(“Ünvanımı tapan kitablar” silsiləsindən)

Evlərin də taleyi var, alın yazısı var… Darvazalarından başlamış, ta bacasınadək şeirdir, romandır evlər. Küçəyə baxan pəncərələrlə həyətə baxan pəncərələr arasındakı enerji fərqi qədərdir bəzən ev sakinlərinin o evdəki xatirələrinin müxtəlifliyi…
Hərdən olur, illər sonra xatirələrin bələdçiliyinə güvənib bir evin qapısını açırıq… “Buradakı qapının cəftəsi cırıldayırdı…” əminliyi ilə sağdakı qapıya yönəlirik. Və görürük, xatirələrimiz bizə xəyanət edib; cırıldayan soldakı qapı imiş…
Xatirələrin xəyanət səbəbini axtarmaq lazım deyil… Heç niyəsini də soruşmağa cəhd etməməliyik. Çünki əksər xatirələr arzuların diktəsindədir…
…Evlərin də taleyi var… Alnına çoxdan-bünövrəsi qoyulandan yazılır sakinlərinin kim olacağı, kimin arzularının dalınca gedəcəyi, kimin sevdiyinə qovuşacağı və… Və də kimin şəhid olacağı!
Şahanə Müşfiq “Əzəli, əbədi Azərbaycanam!” kitabını yazanda iki evin alın yazısındakı şifrələrə istinad edib: Natiq İsmayılovun doğulub-böyüdüyü ev və Natiq İsmayılovun 4 övladının böyüdüyü ev…
Qəbələ rayonunun Bunud kəndindəki evin açılan şifrələrində “Oğul Vətən üçündür!” ideologiyası vardı. Və bu ideologiya sadəcə, hansısa utopistin təsəvvüründə deyildi-Azərbaycan xalqının qan yaddaşında, təfəkküründə, ruhunda idi! Vətənpərvərlik yeganə ideologiyadır ki, onun təbliği və ya yayılması üçün ideoloqlara ehtiyac yoxdur-o, candadır!
Vətənçün doğulanlar özləri bilməsə də, gözləri önündə böyüdükləri onların ömür missiyalarını anlayır…. Və sonradan anladıqlarını xatirə xəritələrində işarələyirlər ki, gələcək nəsillərə miras etsinlər.
Şahanə kitab boyunca iki evin arasında addımlayıb… Onun addım səslərinin əks-sədasında kədər də var, “elin göynək yeri” olan şəhid yoxluğunun sızısı da… Amma diqqətlə dinləyən oxucu bu əks-sədanın bətnində məğrurluğun və əminliyin olmasını da duyur…
Bakıdakı evin divarları Natiqin övladları ilə söhbətlərini, atalarını görən uşaqların sevincli səslərini, Nigar xanımın nigaranlıqla süslənmiş qadın xoşbəxtliyinin zərrin anlarını əmanət bilib, zərrəsinə xəyanət etmədən saxlayıb. Və Şahanənin yazıçı qələmi bu əmanəti o divarlardan qudsal nəsnə kimi köçürüb…
“Əzəli, əbədi Azərbaycanam!” kitabının adı da Natiqin Azərbaycan sevgisinə ithafən seçilib… Təqaüddə olmasına baxmayaraq, Vətən müharibəsinə könüllü yollanan, 23 illik hərbiçi təcrübəsini Vətənin qisas günündə cəbhədə tətbiq etməyin mahiyyətini dərk edən Natiq İsmayılov dilinə gətirməsə də, deməsə də, tanıyanların hamısı bilirdi ki, o, həm cismiylə, həm ruhuyla Azərbaycan idi!
Natiq və onun kimi Vətən uğrunda şəhadət şərbətini içənlərin saldıqları qudsal izlə addımlayanlar isə Xəlil Rza Ulutürkün bir öncəki misrasını aksioma etdilər: “Min yol öldürülən, yenə ölməyən, / Əzəli, əbədi Azərbaycanam!”
