“Zərif kölgələr” layihəsinin iştirakçısı: Bahar CAVADOVA

Ədəbiyyat ərköyün uşaq kimidir, sevdikcə sevilmək istər, əzizlənmək istər. Obrazların içində yaşatdığımız dünyamız bizim öz dünyamızdır. Yalnız bizə məxsusdur. Və bizlər öz dünyamıza müsafir edirik sizlər, dəyərli oxucular!

Niyə qorxum ki

Gecələri göz yaşımdı bir də mən,
Səni itirməkdən niyə qorxum ki?!
Göz yaşımla bəstələnən nəgməyəm,
Səni itirməkdən niyə qorxum ki?!

Hara baxdım, baxdım sənin gözünlə,
Kimi gördüm o sanırdım üzünlə.
Mən ki, səni anacamsa hüzünlə,
Səni itirməkdən niyə qorxum ki?!

Allah verdi torpaq aldı əlimdən,
Bacı qardaş oldum doğma elimdən.
Mənim mayam yoğrulubsa zülümdən,
Səni itirməkdən niyə qorxum ki?!

Yanımdasan ruhun məndən aralı,
Dərdli ürək neçə yerdən aralı?!
Sən ki, çoxdan unudubsan Baharı,
Səni itirməkdən niyə qorxum ki?!

GƏZƏRSƏN MƏNİ

Buludum yox gözləmə ki heç yağam,
Divanəydim indi daha ayığam.
Həsrətindən başı qarlı bir dağam,
Ətəyimdən baxıb süzərsən məni.

Qəlbdə qaldı gözlərindən nişanə,
Orda vardı sevgi, eşqdən nişanə.
Səyyad kimi aldın məni nişanə,
Güllə yagışıyla əzərsən məni.

Səni çox sevirdim tək əzizimsən,
Bunu bildiyinçün üzürsən məni.
İncit lap nə qədər incidə bilsən,
İtirəndən sonra gəzərsən məni.

QOCALMAYIM, NEYLƏYİM?

Gözlərimdə min əzabın izi var,
Bu əzabla qocalmayım, neylərim?
Üzərimdə bir iblisin gözü var,
Bu iblislə qocalmayım, neyləyim?

Baş tacımdır iki oğlum, bir qızım,
Nəvəm mənim göydəki dan ulduzum.
Kürəkənim oğlum, gəlinlər qızım
Qaynanayam, qocalmayım, neyləyim?

Bahar, çatdın ömrün yarı yaşına,
Nə aldatdın, nələr gəldi başına,
Təkcə qardaşımın məzar daşına
Hər baxanda qocalmayım, neyləyim?

YA SƏBR

Güclü çıxdı fələk durdu qəsdimə,
Şükr etdikcə dərd çuğlatdı üstümə,
Köz qarışdı od qarışdı tüstümə
Təhamülüm yoxdu dözüm, ya səbr.

Arzularım puça döndü kaş oldu,
Əzizlərim nakam getdi daş oldu,
Gözdən axan yaş mənə sirdaş oldu
Nuru gedib görmür gözüm, ya səbr.

Dolu düşdü, yermi qəbul etmədi,
Xam torpaga nə əkdin ki bitmədi,
Hansı dərdlər sıxıntılar keçmədi
Bir az təmkin, bir az dözüm, ya səbr.

İsti yayda duman gördüm, çən gördüm,
Gənc yaşımda saça düşən dən gördüm,
Nə dərd varsa yazıq Bahar sən gördün –
Nələr gördü dərdli üzün, ya səbr.

QADIN

Cənnət ayayqların altındadırsa,
Ürəyin bəs sənin hardadır, qadın?
Namus şərəf sənin adındadırsa,
Sınan ürəyini neyləyim, qadın.

Həsrətli gözlərin, yorğun qolların,
Ruhun buludların arasındadır.
Yaşadıgın o nisgilli illərin
Gizlənib gözünün qarasındadır.

Sığala yaymayan zülfün pərişan,
Susuz torpaq kimi əllər qabardı.
Qəlbdə məhəbbətdən nağıl danışan
Nakam sevgilinin nişanı vardır.

Qəlbini kövrəldər bir soyuq baxış,
Vüqarlı durmaga çalışan qadın.
Bəxtinə yağsa da daim qar-yağış
Yaşamaq eşqiylə yaşayan qadın.

GƏL

Yağış yağır, təzələnir xatirələr,
Qaysaq tutmuş yaralarım olur hədər.
Sənsiz keçən ömür deyil qüssə-kədər
Sən gedəndən düyünlənmiş daşam, gəl.
Qayıt atam, başım tacı, paşam, gəl.

Həzin şeir, ağı, layla dilimdə,
Qəribanam uzaq düşdüm elimdən,
Çarpaz qalıb sinəm üstə əlim də
Tükənmişəm, sənsiz olmur yaşam, gəl.

