq altında da ağzında bu ləzzət qalsın.


    Gələndə məclisə mey əldə lalə şəklində,
    Nigarım ay tək olur, mənsə hələ şəklində.

    Ürək qanımla yazıb sönməyən məhəbbətimi,
    Nigarə söyləyirəm odlu nalə şəklində.

    Vəfalı könlünə bir yol tapan zaman şe’rim,
    Gözündə nəm görürəm, inci, jalə şəklində.

    Mən aşiqəm, beləyəm mən, hər aşiqanə sözüm,
    Coşub, axır ürəyimdən, şəlalə şəklində.

    Sevin, sevin ki, Süleyman, əlində sevgilinin,
    O qan olan ürəyindir, piyalə şəklində.


    Könlüm yenə min şövq ilə, canan, səni istər,
    And olsun əziz canına ki, can səni istər.

    Çəkməz ətəyindən əlini, çəksə də hicran,
    Eylər canını canına qurban, səni istər.

    İlham alıram incə səsindən, nəfəsindən,
    Tək mən deyiləm, şanlı bu dövran səni istər.

    Sən qəlbi təmiz, alnı açıq, şux gözəlimsən,
    Ellər də olub hüsnünə heyran, səni istər.

    İşdir, mənə üz versə fəraqından kədər, qəm,
    Könlüm yenə də dərdinə dərman səni istər.

    Gün keçsə, zaman keçsə, vəfasız belə olsan,
    Əvvəlki məhəbbətlə Süleyman səni istər.


    Aşiq olanın bağrı dönər qanə, deyirlər,
    Atəşdə yanan aşiqə, pərvanə deyirlər.

    Dost-aşnanı öyrən, baxıb ətrafına, könlüm,
    Hər addımını, eybini, cananə deyirlər.

    Aç qəlbini cananına, göstər ki, inansın,
    Bilsin, nə deyirlər ona, əfsanə deyirlər.

    Ey nazlı nigar, sən mənim eşqim, həvəsimsən,
    Eşq atəşidir, can verən insanə, deyirlər.

    Mən fəxr edirəm, çünki əleyhimdə nə varsa,
    Sən tək gözələ, gözləri ceyranə deyirlər.

    Məndən sənə, ey gül, nə deyirlərsə, inanma,
    Səndən də gəlib gündə Süleymanə deyirlər.


    Sənə üz versə kədər, məclisə cananı çağır,
    Dodağı qönçəni, ol gözləri ceyranı çağır.

    Eşqdir, hicrdir, aləmdə vüsaldır mə’na,
    Varsa şübhən, bunun isbatına dünyanı çağır.

    Söndürə bilməyəcəksən yenə eşqin odunu,
    İstəyirsən köməyə çayları, dəryanı çağır.

    Sağalar məncə vüsal ilə bu hicran yarası,
    Çəkmə zəhmət, nə təbibi, nə də loğmanı çağır.

    Səni qəmlər dənizi boğmağa eylərsə hücum,
    Özgə bir kimsəni yox, təkcə Süleymanı çağır.


    Sevgilim, könlüm sənin heyranın olsun, olmasın?
    Can cedyib, candan keçən cananın olsun, olmasın?

    Bəlkə bilmirsən özün, çoxdan mənim qəlbimdəsən,
    Canına bağlı bu canda canın olsun, olmasın?

    Bir gün hicran yollarında könlünə üz versə qəm,
    Odlu, ilk busəm sənin dərmanın olsun, olmasın?

    Şux çiçəklər, güllər öpsün gül dodağından gərək,
    Aşiqin bağçandakı bağbanın olsun, olmasın?

    Mən Süleyman Rüstəməm, dillən görüm, yandım ki mən,
    Gündə min yol can sənin qurbanın olsun, olmasın?


    Əbədidir bu gözəl, ülvi məhəbbət məndə,
    Məncə, səndəndir, əzizim, bu təbiət məndə.

    Səni son mənzilədər gözləyəcəkdir bu könül,
    Eşqinə olmayacaq zərrə xəyanət məndə.

    Ölkə, xalq gəzdirəcək sözlərini qəlbində,
    Günbəgün artacaq hər nəğmənə hörmət məndə.

    Görürəm, hiss edirəm ölməyəcəksən, bilirəm,
    Dözərəm hicrinə, varkən bu həqiqət məndə.

    Get, zəfərlərlə qayıt, ölmə, Süleymanım get,
    Get, fəqət, qoy ürəyin qalsın əmanət məndə.

  • Arzu HÜSEYN.”Ürəyimdə aparacam bu eşqi”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    Ürəyimdə aparacam bu eşqi,
    Kəfənədək, qəbirədək mənləsən.
    Hər cizgini yaddaşıma yazmışam,
    Unutmaram bir də səni görməsəm.

    Nə fərqi var yoxluğunun beynimə?
    O, saatsız, o, zamansız, o, səssiz.
    Geyinmişəm sənsizliyi əynimə,
    Əbədiyyən qovuşmarıq daha biz.

    Qəbul etdim, tərki-silah eylədim —
    İnadımı, inamımı, eşqimi.
    Bir də sənin pəncərəni döymədim,
    Uçub getdim ovucundan quş kimi…

    Sən kükrəyən dalğalarda qəribsən,
    Boğulacaq son ümidin dənizdə.
    Dodağımdan “əlvida”nı dəribsən,
    Daha bizi barışdırmaz dəniz də…

    Gecdir artıq nə “bəlkə”si, nə “kaş ki”.
    Amma yenə ürəyini dinləsən —
    Nəfəsində daşıyırsan bu eşqi:
    Ölənə dək, kəfənə dək mənləsən.

  • Banu MUHARREM.”Yazıstan”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.

    Elə bir zəhərdir ki, çox sevmək. Bütün pislikləri bir-birimizi çox sevərək edirik. Miqdar qoya bilmədən çox sevə bilmirik. Məsələn, ya çox sevəcəyik, hər şeydən çox sevərək. Ya da qanımızla, canımızla nifrət edəcəyik. Çünki sevdiklərimizdən bu cür gördük. Sonra böyüdük, “yanlış sevilən yanlış uşaqlar” olduq. Əslində, belədir. Pis şeyləri yaşamağa öyrəşdikcə, yaxşı şeylər özlüyündə şübhə yaradır. Sonra ən yaxşısı olduğun bütün mövzularda xətalar buraxmağa başlayırsan.
    Ol səbəbdən adamın ürəyi burxulur, içi dünyaya kürəyini döndərir. Ona görə insanların ilk dəfə dediyi sözlərə yox, son dəfə etdiyi şeylərə baxıram. Yalnız qalmağı istəmək də bir seçimdir. Kimsənin yoxluğu kimsənin sonuna dəlalət etmir. Öz əllərimlə öz ətrafıma bir divar hördüm və mən o divarı çox sevirəm. O divara yumruqlarını vuran istənilən “yaxın dost” mənə yük olmağa başlayır. Oma görə hər zaman sərin bir meh əsir: “Məsafə…”
    Məsafə saxlamaq gözəldir. Kərpiclərə qırmızıdan başqa rəng yaraşmır axı. Hər kəs öz yerində, öz rəngində gözəldir. Həvəslərin qursaqda qalması nə gözəl. Həyatın zəhərə dönməsi isə nə fərqli…
    Başqalarının səs-küyündə boğulmaqdansa, öz səssizliyində hüzur tapmaq nə xoş!
    Yalnız olmaq nə xoş!
    Birinə yaralarını göstərmək düşüncəsizlikdir.
    Sanki onların əllərində sehirli bir dəyənək varmış kimi hiss etmək. Nə bilim axı, gülməlidir.
    Əgər ölməmisənsə, deməli, hələ də yaşamağın bir səmtini tapıb o yola davam etməkdəsən.
    Necəydi o? “Məni öldürməyən ağrı gücləndirir.”
    Nə bilim, e…
    Korluq- kor bir atın korluğun nə olduğunu bilmədən özünü oradan-bura, buradan-ora çırpınışı kimi bir çarəsizlikdir. Zaman insanın içini dəyişər. Bir az azaldaraq, bir az artıraraq.
    O kor at neçə addıma tövlənin qapısına çatacağı, samanın, otun qoxusundan yerini, suyun hansı tərəfdə, axurun neçə addım aralıda olduğunu çox yaxşı bilir, öyrənib.
    Amma ağlı da, könlü də hər zaman dağlardadır.
    Ciyərlərinə göyləri doldurmaq arzusuyla yana-yana…

  • Xəyalə SEVİL.Yeni şeirlər

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri


    … Bir başıpapaqlı
    Həsrətdi mənimki,
    Mən də mental düşüncədə –
    Sözündən çıxa bilmədim.
    Gecə bilmədim,
    Yuxu bilmədim.
    Bütün qaydaları pozdum,
    Bir addım qabağa çıxdım.
    Bu qadın canımla
    Bir damcı qorxu bilmədim.
    Bəs sən neylədin mənimçün?


    Bacara bilmirəm özüm özümlə,
    Bilmirəm gen gəzim, ya çatım sənə.
    Əllərimin ucundaydı məsafə,
    Nə yaxşı ki, dünən yazmadım sənə.

    Yazmadım, içimdə boğdum hissimi,
    Asan iş deyil ki, başıma gələn.
    Mənim ürəyimin xarabasında
    Bircə sən çatmırdın xoşuma gələn.

    Toplanmışam qırıq-qırıq hamıdan,
    Gözüm səndə, eh, nə böyük işdi ki.
    Səni mənə çox gördüyün yerdəyəm,
    Səsin gəlir, ah, ürəyim düşdü ki.

    Bu nə hissdi, bu nə sisdi gözümdə?
    Sən bilərsən, yoxsa özüm bilərəm?
    Elə zəifəm ki, sənin önündə,
    Birdən çaşıb gəl deyərsən, gələrəm.

  • Filologiya üzrə fəlsəfə doktoru: Dilimiz yad təsirlərə, əsasən, onlayn platformalar vasitəsilə məruz qalır

    Ana dili ünsiyyət vasitəsi olmaqla yanaşı, özündə tarixi və mədəni kodları ehtiva edən bütöv bir sistemdir. Hər bir dil işarəsi, hər bir dil vahidi xalqın düşüncə tərzinin ifadəsidir. Məlum olduğu kimi, dil və təfəkkür bir-biri ilə sıx əlaqədədir və bir-birinə qarşılıqlı təsir göstərir. Dilimizi qorumaq milli şüurumuzu, kimliyimizi qorumaq deməkdir. Bu isə son dərəcə ciddi məsələdir. Son dövrlərdə texnologiyanın və internetin sürətli inkişafı yeni sözlərin meydana çıxmasını şərtləndirir ki, bu da təbii prosesdir. Lakin qloballaşma şəraitində dilimizə daxil olan yad ünsürlər o qədər sürətlə artır ki, sözlərin qarşılığını ana dilimizdə yaratmaq və onları istifadəyə buraxmaq üçün, demək olar, vaxt tapılmır. Nəticədə həmin sözlər olduğu kimi işlədilir ki, bu da dilin saflığına xələl gətirir.

    Bu fikirləri AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Giləxanım Paşayeva səsləndirib.

    Onun sözlərinə görə, gündəlik danışıqda yad sözlərin artması artıq qarşısıalınmaz bir proses halını alıb. Xüsusilə gənclərin nitqində bu cür söz və ifadələrə tez-tez rast gəlinir. Dilin inkişafı ilə onun saflığı arasında tarazlığı qorumaq üçün hərtərəfli və sistemli iş aparılmalıdır. Həm orta məktəblərdə, həm də ali təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi ilə bağlı bu istiqamətdə ciddi tədbirlər görülməlidir.

    “Nəzərə alsaq ki, dəyişikliklər daha çox leksik səviyyədə baş verir, rabitəli və düzgün nitq bacarıqlarını formalaşdıran xüsusi proqramların hazırlanması və tətbiqi zəruridir. Digər mühüm məqam ondan ibarətdir ki, dilimiz yad təsirlərə, əsasən, onlayn platformalar vasitəsilə məruz qalır. Buna görə də bu sahədə fəaliyyət göstərən mütəxəssislər və sosial şəbəkələrdə müstəqil fəaliyyət göstərən istifadəçilər birgə hərəkət etməlidirlər”, – deyə Giləxanım Paşayeva qeyd edib.

    Mənbə: https://azertag.az/

  • Xalq şairi Məmməd Arazın xatirəsinə ithaf olunan ədəbi-bədii tədbir təşkil edilib

    Bakıda Xalq şairi Məmməd Arazın xatirəsinə ithaf olunan ədəbi-bədii tədbir təşkil edilib.

    AZƏRTAC xəbər verir ki, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə şairin mənalı ömür yolundan və zəngin yaradıcılığından söhbət açılıb.

    Gecədə akademiklər Nizami Cəfərov və Muxtar İmanov, ədəbiyyatşünas Əsəd Cahangir, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Xalq şairi Sabir Rüstəmxanlı, tədqiqatçı-alim, şair Qardaşxan Əzizxanlı, filoloq və şair Adilə Nəzər Məmməd Araz poeziyasının məna qatları, bədii-estetik dəyəri və milli ədəbiyyatımızdakı mövqeyi haqqında fikirlərini bölüşüblər.

    Tədbirin musiqili hissəsində Xalq artisti Niyaməddin Musayev, Əməkdar artist Nuriyyə Hüseynova, “Muğam” televiziya müsabiqəsinin qalibi Güllü Muradova, aşıq Ramin Qarayev, Çilənay Hüseynova, Mehranə Vəliqızı və Sərxan Bünyadzadə şairin sözlərinə yazılmış əsərləri ifa edərək gecəyə bədii ovqat qatıblar.

    Qiraət ustalarının səsləndirdiyi şeir parçaları isə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

    Tədbirdə Məmməd Arazın Naxçıvandakı ev-muzeyinə aid videomateriallar nümayiş olunub, muzeyin direktoru Əzizə Süleymanova çıxış edərək şairin xatirəsinin qorunub yaşadılması istiqamətində görülən işlər barədə məlumat verib.

    Tədbirdə ailə adından çıxış edən yazıçı Aqil Abbas xatirə gecəsinin ərsəyə gəlməsinə töhfə verən hər kəsə təşəkkürünü ifadə edib.

    Sonda qonaqlara Məmməd Arazın dörd cilddən ibarət kitabları təqdim olunub. Ədəbi-bədii gecə şairin öz ifasında səslənən “Salamat qal” şeiri ilə başa çatıb.

    Mənbə: https://azertag.az/

  • “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə qərara alıram:

    1. “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” (bundan sonra – Konsepsiya) təsdiq edilsin (əlavə olunur).

    2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:

    2.1. Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini həyata keçirsin;

    2.2. Konsepsiyada nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

    3. Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

    4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 14 yanvar 2026-cı il

    Mənbə: https://president.az/

  • Ötən il kinoteatrlarda 30-a yaxın yerli film nümayiş olunub

    Ötən il Azərbaycan kinoteatrlarında tamaşaçılara ümumilikdə 27 yerli film təqdim olunub. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə dəyişməz qalıb.

    AZƏRTAC xəbər verir ki, bu rəqəm milli kino istehsalının sabit ritmdə irəlilədiyini göstərir.

    Ümumilikdə, 2025-ci il yerli filmlərin həm say, həm də müddət baxımından dayanıqlı performans nümayiş etdirdiyi il kimi qiymətləndirilə bilər.

    Mənbə: https://azertag.az/

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Azərbaycanım”

    Torpağı-türbət
    Suları-şərbət,
    Günəşi məlhəm
    Ayrılığı- qəm Azərbaycanım!

    Aranı,dağı,
    Tərlan oylağı,
    Könlüm çırağı,
    Qızılgül bağı Azərbaycanım!

    Ana nəfəslim,
    Qaranquş səslim,
    Ellim, obalım,
    Dağlar havalım Azərbaycanım!

    Qızları dilbər,
    Oğulları ər,
    Odum,ocağım,
    Ana qucağım
    Qalsam həyatım,
    Ölsəm torpağım Azərbaycanım!

  • Xalq şairi Osman SARIVƏLLİ.”Bənövşə”

    Dumanlı səhərlər, çənli axşamlar,
    Olduqca məskənim, olduqca yuvam,
    Yamaqlı şalvarım, yamaqlı çuxam,
    Vüqarlı başımı saldı aşağı,
    Çıxdı gözlərimə qəlbimin dağı…
    Ələmdən, kədərdən qaça bilmədim,
    Ciyərim həsrətlə alışdı, yandı,
    Könlümü kimsəyə aça bilmədim,
    Çırıq paltarımdan eşqim utandı.

  • Xalq şairi Hüseyn ARİF.Seçmə şeirlər

    Meşəbəyi

    Kef üstündə kefimizi
    Gəldi, sordu meşəbəyi.
    Buyur!- dedik, atdan enib,
    Bardaş qurdu meşəbəyi.

    Qamçısını atdı sola,
    Çantasını çəkdi dala.
    Şirin-şirin, bala-bala
    Bizlə vurdu meşəbəyi.

    İsti kabab , təzə fətir.
    Doymaq olmur,yenə gətir.
    Bığlarını arada bir
    Eşib burdu meşəbəyi.

