Tag: “Ürək notu:vanil”

  • Sevgi notu:qəşəng Xanım

    “Qadın ağlıyla…” silsiləsindən…

    “Bəzi şeylər var həyatımızdamı deyim, dünyadamı deyim-bizi idarə edən kiçik detallar…”

                   Bu cümlə ilə başlayır Xanım Anelanın “Ürək notu:vanil” romanı… 

                   Dinlədiyim mahnıdandır: “Bəlkə çoxdan buldun bir dəva?”

                   …Olsun… Dərdə əyilməməyin cinsi yoxdur, yenə də, dərdi çəkməyin bir qadın tərəfi var. Həyatın bütün yüklərinin ipləri çiyinlərimizdən keçir, xəyanətdən başqa.  Xainlər düyünü düşüncəmizin üzərindən vurur!

                   “Ürək notu: vanil” romanı mənə xəyanət etdi. Xəyanətə uğrayan qadın xain qarşısında dik dursa da, daxilində xırdalanır, xırdalanır… Vicdanındakı məhkəmədə müttəhim özüdür! Bunu Günəş bilirdi… Bilə-bilə də, ömür cəngəlliyinin içindən, qaranlığın qala divarlarının üstündən, günahkar axtaranların əllərində daş üstünə gəldiyi döyüş meydanlarından keçdi, keçdi, gedib yapışdı işığın ətəyindən.

                   O ətəyə yığdığı daşlar da xırdaydı… İşığın onun əllərinə atdığı çərtiklər də…

                   *

                   Xanım Anela bu romanla anladır qadının necə xırdalandığını-xırdaçıya çevrildiyini… Bu məqamda qayıdıb bütövlüyün sirrini açmalıyıq ki, sonra yola davam edək.

    …Qayıtdığımız yol getdiyimiz deyilmiş, Tanrım! Qadının gedişi də, gəlişi də ayrı cür olur…                “Hər gedən qadın əlini /Arxaya uzadıb gedir” deyən də sən idin şair diliylə-yaratdığına bələd olmağınla öyünmək istəyirsənmiş, bəlkə də…  Bizsə, hələ sənin bütövlüyünün ruhumuzdakı inikasıyla fəxr etmək cəhdindəyik. Əlbəttə, sən bizi “özünəbənzər yaratdın”, özün kimi deyil!  Əlbəttə, biz “yaradılmışların əşrəfi” olsaq da, qeyri-əşrəf olduğumuzu yarımömürdə dərk edəndə, ən birinci səndən küsürük. Ən qəribəsi nədir, bilirsənmi? Küskünlüyümüzü də səninlə ovuduruq…

    Ah, Tanrım! İnsanın bütövlüyü sənin bütövlüyünün inikasıdır, dedim axı… Və güzgülərin bizi qucaqlamaq üçün qolları yoxdur.  Xanım Anelanın qəhrəmanı Günəş də yupyumru bir ruhla doğulmuşdu… İlk göz yaşıyla nazildi ruhu, ilk küskünlüklə çatladı, anasının ölümüylə paramparça oldu. Bundan sonra başladı bir ruhun özünübərpa müddəti…

    Ərə verildi… “Göz aydınlığı” aldı, ruhuna bir kölgə düşdü…

    Oğul doğdu… Sevindi, sevinci ruhundakı kölgəyə qalib gəlmək qüdrətində olmadı…

    Evdən qaçdı… Qınağa gəldi, ruhundakı kölgə tündləşdi…

    Təcavüzə məruz qaldı… Susdu, ruhundakı kölgə böyüyüb zülmət oldu…

    Zülmət… Ruh bütövlüyünün o biri üzü… 

                   *

                   Bütöv doğulan yox, özünübərpa ilə-alətlər: bütün duyğular, material: yaşananlar-bütövləşən ruh dünyaya meydan oxumağa hazırdır. Və də… Bu ruhun sahibi daxilində hələ də ələgəlməz qırıntılar üzərində gəzir.  Hər qırıntı batışı xırdalıqdır… Bu batışdan danışılan hər söhbət xırdaçılıqdır… Və hər şeyi bağışlayan, amma unutmayan qadın yaddaşının son illüziyasında da o batışın ağrısını hiss edir…

                   … “Qodu-qodu” adəti var Novruzda… Hərə bir pay götürüb qohum-qonşuların qapısına gedir… O qohum-qonşular da əllərində pay gəlir… Gözəl adətdir: bir evdə qaynayan qazandan hamı dadır.  Lakin bu adətin el arasında bir də kinayəli işlədilməsi var. Bir adam bundan-ona, ondan-buna söz daşıyırsa, səbəbsizcə burdan-ora, ordan-bura gedib-gəlirsə, soruşurlar:

                   -Nədi, “Qodu-qodu” oynayırsan? 

