
Aprelin 30-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Şərqdə ilk operanın yaradıcısı, dahi bəstəkar, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, akademik Üzeyir Hacıbəyliyə həsr olunmuş elmi sessiya keçirilib. Əvvəlcə dahi bəstəkarın zəngin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Üzeyir Hacıbəylinin Azərbaycanın mədəniyyət və musiqi tarixində oynadığı roldan bəhs edib. Akademik İsa Həbibbəyli Üzeyir Hacıbəylinin dünya miqyaslı bəstəkarlarla eyni sırada dayandığını deyərək, onu həm də çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik böyük mütəfəkkir kimi xarakterizə edib. Bildirib ki, Üzeyir Hacıbəyli yaradıcılığında Azərbaycan xalq musiqisinin, muğam və aşıq sənətinin incə xüsusiyyətlərini birləşdirərək özünün orijinal üslubunu yaradıb. Dahi bəstəkar publisist, felyetonçu və librettoçu-dramaturq, həm də Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi Azərbaycan tarixində və mədəniyyətində dərin iz qoyub. Üzeyir Hacıbəylinin, eyni zamanda böyük ədəbiyyatşünas olduğunu söyləyən AMEA rəhbəri onun publisist yaradıcılığının qəlbən və ruhən “Molla Nəsrəddin” ədəbi məktəbinə və onun yaradıcılarına yaxın olduğunu bildirib. O, ədibin “Azərbaycan xalq musiqisinin əsasları” kitabının Azərbaycan musiqi sənətinin inkişafındakı rolunu qeyd edərək, əsərin digər Şərq xalqları üçün də mühüm mənbə olduğunu vurğulayıb.
“Azərbaycan musiqisini Üzeyir Hacıbəylisiz təsəvvür etmək mümkün deyil. O, dahi bəstəkar, peşəkar təşkilatçı, görkəmli pedaqoq və ictimai xadim kimi Azərbaycan mədəniyyət tarixində əbədi zirvədir”, – deyə bildirən akademik İsa Həbibbəyli vurğulayıb ki, Üzeyir Hacıbəylinin əsərləri Azərbaycan sərhədlərini aşaraq, dünya ölkələrinin səhnələrində uğurla nümayiş olunub və xalqlar arasında mədəni körpüyə çevrilib. AMEA rəhbəri qeyd edib ki, Üzeyir Hacıbəyli Azərbaycan Milli Elmlər Akademiyasının ilk təsisçilərindən biri olub, Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərib. AMEA-nın indiki Memarlıq və İncəsənət İnstitutu bilavasitə onun təşəbbüsü ilə yaradılıb və İnstituta rəhbərlik böyük bəstəkarın özünə həvalə edilib.
O, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə milli operamızın əsasını qoyduğunu, Azərbaycanın əsrlərdən bəri miras qalmış zəngin musiqisini ilk dəfə nota köçürdüyünü söyləyib. Akademik İsa Həbibbəyli dahi bəstəkarın dərin məzmuna malik olan “Koroğlu” operasını dünya qəhrəmanlıq operasının nadir nümunələrindən biri kimi dəyərləndirib. Həmçinin onun “Arazbarı”, “Cəngi” əsərlərinin Azərbaycan milli mədəniyyətinin təkrarsız nümunələri olduğunu vurğulayıb.