    Altmışını verib yelə,
    Düşməyibdir ruhdan hələ.
    Qarşıdakı bir gözələ
    Göz də vurdu meşəbəyi.

    Yatdı biri -keflənərək,
    Birini də yıxdı külək.
    Hüseynlə axıradək
    Möhkəm durdu meşəbəyi

    Qədim Gəncə çinarları

    Bir-birinə dayaq olur,
    Qədim Gəncə çinarları.
    Axşam-səhər oyaq olur
    Qədim Gəncə çinarları

    Yeri öpər, höyü qucaq,
    Meh toxunar, ətir saçar,
    Kölgəsini dosta açar,
    Qədim Gəncə çinarları.

    Vaxt dolanar fəsil-fəsil,
    Dözümdə dağ, çəkimdə fil,
    Hər küləkdən qopan deyil,
    Qədim Gəncə çinarları.

    Pıçıldaşan yarpaqları,
    Nəğmə deyən dodaqları,
    Necə oxşar qulaqları
    Qədim Gəncə çinarları.

    Çay boyu qatar-qatardı,
    Əsrlərdən yadigardı,
    Dünya görmüş babalardı –
    Qədim Gəncə Çinarları.

  • İlhamə Qəsəbova: Qazax aşıqlarının yaradıcılığında XIX əsr xüsusi mərhələ təşkil edir

    Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafında Qazax mahalının da xüsusi yeri var. Daha çox aşıq sənəti ilə tanınan Qazax mahalı saza-sözə bağlılığı ilə fərqlənən sənət mərkəzlərindəndir. Əsasən XIX əsrdən etibarən intensiv inkişaf mərhələsinə qədəm qoyan və XX əsrdə öz zirvəsinə çatan Qazax aşıq ədəbiyyatı haqqında 1930-cu illərin mənbələrində dəyərli məlumatlara rast gəlinir. Bu fakt bölgədə aşıq mühitinin artıq həmin dövrdə yetkin bir mərhələyə çatdığını göstərir.

    Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın Qazax aşıq mühiti ilə bağlı yazısında yer alıb. AZƏRTAC həmin yazını təqdim edir.

    Qazax aşıq mühiti Gəncəbasar, Borçalı, Qarabağ və Dərələyəz aşıq mühitləri ilə sıx sənət əlaqələri şəraitində formalaşan, qarşılıqlı təsir nəticəsində zənginləşib. Bu mühitə Gədəbəy və Kəlbəcər bölgələrinin aşıq sənətinin də daxil edilməsi daha məqsədəuyğun görünür. Qazax aşıqlarının yaradıcılıq baxımından inkişafında XIX əsr xüsusi mərhələ təşkil edir. Belə ki, bu dövr yeni ustad sənətkarların meydana çıxması və yeni saz havalarının yaranması ilə xarakterizə olunur. Həmin dövrdə Qazax aşıqları Göyçə, Tovuz, Borçalı və Gədəbəy aşıq mühitlərinin nümayəndələri ilə daha sıx sənət əlaqələri qurublar.

    Professor Məhərrəm Qasımlı tarixi-coğrafi baxımdan sabit bir adın mövcud olmadığını nəzərə alaraq, Goranboy–Daşkəsən, Gəncə–Şəmkir–Tovuz–Gədəbəy–Qazax xəttində yerləşən irimiqyaslı ərazini şərti olaraq “Gəncəbasar aşıq mühiti” adlandırıb. Lakin 2014-cü ildə müdafiə olunan “XX əsr Qazax aşıq mühiti” adlı dissertasiya işi bu mühitin müstəqil elmi tədqiqat obyekti kimi ayrıca öyrənilməsinin zəruriliyini ortaya qoyur. Nəzərə alsaq ki, Qazax mahalının zəngin folklor nümunələri coğrafi baxımdan iki böyük aşıq mühiti — Göyçə və Borçalı mühitlərinin sənət əlaqələri fonunda formalaşıb, onda Qazax aşıqlarının yaradıcılığında və ifa tərzində bu iki mühitin təsirini aydın şəkildə müşahidə etmək mümkündür.

    Qazax aşıqları ifaçılıqda yüksək peşəkarlıq nümayiş etdirməklə yanaşı, el şairləri kimi də poetik yaradıcılıqda fəal olublar. Miskin Əli, Çoban Əfqan, Mirzə Səməd, Hacı Qaracayev, Qulu Məşədiyev, Ağamalı Sadiq Əfəndi, Temraz Novruzlu, Alı Baba, Akif Səməd və başqaları bu baxımdan diqqəti cəlb edir.

    Ustad səviyyəli aşıqların yaratdıqları aşıq havalarının bir qismi klassik Azərbaycan poeziyasının görkəmli nümayəndələrinin adları ilə bağlıdır. Belə ki, M.P.Vaqif tərəfindən “Vaqifi”, M.V. Vidadi tərəfindən isə “Qazax yurd yeri” adlı aşıq havaları meydana gəlib.

    Bununla yanaşı, Qazax aşıq mühitində “Qazax səbzəsi”, “Vaqif gözəlləməsi”, “Səməndəri”, Aşıq Avdının “İncə gülü”, Ədhəm Ərəbovun “Ərəbi”, Aşıq Cəlal Qəhrəmanovun “Cəlaloğlu” kimi aşıq havaları geniş yayılıb. Qeyd etmək lazımdır ki, “Qazax səbzəsi” aşıq havası bu gün də məclislərdə ifa olunur, lakin bəzi hallarda “Gilanar” aşıq havası adı altında təqdim edilir.

    Qazax mahalında aşıqlardan daha çox “Koroğlu”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Dilqəm”, “Alı xan və Pəri xanım”, “Qaçaq Kərəm” dastanlarının, həmçinin Aşıq Ələsgərin səfərlərindən bəhs edən rəvayətlərin söylənilməsi tələb olunub.

    Azərbaycan aşıq sənətini tanıdan ustad sənətkarlardan biri də “Yanıq Kərəm”, “Qaytarma”, “Baş Sarıtel”, “Ruhani” və digər saz havalarının bənzərsiz ifaçısı, sinədəftər ustad aşıq Ədalət Nəsibov olub.

    Qazax aşıq mühiti qadın aşıqların fəaliyyəti ilə də zənginləşib. Aşıq Pakizə Musaköylü, Aşıq Solmaz Kosayeva, Aşıq Kifayət Dərgahquliyeva, Aşıq Lütfiyyə Musayeva mühitin formalaşmasında mühüm rol oynayıblar.

    Müasir dövrdə də Qazax aşıq mühitinin görkəmli nümayəndələri bu məktəbin zəngin irsini uğurla davam etdirirlər.

    Mənbə: https://azertag.az/

  • Azərbaycan Yazıçılar Birliyində “Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirə keçirilib müşavirə keçirilib

    Yanvarın 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Azərbaycan dilinin qorunması və inkişafına həsr olunmuş “Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai

    Bu barədə AZƏRTAC-a Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.

    Bildirilib ki, müşavirəni giriş sözü ilə AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli açıb. O, Azərbaycan dilinin qorunması və saflığı ilə bağlı ölkə Prezidentinin çıxışlarını xatırladaraq, bu mövzunun bu gün həm elmi, həm də ictimai müstəvidə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Elçin Hüseynbəyli qeyd edib ki, XIX əsrin sonlarından etibarən Azərbaycan türk dili Qafqazda aparıcı ünsiyyət və mədəniyyət dili olub, sonrakı dövrlərdə müəyyən tarixi-siyasi səbəblərdən sıxışdırılıb. Lakin Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan yenidən regionda söz sahibi olan dövlətə çevrilib və bu proses Azərbaycan dilinin nüfuzunun artmasına da güclü təkan verib. O inamla bildirib ki, yaxın gələcəkdə Azərbaycan dili regionun aparıcı dillərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək.

    Tədbirdə çıxış edən digər natiqlər dövlət dil siyasəti, ədəbi dil normaları, terminoloji təhlükəsizlik, elmi və bədii mühitdə dil mədəniyyətinin qorunması məsələləri geniş müzakirə olunub.

    Tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar, akademiklər İsa Həbibbəyli, Rafael Hüseynov, Nizami Cəfərov, Teymur Kərimli, Kamal Abdulla, Muxtar İmanov, Xalq yazıçıları Çingiz Abdullayev, Elmira Axundova, Milli Məclisin deputatları Elnarə Akimova, Jalə Əliyeva, Səyyad Aran, professorlar Nadir Məmmədli, Telman Vəlixanlı, Kərim Tahirli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi, şair və tərcüməçi Səlim Babullaoğlu, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Əsəd Cahangir çıxış edərək Azərbaycan dilinin qorunmasının yalnız dilçilərin deyil, bütövlükdə cəmiyyətin borcu olduğunu qeyd ediblər.

    Müşavirə elmi-ədəbi müzakirələr və aktual təkliflərlə yadda qalıb.

    Mənbə: https://azertag.az/

  • Kimlər gəldi, kimlər getdi…

    Bu gün Xalq artisti Mirzə Babayevin anım günüdür

    Özünəməxsus üslubu və bənzərsiz ifa tərzi dinləyicini sehrinə salan sənətkarlardan biri də Mirzə Babayevdir. O, mahnı ilə yaşayırdı. Şövqlə ifa etdiyi “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” və digər mahnılarla hər kəsin qəlbini ovsunlayır, yaddaşlara əbədi həkk olunurdu.

    AZƏRTAC Xalq artisti, “Şöhrət” ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən biri Mirzə Babayevin vəfatının 23-cü ildönümündə sənətkarın həyat yolunun və yaradıcılığının bəzi məqamlarına nəzər salır.

    Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi xəzinəmizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer alırdı. Mirzə Babayevin radionun “Qızıl fond”unda saxlanan xeyli mahnısı var. O, Mirzə Ələkbər Sabirin sözlərinə yazılmış mahnıları xüsusi ustalıqla oxuyub. Eyni zamanda, otuzdan çox filmdə rol alıb: “Kölgələr sürünür”, “Qaraca qız”, “Sən niyə susursan”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması” və sair. “O olmasın, bu olsun” filmində Məşədi İbadın mahnılarını Mirzə Babayev ifa edib, “Onu bağışlamaq olarmı?” filmində isə Tərlanın mahnısını səsləndirib.

    Müxtəlif vaxtlarda çəkildiyi filmlər müğənninin xalq arasında şöhrətini daha da artırıb. “Dərviş Məstəli şah”da Dərviş, “Bəyin oğurlanması”nda Mirişin atası, “Dəli Kür”də Dərviş obrazlarını məharətlə yaradıb. “Qorxma, mən səninləyəm”, “Telefonçu qız”, “Romeo mənim qonşumdur” filmlərindəki maraqlı və rəngarəng obrazları kino tariximizə həkk olunub. Onun milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib.

    Mirzə Babayev Azərbaycan estradasının ən uzunömürlü müğənnilərindən biridir. Söz vermişdi ki, 100 yaşında səhnəyə çıxıb oxuyacaq. Müsahibələrinin birində deyirdi: “Atam 105 il, nənəm isə 127 il yaşayıb. Mən də nənəm kimi 130 il yaşayacağam”. Amma ömrünün 90-cı ilində səhhətində gözlənilməz problem yaşandı və 2003-cü il yanvarın 13-də bənzərsiz sənətkarımızı itirdik.

    Mənbə: https://azertag.az/

  •  Banu Muharrem.Yeni şeirlər

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.

    * * *

    Nədir əllərimə dəyən bu boşluq?
    Nədir qollarımda dərin qaranlıq?
    Siyah gözlərimə necə vurulub
    Kuzə gözündəki alatoranlıq?!

    Neçə dil danışsam çətindən çətin!
    Tərcümə edilmir belə duyğular.
    Nifrəti unudub qorunu sevən
    ürəyin işinə qarışmaq olar?!

    Eşq elə atəş ki, inad edilməz!
    “Cəhənnəm oduna” nə ad verim mən?!
    Ölü sərçələrə cihad edilməz.
    Qucaqla,qoluna qanad verim mən.

    Sən məni gözəl sev,çox sevmə qəti!
    Çox sevmək azalar, gözəllik qalar.
    Əlimin izləri əmanətindir-
    Sevgim nur içində artar,çoxalar.

    Özünü bilməyən bir bəxtəvərsən
    Gözüm,gülüşlərim,izlərim səndə.
    Belə ədalətə nə deyəsən, hə?!
    Verdiyin tək dərddi- gizlədirəm də.

    İçində çarəsiz suallar olan
    bədən bir qaranlıq quyudu,dibdi.
    Mənim yıxıldığım bu boşluq sanki
    dünyanın sonunun əlamətidi?

    Böyüyür əlimdə, ovcumda yoxluq
    Çürüyür könlümə saldığın həsir.
    Sinəmə elə bir qəfəs qurmusan
    Düşün – ölənədək əsirsən! Əsir..

    * * *

    O küçə şahid oldu, bilmədim necə işdi.
    Nəmli yollar tanıdı addımımın səsini.
    Bir telefon zənginə xəyallarım dəyişdi,
    Azdım əzbərlədiyim küçənin sinəsini.

    Bəlkə yuxu görürdüm. Sanki Allah bağırdı:
    -“Sən özünə yazdığın bu dərd sənə ağırdı”.
    Bu qarmaşa içində ona şeir yazırdım:
    -“Maşın yolunu gedir, təkərlərə ağırdı…”

    “Dünya qəhətdi?” -deyə pıçıldadım özümdə.
    Zaman donub yıxıldı gözlərimin önündə.
    Məğrur idi tərsliyim -vədəsində ,sözündə
    ürəyim yalvarırdı: “gəl,gözümə görün də..”

    Gözlərim dolaşırdı o küləkli havada,
    Ovuclarım səsinin mehini ələyirdi.
    Bitirmişdim içimdə qazandığım davanı
    Saçım o gedən yola əlini yelləyirdi.

    Bilmədim hansı dərdin məlhəmidir,dadıdır.
    İstədim dərdə düşüm ,dedim: “dərmanım olar”
    İndi mənim düşdüyüm dərd də onun adıdır,
    Bilməzdim ki,məlhəmim ölüm fərmanım olar..

    Dedi: “filan küçədən keçib çıxıb gedirəm”
    Dedi: “bilet almışam,içib,çıxıb gedirəm”
    Dedi:”hər bir sözünə diqqət elə misranın,
    mənə geri dön deyə, səni arzu edirəm”.

    Qamətimi düzəltdim arzuların eşqinə.
    Bir təbəssüm yayıldı üzümə- “keçicidir” .
    Yollarımız bir imiş, istiqamət əksinə;
    Bilmədi onun yolu ürəyimin içidir.

    Küçə də şahid oldu,mən göylərə baxırdım
    göylər mənə a’xırdı! Mən göylərə gülürdüm.
    Təkərlər ağrıyırdı, əllərim üşüyürdü,
    Göy gözümdən axırdı,yenə biraz ölürdüm.

  • Şairə Banu Muharremin “YarAdam” adlı yeni şeir kitabı çap olunub

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,  Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, şairə Banu Muharremin “YarAdam” adlı yeni şeir kitabı çap olunub.

    “Qanun” nəşriyyatında çap olunan kitaba Xalq şairi Vahid Əziz və şair Ayaz Arabaçı ön söz yazıb.

    Banu Muharrem (Sadıqova Banu Məhərrəm qızı) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rejissorluq üzrə bakalavr və magistratura təhsili alıb. Müxtəlif illərdə Bakı şəhəri H.Abbasov adına Mədəniyyət Mərkəzində xalq teatr rejissoru və dram dərnəyinin rəhbəri, Lənkəran Dövlət Dram Teatrında Ədəbi-dram hissə müdiri, Lənkəran Dövlət Universitetində müəllim vəzifələrində çalışıb. Hazırda Şuşa Dövlət Dram Teatrında truppa müdiridir.

    Ədəbi yaradıcılığa məktəb illərindən başlayan müəllifin şeirləri “Azərbaycan”, “Ulduz”, “Xəzan”, “Ədəbi ovqat” jurnallarında, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet” qəzetlərində və saytlarda, həmçinin, Türkiyə, İran və Krımda çap olunan mətbu orqanlarda yayınlanıb.

    Kitabda müəllifin oxucular tərəfindən rəğbətlə qarşılanan şeirlərindən əlavə yeni şeirləri də toplanıb.

    Qeyd edək ki, bu, Banu Muharremin oxucularla ikinci görüşüdür. Müəllifin “Şəqaf” adlı ilk kitabı məhdud tirajla çap olunmuşdu.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Arzu Hüseyni doğum günü münasibətilə təbrik edirik! (12 Yanvar)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının rəhbərliyi, bütün kollektivi Sizi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbərini doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxt həyat, pedaqoji fəaliyyətində yeni-yeni uğurlar diləyir!

    Arzu HÜSEYN:

    Kimsə dərk eləməz içimdəkini,
    Qapalı qutuyam, qaranlıq quyu.
    Mən sülhə dəyişdim içimdə kini,
    Zamanla duruldu bulanıq suyum.

    Zamanla kiridi fırtınalarım,
    Sussdum səhra kimi, sussdum çöl kimi.
    Kiçildim, bir üzü torpağa sarı,
    Uzandım göylərə sarı-əl kimi.