Azərbaycan xalqının minilliklərə sığışmayan tarixinə baxdıqca, Vətən məfhumunun havada asılı qalan, məna axtarışında olan təfəkkür illüziyası olmadığını görmək çətin deyil. Bu xalq üçün, bu millət üçün Vətən məfhumunun mənası həmişə diri olub-əllə tutulan, köksə sıxılan, kürək söykənilən, ömür etibar edilən olub! Və bu ömürdən böyük, həyatdan uca həqiqəti evlərin alın yazısından oxumağı bacarıb hər doğulan uşaq-hər düşmən çəpəri oğul, o oğula çiyindaş olan qız!
Şahanə şəhid mayorun həyat hekayəsinin bədiiliyini qələmiylə rəsm edərkən, kitab boyunca boya kimi bu həqiqətin çalarlarını seçib. Çalarların hamısı ilkinliyindən su içdiyi tündlüyə ehtiramdadır… Bu da bir yazıçı qüdrətidir! Oxucu ilk oxunuşdanca bu ehtiramı hiss edirsə, duyursa, yazıçı qələminin qüdrətini etiraf etməyə könül borcu var, demək…
… Ömrünü Vətən naminə yaşamağı bacarmış, 4 övladının böyüməsi, cəmiyyətin gərəkli, layiqli üzvü olması ilə bağlı bütün arzularını “Vətən sağ olsun!” cümləsinin arxa fonu etmiş şəhid mayor Natiq İsmayılovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə qələmə alınmış kitabın redaktoru olmağım bir yana, oxucu olaraq könül borcumu bir az azaltmaq istəyim yazdırdı bu yazını…
…Redaktə prosesində keçirdiyim qürur hissi, onun tez-tez kədərə yenilmək cəhdi, “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” cümləsindən yapışan milli şüurumun qürurumu yenilməz etmək hünəri… Evimin divarları bütün bunların müşahididir!
Ümid edirəm ki, nə vaxtsa, mücərrəd gələcəyin mütləq indiyə çevrildiyi bir zaman kəsiyində evimin alın yazısında bu hisslərin qara karandaşla çizilmiş eskizləri yenə bir qələm adamı tərəfindən görüləcək… Və ümid edirəm ki, Natiq İsmayılovun timsalında Azərbaycan naminə candan keçənlərin hamısının qətiyyət yağan baxışlarından yola çıxan Vətən sevdası bu torpaqlarda hər yeni doğulan körpənin bəbəklərində öz inikasını tapacaq…
…Xatirələrin xəyanət etməyindən də yazmışdım axı əvvəldə… O xəyanətin öləziməyəcəyinə dair isə ümid etmirəm, əminəm! Əminliyimdən qorxmuram, yox… Bilirəm, xainlik cırıldayan qapıların səmtini səhv salmaqdan o yana keçmir… O cırıltı səsi, o qapının açıldığı otaqdakı miras enerji elə həmənkidir xatirələrdə də, gerçəkdə də!
Azərbaycanı şam bilib başına dönən pərvanələrin enerjiləri zaman-məkan tanımır, ömürlərin əvvəlində zehnə, mənliyə yoldaş olur, sonunda ruhu əbədiyyətə uğurlayır və növbəti ömürlə birgə cığıra düşür. Azərbaycan xalqı bütövlükdə həm öz tarixinə, həm öz şanlı keçmişinə, bu şan, bu şərəf naminə canı Vətənə qurban demiş, bir mamırlı daşı, bir qarış torpağı belə, qurbangah bilmiş igid övladlarının xatirəsinə sadiqdir! Şahanə də bu qudsal əmanətin daşıyıcılarından biri olaraq qələmiylə Azərbaycanın tarixini, mədəniyyətini- acısıyla-şiriniylə,-yaşatmaq əqidəsinə sadiqdir!
Şəfa Vəli (2026)