sefa1-450x300

-“Onun gözlərindəki bu sevginin əzabından qorxmuşdum nə vaxtsa… Amma, bu gün, iki uşağımı bağrıma basıb da qoxusunu aldığım anda anlayıram ki, onun ayrılığı…. daha doğrusu, ayrılığa rəng tapması özü bir dastan idi… “Arzu-Qəmbər”dən daha böyük bir dastan…” Bunu kiçik bir sms-dən oxumaq özü bir qəribəlikdi deyilmi? Hə… Maraqlıdırmı sənə?
Günəş gülümsəməyə çalışırdı… Ancaq, gözlərindəki, o balaca, qəhvə rəngli gözlərindəki gilələnən yaş onun çöhrəsindəki təbəssümü incəliklə kədərə bürüyə bilirdi… Qucağımda böyüyən bu qızın üzündəki bütün ifadələri əzbərləmişəm artıq… Hirsini, hikkəsini, özünə inamlı danışığını, nəyinsə qarşısında aciz qalınca süzgün-süzgün gözlərimə dikilən baxışlarını, kədərlənəndə daha da məsumlaşan, gülərkən batan yanaqlarını…. Odur ki, onun yanaqlarının şehdən islanmış laləyə dönməsinə az qaldığını anlamışdım… Əhvalatı başdan danışmağa qərar vermişdim…

-Hə… Bir oğlan bir qızı sevirdi. Amma, qız forslu idi. Hər gün az qala gözlərinə bir başqa rəngdə linza taxırdı. Saçlarını tez-tez rəngləyərdi… Paltarları həmişə dəbə uyğun olmalıydı. Anladın da yəqin ki?
Günəş bunu da anlayırdı… Çünki, gözəlliyini tam 10 eləmək onun yaşam tərzi idi…
-Və bir gün oğlan qıza deyir ki, mənim sevdiyim gözlərinin rənginə dəymə… Qızsa qayıdır ki, niyə?
Susuram… Çünki, artıq öz romantikam çuğlayır… Hiss edirəm ki, bir az uydurmasam, alınmayacaq…
-Hə… oğlan da cavab verir ki, o gözlərdə mən arzularımın, ümidlərimin, sevgimin rəngini görürəm… Onların rəngini dəyişmə… Qız onun dediklərinə sadəcə bir zarafat kimi baxır və bu adicə linza söhbəti onların ayrılmasına səbəb olur. Bilirsən, indi bütün sevgilər böyük başlayıb balaca bitir… Halbuki, tarixin bütün sevgiləri balaca başlayıb, böyük bitib… Yəni, ayrılıqlar tarixdə daha çox qalıb, nəinki vüsallar… Bunlar da müasir idilər də… Elə-beləcə ayrıldılar… Oğlan guya hirslənir, iş yerini Şirvan şəhərinə dəyişir. Orda bank müdiri olmağa gedir. Ora çatanda başlayır çamadanını boşaltmağa. Birdən nə görsə yaxşıdır? Noutbukun çantasından bir bükülü kağız düşür çarpayının üstünə. Açır ki, içindəki ikisinin birgə çəkdirdiyi şəkil, balaca bir ramkadadı. Üstünə də markerlə yazılıb: “Heç bilirsən, ayrılıq nə rəngdədir?”
Daha özümün də dayana biləcəyimdən əmin deyiləm… Çünki, nə qədər özümü tox tutsam da, ayrılıqlara nə qədər gizlində ağlasam da, iki sevgilinin vüsalına daha çox yanıram… İçin-için göynəyirəm, və bu göynərtiyə qarışan şükranlıq izaholunmazdır. Neynim, sevinəndə daha çox göynəyirəm, nəinki kədərlənəndə…
-Belə, Günəş… Oğlan çamadanı toplamadan evlərinə zəng vurub bircə bunu deyir: “Qayıdıram bir həftəlik. Restoranı danışın, toyumu edib qayıdacam bura. İşə hələ başlamıram…”
Bax, indi o oğlan yazıb bu sms-i… İndi onların iki övladları var. Aysu və Dəniz… Amma, qız yenə ərköyünlüyündə qalıb. Tez-tez küsüb qaçır anası evinə. Oğlan da dərdini beləcə öz dostuyla bölür.
Günəşin gözündən yaş axsa da, sevincdənmi, kədərdənmi, aydınlaşdıra bilmirdim. Ancaq bir andaca ağzını sakitcə açıb-yummasından anladım ki, sualı nədir: “Bəs sən o sms-i hardan oxumusan?” Çətin sual idi. Çünki, izahı inanılmaz olsa da izah etməyə çalışmalıydım. Nə yazıq ki, uydurmaq qabiliyyətim belə yerdə dadıma çatmır…
-Telefonla şəkil çəkdirirdik, birdən telefona gələn sms-ə səhvən əlim dəyib açılıb, bu sms idi. Oxuyandan sonra telefonun sahibindən danışarmı deyə soruşdum, danışdı…
Yenə sual dolu ciddiləşən baxışlar… Hesab düzgün verilməliydi…
-Aminin telefonu idi, İnarənin həyat yoldaşının…
İndi hiss etdim ki, Günəş dərindən nəfəs aldı. Çünki, İnarəylə illərin yaxınıydıq… Üzümü çevirib qapıya tərəf getmək istəyəndə arxadan bir sual da gəldi:
-Bəs sən nə əcəb şeir yazmadın onlara?
Neçə gündü beynimdə dolanan misralar dilimdən axdı…

Nə biləsən, ayrılıq nə rəngdədir?!
Onun da boyası yoxluğundadır…
Bir Arzu hələ də gözləməkdədir,
Gözləri Qəmbərin sorağındadır…
Qapıdan sürətlə çıxıram ki, hönkürtümü Günəş eşitməsin… Çünki, bu misralardakı Arzunu da, Qəmbəri də çox yaxşı tanıyır..