TƏRCÜMEYİ-HAL

Saqif Qaratorpaq ( Babayev Saqif Qnyaz oğlu) 1963-cü il oktyabr ayının 26-da Qazan ( indiki Ağstafa) rayonunun Köçəsgər kəndində anadan olub.İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb.
1982-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olub.1986-cı ildə həmin Universiteti bitirib.1999-2003-cü illərdə Qazax Müəllimlər İnsitutunun Tarix fakültəsində ali təhsil alıb.2000-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.2001-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvüdür.
Saqif Qaratorpağın ilk şeirləri “Ulduz”, “Azərbaycan”, “Gənclik” jurnallarında, “Kaspi”, “Avrasiya”, “Yol”, “Ədəbiyyat və İncəsənət”, “Ekspress” qəzetlərində dərc olunub.
2006-cı ildə “Adiloğlu” nəşriyyatı tərəfindən “Şamın kölgəsi” adlı ilk şeirlər kitabı nəşr olundu.2012-ci ildə “Ünsiyyət” nəşriyyatı tərəfindən “Bir könül varağında” adlı ikinci şeirlər kitabı nəşr olunub.Haal-hazırda Ağstafa rayon Köçəsgər kəndində 1 saylı orta məktəbdə Tarix müəllimi işləyir.Ağstafada fəaliyyət göstərən “Hüseyn Arif” Ədəbi Birliyini n sədridir.
Saqif Qaratorpaq dövri mətbuat səhifələrində şeirləri ilə ardıcıl olaraq çıxış edib.
Saqif Qaratorpağın ömrünün sonrakı günlərind əşeirləri Bakı şəhərində “Sözün Sehri”, “Bizim Söz” qəzətlərində, “Ziyalı Ocağı” jurnalında, Mədəniyyət və Ədəbiyyat Portalında dərc olunub.

XƏNCƏR

O ki dar ayaqda qoruyub bizi,
Paxıl ürəklərə tuşlamışıq biz.
Bəlkə də birinci döyüşümüzü
Xəncər davasıyla başlamışıq biz.

Gümüş dəstəyində barmaq izləri,–
Bilirəm, qorxağın əlinə yatmaz.
Görsə ürəksizin əsər dizləri,
Belinə bağlasa, belinə yatmaz.

Doğrusu, bir azca parıltımız var,
Qorxub qınımızdan çıxa bilmirik.
Eh, elə quruca qaraltımız var,
Bərkə düşən kimi gözdən itirik.

Tiyəsiz xəncərlər göz qamaşdırır,
Gizləyə bilmirik «heyrətimizi».
Yaltaqlar yığılıb «muzey» açdırır,
Rəflərə qoyuruq qeyrətimizi.

İtir yavaş-yavaş sözün ovxarı,
Korşala-korşala tiyəsiz qalır.
Üstündən ötdükcə vaxtın axarı,
Gümüş xəncərimiz yiyəsiz qalır.

Deşir ürəyimi bir dərd xəncəri,
Dəvanın-dərmanın əsəri olmur.
Qardaş, korşalanda qeyrət xəncəri;
Gümüş xəncərlərin kəsəri olmur.

ÇIYINLƏR

Çiyinlər öyrəşib həmişə yükə,
Baharı daşıyıb, qışı daşıyıb.
Sevdası, qovğası özündən yekə
Ağıllı, ağılsız başı daşıyıb.

Çiyinlər öyrəşib həmişə yükə,
Yorulmaz yollarda dəvələr kimi.
Gedərik yol boyu tər tökə-tökə,
Gedər çiynimizdə dünyanın qəmi.

Gedərik dayanıb, dinşəyib bir az,–
Torpağın qarğışı tutana kimi,
Çiynimiz tabuta çatana kimi
Boyumuz uzanar, ömür uzanmaz.

Çiynimiz tabuta çatıb dayanar,
Yox olar dünyanın nağılı birdən,
Hardasa baxtımız yatıb dayanar,
İtirrik ümidi, ağılı birdən.

Yapışar yollara ayaqlarımız,–
Torpaq ilğım kimi çəkər adamı.
Çatlayar qəfilcə dodaqlarımız,
Bir anlıq unudar adını hamı.

Bir qorxu qıvrılıb yatar ürəkdə,
Açıb ağartmarıq ancaq heç kimə.
Sevinci hamıyla bölə bilsək də,
Dərd var–bölünəsi deyilmiş demə.

Yaxın olanmazmış heç vaxt özgəsi,
Hər kəsin bir mərhəm kədəri varmış.
Hərənin çiynində bir qəm heyvəsi,–
Hərə öz dərdini tək aparırmış.

QABAĞIMI KƏSƏN VAR

Daha səni qaçırası deyiləm,
Daha yoxdu yollarının qorxusu.
Anan bilsə çəkməyəcək daha qəm,
Qaçmayacaq innən belə yuxusu.

Yuxularım çin olmadı, neyləyim?!
Nədən oldu?
Ya taledən, ya baxtdan,
Sinəm dolu, üzüm gəlmir söyləyim,
Köks ötürüb boylanıram uzaqdan.