    Duayam, mən daha qarğış deyiləm,
    Yox, yağış deyiləm, yağış deyiləm…

    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan isə təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatəsində qalın! Ən əsası isə Qadın səadəti!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

    Mənbə:

  • Aytən Əliyeva – Şahmat: iki mədəniyyətin səssiz mübarizəsi

    Stefan Sveyqin “Şahmat” əsəri 1941-ci ildə yazılmış psixoloji novelladır. Əsərin hadisələri Nyu-Yorkdan Buenos-Ayresə gedən bir gəmidə baş verir. Burada iki fərqli insan qarşılaşır: dünya şahmat çempionu Mirko Çentoviç və avstriyalı hüquqşünas Doktor B.

      Çentoviç kobud, cahil, ancaq instinktiv olaraq güclü bir şahmatçıdır. Doktor isə faşistlər tərəfindən həbs olunmuş, uzun müddət tək kamerada saxlanılmış ziyalıdır. O, təsadüfən bir şahmat kitabı tapır və zehni sağlamlığını qorumaq üçün bu kitab üzərində düşünməyə başlayır. Lakin təkliyin və davamlı düşünmənin təsiri ilə o, öz daxilində bölünərək özü özünə qarşı oynamağa başlayır və bu, onu ruhi sarsıntıya gətirir. Gəmidə Çentoviçlə qarşılaşdıqda Doktor onunla şahmat oynamalı olur. İlk partiyada onu udur, lakin ikinci oyunda keçmişdə yaşadığı ruhi travma yenidən canlanır və o, dərin sarsıntı keçirir. Əsər Doktorun şahmatı tərk etməsi ilə bitir.

     “Şahmat” insan ruhunun sarsılması, təcrid, azadlıq və düşüncə azadlığı kimi dərin mövzular üzərində qurulub. Stefan Sveyq göstərir ki, insanın bədəni əsir edilə bilər, amma düşüncəsi və ruhu azad qalır. Həbsxanada tək qalan Doktor üçün şahmat həm xilas, həm də məhv vasitəsinə çevrilir. Bu oyun bir tərəfdən onun düşüncəsini qoruyur, digər tərəfdən isə onu öz ağlının içində boğur. Ən əsas mövzu isə “mədəniyyət hövzəsi” məsələsidir. Belə ki, coğrafi mühit sözü gedən insanların həyatında da mühüm rol oynayır. Bu baxımdan Doktor yüksək mədəniyyət hövzəsinin nümayəndəsidir. O, Avstriyanın ziyalı təbəqəsinə mənsub, hüquq təhsilli, kitablarla, tarixlə, sənətlə, düşüncə ilə yaşayan bir insandır. Onun dünyası mənəviyyat, bilik və düşüncə üzərində qurulub. Faşistlər tərəfindən həbs olunduqdan sonra belə o, mədəni yaddaşını, intellektual çevrəsini qoruyur. Həbsxanada təsadüfən tapdığı şahmat kitabını təkcə bir oyun kimi deyil, bir mədəni fəaliyyət, yəni düşüncənin, zəkanın, insan ağlının sığınacağı kimi qəbul edir. Şahmat onun üçün intellektual mühitin davamıdır, o, orada öz mədəni kimliyini qoruyur. Deməli, Doktor Avropa humanizminin, klassik təfəkkürün və mənəvi dəyərlərin daşıyıcısı olan bir mədəniyyət hövzəsinə məxsusdur.

      Əsərdə Çentoviçlə və Doktor iki zidd qütbü təmsil edir: biri mexaniki zəkadır, digəri ruhun və mənəvi dərinliyin daşıyıcısıdır. Çentoviçlə bəsit və cahil olsa da, instinktiv olaraq oyunda güclüdür. Doktor isə mədəni, bilikli, lakin ruhi cəhətdən yaralı bir insandır. Bu qarşıdurma ağıl və ruh, bədən və düşüncə mübarizəsini əks etdirir. 

      Çentoviç isə bunun əksinə olaraq mədəniyyətin kənarında qalmış, bəsit bir sosial-mədəni mühitin yetirməsidir. O, kəndli ailəsindən çıxıb, təsadüf nəticəsində şahmatda istedadını göstərmiş, lakin mədəni və mənəvi cəhətdən kasad qalmış bir insandır. Onun təfəkkürü mexanikidir. O, oyunu hisslərlə və vərdişlə oynayır, amma düşüncə və dərinlik yoxdur. O, kitab oxumur, danışmağı, təhlil etməyi bacarmır, yalnız udmaq istəyir. Yəni Çentoviç mədəniyyət hövzəsindən kənar bir varlıqdır – onun üçün şahmat sənət və düşüncə deyil, sadəcə instinkt və qazanmaq vasitəsidir.

     Beləcə, əsərdə iki mədəniyyət hövzəsi toqquşur. Bir tərəfdə düşüncə, bilik, mənəvi zənginlik, digər tərəfdə isə ibtidai, maddi və instinktiv yaşam tərzi dayanır. Doktor zehni və mənəvi mədəniyyətin, Çentoviç isə təbiət və instinkt səviyyəsində qalmış “antimədəniyyətin” simvoludur. Bu qarşıdurma Stefan Sveyqin əsərin dərin ideyalarından birinə çevrilir: mədəniyyət insanı formalaşdırır, təcrid və cəhalət isə onu məhv edir. Doktor mədəniyyətin işığında insanın nə qədər ucaldığını, Çentoviç isə ondan uzaq düşəndə necə “boş qabığa” çevrildiyini göstərir. Yəni “Şahmat” əsərində mədəniyyət hövzəsi anlayışı yalnız fərdlərin fərqini deyil, həm də insanlığın iki səviyyəsini – mənəvi və maddi aləmin toqquşmasını əks etdirir.

      Əsərdə şahmat lövhəsi həyatın rəmzidir. Qara və ağ fiqurlar yaxşılıqla şərin, azadlıqla əsarətin, ağıl ilə instinktin qarşıdurmasını göstərir. Sveyqin dili sakit, lakin gərgin emosional yüklə doludur. O, insan şüurunun dərinliklərinə enərək təcridin, qorxunun və ağılın incə sərhədlərini təsvir edir.

      Əsərin ideyası budur ki, insanın ruhunu məhv etmək üçün bədənini zəncirləmək kifayət deyil; onu təcrid edib düşüncələrinə qapadanda insan öz ağlı ilə dəli olmağa başlayır. Lakin yazıçı eyni zamanda bildirir ki, düşüncə azadlığı sarsılmazdır. İnsan bəzən ağlının içində məhbus olsa da, onun düşünmək qabiliyyəti azadlığın son qalasıdır. 

      “Şahmat” əsəri təkcə bir oyun haqqında deyil, insanın mənəvi varlığı, zəkasının hüdudları və azadlığın mənası haqqında dərin fəlsəfi bir hekayədir. Bu əsər XX əsr Avropa ədəbiyyatında psixoloji realizmin ən parlaq nümunələrindən biridir.

      Naxçıvan Dövlət Universitetini “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası III kurs tələbəsi 

    Mənbə: https://edebiyyat.az/

  • Nigar Şahverdiyeva (Sosioloq, araşdırmaçı yazar): Dahilik Romantikası – etik boşluqlar və sosial mif

    “Dahi” sözü tarix boyu həm heyranlıq, həm də bəraət aləti olub. Bu anlayış çox vaxt insanın yaratdıqlarını deyil, dağıtdıqlarını görməməzliyə vurmaq üçün işlədilib. Dahilik istedadın zirvəsi kimi təqdim edildikcə, onun arxasında gizlənən eqoizm, emosional məsuliyyətsizlik və etik boşluqlar adiləşdirilib. Sanki “dahi” olan insan üçün adi insan qaydaları keçərli sayılmır. O, sevirsə sərhədsiz, dağıdırsa haqlı, incidir­sə anlaşılmalı olur. Teodor Drayzer “Dahi” romanı məhz bu romantik mifə qarşı yazılmış əsərlərdən biridir. Yazıçı oxucunu heyrətləndirmək üçün ideal bir sənətkar yaratmır, əksinə, dahilik anlayışını insanın zəiflikləri üzərindən sınayır. Romanın mərkəzində duran Yucin Vitr nə klassik qəhrəmandır, nə də açıq-aşkar antiqəhrəman. O, cəmiyyətin “istedadlıdır” deyə bağışladığı, “yaradıcıdır” deyə susduğu, “fərqlidir” deyə məsuliyyətdən azad etdiyi bir fiqurdur. Əsər boyunca oxucu istər-istəməz bir sualla üz-üzə qalır: Yucin doğrudanmı dahidir, yoxsa onun davranışları sadəcə istedad pərdəsi altında gizlədilmiş özmərkəzçilikdir? Drayzer bu suala birbaşa cavab vermir. O, hökm çıxarmağı oxucuya buraxır və məhz bu susqunluq romanı adi bir sənətkar hekayəsindən çıxarıb, dahilik anlayışının tənqidinə çevirir.

    Bu yazıda Yucin Vitr obrazı üzərindən “dahi” anlayışının nə dərəcədə gerçək, nə dərəcədə sosial mif olduğu araşdırılacaq, eyni zamanda bu tipajın günümüz insanı ilə oxşarlıqları üzə çıxarılacaq. Çünki Drayzerin yüz il əvvəl yazdığı suallar bu gün də aktuallığını itirməyib: Biz kimə dahi deyirik və bu adın arxasında nəyi görməzlikdən gəlirik?

    Elə isə gəlin əvvəlcə “dahi” anlayışının nə demək olduğunu anlamağa çalışaq. Yazının ilk cümləsində dediyim kimi “dahi” anlayışı tarix boyunca sabit və dəqiq tərifə malik olmayıb. Bu söz bəzən fövqəladə intellektin, bəzən estetik yeniliyin, bəzən də sadəcə normadan kənar davranışın sinonimi kimi işlədilib. Filosof İmmanuel Kant dahini “təbiətin sənət vasitəsilə danışması” kimi izah edir və hesab edirdi ki, dahi öyrədilə bilməz, o, qayda yaratmaq gücünə malikdir. Bu baxışda dahilik yaradıcılığın mənbəyi, lakin eyni zamanda nəzarətsiz bir qüvvə kimi təqdim olunur. Lakin XIX əsrdən etibarən sosial elmlər bu anlayışa daha tənqidi yanaşmağa başlayır. Sosioloqların fikrincə, dahilik təkcə fərdi istedadın nəticəsi deyil, həm də cəmiyyətin həmin istedadı necə adlandırması və legitimləşdirməsi ilə bağlıdır. Yəni hər yüksək qabiliyyət avtomatik olaraq “dahi” sayılmır. Bu etiketin formalaşmasında sosial mövqe, cinsiyyət, dövrün ideoloji tələbləri mühüm rol oynayır. Bu nöqtədə “romantik dahilik” anlayışı önə çıxır. Romantizm dövründə dahi, qaydalara sığmayan, əxlaqdan və sosial normalardan kənarda dayanan bir fiqur kimi ideallaşdırılıb. Onun emosional daşqınları, nizamsız həyat tərzi və hətta başqalarına verdiyi zərər belə yaradıcılığın qaçılmaz nəticəsi kimi qəbul edilib. Bu yanaşma dahini adi insandan üstün, demək olar ki, toxunulmaz bir mövqeyə yerləşdirib.

    Psixoloji baxımdan isə dahilik tez-tez “hiperfokus”, yəni insanın müəyyən bir sahəyə həddindən artıq yönəlməsi ilə əlaqələndirilir. Müasir psixologiyada bu vəziyyət yaradıcılıq üçün üstünlük sayılsa da, emosional empatiyanın zəifləməsi, münasibətlərdə məsuliyyətsizlik və özünü mərkəzə qoyma kimi risklər də daşıyır. Məhz bu nöqtədə “yaradıcı narsisizm” termini ortaya çıxır. Bu termin ilk dəfə psixoanalitik müzakirələrdə istifadə olunaraq, yaradıcılıq adı altında öz istəklərini mütləqləşdirən şəxsiyyət tipini ifadə edir. Teodor Drayzer də “Dahi” romanında məhz bu romantik və psixoloji anlayışları sarsıdır. O, dahiliyi müqəddəsləşdirmir, onu insanın zəiflikləri ilə üz-üzə qoyur. Drayzer üçün dahi olmaq ilahi bir status deyil, bu, cəmiyyətin müəyyən davranışlara verdiyi sosial imtiyazdır. Əgər bu imtiyaz olmasaydı, eyni davranışlar böyük ehtimalla məsuliyyətsizlik, eqoizm və etik pozuntu kimi qiymətləndirilərdi. Beləliklə, “dahi” anlayışı təkcə fərdi istedadın göstəricisi deyil, həm də sosial razılaşmadır. Cəmiyyət kimin səhvlərini bağışlayacağına, kimin davranışlarını romantikləşdirəcəyinə bu anlayış vasitəsilə qərar verir.

    Digər əsas sual isə Yucin Vitr obrazının təzadlı mahiyyəti ilə bağlıdır: o, dahilik anlayışını təmsil edir, yoxsa onu ifşa edir?

    Yucin Vitr obrazı Drayzerin ən mürəkkəb və qəsdən ziddiyyətli yaratdığı fiqurlardandır. O, nə sadəcə istedadlı bir sənətkardır, nə də yalnız şəxsi zəifliklərinin əsiri olan adi insan. Yucinin əsas problemi onun qabiliyyətinin olması deyil, problem bu qabiliyyətin ona cəmiyyət tərəfindən xüsusi imtiyazlar qazandırmasıdır. Drayzer məhz bu nöqtədə oxucunu diqqətli olmağa çağırır: istedad insanı avtomatik olaraq “dahi” etmir, lakin ona davranış azadlığı verir. Yucinin yaradıcılıq qabiliyyəti danılmazdır. O, estetik formaya, gözəllik duyumuna və sənət dili qurmaq bacarığına malikdir. Lakin Drayzer bu istedadı heç vaxt ideallaşdırmır. Əksinə, Yucinin sənəti onun daxili boşluqlarını dolduran bir vasitə kimi təqdim olunur. Psixologiyada bu hal “kompensator yaradıcılıq” adlandırılır, yəni fərd emosional və etik çatışmazlıqlarını yaradıcı fəaliyyətlə örtməyə çalışır. Yucin üçün sənət yalnız ifadə vasitəsi deyil, həm də özünü haqlı çıxarma mexanizmidir. Onun şəxsi həyatında bu vəziyyət daha açıq şəkildə görünür. Yucin qadınlarla münasibətlərində ardıcıl olaraq məsuliyyətsiz davranır. Sevgi, bağlılıq və sədaqət anlayışlarını estetik hisslərlə əvəz edir. Psixoanalitik yanaşmaya görə bu, empatiya çatışmazlığının göstəricisidir. O, qarşısındakı insanı subyekt kimi deyil, öz daxili dünyasını qidalandıran obyekt kimi görür. Məhz buna görə Yucinin münasibətləri davamlı olmur, lakin o, bu dağıntıları şəxsi günahı kimi deyil, yaradıcılığın “qaçılmaz nəticəsi” kimi qəbul edir. Sosioloji baxımdan isə Yucin Vitr patriarxal cəmiyyətin klassik imtiyazlı fiqurudur. Onun etdiyi səhvlər “yaradıcı təbiət”, “azad ruh” kimi ifadələrlə yumşaldılır. Eyni davranışlar qadın obrazlar tərəfindən edilsəydi, böyük ehtimalla əxlaqsızlıq və məsuliyyətsizlik kimi damğalanardı. Bu, sosioloq Pyer Burdyenin “simvolik hakimiyyət” anlayışı ilə izah oluna bilər. Yucin yalnız fərdi gücə deyil, cəmiyyətin ona verdiyi simvolik üstünlüyə sahibdir.

    Diqqətlə baxsaq görərik ki, Drayzer burada çox incə bir ironiya qurur: Yucin özünü azad hesab edir, halbuki o, cəmiyyətin ona verdiyi rolu oynayır. Onun azadlığı fərdi üsyan deyil, sosial güzəştdir. Bu isə dahilik anlayışının nə qədər selektiv və ədalətsiz olduğunu göstərir. Yucin istedadlıdır, lakin onun “dahi” adlandırılması yaradıcılığından çox, bu yaradıcılığın kim tərəfindən və necə qəbul edilməsi ilə bağlıdır. Beləliklə, Yucin Vitr nə tam mənada dahi, nə də sadəcə zəif xarakterli insandır. O, dahilik mifinin içində formalaşmış, bu mifdən bəhrələnən və eyni zamanda onun əsirinə çevrilmiş bir obrazdır. Drayzer oxucuya Yucini sevdirmək və ya nifrət etdirmək istəmir. O, oxucunu bu tipajın arxasında duran sosial mexanizmləri görməyə məcbur edir.

    Bu halda biz sorğulamalıyıq ki, dahilik əxlaqdan azaddırmı?

