
Kəlbəcər rayonunun beş yaşayış məntəqəsi haqqında tarixi məlumatlarla zəngin yeni bir toplu nəşr edilmişdir. Kitabın həmmüəllifləri arxada qalan son 30 ildə Qarabağın, o cümlədən Kəlbəcərin erməni vandalizmindən çəkdiyi zülmlərlə bağlı tarixi, xronoloji kitablara imza atan iki qardaş – Məhəmməd Nərimanoğlu və İbrahim Səfərlərdir.
Kitab Kəlbəcərin tarixinin bir parçasını özündə əks etdirməklə yanaşı, həm də ulu, qədim köklərə malik qılınclılar tayfasının vaxtilə bu yerlərə köç etməsindən söz açır, daha dəqiq desək, alban dövlətinin nişanələrinin sahibləri barədə çox zəngin məlumatları özündə əks etdirir.
Toplunu digər nəşrlərdən fərqləndirən bir çox cəhətləri var ki, onlardan ilki hər kəndin “yol xəritəsi” ilə təqdim edilməsidir. Beş kəndin hər birindəki məhlələr ayrı-ayrılıqda təqdim edilir ki, bu da yeni salınmağa başlanan, müasir yaşayış məntəqələrində vaxtilə mövcud olan və oralarda yaşayan insanların əsil-nəsilləri haqqında bilgi almaqda olduqca vacib işdir.
Kitabda hər fəsildə müxtəlif mövzular ətraflı, həm də geniş izahla verilir. Burada tarixi şəxsiyyətlərdən başlayan yolun sonuncu dayanacığındakılar hər kəndin şəhidlər olsa da, ayrı-ayrı portret oçerklərdəki qəhrəman obrazların timsalında qılınclıların Kəlbəcər üçün necə dəyərli olmaları da öz əksini tapır.
Kitabdakı yenilikləri burada ətraflı şərh etməsək də, təkcə onu qeyd edək ki, kəlbəcərlilərin bir kəsimi olan qılınclıların da arasında saz-söz xiridarları və sərrafları az olmayıb və həmin ənənə bu gün də gənc qələm sahiblərinin timsalında özünü göstərir.
Kitab 8 Noyabr – Zəfər Gününə və 25 noyabr – Kəlbəcərin işğaldan azad edilməsinə həsr edilib.
Geniş oxucu auditoriyası üçün nəzərdə tutalan toplunun maddi-mənəvi himayədarları da elə qılınclıların vətənpərvər oğullarıdır. Müəlliflər buna görə kitabın ərsəyə gəlməsində yardım əlini uazadan xeyirxahlara təşəkkürlərini bildirlər.
Nigar İMAMVERDİQIZI,
“Yenilik-press” qəzetinin redaktor müavini, Azərbaycan Jurnalistlər və TURAN ədəbi birliklərinin üzvü, “Qızıl qələm” ali media mükafatı laureatı,
Kənan NƏRİMANLI,
Azərbaycan Jurnalistlər, Türk Dünyası Gənc Yazarlar, TURAN ədəbi birliklərinin üzvü, “Qızıl qələm” ali media mükafatı laureatı,
gənc yazar