“Zərif kölgələr” kitabına yazılmış önsöz

ÖN SÖZ

Hardan başlayım, əslində bilmirəm. Hədəflərimiz böyükdür – arzularımızın, ümidlərimizin üstündə. Bəlkə də hələ ən kiçikdir bizim hədəflər. Amma bu da bir başlanğıcdır. Dünya “qadın ağrıları” altında çırpınır. Hər gün xəbərlər hansısa bir qadının dəhşətindən danışır, içimiz göynəyir, ruhumuz sızıldayır. Bəşəriyyəti səadətə bürüyən qadınlığımıza küsürük. Amma unutmamalıyıq – biz güclüyük, biz güclüyük ki, dünyanın ən ağır məsuliyyətini Tanrı bizə verdi. Qadını “ana” etdi. Ona bir dünya dolusu eşq verdi. Bu eşq bütün bəşəriyyəti öz çəmbərinə aldı, qorudu, ucaltdı. Biz qadın dəhşətinə “YOX!”
deyirik! Qadının müqəddəsliyi, əvəz olunmaz eşqi hər zaman bəşəriyyətə hakim olacaq!

Qadın cəsarət deməkrdir! Qadın ana deməkdir! Qadın ümid deməkdir! Və ən əsası qadın eşq deməkdir, eşq üçün çırpınan qəlb deməkdir.

Üzü “Dədə Qorqud”dan gəlir biz azərilərin qadın cəsarəti. Məhsəti Gəncəvinin cəhalət dövründəki eşqindən gəlir cəsarət.
Qadın olmaq cənnət olmaq deməkdir. Cənnətimizə xoş gəldiz, əziz oxucularımız!

Aysel Nəsirzadə‐Söyüd ağacının saçlarına sığal çəkən şairə xanımımız. Bu qız gecənin laylasına dalıb, duyğu selinə qapılır. Ədəbiyyat da elə bunu istəyir. Yükünü ürəyində gizləyən, qəlbini misralarla bölüşən bir dünya istəyir ədəbiyyat.
Aysel bir kitab müəllifidi, duyğu selinin kitab səhifələrinə köçürərkən hansı hisslər yaşanır yaxşı bələddir. Düşünürəm ki,
vətən mərd oğulları ilə yox, mərd oğulları dünyaya gətirən analarla fəxr etməlidir. Çünki məhz “ana tərbiyyəsi” bu cür
oğulları yetişdirir. Məhz buna görə də Aysel Nəsirzadə şeirlərində Şəhidlər heç vaxt unudulmur deyir.

Günay Ələkbərzadə ‐Müasir Azərbaycan Ədəbiyyatında hələ tanımadığımız, bilmədiyimiz gözəlliklər çoxdur. Günay
Ələkbərzadə şeirləri kimi. Duyğularını öz qəlibində, öz düşüncə sərhədlərində çatdırır oxucuya. Onun şeirlərində hərətlər yağış
qoxuyur, ümidlər nəfəs qoxuyur. Tənhalığın burulğanına qapılıb qəlbini Tanrının ögeyliyinə məhkum edir. Bütünlüklə poeziya ilə dopdolu bir səhifələrdir Günay şeirləri.

Xəyalə Sevil – Xəyalə mənim tələbəlik şairimdi. Ədəbiyyata birlikdə addım atdığımız “Gəncliyin səsi” ədəbi dərnəyinin
üzvlərindəndir. Uzun illərdir ki, oxuyuram və uzun illərdir ki, zövq alıram onun şeirlərindən. Xəyalə Sevil şeiriyyatı zövqlərlə zəngin bir ədəbi dünyadır. Bu qız ruhunu göy üzündən asır, anasının əllərinin qırışının qayğısını çəkir, ürəyinə cəza verir,
xəyallarını uzaqlıqlarda axtarır. Bir sözlə bir duyğudur Xəyalə Sevil.

