Day: İyun 12, 2023

  • O.M.Mirqasımovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    O.M.Mirqasımovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Oqtay Mirəsədulla oğlu Mirqasımov “İstiqlal” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 12 iyun 2023-cü il 

    Mənbə: http://president.az

  • Azərbaycan teatr tarixində özünəməxsus yeri olan sənətkar

    Bu gün Xalq artisti Hacıbaba Bağırovun anadan olmasından 91 il ötür

    Sevimli aktyor kimi yaddaşlara əbədi həkk olunmaq hər sənətkara nəsib olası xoşbəxtlik deyil. Elə sənətkarlar var ki, onlar bəlkə də ömürlərində bir və ya bir neçə dəfə yaddaqalan obraz yarada bilirlər. Lakin haqqında söhbət açmaq istədiyim mərhum sənətkarımız, Azərbaycanın xalq artisti Hacıbaba Bağırov isə demək olar ki, yaratdığı bütün obrazlarla yaddaşlara həkk olunub. Onun teatr tariximizdə özünəməxsus yeri var. Bu yeri o, heç şübhəsiz, öz sənətkar istedadının, ilhamının qüdrəti ilə fəth edib.

    AZƏRTAC xəbər verir ki, bu gün unudulmaz sənətkarımız, Xalq artisti Hacıbaba Bağırovun anadan olmasının 90-cı ildönümü tamam olur.

    Çox maraqlı tərcümeyi-halı ilə seçilən Hacıbaba Bağırovun həyat yolu heç də hamar olmayıb. Uşaq ikən pionerlər sarayındakı dram dərnəyində çalışıb. Görkəmli rejissor Adil İsgəndərov onu “Vaqif”də Vidadi rolunda görəndən sonra teatr studiyasına dəvət edib. Hacıbaba Bağırov görkəmli teatr xadiminin rəhbərliyi altında aktyorluq sənətinin sirlərini öyrənib. Hələ uşaqlıqdan sevib-seçdiyi sənət onun qanına hopub. Sonra teatr fəaliyyətini Lənkəranda və Gəncədə davam etdirib.

    Hacıbaba Bağırov yaradıcılığının Azərbaycan gülüş mədəniyyəti tarixində xüsusi yeri vardır. Sənətkarın repertuarına daxil olan obrazlar komik çalarları sayəsində qısa müddətdə tanınıb sevilməyə başlayıb. Onun milli mentalitetə uyğun olaraq yaratdığı və özünəməxsus yumorla oynadığı rollar Azərbaycan Dövlət Musiqili Teatrının tarixinə həmişəlik daxil olub.

    Hacıbaba Bağırovun əsl sənətkar kimi formalaşması, tanınması 1962-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) dəvət aldıqdan sonra başlayıb. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox obrazın onun gülüş ustası kimi püxtələşməsinə və populyarlıq qazanmasına böyük təsiri olub.

    Üzeyir Hacıbəylinin “Arşın mal alan”ında Soltan bəy, “O olmasın, bu olsun”da Məşədi İbad, Zülfüqar Hacıbəyovun “50 yaşında cavan”ında Orduxan, Süleyman Ələsgərovun “Həmişəxanım”ında Cəbi Cüməzadə, “Hardasan, ay subaylıq”da Novruzəli, Əşrəf Abbasovun “Həyətim mənim-həyatım mənim”ində Qulam, Emin Sabitoğlunun “Hicran”ında Mitoş, “Nəğməli könül”də Fərzəli, Vasif Adıgözəlovun “Nənəmin şahlıq quşu”nda Cəsarət, Soltan Hacıbəyovun “Qızılgül”ündə Nadir, Ağası Məşədibəyovun “Toy kimindir?”ində Uzun, Emin Sabitoğlu, Tamara Vəliyevanın “Bankir adaxlı”, “Sizinlə gülə-gülə”, “Bildirçinin bəyliyi”, “92 dəqiqə gülüş” trilogiyasında Sonqulu, “Məhəbbət oyunu”nda Nuruş, “On min dollarlıq keyf”də Fərzəli kimi tamaşaçıların dərin rəğbətini qazanmış rolları milli mədəniyyətimizin inkişafına xidmət edir.

    Hacıbaba Bağırov sənətinin ən xarakterik xüsusiyyətlərindən biri də tamaşaçıda hüsn-rəğbət oyadan incə komik məqamları canlandırdığı obrazlar vasitəsilə açmaq məharəti idi. Dərin milli koloriti ilə səciyyələnən Hacıbaba Bağırov sənəti onu xalqımızın ən sevimli aktyorlarından biri etmişdir. Cəmiyyətin mənəvi saflaşması yolunda çalışan sənətkar çoxşaxəli yaradıcılığı ilə ölkəmizdə komediya janrı ənənələrini layiqincə davam etdirib. Teatr rəhbəri və teleşou təşkilatçısı kimi gördüyü işlər isə onun nadir istedadının yeni mühüm çalarlarını meydana çıxarıb.

    Aktyor səhnə fəaliyyəti ilə yanaşı, Azərbaycan kinematoqrafiyasının inkişafına da öz sanballı töhfəsini verib. Onun kinofilmlərdə oynadığı müxtəlif xarakterli rollar Azərbaycan tamaşaçısının yaddaşına həkk olunub və kino sənətimizin diqqətəlayiq uğurları kimi qiymətləndirilib.

