gunelxanim

Dayanın ,çalmayın sonuncu zəngi!
O zəngdə illərin xatirəsi var.
Sevinci, kədəri,
Min təlatümü,
O zəngdə könlümün ilk nəğməsi var.
Bir də qayıdarmı o günlər geri?
Unutmaq mümkünmü heç o günləri?
Ən gözəl xatirə yazan dəftəri?
Bizə elm adında həyat öyrədən,
Hər biri nazımızı çəkən bezmədən.
Unutmaq olarmı müəllimləri?
Qızıldan qiymətli hər kəlmələri.
Dayanın çalmayın sonuncu zəngi!
Hicranın səsindən yaman qorxuram.
Sükutun səsi tək o müdhiş olar.
Gözlər dərd əlindən kövrələr, dolar.
Məktəbə gələrdik hər gün bu yolla,
Sözümüz tutmazdı bizim qayğıyla.
Qayğısız saatlar ,qayğısız vaxtlar,
Bir vaxt deyəcəyik ”o xoşbəxt anlar”.
Həyatın silləsi sərt gələn zaman,
Müəllim sözünə duyub ehtiyac.
Hər dəfə keçmişə qayıdacağıq.
Bütün xatirələr yada düşəcək,
Gah gülüb ,gah da ki ağlayacayıq.
Ərköyünlük etməyimizdən,
Dərs oxumamaq bəhanəsiylə
Məktəbdə unutduğumuz,
Bəzən də vərəqlərini cırdığımız,
Üstünə adımızı ,soyadımızı deyil
Bütün xatirələrimizi
Yazdığımız kitablarımızı.
Sonra da müəllimlərin
Qəzəbinə tuş gəldiyimiz
Saatlarımızı.
Dayanın, çalmayın sonuncu zəngi!
Ayrılıq qorxusu böyütdü məni.
Böyüdüm mən indi,
Elə bu saat,
Elə bu dəqiqə,
Elə bax bu an.
Ruhumla ,özümlə,
Mən varlığımla,
Böyüdüm,
Mən daha böyük insanam.
Yəqin ,ona görə yaman peşmanam.
İndi sevirəm mən bütün fənləri,
O keçən günləri ,xatirələri.
Almayın əlimdən siz ötənləri.
Dayanın ,çalmayın sonuncu zəngi!
Göz yaşımız sel olub aparar sizi.
Biz indi anladıq ki ,məktəb sevgi dənizi.
Biz indi anladıq ki ,məktəb həyatın özü.