Manya Səxavətqızı – “On üç yarpaq”la möhkəmlədi dostluğumuz. Içindəki kədərləri misralara tökərək ruhuna təsəlli verən gözəl qəlbli bir xanım – Əsl Azərbaycan xanımı. Özünün etirafıdı – “Məni kədər şair etdi!” – bəli, ağır itgilərin acısını yaşamaq üçün ruhun verdiyi mücadələ bəzən misralarla sakitləşir. Manya da bu cür başladı şeirlərə. Tək özünün yox, eləcə də ətrafınınacısını belə ruhunda hiss edən zərif bir qəlbə malikdir.
Xalidə Abdullayeva – O taylı, bu taylı Azərbaycan! Kədərinə canım qurban. Iran tabeliyində olan Azərbaycanımızın qızı. Şeirlərinin içindəki kədər hissi ruhuna hopan hayqırışları göstərir.

Bilirəm, yol uzaqdı,
Araya bir çay düşüb,
Mənim də qismətimə,
Ayrılıqdan pay düşüb.

Arazın ürəyinə elə dağ çəkilib ki, sanki iki qardaşı biribirindən ayırıb zorla ayrılığı qəbul etdirməyə çalışırlar. Xalidənin şeirlərində Araz boyda kədər yükü gizlənib.

Gülnarə İsrafil – Şeir ilk baxışda oxucunu düşündürmürsə, asanlıqla oxunub keçilirsə bu hardasa həmin şeirin
zəif duyğular əsasında qələmə alındığının göstəricisidir. Gülnarədə isə dərin duyğular, fəlsəfi görüşlər sözün əsl mənasında öz
əksini tapır. Onun şeirləri fərqli dünyasının göstəricisidir. Iki kitab müəllifi olan Gülnarə özünü tənqidi, hər şeirində bir
addım da irəli getməyi bacaran bir şairdi. Və bu addımlar Gülnarədə çox uğurla alınır.

Aynurə İnci – Dəniz hər bir şairin, nasirin, rəssamın, bəstəkarın könül ortağıdır. Harda dəniz varsa, çay varsa – orda şeir var, duyğu var, eşq var deməkdir. Elə Aynurənin “Dəniz arzuları kimi”, bəli yanılmadınız – onun dəniz arzularım, ümid arzuları. Özünü sevgi, eşq şairliyi yolunda sınayır Aynurə və görünür ki, bunu yaxşı bacarır.

Zeynəb Səma – Qəlbini ilahi eşqlə zənginləşdirən daha bir azəri qızı. Ruhuna hopan eşqlə qidalanır, qəlblə sevir, könül
gözü ilə baxır aşiqinə. Əgər bir qəlbə ki, ilahi eşq hakim kəsilir, o qəlbdən yalnız mükəmməl duyğular qopar. Nəzmlə bacardıqlarını nərslə də bacaracağına çox əminəm. Qəlbinin gözəlliyi hər misrada öz əksini tapan gəncimizdir Zeynəb.

Zülfiyyə Yaqubqızı – Daha bir qəlb gözəli, ruh təmizi, nur çöhrəsi hər sətrinə, hər misrasına sirayət edən xanım. Zülfiyyənin iç dünyasına gəzintiyə çıxan zaman orda gözəlikdən başqa heç nə görmək mümkün deyil. Zülfiyyə əsl ruh şairidir. Onun ruhunu bürüyən nur hər kəlməsində oxucusunun ruhuna hopur. Zülfiyyə yaradıcılığında elmi, fəlsəfi, İslami düşüncələrə – zəngin ədəbi irsimizin izlərinə rast gəlmək olur.

Həmidə Yaqubova – Özünü səyyah adlandırır Həmidə fikirlərində, fikirlərin səyyahı. Bu dünyada hər bir insanın ehtiyacı olan tək şey onun özünü güvəndə hiss etməsidir, ona dayaq, dəstək olan bir qüvvənin daim onunla olmasıdır. Həmidə öz fikirlərində bu hissləri insanlara aşılayır. Hər kəs tək olmadığı hiss edə biləcək sətirləri qələmə alaraq oxucusunun
duyğularına hakim olmağı bacarır.

