Month: İyun 2015

  • Günel ƏJDƏRQIZI.”Yaşın nə fərqi var ki…” (Esse)

    gunelxanim

    Böyük bəstəkarımız Üzeyir Hacıbəyov “O olmasın, bu olsun” musiqili komediyasını yazmasaydı, biz indi, görəsən, neyləyərdik, ilahi?! 50-55 yaşlı qızlarla ailə quran kişiləri necə adlandırardıq?! Gözəl bəstəkarımız haradan biləydi ki, onun yaratdığı Məşədi İbad obrazı o dövrlə müqayisədə bu gün daha məşhur və aktual olacaq. Bəlkə də o, sağ olsaydı indiki Məşədi İbadları görüb təəccüb edərdi. Axı, indi meydan Məşədi İbadlara verilib. Gülnazlar Sərvərlərə deyil, Məşədi İbadlara könüllü ərə gedirlər. Əgər ötən əsrlərdə qızları zorla Kərbəlayılara, Məşədilərə ərə verəndə onlar kişiyə baxıb “Xandostu, amandı qoyma gəldi, didarı yamandı, qoyma gəldi!” -deyib (daha&helliip;)

  • Hikmət Məlikzadə Şeir Esse

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    * * *

    Kölgəm, dünya savaşına ac adam…
    Sevdam, zirzəmi pilləkəni kimi uçuq.
    Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə.
    Allahım, neynim?!
    İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır.
    İndi qurbağalar oxuyur elçi daşlarının üstündə.
    İndi…
    Sən sənsən.
    Mən mən deyiləm…
    Nə deyirsən,
    Səni aldadan qızın solğun baxışlarını
    Büküm bir parça ağ kağıza,
    atım,
    ayda bir kərə açılan poçt qutusuna?! …
    Ah nə ola,
    onun da ahı tuta,
    Mənə ürək açalar,
    qapı açmayalar.
    Hamının yadından çıxa,
    Qonşudakı kor qızın könül əvəzi
    barmağıma bağladğı sapı açmayalar…
    Allahım, neynim?!

  • ZEYNƏB DƏRBƏNDLİ (Yeni şeirlər)

    z

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Gedəcəyik

    Allah, bizə özün yar ol
    Qıyma ürək döyünməsin.
    Arxalılar mənəm deyə,
    Qarşımızda öyünməsin.

    Bu dünya fani dünyadir,
    Hər kəs, qonağ gəlir bura.
    Hamı torpaqdan gəlibdir,
    Dönəcəyik, eyni gora. (daha&helliip;)

  • Əlirza HƏSRƏT.”Kitabım”

    575949_448528385223558_1371442086_n

    Kövrəldim bu gəlişinə,
    Yubandın nədən,kitabım?
    İkimiz bir canıq elə,
    Sən ruh,mən bədən,kitabım.

    Qoy gəlsin sözə əl basan,
    Sevən könlü duyar asan.
    Bu qəribin yurd payısan,
    Ay mənim Vətən kitabım.

    Eşq nurudur sözün cəddi,
    Məğrurdur əyilməz qəddi.
    Gözəlliyə ibadətdi,
    Hər nazın,ədan,kitabım.

  • Gündüz SEVİNDİK.”Şeirlərimnən soydular…”

    5f7ccfdb87f0c47b4ffb151a4f84cea0

    Gözlərim yada düşmədi,
    Məni içimnən soydular.
    Məni ürəyimnən asıb,
    Şeirlərimnən soydular…

    Daşladılar sol-sağımı,
    Yaxınımı, uzağımı –
    Kölgəmi, əl-ayağımı,
    Nə də “yeməkdən” doydular…

    Tərpəndim, gücə gəldim mən,
    Bilmədim necə gəldim mən…
    Dünyaya gecə gəldim mən –
    Adımı Gündüz qoydular!…

  • Hikmət MƏLİKZADƏ.”Kölgəm, dünya savaşına ac adam…”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    * * *

    Kölgəm, dünya savaşına ac adam…
    Sevdam, zirzəmi pilləkəni kimi uçuq.
    Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə.
    Allahım, neynim?!
    İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır.
    İndi qurbağalar oxuyur elçi daşlarının üstündə.
    İndi… Sən sənsən. Mən mən deyiləm…
    Nə deyirsən, Səni aldadan qızın solğun baxışlarını
    Büküm bir parça ağ kağıza, atım,
    ayda bir kərə açılan poçt qutusuna?!
    …Ah nə ola, onun da ahı tuta,
    Mənə ürək açalar, qapı açmayalar.
    Hamının yadından çıxa,
    Qonşudakı kor qızın könül əvəzi
    barmağıma bağladğı sapı açmayalar…
    Allahım, neynim?!

  • Kənan AYDINOĞLU, “Tanrı aşiqi və ya Tanrı şairi”

    10603255_706637782754308_673706837506198075_n
    “Tanrı aşiqi və ya Tanrı şairi”

    Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, gənc xanım yazar Züleyxa Sultan hən Çağdaş Azərbaycan ədəbi mühitində, həm də elektron məkanında daha çox köşə yazarı kimi qəbul olunur.Qısa zaman kəsiyində həm elmi, həm də bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olması, dövri mətbuat səhifələrində yazılarının dərc olunması, daha çox xeyriyyə aksiyalarında və tədbirlərində fəal iştirak etməsi, köməyə ehtiyacı olan hər kəsə, xüsusilə də uşaqlara qarşı humanizm prinsiplərinə uyğun olaraq, davranması Züleyxa Sultanın yazar olmasından savayı, eyni zamanda dərin düşüncəyə malik incə qəlbli bir insan olduğunu təsdiqləyir.Ədəbi-bədii yaradıcılığının isə daha çox Klassik poeziya ənənələri üzərində qurulması isə ideya-bədii istiqamətinin doğru müəyyən olunmasını göstərən ədəbi fakt kimi oxucunun gözü önündə canlandırır.Üzvü olduğu cəmiyyətdə baş verən hadisələrə öz humanizm prinsipləri ilə yanaşması,həqiqətən də, təqdirəlayiqdir. Azərbaycan ədəbiyyatının inkişafı yönümdə Xalq ruhunda yazılan Aşıq şeirinin müxtəlif janrlarından sonra xüsusilə seçilən və zaman-zaman “Məhəbbət şeiri” və ya “Aşiqanə şeir” kimi səciyyələndirilən qəzəl janrında bir-birindən daha gözəl və dolğun ədəbi-bədii nümunələr, poeziya örnəkləri ərsəyə gətirməsi bu baxımından üstünlük təşkil edir.Poetik təxəyyülə, obrazlı nitqə sahib olması isə günü-gündən gənc xanım yazarın istedadını daha qabarıq şəkildə üzə çıxmasına, eyni zamanda həmyaşıdları arasında gənc nəslin nümayəndəsi kimi tanınmasına səbəb olur.Ədəbi prosesə qoşulmaqda heç bir çətinliyin olmayacağına ümid yaradır. Müasir Azərbaycan ədəbi dilinin daxili imkanlarına dərindən bələd olması, bədii təsvir və ifadə vasitələrini yerli-yerində istifadə etməsi, durğu işarələrinin əsərin məzmununa uyğun şəkildə gənc xanım yazar tərəfindən işlədilməsi yüksək potensiala, dərin düşüncə tərzinə malik olduğunu göstərən ədəbi faktor kimi ictimaiyyət nümayəndələri tərəfindən müsbət qarşılanmasına səbəb olur. İdeya-mövzu və məzmun forma baxımından yüksək sənətkarlıq nümunəsi sayılmağa layiq olan həmin misralar-könül çırpıntıları əslində zaman-zaman, tarix boyu müxtəlif dövrlərin sayılıb-seçilən mütəffəkir alimlərin-filosofların söylədiyi hikmətli sözlər və aforizmlərin həmin faktoru öz-özlüyündə təsdiqləməklə yanaşı, eyni zamanda gələcək üçün sanballı bir-birindən daha zəngin və rəngarəng ədəbi-bədii nümunələr, poeziya örnəkləri-könül çırpıntıları ərsəyə gətirməyə qadir olduğunu təsdiq edir.Zəngin yaradıcılıq yolu keçdiyini nəzərə alsaq, böyük inam hissi ilə deyə bilərik ki, gənc xanım yazarın fəaliyyəti bununla məhdudlaşmır.Əksinə, daha dolğun əsərləri ilə dövri mətbuat səhifələrində çıxış etməyə başlayır.Belə ki, qələmini Publisistika sahəsində sınayan köşə yazarı Züleyxa Sultan bir-birinin ardınca mövzu və məzmun baxımından rəngarəng olan və ictimiyyət nümayəndələri tərəfindən müsbət qarşılanan mövzulara, xüsusilə XX əsrin ən böyük faciəsi hesab olunan Xocalı soyqırımı ilə ilgili müəllif qələmindən çıxan “Xocalı faciəsi: terrorizmin qanlı ideologiyası” məqaləsi ən bariz nümunə kimi oxucunun gözü önündə canlanır. Son zamanlar yaşadığı dönəmdə baş verən ən son olaylara öz münasibətini özünəməxsus tərzdə bildirməklə duyğu və düşüncələrini ifadə etmiş olur.Sonda yazılarının heç birinə ayrı-ayrılıqda şərh verməyə ehtiyac olmadığını nəzər alaraq, yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyirəm.

    Dərin hörmət və ehtiramla,
    Kənan AYDINOĞLU,
    8-9 iyun 2015-ci il.Bakı şəhəri.
  • Fidan ABBASOVA

    10526078_797984123612319_1933593962302783172_n

    Ömürlük həmdəmim olmayan gözəl
    daha başqa ömür gəzib arama
    sən ruhun özütək gözəldən gözəl
    yandırıb bağrımda ocaq qalama….

    Ac qalmış ruhuna bəs deyil eşqim
    nəyi axdarırdın tapmadın məndə
    əgər aldadırdın deyə bilərdin
    günhakar olmuşuq biz iki bəndə….

    Suallar içində qalmışam çaşıb
    indi zaman məndən nəyi gözləyir
    səbirdə inanki qalmayıb daşır
    içimin odunu çölüm bilməyir…..

    Mənim ürəyimin yazısı yoxmuş
    pozulub taleyim qismətim inan
    Fidan ruhu çökmüş mənasız sözmüş
    mənə söylədiyin hər şeyin yalan…

     

  • Tural ADIŞİRİN (Yeni şeir)

    turalAYB və DGTYB üzvü,
    Mən gördüm o qizı bir adı pünhan,
    Görüşə qaçırdı əlində dəftər.
    Bir vaxta düşmüşdü görüş, imtahan,
    Orda da, burda da gözləyirdilər.
    Müəllim, rəhm eylə çıxsa yadından,
    Bir az fikirləşsə, bir az macal ver,
    O da imtahandı, bu da imtahan,
    Məhəbbət fənnindən qıza sual ver.
    Ələ məqam düşüb, o, ürək açıb.
    Çəmənə iz düşür, izə şeh düşür,
    Bəlkə taleyinin dalnca qaçıb,
    Qız “3” ə danışsa, qıza “5” düşür.
    Səadət diləyək,gərək,o qıza,
    Göz nurla sevinsin, ürək eşq ilə,
    Oğlandan “5” alsa, səndən “3” alsa,
    Nuş olmaz, müəllim, “3”-ü “5” eylə.
    O da imtahandı, bu da imtahan,
    Demə orda bilən, burda bilməyir,
    Eşqin pedaqoji qanunlarından,
    Sizin fakültədə dərs keçilməyir…
  • Həftəsonu paytaxtda maraqlı sərgi keçirilib

    5 – 7 iyun tarixlərində 3 gün olmaqla səhər saat 10:00 – dan axşam saat 22:00 – a qədər Megafun Ticarət və Əyləncə mərkəzində Fosil Sərgisi təşkil etdik. Sərgi Megafun AVM – in 1 – ci və 3- cü mərtbəsində 3 ayrı yerdə olmaqla keçirildi. I Avropa Oyunları ilə əlaqədar şəhərimizdəki xariciləri nəzərə alaraq sərgi Azərbaycan, İngilis, Rus, Türk dilləri olmaqla 4 dildə olmaqla keçirildi. Sərgidə milyonlarla il yaşı olan tam orjinal 30 fosil (daşlaşmış canlı qalıqları) sərgiləndi. Xalqa paleontologiya elmi, fosillər və canlıların təkamül keçirmədiyi haqqında ətraflı elmi məlumatlar verildi.

  • Şəhanə CƏFƏROVA.”Qoyma ağlayım!”

    sekil

    Qoyma ağlayım!
    Həyatım çox acılı!
    Sil göz yaşlarımı!
    Qoyma ağlayım!
    Həsrətim var, Sənsizliyim var!
    Acı çəkən dərdli ürəyim var!
    Sənsizlikdən parçalanan ürəyim var!
    Qoyma Sənsizlikdən ağlayım!
    Həyat məni hər addımda öldürür…
    Düşündükcə yoxsan həyatımda
    Bir daha gözlərim dolur…
    Gəl, qoyma, ağlayım!
    Mən də xoşbəxt olmaq istəyirəm.
    Mən yalnız həyatımda Səni istəyirəm!
    Ruhum da Sənsiz ağlayır!
    Geri gəl, qoyma, ağlayım!

  • Xəyalə SEVİL.”Gücüm çatmır”

    11017528_447704908733924_2122182663440572457_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    O gətirən ümidlərin
    Yüzü gedər ,biri gəlməz.
    Günüm, ayım, ilim mənim
    Diri gedər, diri gəlməz.

    Bu dünyanın adamıyla
    Əyrim, düzüm düz gəlmədi.
    Mənim tər -təmiz hisslərim
    Qız getmişdi, qız gəlmədi.