    Fəlsəfi baxımdan bu məsələ etik relativizm anlayışı ilə izah oluna bilər. Etik relativizmə görə doğru və yanlış anlayışları şəraitə, şəxsə və nəticəyə görə dəyişə bilər. Dahilik mifi bu relativizmi maksimum həddə çatdırır: eyni davranış adi insan üçün qınanılır, lakin “dahi” üçün başa düşülən sayılır. Yucin Vitr məhz bu ikili ölçünün içində mövcuddur. Onun münasibətlərdə yaratdığı dağıntılar şəxsi məsuliyyət kimi deyil, yaradıcılığın təbii yan məhsulu kimi qiymətləndirilir. Psixoloji səviyyədə isə bu vəziyyət “moral disengagement”, yəni əxlaqi uzaqlaşma termini ilə izah olunur. Sosial psixoloq Albert Banduranın izahına görə, fərd öz davranışlarının mənəvi nəticələrindən uzaqlaşmaq üçün onları müxtəlif ideoloji çərçivələrlə əsaslandırır. Yucin üçün bu çərçivə sənətdir. O, incitdiyi insanları deyil, yalnız öz daxili təlatümlərini görür və bu təlatümləri legitimləşdirmək üçün yaradıcılığa sığınır. Drayzer burada oxucuya açıq mesaj vermir, lakin ardıcıl olaraq bir sualı qabardır: əgər dahilik əxlaqdan azaddırsa, bu azadlığın yükünü kim daşıyır? Roman göstərir ki, bu yük heç vaxt dahi adlandırılan şəxsin üzərinə düşmür. Onu ətrafındakı insanlar, xüsusən də qadınlar daşıyır. Onların emosional itkiləri, pozulan həyatları və səssiz qurbanlıqları dahiliyin görünməyən tərəfinə çevrilir. Sosioloji baxımdan bu vəziyyət “normalizasiya” prosesi ilə bağlıdır. Cəmiyyət müəyyən davranışları təkrarladıqca və onları xüsusi statusla əlaqələndirdikcə, bu davranışlar normaya çevrilir. Yucinin məsuliyyətsizliyi də məhz bu şəkildə normallaşdırılır. O, cəmiyyətin gözündə nə qədər “yaradıcı”dırsa, bir o qədər də “bağışlanandır”.

    Maraqlısı budur ki, bir çox kişi üçün Yucin həqiqətən də əsl dahidir. Amma niyə belə hesab olunur? Gəlin bir az düşünək: Yucin doğrudanmı dahi idi?

    Abraham Maslounun özünügerçəkləşdirmə nəzəriyyəsinə görə, insan yalnız daxili potensialını məsuliyyət və balansla reallaşdırdıqda özünü tam formalaşdırır. Yucin Vitr isə bacardığından çoxunu istəyir, amma bu daxili tarazlığı qura bilmir. O, istedadını sərbəst buraxır, həyatın qaydalarını gözardı edir və yaradıcılığını öz ehtiraslarının tərcüməçisinə çevirir. Bir çox kişi üçün məhz bu sərbəstlik və maneələri aşa bilmək bacarığı onun dahi görünməsinin səbəbidir. O, istedadı vasitəsilə həyatın sərhədlərini zorlayır və azad ruh obrazını təqdim edir.

    Digər tərəfdən isə Burdyen qeyd edir ki, fərdlər yalnız şəxsi gücləri ilə deyil, cəmiyyətin onlara verdiyi statusla da seçilir və tanınır. Yucinin ətrafındakı insanlar onun azadlığını və davranışlarını romantikləşdirir, ona günah kimi baxmır. Bu, kişilər üçün onu yalnız istedadlı deyil, həm də “dahi” edən ikinci təbəqədir: cəmiyyətin və sosial kodların ona verdiyi pərdədə gizlənən güc. Yucinin hər hansı bir etik çatışmazlığı, qadınlarla münasibətlərindəki məsuliyyətsizliyi və sosial qaydalara qarşı çıxışı bir çox kişi üçün ideallaşdırılır, çünki onlar bu obrazda qayda pozma, fərqlilik və azadlıq arzularının bir simvolunu görür. Beləliklə, Yucin Vitrin dahi kimi görünməsi həm onun yaradıcılıq potensialı ilə, həm də cəmiyyətin ona bəxş etdiyi simvolik imtiyazlarla bağlıdır. Drayzer oxucuya bildirir ki, bu imtiyazlar, baxmayaraq ki, onu heyranlıq obyektinə çevirir, əslində başqalarının çəkdiyi zərərin və etik boşluğun üstündə qurulub. Yucinin dahi görünməsi, bir tərəfdən onun istedadını, digər tərəfdən isə cəmiyyətin göz yumma və romantikləşdirmə qabiliyyətini əks etdirir. Nəticədə bir çox kişi Yucini dahi sayır, çünki o, yaradıcılıq və sərbəstlik adı altında bütün sosial və şəxsi sərhədləri aşır. Lakin Drayzer oxucuya xatırladır ki, dahilik yalnız istedad deyil, əsl dahi, gücünü məsuliyyət və etik balansla birləşdirən şəxsdə formalaşır. Yucin isə bu balansı qura bilmir və beləliklə, əslində, dahi yox, dahilik iddiasının sosial konstruksiyası kimi qalır.

    Bəs Yucin Vitr XXI əsrdə olsaydı?

    Yucin Vitr obrazı yalnız XIX–XX əsr keçidinin sənət mühitinə aid deyil. Əksinə, bu tipaj günümüzdə daha tanış və daha görünəndir. XXI əsrdə dahilik artıq təkcə sənət əsəri ilə ölçülmür, sosial görünürlük, izləyici sayı və ictimai təsir də bu anlayışın tərkib hissəsinə çevrilib. Bu dəyişiklik Yucin tipli fiqurlar üçün daha geniş imkanlar yaradıb. Müasir cəmiyyətdə “yaradıcı insan” anlayışı çox vaxt məsuliyyətdən azad edilmiş şəxs obrazı ilə üst-üstə düşür. “Mən beləyəm”, “yaradıcılıq sərhəd tanımır”, “azad ruham” kimi ifadələr Yucinin yüz il əvvəl istifadə etdiyi əsaslandırmaların müasir formalarıdır. Sosial psixologiyada bu vəziyyət “özünü-istisna etmə” davranışı adlandırılır. Fərd özünü ümumi qaydalardan kənar sayır və bu istisnanı istedadı ilə əsaslandırır. Sosial media bu prosesi daha da sürətləndirib. Bu gün bir insanın “dahi” kimi qəbul edilməsi üçün onun yaratdığı dəyərdən çox, yaratdığı təəssürat ön plana çıxır. Yucin Vitrin dövründə cəmiyyət onun sənətinə göz yumurdusa, bu gün algoritmlər və auditoriyalar eyni funksiyanı yerinə yetirir. Bu isə dahiliyin daha da səthiləşməsinə səbəb olur. Qalıcı yaradıcılıq yerini ani təsirə verir.

    Etik baxımdan isə dəyişən çox az şey var. Yucin kimi müasir “dahilər” də münasibətlərdə ardıcıl məsuliyyət daşımır, lakin bu davranışlar “yaradıcılıq təzyiqi”, “emosional intensivlik” kimi anlayışlarla əsaslandırılır. Xüsusilə qadınlarla münasibətlərdə bu dinamika açıq şəkildə görünür. Emosional uzaqlaşma, qeyri-sabit bağlılıq və qəfil yoxa çıxmalar bu gün “ghosting” kimi terminlərlə adlandırılır, lakin mahiyyət dəyişmir. Ad dəyişir, davranış qalır. Sosioloq Ziqmund Baumanın “axıcı müasirlik” anlayışı bu vəziyyəti izah etmək üçün əhəmiyyətlidir. Bauman qeyd edirdi ki, müasir dövrdə münasibətlər, kimliklər və məsuliyyətlər davamlı deyil, keçicidir. Yucin Vitr bu axıcılığın erkən modelidir. O, bağlanmaq istəmir, çünki bağlanmaq onun azadlıq illüziyasını pozur. Bu gün isə bu illüziya daha geniş yayılıb və normaya çevrilib. Yəni Yucin Vitr XXI əsrdə təkcə mümkün deyil, hətta adi hal alıb. O, bu gün sənətçi, intellektual, kontent istehsalçısı və ya “fərqli düşünən” etiketi ilə qarşımıza çıxır. Bu isə göstərir ki, Drayzerin yüz il əvvəl qoyduğu suallar bu gün də həqiqətlidir: biz hələ də istedadı bəhanə edərək məsuliyyətsizliyi normallaşdırırıqmı?

    Nəticədə, Drayzer oxucuya hökm çıxarmır, amma sual qoyur: Dahilik həqiqətən yaradıcılığın zirvəsidirmi, yoxsa bu, yalnız sosial güzəştlərlə qorunan bir mifdir? Yucin Vitrin həyatı göstərir ki, dahilik adı altında bəraət qazanan hər davranış, əslində, başqalarının çəkdiyi zərərin ölçüsünü artırır. Romandan çıxan mesaj aydındır: dahilik yalnız istedad deyil, məsuliyyət və etik balansla tamamlandıqda gerçək olur.

    “Sonra o arxaya söykəndi və adətən etdiyi kimi düşünməməyə çalışdı. O, uğur qazanmalıdır. Dünya elə buna görə yaradılıb. O da elə buna görə yaradılıb.”

    -Teodor Drayzer, Dahi 1915

    Mənbə: https://edebiyyat.az/

  • Xəzinə dolu dünya – FOTOREPORTAJ

    Milli mətbuatımızın banisi, görkəmli maarifçi Həsən bəy Zərdabi deyirdi: “Yaxşı kitab çox qiymətli xəzinədir”. Məşhur rus yazıçısı və filosofu Aleksandr Gertsen isə kitaba belə dəyər verirdi: “Kitab bir nəslin digər nəslə vəsiyyətidir”. Bu fikirlər isə fransız filosofu və riyaziyyatçısı Rene Dekarta məxsusdur: “Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir”.

    Hər bir xalqın mədəni inkişaf səviyyəsi onun kitaba, biliyə və mənəvi irsə verdiyi dəyər ilə ölçülür. Xalqımızın bu sahədə ən mötəbər ocaqlarından biri olan Azərbaycan Milli Kitabxanası təkcə kitabların saxlanıldığı məkan deyil, eyni zamanda, xalqın tarixi yaddaşını, elmi və mədəni irsini yaşadan müqəddəs mərkəzdir.

    Azərbaycan Milli Kitabxanası 1922-ci ildə yaradılsa da, onun rəsmi açılışı 1923-cü ilin mayında olub. Yaşı 100-ü keçən Milli Kitabxana fəaliyyətə cəmi 5 min 212 nüsxə kitab və 13 işçi ilə başlayıb. Azərbaycanın baş kitabxanası nəinki Qafqazda, yaşadığımız Avropa qitəsində, eləcə də bütün dünyada şöhrət tapan ən böyük milli kitabxanalardan və ən iri kitabsaxlayıcılardan biridir. Hazırda Milli Kitabxananın fondunda 5 milyona yaxın kitab var.

    Kitabxananı milli yaddaşın məbədi hesab edənlər doğrudan da haqlıdırlar. Bu müqəddəs məkan keçmişlə gələcək arasında möhkəm körpü rolunu oynayaraq milli-mənəvi dəyərləri qoruyur və inkişaf etdirir. Burada milyonlarla kitab, qəzet, jurnal, nadir əlyazmalar və elektron resurslar qorunur. Azərbaycan dilində olan nəşrlərlə yanaşı, müxtəlif xarici dillərdə olan əsərlər də oxucuların ixtiyarına verilməsi kitabxananı təkcə milli deyil, beynəlxalq əhəmiyyətli elm və informasiya mərkəzinə çevirir. Dünyanın istənilən nöqtəsindən internet vasitəsilə kitabxananın kataloqu vasitəsilə lazım olan məlumatı əldə etmək olar. Müasir dövrdə Milli Kitabxana texnoloji yeniliklərə də açıqdır. Elektron kataloqlar, rəqəmsal kitabxana xidmətləri və onlayn resurslar oxucuların məlumatlara daha sürətli və rahat şəkildə çıxışını təmin edir.

    Böyük Nizami Gəncəvi “Oxudum, oxudum, sonra da vardım, hər gizli xəzinədən bir dürr çıxardım”,- deyirdi. Milli Kitabxanada elmin bütün sahələrinə aid çoxlu kitablar var. Dürr dolu xəzinəyə üz tutan hər kəs burada istədiyi kitabı tapa bilir. Ona görə də hər gün kitabxanaya üz tutan çoxsaylı oxucular istədikləri mənbə və məxəzləri burada tapa bilir, onun sakit divarları arasında əyləşərək nəhəng bir xəzinədən bilik payı götürürlər. Mövcudluğunun ikinci yüzilliyini xırdalayan xəzinə ona üz tutan oxuculara çox belə pay verəcək…

    Mənbə: https://azertag.az/

  • Beynəlxalq Muğam Mərkəzi beynəlxalq əməkdaşlıq əlaqələrini də uğurla genişləndirməkdədir

    Beynəlxalq Muğam Mərkəzinin nəzdində 2 kollektiv və Mərkəzin solistlərindən ibarət heyət fəaliyyət göstərir. Bunlar Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Cahangir Cahangirov adına Xor Kollektivi, eləcə də tanınmış xanəndə və instrumental ifaçılardan ibarət solistlər heyətidir. Hər üç kollektiv dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirak edir, həm respublikamız daxilində, həm də ölkəmizdən kənarda muğam sənətimizi və milli musiqimizi layiqincə təmsil edir.

    Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə deyib.

    “Genişmiqyaslı və ardıcıl şəkildə keçirilən tədbirlər mərkəzin fəaliyyətinin dinamik inkişaf etdiyini sübut edir. Həmçinin Beynəlxalq Muğam Mərkəzi beynəlxalq əməkdaşlıq əlaqələrini də uğurla genişləndirməkdədir. Son illərdə Özbəkistan ilə bir sıra əməkdaşlıq memorandumları imzalanıb və bu layihələrdən bir neçəsi artıq uğurla reallaşıb”, – deyə direktor diqqətə çatdırıb.

    Mənbə: https://azertag.az/

  • Bu gün Xalq şairi Zəlimxan Yaqubun anım günüdür

    Bu gün Xalq şairi Zəlimxan Yaqubun vəfatından 10 il ötür.

    AZƏRTAC xəbər verir ki, müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir.

    Zəlimxan Yaqub son əsrdə xalq şeiri, klassik düşüncə tərzi, təsəvvüf fəlsəfəsi ilə müasirliyi birləşdirən poetik yolun yolçusu kimi ədəbiyyat tariximizdə mühüm yer tutur. Onun poetik ruhu təsəvvüf işığında durulaşaraq tamamilə orijinal forma və məzmunda çağdaşlığa yeni rəng qatıb. Yaradıcılığında həm də türkçülük, islami dəyərlər və irfan işığı dərin kök salıb. Şairin lirik qəhrəmanlarının düşüncəsində vətəndaşlıq, xalqçılıq motivləri başlıca yer tutub. Bu cəhətdən onun yaradıcılığı Azərbaycan romantiklərinin yaradıcılığı ilə yaxından səsləşir.

    Zəlimxan Yaqub ilk şeirlərindən başlayaraq ədəbi ənənəyə sadiq qaldığını göstərdi; ancaq bununla yanaşı, öz taleyini yazmağa başladı. Onun yazdıqları xalqın içindən gəlirdi, xalqın ruhu və taleyini əks etdirirdi. Obrazları qeyri-adiliyi ilə fərqlənirdi. Bu obrazlar içərisində “bir qurtum su”, “bir ovuc torpaq”, “bir əlçim bulud”, “bir əsim meh”, “bir çaxım şimşək”, “al-əlvan çöllər”, “bərəkətli tarlalar” və s. təkcə orijinallığı ilə deyil, məzmunu ilə də yeni idi.

    Çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Zəlimxan Yaqubun əsərləri xalqımıza məxsus mütləq dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edir.

    Sağlığında heykəlləşən, bənzərsiz şeirləri ilə Azərbaycan ədəbiyyatına adını əbədi həkk edən, əbədiyaşarlıq qazanan Zəlimxan Yaqub hər zaman böyük sevgi və ehtiramla anılacaq.

    Mənbə: https://azertag.az/

  • AYB-dən üzvlərinə sonuncu xəbərdarlıq edilib

    • Azərbaycan Yazıçılar Birliyinə (AYB) bir neçə il üzvlük haqqını ödəməyənlər təşkilatdan xaric ediləcək. Bu barədə məsələ AYB Katibliyinin iclasında müzakirə edilib.
    • AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza AZƏRTAC-a açıqlamasında bildirib ki, gündəlikdəki bir neçə məsələ ilə yanaşı, Birliyin üzvləri arasında illik üzvlük haqqını ödəməyənlərin siyahısı müzakirə olunub: “Qaydalara əsasən, bir neçə il üzvlük haqqını ödəməyən şəxslər xəbərdarlıq edilmədən AYB-dən xaric edilməlidirlər. Lakin buna baxmayaraq, onlara dəfələrlə xəbərdarlıq edilib”.
    • Xəyal Rzanın sözlərinə görə, iclasda qərara alınıb ki, bununla bağlı “Ədəbiyyat qəzeti”ndə sonuncu dəfə xəbərdarlıq dərc edilsin: “Fevralın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyinin sıralarından xaric ediləcəklər”.

