KARVAN

Gecənin qulağından kədərli zəng səsləri,
Ağır-ağır yol gedir karvan şımala sarı.
Xəyal məni aparır, görən nə vaxtdan bəri
Dünyanı addımlayır zəngli dəvə qatarı.

Karvan şimala gedir, karvan cənuba gedir,
Karvan bəzən vətəndən uzaqlara yol alır.
Karvan bütün dünyanı zaman-zaman qət edir,
Karvan kədər gətirir, karvan sevinc aparır.

Karvan gedir… Bir zaman Əbülüla Müərri
Bəlkədə bu karvanla bütün şərqi dolandı.
Kim bilir o dahinin ən gözəl əsərləri
İsti qumlar üstündə, xəyalında yarandı…

Karvan gedir aramsız, gecə qara, yol uzaq,
Arxamda mavi dəniz, öndə qarlı Savalan.
Dəvələr bir ahənglə yenə addımlayaraq
Ötürlər babaların keçdiyi tozlu yoldan.

Sarvanın gözlərində yuxusuzluq qəmi var,
Neçə gecə yatmamış, hey yeriyir, yeriyir.
Sarvanın özünün də qəribə aləmi var,
Zəng səsləri altında hər gün bayatı deyir:

Ağ dəvə düzdə qaldı,
Yükü Təbrizdə qaldı.
Oğlanı qan apardı
Dərmanı qızda qaldı.

Gecə sakit, uzaqlar əks etdirir bu nəğməni,
Dəvələr aram-aram addımlayırlar yenə.
O, Xəzər sahilindən alıb aparır məni,
Qədim Babək yurduna- Savalan ətəyinə…

1938