Day: Dekabr 7, 2022

  • Şair-publisist Əli Rza XƏLƏFLİ.ni doğum günü münasibətilə təbrik edirik! (7 Dekabr)

    This image has an empty alt attribute; its file name is Eli-rza-xelefli.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsünü, “Kredo” qəzetinin Baş redaktorunü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • Xalq artisti Emin Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edəcək

    Dekabrın 15-16-da Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti Emin ənənəvi qış konsertini təqdim edəcək.

    AZƏRTAC xəbər verir ki, konsertdə müğənni sevilən lirik kompozisiyaları və rəqs nömrələrindən ibarət hitləri ilə tamaşaçıların qarşısına çıxacaq.

    Qeyd edək ki, musiqidə özünəməxsus dəst-xəti olan Emin dünyaşöhrətli Frenk Sinatra, Elvis Presli və özünün müəllimi saydığı Müslüm Maqomayev kimi musiqi sənətinin dühalarından ilhamlanaraq bu sənətə gəlib. 2006-cı ildə onun “Still” adlı ingiliscə ilk albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda, həmçinin onun öz bəstələri də yer alıb. Daha sonra Eminin 2007-ci ildə “İncredible” adlı albomu işıq üzü görüb və albomdakı “Don’t cry” mahnısı sevilən mahnılar sırasında yer alaraq, eyni zamanda, film musiqisi kimi də tanınıb. Daha sonra isə dünya musiqi sənətinin əfsanələrindən olan E.Presli və F.Sinatranın mahnılarından ibarət “Obsession”, həmçinin “Devotion” albomlarını buraxıb.

    Mənbə: https://azertag.az/

  • Bakıda gənc şairlərin yaradıcılıq gecəsi keçirilib

    Bakıdakı Rus Evində “açıq mikrofon” formatında növbəti yaradıcılıq gecəsi keçirilib.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Rus Evindəki ədəbiyyat klubunun iştirakçıları olan gənc şairlər Aydan Allahyarova, Olqa Şalayeva, Dilarə Mehdiyeva, Nina Tişşenko, Günatay Hüseynova, Tamilla Şıxəmirova, Tatyana Zorina, Aysel İbrahimova, Esmira Atluxanova, Alyaska, Bayram Məhərrəmov, Türkan Bayramzadə öz şeirlərini və tanınmış şairlərin əsərlərini oxuyublar.

    Bakıdakı Rus Evində fəaliyyət göstərən ədəbiyyat klubunun növbəti yaradıcılıq gecəsi dekabrın 9-da keçiriləcək.

    Mənbə: https://azertag.az/

  • Milli Xalça Muzeyində “İstedad sərhədsizdir” adlı sərgi açılıb

    Dekabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, eyni zamanda əl işlərinin satışına dəstək göstərmək məqsədilə “İstedad sərhədsizdir” adlı fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış sərgisi açılıb.

    AZƏRTAC xəbər verir ki, Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, hər il Əlillər Günü Xalça Muzeyi tərəfindən müxtəlif fiziki məhdudiyyətli insanlar üçün xüsusi proqramlar hazırlanır və hazırda muzeydə sərhədsiz muzey adlı proqram həyata keçirilir.

    Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli bildirib ki, bu gün ölkədə fiziki məhdudiyyətli insanların ayrı-seçkiliyə məruz qalmamaları üçün maarifləndirmə işləri aparılır. Xüsusi qayğıya ehtiyacı olan insanların digər insanlardan fərqlənməməsini, cəmiyyətin bərabər hüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən qurtulmalarına çalışmaq hər birimizin borcudur. Bunun üçün mütəmadi olaraq onlarla ünsiyyətdə olmağa, onlara mənəvi cəhətdən yardım göstərməyə, daima dinləməyə və anlamağa çalışmaq lazımdır. Ölkəmizin birinci xanımı, vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun köməkliyi ilə əlillər üçün xüsusi mərkəzlər tikilir, onların vaxtaşırı zəruri ehtiyacları ödənilir və bir çox xeyirxah işlər görülür. Dövlət fiziki məhdudiyyətli vətəndaşların qabiliyyətini, bacarığını üzə çıxarmaqla onların iş yerində və əmək bazarında verdikləri töhfənin tanınmasına kömək göstərir. Bundan əlavə, ölkədə cəmiyyətin bir hissəsi olan fiziki məhdudiyyətli insanlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir.