Tənhalıqdan buz sallanır divardan,
Buz tək kəsir sənsiz yay da, bahar da,
Çoxdan ölüb o ərköyün Bahar da
Gözlər görmür, qırıq qanad quşam, gəl.
Qayıt atam, başım tacı, paşam, gəl.

SÖZ YERİ

Ay gecəni bəzər, günəş gündüzü,
Günəşin öz yeri, ayın öz yeri.
İnsanın hər vədə yaşarmaz gözü
Olmasa qəlbində acı söz yeri.

Eşq bir aləmdir, sevənlər bilir,
Ayrılıq zülmdür, ölümdən betər,
Halaldan bərk yapış, haram tez bitər
Düz otur, düz danış, düz ol, düz yeri.

Düz-əyrini yaxşı görür Yaradan,
Vəfalıdır beş metr ağ xaradan.
Əmanətlik canı verib Yaradan
Elə yaşa, qalsın səndən iz yeri.

İncidin bir anlıq, sıxma qəlbini,
Söyləmə qohuma, yada dərdini.
Bir bax, üzülməyə heç dəyərdimi?
Qalmayıbsa onda bir üzr yeri.

Ay Bahar özünü salma gözündən,
İncimə nadanın qanmaz sözündən,
O səni ağladan, feyən özündən
Olmaz ayağında sənin toz yeri.

PƏRİŞANAM

Dərd əkib qəm götürmüşəm dünyada,
Qazanmışam itirmişəm dünyada,
Əzilmişəm itilmişəm dünyada,
Yaşamaqçün nə səbəb var nə güman
Pərişanam, pərişanam, pərişan.

Açılmamış güllər soldu bağımda,
Yalnızlıqla sirdaşam otağımda,
Həmdəmimdi göz yaşım yatağımda,
Xəyallarım ürəyimdə qaldı kam
Pərişanam, pərişanam, pərişan.

Baharam, çox sınamışam dünyanı,
Hərdən-hərdən qınamışam dünyanı,
İndi-indi tanımışam dünyanı,
Füqarəya verməz naxış, ya aman
Pərişanam, pərişanam, pərişan.

ALLAHIN ADLARI
Dost desən o sənə munisi yardır,
Pərişan günündə tək havadardır.
“Quran”, “İncil”, “Törat”, “Zabul”u vardır
Bütün elimlər bilən “Əl Xəbir ALLAH”.

Yaradan yaradıb küllü aləmi,
Ulduzlu gecəni, yaşıl meşəni,
Hər kəsin qəlbini içdən görəni
Hər bir xəbər bilən “Əl Xəbir ALLAH”.

Səndən istədiyi namaz ibadət,
Yalvar tövbə eylə gələr səadət,
Ürəkdən diləsən sən üzr əlbət
Çox bağışlayandır “Əl Qafur ALLAH”.

HARDASAN

Yada düşər xatərələr ürəyimi yaralar,
Həsrətindən ürəyimdə neçə yerdən yara var.
Mən əcələ can vermərəm yar canını yar alar,
Sevən canım sənə qurban, ömür keçir, hardasan?

Ürəyimi aparmısan qalmayıb ağıl, şüur,
Xəyalınla yaradıram, gah əfsanə, gah nağıl.
Məcnun kimi dəlirməmiş həmdəmim ol, çarə qıl
Sevən canım sənə qurban, ömür keçir, hardasan?

Aşiq sənə dəli könlüm nə kiridi, nə dindi,
Bu eşq ki, var, ay sevgilim, nə imandı nə dindi,
Həyat qısa könlün varsa gəl məni az süründür
Sevən canım sənə qurban, ömür keçir, hardasan?

SƏN AĞLAMA

Sən öyrətdin səbri əzmi, dözümü,
Sən silərdin yaşlı olan gözümü,
Sənə görə tanımışam özümü
Qurban olum, sən ağlama amandı.

Uca dağlar zirvəsini qar alar,
Ağ bəxtimi fələk pozar qaralar,
Demirlər ki: “yar qadasın yar alar”
Qadan alım, sən ağlama amandı.

Sən istə həsrətli gözümü verim,
Alışan qəlbimin közünü verim,
Qurbanlıq Baharın özünü verim
Qurban olum, sən ağlama amandı.

***
Mən səni unuda bilmədim axı,
Eşqindən Fərhad tək qopardım qaya.
Məcnun kimi məhkum oldum səhraya,
Kərəm kimi yandım düşdüm səhraya.
Mən səni unuda bilmədim axı…

Ətrinin qoxusu ciyəyirimdədi,
Eşqin tümənməyib ürəyimdədir.
Baharı unutdun bəhanən nədi?
Mən səni unuda bilmədim axı…