10515052_1454147261518412_988404994_n

Ağlayır, qurumur gözünün yaşı,
Qovurur qəlbini həsrət dağında.
Alnı düyünlənib, çatılıb qaşı,
Bir gəlin ağlayır yad ocağında.

Donubdur zirvəli dağın buzu tək,
Sönübdür taleyi dan ulduzu tək,
Boynunu bükübdür yetim quzu tək,
Bir gəlin ağlayır yad ocağında.

Ocaqtək yanıbdır, közü qalmayıb,
Bu eşq dünyasında izi qalmayıb,
Daha deyiləsi sözü qalmayıb,
Bir gəlin ağlayır yad ocağında.

Həvəssiz sevginin odunda bişib,
Gülüşü dəyişib, səsi dəyişib,
Elə bil yetimlər evinə düşüb,
Bir gəlin ağlayır yad ocağında.

O kövrək gözləri qəlbi sızladır,
Bütün kəlmələri qəm-kədər dadır,
Yəqin ki, ürəyi başqasındadır,
Bir gəlin ağlayır yad ocağında.

Səbəb də olmadı qəlbi sevinə,
Dili də gəlməyir dil açıb dinə,
Qayıtmaq istəyir ata evinə,
Bir gəlin ağlayır yad ocağında…