Sonra institutun şöbə müdiri filologiya elmləri doktoru, professor Asif Rüstəmli “Üzeyir Hacıbəylinin Azərbaycan Xalq Cümhuriyyəti dövrü fəaliyyəti” adlı məruzəsini təqdim edib. Məruzəçi bildirib ki, ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən Üzeyir Hacıbəylinin yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. O, fədakar ziyalı və ülvi adam olub. Asif Rüstəmli diqqətə çatdırıb ki, Üzeyir Hacıbəyli 64 imza ilə 16-ya qədər mətbuat orqanında, o cümlədən “İrşad”, “Həqiqət”, “Tərəqqi”, “Kaspi”, “Yeni iqbal”, “Molla Nəsrəddin”, “Həyat”, “Azərbaycan” kimi qəzet və jurnalların səhifələrində məqalə və felyetonlarla çıxış edib, xalqın maariflənməsi uğrunda var gücü ilə çalışıb. Təhsilin əhəmiyyəti, savadsızlığın aradan qaldırılması üçün ana dilli dünyəvi məktəblər şəbəkəsinin yaradılması, onların pedaqoji və metodiki prinsiplərlə işləməsi, dərsliklərin məzmunu və yeni dərsliklərin tərtibi, mövcud mollaxana və mədrəsələrdəki qüsurlar, qızların təhsili, müəllim kadrları və tərbiyə məsələləri onun yazılarının ana xəttini təşkil edib.
“Arxiv materiallarını nəzərdən keçirdikdə Üzeyir Hacıbəyli haqqında ən az materialların məhz Cümhuriyyət dövrünə aid olduğunu görərik” – deyən professor Asif Rüstəmli dahi bəstəkarın ən intensiv yardıcılıqla Cümhuriyyət dövründə məşğul olduğunu bildirib. Məruzəçi vuğulayıb ki, 1919-cu ilin mart ayında “Azərbaycan” qəzeti mart soyqırımının 1-ci ildönümü ilə bağlı silsilə məqalələr dərc edərək, erməni-daşnak silahlı dəstələrinin törətdikləri vəhşilikləri ifşa edib və həmin günü Ümummilli Matəm Günü kimi qeyd edib. Qəzetin həmin sayında Üzeyir Hacıbəylinin də iri həcmli və kəskin ruhda yazdığı məqaləsi dərc olunub. Bəyanat xarakterli, məntiqi dəlillərlə əsaslandırılmış məqalə istər həmin dövr üçün, istərsə də müasir zaman üçün olduqca dəyərli mənbədir. Onun sözlərinə görə, Üzeyir Hacıbəyli Azərbaycan musiqisini 2 qola – xalq və klassik musqiyə ayırıb. Muğamlarımızı dərindən incələyən ölməz sənətkarın musiqisi xalqımızın zəngin xəzinəsi və mənəvi sərvətidir.
Filologiya elmləri doktoru, dosent Abid Tahirli “Qardaşların sarsılmayan əqidə və əməl birliyi (Üzeyir və Ceyhun Hacıbəylilərin yazışmaları əsasında)” məruzəsində qeyd edib ki, “Hacıbəyli qardaşlarının fəaliyyəti, yaradıcılığı daim erməni millətçilərinin məkrli müqaviməti ilə üzləşib. Ceyhun Hacıbəyli hələ XX əsrin onuncu illərində “Kaspi” qəzetindəki yazıları ilə erməni qəzetlərinin və ermənipərəst rus mətbuatının azərbaycanlılara qarşı qərəzli, düşmən münasibətini ifşa edir, onları çirkin və yalan məlumatlardan əl çəkməyə çağırırdı. Bu mənada publisistin “Sərhəddə” adlı məqaləsi çox ibrətamizdir. Erməni qəzetləri İranla sərhəddə yerləşən soydaşlarının – xristianların silahlandırılmasını, şahsevənlərin talanına qarşı yerli müdafiənin təşkilini canfəşanlıqla təbliğ və müdafiə edirlər. C. Hacıbəyli tutarlı faktlara istinad edərək opponentlərinin yalanını, fitnəkarlığını, mənfur niyyətlərini ifşa edir”.Tədbirdə filologiya elmləri doktoru, dosent Şahbaz Musayev də “Üzeyir Hacıbəylinin publisistikası”adlı məruzə ilə çıxış edib. Digər alimlər də onun yaradıcılığı haqqında dünya ədəbiyyatşünaslığında dəyərli əsərlərin olduğunu diqqətə çatdırıblar.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi