tm

MƏHƏBBƏT ŞEİRİ YAZACAM BU GÜN

Məhəbbət şeiri yazacam bu gün,
Qoy, baxsın, oxusun sevdiyim onu.
Sevgisi qəlbimdən olmayıb sürgün,
Hər zaman həsrətlə gözlər yolunu.

Məhəbbət şeiri yazacam bu gün,
Sətrindən, sözündən sevgi süzülsün.
Oxusun sevgilim, olmasın üzgün,
Soyuqluq, qəm, kədər qəlbdən çözülsün

Məhəbbət şeiri yazacam bu gün,
Bir eşqə, sevgiyə ehtiyacım var.
Qoy sevən qəlbimiz olmasın küskün,
Onun tək mələyim, gülüm, tacım var.

Məhəbbət şeiri yazacam bu gün,
Unutdurmaq üçün yara hicranı.
Köksümdən ürəyim olubdu köçkün,
Eşqlə hopdurmaqçün hər bir misranı.

SEVİNDİRDİ MƏNİ SƏNİN HƏDİYYƏN

Qəlbimi dərd, kədər sıxdığı zaman,
İtib, azalmışdı mənə dost deyən.
Var ol, əziz dost, şad oldum, yaman,
Sevindirdi məni sənin hədiyyən.

Sən bir alicənab ziyalı insan,
Sözlərə mirvari dəyəri verdin.
Tanrıya min şükür, nə yaxşı varsan,
Mənə dünya boyda sevinc gətirdin.

Şeirə, kitaba qiymət verən az
Çoxları pul deyib nalə çəkirlər.
Sənin tək insanlar doğulur az – az,
Könül dünyasına sevinc əkirlər.

Hər cümlə, hər misra nur kimi saçır,
Dəyər verildikcə söz gövhər olur.
Hikmətli sözlərlə elm qapı açır,
Şüura, idraka söz cövhər olur.

Sözündə, əməldə tay yoxdur sənə,
Acgözlərlər özünü aqil sanmasın.
Verdiyin bu dəyər ruh verdi mənə,
Gərək ki, bu qələm heç usanmasın.

KƏDƏR VƏ SEVİNC

Kədər payız dumanı tək,
Sevinc yayda qar kimidi.
Kədər gəlir ətək – ətək,
Sevinc qışda bar kimidi.

Dərd ki, oldu sənə sirdaş,
Ha qov, itir gedən deyil.
Sevinc yalın, həm də nimdaş,
Daim şadlıq edən deyil.

Cəhd etdikcə şənlənməkçün,
Taleyinə kədər düşər.
Sevinc ani, cılız, ötkün,
Həm də yaman dəymədüşər.

DÜNYAM GÜLƏCƏK

Sızlama ey könül, şikayət etmə,
Qaranlıq zülmətin bir sonu olur.
Töküb göz yaşları inləmə, ötmə,
Sevincin, şadlığın nur donu olur.

Dəyib töküləcək bu dərd, bu kədər,
Nisgil ağacının bəhəri kimi.
Səadət, sevincdən güləcək üzlər,
Qaranlıq gecənin səhəri kimi.

Qəlbin üfüqündə günəş doğacaq,
Dumanı qovacaq hərarətiylə.
Qızıl telləriylə dərdi boğacaq,
Yaxacaq yandırmaq məharətiylə.

Bax onda gələcək sevincin dəmi,
Gülüb şadlanacaq könül də, göz də.
Tullayıb qəhəri, itirib qəmi,
Dünyam da güləcək nəğmədə, sözdə .