    Mənbə: https://azertag.az/

  • Ankara YÜCE məktəblərində yanvar tematik ayı Azərbaycana həsr olunub

    • Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi Ankara özəl YÜCE məktəbləri ilə Azərbaycan mədəniyyəti, tarixi və dilinin təbliği məqsədilə ortaq layihə həyata keçirir.
    • AZƏRTAC xəbər verir ki, bu məqsədlə Ankara özel YÜCE məktəblərində yanvar tematik ayı qardaş Azərbaycana həsr edilib və “Qafqazların incisi – qardaş ölkə Azərbaycan” adlandırılıb.
    • Bununla bağlı Ankara özəl YÜCE məktəblərinin rəsmi səhifəsində paylaşım edilib. Paylaşımda bu ayın qəlblərimizi və qapılarımızı qardaş xalqımız olan Azərbaycana açırıq deyə qeyd edilib, birlikdə bu qədim torpaqların sirri, yerin altından yüksələn əbədi odların hekayəsi, Xəzər dənizinin sahilində inci kimi parlayan paytaxt Bakının əsrarəngiz gözəllikləri, Qafqazların incisi gözəl Azərbaycana həsr ediləcəyi bildirilir.
    • Qeyd edək ki, tematik ay zamanı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən məktəblərdə bir aylıq milli mədəniyyətimiz və incəsənətimizi özündə əks etdirən “Azərbaycan stendi” təşkil olunacaq. Həmçinin Azərbaycan haqqında dərslər, müsabiqələr, viktorinalar, videotəqdimatlar, sənədli film və bədii film nümayişləri, rəsm və fotosərginin təşkili, məktəbin kitabxanası üçün Azərbaycana dair zəngin kitab kolleksiyasının hədiyyə olunması nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan nağıllarını təbliğ etmək üçün “Masal-Masal Türkiyə: Türk dünyası, Azərbaycan” mobil telefonlar üçün onlayn tətbiq proqramının təqdimatı, Azərbaycan milli rəqslərindən ibarət konsert proqramının təşkili planlaşdırılır.
    • Məktəblilər bu ayda Qafqazın incisi Azərbaycanın zəngin mədəniyyəti, ədəbiyyatı, möhtəşəm abidələri, memarlığı, əsrarəngiz turizm imkanları, habelə müstəqil Azərbaycanın qazandığı böyük nailiyyətlərlə tanış olmaq imkanı əldə edəcəklər.
    • Ramin Abdullayev
    • AZƏRTAC-ın xüsusi müxbiri
    • Ankara

    Mənbə: https://azertag.az/

    Mənbə: https://azertag.az/

  • Bu gün Əməkdar artist Nəcibə Behbudovanın anadan olmasından 112 il ötür

    • Milli kinomuzun və teatr sənətimizin inkişafında bir çox sənətkarların müstəsna xidmətləri olub. Onlar ən ağır zamanlarda və ən ağır şərtlərdə belə bu sənətin inkişafı üçün əllərindən gələn bütün səy və imkanları əsirgəməyiblər. Belə sənət adamlarından biri də tanınmış teatr və kino aktyoru, Əməkdar artist Nəcibə Behbudovadır.
    • AZƏRTAC xəbər verir ki, bu gün Nəcibə Behbudovanın anadan olmasından 112 il ötür.
    • O, tanınmış müğənni Rəşid Behbudovun böyük bacısıdır. Atası Məcid Behbudov el xanəndəsi kimi tanınıb. Anası Firuzə Vəkilova isə müəllimə işləyib. Altı yaşında olanda Tiflisdəki əmək məktəbinə gedib. Nəcibə xanım doqquz yaşında olanda məktəbdə oxumaqla yanaşı, Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub. Dinləyici kimi Bülbülün Konservatoriyadakı sinfinə gedib və vokal ifaçılığının müəyyən peşəkarlıq xüsusiyyətlərinə yiyələnib. Hətta konsertlərdə müğənni kimi çıxış edib.
    • Nəcibə Behbudova “Ulduz” (Tamam), “Araqarışdıranlar” (Sona xala), “Bəyin oğurlanması” (Bibixanım), “Fəryad” filmlərində çəkilib.
    • “Fəryad” filmi aktrisanın iştirak etdiyi sonuncu film olub. Nəcibə xanım Ceyhun Mirzəyevlə yaxın dost olub. Ceyhun Mirzəyev hər zaman yeni kinoya başlayanda aktrisanı mütləq dəvət edirmiş.
    • Aktrisanın qız nəvəsi Ülviyyə Ələkbərova Nəcibə Behbudova haqqında xatirələrində belə yazıb: “Mən Nəcibə Behbudovanın yanında qalan yeganə nəvəsi idim. Təəssüf ki, bacı-qardaşım nənəmi görməyiblər. Əvvəlcə anam, mən və nənəm birlikdə eyni evdə qalırdıq. Anam ikinci dəfə ailə həyatı qurandan sonra evdə yalnız ikimiz yaşamağa başladıq – nənəm və mən. O, mənim anam, atam, hər şeyim idi…”
    • Nəcibə Behbudova teatr sənətindəki xidmətlərinə görə 1974-cü ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
    • Aktrisa 1999-cu il dekabrın 7-də Bakıda vəfat edib.

    Mənbə: https://azertag.az/

  • Bu gün görkəmli şair Mikayıl Müşfiqin anım günüdür

    • O, doğma Bakını, onun sinəsinə baş qoyub uyuyan mavi Xəzəri, dənizin qayalıqlara, qumlu sahillərə çırpılan dalğalarını çox sevirdi. Bəzən saatlarla onları seyr etməkdən yorulmazdı. Tanrı bəxtini kəm etsə də, ondan çox güclü ilham və istedadı əsirgəməmişdi. Erkən yaşda anası Züleyxanı, 6 yaşında atası Əbdülqadiri itirsə də, heç vaxt özünü itirmədi…
    • Yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma günüdür. O, həyatdan erkən getsə də, özündən sonra yaradıcılıq eşqi ilə dolu lirik nümunələr qoyub.
    • AZƏRTAC xəbər verir ki, bu gün görkəmli şair Mikayıl Müşfiqin vəfatından 88 il ötür.
    • Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.
    • Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.
    • Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.
    • Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.
    • Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: “Həyat həm gülməkdir, həm ağlamaqdır”, “Bədbəxt bu dünyada tək yaşayandır”, “Həyat ondan küsənləri incidər”, “Nə qədər yaraşır insana gülmək!”
    • Rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.
    • Ədibin poeziyasında Azərbaycanın tərənnümü xüsusi yer tutur. Onun Vətənə sonsuz məhəbbətinin və poetik istedadının qovuşduğu belə əsərlər (“Ölkəm”, “Ey Dan ulduzu!” və s.) poeziyamızda Vətən mövzusunun ən yaxşı bədii ifadələrindəndir.
    • Mikayıl Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.
    • Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində “Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!”, – deyən şairin əsərləri millət, Vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.
    • Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Onun şeirlərinə mahnılar bəstələnib, ədəbi irsi çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə çevrilib. Şairin əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib. Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.
    • Qeyd edək ki, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasın 100 və 110 illik yubileyləri Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunub. Eyni zamanda, Mikayıl Müşfiqin latın qrafikası ilə üçcildliyi nəşr edilərək oxuculara çatdırılıb.

    Mənbə: https://azertag.az/

  • İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

    Əziz həmvətənlər.

    2025-ci il arxada qaldı. Bu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur. Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir. Əminəm ki, qarşıdan gələn 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq, ölkə qarşısında duran bütün vəzifələr həmişəki kimi uğurla icra ediləcəkdir.

    Bu il biz şanlı Zəfərimizinbeşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd etmişik. Beş il bundan əvvəl Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq. Azərbaycan xalqı bu Qələbə ilə əbədi olaraq fəxr edəcəkdir. Biz otuzillik erməni işğalına son qoyduq, ərazi bütövlüyümüzü, suverenliyimizi, milli ləyaqətimizi bərpa etdik. Bu il Zəfərimizin beşinci ildönümünə həsr olunmuş hərbi paradda son illər ərzində ordu quruculuğundagörülmüş işlərin bir hissəsi xalqımıza və bütün dünyaya nümayiş etdirildi. Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırmışdır. Yeni silahlar və texnika ilə təchiz edilmiş Ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir. Biz son 5 il ərzində həm yerli istehsal olan silah və texnikadan istifadə edərək, eyni zamanda, xaricdən aldığımız silah və texnikanı Ordumuzun potensialına əlavə edərək hərbi gücümüzü böyük dərəcədə gücləndirə bildik. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı, yeni yaradılmış Komando Qüvvələrinin say tərkibi minlərlə əsgər və zabitdən ibarətdir. Biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq. Vətən müharibəsi dövründə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı, xalqımızın yumruq kimi birləşməsi bizim Qələbəmizi şərtləndirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.

    Biz Vətən müharibəsindəki Zəfərimizdən sonra yorulmadan bu Zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək və təsdiqləmək üçün çalışmışıq və buna nail olmuşuq. Bütün dünya bizim Zəfərimizi qəbul edir və bizim haqlı olduğumuzu əyani şəkildə görür. Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün mandat almış Minsk qrupu isə tarixin arxivinə göndərildi. Beləliklə, Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silinmişdir. Zəfər çalmış ölkə kimi biz məğlub edilmiş Ermənistana sülh əlimizi uzatdıq. Bu da bizim uzaqgörən siyasətimizin təzahürüdür. Biz əbədi müharibə aparmaq fikrində deyilik. Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək üçün silahdan istifadə edərək, BMT Nizamnaməsi çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz suveren hüquqlarımızı təmin etmişik. Vətən müharibəsindən cəmi beş il keçəndən sonra Ermənistanla paraflanmış sülh müqaviləsi bir daha xalqımızın böyüklüyünü və bizim siyasətimizin müdrikliyini göstərir. Biz cəmi beş ilə yaxındır ki, de-fakto sülh şəraitində yaşayırıq. Biz döyüş meydanında qan tökərək, şəhidlər verərək şanlı Qələbə qazanmışıq və bu Qələbəni dünyanın ən mötəbər yeri olan Amerikanın Ağ Evində, Amerika Prezidentinin iştirakı ilə möhürlədik. Beləliklə, 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapmışdır.

    Bu gün isə bütün ölkə üzrə geniş quruculuq işləri aparılır, hər bir bölgədə inkişaf müşahidə olunur. Biz beynəlxalq mövqelərimizi böyük dərəcədə möhkəmləndirə bildik. Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar. Təsadüfi deyil ki, dünyanın aparıcı beynəlxalq aktorları Azərbaycanla əməkdaşlıq etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Bizim xarici siyasətimiz çoxşaxəlidir, bu siyasət bir çox istiqamətlər üzrə uğurla aparılır. Biz bu il D-8 beynəlxalq təşkilatına üzv olduq. Onu da bildirməliyəm ki, 8 böyük müsəlman ölkəsini birləşdirən və 30 ilə yaxın fəaliyyət göstərən bu təşkilatın ilk yeni üzvü məhz Azərbaycan olmuşdur. Yəni bu ölkələr tərəfindən bizə göstərilən hörmət və etimad göz qabağındadır. Biz bu il Orta Asiya ölkələrinin Məşvərət Şurasının tamhüquqlu üzvü seçildik. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki coğrafi nöqteyi-nəzərdən biz Cənubi Qafqazda yerləşirik. Ancaq Orta Asiya ölkələrinin Məşvərət Şurasına yekdilliklə tamhüquqlu üzv seçilməyimiz bizim həm bu ölkələrlə səmimi münasibətlərimizdən xəbər verir, həm də ki, Azərbaycanın bu gün nə qədər önəmli ölkə olduğunu əyani şəkildə göstərir.

    Bu il ölkəmizdə bir çox mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bunların arasında işğaldan azad edilmiş Xankəndidə ECO-nun Zirvə Görüşünü xüsusilə qeyd etməliyəm. Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü də bizim ailəmiz olan Türk dünyasının birləşməsi istiqamətində bir daha önəmli addım olmuşdur. Bir çox beynəlxalq təşkilatlarla sıx əlaqələrimiz bizim maraqlarımıza uyğundur. Biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olmuşuq. Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın. Tədricən hər kəs görür ki, belə cəhdlərin sayı da kəskin azaldı. Çünki bunun heç bir mənası yoxdur. Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur. Bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz.

    İqtisadi inkişafa gəldikdə, biz bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik. Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb – 80 milyard dollardan artıqdır. Bizim xarici borcumuz daha da aşağı düşüb, bu gün ümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil edir. Bir halda ki, bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizdir, ondan da çoxdur. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir və təsadüfi deyil ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqini qaldırıblar – investisiya reytinqini müsbət reytinq səviyyəsinə qaldırıblar.

    Biz “Böyük Qayıdış” Proqramını uğurla icra edirik və işğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılır və artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. Keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən gözəl şərait yaradılmışdır.

    Bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu münasibətlə dünyada yaşayan bütün azərbaycanlıları ürəkdən təbrik etmək istəyirəm. Onlar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir və bizi – azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir. Azərbaycanlılar hansı ölkədə yaşamalarından asılı olmayaraq, bilirlər və bilməlidirlər ki, onların Ana Vətəni müstəqil Azərbaycan dövlətidir.

    Əziz həmvətənlər, mən sizi bir daha Dünya Azərbaycanlılarının Həmrəyliyi Günümünasibətiləürəkdən təbrik etmək istəyirəm, Yeni il bayramı münasibətilə təbrik etmək istəyirəm. Dünyada yaşayan bütün azərbaycanlılara, Azərbaycan vətəndaşlarına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun!

    Mənbə: https://president.az/

  • Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2026-cı ildə Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illiyi tamam olur.

    Əcəmi Naxçıvani orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət vermiş və dövrün memarlıq üslubuna zəriflik, dinamiklik gətirmiş böyük sənətkardır. Onun fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan qüdrətli Atabəylər dövlətinin paytaxtı, Yaxın Şərqin mədəniyyət, elm, ticarət və sənət mərkəzlərindən biri Naxçıvan şəhəri ilə bağlı olmuşdur. Əcəmi Naxçıvaninin yaradıcılığı XII əsr Azərbaycan mədəni-ictimai fikrinin yüksəlişinin aydın təzahürlərindəndir. Naxçıvan şəhərindəki ehtişamlı abidələrdən Əcəmi dühasının məhsulu olan Möminə xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsi İslam aləminin şah əsərləri sırasında layiqli yer tutur. Bu monumental tikililər öz incə kompozisiyası və estetik mükəmməlliyi ilə seçilən, misilsiz gözəlliyə malik ölməz sənət inciləridir. Əcəminin parlaq irsi məktəb rolunu oynamış, sonrakı əsrlərdə də Azərbaycan və Yaxın Şərq ölkələrinin memarlığına güclü təsir göstərmişdir.

    Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illik yubileyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə keçirilmişdir. Qüdrətli memarın 900 illiyinin UNESCO çərçivəsində qeyd olunan yubileylər siyahısına daxil edilməsi bütövlükdə Azərbaycan xalqının çoxəsrlik mədəniyyətinin zənginliklərinin beynəlxalq miqyasda daha geniş tanıdılmasında mühüm addımdır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, orta əsrlər Azərbaycan memarlıq sənətinin inkişafında dərin və silinməz iz qoymuş böyük memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli
    Elmlər Akademiyası ilə birlikdə Azərbaycan memarlığının görkəmli siması Əcəmi Naxçıvaninin 900 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 30 dekabr 2025-ci il

    Mənbə: https://president.az/

  • Rafiq ODAY.”Günü həmrək olmalı”.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru

    HƏMRƏYLİK OLMALI

    Bu başıbəlalı dünyamızın hər şeydən çox həmrəyliyə ehtiyacı var…

    Yüz milyonluq bir millətin,
    Günü həmrəylik olmalı.
    Göylərə bülənd harayı,
    Ünü həmrəylik olmalı.

    Dünyanı bürüsün səsin,
    Vur, zərbindən yer titrəsin.
    “Mən varam” deyən hər kəsin
    Yönü həmrəylik olmalı.

    Yox edək ahı, amanı,
    Qəlb olsun sevgi limanı.
    Haqq oğlu haqqın imanı,
    Dini həmrəylik olmalı.

    Qədd əyilməz – vüqar olsa,
    Qəlb üşüməz – bahar olsa.
    Dildə minbir şüar olsa, –
    Mini həmrəylik olmalı.

    Sözə baxmaz ürək hərdən,
    Eşqlə tutar ürəklər dən.
    Sökün, atın ürəklərdən
    kini, həmrəylik olmalı.

    Dünya tabe üçə yəni,
    Haqq əsirdi gücə yəni.
    Deyirsən ki, “Necə yəni?” –
    Yəni, həmrəylik olmalı!

    28.12.2025

  • Azərbaycanlı yazıçı Xanım ANELA

    Xanım Anela 1983-cü ildə anadan olub. 2000-ci ildə Rusiya Federasiyasının Kalininqrad şəhərində 4 saylı orta məktəbi, 2005-ci ildə isə Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (https://edebiyyat-az.com/) Baş redaktorudur.

    2013-cü ildən bədii yaradıcılıqla məşğul olur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Hazırda “Mücrü” nəşriyyatında tərcüməçi-redaktor vəzifəsində çalışır.

