gy

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Güllü Yoloğlunun Aərbaycan elminə töhfə etdiyi “Qaqauzlar”, “Qaqauz folkloru”, “Dədə Qorqud yaşı”, Türklerin aile merasimleri”, “İlk məktub”, “Mövsüm mərasimləri”, “Son həvəs” kimi dəyərli kitabları sırasına daha bir yeni əsəri əlavə olundu. “Qanun” nəşriyyatında yenicə işıq üzü görən “Rusiya yaşayacaqmı?” adlı kitab ilk olaraq adı ilə oxucunu cəlb edirsə, elə birinci vərəqin oxunuşundan başlayaraq orijinal mövzu və problematikası, tədqiqatda qoyulan məsələlərə müasir elmi-nəzəri yanaşma tərzi ilə maraq doğurur.
“Rusiya yaşayacaqmı? kitabı çağdaş dünyamızın natarazlığı, narahatlıqları, onun siyasi ab-havasının “tutqunluğu” ilə bağlı ziyalı düşüncələrinin bəhrəsi kimi ərsəyə gəlib. Əsərdə Rusiyanın bir imperiya kimi yaşayıb-yaşamamasından narahat olan şovinisn tarixçi, dinşünas Georgi Fedotovun eyniadlı məqaləsinə istinadən elmi təhlillər aparılır. G.Fedotovun məqaləsinin günümüz üçün aktual məqamlarını diqqətlə araşdıran Güllü Yoloğlu məsələyə öz baxış bucağını ifadə edir. O, problemin daha məntiqli izahı üçün uzaq tarixə ekskursiya edir, slavyanların etnik, dini və siyasi keçmişini yada salır. Bununla da müəyyən xalqların bu gün Rusiyaya olan nifrətinin tarixi köklərini araşdırıb üzə çıxarır. Tədqiqatçı həmçinin sovet dövründə üstüörtülü qalan bir çox məqamlara aydınlıq gətirir.
Kitabın “İmperiyanı qaytarmaq istəyi”, “Reç Pospolitaya”,”Milli məsələ”, “Calaq xalq – “sovet xalqı”, “Georgi Fedotovun siyasi öncəgörmələri”, “Georgi Fedotovun öncəgörmələrinin davamı”, “Kırım – mənim doğma yurdum”, “Georgi Fedotovun öncəgörmələrinin sonu” adlı başlıqları öz məzmun və mündəricəsində mürəkkəb sosilal-siyasi hadisələrin dürüst mahiyyətini ehtiva edir.
Güllü Yologlunun məsələlərə alim-tədqiqatçı münasibəti, eləcə də Rusiyanın digər dövlətlərlə münasibətlərinin görünən və görünməyən tərəfləri haqqında şərhləri kifayət qədər məntiqli görünür. Müəllif əsaslı mühakimələri ilə oxucunu öz həqiqətinə inandıra bilir. Kitaba böyük dəyər qazandıran da ilk növbədə, bu xüsusiyyətdir. Bir məqalənin doğurduğu problem, yaratdığı polemik siyuasiya Güllü Yoloğlunu məsələnin daha dərin qatlarına varmağa sövq etmiş, nəticədə bu günün siyasi durumunun, intriqa və ziddiyyətlərin kökündə tarixi yaddaşa hopan kinin zəmin rolu aşkarlanmışdır. Tədqiqatçı haqlı olaraq göstərir ki, “bu gün dünyada baş verən əksər münaqişələrin kökündə vaxtilə baş vermiş hadisələrlə bağlı yaddaşın bəslədiyi kin durur. Və o, vulkan kimi püskürmək üçün bəhanə axtarır, fürsət, şərait gözləyir…”
“Rusiya yaşayacaqmı?” kitrabı Sibirdən Balkanlaradək Türk Dünyasına səfərlər edən, çoxsaylı tədqiqatlar aparan, təkcə Türkün ulu keçmişinə deyil, dünya tarixinə, çağdaş dövrün mövcud mürəkkəb siyasi mənzərəsinə özünəməxsus münasibəti olan məhsuldar bir alimin əsəridir. Bu əəsərin elmi və ədəbi ictimaiyyətimiz, eləcə də geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanacağına, yeni polemika və elmi diskussiyalara yol açacağına əminik.
P.S. Əsər haqqında verdiyimiz bu kiçik məlumat Güllü Yoloğlunun “Rusiya yaşayacaqmı?” kitabının elmi mündəricəsi ilə oxucunu tanış etmək məqsədi daşıyır. Kitaba dair daha geniş və konkret sözü isə bir qədər sonra oxuyacaqsınız.

Təranə Turan Rəhimli,
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
Prezident təqaüdçüsü