Redaksiya heyətində Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrinin nüfuzlu alimlərinin təmsil olunduğu “Folklor və etnoqrafiya” jurnalının 2023-cü ildə ilk nömrəsi işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, oxucular jurnalın bu sayında Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Folklor mənşəli ilkin və arxaik musiqi alətlərinin yaranma səbəbləri” və “Aşıq deyişmələri: poetik səciyyəsi və mərhələləri”, professorlar Tofiq Babayevin “Folklor yaddaşımızda yol”, Fəzail Vəli İmranoğlunun “Azərbaycanda karvan səfərləri: adətlər, inanışlar və etnoqrafik cizgilər”, Salidə Şərifovanın “Ələvi şairi Səyat Nəva (Sayat Nova) ilə bağlı tarixi gerçəklik və onun saxta yolla erməniləşdirilməsi”, Şirin Bünyadovanın “Nizami yaradıcılığında alqışlar, qarğışlar və andlar”, tarix elmləri doktoru İlhamə Məmmədovanın “Qacarlar dövründə Təbriz şəhər əhalisinin xalq oyun və əyləncələri”, dosentlər İsmayıl Umudlunun “Azərbaycan çobanının etno-mədəni obrazı” və Tahir Şahbazovun “XIX-XX əsrin əvvəllərində Şuşada xalçaçılıq sənəti və ermənilərin Şuşa xalçalarına əsassız iddialar” adlı məqalələri, eləcə də, “Qurbani dastanı”nın 2022-ci ildə ustad aşıq Arif Əsgərovun dilindən yazıya alınmış variantı ilə tanış ola biləcəklər.
Xatırladaq ki, jurnalın qurucusu və baş redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.