    Vur ,yarala ürəyimi,
    Mən öləndə sağalaram.
    Tut başı aşağı məni
    Tut ,sirkələ, çoxalaram.

    Ruhum düşər bədənimdən-
    Qoru məni ,ruh qardaşım.
    Bu qocalmış ,əldən düşmüş
    Qarı məni ,ruh qardaşım.

    Cənnətə savabım mənim,
    Cəhənnəmə suçum çatmır.
    Qaldım iki aralıqda-
    Qayıdımmı ,gücüm çatmır.

  • Şafa KAMİLLİ.”Bu nədi, İlahi, dözə bilmirəm”

    11351237_1618881298368906_9192770107247552831_n

    Bu nədi, İlahi, dözə bilmirəm ,
    Bu qedr özüme, mən , zülm edirəm ,
    Qarşimda bir ,duvar ,bir qaya sanki ,
    Bu qedr ,pissemimi .,düşününürəm mən ,
    Bilmirəm ne edim bu ağrilarla ,
    Sadec qelbimde boyük nifret var ,
    Qəlbimə ,biredki özü özemə ,
    Sadece yaşmaq isdemirəm mən ,
    Ne edim ,bilmirem ,axi bu nədi ,
    Bu qeder acilar neyimə qerk .
    Ehhh qəlbim ,sənlə küsəm mən daha ,
    Bir daha senlə danşmaram,mən ..
    Nə etdin sən mənə ,küsdürdün ,
    özümü ,özümlə, yenə…

    03.06.2015

  • Abdulla MƏMMƏD.”Qəribəm, yurdumda qəribəm, canım!”

    abdullamemmed

    QƏRİBƏM YURDUMDA, QƏRİBƏM, CANIM

    (“Didərgin şərgisi, qaçqın harayı” silsiləsindən)

    Bir ovuc təsəlli, bir ovuc səbir,
    Bir ovuc ümid ver- çəkim başıma.
    Ağlıma gəlməyən, bağrımı dəlir,
    Haranın külünü töküm başıma ?!

    Yerinə düşmür heç, sözüm yerinə,
    Ha “İllah” edirəm- söz yerə düşür.
    Əyrilər ucalır düzün yerinə,
    Əyilə- əyilə düz yerə düşür.

    Yad əldə didilən bir əlçım yunam,
    Bir əlçim buludam yol çəkən gözdə.
    Köhnə bayatılı qəmli oyunam,
    Nəmli göz yaşıyam verilən sözdə.

    Kimi söz götürür, söz yerə salır,
    Kimi ot bitirir dillərin üstə…
    Dərdi şələləyib, çiynimə alıb,
    Çıxıb gedəcəyəm illərin üstən.

    Bəxtimin rənginə çalan ocaqda
    Gözlərim özgə rəng görmür- neyləyim?
    Qarala-qarala qalan ocaqdan,
    Gedən səadəti necə əyləyim?!

    Bir ovuc adamın əlindən qaçan
    Bir ovuc torpağam, bir ovuc suyam.
    Qərib çadırlara köksünü açan
    Yurdu qəribsəyən qərib harayam.

    Hər gözdən bir həsrət, bir qüssə yağır,
    Bir qərib hava çal, isinsin canım.
    Qəriblik alnıma yazılan ağı,
    Qəribəm, yurdumda qəribəm, canım!

    Bir ovuc təsəlli, bir ovuc səbir,
    Bir ovuc ümid ver- çəkim başıma.
    Ağlıma gəlməyən başıma gəlir,
    Haranın külünü töküm başıma?!

    Azerbaycan. Quba.
    19.02.2001.

  • Qalib ŞAMXALOĞLU.”Ürək”

    y

    Nə vaxtdı baxıram yollara sənsiz ,
    Düşmüşəm səhraya , çöllərə sənsiz .
    Dözə bilməyirəm illərə sənsiz ,
    Bu qədər həsrətə dözərmi ürək ?

    Gündüzüm gecətək qaralanıbdır ,
    Bu dərdli ürəyim paralanıbdır .
    Ürək pərdəsindən aralanıbdır ,
    Bu qədər həsrətə dözərmi ürək ?

    Dərdi ürəyimə salası oldum ,
    Kədərlə baş – başa qalası oldum .
    Dilləndim , « zalımın balası » oldum ,
    Bu qədər həsrətə dözərmi ürək ?

    Haqdan diləyirəm lütfi inayət ,
    Mənə zülm etməyin deyil cinayət ?
    Arxayın ol ki , sən partlar nəhayət ,
    Bu qədər həsrətə dözərmi ürək ?

    Qalibin sevgisin anlamadın sən ,
    Eləcə kəsildin sən mənə düşmən .
    Bir dəfə cavab ver , bir dəfə dillən ,
    Bu qədər həsrətə dözərmi ürək ?

  • Nail DAĞLAROĞLU.”Sevirəm, sevirəm, sevirəm səni”

    10671462_1506906362912856_7090846000264678093_n

    İcazə ver deyim sözün doğrusu,
    Qoy olum üzündən busə oğrusu.
    Ürəyimin bəlkə keçə ağrısı,
    Qulaq as sözümə incitmə məni,
    Sevirəm, sevirəm, sevirəm səni.

    Xumar baxışlara heyran olmuşam,
    Sənsizlikdən xəzan kimi solmuşam.
    Nə müddətdi mən də sənsiz qalmışam,
    Sənsiz çoxalıbdı saçımın dəni,
    Sevirəm, sevirəm, sevirəm səni.

    Sən eşid Naili yaxın gəl gülüm,
    Sənsiz qalsam vaxtsız bükülər belim.
    İsti əllərinə gəl yetsin əlim.
    Dağıt xəyalımdan dumanı-çəni,
    Sevirəm, sevirəm, sevirəm səni.

  • Elnur RƏSULOĞLU.”İçində”

    elnurresuloglu

    Gecə qonaq idin yuxuda mənə,
    Qapımı döyürdün qorxu içində.
    Bildim ki, bu sənsən duycaq ətrini,
    Ətirlər içində, qoxu içində.

    Yox oldun baxmamış gözlərinə mən,
    Səni tapdım düşüb izlərinə mən,
    Başımı qoymuşdum dizlərinə mən,
    Yuxuya getmişdim yuxu içində.

    Yuxudan oyandım, ayıldım sənsiz,
    Dözmədi ürəyim bayıldım sənsiz,
    Bir dəli, divanə sayıldım sənsiz,
    Hörmətdən də düşdüm çoxu içində.

  • Elnur ABDİYEV.”Ömürdən”

    1424259792_elnur

    Külək döyür,ömrümüzün yazını,
    Yarpaq-yarpaq günlər uçur ömürdən.
    Yaşayırıq Tanrı yazan yazını,
    Hər günümüz gün-gün köçür ömürdən.

    Kiçilirik böyüdükcə yaşımız,
    Ağır olur bəzən ömür daşımız.
    Dünya boyda bir qazanda aşımız,
    Qaynadıqca buğ-buğ içir ömürdən.

    Elnur Coşqun,sevgi ömrün marağı,
    Qəlb telini darar eşqin darağı.
    Həyat alıb əlinə bir orağı,
    Gün keçdikcə günü biçir ömürdən.

  • Hikmət MƏLİKZADƏ.”Ay, çöhrəsi duvaqsız”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    * * *

    Ay, çöhrəsi duvaqsız,
    Namusu suvaqsız ləçər,
    Sən bildin nədi ayrılıq?
    …Sevgi yaralarımın qaysağını
    qopardana qədər pirdin mənimçün.
    Əlçatmaz, bakirə adamdın;
    İndi nəşəsi olmayan sığal kimisən.
    Gözlərinə de ki, bir də
    30 il məhkumluq yaşamış bir kişi
    yeniyetmə bir qıza baxan kimi mənə baxmasın.
    Sanma, ayağına düşüb
    pozğun baxışlarına aldanacam.
    Mən gerçək sevgi ölüsüyəm,
    Yalançı eşq dəlisi yox.
    Mən sənin nəyini sevdim axı?!
    Heyif, səninçün ən şirin çağlarımdan,
    ən çox sevdiyim qadından keçdim –
    gəncliyimin dadından keçdim.
    Heyif o gözlərə ki, sənə baxdı,
    Heyif o əllərə ki, özgə sığalına məhkum
    saçlarına tumar çəkdi.
    Məni vicdan qorxuları,
    Səni qumar çəkdi.
    Bəsdi, mələk donu geydin.
    Tale kitab deyil,
    Ömür də yol.
    Ayıbdı, bir az özün ol.

  • Gülnarə İsrafilqızı (Esse) Səni gördüm uzaqdan

    Gulnarexanim

    Səni gördüm uzaqdan bir nəfəs qədər uzaqdaydın.
    nəfəsimi çəksəm ciyərlərimə
    hopardın bəlkə də
    hava axını kimi uddum nəfəsimi ki, səni gözlərimlə sevim,
    sənsə az qala ürəyimi taptalayacaqdın
    yanımdan qızılquş kimi şığıyıb getdiyində.
    bənövşə boynumu büküb dəhlizdən uzaqlaşana qədər arxanca boylandım.
    özümü aldatdım,
    tənhalığımın təkliyində.
    yaxınlaşıb salam verə bilmədim gedişinə.
    yola salmağa həvəsli kimi.
    ey qarmaqarışıq ruhumun qonağı,
    xoş gəlmisən demədən,
    xoş getdin dedim gəlişinə.
    şirin sözə ac olduğum halda, acıdım.
    divara hörülmüş kimiyəm.
    yeriyən daş gördünmü heç?
    taptasanda sinəmdəki daşı taptayacaqdın!
    divarlaşmışam insanların arasında.
    sərhədlərim keçiləməz olub.
    hərdən daşın gözlərindən yağış damcılayanda,
    yanağım islanır.
    dup-duru bulaq qaynayır elə bil.
    hərdən də,
    guruldayıram şimşək kimi göyün üzündə.
    nə daşım əriyir,
    nə də səsim kiriyir.
    sədləşirəm,
    sərhədləşirəm,
    hisslərimdə.
    varlıqla yoxluq arasında nə sən varsan,
    nə də mən!
    biz yoxuq!
    gedişin mübarək,
    gəlişinə daşlaşdığım!
    divara xoş söz desən nə olacaqdı ki…

  • Nəcibə İLKİN.”Dözmürəm soyuqluğuna”

    necibexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının Baş redaktoru

    Nədəndi bu qədər soyuqsan mənə.
    Yoxsa eşqimizi kədərmi uddu?
    Dedin: «hər kəlmənlə dayaqsan mənə»,
    Yoxsa sözlərin də sənə yad oldu?

    Bəlkə günahkaram, bəlkə suçunam?
    Düşmüşəm ömrünün sevgi payına.
    Mən həsrət qoxulu vüsal acınam,
    Nə zaman çağırsan gəlləm hayına.

    Sənli yuxular da şaxtaya düşüb,
    Taleyin boranlı yolları kimi.
    Bəxtimin əlindən qismət şürüşüb,
    Həsrətin bəmbəyaz ilqarı kimi.

    Payız libasında çiçəkli yazam.
    Nağıla dönmüşəm qış gecəsində.
    Bu eşqin önündə qəm dolu nazam,
    Qalmışam taleyin bilməcəsində.

    Yenə qəm gecəsi, yenə gileylər,
    Yenə ümidimə kəmənd atmışam.
    Qınama, məni də yorub bəlkələr,
    Özümlə-özümü çox aldatmışam.

    Məni hey isladır ümid yağışı,
    Qorxuram bu eşqin buz nəfəsindən.
    Üstümə zillənən soyuq baxışı,
    Bir anda duyuram isti səsindən.

    Ərköyün sevginəm, götür ərkimi,
    Sevgi dəlisiyəm, inan sən buna.
    Sən yalan bir sözə dözməyən kimi
    Mən də ki, dözmürəm soyuqluğuna.

  • Təranə ŞƏMS, (yeni şeir) Buludam

    teranexanim

    “Elimiz.Günümüz” qəzetinin əməkdaşı,

    şairə, jurnalist, publisist

    Buludam, dolmuşam leysan tökərəm

    Torpağı yuyaram, sevgi əkərəm.
    Qəlbimdən keçəni, zilə çəkərəm.
    Kaş məni bir duyan, anlayan ola.

    Yağarsa yağışlar, daşqın qorxusu
    Ətrafa yayılar torpaq qoxusu,
    Duymaz gözəlliyi bəzən çoxusu,
    Uyarıb nadanı, qınayan ola.

    Buludlar dağılar, günəş nazlanar
    Səmadan, sayrışan şəfəq sallanar.
    Təbiət özü də, bəzən aldanar,
    Bu nəfis duyğunu, anlayan ola.

    Yağmurlar daşüstə, çiçək bitirər
    Hər düşən toxumu, göyçək bitirər.
    Çürüyü, çürüdər, gerçək bitirər,
    Qananı yuxulu, sanmayan ola.

     

  • Qiymət MƏHƏRRƏMLİ (Yeni şeir) Getmisən

    1836816_10200683320604901_1150158201_o

    “Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru,

    Filologiya elmləri üzrə fəlsəfə doktoru

    Bəlkə xətrinə dəymişəm,
    Onunçün çıxıb getmisən.
    Həsrətini nar suyutək
    Qəlbimə sıxıb getmisən.

    Göynəyin mənə uyğunu –
    Aləmə bəlli duyğunu –
    Mənimçün kim olduğunu
    Başıma qaxıb getmisən.

    Ölsəm, gen qazı qəbrimi,
    Bircə gün çəkmə qəhrimi.
    Onsuz da dağca səbrimi
    Ovcuna yığıb getmisən.

    Dözüm var – dözüm hələ ki,
    Xeyirə yozum hələ ki.
    Getsən, ürəkli söylə ki,
    Evimi yıxıb getmisən!
    Evimi yıxıb getmisən!

     

  • Mayisə ƏSƏDULLAQIZI (Yeni şeir) Elə səfadı ki

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru.

    Sevgi elə səfadı ki,
    Hər bir kəsi salar dərdə,
    Səfası nə havadı ki?
    Gözlərə də çəkər pərdə.
    Əzilmişi düz görərsən,
    Bədahətən söz deyərsən,
    Sağlığa yüz-yüz deyərsən.
    Yadına salarsan, dostum,
    Gəzdiyin bağçanı, bağı,
    Ovu itmiş səyyadsayağ,
    Sinəyə çəkilən dağı…
    Durnalar ötüb keçəndə,
    Ürəyinə mən köçəndə,
    Bir gecə şərbət içəndə,
    Hökmünü itirər huş da,
    Yanağa od salar yaş da…
    Hələ olmamışam naşı,
    Gözünü dəldi yad daşı,
    Hərdən çözələ yaddaşı,
    Çəməndə, daşda gəz məni,
    Baharda, qışda gəz məni!

  • Rafiq Oday

    profil
    Şair-publisist, respublikanın Əməkdar jurnalisti

    Dərd, Şəhidlər xiyabanı, Səməd Vurğun, Cəfər Cabbarlı, Nizami Gəncəvi və böyük Allah

    Ailə üzvlərimizdən birinin ciddi xəstəliyi səbəbindən bir müddətdir ki, özümdə, sözümdə deyiləm. Çox qərarsızam. Nə edəcəyimi, hara, kimə üz tutacağımıbilmirəm. Ümidimi göydə Allaha, yerdə həkimlərin zəmanətsiz müalicəsinə, bir də yaxınların, əzizlərin və dostların dualarına bağlamışam. Kövrəkliyim ucbatından gözlərimin tez-tez dolması səbəbindən və bu da ciddi iş rejimində çalışan, gün ərzində müxtəlif insanlarla ünsiyyətdə olan məsul bir adam üçün məqbul sayılmadığından növbəti məzuniyyətimi götürəsi oldum. Bu gün bir həftədir ki, məzunuyyətdəyəm. Həmişəki kimi səhər tezdən oyanmışam. Xəstəni Bakıya, ailənin diər üzvlərini də elə həmin mərkəzə xəstə üçün qan verməyə göndərdim. Özüm də ürəyimin nisgilinə, könlümün qübarına qısılaraq evdən çıxdım. Darmadağın düşüncələr içərisində bir də gördüm ki, şəhərimizdə hamının tanıdığı Göyərçin abidəsinin önündə¬yəm. Yenicə boy göstərən günəşin şəfəqləri Xəzərin dalğaları qoynunda ləngər vuraraq əsrarəngiz bir mənzərə yaratmışdı. Göyərçin abidəsinə nəzər saldım, ürəyimdən ilk keçən hiss bu oldu: “Sülh, əmin-amanlıq, qəmdən-kədərdən, ağrıdan-acıdan uzaq bir ömür yaşaya bilmək nə gözəl şeymiş, İlahi.” (daha&helliip;)

  • Günay Həsənli (Şeirlər)

    11328903_1449906325325410_1836864012_n

    Dünya

    Söylə sənə neyləmişəm?
    Mənsiz olan, mənli dünya.
    Çoxlarına kef-damaqsan,
    Mənə niyə qəmli, dünya?
    Haqqımı yedizdirib,
    Nadanları gəl az güldür!
    Dəfələrlə göynətdiyin
    O həminki yazıq mənəm.
    Daha bəsdi, gəl göynətmə,
    Birdəfəlik öldür, öldür!
    Öldür məni, tezcə öldür!
    Öldürməsən, gözlərimdən axan yaşı
    Bir dərəyə,
    Damla-damla toplayacam.
    Dünya…
    Səni su basacaq.
    Diri-diri yandırırsan,
    Yandır hələ.
    Rəhmin gəlmir mənə sənin,
    Mənim sənə gələcəkmi?
    Mən də səni göz yaşımdan yaratdığım,
    Səndən böyük bir dəryada boğacağam.
    Sənlə olan bu savaşın
    Qalibi mən olacağam.
    Qalibi, MƏN olacağam!…
    24.06.2014 (daha&helliip;)

  • Nicat KAMALOĞLU (Yeni şeir) Qoyma baxsın özgə göz saçlarına

    5a4962ea577c

    Gülüm, aç saçını yandı qəlbimi,
    Qoyma baxsın özgə göz saçlarına.
    Sənin saçlarından gözəl saç varmı,
    Dünyanı qul eylə öz saçlarına.

    Gözəlsən, gözəlim, saçların gözəl,
    Sənsiz yazmağın yox mənaıi qəzəl.
    Sən təksən gözəlim yeganə, əzəl,
    Çatdıra bilmərəm söz saçlarına.

    Sevgimlə bu dövran yenə çönəcək,
    İnanmıram keçən zaman dönəcək.
    Sənin üçün yanan qəlbim sönəcək,
    Düşməsin qəlbimdən köz saçlarına.

    Nə külək oxşasın sənin telini,
    Gəl yanıma, ey bəxtimin gəlini!
    Nicat saçlarına tutsun əlini,
    Düşməsin, Nigarım, toz saçlarına.

  • Təranə TURAN RƏHİMLİ (Şeirlər)

    10983579_412519555599874_3940460926476720120_n

    SƏNƏ YAZMADIĞIM ŞEİR

    Anama

    Sənə yazmadığım şeir
    Yıxacaq içimdə məni.
    Öləndə ruhuma dolub
    Çıxacaq içimdən mənim.

    Boynumda haqq gedəcəyəm,
    Bu torpaq, daş bilməyəcək.
    Qoynunda sevgi tapdığım
    O yaz, o qış dönməyəcək.

    Yerə girəcək gözümdə
    Dost-tanışın dönük üzü.
    Axtaracaq məndən sonra
    Ruhum sənə layiq sözü.

    Sənə yazmadığım şeir
    Gizlicə enəcək qəbrə.
    Sən də ağlamayacaqsan
    Doğulmayıb ölən şeirə.

    ŞAİRLƏR

    Adil Mirseyidi itirdik…
    Min il özünə yol gəlir
    Özünü bilənə kimi.
    Yüz kərə dirilib ölür
    Əcəli gələnə kimi.

    Hörümçək kimi tor qurur,
    Torunu içinə yığır.
    Nə dərd var sinəyə çəkir,
    Tüstülənib şeir çıxır.

    Dağnan, bulaqnan dərdləşir,
    Sıxır qayanın əlini.
    Daşa danışmaq öyrədir,
    Bilmir kor bəxtin dilini.

    Allahın gözü üstündə,
    Qəlbində Allah işığı.
    Qocaldır, böyütmür Allah
    İçindəki saf uşağı.

    Sözündən asılıb ölür,
    Qoymur sözü boğulmağa.
    Bezib köhnəlmiş ömürdən
    Ölür təzə doğulmağa.

  • “Şəfa EYVAZ.”Ehtiyac”

    1423756700_sefa-xanim

    Mənim yuxularım qarışır, Ana!
    Qarışır, içindən çıxa bilmirəm.
    Darıxır ürəyim içimdə, Ana!
    Darıxır, özümü yıxa bilmirəm.

    Sənin əllərinin kəraməti var,
    Gəl, topla dağınıq ruhumu yenə.
    Qan verən yaramı ürəyinə sar,
    Bir tək ürəyini sıxa bilmirəm.

    Zaman tərs yellənir, ömür viranə,
    Dağıdıb küləklər könül evini.
    Ya ruhum sovrulub bir küncə yenə,
    Ya da ki çıxmışam yoxa, bilmirəm.

    Bu suçlu taledə müttəhim özüm,
    Hakim də özüməm, qınama, Ana!
    Elə dəyərsizə ağlayır gözüm,
    Sonradan üzünə baxa bilmirəm.

    02.06.2015

  • Tural Sahab (Yeni şeir) Yenə görüşdük

    1545553_10203040697648544_1046483349_n

    Yenə görüşdük
    Şeirə dönən bir sevginin ilk hecasında
    Mənim baxışlarım,
    Sənin gözlərinin qarasında
    Ulduzlardan danışdın
    torpağı dinlədim
    Sən göy qurşağı idin
    Mən qarışqa
    Gör hardan, hara iməklədim
    Balaca bir uşaqdım
    Nağıllara inanan
    Ana laylasında
    Gül tarlasına yuvarlanan
    Sonra sən gəldin
    Nağıllar şeirə döndü
    O balaca uşaq
    O gül tarlasında öldü

  • Fidan Abbasova (Yeni şeir) Nədir?

    f

    Nədir həsrətini çəkdirir mənə
    Sanki ürəyimi , ruhumu alır
    Nədir hər addımla rastlaşıb sənə
    məni sevgisinə götürüb qatır….

    Doldurur ruhumu sevgisiylə bol
    sarılır boynuma sanki iki qol
    bu çətin , enişli , yoxuşlu bir yol
    Məni hər gün , hər gün başdan yaradır…

    Duyğular , arzular, gerçəkləşincə
    insanlar daima bədbinləşincə
    fikirlər bir anlıq kəskinləşincə
    qəlbimdə sanki bir güman yaradır.

    Müəllif :

  • Gülnarə Sadiq (Yeni şeir) Mən anayam…

    gi

    Mən Anayam!
    Mən Vətənəm!
    Gör nə qədər oğul dağı
    Verib mənə əzəl düşmən.
    Dərbəndimə yas tutmamış
    Borçalımı apardılar.
    Zəngəzura yas tutmamış,
    Bu həsrətə alışamamış
    Təbrizimi qopardılar.
    Bir yara var ürəyimdə,
    Şuşa adlı nazlı gəlin.
    Bir acı var ürəyimdə ,
    Laçın adlı adlı dağlar qızı.

    Bu dərdim bu kədərim,
    Babəkimin,Koroğlumun
    Qeyrətinə yaman dəyib,
    Bu ayrılıq,bu həsrətim,
    Həcərimin ürəyinə yaman dəyib.
    Mən ölmüşəm.
    Mən bitmişəm.
    Vətənsizlər vətəninə çevrilmişə.
    Xocalımın göz yaşları
    Buludları parçalayıb.
    Kəlbəcərin ah naləsi
    Ürəkləri qucaqlayıb.
    Itkin balam,
    Körpə balam.
    Ey,Fizulim!De hardasan?
    Düşman ayaqları batıb bağrına.
    Ey,bala,
    Ey,oğul!
    Halın necədi?
    Gözlərim qəlbində qalıbdı,Bala!
    Mən anayam!
    Mən vətənəm!
    Mən ürəyi dağlı Vətənəm!

  • İlkin Abbas ( Yeni şeir) KAŞ Kİ UŞAQ OLAYDIM…

    10488853_1448886432044495_115390713_n

    Kaş ki uşaq olaydım, üz tutaydım nənəmə,
    “Nolar ay nənə mənə, nağıl danış”- deyəydim.
    Elə ki başlayardı, nağılı danışmağa,
    Danışıb bitirməmiş, mən yuxuya gedəydim.

    Kaş ki uşaq olaydım, məktəb vaxtı gələndə,
    Babam “qalx dərs vaxtıdır”, deyəydi, oyanaydım.
    Mətbəxdə yeyəndə biz, onla səhər yeməyi,
    Mən özümü dünyanın, ən xoşbəxti sanaydım…

    Kaş ki uşaq olaydım, dərsimdən beş alanda,
    Ucalaydı sevincim, mənim ulduza, aya.
    Anam bağrına basıb, saçımı oxşayaydı,
    Sonra “afərin” deyib, öpəydi doya-doya…

    Kaş ki uşaq olaydım, yaşımdan böyük olan,
    Sualları verərək böyükləri yoraydım.
    Gah alim, gah müəllim, gah da ki professor
    Olacağam deyərək, fikir, xəyal quraydım…

    Kaş ki uşaq olaydım, ondakı sevincimin,
    İndi heç nə verməyir, zərrəcə yerini də.
    Təəssüf ki zamanı, qaytarmaq olmur geri,
    Tapmaram o günlərin, heç zaman birini də…

    Kaş ki uşaq olaydım, neynirdim böyüməyi,
    Daim xatırlanırmış yaşa dolduqca keçmiş…
    Kaş ki uşaq olaydım, böyüdükcə anladım,
    İnanın ki böyümək, vallah bir şey deyilmiş…

  • Şəfa Kamilli (Yeni şeir) Gecələr.

    11061280_1614076985516004_9113405962356190684_n

    Kabusum ,düşmənim oldu, gecəlr .
    Sən yoxsan ,qatilim .oldu gecələr,
    Yarali qelbim kabus gecəlr ,
    De ,görüm nə edim, kabus gecəlr .
    Uşuyən ruhumla tək -tənha ,qara gecələr ,
    Qurbanin olduğum ,bilim bunu ,
    Sənədə ,kabusd ,kədərdi ,dəhşətd , qara , gecələr .
    Yay günü ,qardi -borandi ,
    Titreyen qelbime ,kozdu ,yaradi ,
    Sensizlik ,dehşətd qara gecəlr .
    Qəlbimə kabus tək ,köçdu gecələr ,
    Yay ğünü ,dondirdu ,qəlbimi yaman ,
    Bu kadus ,bu qara ,uzun gecələr ..

  • Hikmət Məlikzadə (Yeni şeir) Sosial peyzaj

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər  Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    ***

    Sosial peyzaj

    Saxta təbəssümlər
    Eşidə bilmədiyin pıçıltılar kimidi;
    Adama hicran verir.
    …Ruhun fikri göydə, özü darda.
    Açığı, alındakı qırışların sayı qədərdi
    Sürüşkən xəyallar da…
    …Bir də görürsən, duaların
    dodaqlarının arasında güvə tutub.
    Məyusluq canını sarır,
    Əllərini Allahdan aralayırsan.
    Kölgənsə, varlı adamların keçmədiyi
    beton səkilərdə xatirə şəkli çəkdirir…
    Bir tikə çörək üstündə
    Bir-birlərinə dimdik atan
    alabəzək sərçə balaları ilə.
    Qəfildən dağınıq diqqətini
    göz qamaşdıran villalara mismarlayır
    ruhu ac, qarnı tox dilənçi uşaqlar.
    …Zaman çat salır.
    Bir əcnəbi də
    Kamerasının yaddaşına həkk edir
    İşıqlı küçələrdəki qara kölgələri..

  • Afət VİLƏŞSOY (Yeni şeir) Sənə

    afetxanim

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,  
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    O otaq saxlarmı dostluğumuzu?
    Gözümüz keçmişə dönə, ağlaya..
    O kiçik kirayə otağındakı

    Toyda oynamırıq, sevincimiz qıt,
    Döndümü fələyin çarxı tərsinə?
    Atılıb-düşərdik, lap uşaq kimi
    Bir köhnə radio musiqisinə..

    Bəlkə, tək bu çatmır xoşbəxt olmağa,
    Şirin xatirələr kövrəlir gendən.
    Orada bir parça ondan gizlənib,
    Orada bir parça səndən və məndən.

  • Xəyalə Sevil (Yeni şeir) Yerə tullayıblar getdiyin yolu

    11017528_447704908733924_2122182663440572457_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Ömrümü çəkmisən ayağım altdan,
    Düşmüşəm, düşmüşəm üzümün üstə.
    Mən sənsiz ağ günə çıxmamışam, yox,
    Dumandı, çökübdü gözümün üstə.

    Yerə tullayıblar getdiyin yolu,
    Axı sən gedəndə “göylə” getmişdin.
    Mənim həsrətini gəlin aparıb,
    Ağlayıb atdığım suyla getmişdin.

    Ulduz pəncərələr açılıb göydə,
    Düşür işıq-işıq yoluma mənim.
    Başımın üstündə bir ay dayanıb,
    İşığı giribdi qoluma mənim.

    Və belə… Sənsiz də yaşamaq olur,
    Mən ömür gəlirəm, ömür gedirəm.
    Öldürüb sonuncu ümidlərimi,
    Başımın üstündə qəbir gedirəm.

  • Günel Əjdərqızı (Esse) Şirinlik

    gunel
    Hardasan, ey mənim sevincli, qayğısız, həyat dolu uşaqlıq illərim….Kaş bir anlıq keçmişə qayıdıb uşaq olaydım. Dərdimi, problemlərimi unudub əziz atamın əlindən “şirinlik” payımı alaydım. Amma təəssüf ki , nə atam həyatdadır, nə də ki, zamanı geriyə qaytarmaq olur. Bir zamanlar – yəni avropaya inteqrasiya etməzdən əvvəl “şirinlik” deyəndə körpələrin üzlərində sanki gülüş, təbəssüm işıq saçardı. Onları sevindirmək üçün qohum, əqrabalar konfet, saqqız, müxtəlif formalı şirniyyatlar alardılar. Doğma dilimizdə bu onların “şirinliyi” hesab olunurdu. Onda “şirinlik” axar sular kimi saf və təmiz idi. Uşaqlar onu əldə edəndə şirinlik onlar üçün elə mənalı və sevincli olurdu ki, bunu söz ilə təsvir etmək olmaz. Amma illər keçdi, uşaqlar böyüdü, sonradan dünyaya gəlib, böyüyəcək uşaqlara “şirinlik” payı qalmadı. Birdən- birə nə oldusa uşaqların “şirinliyi” vaxtından əvvəl boy atıb böyüklərin “şirinliyi”nə çevrildi. Bundan sonra nəyə oxşayacaq bəlli deyil. Tanrı pisindən saxlasın. Biz nədənsə “şirinlik “almağdan çox onu kimlərəsə verməyə adət etmişik. “Şirinlik” adı gələndə gözlərimizin önündə manatlar, dollarlar, yevrolar və s.. uçuşur. Deyirəm ya rəbb, müasirləşdik, avropalaşdıq, day demədik ki, şirinliyimiz bu günə qalsın. Bu bir həqiqətdir ki, böyüklərin “şirinliyi” bahalı və qiymətlidir. Lakin dadlı və şirin olması baxımından uşaqların şirinliyinə çata bilməz.Onda nə qorxu, nə də təmənna var. Bu gün şirinlik alanlarla verənlər bərabərlik təşkil etdiyindən bizə də onlara “ağzınız şirin olsun” demək düşər. Sanıram, körpələrimiz, nə vaxtsa, həqiqəti dərk edəndə bir ağızdan: “Toxunmayın bizim şirinliyimizə, almayın onu əlimizdən, qaytarın özümüzə!”- deyib sizlərə səslənəcəklər.

     

  • Şəfa VƏLİYEVA.”Sənsiz xoşbəxtəm, gülüm…”

    sefa1-450x300

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    sənsiz xoşbəxtəm, gülüm…
    güllər üzümə açır…
    ayrılığın əvvəli
    mənim sonuma qaçır…

    tənhadı baş hərflər
    sms yerlərində…
    səsi gələn “ölülər”
    axı, kimin eyninə?

    nəfəsin külək olub,
    Gəncə-Qazax yolunda…
    Yolda xatirəm tutub
    yıxılanda qolundan…

    neynək, işarələr kəm
    “Bakı-Gəncə” sözündən…
    sən gəldiyin yolları
    uydurururam özümdən…

    növbəti dayanacaq…
    gizli döyüş yeriyəm…
    Qazax istiqamətində
    görüş yeri-özüməm…

  • Nəriman Zeynalzadə (Yeni şeir) YANDI KÜLÜ MƏNƏ QALDI

    10441446_1546670888932063_6212223254540954169_n

    Gözlərimi döyüb gəldim,
    Deyəmmədim, dönüb gəldim,
    Üzük gördüm barmağında
    O dünyanı görüb gəldim.

    Ürək qaldı tənha, yalqız,
    Axtarmadım ona tay qız,
    Gözüm qaldı arxasında,
    Vağzalıyla getdi o qız.

    Anam mənə bir qız aldı,
    O da meylin mənə saldı.
    Ürəyimdə qalan sevgi
    Yandı külü mənə qaldı.

  • Mayisə Əsədullaqızı (Yeni şeir) NƏ SÖYLƏYİM…

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru.

