eyvaz ist

Bir dəfə nəvəm dirəndi ki, onu meşəyə, göbələk yığmağa aparım. Mən də apardım.

Nəvəm şəhərdə böyümüşdü. Birinci dəfəydi meşəyə ayaq basırdı. Burda onunçün hər şey yeni, maraqlı idi. Addımbaşı dayanır, yar­­paqların pıçıltısına, quşların cəhcəhinə qulaq asır, ətrafı dinşəyir, elə hey nəsə so­­­ruşurdu.

Qayıdanbaş xeyli göbələk yığmışdıq. Gizlicə, altdan-altdan nəvəmə göz qoyurdum. Çox yorulmuşdu. Ayaqlarını arxasınca güclə sürüsə də şikayətlənmirdi. Ancaq daha sual da vermirdi.

Meşədən çıxhaçıxda birdəncə soruşdu:

– Baba, bunlar nə ağaclarıdı belə? – Elə bil ağacları indicə görürdü.

– Şam ağaclarıdı, – dedim.

Yenə nəsə xəbər alacağını düşündüm. Amma başını aşağı salıb dinməz-söyləməz yoluna davam etdi.

Düzdə, yolumuzun üstündə bir ağac vardı. Qollu-budaqlı, çox nəhəngdi. Nəfə­­simizi dərmək üçün onun altında kölgələndik. Nəvəm həmin saat dilləndi:

– Baba, bəs bu nə ağacıdı?..

– Şam ağacıdı də, – dedim. – Tanımadın?..

– Doğrudan?.. – O, şübhə ilə altdan yuxarı boylandı.

– Nədi ki?.. – Soruşdum.

– Heç oxşamır…

– Niyə?..

– Meşədəki şam ağacları dümdüz, uca idi. Bu isə enə verib, qollu-budaq­lı­dı.

Nəvəmin müşahidə qabiliyyəti xoşuma gəldi.

– Yaxşı zənnin varmış, – dedim. – Bilirsən, oğul balası, meşədə şam ağacla­rı çox sıx bitib. Günəşə, günəş işığına çatmaq üçün gərək daha hündürə qalxa­san, uca­lasan. Bu, həyat uğrunda mübarizədi. Aşağıda, kölgədə qalan, quruyub tökülən bu­­­daqları gördünmü? Yaşamaq üçün bəzən nəyisə qurban verməlisən. Amma burada, genişlikdə hava da, günəş işığı da boldu, sərbəstlikdi.

Nəvəm fikirləşmədən dedi:

– Lap kəndlə şəhər kimidi ki!..

– Necə yəni?.. – Mən heç nə başa düşmədim.

Nəvəm izah etdi:

– Bax, baba, şəhərdə binalar çox sıx, həm də meşədəki şam ağacları kimi hündürdü, elə hey gö­­yə millənir. Amma kənddə genişlikdi. Evlər hündür deyil…