Sumqayıt Kimya Sənaye Parkında “SOCAR-Polymer” layihəsi çərçivəsində tikintisinə başlanılmış Polipropilen və Polietilen qurğularını xammalla təmin etmək zərurəti “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda “EP-300” istehsalatının modernizasiyası, rekonstruksiyası, yeni qurğularının və köməkçi istehsalatların tikintisinə ehtiyac yaratmışdır. Bu işlərin icrası ilə bağlı İtaliyanın “TECHNİP İTALY S.p.A.” şirkəti ilə müqavilə imzalanmış, 2018-2019-cu illərə qədər davam etdiriləcək yenidənqurma layihələrinin mürəkkəbliyi nəzərə alınaraq, mühəndislik, texniki təchizat, satınalma, tikintiyə nəzarət və s. funksiyasının yerinə yetirilməsi üçün bu sahədə böyük təcrübəyə malik “SOCAR-KBR” Birgə Müəssisəsi podratçı qismində işlərə cəlb olunmuşdur.
Əslində “Azərikimya” İB-də modernizasiya və yenidənqurma işlərinə hələ 6 il bundan öncə – SOCAR-ın strukturuna verildikdən sonra başlanılmışdır. Zəhərli və zərərli, müvafiq standartlara cavab ver¬mə¬yən, şəhərin ekolo¬giyasına mənfi təsir göstərən istehsalatlar ləğv edilmiş, “Azərikimya” İB-nin əsas istehsal sahəsi olan “Etilen-polietilen” zavodunda isə hərtərəfli yenidənqurma işlərinə start verilmişdir. Bu dövr ərzində SOCAR-ın dəstəyi ilə Azot-oksigen və Susoyutma kompleksləri, Mütləqləşdirilmiş izopropil spirti qurğusu, İstehsalata və keyfiyyətə nəzarət, sənaye-sanitar sahələrini özündə birləşdirən laboratoriya, Propan-propilen fraksiyasının kükürdlü birləşmələrdən təmizlən¬məsi və Butan-butilen fraksiyasının hidrogenləşməsi qurğuları, həmçinin yeni inzibati və məişət binaları tikilib istifadəyə verilmiş, digər sahələrdə isə əsaslı təmir işləri aparılmışdır.
Bununla belə SOCAR-Polymer layihəsi çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında inşa olunan Polipropilen və yüksək sıxlıqlı Polietilen zavodlarını yüksək keyfiyyətli və lazım olan miqdarda xammalla təmin etmək məsələsi ortaya gələndə “EP-300” istehsalatının effektliyinin artırılması zərurəti yarandı. Çünki bu qurğular “Azərikimya” İB-nin Etilen-polietilen zavodu tərəfindən ildə 150-180 min ton propilen, 100 min ton etilen məhsulu, həmçinin hidroqen və buxarla təmin edilməlidir.
Artıq “EP-300” istehsalatının effektliyinin artırılması layihəsi çərçivəsində icrası iki fazada nəzərdə tutulan işlərə start verilmişdir. Bura mövcud propan-propilen fraksiyasının ayrılması bölməsinin modernizasiyası nəticədə məhsuldarlığının 130 min ton/ildən 190 min ton/ilə çatdırılması, Bakı Neft Emalı zavodundan gələn propan-propilen fraksiyasının və Quru qazın təmizlənməsi qurğularının tikintisi, hidrogenin qatılığının yüksəldilməsinə xidmət edən modul tipli elektroliz üsulu ilə hidrogen istehsalı qurğularının tikintisi, istehsalatların 7 günlük stabil və təhlükəsiz işləməsini təmin etmək və boşdayanmaların qarşısını almaq məqsədi daşıyan etilen və propilenin saxlanması üçün yeni anbarların tikintisi daxildir.
Təbii ki, ”EP-300” qurğusunun modernizasiya işləri bunlarla məhdudlaşmır. Layihəyə həmçinin 4 ədəd müasir piroliz sobasının tikintisi, mövcud izotermik reaktorun adiobatik reaktorla əvəzlənməsi, NÖC və texniki hava istehsalı qurğusunun tikintisi, yeni operator otağının inşası, pnevmatik idarəetmə sisteminin yeni rəqəmsal sistemlə əvəz edilməsi, köməkçi qurğuların və infrastrukturun modernizasiyası və s. daxildir.
Artıq Etilen istehsalatının əsas hissəsində sxemlərin yoxlanması başa çatmaq üzrədir. “Azərikimya” İB tərəfindən layihə yerlərinin hazırlanması və planlaşma işlərinə başlanılmışdır. Müvəqqəti saflaşdırma qurğusunun əsas avadanlıqları gətirilmiş və layihə ərazisi hazırlanmışdır. Həmçinin “TECHNİP İTALY S.p.A.” şirkəti tərəfindən hazırda lazer skan işləri aparılır ki, bu da sahələrin daha dəqiq görüntüsünü almağa şərait yaradacaqdır. SOCAR-FUGRO şirkəti tərəfindən tikinti aparılacaq ərazilərdə isə süxurların araşdırılması və torpağın möhkəmliyi işləri yekunlaşmışdır. Həmçinin enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisə olan “SOCAR-UNIPER” MMC ilə Etilen-polietilen zavodunda Buxar Generator Kompleksi¬nin enerji effektivliyinin artırılması və əlavə enerji istehsal edilməsi məqsədi daşıyan yeni Buxar Turbogenerator qurğusunun tikintisi barədə İlkin Layihə Sazişi imzalanmışdır.
Həyata keçirilən bir layihə də kimyəvi çirkab suların təmizlənməsi qurğusunun tikintisidir. Bu quru Etilen-polietilen zavodunun və “SOCAR-Polymer” MMC-nin kimyəvi çirkab və məişət tullantı sularının təmizlənməsinə xidmət edəcəkdir. Bütün avadanlıqları Türkiyə, Almaniya və ABŞ istehsalı olan qurğunun tikintisi Türkiyənin “İdeal atık su və su arıtma sistemləri SAN.TİC AŞ” tərəfindən həyata keçirilir.
Layihələrdə nəzərdə tutulan işlər yekunlaşdıqdan sonra Etilen-polietilen zavodunun istehsal gücü artacaq, Polipropilen və Polietilen qurğuları xammalla tam təmin ediləcək, ölkənin bu məhsullara tələbatı ödənilməklə bərabər, ixrac potensialı artacaq, texnoloji prosesin stabil və təhlükəsiz istismarının gücləndirilməsi, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaqdır.

Oqtay Niftəliyev,
SOCAR “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun direktoru