    Tədbirdə Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, “Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva, “Əlil Qadınlar” Cəmiyyətinin sədri Məhluqə Rəhimova və digər çıxış edənlər ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan, bu kateqoriyadan olan insanların yaradıcılıq və idman qabiliyyətlərinin dəstəklənməsi sahəsində görülən işlərdən bəhs ediblər.

    Sonra sərgiyə baxış keçirilib.

    Sərgidə fiziki məhdudiyyətli şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları, aksesuarlar və s. nümayiş olunub. Tədbirin bədii hissəsində isə sənətkarlar tərəfindən müxtəlif ustad dərsləri, həmçinin xüsusi internat şagirdlərinin çıxışlarından ibarət konsert proqramı təşkil edilib. Bundan başqa, tədbir zamanı sosial videoçarxlar təqdim olunub.

    Mənbə: https://azertag.az/

  • Rusiya və türkdilli ölkələrin tibbi turizmini birləşdirən alyans yaradılıb

    Rusiya paytaxtı Moskvada MDB-nin ən böyük müalicə-sağlamlıq turizmi forumu olan “Med Tourism-2022” keçirilib. Dörd gün davam edən tədbirdə iştirakçı ölkələrin tibbi turizm fəaliyyəti ilə məşğul olan əsas qurumları iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, ölkəmiz forumda Azərbaycan Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək Assosiasiyasının sədri, Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin üzvü Ruslan Quliyev tərəfindən təmsil olunub. Tədbirin ilk günü Rusiya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan sağlamlıq turizmi assosiasiyalarını birləşdirən alyansın yaranması elan edilib. Yeni yaradılan qurum üzv ölkələrin tibbi turizmin aparıcı peşəkar assosiasiyaları arasında əməkdaşlığı koordinasiya edəcək. Sonrakı günlərdə forum panel müzakirələri ilə davam etdirilib.

    “Rusiya və Yaxın Şərq” adlı paneldə çıxış edən təmsilçimiz Ruslan Quliyev bildirib ki, bu gün belə tədbirlərin keçirilməsi çox vacibdir. Çünki turizm o qədər həssas sahədir ki, dünyada baş verən kataklizmlər, təbiət hadisələri, pandemiya riskləri, iqtisadi və siyasi böhranlar, müharibələr həm qlobal, həm də regional miqyasda ona dərhal təsir edir: “2020-ci ilin əvvəlindən bütün dünyanı qorxu altında saxlayan COVID-19 pandemiyası qısa müddətdə qlobal turizm iqtisadiyyatını iflic vəziyyətinə salıb. Qitələrarası logistika və rabitə sahəsində qlobal məhdudiyyətlər turizm sektorunda trilyonlarla vəsaitin itirilməsinə və 100 milyon iş yerinin bağlanmasına səbəb olub. Nəzərə alsaq ki, qlobal turizm sənayesində çalışanların 75 faizi 25 yaşa qədər gənclər və bir o qədər də qadınlardır, onda bu problemin nə qədər ciddi olduğunu başa düşə bilərik”.

    Ruslan Quliyev, həmçinin Azərbaycanın öz tibbi turizmini necə inkişaf etdirməsi ilə bağlı məlumat verərək qeyd edib ki, 2016-cı ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”, “Təbii müalicə sərvətləri, müalicə yerləri və kurortlar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər dövlət proqramları bu sahəni inkişaf etdirmək istiqamətində ölkəmizin sağlamlıq turizminə xüsusi diqqət yetirdiyini göstərir. Diqqətə çatdırıb ki, Azərbaycanın tibbi turizm sahəsində olduqca böyük potensialı mövcuddur: “Min bir dərdin dərmanı olan Naftalan nefti, Qalaaltı sanatoriyası, Naxçıvanda Duzdağ, Masallıda istisu mənbələri hələ sovet dövründən indiki MDB ölkələrində tanınıb və sevilib. 2020-ci ilin Vətən müharibəsində əldə edilən Qələbə Azərbaycanın turizmin digər istiqamətləri ilə yanaşı tibbi turizm imkanlarını bir qədər də genişləndirib. Belə ki, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da zəngin turizm ehtiyatları hazırda öyrənilir, bu istiqamətdə gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilir”, – deyə R.Quliyev bildirib.