    Sən hakimsən, mən bir şair,
    Nə söyləyim sən dair?
    Mənim işim-həyat adı,
    Sevgi ətri, haqq övladı.
    Ürək coşsa, qəlb alışsa,
    Sevinc kədərə qarışsa,
    Odum bu torpağa ocaq,
    Ruhumdan çiçək açacaq,
    Cürətim ulu olacaq,
    Sən hakimsən, mən bir şair,
    Nə söyləyim, sənə dair?!.
    Mənim ürək qanunumu,
    Heş bir hakim poza bilməz,
    Kimsə orda dəfn olubsa,
    Heç kim geri yaza bilməz,
    Birdən qanunu pozaram,
    Yazılanı səhv yozaram,
    Elə sənə vurularam,
    Sən bir hakim, mən bir şair,
    Nə söyləyim, sənə dair?!..

  • Şəfa Kamilli (Yeni şeir) Ruhu mənimdi …..

    11351237_1618881298368906_9192770107247552831_n

    Mənimlə deyilse ,ruhm yaninda ,
    Qəlbimi inçidən ,bu sən dryilsən ,
    Həsrətdən ,hicrandan ,üzən ,inçidən ,
    Bu sən ,deyilsən ,sən deyilsən ,
    Məni xoşbət etmək isdeyen ,
    Ömrumu ,qülüşə qer edmək isdeyen ,
    Hər an mənsiz darixan ,
    Məndən ,çox məni hiss eden ,
    Qözümdə ,bir qilə yaşa gözməyən,
    Hardadi ,görəsən ,ağ atli olan ,
    Ömürümə ,xoşbəzdlık qətirən adam ,
    Hardai ,görəsən ,huhu mənlədi ,
    Özüysə yoxdü ,birdənm ,əzizim ,
    Qörən ,hardadi , ruhu mənimlədi ,
    Minillər boyu ,özüysə yoxdu ,
    Mənlə deyil ,ruhu mənlədi ,
    Mənim ruhum ,qoruyucu ,mələyi ,
    Qoruyacaq ,yenədə ,özu menlə dryilse ,
    Ruhu hey yanimdadi ,o bunu fərqindədi ,
    Özu yoxdu ,yanimda ,huhu mənimlədi ,
    Qəlbi ,ruhu ,mənimdi ,özüdə fərqindədi ..

  • Rəşad Məmmədoğlu (Debüt) MƏNİ TƏRK ETSƏN ƏGƏR!..

    q

    Nəfəsim bir küləkdir,
    Yollarından əsənki.
    Sevgim daşı əridir,
    Sən yanımda nəsən ki.
    *
    Kinimdəki nifrətin,
    Təsirin görməmisən.
    Sən bağlı məhbəsimin,
    Əsirin görməmisən.
    *
    Məni tərk etsən əgər,
    Bir müqəssir olarsan.
    Məhbəsimdə müxtəsər,
    Həmin əsir olarsan.
    *
    Sənə verdim qəlbimi,
    Sevirsənsə yaşad sən.
    Qismətində ismini,
    Oxu, yazılıb, Rəşad, sən

  • Aqil Kəngərli BU GÖZƏLİN NƏ DƏRDİ VAR, GÖRƏSƏN?

    a1

    Dilindədir yüz naləsi,min ahı,
    Bilməyirəm,nədir suçu,günahı,
    Hey səsləyir peyğəmbəri,Allahı,
    Bu gözəlin nə dərdi var,görəsən?

    Gözlərindən tökülür yaz yağışı,
    Qüssə dolu,kədər dolu baxışı.
    Yeri,göyü yandıracaq qarğışı,
    Bu gözəlin nə dərdi var,görəsən?

    Kim dağ çəkib,kim qanadıb yarasın,
    Yarı ölüb,itiribmi balasın?
    Kim incidib,Tanrı versin bəlasın,
    Bu gözəlin nə dərdi var,görəsən?

    Rəngi qaçmış,qəm içində boğulmuş,
    Bir gecədə qara saçı ağ olmuş.
    Bəlkə yurdu,el-obası dağılmış,
    Bu gözəlin nə dərdi var,görəsən?

    Çarəsizdir,bilməyir ki,neyləsin,
    Yardım etsin,kimsə kömək eyləsin.
    Bilən varsa,bir mənə də söyləsin,
    Bu gözəlin nə dərdi var,görəsən?

  • İslam Azimov Mən nağıl deyiləm axı!!!

    isko

    Çox da dünya boyda dərdim ,qəmim var.
    Çox da göz yaşımda batmış gəmim var,
    Demə yüz kəsirin , minbir kəmin var
    Məni ürəyimdən , gözümdən oxu ,
    Mən nağıl adamı deyiləm axı
    .
    Buraxma hicrana tənha, tək məni ,
    Bircə yol əlimdən qaldır , çək məni
    Özün ilmə -ilmə doğra, tök məni.
    Təki öz qurduğun arğaca toxu,
    Mən nağıl adamı deyiləm axı
    .
    At məni atəşə , közə, bilmərəm
    Ümidsiz bir gün də dözə bilmərəm
    Mən sınıq vüqarla gəzə bilmərəm
    Keçib , keçməkeçlə ömrümün çoxu
    Mən nağıl adamı deyiləm axı.

  • Zeynəb Dərbəndli “Gəlir”

    z

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    O qədər haqsızlıq görmüşəm ki, mən,
    Bezib bu dünyadan ölməyim gəlir.
    Azacıq tarixə düşsə də, adım,
    Adımı tarixdən silməyim gəlir.

    Bu dünya bürünüb fitnə, yalana,
    Az qalıb insanlıq qopa, talana.
    Yalandan insanam, deyən insana,
    Lap uşaqlar kimi gülməyim gəlir.

    Nə yazıq sözçü də söz deyən olub,
    Haqlını sındırb, düz deyən olub.
    Hamı insanlığı izləyən olub,
    Nahaqqı haqq ilə bölməyim gəlir.

    Zeynəbəm, baxıram bu insanlara,
    Haqsız təsdiqlənən haqsızlıqlara.
    Görəndə ki, yer var pis, nadanlara,
    Göydən bir daş kimi enməyim gəlir.

  • Hikmət Məlikzadə. Yeni Şeir…

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər  Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,

    * * *

    Bir ac canavar
    ulartısı kimi gəlir mənə
    qışqabağı lüt çöllərə
    mərsiyə deyən küləyin səsi.
    İkisifət buludlar
    sinəsi xalı qızlar kimi iç atır.
    Bir az qarşıda beş-on sərçə
    ağız-ağıza verib
    aclıq nəğməsi oxuyur.
    Koroğlu cüssəli bir gənc də
    imkanlı dadaşların
    topdağıtmaz
    xarabalarının ağzında
    səliqə ilə düzülmüş
    zibil qutularını narahat edir.
    Bir az aralıda bəzəkli villalar
    kənd kişiləri
    kimi bardaş qurub
    bu vəhşətə baxış sərgiləyir.
    Allahım, bu qarnı ac,
    əyni şux şəhərə
    gərəkdimi ac adamlar,
    kasıb daxmalar?