    “Amarna günahkarları”, “Yuxuların oğrusu” və “Ürək notu: Vanil” romanlarının müəllifidir. Yazıçının bunlardan başqa “Anela” hekayələr toplusu, “Fürer”, “Mafiyalar”, “Tabe olmayanlar – həbsxanadan qaçışlar” və “Təyyarə qəzaları” adlı araşdırma kitabları işıq üzü görüb.

    Uşaqlar üçün Azərbaycan dilində “Şirin və Düşüncənin yeni il macəraları”, “Cırtdan geri qayıdır və ya Cırtdan və dostlarının Novruz macəraları”, “Pıçıltı” (“İlin uşaq kitabı – 2024 mükafatının qalibi), “Hərflərin oyunu”; həmçinin rusca “Фа, Фа и Гранатовое Королевство” və “Фа и Фа в поисках Деда мороза”, “Fərəh və əlfəcin Yumuş” nağıl kitabları çap edilib.

    Müəllifin “Kalp notası: Vanilya” romanı Türkiyədə nəşr edilib.

    Bədii yaradıcılıqla yanaşı Mehmet Niyazi “Mövcudluq mübarizəsi”, Qriqori Petrov “Bataqlıqlar ölkəsi”, “Bir Saatda Tarix” Maestro Niyazi, “Bir Saatda Tarix” Merilin Monro, “Bir Saatda Tarix” Abraam Linkoln, Tarık Buğra “Osmancıq”, Mariya Velho de Kosta “Mayra”, Maykl Hart “Yüz dahi şəxsiyyət” kitablarını, habelə dünya uşaq ədəbiyyatından seçilmiş nağılları tərcümə etmişdir.

    Mətbu nəşrlərdə “Ustad”, “Proza”, “Mücrü”, “Ulduz” və “Güfte Edebiyat” dərgilərində əsərləri yayımlanmışdır.

    Xanım Anela bədii yaradıcılıq və tərcümələrlə yanaşı qiraətlə də məşğul olur. Bir neçə audiokitab layihəsində iştirak edən yazıçı vaxtaşırı Azərbaycan və dünya ədəbiyyatından qiraətlər edir.

    Hobbiləri və həm də yaxşı bacardığı məşğuliyyətlər rəssamlıq, musiqi, fotoqrafiya, ssenari yazmaq və güllər yetişdirməkdir.

  • Xanım ANELA”NAĞIL DÜNYASI”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Qırıq-kəsik parçalar, balaca, bəzəkli, heç kəsə lazım olmayan oyuncaqlar, sınıq şüşə qırıntıları, duz, konfet və buna bənzər xırda şeyləri yığıb Masallıdakı bağımızda ağacların altında dayanardım.

    “Buradayam… Məni eşitdiyinizi bilirəm. Sizə kömək eləməyə gəlmişəm,” – deyərdim.

    Onların mənim səsimi eşitdiyinə inanırdım.

    Onlar yerin altında idilər. Sehrli, zərli, işıqlı, çox balaca adamlar. Onların dünyasından tək mən xəbərdar idim. Onlar da məni sevirdilər. Dost idik. Və mən bilirdim ki, bir gün onların da mənə kömək edəcəyi vaxt gələcək. Onları gələcəkdə yazacağım nağıl qəhrəmanlarıma çevirəcəyimi isə bilmirdim.

    Bəs nağıllar?

    Hə, nağıl bilən hər kəsdən nağıl danışmasını xahiş edirdim. Kitablardakıları yox, yaşlı nənələrin bildiyi, hamının bilmədiyi, kitablarda olmayan nağılları. Ən çox da qonşumuz Bəsti nənənin nağıllarını…

    Bu nağılları kiminsə uydurduğu heç ağlıma gəlmirdi. Bütün hadisələrin keçmişdə həqiqətən baş verdiyinə inanmaq istəyirdim. Sonralar isə nağılların haradan gəldiyini düşünməyə başladım. Kimlərdən, hansı zamanlardan…

    Nağıllar haradan gəlmişdi?

    Baxaq… Durham Universiteti ilə Lissabonun Nova Universitetinin alimləri araşdırma aparıblar. Müxtəlif xalqlara məxsus ən çox rast gəlinən 275 süjet seçilib və təxminən iki minə yaxın fərqli nağıl tipi üzərində işlənib. Bu süjetlər bir növ xəritə, daha dəqiq desək, nağılların “şəcərə ağacı” kimi qurulub. Həmin ağacın köklərinə doğru getdikcə sehrli hekayələrin haradan gəldiyini görmək mümkün olub.

    Hər yeni budaqda nağılların sayı azalır. Yəni nə qədər dərinə getsən, hekayələr bir o qədər az, amma bir o qədər tanış olur. Məlum olub ki, bizə müasir görünən bir çox nağıllar əslində qədim yunan-roma və kelt mifologiyasına söykənir. Məsələn, “Cek və lobya ağacı” hekayəsinin izi bizi təxminən beş min il əvvələ aparır.

    Yer üzündə ən qədim nağıl kimi isə “Dəmirçi və şeytan” qəbul edilir. Təxminən altı min il əvvəl yaranmış bu hekayə müxtəlif cəmiyyətlərdə dolaşıb, dəyişib, amma öz mahiyyətini qoruyub saxlayıb. Süjeti sadədir: bir dəmirçi fövqəltəbii güc əldə etmək üçün şər bir varlıqla razılaşır və bunun əvəzində ruhunu verir. Görünür, insanın güc arzusu və bunun bədəli haqqında suallar minilliklər keçsə də, dəyişmir.

    Əvvəllər mənə elə gəlirdi ki, keçmiş nağıllar çox qəddar olub, ya da insanlar psixologiyaya indiki kimi önəm verməyiblər.

    Bu, həqiqətən də elə idimi?

    Xeyr. Tarixə baxanda anladım ki, bu qəddarlıq insanların uşaq psixologiyasından xəbərsiz olmasından irəli gəlmirdi. Sadəcə, o dövrdə uşaqlığa baxış başqa idi. Uşaq həyatın kənarında saxlanılan bir varlıq yox, onun bir hissəsi idi. Ölüm, aclıq, qorxu, itki gizlədilmirdi və nağıllar da bu reallıqdan qaçmırdı.

    Üstəlik, nağıllar uzun müddət yalnız uşaqlar üçün yazılmayıb. Onlar böyüklərlə uşaqların birlikdə dinlədiyi hekayələr idi. Qorxulu səhnələr uşağı sarsıtmaq üçün yox, təhlükəni tanıtmaq, sərhədi göstərmək üçün vardı.

    Bəs hər kəs nağıl yaza bilərmi?

    Nağıl yazmaq sadəcə bacarıq və ya istedad məsələsi deyil. Nağıl yazmaq – nağıla inanmaqdır. Oradakı qəhrəmanların varlığını qəbul etmək, onları görmək, bəzən onlarla yaşamaqdır. Hətta böyüyəndə belə.

    Nağıllar nəyimizə lazımdır və oradakı qəhrəmanlar kimlərdir?

    Nağıllar sadəcə uşaqları yatızdırmaq üçün danışılan hekayələr deyil. Onların sadə görünən süjetlərinin arxasında dərin bir müdriklik gizlənir. Uşaqlıqdan “yaxşı” və ya “pis” kimi qəbul etdiyimiz personajlar əslində düşündüyümüzdən qat-qat mürəkkəb və maraqlıdır.

    Bu obrazlar bizə hazır cavablar vermir. Onlar suallar yaradır, qorxularımızı, seçimlərimizi, zəif və güclü tərəflərimizi simvolik dildə danışır. Uşaq nağıl dinləyərkən bunu şüurlu şəkildə anlamır, amma hekayə onun daxilində işləyir, yerini tapır.

    Bəlkə də nağılların gücü elə bundadır ki, onlar həyatı sadələşdirmir, sadəcə onu başa düşülən edir. Yaxşı ilə pisi qara və ağ kimi göstərir, amma oxucu böyüdükcə həmin rənglərin arasında saysız çalarları özü kəşf edir. Nağıl dəyişmir, dəyişən bizik. İllər sonra eyni hekayəni oxuyanda artıq başqa bir mətn görürük – uşaq vaxtı keçib getdiyimiz, indi isə dayanıb düşündüyümüz bir mətn.

    Nağıl qəhrəmanlarına gəldikdə isə onlar hər zaman uydurduğumuz personajlar olmur. Bəzən real həyatdan götürülmüş insanlar da ola bilər, bəzən isə tamamilə xəyal məhsulu.

    Düşünürəm ki, nağıllar yazan müəllifin əsas qəhrəmanı olmalıdır. Coan Roulinqin Harri Potteri, Roald Dahlın Çarlisi, Frank Baumun Dorotisi, Astrid Lindqrenin Peppisi kimi. Bu təkcə bir obraz deyil – yaddaşda qalan bir sima, müəllifin imzasına çevrilən bir varlıqdır. Oxucu qəhrəmanı gördüyü anda hansı və necə bir dünyaya daxil olduğunu anlayır. Bu artıq təkcə ədəbiyyat deyil, mədəni yaddaşdır.

    Bir çox nağıllarda rast gəlinən canavar, qaranlıq meşə, itmək və ya tək qalmaq kimi elementlər uşağın sözlə ifadə edə bilmədiyi qorxuların simvoludur. Uşaq bu qorxuları nağılın içində görür və onlarla üzləşməyi öyrənir.

    Psixologiyada, məsələn, nağıllar simvolik düşüncə üzərindən izah olunur. Uşaq hisslərini hələ anlayışlarla yox, obrazlarla dərk edir. Qorxu onun üçün “qorxuram” demək deyil – canavardır, qaranlıqdır, tək qalmaqdır. Nağıl bu dili bilir və uşağın daxili aləmi ilə onun öz dilində danışır.

    Karl Yunqun arxetiplər nəzəriyyəsində nağıl qəhrəmanları insan psixikasının ümumi obrazları kimi qəbul olunur: qəhrəman, köməkçi, kölgə (pis obraz), müdrik fiqur. Uşaq bu obrazlarla qarşılaşaraq öz daxili konfliktlərini tanıyır. Məsələn, nağılda qalib gələn qəhrəman uşağa “mən də bacara bilərəm” hissini ötürür.

    Uşaq psixologiyasında nağıl təhlükəsiz sınaq sahəsidir. Uşaq real həyatda yaşamaqdan qorxduğu vəziyyətləri nağılın içində yaşayır, amma risk olmadan. Buna görə də nağıllar terapevtik məqsədlə də istifadə olunur – qorxu, itki, ayrılıq, dəyişiklik kimi mövzular məhz nağıl dili ilə daha asan qəbul edilir.

    Müəllif tərəfdən baxsaq, yazı prosesi də psixoloji bir mexanizmdir. Yazıçı yazarkən öz uşaqlığına, gizli qorxularına, tamamlanmamış hisslərinə toxunur. Nağıl bəzən uşağa yox, müəllifin özünə də şəfa verir. Eyni məndəki kimi…

    Mənim əsas nağıl qəhrəmanım: Fərəh

    Fərəh

    Niyə Fərəh? Bunu çox az adam bilir.

    BBelə deyim, bəzən küçədə, tanışın arasında, yaxud tamamilə yad bir mühitdə balaca bir uşaq görürsən və özünü görmüş kimi olursan. Bu zahiri oxşarlıq deyil, ruh məsələsidir. Onun baxışlarında öz uşaqlığını görürsən. Mən Fərəhi görəndə elə oldum. Onu hər görəndə sanki uşaqlığıma qayıdıram.

    Bəlkə də bu, bir az mistik yanaşmadır. Amma Fərəhin gözlərində balaca məni gördüm və onun həyatına kiçik, sehrli toxunuşlar etmək istədim. Digər real qəhrəmanlarıma qarşı da belə hisslərim var, amma Fərəh sanki mənəm. Onu sevindirəndə özümü sevindirirmiş kimi oluram. Çünki o yaşda mənim sehrə, möcüzəyə, hər şeyin gözəl ola biləcəyinə inandıran bir toxunuşa ehtiyacım vardı. Fərəhin də var… Bunlar sözlə ifadə olunan hisslər deyil…

    Fərəhin ruhundakı mərhəmət və işıq o qədər güclüdür ki, sanki dünyaya yetəcək qədər sevgini daşıyır. Ümid edirəm ki, bunu təkcə mən görmürəm. Harada oluramsa olum, nə qədər ki yazıram, Fərəhi sevindirməyə davam edəcəyəm.

    Fərəh və əlfəcin Yumuş

    Bəs mövzu haradan gəlir, necə yaranır?

    Bəzən bir uşağın sevincindən, bəzən bir problemdən, bəzən isə bir nağılın içində bir neçə mövzudan.

    Uşağın sözə baxmaması ilə başlayan hekayə birdən milli bir simvola bağlanır – meyvə, tərəvəz, adi bir əşya canlanır, danışır, yol göstərir. Uşaq özü-özünə nəticə çıxarır. Məncə, nağılın sehri də elə bundadır.

    Qəhrəmanı tam təsəvvür edib beynində canlandırdıqdan sonra onun gələcək hərəkətlərini qurmaq daha asan olur. Çünki o artıq sənin üçün realdır. Onun nədən qorxduğunu, nəyə sevindiyini, səhv edəcəyi nöqtələri bilirsən. Hekayə özü axmağa başlayır.

    Bəs nağıllar təkcə uşaqlar üçündürmü?

    Elə düşünmürəm. Hələ də nağıllar oxuyur, cizgi filmlərinə baxıram. Bu, reallığın gərginliyindən qaçmağa yox, bəzən onu daha sağlam şəkildə qəbul etməyə kömək edir. Məncə, nağıllar insana hər şeyin hələ bitmədiyini xatırladır.

    Nağıl yazmaq, nağıl sevmək, nağıl qurmaq – daxilindəki uşağı dinləməkdir. Çünki uşaqlıq yaddaşı insanın ən dürüst yaddaşıdır.

    Ola bilsin ki, böyüdükcə sehrə inanmağı dayandırırıq. Amma yaxşı yazılmış nağıl bizə sehrin yox olmadığını xatırladır. Onu görmək üçün bir az dayanmaq, bir az qulaq asmaq kifayətdir.

    Düşünürəm ki, 2026-cı ilə gəlib çatmışıqsa və içimizdəki mərhəmət, insanlığa sevgi hələ də qalıbsa, deməli, hər şeyin yaxşı olacağına ümidimiz var və nağıllardakı o sadə yaxşılığa hələ də inanırıq.

  • Şair-publisist Rafiq ODAY “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub

    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən,Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, şair-publisist Rafiq Oday “Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub.

    Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun 2025-ci il 30 oktyabr tarixli İ-020 nömrəli əmri ilə şair-publisist Rafiq Odaya təqdim olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU“Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub

    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, “Göyərçin” jurnalının baş redaktoru, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor Rafiq Yusifoğlu “Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub.

    Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun 2025-ci il 30 oktyabr tarixli İ-020 nömrəli əmri ilə şair-ədəbiyyatşünas Rafiq Yusifoğluna təqdim olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Yazıçı-publisist Şəfəq Nasir “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub

    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu, filologiya üzrə fəlsəfə doktoru“,  “Həsən bəy Zərdabi” Rəsul Rza beynəlxalq mükafatları laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü Şəfəq Nasir Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub.

    Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun 2025-ci il 30 oktyabr tarixli İ-020 nömrəli əmri ilə yazıçı-publisist Şəfəq xanım Nasirə təqdim olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Arzu HÜSYEN.Yeni şeirlər (2025) II hissə

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    Kökü məndə meyvə, barı özgədə,
    Yadındamı toxum halın hələ də?
    Axtarmıram günahları özgədə.
    Mənəm bunun günahkarı yenə də.

    Qaranlığın cazibədar, çəkici,
    İçimdəki işıqları keçirdim.
    Dur deyənlər mənim üçün nəçi ki?
    Sənə gələn yasaqları keçirdim.

    Körpülərin sütünü yox baxsana,
    Aldanışlar qılıqlayar yormadan.
    Sabahımda bilirəm ki, yoxsan ha,
    Yenə səni düşünürəm durmadan.

    Düşündükcə ram eləyir qəm məni,
    Yoxluğun da, özün kimi qüsursuz.
    Bilirəm ki ,unutmusan sən məni,
    Niyə belə qürursuzam, qürursuz.

    Kökü məndə budağının, qolunun,
    Dar günündə yaslandığın o dağam.
    Ölənədək gözləyəcəm yolunu,
    Dönəcəksən, dönəcəksən torpağa…


    * * *

    Bu şəhərdə payız tənbəl, sarışın,
    Bu şəhərin küçələri yuxulu.
    Səsin gəlmir, başın kimə qarışıb?
    Gülüşlərim sevinclərim yox olub.

    Qulağını şəkləyibdir qorxular,
    Yuxularım tədirgindi, qırıqdı.
    Otağımın hər küncündə qoxun var,
    Ciyərimə çəkə-çəkə darıxdım.

    Darıxdıqca dalğalandım, kükrədim,
    Darıxdıqca leysan oldum, yel oldum.
    Yenə səni ürəyimdən sökmədim,
    Yenə səni sevə-sevə duruldum.

    Bu şəhərdə payız tənbəl, sarışın,
    Bu şəhərin gözlərində qəhər var.
    Unutma ki, mən cəhənnəm bu qışı,
    Sənsiz ev ev üşüyəcək şəhər var.