    Qeyd edək ki, “Med Tourism-2022” forumu çərçivəsində iştirakçı ölkələrin tibbi turizm qurumları arasında əməkdaşlıq memorandumları da imzalanıb. Bu əməkdaşlıq həm assosiasiyalar, həm də tibb müəssisələrini əhatə edib.

    Mənbə: https://azertag.az/

  • Xalq artisti Rauf Hacıyevin 100 illiyi Filarmoniyada da qeyd olunacaq

    Dekabrın 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Rauf Hacıyevin 100 illiyi münasibətilə “Rauf Hacıyevin musiqi miniatürləri” adlı konsert təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, gecədə Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru, Əməkdar artist Adilə Əliyeva, Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli və “Şəms-qəmər” kamera xoru (bədii rəhbər və dirijor Leyla Zalıyeva, konsertmeyster Əməkdar müəllim Naibə Şahməmmədova) çıxış edəcəklər.

    Xatırladaq ki, Prezident İlham Əliyev sənətkarın anadan olmasının 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq, il ərzində ölkəmizdə və xaricdə müxtəlif tədbirlər və layihələr həyata keçirilib.

    Mənbə: https://azertag.az/

  • Sona İNTİZAR.”QİSAS”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Qəlbimdə yasını saxlayıram mən,
    Məni yoxluğuyla sınaq edən şəxs.
    Bilsən, daha əvvəlki biri deyiləm,
    Sonanı sevməyə peşman edən kəs.

    Varlığın bilinməz, yoxluğun aydın
    Fərq etmir, bəlkə də, səninçün hələ.
    Özünü əlçatmaz birimi sandın?!
    Yoxsa, düşünürsən dönəcəm sənə…?!

    Həyatdı, bəlkə də, qarşılaşdıq biz,
    Mənim sağ yanımda başqası durar.
    Vurar ürəyinə o görüş bir iz,
    Sonra yara bağlar, qopar, qanayar…

    Əlimdən tutmuş bir uşaq görərsən,
    “Ay ana, gəl, gedək” deyib çağırar,
    Göz yaşın axacaq, gizlin silərsən
    Bu sənə ən böyük qisasım olar…

  • Görkəmli Azərbaycan şairi Rafiq YUSİFOĞLUnun “Seçilmiş Əsərləri”nin dördcildliyi işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor Rafiq Yusifoğlunun “Seçilmiş Əsərləri”nin dördcildliyi işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir.

    Memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəkdir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1. Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 6 dekabr 2022-ci il 

    Mənbə: https://president.az/

  • Bakıda Qazaxıstan Kino Günləri keçiriləcək

    Bakıda dekabrın 10-11-də Qazaxıstan Kino Günləri keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, nümayişlər Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə gerçəkləşəcək.

    Tamaşaçılara “Kenje Kiz” cizgi filmi və “Alga” bədii filmi təqdim olunacaq. Filmləri cizgi filminin rejissoru İvan Ardaşov və bədii filmin baş rol ifaçısı Yerqol Semkulov təqdim edəcəklər.

    Hər iki film ingilis subtitrləri ilə rus dilində nümayiş olunacaq.

    Giriş sərbəstdir.

    Mənbə: https://azertag.az/

  • Mədəniyyət müəssisələrində “Ustad dərsləri” həftəsi keçirildi

    XX əsr Azərbaycan musiqisinin görkəmli bəstəkarlarından Fikrət Əmirov və Rauf Hacıyevin 100 illik yubileyləri münasibətilə “Ustad dərsləri” həftəsi çərçivəsində cari ilin 28 noyabr-2 dekabr 2022-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi və Sumqayıt, Gəncə, İsmayıllı Regional Mədəniyyət İdarələri tabeliyində fəaliyyət göstərən uşaq musiqi, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin xor dirijorluğu, xanəndəlik və qanun müəllimləri üçün ustad dərsləri keçirilib.

    Layihənin həyata keçirilməsində məqsəd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin səmərəliliyinin artırılması üzrə fəaliyyətin təkmilləşdirilməsi, optimallaşdırılması, bədii təhsil sisteminin daha da inkişaf etdirilməsi, müəllimlərin peşəkarlığının artırılmasıUMİM-də təlim prosesinin müasir təhsil standartları əsasında yenidən qurulması və tədris edilən fənlərin təhsilalanlar tərəfindən yüksək səviyyədə mənimsənilməsini təmin etməkdən ibarətdir.