Arzularım, diləklərim, şüşəydi,
Sındı qəfil, qəlpə-qəlpə töküldü.
Səni tale, məni də ki vaxt əydi,
Sınan qəlbi bacarırsan tik indi!

Görən sənmi, görən mənmi günahkar,
Ya ağlımla dil tapmayan ürəyim?!
Göstər mənə günahsız bir Adam var,
Tanrı deyim, ulu deyim, pir deyim.

Daha səni qaçırası deyiləm,
Daha məndən hər gün uman-küsən var.
Daha səni ötürəsi deyiləm,
Bilirsənmi, qabağımı kəsən var.

DÖYÜŞ

Döyüşdü…
Baş düşür yerə:
insan başı, at başı.
Meydanda düşən papaqlar
gəzirlər yiyəsini.
Meydanda düşən papaq kimi
düşüb qaldı yurd yeri,
dönüb də Kim götürər?!

* * *

Sən də, mən də
iki damla göz yaşıydıq.
Axdıq, axdıq
bir həsrətin yanağıyla,
bir vüsalın daş ovcuna
düşənmədik.
Nə sən mənə,
Nə mən sənə küsənmədik.
Axdıq, axdıq
ömrümüzdən
bulud kimi ötüb keçən
günü, ayı saya-saya,
Sən bir çaya,
mən bir çaya,
bir həsrətin yanağıyla…

GÖRÜNMƏZ

Bu sevdanın payızı
Gətirdimi ayazı?
Gözlərimdə qəm buzu,
Əriməz ki, əriməz.

Bilirdimmi bu istək,
Çən-dumana düşəcək.
Qəm düzündə bəxt köşək,
Yeriməz ki, yeriməz.

O çağıran kim idi?!
İtirdimmi ümidi?
Ürək uşaq kimidi,
Kiriməz ki, kiriməz.

Sevda ulu, eşq əzəl,
Töküldüm xəzəl-xəzəl,
İtirdiyim o gözəl
Görünməz ki, görünməz.

SƏN GEDƏN YOLLARIN

Sən gedən yolların üzü qürbətə,
Bir də bu yerlərə gələcəkmisən?!
Sən gedən yolların üzü həsrətə,
Geriyə qayıda biləcəkmisən?!

Üz tutub gedirsən bəs birnəfəsə,
Axı, bu getməyin qayıtmağı var.
Hayıf, ayrılığın yolları kəsə,
Hayıf, ayrılığın yolları hamar.

Payızda köç edən durna deyilsən,
Geriyə dönəsən yaz gələn kimi,
Qəm səni tanıyar, qəmə əyilsən,–
Tənha bilən kimi, tək bilən kimi.

Gözlərin yol çəkər, yollar uzanar,–
Baxdıqca ürəyin sıxılacaqdır.
Sən gedən yollara qollar uzanar,
Sən dönən yollara kim çıxacaqdır?

Üz tutub gedirsən, getməyə nə var;
Getmək əzab deyil qayıda bilsən.
Gedirsən, bir ovuc torpaq da apar,
Gözünə tökərsən məhəbbət ölsə.

ASFALTA ÇƏKILƏN ŞƏKIL

O gecə rəssamıydı,
naşı bir rəssam,
fırçası dəmirdən,
Bakının sinəsinə çəkdi şəklimi,
Ən böyük küçəsinə çəkdi şəklimi.
Tək bircə şəklim var,–
nə dostlara yollaya bilirəm,
nə qohumlara;
nə də sevgilimə.
Tək bircə şəklim var,–
Sinəsində gəzdirəcək vətən.

ocaq,1990

AĞI

Nə vaxtdı bir qəmin başdaşıyam mən,
Bir qız sevdiyitək qucammaz məni.
Bir yetim sevginin göz yaşıyam mən,
O şana kirpiklər tutanmaz məni.

Qəlbin heyrətindən bir haray doğar,–
Heyrətim bir kövrək sözü gətirər.
Yenə Günəş çıxar, Yenə Ay doğar,–
Sərsəri küləklər yazı gətirər.

O külək köksümə sığına bilsə,
Ötən buludları saxladı bəlkə.
Buludlar məni də yaxını bilsə,
Sıxıb gözlərini ağladı bəlkə.

Sonra göy üzündə bir göy qurşağı
Görüb də qəfilcə dillənəcəksən.
Sonra da bir ömrün dağdan aşmağı,
Sonra, sonrasını nə biləcəksən?

Hərənin öz dərdi öz içindədir,
Ya mavi təbəssüm, ya gözlərdə yaş.
Dünya öz işində öz, gücündədir,–
Yolçu yolda gərək, gəl gedək qardaş!

19.02.1990

ÖZKEÇMİŞİM

Dinc durmayıb dincliyimə daş atdım,
Mələklərin qanadını qanatdım.
Arzuların yüyənini boşaltdım
Sınıq-salxaq arabanın içində.

Öz ağlımın ucbatından ağrıdım,
Uzandığım budaqları doğradım.
Baxtım döndü, bəy quşunu qarğadım
Tozu qopan xarabanın içində.

Bu dünyada tənha qalan qurdmuşam.
Öz səsimi eşidəndə qorxmuşam.
Yüz keçinin dərisini yırtmışam
Neçə-neçə barabanın içindən.