Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı üçün yeni inzibati binası tikilir. Sumqayıt şəhərinin 6-cı mikrorayonu ərazisində tikilən bina ümumilikdə 3500 kvadratmetr sahəni əhatə edəcək. Təşkilatının hazırda fəaliyyət göstərdiyi bina qəzalı vəziyyətdədir.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, iki mərtəbədən və mansardan ibarət inzibati binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulacaq.

Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin YAP-ın müxtəlif tədbirlərində iştiraklarını əks etdirən fotolardan ibarət guşələr yaradılacaq.

Müasir avadanlıqla təchiz ediləcək ikimərtəbəli binada 300 nəfərlik konfrans zalı, iş və texniki otaqlar da olacaq. Binanın tikildiyi ərazi abadlaşdırılacaq, yaşıllıq zolağı və park salınacaq. Park ərazisində fontan quraşdırılacaq və avtomobillərin park edilməsi üçün avtodayanacaq fəaliyyət göstərəcək.

Qeyd edək ki, bu ilin sonlarına kimi yekunlaşdırılması nəzərdə tutulan bu möhtəşəm bina Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin layihəsi əsasında tikilir.

Mənbə: http://www.azertag.az