    Ustad dərsləri xanəndəlik ixtisası üzrə (28 noyabr və 1 dekabr) Azərbaycan Milli Konservatoriyasının müəllimi, əməkdar müəllim Qəzənfər Abbasov, Bakı şəhər Ş.Ələkbərova adına 20 nömrəli Onbirillik musiqi məktəbinin müəllimi Kəmalə Cahangirova  tərəfindən aparılıb.

    UMİM-nin xanəndəlik, xor dirijorluğu və qanun müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə təşkil xor dirijorluğu ixtisası ixtisası üzrə partitura oxunuşu, xorun təşkili (şagirdlərin səslərinin təyini), dərsin təşkili (nəfəs məşğələləri, idman məşğələləri, səs məşğələləri) ,musiqi təhlili (əsərin diapazonu, tonallığı, ladı, ifa çətinlikləri, mətni, janrı), ifa növləri (akapella, unison, cüt səslər) və s. xanəndəliklə bağlı ustad dərsdə Xalq mahnısı və bəstəkar mahnısının ifası, xanəndəlik ixtisasının tədris proqramı haqqında məlumat (siniflər üzrə muğam və mahnılar) muğamlar, təsniflər, qəzəllər, bayatı, qoşma, vəznlər (heca, əruz) haqqında məlumatlar (mənaları, xarakteri, quruluşu, şöbələri və s.), qanun dərsində isə verilən əsərin alətdə üzdən oxunması (üzdən ifası), hər hansı bir əsərin əzbər ifası (sərbəst seçim), alətin yaranması və inkişaf tarixi, ixtisasın metodikası və metodologiyası (əllərin quruluşu, keçidlər, vibrasiya, pozisiyaların mənimsənilməsi yolları, hər iki əl üzərində qoyulan tapşırıqlar və onların  həlli yolları və s.) ştrixlər, dinamika, rəng çalarları, cümlə, ibarə, ifaçılıq mədəniyyəti və s. haqqında ətraflı məlumat verilib.

    Qeyd edək ki, ustad dərslərdə xanəndəlik ixtisası üzrə 31 nəfər, xor-dirijorluq ixtisası üzrə 61, qanun ixtisası üzrə isə 20 nəfər müəllim iştirak etmişdir. Bundan əlavə, aparıcı bədii təhsil müəssisələrinin istedadlı şagirdləri öz çıxışları ilə ustad dərslərə rəng qatıblar.

    Mənbə: https://culture.gov.az/

  • Ustad tarzən Əhməd Bakıxanovun məzarı ziyarət olunub

    Bu il Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun (1892-1973) anadan olmasının 130 illiyidir.

    Bu münasibətlə dekabrın 6-da II Fəxri xiyabanda sənətkarın məzarı ziyarət olunub.

    Mərasimdə Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvləri və digər qonaqlar iştirak ediblər.

    Sənətkarın oğlu, görkəmli bəstəkar, pedaqoq, Xalq artisti Tofiq Bakıxanov qeyd edib ki, Əhməd Bakıxanov daim axtarışda olub, Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verib: “Tar ifaçılarının böyük bir nəsli Əhməd Bakıxanovun yetirmələri olub. Mən də oğlu kimi onun ifaçılıq üslubundan bəhrələnərək “Dügah”, “Nəva”, “Şahnaz”, “Hümayun” və “Rahab” simfonik muğamlarını bəstələmişəm. Bildiyiniz kimi, Prezident İlham Əliyev oktyabrın 21-də Əhməd Bakıxanovun 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Bu münasibətlə ölkəmizin bir sıra mədəniyyət ocağında tədbirlər keçirilir. Atamın yaradıcılığına göstərilən yüksək diqqətə görə ölkəmizin rəhbərliyinə təşəkkürümü bildirirəm”.

    Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və dirijoru, Xalq artisti Ağaverdi Paşayev bildirib ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun muğamı var: “Muğam bizim ana laylamızdır. Əhməd Bakıxanov da bütün ömrünü muğama, onun inkişafına və tədrisinə sərf edib. Azərbaycanda Mirzə Fərəc Rzayev, Mirzə Sadıq, Mirzə Mansur Mansurov və başqaları kimi çox tanınmış tar ifaçıları olub. Amma bu sənətkarların içərisində təkcə Əhməd Bakıxanova qismət olub ki, ona müəllim deyiblər. Mən xoşbəxt insanam ki, Əhməd Bakıxanovun sinfində oturub onun dərslərinə qulaq asmışam”.

