Bu il Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun (1892-1973) anadan olmasının 130 illiyidir.

Bu münasibətlə dekabrın 6-da II Fəxri xiyabanda sənətkarın məzarı ziyarət olunub.

Mərasimdə Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvləri və digər qonaqlar iştirak ediblər.

Sənətkarın oğlu, görkəmli bəstəkar, pedaqoq, Xalq artisti Tofiq Bakıxanov qeyd edib ki, Əhməd Bakıxanov daim axtarışda olub, Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verib: “Tar ifaçılarının böyük bir nəsli Əhməd Bakıxanovun yetirmələri olub. Mən də oğlu kimi onun ifaçılıq üslubundan bəhrələnərək “Dügah”, “Nəva”, “Şahnaz”, “Hümayun” və “Rahab” simfonik muğamlarını bəstələmişəm. Bildiyiniz kimi, Prezident İlham Əliyev oktyabrın 21-də Əhməd Bakıxanovun 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Bu münasibətlə ölkəmizin bir sıra mədəniyyət ocağında tədbirlər keçirilir. Atamın yaradıcılığına göstərilən yüksək diqqətə görə ölkəmizin rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və dirijoru, Xalq artisti Ağaverdi Paşayev bildirib ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun muğamı var: “Muğam bizim ana laylamızdır. Əhməd Bakıxanov da bütün ömrünü muğama, onun inkişafına və tədrisinə sərf edib. Azərbaycanda Mirzə Fərəc Rzayev, Mirzə Sadıq, Mirzə Mansur Mansurov və başqaları kimi çox tanınmış tar ifaçıları olub. Amma bu sənətkarların içərisində təkcə Əhməd Bakıxanova qismət olub ki, ona müəllim deyiblər. Mən xoşbəxt insanam ki, Əhməd Bakıxanovun sinfində oturub onun dərslərinə qulaq asmışam”.

Çıxışlardan sonra mərasim iştirakçıları sənətkarın məzarı üzərinə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Xatırladaq ki, Əhməd Məmmədrza oğlu Bakıxanov 1892-ci il sentyabrın 5-də Bakıda anadan olub. İranda ustad tarzənlərdən ifaçılığın və muğamatın sirlərinə dərindən yiyələndikdən sonra 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə iştirak edib. 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs deyib. Eyni zamanda musiqi təşkilatçısı olan Ə.Bakıxanov Azərbaycan Radiosu nəzdində Xalq çalğı alətləri ansamblını yaradıb və kollektivə rəhbərlik edib. 1973-cü ildən, sənətkarın vəfatından sonra ansambl ustad tarzənin adını daşıyır. Ansambl Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Hüseynqulu Sarabski, Zülfü Adıgözəlov kimi bir sıra görkəmli xanəndələri müşayiət edərək geniş konsert proqramları ilə insanların zövqünü oxşayıb.

Ə.Bakıxanov muğam sənətinin dərin bilicisi kimi tanınmaqla yanaşı, az ifa olunan “Nəva-Nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi də məşhurdur. Eyni zamanda onun yaratdığı bir çox melodiyalar, rənglər ifaçılıqda geniş yayılıb.

Ə.Bakıxanovun ərsəyə gətirdiyi “Azərbaycan xalq rəngləri” (1964), “Azərbaycan ritmik muğamları” (1968), “Muğam, mahnı, rəng” (1975) kimi not nəşrləri xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitlərdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunur.

Görkəmli musiqi xadimi 1973-cü il martın 26-da vəfat edib.