TƏRCÜMEYİ-HAL

Kamran Şeyxzamanlı 1992-ci il oktyabr ayının 4-də Azərbaycan ədəbiyyatı üçün görkəmli söz sənətkarları, mütəfəkkirlər, filosoflar bəxş etmiş qədim Gəncə şəhərində Şeyxzamanlılar ailəsində anadan olub.1999-cu ildə Gəncə şəhər 20 saylı orta məktəbin birinci sinfinə daxil olub.2010-cu ildə həmin məktəbi bitirib.2010-cu ildə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olub.
Hələ orta məktəb illərindən poeziyaya maraq göstərir.Dövri mətbuatda ara-sıra şeirləri ilə çıxış edib. Tələbəlik illərində isə şeirləri Sumqayıt şəhərindəki “Sumqayıt Universiteti”, Bakı şəhərində isə “Sözün sehri” qəzetlərində, müxtəlif ədəbiyyat, o cümlədən Mədəniyyət və Ədəbiyyat portallarında çap olunub.Sumqayıt Dövlət Universitetinin elmi məqalələr toplusunda Müasir Azərbaycan dili və Ədəbiyyatı sahəsində məqalələri dərc olunub.
Hal-hazırda Sumqayıt şəhərində “Gənc Yazarlar” Ədəbi Birliyinin, S. Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvüdür. Sumqayıt şəhərində ”Sumqayıt Universiteti” qəzeti, Bakı şəhərində “Sözün Sehri” qəzetləri ilə sıx əməkdaşlıq əlaqələri saxlamaqdadır.
2012-ci ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayədə Heyətlərinin üzvü seçilmişdir.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş Redaktorudur.(http://edebiyyat-az.com)
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

Torpağa Qayıdırıq………
Doğuluruq, böyüyürük
Cəmiyyətə atılırıq
Yaşayırıq, min dərd ilə
Sevinirik, ağlayırıq
Və torpağa qayıdırıq.

****************
Uşaq kimi sevinirik
Addım-addım, yol gedirik
Çox şeyləri itiririk
Sevgimizi, hissimizi, dinimizi
Və torpağa qayıdırıq.

*****************
Yaşayırıq bu həyatda
Haqq yeyirik, sus deyirik
Hansısa bir həvəsə görə
Bir gədəyə, dayı deyirik
Və torpağa qayıdırıq.

******************
Özümüzü itiririk
Saç boyadıb, qaş alırıq
Gözəl sözə, aldanırıq
Atamızı, anamızı, biz saymırıq
Və torpağa qayıdırıq.

*****************
Utanmırıq, göz yumuruq
Görməməzliyə, vururuq
Kiçi deyib, məğrur-məğrur
Biz yatağa baş vururuq
Və torpağa qayıdırıq.

*****************
Seçənmirəm qız, gəlini
Bəyənmirəm, bu aləmi
Həqiqətən, zəmanəmi
Düşünmürük axirəti
Və torpağa qayıdırıq.

*****************
Ucalırıq vəzifədə
Bəyənmirik qınımızı
Saymırıq biz atamızı
Tanımırıq anamızı
Və torpağa qayıdırıq.

*******************
Ömür bitir qocalırıq
Bu dünyadan o dünyaya
Karvan ilə yolanırıq
Yaxşılığı aparırıq
Var-dövləti saxlayırıq
Və torpağa qayıdırıq.

QADIN AĞLDIQCA,KİŞİ YAŞLANIR…

Bir kişi böyüyür qadın qəlbində
Bir qadın ağlayır kişi qəlbində
Qəlblər ağladıqca, gözlər yaş olur
Torpaqda nəmlənir, yerdə su olur
Qadın ağladıqca, kişi yaşlanır
Qadın gülüşündə, kişi böyüyür
Kişinin gözündə yaş dayansada
Qəlbində küləklər, tufanlar olur
Qadınlar! kişilər ağlamasada
Sizin üçün ağlayan vaxtları olur!..

Kişinin mərdliyi, kişiliyidə
Buluda çevrilib, çiskinli olur
Qüruru,vüqarı , dəyanətidə
Çevrilib bələkdə bir uşaq olur
Qadınlar! kişilər ağlamasada
Sizin üçün ağlayan vaxtları olur.

MƏNİ ÖZ YERİMDƏ TAPMAYACAQSAN

Günü-günə satan dövran dönəcək
Yaşanan sevgilər bir gün bitəcək
Pərvanə olassan,şam axtarassan
Məni öz yerimdə tapmayacaqsan.

Zamanın çarxını dəyişən fələk
Sevgini həsrətə çevirən külək
Ömür yollarında eşq axtarassan
Məni öz yerimdə tapmayacaqsan.

Həyatın yolları səni yoracaq
Riyakar insanlar səni boğacaq
Bu qara oglanı çox axtarassan
Məni öz yerimdə tapmayacaqsan

Artıq qurulacaq bir toy bir büsat
Bir yol kənarında dayanacaqsan
Sevgisiz yataga baş qoyacaqsan
Məni öz yerimdə tapmayacaqsan
Sevəssən bir Allah bəndəsini sən
Sevilmək meylindən məhrum olassan
Kamranın eşqini axtaracaqsan
Məni öz yerimdə tapmayacaqsan.