    Çıxışlardan sonra mərasim iştirakçıları sənətkarın məzarı üzərinə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

    Xatırladaq ki, Əhməd Məmmədrza oğlu Bakıxanov 1892-ci il sentyabrın 5-də Bakıda anadan olub. İranda ustad tarzənlərdən ifaçılığın və muğamatın sirlərinə dərindən yiyələndikdən sonra 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə iştirak edib. 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs deyib. Eyni zamanda musiqi təşkilatçısı olan Ə.Bakıxanov Azərbaycan Radiosu nəzdində Xalq çalğı alətləri ansamblını yaradıb və kollektivə rəhbərlik edib. 1973-cü ildən, sənətkarın vəfatından sonra ansambl ustad tarzənin adını daşıyır. Ansambl Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Hüseynqulu Sarabski, Zülfü Adıgözəlov kimi bir sıra görkəmli xanəndələri müşayiət edərək geniş konsert proqramları ilə insanların zövqünü oxşayıb.

    Ə.Bakıxanov muğam sənətinin dərin bilicisi kimi tanınmaqla yanaşı, az ifa olunan “Nəva-Nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi də məşhurdur. Eyni zamanda onun yaratdığı bir çox melodiyalar, rənglər ifaçılıqda geniş yayılıb.

    Ə.Bakıxanovun ərsəyə gətirdiyi “Azərbaycan xalq rəngləri” (1964), “Azərbaycan ritmik muğamları” (1968), “Muğam, mahnı, rəng” (1975) kimi not nəşrləri xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitlərdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunur.

    Görkəmli musiqi xadimi 1973-cü il martın 26-da vəfat edib.

  • Görkəmli tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun 130 illiyi keçirilib

    Daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verən görkəmli tarzən Əhməd Bakıxanov muğam aləminin mükəmməl bilicisi olmaqla yanaşı, tar ifaçılığının sirlərinə dərindən yiyələnib. Yüksək istedada malik sənətkar xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşadıb. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Ə.Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilərək, ölkənin mədəni həyatında yaxından iştirak edib. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir.

    Bu sözləri dekabrın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti, ustad tarzən Əhməd Bakıxanovun 130 illiyinə həsr olunmuş konsert proqramından əvvəl çıxış edən Əməkdar artist Azad Şükürov deyib. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə görkəmli sənətkarın 130 illiyi silsilə tədbirlərlə qeyd edilir.

    Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, Xalq artisti Ramiz Quliyev, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Əməkdar jurnalist İttifaq Mirzəbəyli görkəmli tarzən Əhməd Bakıxanovun həyat və yaradıcılığından danışıblar. Qeyd olunub ki, 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Məktəbində muğamdan dərs deyib. Eyni zamanda, Azərbaycan radiosunun nəzdində Xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri olub. Ə.Bakıxanov muğam sənətinin dərin bilicisi olub, ifaçılıq təcrübəsində az ifa olunan “Nəva-nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi tanınıb. O, həmçinin “Azərbaycan xalq rəngləri”, “Azərbaycan ritmik muğamları”, “Muğam, mahnı, rəng” kimi not nəşrlərinin müəllifidir. Bu məcmuələr xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunur. Əhməd Bakıxanovun ifasından bəstəkar N.Məmmədov tərəfindən bir çox instrumental muğamlar -“Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Segah-Zabul”, “Rahab”, “Şüştər”, “Hümayun”, “Şahnaz” muğamları nota salınaraq çap olunub. Ə.Bakıxanovun oğlu, bəstəkar, Xalq artisti Tofiq Bakıxanov onun ifaçılıq üslubundan bəhrələnərək “Dügah”, “Nəva”, “Şahnaz”, “Hümayun”, “Rahab” simfonik muğamlarını bəstələyib.

    Konsertdə Azərbaycan Televiziya və Radiosunun Ə.Bakıxanov adına xalq çalğı alətləri ansamblı çıxış edib.

    Mənbə: https://culture.gov.az/