    Pəncərədən boylanıram hər səsə,
    Addımınla qulağımda gülsənə.
    Eybi yoxdur bu bayram da gəlməsən,
    Bahar çağı durnalarla gəlsənə.

    Qulağını şəkləyibdir qorxular,
    Yuxularım tədirgindi, qırıqdı.
    Otağımın hər küncündə qoxun var,
    Ciyərimə çəkə-çəkə darıxdım.

    Sənsiz yaman darıxdım…

  • Arzu HÜSYEN.Yeni şeirlər (2025) I hissə

    Screenshot

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri


    Mənim ürəyimdən yağır bu yağış,
    Mənim ürəyimdə qara buludsan.
    Bəxtimə calanan ən ağır qarğış
    Sən idin — hayana yolunu tutsan.

    Bilməz içimdəki çiskinin, sisin,
    Üşüdən tərəfin tanımaz kədər.
    Daha bir araya gətirməz bizi,
    Bizi bir arada yaşadan illər.

    Bir an saçlarımda qərar tutmamış,
    Özgənin saçında sığal yeridi,
    Mənim ürəyimdən yağır bu yağış,
    Bəlkə də hiss edir əllərin indi…

    Dünənlə bu günün arasındayam,
    Ən şirin yuxuymuş acı aldanış.
    Harda ayrıldıqsa, elə ordayam —
    Mənim ürəyimdən yağır bu yağış…


    Dan üzünü söküb atdım dənizə,
    Səpələndi su üzünə Xəzərin.
    Öz içimdə mən də kiçik dənizəm,
    Sahilimsən, ümmanımsan sən, mənim.

    Dərdlərimi söküb atdım dənizə,
    Dəniz aldı, dəniz çəkdi, apardı.
    Bir də baxdım — kirimişəm, səssizəm,
    Ömür yenə çiçəklənən bahardı.

    Nələr atdım, nələr atdım dənizə,
    Çiyinlərim birdən-birə dikəldi.
    Bapbalaca sevinclərim bir anda
    Üz-gözümdə, gülüşümdə yekəldi.

    Zaman qaçar, hey tələsər, hey axar,
    Tuta bilməz kimsə onun ipindən.
    Biri gələr, əl uzadıb çıxarar
    Ümüdünü dənizlərin dibindən.

    Biri gələr, küləkləri susturar,
    Tufanları dayandırar, məst edər.
    Səni alıb fırtınadan, dalğadan,
    Səni bütün dənizlərə dost edər…

    Dan üzünü söküb atdım dənizə,
    Səpələndi su üzünə Xəzərin.
    Öz içimdə mən də kiçik dənizəm,
    Sahilimsən, ümmanımsan sən, mənim.

  • Türkan Nağıyeva – Şaxta babadan son hədiyyə

     Yeni ili çox sevirəm. Bu bayrama məxsus filmlər, bayram əhvalının şəhəri bürüməsi hər zaman məndə doğma, xoş ovqat oyadır. Hansı mağazaya, hansı restorana girsəm, Yeni ilə aid dekorasiyaları gördüyümdə sevinirəm və özümdən asılı olmadan beynimdə bayram mahnıları çalınır. Yeni il – ümidlər, gözləntilər, keçmiş ilin yorğunluğunu geridə qoymaq üçün fürsətdir; ailəmizlə, dostlarımızla bir araya gəlmək, xoş xatirələr yaratmaq üçün imkandır. Soyuq qış gününün bu istiliyini heç nəyə dəyişmərəm! 

     Yeni il xristian ölkələrində, eləcə də Rusiyada bir başqa ab-havada qeyd edilir, bilirsiniz. Bayram günü hər məhlədə Küknar ağacı bəzədilər, gecə isə onun ətrafında şənliklər təşkil olunar. Böyüklü-kiçikli hamı qar topu oynamağa, şənliyə baxmağa, bir-birilərini təbrik etməyə çıxar. 

     Bu bayram məndə daim nostalji hisslər oyadır – uşaqlıqda yaşadığım bayram sevincləri hər il təzələnir. Hər ailə fərqli adətlərlə, müxtəlif əyləncələrlə bu bayramı daha da gözəlləşdirir.

     Bir çox ailələrdə olduğu kimi, mənim ailəmdə də Yeni ilə məxsus bir ənənə var idi: Hər Yeni il gecəsi bizə Şaxta baba hədiyyə gətirərdi. Mən sizə danışıram 2008-сi ilə qədər olan çağdan. O Zamanlar Rusiyada yaşayırdıq. Hələ lap uşaqlığımızdan “Gözəgörünməz Şaxta baba” qardaşım və mənim üçün bayram günü hədiyyə gətirib, qapının ağzına qoyub qapını döyər və qaçardı. Biz də sevincək gedib hədiyyələrimizi götürərdik. Adəti üzrə, hər il bu sevinci yaşamışıq. 

     Məktəbə gedəndə də sinif yoldaşlarımıza, dostlarımıza Şaxta babanın sevimli nəvələri olmağımızdan danışardıq. Onlar isə bizə inanmırdılar, məsxərəyə qoyurdular. Elə hey deyirdilər ki, Şaxta baba yoxmuş, valideynlərimiz bizi aldadırmış, hədiyyə gətirən onlar imiş. Cəfəngiyyata bax! Necə yəni Şaxta baba yoxdur?! Bəs bayram axşamları qapını döyüb ora hədiyyə qoyan kimdir? Hər il kimə məktub yazırıq biz? Anam telefonda kiminlə danışıb demişdi ki, Nailə təzə maşın, Türkana danışan “kukla” gətirərsən?! Əlbəttə ki, mən uşaqların bu “cahil” düşüncələrinə inanmadım. Amma qardaşım deyəsən inanmışdı:

     —Şaxta baba var! Sizə hədiyyə gətirmirsə, deməli siz özünüzü yaxşı aparmırsınız. Var, amma özünü bizə göstərmir.

     —Kefsən e. Bu yaşda Şaxta babaya inanarlar heç?! Körpəsən elə bil. 10 yaşın var e sənin. Bəs, yaxşı, Şaxta baba varsa, sən onu niyə görmürsən? Səni aldadırlar da, ay körpə, ha ha ha.

     Artıq qardaşım da uşaqların sözünə uymuş, valideynlərimizin bizi bu illər boyunca aldatdığını düşünmüşdü. Məni də inandırmağa çalışırdı. Qardaşım hələ anama da çatdırmışdı uşaqaların ona dediklərini. Guya, Şaxta baba yoxmuş, sizmişsiniz hədiyyəni gətirən. Anam isə istrarla uşaqların dediyi fikirlərin uydurma olduğunu, sabah gecə Şaxta babadan yenə hədiyyə alacağımızı dedi. 

    — Türkan, gəl plan quraq. Sabah gecəyə qədər güdək. Görək, qapını döyən kimdir?  Şaxta baba gəlirsə, bizdən niyə qaçır. Əgər varsa, görəcəyik bu səfər. Yadındadı, keçən il də mən şübhələnmişdim. 

    —Hardan şübhələnmişdin?

    —Multfilmdən. İzma Kronka deyir ki (“İmperatorun Macəraları” cizgi filminin personajları), o hədiyyələri valideynlər düzəldirmiş uşaqlara.

    —Mən elə bildim, zarafat eləyirdi o?! (həm heyrətli, həm kədərli tonla dedim)

    Plan bundan ibarət idi ki, valideynlərimizi bayram gecəsi gözdən qoymayacağıq. Hər addımlarını izləyəcək, ikisindən biri qapıya yaxınlaşan kimi “ahaa, deməli sən imişsən o hədiyyəni qapıya qoyan!” deyib bu oyuna etiraz edəcəkdik. 

     Bayram süfrəsi qurulmuşdu. Bəzən söhbətlərə, bəzən oyunlara, bəzən televizorda verilən Yeni il proqramlarına başımız qarışar, planımızı qısa müddətdə unudardıq. Amma hər vəchlə nəzarəti əldən verməməyə çalışırdıq. Əlbəttə ki, atam da, anam da bizim şübhələrimizdən hale olmuşdular. Onlar da bizim iştihabımızı “zərərsizləşdirmək” üçün öz planlarını qurdular. Evdə iki cəbhə yaradıb bir-birimizə “ gizli savaş” açmışdıq. 

     Çıxıb bir siqaret çəkib gəlirəm. – atam eyvana çıxdı, o anda biz süfrə arxasında əyləşmişdik. Atam içəri gəlib süfrə arxasına keçdi. Anam da əlindəki zibil torbasını bayıra çıxardı, gəldi bizimlə birgə əyləşdi. Qardaşımla süfrədən kimsə yenə qalxacaqmı deyə nəzərimizi çəkmədik. Bir az keçmişdi ki, qapı döyüldü. Səksənərək yerimizdən qalxdıq. Qaçdıq qapıya. Təəccüblə qardaşım mənə, mən ona, sonra dönüb atamla anama baxdıq. O anda şübhələrimizin yerini inam aldı. Biz dünyanın ən möcüzəvi hadisəsinin şahidi kimi heyrət içidə idik.

    —Aaa, Şaxta baba?! Hədiyyə! Hədiyyələrini gətirib qoyub yenəəə!

    —Amma yenə görə bilmədik onu, eh!

    Heyrət və sevinc içində binanın pilləkənlərində, bir az da koridorda gəzindik ki, bəlkə görə bildik özünü də. Hədiyyələrimizi əlimizə alıb valideynlərimizin yanına qaçdıq. Onlar da qəhqəhə çəkdilər bizim təəccüblü ifadəmizdən. Hədiyyələri açdıq, sevdiyimiz şirniyyatları, istədiyimiz oyuncaqları orada görüb yenə sevindik.

    Qardaşımla şübhələrimizdən bir azca pərt olmuşduq, amma anam bu barədə söhbət belə açmadı. İndi biz tətildən sonra “Gözəgörünməz Şaxta baba” haqqında dostlarımıza əhvalatı danışacaq, gətirilən hədiyyələri aparıb onlara göstərəcəkdik. Təqribən 20 dəqiqə sonra yenə qapı döyüldü. Hamımız təəccüblə bir-birimizin üzünə baxdıq ki, bu vaxt kim olar bizə gələn? Bu, atamın dostu Valid əmi idi. 

    —Oo, Valid, xoş gəlmisən. Nə yaxşı elədin, gəldin!

    Xoş gördük, xoş gördük, hamımızın bayramımız mübarək olsun. Dedim, nə var e, tək oturum bayramın günü. Gəldim sizinlə keçirəm. – Valid əmi bizi təbrik edib üzümüzdən öpdü, sonra bizimlə bir masaya əyləşdi. Atamla söhbətə başları qarışdı.

    Yedik-içdik, Yeni ili qarşıladıq, saat 12-dən sonra bayram şənliyinə çıxdıq. Hamı sevinir, bayramlaşır, şənliyi yüksək əhval-ruhiyyədə izləyirdi. Ən çox sevinən isə mən idim. Yeni ilin sehrinə yenidən inanmışdım. 

    Şənlik bitdi və evimizə qayıtdıq. Anam artıq dostlarımız arasında inanclarımız istehza ilə qarşılanmasın deyə səhəri gün bizə Şaxta babanın sirrini açdı. Bu məqamda qardaşımla eyni anda sual qopdu dilimizdən:

    —Bəs qapını döyən kim idi?

     Bu sirri biləndə uşaqlığımın ən böyük və gözəl “yalan”ı məni tərk elədi. Şaxta baba tamam uzaqlara getdi, mənim heç vaxt görməyəcəyim, əlimin yetməyəcəyi yerə… Amma o hələ də var, uzaq xatirələrimdə hələ də yaşayır, uşaqlara hədiyyələr gətirir. Ən gözəl hədiyyə xatirələrdir. Onu gözləyən, ona məktublar yazan körpələr var və bu “yalan”a inanan körpələrin yaddaşında o, həmişə yaşayacaq. Mən isə Yeni ilin sehrinə bizi inandıran və belə gözəl “hədiyyələr” bəxş edən “Gözəgörünməz Şaxta baba”lara təşəkkür edirəm.

    Mənbə: https://edebiyyat.az

  • Gözəl Azaydan yeni şeirlər

    Sən demə, gözlərimin kökü çoxdan quruyub,

    Kirpiklərim nəm imiş…

    Bütün sevgilər kimi,

    Bu sevginin sonu da

    Sevgimizdən kəm imiş…

    Sən ayrılıb gedirsən…

    Məndən sənə xatirə —

    Ayrılığa yollayan bir kəlmə izn olur.

    Yaşanan xoş görüşlər,

    Tutulmayan vədlərin,

    Edilməyən əhdlərin…

    Ayrılanda əllərim

    Dodağımdan qopmayan ehtiraslı öpüşlər…

    Deyirsən, bizim olur?!

    Nə sən mənim olursan,

    Nə mən sənin xatirən…

    Çox ədalətsiz dünyadır:

    Sən ayrılıb gedirsən —

    Sənsizliyə yazılan şeirsə… bizim olur.

    Darıx…

    Məni bircə dəfə xəyal et, nolar,

    Darıx mənim kimi, küs mənim kimi.

    Demə, yorulmusan xəyalından da,

    Yorul mənim kimi, sus mənim kimi.

    Nə olar, mən sənin nəfəsin olum,

    Köksünə dolaram dağ havasıtək.

    Bir az da baharı xatırla mənlə,

    Günəşin üfüqlə yer davası tək.

    Nə olar, bir anlıq baxışın olum,

    Gizlənim gözünün dərinliyində.

    Ağlasan, od tutan canımı mən də

    Soyudum gözünün sərinliyində.

    Nə olar, gecəki xatirən olum

    Yuxunun səhərki solğunluğunda,

    Yorul mənim kimi, darıx mənimtək,

    Öpərəm darıxan yorğunluğundan.

    Uzaqda deyiləm

    Mən hara gedim axı?!

    Ağlın aparıb məni, ayaqlarım yerimir…

    Bu bağları çözməyə nə çarə edim axı?!

    Barmaqlarım dolaşır

    Bəlkə qabar izləri

    Əllərində əllərimin yeridir?!

    Mən bu hala gəlmişəm…

             hayana gedim axı?!

    Sən niyə narahatsan?!

    Axı özün həyatsan

    Bu dünyaya gəlmişəm…

               o yana gedim axı?!

    Darıxırsan, bilirəm…

    Qəlbindəki hər yara

    Dərdlərimdən biridir

    Mən hara gedim axı,

    Bir nəfəsi bölürük

    Qəlbin səndə, yara məndə yer edib,

    Hər nəfəsdə ölürük

    Darıxırsan, bilirəm

    Əlində əlim qalıb

    Bax, uzaqda deyiləm,

    Çiynində telim qalıb…

    Qələmi qırardım

    Alıb dərdlərimi elə gedərdim,

    Canımın ağrısın yozan olmasın.

    Çəkib yazılanın üstündən xətti,

    Qələmi qırardım — yazan olmasın.

    Gedərdim gizlicə, səssiz-səmirsiz,

    Qoyduğum izləri pozan olmasın.

    Qazardım bir böyük quyu özümə,

    Quyumu darısqal qazan olmasın.

    Mənim ağrılarım tonla yazılır,

    Qramın vermərəm — dözən olmasın.

    Mənim kürəyimi yüküm bəzəyir,

    Qəddimi əymərəm — əzən olmasın.

    Yandıraram canımı

    İnan mənə,

    Tükənməyən hissimə.

    Qıyma mənim bu çarəsiz qəlbimə…

    Almısan büsbütünün, əgər dəysən bir simə,

    Mən küsərəm canımdan, can da olsan, incimə…

    Susma, danış mənimlə,

    Səssizliyin həzinmiş.

    Susqun-susqun bax elə,

    O baxış da bəsimmiş.

    Gözlərini qaçırma, gedən mənim əksimmiş,

    Çəkilərəm gözündən qaranlığın küncünə,

    Qaranlıqda alışaram, yanaram,

    Canımı yandıraram, can da olsan, incimə…

    Yer tapmaram, dincələm…

    O ürəyə, o gözə, o baxışa

    Sığışmaram bircə mən,

    Yerləşmərəm cahana, cahan olsan, incimə…

    Gələrsən yuxulara?!

    Nə olsun, darıxıram…

    Yuxu yaman haqlayıb.

    Alıb aparır məni,

    Qoymur bir az ağlayım…

    Nə olsun ki, darıxıram —

    Bircə səs, nəfəs çatmır.

    Nəfəsim kəsilməyə

    Yuxu qoymur… saxlayıb.

    Nə olsun, darıxıram —

    Yuxu qoymur darıxım.

    Gələrsən… yuxulara?

    Gələrsən — sənə baxım?!

    Gələrsənmi — həsrəti ayaqlayıb?!

    Gələrsənsə… tez de ki, yuxunu qucaqlayım…

    Mənbə: https://edebiyyat.az

  • Nicat Hunalp Alp Aruz Taleyi


                                              Alp Aruz Taleyi 

                               Bu qara çadır mənə borc olsun dedi ; Alp Aruz 

                                                                            Dədə Qorqud dastanı

    Gəlmişəm sözümü dinlə ay dədə,

    Min ildir ruhumda gör nələr yatır.

    Oğuzun başına bəla gətirdi ,

    O qara qovurma ,o qara çadır.