Vüsalə Vətənxan – Klassik ədəbiyyatımızın müasir zamanda layiqli davamçısıdır Vüsalə. Yaradıcılığını bütünlüklə mənəvi eşqə hərs edən, hər misrasında, hər sətirində yalnız ilahi eşqə köklənən bu incə ruhlu qız, başdan-ayağa mənəvi saflıq
mücəssəməsidir. Içində tuğyan edən bütün müqəddəs duyğuları qəlbindən qoparıb oxucularına təqdim edir.

Şəfa Vəli – Dost deyərkən, sirdaş deyərkən ilk ağlıma gələn bir ad Şəfa. Ətrafında olan hər kəsə anadır, bacıdır, dostdur. Öz əsərlərinin isə ruhudur. Şəfanın çox şaxəli bir yaradıcılığı var. Bu qız demək olar ki, hər janra müraciət edir. Hər janrdan bir araşdırma aparır. Onun əsərləri həm savadlı, həm də təsvirləri olduqca zəngindir. Nəsri isə xüsusi diqqət çəkir.
Fərqli dünyasının, fərqli sakinidir Şəfa. Onun dünyası zəngin əsərləridir.

Yeganə‐Daha bir tələbəlik şairim. Illərin sınağına söykənmiş bir dostluq, gözəl müəllim, mükəmməl ədəbiyyatçı. Nəzəri baxışları ilə, duyğu köklü bir dünyası ilə fərqlənən şair. Yeganə həm də gözəl publisisdir. Fərqli zamanlarda fərqli mövzulara toxunaraq rəngarəng əsərlər yaradır, rəngarəng qəlbləri bəzəyir. Onun yaradıcılığı içindəki dünyanın güzgüsüdür.

Esmira Günəş–Enerjisi, öz üzərində daim çalışması, ruhundakı burulğanı sətirlərə tökən bir xanım. Esmira daim öyrənmək, yeni nələrsə bilmək axtarşındadır. Bu kitabda hər kəs Esmiranı fərqli bir prizmada görəcək – öz qələmini nəsrdə
sınayan bir Esmira ilə tanış olacaqsız.

Bahar Cavadova–Yenə də qəlb zənginliyi, ilahi eşqin təzahürü olan bir duyğu seli. Bahar Cavadova şeirlərində o qədər səmimilik var ki, oxuduqca insanın ruhu körpələşir, saflaşır. Saf hisslər hakimdir onun şeirlərində. Maraqlı təzahürlər öz əksini tapıb. Qadına uca baxır, kədərini misralarında gizlədir. Onun duyğuları oxucuya həzin hisslər bəxş edir.

Zeynəb İsazadə‐İstedad yaşa baxmır, hər yaşın öz zənginliyi var. Zeynəb də öz yaşıdları arasında içində gizlətdiyi
duyğuları ilə seçilir. Onun üçün ədəbiyyat içndə gizlətdiyi obrazların dünyasından ibarətdir.

Ümumilikdə isə, onu deyə bilərəm ki, Azərbaycan yetişdirdiyi hər bir vətən oğlu, vətən qızı ilə fəxr etməlidir. Çünki bu gün bir xalq kimi formalaşmağımızda əsl vətən balarının əməyi danışmazdır. Çünki bu günki Azərbaycan üçün biz Xalq Cümhuriyyətimizin qurucalarına, onları dünyaya gətirib vətən qeyrəti ilə tərbiyyə edən analarımıza borcluyuq. Bu gün evimizdə rahat, qorxusuz yaşamağımız üçün canında keçən minlərlə şəhidlərimizə borcluyuq. Unutmayaq ki, hər şəhidimizi, hər qazimizi, hər müəllimimizi, hər həkimimizi dünyaya gətirən bir ana var. Və biz anaların qarşısında baş əyirik.

Gülnarə Sadiq
AYB, AJB, DGTYB‐nin üzvü.
(Gəncə)