                   Burda da yapışaq “oynamaq” kəlməsindən… Gözəl, diləyatımlı feilimiz burada oyun oynamağı deyil, Novruzdakı hadisəni yenidən canlandırmağı ehtiva edir… 

                   Xanım Anelanın Günəşi bütövlüyünün ikinci fəslində öz parçalanmış halını oynayır… Kədəri də, sevinci də, qarşısındakı qapının dəstəyinə çatmayan əli də-arada zaman və bəxt məsafəsi var-bütövlüyün bətnində əriyib yox olmalı idi məntiqlə…  Qadın ağlı və məntiq isə çox nadir hallarda “=” işarəsiylə yazılır.  Bütün riyazi işarələr-vurma, bölmə, toplama, çıxma-məhz bundan sonra işə düşür… Xırdalanır qadınlar, xırdalandıqca öz duyğularıyla toplayır çəkə bildiyindən artıq dərdi ruhuna, vurur bir-birinə hikkəylə qəzəbi, bölür öz ömrünü sevdiyi kim varsa, onun xətrinə…  Bu hal təkrarlanır, təkrarlanır, zamansızlaşır, “səhv”ə çevrilir, “ağılsızlıq” olub örtür qürurun üstünü ki, soyuq çəkməsin kişi sərtliyindən, nəhayət, olur “Qodu-qodu”… Özündən-özünə xəbər daşıyır Günəş… Özündən-özünə gedib-gəlir…

                   *

                   Həyatı olduğu kimi yaşayırıq, onsuz da… Ya da bəxt boxçamızdan tapdıqlarımızla…

                   …Mehdiabadda bir uşaq tapılıb, 2 yaşlı… Sığınacaqdakılar adını “Tale” qoyublar… Yox, bunu Xanım Anela yazmayıb. Günün-5 mayın xəbər lentindədir.

                   Xanım Anela bundan daha real, daha amansız hadisələri qələmə alıb… İndi deyən tapılar ki, “bir uşağın atılmasından daha amansız nə ola bilər ki?” Cavab verim də: “O uşağın heç tapılmaması…”

                   Bu mənada, Günəşi atan bəxt onu tapmadı… “Axtarmadı” demirəm ha, küsəyəndir bəxt, niyə küsdürüm ki yazılarımdan?!  “Düz dur, qara bəxt, əyilmə!” demək asandır, amma bəxtin ta əzəldən qozbel olduğunu qəbullanmaq ondan da asandır.

                   Nə bulunan dəvalar, nə bizi idarə edən detallar qadın xırdaçılığı qarşısında duruş gətirə bilər.  Özündən yeni bir “ÖZ” yaradan qadının ilahələşməyi bundadır!  Yeni “ÖZ”ü yaradanadək yıxıldığı bütün uçurumlarda hikkəli cırmaqlarının, qanayan qürurunun izi qalıb; şeytanlaşmağının da kökündə bu dayanır!

                   ….“Qadın başlanğıcı” ilə bağlı araşdırmalarımın sonunda məni gülümsədən bu qənaət idi: qadını qadın deyil, kişi ucaldır!

                   Romanın sonunda anladım ki, Xanım Anela da bu qənaətə çatıb; qələminin və düşüncəsinin keçdiyi bütün yollara-tarixə və mifologiyaya sayğı duruşundayam! Ümidvaram, növbəti romanında “Qadın xırdaçılığı” məfhumunu “Ürək notu: vanil”dəki kimi nəsrin olaraq deyil, öz gözəlliyinə əmin olan ərgüvən olaraq qoyacaq oxucunun qarşısına!

    Şəfa Vəli (2026, may)