    Küsəndə obadan,eldən Alp Aruz,

    Dış Oğuz ,İç Oğuz   oldular düşman.

    Ağac  tək içindən oyuldu Oğuz,

    Axırda Oğuzu tutdu həmin qan.

    Həmin qan Oğuzu yuxuya verdi,

    Həmin qan Oğuzu daşa çevirdi.

    Tanrı qara yazdı bəxtin Oğuzun ,

    Tanrı baharını qışa çevirdi.

    İndi haqqı deyim , mən haqqı Dədə,

    Nə olsun kökümüz Bozqurddan gəlir.

    Bizim başımıza gələn bəlalar,

    Elə sən Dədəmiz Qorquddan gəlir.

    Tanrı yazmayırmı taleyi ,bəxti?

    Tanrı vermir məgər oğulu- qızı?.

    Bəs niyə sındırdı bəy qürurunu,

    Ulu xan babamız o Alp Aruzun.

    Tutdu gözümüzü o qarğış, o ah,

    Babamız etdiyi səhv tutdu bizi.

    Neçə il ulu xalq, bəy xalq , sultan xalq,

    Deyə – deyə babam ovutdun bizi.

    Züryətsiz olmağı günahı deyil,

    Tanrının Aruza yazan yazıydı.

    O vaxtdan bu yurdda bütün sonsuzlar,

    Talecə , qismətcə Alp Aruzuydu.

    Olarda qınandı eldə, obada ,

    Oğulsuz dedilər qızsız dedilər.

    Toya çağırmayın uğursuzluqdu,

    Sən Allah yan elə, sonsuz dedilər.

    İçində göynədi yarası Dədəm,

    Kimsə nə çəkirdi Aruz ,bilmədi.

    Uçmağa vardıda , qəbri itdidə,

    Qara çadırdakı Aruz ölmədi.

    Daşıdı içində sonsuzluq dərdin,

    Min ildir yerində daşlaşıb qalır .

    Baybican, Bəybura, Qılbaş , Alp Aruz,

    O qara qovurma ,o qara çadır.

    Mənbə: https://edebiyyat.az

  • Musiqi irsimizə həsr olunan Respublika Müsabiqələrinin qalibləri bəlli oldu

    Bu il ildönümləri qeyd edilən iki mötəbər hadisənin musiqi mədəniyyətimiz vasitəsilə təbliği məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Vətən Müharibəsində şanlı Qələbəmizin 5 illiyinə həsr olunmuş Orkestr və xor əsərləri janrında bəstəkarlıq üzrə” və “Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş musiqi tarixi və musiqi nəzəriyyəsi sahələrində musiqişünaslıq üzrə” Respublika Müsabiqəsi keçirilmişdir.
    Müsabiqədə “Musiqişünaslıq” ixtisası üzrə 10 nəfər iştirak edib və 2 nəfər qalib seçilib. Xalıqzadə Fəttah Xalıq oğlu 1-ci, Fərəcova Humay Sərdar qızı isə 3-cü yeri tutublar. “Bəstəkarlıq” ixtisası üzrə 21 nəfər iştirak edib, 2 nəfər qalib seçilib. Məmmədzadə Vüqar Əbdüləli oğlu 2-ci yeri, Umudov Məmmədağa Məmmədəli oğlu isə 3-cü yeri tutublar. Həmçinin, “Bəstəkarlıq” ixtisası üzrə Abdullayeva İlahə Qismət qızı, Əhmədova Lalə İlqar qızı və Məmmədov Üzeyir Rafiq oğlu həvəsləndirici diplomlar qazanıblar. Bəstəkarlıq müsabiqəsində II yer 5000 manat, III yer 3000 manat, musiqişünaslıq müsabiqəsində isə I yer 3000 manat, III yer 1000 manat məbləğində mükafatla dəyərləndirilmişdir.

    Mənbə: https://culture.gov.az/

  • Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib

    Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən incəsənət məktəblərində pedaqoji kadr ehtiyacının şəffaf və səmərəli şəkildə təmin edilməsi məqsədilə 36 nəfər müəllim işə qəbul olunub.

    Qəbul prosesi çərçivəsində əvvəlki dövrlərdə müəllimlərin işə qəbulu zamanı ehtiyat kadrlar siyahısında yer alan 16 nəfər müəllim mövcud vakant vəzifələrə təyin edilib.

    Eyni zamanda, cari ildə keçirilən attestasiya prosesi zamanı 3 əleyhinə və 2 lehinə səs nisbəti ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən 20 namizəd üçün əlavə tədbirlər görülüb. Belə ki, həmin namizədlər üçün 3 ay müddətində müvafiq təlimlər təşkil olunub, daha sonra isə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xüsusi imtahan keçirilib. Xüsusi müsabiqənin nəticələrinə əsasən, həmin şəxslər müvafiq ixtisaslar üzrə əvvəlki iş yerlərinə bərpa ediliblər.

    Qeyd edək ki, həyata keçirilən bu tədbirlər incəsənət təhsili müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsinə, peşəkar insan resurslarının daha effektiv idarə olunmasına və təhsil prosesinin davamlı inkişafına xidmət edir.

    Mənbə: https://culture.gov.az/

  • 25 Dekabr “Respublika” qəzetinin baş redaktoru cənab Teymur Əhmədovun doğum günüdür

    Teymur Əkbər oğlu Əhmədov (25 dekabr 1930[2], Şamxor, Şamxor rayonu – 16 mart 2021, Bakı) — tənqidçi, ədəbiyyatşünas, publisist, professor.

    Həyat

    Teymur Əhmədov 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olmuş, 1936-cı ildə ailəlikcə valideynlərinin vaxtilə deportasiya olunduğu İrəvana köçmüşdür. 1949-cu ildə Qərbi Azərbaycanın Zəngibasar (daha sonra Masis) rayonunda orta məktəbi qızıl medalla bitirmiş, təhsilini Bakı Dövlət Universitetinin filologiya fakültəsində davam etdirmişdir (1949–1954). Eyni zamanda 1954–1958-ci illərdə Ermənistan KP MK-nın orqanı “Sovet Ermənistanı” qəzetində müxtəlif vəzifələrdə çalışmış, Ermənistan KP İrəvan şəhər komitəsi yanında Marksizm-Leninizm Axşam Universitetini (1955–1957), Moskvada isə “Pravda” qəzeti nəzdində olan Ümumittifaq jurnalistika və fotoreportaj üzrə qiyabi lektoriyanın jurnalistika şöbəsini (1959–1961) bitirmişdir[3].1961–1964-cü illərdə AEA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunda aspirantura təhsili almış, “Nəriman Nərimanovun dramaturgiyası” mövzusunda namizədlik (1966), “Nəriman Nərimanovun yaradıcılıq yolu” mövzusunda doktorluq işi müdafiə etmişdir. 1984-cü ildə nəşr edilən “Nəriman Nərimanov” kitabı rus, ingilis, fransız və ərəb dillərində kütləvi tirajla nəşr edilib.1965–1968-ci illərdə “Azərbaycan” jurnalı redaksiyasında şöbə müdiri, 1968-ci ildə AEA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində müdir müavini (1968–1990), 1988-ci ildən aparıcı elmi işçi olmuşdur.1990–1991-ci illərdə “Vətən həsrəti”, 1992–1993-cü illərdə “Hikmət”, “Yeni fikir” qəzetlərinin baş redaktoru işləmişdir. 1996-cı ildən Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, 1995-ci ildən “Respublika” qəzetinin baş redaktorudur.AEA “Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi” üzrə Respublika Əlaqələndirmə Şurasının elmi katibi (1968-ci ildən), Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının və Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə Heyətinin üzvü kimi geniş elmi axtarışlar aparmış, AMEA Milli Münasibətlər İnstitutunda Elmi nəşriyyat şöbəsinin müdiri və “Elturan” (“Milli məsələlər”) jurnalının məsul redaktoru olmuşdur (1992–2003).Səmərəli əməyi dövlət tərəfindən yüksək dəyərləndirilərək Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı (1982), akademik Yusif Məmmədəliyev adına mükafat və medalla qiymətləndirilmiş, 1996-cı ildə “İlin layiqli ziyalısı” fəxri adına layiq görülmüş, 2002-ci ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2020-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub[4]Teymur Əkbər oğlu Əhmədov ilk gənclik illərindən bədii yaradıcılıqla da məşğul olmuş, “Ülkər” adlı şeir və hekayələr kitabı 1961-ci ildə İrəvanda işıq üzü görmüşdür. “Dostluq nəğməkarı”, “Nəriman Nərimanovun dramaturgiyası”, “Nəriman Nərimanov”, “Vedibasarın qanlı-qadalı günləri”, “Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri (1918–1920-ci illər)”, “Mirzə İbrahimov” və s. monoqrafiyaları dərin oxucu marağı qazanıb. “Azərbaycan sovet yazıçıları (ədəbi sorğu kitabı)” (1987), “Azərbaycan yazıçıları (Ensiklopedik məlumat kitabı)” (1995) da sizin məhsuldar əməyi sayəsində araya-ərsəyə gəlib.2007-ci ildən başlayaraq Azərbaycan mətbuatında dərin iz qoymuş “Füyuzat” jurnalının 100 il sonra yenidən təsisinə başlayan Teymur Əhmədov “Füyuzat” jurnalının baş redaktorudur.Teymur Əhmədov 16 mart 2021-ci ildə 90 yaşında koronavirusdan vəfat edib.

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Bakı: Nurlar, 2013.Azərbaycanın xalq yazıçısı, ictimai-siyasi xadim,akademik Mirzə İbrahimov (albom-kitab). Bakı: Nurlar, 2014.Mir Cəlal (albom-kitab). 2 cilddə. Bakı: Nurlar, 2014.Seçilmiş əsərləri. Beş cilddə. C. 1. Bakı: Nurlar, 2015.Seçilmiş əsərləri. Beş cilddə. C. 2. Bakı: Nurlar, 2015.Seçilmiş əsərləri. Beş cilddə. C. 3. Bakı: Nurlar, 2015.Seçilmiş əsərləri. Beş cilddə. C. 4. Bakı: Nurlar, 2015; AVE Print, 2023 (ikinci nəşri).Seçilmiş əsərləri. Beş cilddə. C. 5. Bakı: Nurlar, 2015.Akademik Mirzə İbrahimov. Bakı: Nurlar, 2015.Həsən bəy Zərdabi. Bakı: Nurlar, 2015.Nəriman Nərimanov: həyatı, mühiti və ədəbi-bədii yaradıcılığı. Bakı: Nurlar, 2016.Nəriman Nərimanov (albom kitab). Bakı: Nurlar, 2018.Bir şəhid ailənin tarixçəsi. Bakı: Nurlar, 2019.Nəriman Nərimanov (Həyatı, mühiti və ədəbi-bədii yaradıcılığı). Bakı: Nurlar, 2020.Azərbaycanın əzəli və əbədi torpağı İrəvan xanlığı (indiki Ermənistan). 4 cilddə. Bakı: Nurlar, 2020

  • Şairə-publisist Nəcibə İlkin “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub

    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Nəcibə xanım İlkin “Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub.

    Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illiyi 91875-2025)Azərbaycan Respublikasının yubiley medalı” Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun 2025-ci il 30 oktyabr tarixli İ-020 nömrəli əmri ilə şairə-publisist Nəcibə xanım İlkinə təqdim olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Filarmoniyada Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr edilən konsert olub

    Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr olunan konsert proqramı keçirilib.
    Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Fikrət Qocanın yaradıcılığı barədə məlumat verib.
    Mədəniyyət nazirinin müavini qeyd edib ki, şairin yaradıcılığının əsas xətti vətən, vicdan və insan taleyi mövzularıdır. “Prezident İlham Əliyevin “Fikrət Qocanın 90 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı ədəbiyyata göstərilən yüksək diqqət və qayğının bariz nümunələrindən biridir. Fikrət Qocanın əsərlərinin dilinin sadəliyi və məzmununun dərinliyi onu oxuculara sevdirən əsas cəhətlərdəndir”, – deyə F.Cəfərov əlavə edib.
    Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi vurğulayıb ki, şeirlərinə bu qədər çox mahnı bəstələnən ikinci şair demək olar ki, yoxdur. Şairin yaradıcılığının sosial-psixoloji dərinliyə malik, zərif duyğular üzərində qurulan şeirlərlə seçildiyini diqqətə çatdıran İ.Fəhmi deyib: “Fikrət Qocanın şeirlərinə bəstələnən mahnılar bu gün də səslənir, insan ruhunu silkələyir və dinləyiciyə müsbət enerji bəxş edir. Şair həyatında bir çox sınaqlardan keçsə də, yaradıcılığında daim nikbin ruh üstünlük təşkil edib”.
    Daha sonra Xalq şairinin şeirlərinə bəstələnmiş mahnılar ifa edilir.
    Konsert proqramında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, F.Əmirov adına Azərbaycan Dövlət Əməkdar Kollektiv Mahnı və Rəqs Ansamblının Xor qrupu, eləcə də solistlər Almaz Orucova, Nurlan Əzizbəyli, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Fikrət Məmmədov və digər ifaçılar çıxış ediblər.
    Tədbirdə, həmçinin qiraətçilər Əliağa Tapdıqoğlu və Səma Muğanna şairin yaradıcılığından nümunələr səsləndiriblər.

    Mənbə: https://culture.gov.az/

  • Ankarada Musiqi və Gözəl Sənətlər Universiteti ərazisindəki küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib

    Dahi Azərbaycan bəstəkarı, Türk dünyası musiqisinin zirvəsi Üzeyir Hacıbəylinin doğumunun 140 illik yubileyi Azərbaycanla yanaşı, bütün dünyada geniş qeyd olunmaqdadır.
    Üzeyir Hacıbəylinin 140 illik yubileyi, onun zəngin irsinin təbliği məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri ilə ortaq layihələr həyata keçirməkdədir.
    Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ilə birgə layihəsi əsasında Universitetin daxili küçəsinə dahi Üzeyir Hacıbəylinin adı verilib.
    Bu gün,23 dekabr Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ərazisində Üzeyir Hacıbəyli küçəsinin açılışı, habelə Universitetdə Azərbaycan Mədəniyyət Mərkəzinin Üzeyir Hacıbəyli yaradıcılığına dair hazırladığı konsert proqramı təqdim olunacaq.

    Mənbə: https://culture.gov.az/

  • Gürcü rejissor Akademik Milli Dram Teatrında “Kral Lir”ə quruluş verəcək

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında beynəlxalq əməkdaşlıq çərçivəsində yeni səhnə layihəsinə başlanılır.
    Layihə Şota Rustaveli adına Gürcüstan Milli Teatrı ilə imzalanmış əməkdaşlığa dair memorandum üzrə həyata keçirilir.
    Dekabrın 20-də Akademik Milli Dram Teatrında gürcü rejissoru David Sakvarelidzenin quruluşunda Vilyam Şekspirin “Kral Lir” pyesi əsasında hazırlanacaq tamaşanın yaradıcı heyəti ilə görüş olub.
    Məlumat verilib ki, 2026-cı ildə teatrın aparıcı səhnə ustası, Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi münasibətilə hazırlanacaq tamaşa Kamran Nəzirlinin yeni səhnə redaksiyasında təqdim olunacaq. Benefis tamaşanın premyerası aprel ayına planlaşdırılır.
    Həmin ay Gürcüstan Milli Teatrının “Prometey” tamaşası (Robert Sturuanın quruluşunda) ilə Bakıya qastrol səfəri nəzərdə tutulur.

    Mənbə: https://culture.gov.az/

  • BƏXTİYAR VAHABZADƏNİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ

    Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində görkəmli şair, ədəbiyyatşünas, dramaturq, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik, həqiqət və ədalət carçısı, dilimizin təəssübkeşi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə “Çox kitablar oxudum, zənn elədim Bəxtiyaram” adlı ədəbi-bədii gecə keçirildi.

    Öncə müqəddəs vətən torpaqları uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Dövlət Himni səsləndirildi.

    Tədbirin fəxri qonaqları – “Şöhrət” ordenli şairə, Prezidentin Fəxri Təqaüdçüsü, tanınmış pedaqoq Ofelya xanım Babayeva, Filologiya elmləri doktoru, professor, tanınmış şair Rafiq Yusifoğlu, Filologiya elmləri doktoru, professor Aslan Bayramov, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnaalisti, tanınmış şair-publisist, Rafiq Oday Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında geniş və əhatəli çıxış etdilər, ustad şairlə bağlı xatirələrini bölüşdülər.

    Sumqaylt şəhər General Polad Həşimov adına 28 saylı tam orta məktəbin şagirdləri şairin dilimizlə bağlı və vətənpərvərlik ruhlu şeirlərini səsləndirdilər, sözlərinə bəstələnmiş mahnılar ifa etdilər.

    Tədbirin təşkilatçılarından biri, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, tanınmış şair Gülnarə Cəmaləddinin aparıcılığı ilə təqdim olunan tədbir möhtəşəmliyi ilə yaddaşlara yazıldı.

    Heydər Əliyev Mərkəzinin direktoru, tədbirin təşəbbüskarı Vüsalə xanım Qurbanova dəvəti qəbul edib gələn qonaqlara minnətdarlığını bildirdi. Sonda xatirə şəkli çəkdirildi.