Sevinc Həmzəyeva(Sevinc Səyyad qızı Həmzəyeva) 1977 – ci ildə anadan olmuşdur. 1984-1994 – cü illərdə orta məktəbdə oxumuş, 1995 – ci ildə ADPU–nun Filologiya fakültəsinə daxil olmuş, 1999 – cu ildə həmin universitetin bakalavr pilləsini, 2001–ci ildə isə “Antik ədəbiyyat” ixtisası üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir.
Hələ orta məktəb illərindən poeziyaya maraq göstərir.Dövri mətbuatda ara-sıra şeirləri ilə çıxış edib.Şeirləri “Sumqayıt Universiteti”, “Sözün Sehri” qəzetlərində, “Ziyalı Ocağı” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən Mədəniyyət və Ədəbiyyat Portalında dərc olunub.Son zamanlar qələmə aldığı “İntizar” hekayəsi də “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına yerləşdirilib.Hal-hazırda “Gənc Yazarlar” Ədəbi Birliyinin və “Ziyalı Ocağı” İctimai Birliyinin üzvüdür.”Sumqayıt Universiteti” qəzeti və “Ziyalı Ocağı” jurnalı ilə sıx əməkdaşlıq əlaqələri saxlamaqdadır.
2001 – ci ildən Sumqayıt Dövlət Universitetində Filologoiya fakültəsində işləyir.
2003 – cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsində əyani aspiranturasına qəbul olmuş, 2006 – cı ildə prof. Vaqif Arzumanlının rəhbərliyi ilə “Azərbaycan – ingilis ədəbi əlaqələrinin inkişafında bədii tərcümənin rolu” adlı dissertasiyasını aspirantura müddətində tamamlamış və şöbəyə təqdim etmişdir. Hazırda həmin şöbənin əməkdaşıdır. Eyni zamanda Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsində dekan müavinidr, filologiya üzrə fəlsəfə doktorudur. Onlarla elmi məqalənin müəllifidir. Həmçinin dövri mətbuatda da yazıları ilə çıxış edir.
2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü və Ədəbiyyat bölməsinin Baş redaktoru seçilmişdir.

* * *

Rəqs edək…
Musiqisiz, çalğısız,
Qəlbimizin ahənginə…
Əvvəl baxışların
baxışımı qucaqlasın…
Nəzərlərdə qovuşaq…
Çəkmə məndən gözünü
Həkk olunum bəbəyinə…
Sonra…
əllərimdən tut…
barmaqlarını
bircə –bircə oxşayım…
Bircə – bircə öpüm baxışlarımla…
Yanağına toxunum
Ovcumun istisinə
Alışsın üzün, eşq ilə…
Sonra…
Rəqs edək
Qəlbindən süzülən nəğməyə
Dodaqların incə –incə təmasında
Duyğularımla baş – başa
Sarmaşıb sənin duyğularına
Rəqs edək…
Sonra, içimə çəkim səni bir udum nəfəs kimi
Sonra, içinə çək məni
Sənə həyat verən
Bir məlhəm kimi…

2008

* * *

İçimi didən həsrətin
Könlümü üzən həsrətin
Az qala…
Məni sevdi həsrətin
Səndən də çox…

Yarım oldun
Bağrımı yaran oldun
Xatirəmə həkk olunub
yadım oldun
Hərdən doğmadan doğma…
Hərdən ögey, yadım oldun…

Hər anımda anılan…
Hər yanımda duyulan
Yandırdıqca…
Həsrətinə sarılan
Nəvazişim, mehrim, şəfqətim…
Sənə həsrət
Özüm kimi…

2008

* * *

Sən – həsrətlər içindən
Sevgiyə bürünüb gəldin
Sən – hicranın içindən
vüsala çönüb gəldin
Ayaz vurmuş budaq üstə
Tumurcuğa dönüb gəldin
Günəş boyda şəfəq olub
zülmətləri dağıtdın…

Fərəh olub qəhərimi
bir gülüşlə yox etdin
Nəğmə olub hər sözümü
musiqinlə dindirdin
Ruhum olub bu canımda
varlığımı diriltdin
İnam oldun! Öz eşqinlə
şübhələri dağıtdın…

2010