neriman-hesenzade

MƏNİM NİGAHIMI POZDU TƏBİƏT

Mənim nigahımı pozdu təbiət,
Köklədi simləri xeyir-şər üstə.
Sənə-məzar boyda yeraltı zülmət,
Qurulu ev qoydu mənə yer üstə.

Beləcə ayırdı o, payımızı,
Pozdu bu qanuni nigahımızı.
Qoruya-qoruya saxladığımız,
Axırda nə oldu?-adi bir kağız.

Arada ağlayan bir məhəbbətdir,
Yastığöın müqəddəs, yerin müqəddəs.
Dövlət vəsiqəsi rəsmi sənəddir.
Möhürü, imzası bir şeyə dəyməz

Son mənzil deyirlər, mən orda gördüm,
Nədir sənlə gedib, sənsiz qayıtmaq.
Kağızı qorudum, səni itirdim,
İndi səni məndən qoruyur torpaq…

FAMİLİMLƏ ÜZ-ÜZƏ

Qəbirlərin içində
Sadə bir qəbir sənin.
Familim mənimkidir,
Ad sənin, ömür sənin.
Nə uşaqlar var idi,
nə indiki vəzifəm,
nə evim, nə ünvanım,
nə indiki ad-sanım.
Kəbin kağızımıza
Yazıldın iki oldum.
Ancaq səninki oldum.
Indi sənin yanında
Səni haraylayıram.
Familimlə üz-üzə
Dayanıb ağayıram,
Səni haraylayıram.