    Hacıbaba Bağırov ilk dəfə 1964-cü ildə rejissor Ağarza Quliyevin “Ulduz” musiqili kinokomediyasında çəkilərək, teatrda olduğu kimi, bu filmdə də Möhsün surətini ustalıqla yaradıb. Aktyor müsahibələrinin birində bu rolu barədə belə deyib: “Möhsün mənim kinoda ilk rolumdur. Səhnədə Möhsünü oynamaq mənim üçün çox asan idi. Ancaq eşidəndə ki, bu operettanı ekranlaşdıracaqlar, çox həyəcanlandım. Əvvəla, mən heç zaman filmə çəkilməmişdim. Olsaydı, ilk rolum olacaqdı. Film ekranlara çıxanda qanadım olsaydı, uçardım. İlk dəfə idi ki, öz oyunuma oturub kənardan baxa biləcəkdim. Doğrudan da, “Ulduz” mənim aktyorluq fəaliyyətimə, aktyor asimanıma əsl ulduz bəxş elədi. Möhsün rolunun uğurunun başlıca səbəbi obrazın mənə yaraşması idi”.

    Hacıbaba Bağırovun “Ulduz”da Möhsün, “Mehman”da Arif, “Onun bəlalı sevgisi”ndə Qaraxalov, “Alma-almaya bənzər”də Məmmədəli, “Şirbalanın məhəbbəti”ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb. Bu obrazlara baxıb sənətkarın “Teatr, kino mənim həyatımdır” deməsinə haqq qazandırmaq olar.

    Həyata 74 yaşında əlvida deyən sənətkar adını Azərbaycan teatr sənətinə elə əbədi həkk edib ki, bu gün olduğun kimi, hələ neçə-neçə qərinələr, əsrlər xatırlanacaq və onun sənət yolu gənc sənətkarlar üçün bir məktəb olaraq qalacaq.

    Mənbə: https://azertag.az/

  • Bu gün Xalq yazıçısı İsa Muğannanın doğum günüdür

    Bu gün təkcə Azərbaycanın deyil, bütöv türk dünyasının böyük yazıçısı İsa Muğannanın (Hüseynov) doğum günüdür. Onun haqqında dünyaşöhrətli yazıçı Çingiz Aytmatov “Bizim hamımız İsa Muğannadan təsirlənmişik və öyrənmişik” deyib.

    AZƏRTAC xəbər verir ki, bu gün anadan olmasının 95-ci ildönümü tamam olan İsa Muğanna zaman-zaman fərqli şəkildə dövrləşdirilən və bu dövrləşdirilmənin ənənə halını aldığı Azərbaycan ədəbiyyatının “altmışıncılar” adı ilə qəbul olunan parlaq ədəbi nəslinə mənsubdur.

    İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa kişi müəllim olub. O, Nəriman Nərimanov adına Tibb İnstitutuna qəbul olunsa da, 4 ay sonra kəndə qayıdıb. Özünün dediyinə görə, bir müəllimin acı sözü onu bu fikrə düşməyə məcbur edib. Sonradan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. Təhsilini Xalq yazıçısı Mehdi Hüseynin məsləhəti ilə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib.

    Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatının ədəbiyyat şöbəsində redaktor kimi başlayan İsa Hüseynov “Literaturnıy Azerbaydjan” jurnalının redaksiyasında nəsr şöbəsinin müdiri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor, baş redaktor və ssenari kollegiyasının üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində çalışıb.

    İ.Muğanna 1948-ci ildən ədəbi fəaliyyətə başlayıb, “Anadil ötən yerdə” adlı oçerki ilk dəfə 1949-cu ildə “İnqilab və mədəniyyət” jurnalında çap edilib. 1950-ci ildən etibarən kitabları nəşr olunmağa başlayıb. Bir-birinin ardınca “Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, “Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”, “Saz”, “Məhşər”, “İdeal”, “Türfə”, “Qəbiristan”, “Cəhənnəm”, “İsahəq-Musahəq” və digər kitablarını oxucularına təqdim edib. Hər əsəri bir ədəbi hadisə olan yazıçının ssenariləri əsasında filmotekamızın qızıl fondunu bəzəyən “Nəsimi”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və s. filmləri ekran üzü görüb.

    Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb. O, nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olub.

    İ.Muğanna yazıçı kimi altmış illik fəaliyyəti dövründə ölkəmizdə ədəbi mühitin inkişafına sanballı töhfələr verib. Azərbaycan xalqının yüzillərdən bəri təşəkkül tapmış mədəni-mənəvi dəyərlərinin qorunması naminə yorulmadan yazıb-yaradan yazıçı aydın mövqeyi, dərin təfəkkürü ilə hər zaman oxucusunu heyrətləndirib.

    Tarixi faktları, böyük şəxsiyyətləri hər zaman diqqət mərkəzində saxlayan ədibin özünəməxsus yanaşma və fərqli düşüncə tərzi olub. Bunun sayəsində ərsəyə gətirdiyi silsilə romanların, povestlərin ədəbiyyatımızın məzmunca yeniləşməsində müstəsna əhəmiyyətə malik rolu olub. Bu mənada ustad yazıçı öz əsərlərində ana dilinin potensial poetik imkanlarından yüksək bəhrələnərək şedevrlər yaradıb.

    İsa Muğannanın Azərbaycan mədəniyyətinin inkişafında səmərəli xidmətləri və çoxillik zəngin bədii yaradıcılığı yüksək qiymətləndirilib. O, Xalq yazıçısı fəxri adına, orden və medallara, Dövlət mükafatına layiq görülüb, Müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatı “İstiqlal” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin “İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən görkəmli yazıçının yubileyi ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilib.

    Görkəmli yazıçı 2014-cü il aprelin 1-də 85 yaşında Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Ədəbiyyatımızda özünəməxsus məktəb yaratmış, ürəklərdə özünə mənəvi heykəl ucaltmış görkəmli nasir, ssenarist, səmimi və təvazökar insan İsa Muğannanın işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

    Mənbə: https://azertag.az/